Press-reliZ 20 may 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 25.56 Kb.
tarix20.04.2016
ölçüsü25.56 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
20 may 2009-cu il

Bakı, Azərbaycan



  • AZADLIQ” RADİOSUNUN APELLİYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

  • YENİ TELEKANALIN AÇILMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ İYUNDA DAVAM EDƏCƏK

  • FACEBOOK”-DA MƏLUMAT YAYDIĞINA GÖRƏ MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ ŞURA ÜZVÜ TƏZYİQLƏRLƏ ÜZLƏŞİB

  • İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ NAZİM QULİYEV 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

  • ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

AZADLIQ” RADİOSUNUN APELLİYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün ( 20 may) Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun “Azadlıq” radiosuna qarşı qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan radionun verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qeyd edək ki,  15 dekabr 2008-ci il tarixində Yasamal rayon Məhkəməsinin hakimi Abbas Bağırov Qamət Süleymanovun iddiasını qismən təmin edərək, “Azadlıq” radiosunun internet saytında təkzib verilməsi ilə bağlı qərar çıxarıb.

Prosesdə iddiaçı tərəfdən “Media Hüquqları İnstitutu”nun vəkili, “Azadliq” radiosunun səlahiyyətli nümayəndəsi Fariz Namazlı, cavabdeh tərəfin isə səlahiyyətli nümayəndəsi Rəşad Məmmədov iştirak edirdi.

F.Namazlı çıxışında bildirdi ki, ”Azadlıq” radiosunun internet saytında dərc olunan yazıda “Əbu Bəkr” məscidinin imamı Q.Süleymanovun şərəf və ləyaqəti təhqir olunmayıb. İddiaçı tərəf apellyasiya şikayətində əsas Yasamal rayon Məhkəməsinin “Azadlıq” radiosunun təkzib dərc etməsi ilə bağlı çıxardığı qətnamənin ləğv edilməsini, cavabdehin hüquqlarının müdafiəsinə görə çəkdiyi xərclərin iddiaçıdan alınaraq cavabdehə ödənilməsinə dair qətnamə qəbul olunmasını istədi.

Cavabdeh tərəfdən isə səlahiyyətli nümayəndə R.Məmmədov Yasamal rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını hakimdən xahiş etdi.

Hakim A.Bayramova da Yasamal rayon Məhkəməsinin çıxardığı qərarı dəyişdirilmədən qüvvədə saxladı.



Xatırladaq ki,  “Azadlıq” radiosunun internet saytında dərc olunmuş “Kimdir həvvariclər?” yazısında “Əbu Bəkr” məscidinin maraqlarına toxunduğunu iddia edən Q. Süleymanov Yasamal rayon Məhkəməsinə müraciət edərək, “Azadlıq” radiosunun internet saytında təkzib məqaləsinin dərc edilməsini və 50 min manat təzminat ödənilməsini tələb etmişdi. Məhkəmə isə radionun təkzib verməsi barədə qərar verərək bu iddianı qismən təmin etmişdi. 

YENİ TELEKANALIN AÇILMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ İYUNDA DAVAM EDƏCƏK
Bu gün (20 may) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” (SGHM) ictimai birliyinin Sumqayıt şəhərində yeni telekanalın açılması üçün lisenziya verilməməyinin qanunsuz hesab edilməsi iddiası üzrə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.
Prosesdə iddiaçı SGHM-in prezidenti Elçin Məmməd və onun vəkili Əssabəli Mustafayev, cavabdeh tərəfdən isə MTRŞ-ın nümayəndəsi Toğrul Məmmədov və vəkili Nemət Cavadov iştirak edirdilər.
MTRŞ nümayəndəsi T.Məmmədov iddianı əsasız hesab edərək bildirdi ki, bölgələrdə yerli telekanalların açılması üçün Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqələr keçirilir: “Gələcəkdə Sumqayıt şəhərində də belə müsabiqə keçirilsə, bu iddiaçılar da həmin müsabiqədə iştirak edə bilər. Müsabiqədənkənar isə biz heç bir yeni müstəqil telekanala lisenziya verə bilmərik”.
Hakim M.Bayramov növbəti məhkəmə prosesini 16 iyun saat 11:30-a təyin etdi.
Xatırladaq ki, SGHM ictimai birliyi Sumqayıt şəhərində yeni telekanalın açılması təşəbbüsü ilə 2009-cu ilin yanvar ayında MTRŞ müraciət edib. Lakin müraciət rədd edilib.
FACEBOOK”-DA MƏLUMAT YAYDIĞINA GÖRƏ MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ ŞURA ÜZVÜ TƏZYİQLƏRLƏ ÜZLƏŞİB
Müsavat Gənclər Təşkilatının (MGT) şura üzvü Emil Əliyevə (Emil Elman) 2009-cu il may ayının 15-də axşam saat 12.00 radələrində evinin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər E. Əliyevi yumruq və təpik zərbələri ilə döyərək, ona baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət yetiriblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna MGT-nın şura üzvü E.Əliyevin özü məlumat verib. Onun dediyinə görə, mayın 10-da Bakıda təşkil olunan “Gül bayramı”-a etiraz əlaməti olaraq gənclərin keçirdiyi aksiya barəd “facebook” vasitəsilə məlumatlar yaydığına görə “icazəsiz aksiyaya çağırışda” təqsirləndirilərək mayın 10-da Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra polis E. Əliyevdən izahat alınaraq onu sərbəst buraxılıb.
”Polisə izahat verdiyim vaxt müstəntiqin stolunun üstündə tərcümeyi-halım olan qovluğu gördüm. Mənə özüm və ailəm barədə müxtəlif suallar verildi. Sonra günlərlə izlənildim və sonda da bu hadisə baş verdi”, - deyə qeyd edən E. Əliyev baş vermiş hadisənin araşdırılması, habelə özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsi üçün polisə müraciət edəcəyini də bildirdi.
İDEAL” QƏZETİNİN TƏSİSÇİSİ NAZİM QULİYEV 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ
Bu gün (20 may) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı Cinayət Məcəlləsi 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatdı.
Hakim E.Əhmədovun çıxardığı hökmlə “İdeal” qəzetinin təsisçisi N.Quliyev Cinayət Məcəlləsinin (CM)148-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edildi.
Qeyd edək ki, prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə nəzarətçiləri otağın balaca olduğunu bəhanə edərək jurnalistləri məhkəmə zalına buraxmadılar. Yalnız hökm elan edildikdə jurnalistlər məhkəmə zalına buraxılıb.
Xatırladaq ki, T.Rüstəmxanlı və S.Mahmudova “İdeal” qəzetinin təsisçisi N.Quliyevin CM-nin 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həbs hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdilər.  

Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsində N.Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış və hakim Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı. Lakin N.Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuş və 24 aprel 2009-cu ildə həbs olunmuşdu.


Yeri gəlmişkən qeyd edək ki, Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudova dünən N.Quliyevə qarşı qaldırdıqları iddianı geri götürmək barədə məhkəməyə ərizə veriblər. Amma dünən axşam tərəflər arasında yenidən mübahisənin yaranmasına görə, iddiaçılar bu gün barışıq ərizəsindən imtina ediblər.
ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

    Bu gün (20 may) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Lətifə Məlikovanın Ədliyyə Nazirliyinə (ƏN) qarşı “Regional İnsan haqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin qeydiyyata alınmamağı ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

          Cavabdeh tərəfin nümayəndəsi Nəsimi Quliyev iddia ilə razılaşmadığını və iddianın natamam olduğunu, hətta iddiaya görə dövlət rüsumunun köçürülmədiyini bildirdi. Buna görə də iddiaçı tərəf sübutları toplamaq və dövlət rüsumunun ödəmək üçün hakimdən prosesi təxirə salmağı xahiş etdi. 

          Hakim T. İsmayılov qeyd olunanları nəzərə alaraq məhkəmə prosesini 2 iyun saat 15:00-a qədər təxirə saldı.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə