Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu




Yüklə 67.77 Kb.
tarix16.04.2016
ölçüsü67.77 Kb.
Xüsusi iqtisadi zonalar haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi

ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin

təşkili qaydalarını müəyyənləşdirir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. xüsusi iqtisadi zona - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi

rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud hissəsi;

1.0.2. xüsusi hüquqi rejim - sahibkarlıq fəaliyyətinin güzəştli şərtlərlə həyata keçirilməsi üçün

xüsusi iqtisadi zona ərazisində onun rezidentlərinə tətbiq edilən rejim;

1.0.3. gömrük ərazisi - Azərbaycan Respublikasının quru ərazisindən, daxili sularından, Xəzər

dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən orada

yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarət

olan ərazi;

1.0.4. xüsusi iqtisadi zonanın rezidentləri - Azərbaycan Respublikasının qanunvericiliyinə

müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti

ilə məşğul olmaq üçün bu Qanunla müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat

şəhadətnaməsini almış hüquqi və fiziki şəxslər;

1.0.5. xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti sahəsində səlahiyyətli orqan (bundan

sonra - səlahiyyətli orqan) - Azərbaycan Respublikasında xüsusi iqtisadi zonanın yaradılması və

fəaliyyəti ilə əlaqədar dövlət siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

1.0.6. xüsusi iqtisadi zonanın administrasiyası - xüsusi iqtisadi zonanın fəaliyyət müddətində

onun ərazisində yaradılan səlahiyyətli orqanın yerli qurumu;1.0.7. xüsusi iqtisadi zonanın operatoru (bundan sonra - operator) - idarəetmə sazişi çərçivəsində

xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə

böyük təcrübəyə malik olan şirkət;

1.0.8. idarəetmə sazişi - xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsi üçün

səlahiyyətli orqanla operator arasında imzalanan saziş.

Maddə 2. Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi

Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir

texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkili

yolu ilə Azərbaycan Respublikasında sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafını

sürətləndirməkdir.

Maddə 3. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

3.1. Azərbaycan Respublikasının xüsusi iqtisadi zonalar haqqında qanunvericiliyi Azərbaycan

Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli

qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

Maddə 4. Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyəti

4.1. Xüsusi iqtisadi zonada Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən,

yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq

fəaliyyəti həyata keçirilir.

4.2. Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyətinin aşağıdakı növləri qadağan edilir:

4.2.1. qanunvericiliyə əsasən mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış

əşyaların istehsalı, saxlanılması və satışı, yerin təkindən faydalı qazıntıların çıxarılması, habelə

qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı;

4.2.2. teleradio yayımı fəaliyyəti;

4.2.3. spirtli içkilərin və tütün məmulatlarının istehsalı.

Maddə 5. Xüsusi iqtisadi zonanın yaradılması

5.1. Xüsusi iqtisadi zonanın yaradılması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı

tərəfindən qəbul edilir. Qərarda xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi, təyinatı,

fəaliyyət müddəti və maliyyələşdirilməsi mənbələri müəyyən edilir.5.2. Səlahiyyətli orqanın xüsusi iqtisadi zonanın yaradılması haqqında təklifinə aşağıdakı

sənədlər əlavə edilir:

5.2.1. xüsusi iqtisadi zonanın yaradılmasının iqtisadi əsaslandırılması;

5.2.2. xüsusi iqtisadi zonanın müvafiq ərazisinin iqtisadi, sosial və ekoloji şəraitinin təhlili,

maddi və əmək resursları, kommunikasiyalar və digər infrastrukturla təminatı imkanları barədə

məlumat;


5.2.3. yaradılması təklif olunan xüsusi iqtisadi zonanın Əsasnaməsinin layihəsi;

5.2.4. xüsusi iqtisadi zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların

xüsusiyyətləri;

5.2.5. xüsusi iqtisadi zonanın ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif

olunan xüsusi iqtisadi zonada yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin

mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı;

5.2.6. xüsusi iqtisadi zonanın yaradılması ilə əlaqədar tədbirlər planı.

5.3. Səlahiyyətli orqan yaradılacaq hər bir xüsusi iqtisadi zonanın Əsasnaməsinin layihəsini

hazırlayır və təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Əsasnamədə

xüsusi iqtisadi zonanın vəzifələri, həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, müvafiq

dövlət orqanları və bələdiyyələrlə qarşılıqlı münasibətləri və digər şərtlər müəyyən edilir.

Maddə 6. Xüsusi iqtisadi zonanın ərazisinin müəyyənləşdirilməsi

Xüsusi iqtisadi zonanın ərazisi onun fəaliyyəti üçün zəruri olan infrastrukturun (yol, elektrik

enerjisi, qaz, su təminatı və s.), işçi qüvvəsinin və digər amillərin mövcudluğu, ərazinin inkişaf

perspektivi qiymətləndirilməklə müəyyən edilir.

Maddə 7. Xüsusi iqtisadi zonanın maliyyələşdirilməsi

Xüsusi iqtisadi zonanın maliyyələşdirilməsi xüsusi iqtisadi zonanın fəaliyyətindən əldə edilən

gəlirlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Maddə 8. Xüsusi iqtisadi zonanın ləğv edilməsi

8.1. Xüsusi iqtisadi zona onun yaradılması haqqında qərarda müəyyən edilmiş müddət bitdikdən

sonra ləğv edilir. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi iqtisadi zonanın müəyyən

edilmiş fəaliyyət müddəti uzadıla bilər.

8.2. Xüsusi iqtisadi zona onun yaradılması haqqında qərarda müəyyən edilmiş müddətdən əvvəl

müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda ləğv edilə bilər:8.2.1. dövlətin maraqları, təhlükəsizliyi, müdafiə qabiliyyəti ilə bağlı zərurətdən irəli gələn

hallarda;

8.2.2. xüsusi iqtisadi zonanın yaradılması haqqında müvafiq qərar qəbul edildikdən sonra keçən

3 il ərzində:

§ sahibkarlıq fəaliyyəti üçün heç bir razılaşma bağlanmadıqda və ya əvvəl bağlanmış

razılaşmalar qüvvədən düşdükdə;

§ xüsusi iqtisadi zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədikdə.

8.3. Xüsusi iqtisadi zonanın ləğv edilməsi ilə bağlı həyata keçirilən tədbirlər müvafiq

qanunvericiliklə müəyyən edilir.

8.4. Xüsusi iqtisadi zonanın müəyyən edilmiş müddətdən əvvəl ləğv edilməsi haqqında qərar onu

qəbul etdikdən 1 ay sonra qüvvəyə minir.

Maddə 9. Xüsusi iqtisadi zonanın idarə olunması və inkişafı

9.1. Xüsusi iqtisadi zona yaradıldıqdan sonra səlahiyyətli orqan onun idarə olunmasını və

inkişafını təmin etmək məqsədilə bu Qanunla müəyyən edilmiş tədbirləri həyata keçirir.

9.2. Xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsi xüsusi iqtisadi zonanın

administrasiyası və müsabiqə yolu ilə seçilmiş operator tərəfindən həyata keçirilir.

9.3. Müsabiqənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən

edilir. Səlahiyyətli orqanla bağlanılan idarəetmə sazişində bu Qanunun müddəaları nəzərə

alınmaqla xüsusi iqtisadi zonanın idarə və inkişaf etdirilməsi üzrə tərəflərin hüquqları və

vəzifələri, idarəetmənin şərtləri, o cümlədən xüsusi iqtisadi zonanın iqtisadi inkişaf proqramı,

maliyyələşməsi, sazişin müddəti, xüsusi iqtisadi zonanın infrastruktur obyektlərinin istismarının,

onlara münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası və digər şərtlər müəyyən

edilir.


Maddə 10. Səlahiyyətli orqanın funksiyaları

10.0. Xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti ilə əlaqədar səlahiyyətli orqan aşağıdakı

funksiyaları həyata keçirir:

10.0.1. xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti sahəsində vahid dövlət siyasətinin

formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

10.0.2. xüsusi iqtisadi zonanın yaradılması və vaxtından əvvəl ləğv edilməsi ilə bağlı müvafiq

icra hakimiyyəti orqanına təkliflər verir;

10.0.3. xüsusi iqtisadi zonada fəaliyyətin təşkili ilə bağlı operatora lazımi köməklik göstərir;10.0.4. səlahiyyətləri daxilində xüsusi iqtisadi zonanın fəaliyyətini tənzimləyən normativ hüquqi

aktları hazırlayır və təsdiq edir;

10.0.5. müsabiqə yolu ilə operatoru seçir və onunla idarəetmə sazişi bağlayır;

10.0.6. xüsusi iqtisadi zonanın fəaliyyətinin tənzimlənməsinə dair təkliflər hazırlayır;

10.0.7. xüsusi iqtisadi zonada inhisarçılığa yol verilməməsi üçün zəruri tədbirlər görür;

10.0.8. xüsusi iqtisadi zonanın fəaliyyəti barədə illik hesabat hazırlayır və müvafiq icra

hakimiyyəti orqanına təqdim edir;

10.0.9. qanunvericiliklə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər funksiyaları həyata

keçirir.


Maddə 11. Xüsusi iqtisadi zonanın administrasiyasının funksiyaları

11.0. Xüsusi iqtisadi zonanın administrasiyası aşağıdakı funksiyaları həyata keçirir:

11.0.1. xüsusi iqtisadi zonanın ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini operatora

və ya operatorun təklifi əsasında xüsusi iqtisadi zonanın rezidentlərinə icarəyə verir;

11.0.2. xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatını və reyestrini aparır, onlara xüsusi

iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini verir;

11.0.3. xüsusi iqtisadi zonanın müvafiq infrastrukturla, o cümlədən nəqliyyat, kommunikasiya

xətləri və kommunal xidmətləri ilə təminatı üçün müvafiq təşkilatların fəaliyyətini əlaqələndirir;

11.0.4. səlahiyyətli orqanla operator arasında bağlanmış idarəetmə sazişinə əməl olunmasına

nəzarət edir;

11.0.5. xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatlar

alır, onların fəaliyyətinin monitorinqini həyata keçirir;

11.0.6. xüsusi iqtisadi zonanın rezidentləri və onlarla operator arasında mübahisələrin danışıqlar

yolu ilə həllinə kömək edir;

11.0.7. qanunvericiliklə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər funksiyaları həyata

keçirir.


Maddə 12. Operatorun hüquq və vəzifələri

12.1. Səlahiyyətli orqanla bağlanmış idarəetmə sazişi çərçivəsində operator xüsusi iqtisadi

zonanın fəaliyyətinə görə məsuliyyət daşıyır.

12.2. Operatorun hüquqları aşağıdakılardır:12.2.1. səlahiyyətli orqanla bağlanmış idarəetmə sazişinə əsasən xüsusi iqtisadi zonanın

hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək;

12.2.2. xüsusi iqtisadi zonada kommunal, nəqliyyat, sosial və digər infrastruktur obyektlərinə

investisiya qoymaq, həmin investisiyalardan və xüsusi iqtisadi zonanın idarə edilməsindən gəlir

əldə etmək;

12.2.3. xüsusi iqtisadi zonanın kənar infrastrukturla, o cümlədən nəqliyyat xəttləri və kommunal

xidmətlərlə təmin edilməsi üçün müvafiq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərmək,

xüsusi iqtisadi zonanın inkişaf etdirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi üçün

müqavilələr bağlamaq;

12.2.4. qanunvericiliklə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər hüquqları həyata

keçirmək.

12.3. Operatorun vəzifələri aşağıdakılardır:

12.3.1. xüsusi iqtisadi zonanı inkişaf etdirmək;

12.3.2. bu Qanuna, xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən digər normativ

hüquqi aktlara və səlahiyyətli orqanla bağlanmış sazişin şərtlərinə əməl etmək;

12.3.3. xüsusi iqtisadi zonanın administrasiyası ilə birlikdə xüsusi iqtisadi zonanın

rezidentlərinin bu Qanuna, xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən digər

normativ hüquqi aktlara və onlarla bağlanmış sazişin şərtlərinə, digər aidiyyəti qanunvericiliyə

əməl etmələrini təmin etmək;

12.3.4. xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri

sənədlərin, o cümlədən xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin alınması üçün xüsusi

iqtisadi zonanın rezidentlərinin maraqlarını etibarnamə əsasında müvafiq dövlət orqanlarında

təmsil etmək;

12.3.5. xüsusi iqtisadi zonada səlahiyyətli orqanın, xüsusi iqtisadi zonanın administrasiyasının,

habelə digər aidiyyəti dövlət orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin

həyata keçirilməsi üçün zəruri şərait yaratmaq;

12.3.6. səlahiyyətli orqanla bağlanılmış idarəetmə sazişinə əsasən zəruri infrastrukturun

yaradılması, obyektlərin və xidmətlərin təmin olunması üçün işlər görmək;

12.3.7. xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatlar, o

cümlədən kənar audit hesabatlarını təqdim etmək;

12.3.8. qanunvericiliklə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

12.4. Operator xüsusi iqtisadi zonanın ərazisində rezident kimi fəaliyyət göstərə və rezidentlərə

tətbiq edilən güzəştlərdən istifadə edə bilməz.Maddə 13. Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti

13.1. Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər səlahiyyətli orqan

tərəfindən təsdiq edilmiş formada operatorla niyyət sazişi bağlamalı və xüsusi iqtisadi zonanın

administrasiyasında bu Qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçib, xüsusi iqtisadi

zonanın qeydiyyat şəhadətnaməsini almalıdırlar. Səhmləri və ya payları 100 (yüz) faiz dövlətə

məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi zonanın rezidenti kimi qeydiyyatdan keçə bilməzlər.

13.2. Hüquqi və fiziki şəxslər operatorla niyyət sazişini bağladıqdan sonra xüsusi iqtisadi

zonanın administrasiyasına qeydiyyatdan keçmək üçün ərizə və ona əlavə edilən sənədləri

təqdim etməlidirlər. Ərizə və ona əlavə edilən sənədlər qanunvericiliklə müəyyən edilmiş

qaydada operator vasitəsilə də təqdim oluna bilər. Ərizənin forması və ona əlavə edilən

sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.3. Xüsusi iqtisadi zonanın administrasiyası 10 gün ərzində ərizəyə və ona əlavə edilən

sənədlərə baxır və qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət edənə xüsusi iqtisadi

zonanın qeydiyyat şəhadətnaməsini, yaxud qeydiyyata alınmaq üçün imtinaya səbəb olmayan

çatışmazlıqların aradan qaldırılması və ya qeydiyyata alınmaqdan imtina (imtinaya səbəb olmuş

hallar göstərilməklə) barədə yazılı məlumat verir.

13.4. Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və

digər qanunvericilik aktlarına zidd olduqda qeydiyyata almaqdan imtina edilir. İmtina ilə

əlaqədar yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

13.5. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan

çatışmazlıqlar aşkar edildikdə, xüsusi iqtisadi zonanın administrasiyası həmin sənədləri müraciət

etmiş şəxsə bu çatışmazlıqların aradan qaldırılması üçün qaytarır. İmtinaya səbəb olmayan bütün

çatışmazlıqlar aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir.

13.6. Hüquqi və fiziki şəxslər xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini aldığı gündən

xüsusi iqtisadi zonanın rezidenti hesab edilir.

13.7. Xüsusi iqtisadi zonanın rezidentləri qeydiyyat şəhadətnaməsini aldıqdan sonra bu Qanunla

müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətinin aparılması məqsədilə səlahiyyətli orqan

tərəfindən müəyyən edilmiş formada operatorla saziş bağlayır.

13.8. Xüsusi iqtisadi zonanın rezidentinə qeydiyyat şəhadətnaməsi verildiyi, yaxud rezidentin

qeydiyyatının ləğv edildiyi gündən sonrakı iş günü ərzində xüsusi iqtisadi zonanın

administrasiyası bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidir.

13.9. Xüsusi iqtisadi zonanın rezidentləri qanunvericiliklə qadağan olunmayan fəaliyyət növləri

ilə məşğul ola və xüsusi hüquqi rejim çərçivəsində təmin olunan bütün güzəştlərdən istifadə edə

bilərlər.13.10. Xüsusi iqtisadi zonanın rezidentlərinə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət

növlərini həyata keçirmək üçün lisenziyalar Azərbaycan Respublikasının müvafiq

qanunvericiliyinə uyğun olaraq verilir.

13.11. Xüsusi iqtisadi zonanın rezidentlərinin vəzifələri aşağıdakılardır:

13.11.1. öz fəaliyyətini bu Qanuna, xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən

digər normativ hüquqi aktlara və operatorla bağlanmış sazişə uyğun olaraq təşkil etmək;

13.11.2. vergi, gömrük və digər qanunvericilik aktlarına, habelə bu Qanuna müvafiq olaraq

müəyyən edilmiş hesabatları tərtib etmək və müəyyən edilmiş qaydada aidiyyəti üzrə təqdim

etmək.

13.12. Xüsusi iqtisadi zonanın rezidentləri bu Qanunun, habelə xüsusi iqtisadi zonanın xüsusi



hüquqi rejimini tənzimləyən digər normativ hüquqi aktların tələblərini dəfələrlə və ya

kobudcasına pozduqda onların qeydiyyatı məhkəmə tərəfindən ləğv oluna bilər. Xüsusi iqtisadi

zonanın rezidentinin qeydiyyatının ləğv edilməsi barədə iddianı xüsusi iqtisadi zonanın

administrasiyası qaldırır.

Maddə 14. Xüsusi iqtisadi zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata

keçirilməsi

14.1. Xüsusi iqtisadi zonanın rezidenti xüsusi iqtisadi zona daxilində sahibkarlıq fəaliyyətini

onun operatoru ilə bağlanmış sazişə uyğun olaraq həyata keçirir.

14.2. Xüsusi iqtisadi zonanın rezidentləri xüsusi iqtisadi zonadan kənarda öz sahibkarlıq

fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirə bilərlər. Xüsusi iqtisadi

zonanın rezidentləri xüsusi iqtisadi zonadan kənarda yalnız müstəqil balansa malik olan

filiallarını və nümayəndəliklərini aça bilərlər. Həmin filial və nümayəndəliklərə xüsusi iqtisadi

zonanın xüsusi rejimi tətbiq edilmir.

14.3. Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər

vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlər xüsusi iqtisadi zona daxilində fəaliyyət

üzrə xüsusi hüquqi rejim çərçivəsində müəyyənləşmiş güzəştlərdən istifadə hüququna

malikdirlər.

14.4. Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər

vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlər maliyyə-təsərrüfat fəaliyyəti barədə

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş formada balans tərtib edirlər.

Balansın tərtib edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı

tərəfindən müəyyənləşdirilir.

14.5. Xüsusi iqtisadi zonanın rezidenti operatorla bağlanmış sazişdə həyata keçirilməsi nəzərdə

tutulan işlərə bir il müddətində başlamadıqda, torpaq sahəsinin icarə müqaviləsi və həmin

rezidentlərin qeydiyyatı xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən, sahibkarlıq

fəaliyyətinin aparılması haqqında saziş isə operator tərəfindən ləğv olunur.Maddə 15. Xüsusi iqtisadi zonanın ərazisində torpaq sahələrinin ayrılması və onlardan

istifadə

15.1. Xüsusi iqtisadi zonanın ərazisində dövlət mülkiyyətində olan torpaq sahələri üzərində

dövlət idarəetməsi xüsusi iqtisadi zonanın fəaliyyət müddətində xüsusi iqtisadi zonanın

administrasiyası tərəfindən həyata keçirilir.

15.2. Xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsi xüsusi

iqtisadi zonanın administrasiyası ilə operator arasında və ya operatorun təklifi əsasında xüsusi

iqtisadi zonanın administrasiyası ilə onun rezidenti arasında bağlanılır. Operator icarəyə

götürülmüş torpaq sahəsini rezidentlərə subicarəyə verir. İcarə müqaviləsinin nümunəvi forması

səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

15.3. Xüsusi iqtisadi zonanın ərazisində torpaqlar xüsusi iqtisadi zonanın rezidentlərinə tərəflərin

razılığı ilə müəyyən edilən müddətə icarəyə verilir. Xüsusi iqtisadi zonanın rezidentlərinə icarəyə

verilmiş dövlət mülkiyyətində olan torpaq sahələrinin rezidentlər tərəfindən digər şəxslərə

subicarəyə verilməsinə xüsusi iqtisadi zona rejiminin qüvvədə olduğu müddətdə yol verilmir.

Maddə 16. Xüsusi iqtisadi zonanın fəaliyyətinə dövlət nəzarəti

16.1. Xüsusi iqtisadi zonada icra və yerli özünüidarəetmə (bələdiyyə) orqanları öz

səlahiyyətlərini xüsusi iqtisadi zona haqqında qanunvericiliyin tələblərini nəzərə almaqla həyata

keçirirlər.

16.2. Xüsusi iqtisadi zonanın rezidentlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması

müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata

keçirilir.

16.3. Xüsusi iqtisadi zonada fəaliyyət göstərən kredit təşkilatlarının fəaliyyətinə nəzarət

Azərbaycan Respublikasının bank qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 17. Xüsusi iqtisadi zonanın gömrük rejimi

17.1. Xüsusi iqtisadi zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli

gömrük rejimi tətbiq olunur.

17.2. Xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş malları Azərbaycan Respublikasının

qalan ərazisinə ixrac edən xüsusi iqtisadi zonanın rezidentlərinə güzəştli gömrük rejimi tətbiq

edilmir.


17.3. Güzəştli gömrük rejimi zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə idxalı və

ixracı qadağan edilməmiş bütün malların xüsusi iqtisadi zonaya aşağıdakı daxil olma və çıxma

qaydaları tətbiq olunur:

17.3.1. mallar (aksizli mallardan başqa) Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən

xüsusi iqtisadi zonaya idxal edilərkən idxal rüsumu və əlavə dəyər vergisi tutulmur;17.3.2. Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal

olunmuş mallar xüsusi iqtisadi zonadan Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə

ixrac olunarkən gömrük rüsumları və vergilər tutulmur;

17.3.3. xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının

gömrük ərazisi xaricinə ixrac edilərkən gömrük rüsumları və vergilər tutulmur;

17.3.4. Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal

olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xüsusi iqtisadi zonadan idxal

edilərkən, bu Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq gömrük rüsumları və vergilər

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tutulur;

17.3.5. xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri,

nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə

müvəqqəti idxal edilərkən gömrük rüsumları və vergilər tutulmur;

17.3.6. Azərbaycan Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac edilərkən

gömrük rüsumları və vergilər tutulmur;

17.3.7. bu Qanunun 17.3.1-17.3.6-cı maddələrində göstərilən hallardan başqa bütün digər

hallarda Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyi tətbiq edilir.

17.4. Xüsusi iqtisadi zonanın ərazisində malların (azqiymətli, tezköhnələn, təhlükəli mallardan

başqa) saxlanılma müddəti məhdudlaşdırılmır.

17.5. Xüsusi iqtisadi zonaya malların qanunsuz idxalı və ixracının qarşısını almaq məqsədilə

xüsusi iqtisadi zonanın sərhədlərində gömrük orqanları tərəfindən gömrük nəzarəti, habelə

xüsusi iqtisadi zonanın ərazisinə gətirilən və oradan aparılan mal və nəqliyyat vasitələrinin

gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

17.6. Xüsusi iqtisadi zonada mallarla əməliyyat aparan rezidentlər gətirilən, aparılan, saxlanılan,

hazırlanan, emal edilən, satın alınan və satılan malların uçotunu aparır və həmin mallar barədə

Azərbaycan Respublikasının gömrük orqanlarına Azərbaycan Respublikasının gömrük işini

aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesabat verir. Xüsusi iqtisadi zonada

malların məruz qaldığı bütün dəyişikliklər uçot sənədlərində öz əksini tapmalıdır.

17.7. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi iqtisadi

zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların

gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma

rejiminin sadələşdirilmiş qaydaları müəyyən edilir.

17.8. Malların gömrük rəsmiləşdirilməsi və gömrük anbarlarında saxlanılması üçün gömrük

qanunvericiliyinə uyğun olaraq gömrük yığımları alınır.

17.9. Aksizli mallar xüsusi iqtisadi zonaya idxal olunarkən, onlardan Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün gömrük ödənişləri tutulur.17.10. Xüsusi iqtisadi zonanın ərazisində xüsusi razılıq (lisenziya) əsasında gömrük brokerləri və

sərbəst anbarlar fəaliyyət göstərə bilərlər. Gömrük brokerlərinin və sərbəst anbarların

lisenziyalaşdırılması qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

Maddə 18. Xüsusi iqtisadi zonanın vergi rejimi

18.1. Xüsusi iqtisadi zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə tutulmuş güzəştli vergi

rejimi tətbiq olunur.

18.2. Xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən, qeydiyyatdan keçmiş

rezidentlər malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən

əldə etdikləri vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdan kənar gəlirlərindən

0,5 faiz dərəcə ilə vergini (sadələşdirilmiş vergini) hesablayır, rüb qurtardıqdan sonrakı ayın 20-

dən gec olmayaraq ödənilməli olan həmin verginin məbləği haqqında müvafiq icra hakimiyyəti

orqanının müəyyən etdiyi formada vergi orqanlarına bəyannamə verir və həmin müddətdə bu

vergini dövlət büdcəsinə ödəyirlər.

18.3. Xüsusi iqtisadi zonanın rezidentləri bu Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş

vergi və fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlirindən vergi istisna olmaqla, vergi

qanunvericiliyi ilə müəyyən edilmiş digər vergiləri ödəməkdən azaddırlar.

18.4. Xüsusi iqtisadi zonanın rezidentinə bu maddədə müəyyən edilmiş vergi rejimi yalnız həmin

zonada göstərdiyi sahibkarlıq fəaliyyətinə tətbiq edilir.

18.5. Xüsusi iqtisadi zonanın rezidentinin bu Qanunun 14.5-ci maddəsində göstərilmiş səbəbdən

qeydiyyatı ləğv edildikdə, onun əvvəlki dövrlər üzrə vergi öhdəlikləri vergi qanunvericiliyində

müəyyən edilmiş qaydada yenidən hesablanır və ödənilir.

18.6. Xüsusi iqtisadi zonanın ərazisində vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə

vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri,

vergi nəzarəti, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, digər məsələlər vergi

qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 19. Xüsusi iqtisadi zonada valyuta və əmək münasibətlərinin tənzimlənməsi

Xüsusi iqtisadi zonanın ərazisində valyuta və əmək münasibətləri Azərbaycan Respublikasının

valyuta və əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Maddə 20. Xüsusi iqtisadi zonanın rezidentlərinə dövlət təminatları

20.1. Xüsusi iqtisadi zonanın rezidentlərinin xüsusi iqtisadi zonanın ərazisində qoyduqları

investisiyaya, əldə etdikləri gəlir və mənfəətə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə,

qanuni qazanılmış vəsaitlərin xaricə köçürülməsi şərtlərinə dair hüquqlarına təminat verilir.20.2. Dövlət xüsusi iqtisadi zona yaradılarkən, onun ərazisində müəyyənləşdirilmiş xüsusi

hüquqi rejimin xüsusi iqtisadi zonanın fəaliyyət göstərəcəyi bütün müddət ərzində qüvvədə

qalacağına təminat verir.

Maddə 21. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bu Qanunun müddəalarından irəli gələn

tələblərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq

məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 14 aprel 2009-cu il

№ 791-IIIQ



«Azərbaycan» qəzetində dərc edilmişdir (6 iyun 2009-cu il, № 121).


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə