Referat mövzu : "Ekologiyanın hüquqi əsasları" Kurs : II qrup : 300 Tələbə : Süleymanov Cavid




Yüklə 93.07 Kb.
tarix10.04.2016
ölçüsü93.07 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Kafedra : Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı

Fakültə : Kommersiya

İxtisas : İqtisadi resursların idarə olunması

REFERAT

Mövzu : “Ekologiyanın hüquqi əsasları”

Kurs : II

Qrup : 300

Tələbə : Süleymanov Cavid

Rəhbər m. : Xəlilov İlqar
Ekologiyanın hüquqi əsasları

Plan :

  1. Ekologiya hüquqlarının əsasları.Ekologiya hüququnun anlayışı, mənbələri və prinsipləri. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu......................................................3

  2. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri........................................................................................................7

  3. Ətraf mühitin istehsalat və məişət tullantılarından və zərərli fiziki təsirlərdən mühafizəsi (hüquqi baxımdan).............................................8

  4. Ətraf mühitin mühafizəsinin ekoloji-hüquqi mexanizmləri................8

  5. Ekoloji cinayətlər.......................................................................................10

  6. Ekoloji hüquqpozmalara görə inzibati məsuliyyət..............................13

İstifadə edilmiş ədəbiyyatlar....................................................................15

1. Ekologiya hüquqlarının əsasları.

Ekologiya hüququnun anlayışı, mənbələri və prinsipləri.

Ətraf mühitin mühafizəsi haqqında



Azərbaycan Respublikasının Qanunu
Ekologiya hüquqlarının əsasları. Ətraf təbii mühit insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusudur.

Ekologiya hüququ ümumi hüququn müstəqil sahəsi olub,təbiət və cəmiyyətin qarşılıqlı təsiri sahəsindəki münasibətləri tənzimləyir. Bu qarşılıqlı təsir bir tərəfdən təbii mühitin (təbii ehtiyatların) ayrı-ayrı komponentlərinin insan vasitəsilə istifadəsi,digər tərəfdən onun insan fəaliyyətinin zərərli nəticələrindən mühafizəsi kimi özünü büruzə verir.Odur ki, ekologiya hüququnun predmeti ətraf təbii mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi zamanı yaranan ictimai münasibətlər - ekoloji münasibətlərdir.

Yuxarıda deyilənləri nəzərə alaraq, ekologiya hüququnu ətraf təbii mühitn qorunması, artırılması və yaxşılaşdırılması mədsədi ilə təbiətin və cəmiyyətin qarşılıqlı təsiri sahəsində münasibətləri tənzimləyən hüquqi normaları sistemi kimi təyin etmək olar.

Cəmiyyətin ekoloji mənafeyinin əhəmiyyətini nəzərə alaraq, göstərilən münasibətlərə hüquqi təsir əsasən inzibati hüquqi (amirlik) metodundan istifadə etməklə həyata keçirilir (ictimai münasibətlərin iştirakçılarının hüquq və öhdəliklərini nəzərə alan, həmçinin onların riayət edilməsinə dövlət məcburetmə tədbirlərinin hakimiyyət göstərişlərinin müəyyən edilməsi).

Bununla yanaşı, bazar münasibətlərinin inkişafı şəraitində mülki-hüquqi (dispozitiv) metodun tətbiq edilməsi genişlənir (təbiətdən istifadə hüququnun subyektlərinin məhkəmə müdafiəsi, təbiətdən istifadənin təşkilində müqavilə əsaslarının həyata keçirilməsi və s.).

Ekolgiya hüququ bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlərdən onun sistemini əmələ gətirən normalar, institutlar və yarımsahələrin toplusundan təşkil olunmuşdur. Ekologiya hüququ hüququn bir çox sahələri kimi ÜmumiXüsusi hissəyə bölünür.

Ekologiya hüququnun ümumi hissəsi ekoloji münasibətlərin hüquqi tənzimlənməsinin ən ümumi əsasını təşkil edən əhəmiyyətə malik olan və onun vəzifələrini, prinsiplərini və obyektlərini müəyyən edən, dövlətin ekoloji funksiyasının hüquqi əsaslarını həyata keçirən, ətraf təbii mühitin mühafizəsi və təbiətdən istifadənin səmərəli iqtisadi mexanizminin təsiri, təbiətdən istifadə hüququ və təbii ehtiyatlara mülkiyyət hüququ, ekoloji hüquq pozuntularına görə məsuliyyəti və s. birləşdirən hüquqi normalar və institutlardır.



Xüsusi hissənin tərkibinə təbii ehtiyatların (təbii komplekslərin) ayrı-ayrı növlərinin hüquqi rejimini qaydaya salan və öz növbəsində ekologiya hüququnun institutları və yarımsahələrini əmələ gətirən hüquqi normalar daxildir.

Ətraf mühitin mühafizəsi ekoloji hüququn normalarında nəzərdə tutulmuş rəhbər ideyalarla, müəyyən prinsiplərə uyğun olaraq həyata keçirilir.

Onların arasında mərkəzi yeri insanların həyat və sağlamlıqlarının mühafizəsinin üstünlüyü tutur. Azərbaycan Respublikasının Konstitusiyası və ekologiya qanunvericiliyində vətəndaşların həyat və sağlamlığı üçün rahat təbii ətraf mühit hüququ təsbit olunur və onun təmin olunmsının əsas zəmanəti müəyyənləşdirilir. Qanunvericilikdə Azərbaycan vətəndaşlarının istər fərdi qaydada, istərsə də ictimai ekoloji birliklər vasitəsilə həyata keçirilə bilən bir sıra digər ekoloji hüquq və ekoloji öhdəlikləri də nəzərdə tutulmuşdur.

Ekologiya hüququnun mənbələri adı altında onun xarici ifadə formaları anlaşılır.Onlara normativ hüquqi aktlar və normativ hüquqi müqavilələr aiddir.


Ekoloji hüququn mənbələri



Azərbaycan Respublikasının tərəfdar



çıxdığı beynəlxalq müqavilələr

Azərbaycan Respublikası Prezidentinin Fərmanları


Azərbaycan Respublikasının Konstitusiyası


Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları





Azərbaycan Respublikası Milli Məclisinin

qəbul etdiyi qanunlar, məcəllələr, qərarlar


Müxtəlif nazirliklərin və baş idarələrin təlimatları və digər normativ aktlar



İcra hakimiyyəti orqanlarının qanun qüvvəli normativ hüquqi aktları

Yerli özünüidarə orqanlarının normativ hüquqi aktları



Ekologiya hüququnun prinsipləriMüstəqil hüquq sahəsi kimi ekologiya hüququnda da ekoloji hüquq münasibətlərinin bütün iştirakçıları qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, müəssisələr, ictimai birliklər və vətəndaşlar həmin hüquq prinsiplərini öz fəaliyyətləri zamanı əldə rəhbər tutmalıdırlar. Bu prinsiplərə əməl olunması, dövlətin hüquqi və sosial xarakterinin, həmçinin təbiətdən səmərəli istifadənin və onun mühafizəsinin təmin edilməsi üzrə, insanların ekoloji hüquqlarının və qanuni maraqlarının müdafiəsi üzrə fəaliyyətin səmərəliliyinin meyarı rolunu oynaya bilər.

Bu prinsiplər həm ümumi hüquq nəzəriyyəsində istifadə olunan ümumi hüquqi prinsiplərə, həm də ekologiya hüququna xas olan spesifik prinsiplərə sahəvi prinsiplərə əsaslanır.

Belə ki, sosial ədalət və sosial azadlıq prinsipi, hüquq bərabərliyi (qanun qarşısında hamının bərabər olması) prinsipi, hüquq və vəzifələrin vəhdəti prinsipi, təqsirə görə məsuliyyət prinsipi, qanunçuluq prinsipi və s. bütövlükdə hüququn mahiyyətini müəyyən edən prinsiplərdir.

Sahəvi (spesifik) prinsiplər xüsusi normalarda (prinsip normalarında) ifadə oluna bilər və ya hüquq normalarının analizindən törəyə bilər. Məsələn, ətraf mühitin mühafizəsinin əsas prinsipləri “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 3-cü maddəsində müəyyən edilmişdir. Həmin prinsiplər eyni zamanda ekologiya hüququnun prinsipləri hesab olunur.

Beləliklə, ekologiya hüququnun prinsipləri Azərbaycan Respulikasının Konstitusiyasında “Ətraf mühitin mühafizəsi haqqında”, ”Ekoloji təhlükəsizlik haqqında” və s. qanunlarda və BMT-nin ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi ilə bağlı qəbul etdiyi bütün beynəlxalq normativ-hüquqi aktların müvafiq maddələrində əks olunmuş, ekologiyanın əsas qanun və prinsipləri əsasında formalaşmışdır. Bunlar əsasən aşağıdakılardır:


  1. bütün təbii ehtiyatlar ərazisində olduğu ölkənin dövlətinə və xalqına məxsusluğu;

  2. hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ;

  3. hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ;

  4. hər kəsin, ekoloji hüquqpozmalarla əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ;

  5. ətraf mühitin qorunması hər bir şəxsin borcudur;

  6. ekologiya hüququnun demokratikləşdirilməsi;

  7. humanistlik;

  8. təbii ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi və bərpası;

  9. ekoloji cəhətdən əsaslandırılmış iqtisadi və sosial inkişaf;

  10. ekoloji tarazlığın qoruması və mühafizəsi;

  11. ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasınıntəmin edilməsi;

  12. sosial iqtisadi və mənəvi estetik problemlərin qarşılıqlı həlli;

  13. ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin iqtisadi cəhətdən stimullaşdırılması;

  14. dövlət nəzarəti, ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulmasına görə məsuliyyət;

  15. təbiətdən pullu istifadə;

  16. ətraf mühitə təsir göstərmənin icazəli qaydası;

  17. ətraf mühiti çirkləndirmənin ödənişli olması;

  18. ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq.


Ətraf mühitin mühafizəsi dövlətin ekoloji fəaliyət növü olub, indiki və gələcək nəsillər üçün mövcud bitki və heyvanlar aləminin qorunub saxlanması tədbirlərinin toplusu sistemidir.

Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.


Əsas terminlər və anlayışlar

Bu Qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:

ekologiyaətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm;

təbii resurslar (ehtiyatlar)insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;

ətraf mühitin mühafizəsi — dövlətin ekoloji fəaliyyət növü olmaqla,ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması;

təbiətdən istifadə gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;

ətraf mühitin monitorinqitəbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi;

ekoloji sistemqarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir;

ətraf mühitin ekoloji tarazlığının normalaşdırılması — insan yaşayışı üçün ətraf mühitin yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji sistemlərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsi;

ətraf mühitə zərərli təsirekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət;

ətraf mühitin keyfiyyət göstəricilərisəlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri.

2. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri

1) Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları:

1. hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq;

2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq;

3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;

4. müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirlər həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək;

5. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək;

6. ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək;

7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək;

8. insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək;

9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq;

10.qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək.

2) Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir.

3. Ətraf mühitin istehsalat və məişət tullantılarından və zərərli fiziki təsirlərdən mühafizəsi (hüquqi baxımdan)

1. İstehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır.

2. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər.

3. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir.

4. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

5. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı, tullantılar haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli fiziki təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər.

Şəhərlərin və başqa yaşayış məntəqələrinin planlaşdırılmasında və tikintisində, istehsalat və başqa obyektlərin layihələşdirilməsində, tikintisində və yenidən qurulmasında, yeni texnologiyanın, nəqliyyat və rabitə vasitələrinin yaradılmasında, ətraf mühitin ekoloji tarazlığının qorunması nəzərə alınmalıdır.


4. Ətraf mühitin mühafizəsinin ekoloji-hüquqi mexanizmləri
Qanunverciliyin ekologiyalaşması, təsərrüfat və digər fəaliyyətin ətraf təbii mühitə göstərdiyi neqativ təsirin tənzimlənməsi məqsədi ilə qanunvericilik və digər normativ aktlara ekoloji tələblərin tətbiqi prosesidir.Məlumdur ki, çox vaxt nəzə\rdə tutulan qanunlar praktiki olaraq həyata keçirilmir.Hazırda Azərbaycan Respublikasında kifayət qədər ekoloji qanunlar qəbul olunmuşdur.Lakin hazırda onlardan istifadə mexanizmləri hələ tam formalaşmamışdır.Ətraf təbii mühitin mühafizəsi sahəsində qəbul olunan qanunların yerinə yetirilmə mexanizmləri hüquqi normativ aktların terinə yetirilmə mexanizmləri ilə ümumilik təşkil edir.

Ekoloji-hüquqi mexanizm - özündə ekoloji hüquqi münasibətlər və ekoloji hüquqi normalar sistemini birləşdirən müstəqil ekoloji hüquq institutudur. Ekoloji-hüquqi mexanizmin məqsədi ekoloji-hüquqi normalara əməl olunmasıdır.Ekoloji-hüquqi mexanizmin strukturu 4 bölmədən ibarətdir.



  1. Hüququn təbiətqoruyucu normaları.Onun başlıca funksiyası ekoloji imperativ bazanın möhkəmləndirilməsinə əsaslanır.

  2. Ekologiya sahəsində hüquqi norma və normativlər.Bunun əsas funksiyası ekoloji imperativləri dəqiqləşdirmək və onu təbii mühitə təsir göstərən təsərrüfat və digər fəaliyyət növləri ilə əlaqələndirməkdir.

  3. Təminat mexanizmi.Bu həm əsas, həm də ekologiyalaşdırılmış norma və normativlərin yerinə yetirilməsini təmin etməkdir.

  4. Təbiəti mühafizənin hüquqi münasibətlərini özündə birləşdirən hərəkət normalarının sonuncu mərhələsi mexanizmi.Bu mərhələdə təbii mühitin mühafizəsi ətraf mühitn mühafizəsinin tələblərinə cavab verən ekologiyalaşmış olmalıdır.

Ekoloji-hüquqi mexanizmin davamlığı hüquqi-normativ aktlarla möhkəmləndirilir və onun tətbiqi təsir faktorlarına münasibətlə müəyyən edilir.Ətraf mühitin mühafizəsi qanununda aşağıdakı ekoloji-hüquqi normalardan istifadə edilir.

- Prinsip normaları. Təbiətqoruyucu münasibətlərin hüquqi tənzimlənməsinin köklü başlanğıcının möhkəmləndirilməsini nəzərdə tutur.

- Birincilik normaları. Bu bir obyektin təbii mühitinin mühafizəsinin hüquqi tənzimlənməsinin digərindən üstünlüyünü nəzərdə tutur.məqsəd həmin obyekti qeyri-səmərəli istifadədən mühafizə etməkdir. Məsələn, torpaq sərvətləri üzrə birincilik kənd təsərrüfatı torpaqlarına, onların istifadəsi və mühafizəsinə, qoru və təbii-qoruq torpaqlarına verilir.Su sərvətləri üzrə birincilik içməli və kommunal-məişət istifadəsində olan şirin sulara verilir, meşələr üzrə qoruq və mühafizə funksiyasını yerinə yetirən 1-ci qrup xüsusi meşələrə verilir, heyvanat aləmi üzrə isə nadir, məhv olmaq təhlükəsi qarşısında olan heyvanlara verilir.Qanunun ən ali ekoloji hüquqi məqsədi insanların həyatı və sağlamlığının mühafizəsi, həmçinin insanlara sağlam, əlverişli ətraf təbii mühitdə yaşamaq hüququnun verilməsidir.

- İmperativ (məcburi) norma. Bu bütün ətraf mühitə və insan sağlamlığına təsir mənbələrinə ekoloji tələbləri nəzərdə tutur.İmperativ normada ekoloji ziyanlı fəaliyyətə qadağalar müəyyən edilir, təbiətdən istifadəyə limitlər qoyulur və təbii resurslardan istifadəyə lisenziyaların verilmə qaydaları tətbiq edilir. Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda imperativ normalar 14-15-ci (təbiətdən istifadə ilə əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növləri və təbii ehtiyatlardan istifadə müqavilələrinin bağlanması) və 35-48-ci maddələrində (təbii ehtiyatlardan istifadə zamanı; lahiyələşdirməyə; müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirilməsinə; müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına; müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və istismar müddətində; sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı və meliorasiya obyektlərinin istismarına; şəhərsalma və başqa yaşayış məntəqələrinin tikintisinə; radioaktiv maddələrlə iş zamanı; hərbi və müdafiə obyektlərinə və sairə olan ekoloji tələblər), habelə “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası

Qanununun 9-cu maddəsində (ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər) nəzərdə tutulmuşdur.



  • Təminat norması. Ekoloji imperativlərin yerinə yetiriləsinin təminatı sistemini nəzərdə tutur.Onlar iqtisadi, təşkilati, sanitar-gigiyenik, ekoloji-nəzarət, hüquqi, mədəni-maarif vasitələrinin təsirini nəzərdə tutur.

Ətraf mühitin mühafizəsinin ekoloji-hüquqi mexanizminin səmərəliliyi görülən işin keyfiyyəti ilə ölçülür.Ekoloji-hüquqi mexanizm səmərəlilik nöqteyi nəzərdən, şərti olaraq 3 mərhələyə ayrılır:

  1. sabitlik;

  2. dinamik;

  3. nəticəli;

Səmərəliliyin sabitlik mərhələsi təbiətqoruyucu normaların sosial-iqtisadi cəhətdən əsaslı olmasından hərtərəfliliyindən asılıdır.

İkinci mərhələ dinamik mərhələdir.Əgər hüquqi normanın ideyası ilə onun həyata keçirilməsi reallığı arasında birbaşa əlaqə qursaq, onda öncə ekoloji-hüquqi normanın icrası üçün iqtisadi təminat tələbləri ortaya çıxır.Bu iqtisadi tələblər iki qrupa ayrılır:



  • maliyyə mənbəyi;

  • material-texniki baza.

Dinamik mərhələnin səmərəliliyinin digər mühüm səbəbi ekoloji hüquq mədəniyyətinin səviyyəsidir.

Ekoloji hüquq mədəniyyəti- bu sahədə olan qanunları bilmək, onlara hörmət etmək və onları düzgün həyata keçirmək deməkdir.Adətən ekoloji cinayətlərin əksəriyyəti qanunları bilməməkdən irəli gəlir.

Ekoloji-hüquqi mexanizmin səmərəli olmasının üçüncü mərhələsi nəticəlilik (lazım olan nəticələrin əldə oluna bilməsi) mərhələsidir.Bu mərhələdə mexanizmin tam fəaliyyəti analiz edilir.bütün işin son nəticəsi isə, konkret təsərrüfat məsələsinin həll edilməsi üçün yönəldilmiş hüquqi münasibətlər hesab olunur.Əgər hüquqi normanın nəzərədə tutulmuş ideyası tam həyata keçirilmişsə nəticə müsbət (məqsəd əldə olunmuşdur), yarımçıq və ya heç icra olunmamışsa mənfi (məqsəd yerinə yetilməmişdir) hesab olunur.


5. Ekoloji cinayətlər

Ekoloji cinayət - Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş, ekoloji hüquq qaydalarının qəsd olunaraq, pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə ciddi zərər verən ictimai təhlükəli əməldir(hərəkətdir).

Ekoloji cinayəti formalaşdıran 2 əsas amil ekoloji hüquq qaydaları və ətraf mühitə və insan sağlamlığına vurulmuş ziyandır.



Ekoloji hüquq qaydalarıtəbiətqoruyucu qanunvericiliyin ekoloji tələblərini həyata keçirən, ekoloji hüquq münasibətləri sistemidir.

Ekoloji təhlükəsizlikinsanın ekoloji maraqlarının, daha doğrusu onun təmiz, sağlam və əlverişli yaşayış hüquqlarının, müdafiəsi deməkdir.

Ekoloji təhlükəsizliyin təmin olunmasında əsas məqsəd insanı onun həyat və sağlamlığına təhlükə törədən ətraf mühitn qeyri-sağlam təsirlərindən qorumaqdır.

Ekoloji hüquq qaydaları və ekoloji təhlükəsizlik ekoloji cinayətdə cinayətkar əməlin predmeti sayılır.Ətraf mühitə dəymiş ziyan və ya onun ola biləcəyi təhlükəsi cinayətkar əməlin nəticəsi hesab olunur.Əgər bu nəticə yoxdursa,onda onu ekoloji cinayət hesab etmirlər.

Ekoloji cinayəti daha ətraflı öyrənmək üçün onun tərkib elementləri ilə tanış olaq :



  • cinayətin obyekti və obyektiv tərəfləri;

  • cinayətin subyekti və subyektiv tərəfləri.

Ekoloji cinayətin obyekti qanunla qorunan təbii obyektlər və təbii komplekslər, habelə bütövlükdə ətraf mühitdir.Ətraf mühitin mühafizəsi haqqında Əsas Qanunun preambulasına (latınca “preambulus” sözündən olub, “qabaqda gedən” deməkdir. Preambula qanunvericilik və ya digər hüquqi aktların, beynəlxalq müqavilələrin giriş hissəsi olub,həmin aktın qəbul edilməsi şəraiti və motivləri, məqsəd və vəzifələrinin konkret şəkildə göstərilməsidir.Bir qayda olaraq, beynəlxalq aktların prembulasında müqavilədə iştirak edən tərəf dövlətlərin adları sadalanır) görə, “ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmlədirilməsi məqsədi ilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin tənzimlənməsi, ətraf mühitin mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi” və digər bu sahə ilə bağlı məsələlər qanunun obyekti hesab olunur.Ekoloji cinayətin obyekti müəyyənləşdirilərkən, mütləq onların ətraf mühitlə ekoloji bağlılığı nəzərə alınmalıdır.Məsələn,zooparkdan, zoomağazadan və ya şəxsi kolleksiyadan heyvanların oğurlanması, öldürülməsi, xəzli heyvan dərilərini satma, mübadilə etmə və s. cinayət əməli sayılsa da, ekoloji sistemlə əlaqəsi olmadığından ekoloji cinayətin obyekti hesab edilə bilməz.

Ekoloji cinayətin obyektiv tərəfləri - ətraf mühiti qoruyan qanunun pozulması, ətraf mühitə dəymiş və ya dəyə biləcək ziyan,günahkarın hüquqazidd davranışı və əməlin nəticləri arasındakı əlaqədir.

Əsas hüquqazidd davranış növləri, cinayət qanunvericiliyinin uyğun maddələrində göstərilmişdir:



  • təbii obyektlərin çirkləndirilməsi;

  • icazəsiz və ya qanunsuz təbii obyektlərin məhvi və s.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində əksini tapmış ekoloji cinayət

tərkibli bütün maddələr dispozisiya (Dispozisiya - hüquq normalarının icazə verdiyi və ya məsləhət bildiyi şərtlərlə,həmin qaydaların yerinə yetirilməsini müəyyən edir) məzmununun təyinat dərəcələri üzrə 2 qrupa bölünür:

1) hüquqazidd hərəkətlərin əsas elementlərini özündə kifayət qədər əks etdirən maddələrqanunsuz ov etmə (258-ci maddə), qanunsuz ağac kəsmə (maddə 259), qanun suz balıq tutma (256-cı maddə) və s.

2) mövcud qanunvericilik normalarını pozmaqla əlaqədar olan maddələrsahilyanı şelf haqqında qanunları pozma (253-1-ci maddə).

Ekoloji hüquqazidd hərəkətlər insan sağlamlığına və ətraf mühitə vurulan ziyanla sıx bağlıdır. “Ətraf mühitə vurulan ziyan” ümumiləşdirilmiş anlayışdır.Bu anlayış özündə aşağıdakı 3 elementi birləşdirir:


  1. real dəymiş ziyan (təbii obyektlərdə və təbii sərvətlərdə olan itkilər,pozulmuş vəziyyətin bərpasına çəkilənxərclər);

  2. istifadə olunmamış xərclər və əlavə xərclər şəklində dəymiş ziyan;

  3. alınmamış gəlirlər və ya itirilmiş fayda şəklində dəymiş ziyan.

Ekoloji hüquqpozmada öz əksini tapmış insan sağlamlığına dəymiş ziyan, insanın ayrıca fərd şəklində deyil (məsələn, bədən xəsarəti və s.qəsdlər), təbiət və cəmiyyətin qarşılıqlı fəaliyyətinin nəticəsində, ətraf mühitə dəymiş zərərin ümumilikdə insanların sağlamlığına dəymiş ziyan kimi başa düşülməlidir.Ətraf mühitə dəymiş ziyan, təbiəti kəmiyyət (təbii sərvətlərin azaldılması) və keyfiyyət (ətraf mühitin çirklənməsi, şoranlaşma, eroziya və s.) cəhətdən mənfi istiqamətdə dəyişdirir ki, bu da bütünlükdə insan həyatına və sağlamlığına təhlükə yaradır, irsiyyət dəyişkənliyi prosesi güclənir, əhalinin iş qabiliyyəti aşağı düşür, iqtisadi və təsərrüfat cəhətdən əlverişsiz şərait yaranır.

Bu mənada, təbiətə dəymiş ziyana görə, ekoloji cinayətlər 2 formada özünü göstərir:



  1. iqtisadi;

  2. ekoloji.

İqtisadi ziyan – təbiət istifadəçilərinə, onların əmlakına və gəlirlərinə dəymiş ziyandır.

Ekoloji ziyan – ətraf mühitin çirklənməsi, təbii ehtiyatların dağıdılması və tükənməsi, təbii obyektlərə və bütünlükdə təbii ekoloji sistemlərə dəymiş ziyandır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Ekoloji Cinayətlər müəyyən olunur. Bunlar aşağıdakılardır:

Maddə 247.İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma;

Maddə 248.Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarını pozma,

Maddə 249.Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma;

Maddə 250.Suyu (su mənbələrini) çirkləndirmə;

Maddə 251.Atmosferi (havanı) çirkləndirmə;

Maddə 252.Dəniz mühitini çirkləndirmə;

Maddə 253.Sahilyanı şelf Azərbaycan Respublikasının qanunvericiliyini pozma;

Maddə 254.Torpağı korlama;

Maddə 255.Yerin təkinin qorunması və istifadə qaydalarını pozma;

Maddə 256.Balıqları və başqa su heyvanlarını qanunsuz tutma;

Maddə 257.Balıq ehtiyatlarının qorunması qaydalarını pozma;

Maddə 258.Qanunsuz ov etmə;

Maddə 259.Qanunsuz ağac kəsmə;

Maddə 260.Meşələri məhv etmə və ya korlanma;

Maddə261.Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma;



  1. Ekoloji hüquqpozmalara görə inzibati məsuliyyət

Bütün ekoloji hüquqpozmalar, ekoloji cinayətlər və xəta (inzibati hüquqpozma) kimi iki qrupa bölünür.Onlar arasındakı fərq ictimai təhlükəlilik əlamətinə görə müəyyən edilir.Əgər cinayət ictimai təhlükəli əməl sayılırsa, xəta ictimai ziyan hesab olunur.

Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 12-ci maddəsinə görə, “Bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”.

İnzibati xətanın sərbəst mövcudluğunun vacib şərti, onda cinayət əməli amilinin olmamasıdır.Cinayət məsuliyyətindəki kimi, inzibati məsuliyyət də 4 elementi özündə birləşdirir: subyekt, obyekt, subyektiv və obyektiv tərəflər.

Ekoloji hüquqpozmanın subyekti vətəndaşlar və vəzifəli şəxslərdir.

Ekoloji xətanın obyekti ekoloji təhlükəsizlik, yəni insanın təmiz, sağlam və əlverişli ətraf mühitdə yaşamaq hüquqlarını təmin edən ekoloji şəraitdir.

Ekoloji hüquqpozmanın subyektiv tərəfi baş vermiş xətanın qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsidir.

Ekoloji hüquqpozmanın obyektiv tərəfi fəaliyyətdə olan qaydaların tələblərinin pozulmasına qarşı yönəldilmiş normalardır.Bu normalar isə təbiəti mühafizə sahəsində olan qanunlarda öz əksini tapmışdır.

Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin IX fəsli (“Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar”) bütünlükdə, VIII fəsli və XI fəsli ekologiya sahəsindəki inzibati xətalara həsr olunmuşdur.

“İnzibati Xətalar Məcəllə”nin 22-ci maddəsinə görə,inzibati tənbeh məsuliyyət tədbiri olub,inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədilə tətbiq olunur.



İnzibati xətalar törətməyə görə, “İnzibati Xətalar Məcəlləsi”ndə (23-cü maddə) aşağıdakı inzibati tənbeh növləri nəzərdə tutulmuşdur:

  1. xəbərdarlıq;

  2. inzibati cərimə;

  3. inzibati xəta törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması;

  4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;

  5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququn(ov hüququnun) məhdudlaşdırılması;

  6. əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikası hüqudlarından kənara inzibati qaydada çıxartma;

  7. inzibati həbs.

Xəbərdarlıq. Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”ndə nəzərdə tutulmuş “mülkiyyət əleyhinə olan inzibati xətalar” (VIII fəsil) və “ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” (XI fəsil) adlı fəsillərin yalnız bir maddəsində (maddə 74. Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulması) xəbərdarlıq nəzərdə tutulmuşdur.

Cərimə cəza tədbiri kimi, cinayət hüququnda tətbiq olunsa da, daha çox inzibati hüquqda istifadə olunur.cərimə inzibati hüquqda xəbərdaredici, tərbiyələndirici bir təsir vasitəsi kimi tətbiq olunur.Bəzən cərimə sanksiyaları kompensasiya (əvəzi ödənilmə) tədbiri kimi qəbul edilir.Cərimə pulla ifadə olunsa da, heç zaman bu məbləğ dəymiş ziyana görə hesablanmır.Ziyanın ödənilməsi isə əlavə olaraq hesablanır.

İnzibati hüquqpozmanın törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmetin müsadirəsi kimi ekoloji inzibati tənbeh yalnız bir maddədə(111-ci maddə) tətbiq olunmuşdur.

Vətəndaşların ona verilmiş xüsusi hüquqdan (ov hüququndan) məhrum edilməsi kimi inzibati tənbeh forması ancaq 111-ci maddədə (2 ilədək müddətdə ov hüquqndan məhrum edilir) tətbiq edilmişdir.Ekoloji inzibati xətaların cəzalandırılması üçün əsas normativlər “Ətraf Mühitn Mühafizəsi haqqında” qanunda (9-80-ci maddələr) və sahələr üzrə qəbul edilmiş qanunlarda öz əksini tapmışdır. Bu hüquq pozmaları ekoloji tərkibinə görə qruplaşdırsaq, iki yerə ayrılar:

  1. ümumi;

  2. xüsusi.

Ümumi ekoloji hüquqpozmalara təbiəti mühafizə haqqında əsas qanunun normativ tələblərinin pozulması aid edilir.Bu maddələr aşağıdakılardır:

maddə 71. Xüsusi razılıq (lisenziya) olmadan yerin təkindən istifadə etmə;

maddə 74. Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulması;

maddə 84. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması;

maddə 105. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulması;

maddə 108. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması;

maddə 109. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması;

maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması.

Xüsusi ekoloji hüquqpozmalara isə Torpaq, Su və Meşə Məcəllələrinin, habelə “Yerin təki haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Sanitariya epidemioloji salamatlıq haqqında” və s. qanunların ayrı-ayrı maddələrində nəzərdə tutulmuş normativ aktların pozulmasına qarşı olan maddələr daxildir.



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR


  • Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.

Bakı 1999-cu il

  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

30 avqust 2002-ci il.

  • Ətraf mühitin mühafizəsi haqqında”

Azərbaycan Respublikasının Qanunu. 8 iyun 1999-cu il

  • Sadıqov A.S., Xəlilov İ.B. “Ekologiya və ətraf mühitin mühafizəsi”. Bakı, 2009.

  • Nuriyev C.Q., Əsgərov Ə.T., Əhmədov Z.V. “Ekologiya hüququ”. Bakı, 2005.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə