Parlamentarizm təcrübəsi Tərtib edəni: Sabit Bağırov, Sahibkarlığa Yardım Fondu, "Məşvərət Jurnalı", Baku, 1998-2002




Yüklə 261.04 Kb.
səhifə1/3
tarix11.03.2016
ölçüsü261.04 Kb.
  1   2   3
Parlamentarizm təcrübəsi

Tərtib edəni: Sabit Bağırov, Sahibkarlığa Yardım Fondu, "Məşvərət Jurnalı", Baku, 1998-2002
İçındəkilər

- İngiltərə Parlamenti Necə İşləyir....................................................... Hikmət Hacızadə

- Britaniya Parlamenti Üzvlərinin Davranış Standartları......................... Lalə Nəcəfova

- Seçki Sistemləri. ………………………………………………………Abil Bayramov

- Parlament Fraksiyası Nədir? …………………………………………..Abil Bayramov

- Parlament müvəkkilı – Ombusman - kimdir. .....................................Hikmət Hacızadə

- Parlamentin Köməkçi Aparatı. ………………………………………..Abil Bayramov

- Lobbizmə Ayıq Baxış. .....................................................................Rasim Müsabəyov

- İslamda hakimiyyət bölgüsü, .....................................................................Fərid Aydın
* * *
İngiltərə Parlamenti Necə İşləyir?

Hikmət Hacızadə,

Vise Prezident, FAR CENTRE,

“Svoboda” Qəzeti, N2-3,1992



İngiltərə parlamenti dünyada ən qədim parlamentdir. Onun özülünün qoyulması tarixi olaraq İngiltərə kralı I Eduardın parlamentə bənzər ilk məclis olan İcmalar Palatasını (House of Commons) - ingilis icmalarının seçilmiş təmsilçilərinin yığıncağını çağırdığı 1295-ci ili götürürlər. Kral İcmalar Palatasına yalnız vergiləri dəyişdirmə hüquqlarından bəzilərini verdi. Ancaq bu cılız hüquqların özünü də krallar çox tez-tez pozurdular.
Mütləqiyyətlə arasıkəsilməz 400 illik vətəndaş müharibəsi İcmalar Palatası deputatlarının arxasında durmuş tacirlərin və sənayeçilərin təchiz etdikləri qoşunların kral ordusuna qalib gəlməsi ilə başa çatdı. 1688-ci il İngiltərə inqilabı müstəbid II Yakovu (ing. - James) devirdi və ölkədə parlamentin hüdudsuz hakimiyyətini bərqərar etdi. O vaxtdan bəri, XVIII yüzil ingilis mütəfəkkiri Con de Lolmun dəqiqliklə göstərdiyi kimi, "parlamentin hər şeyi etməyə gücü çatır, yalnız kişini qadına çevirməyi və bunun tərsini etməyi bacarmır". (Müqayisə üçün xatırladaq ki, ABŞ Konqresi ancaq Konstitusiyaya zidd olmayan qanunları qəbul edə bilər, Britaniyada isə belə Konstitusiya yoxdur).
Parlament iki palatadan ibarətdir: nisbi çoxluğun majoritar seçki sistemi üzrə seçilmiş üzvlərindən ibarət İcmalar Palatasından üzvləri irsi perlərdən, anqlikan kilsəsinin yüksək yepiskoplarından, eləcə də xidmətlərinə görə baş nazirin per rütbəsi verdiyi şəxslərdən ibarət Lordlar Palatasından.
1949-cu ildən Lordlar Palatasının səlahiyyətləri parlament tərəfindən qeyri-maliyyə qanun layihələrinin qəbulunun növbəti sessiyaya keçirilməsi hüququ ilə məhdudlaşdırılıb. Buna görə də parlamentin işindən danışarkən adətən İcmalar Palatasının işi nəzərdə tutulur.
Keçmiş imperiyanın İcmalar Palatasının binası bizim ölçülərimizə görə çox da böyük deyil - uzunu 21 metr, eni 14 metr, hündürlüyü 14 metrdir. Deputatların əyləşdiyi beş cərgə oturacaqlar amfiteatr kimi qalxır. İcmalar Palatasında 650 yer var (80 min əhalidən 1 deputat), ancaq iclas zalında vur-tut 437 oturacaq var və ənənələrə hörmət edərək əlavə oturacaq qoyulmur. Bundan başqa, parlament palatalarındakı yerlər nadir hallarda dolu olur - iclasa gəlmə azaddır. Yetərsay (kvorum) İcmalar Palatasında 40 nəfər, Lordlar Palatasında 3 nəfərdir. Beləliklə, bizim təmsilçili yığıncaqların işini tez-tez iflic edən yetərsay problemi Birləşmiş Krallıqda yoxdur. İstəmirsən - gəlmə! Qərarı sənsiz də çıxararlar. Ancaq seçicilərinlə məsələni də özün ayırd elə.
Bununla belə, ciddi partiyadaxili intizam səsvermənin başlanğıcında deputatların iştirakını təmin edir. Parlament bazar ertəsindən cümə axşamınadək saat 14.30-dan 22.30-adək, cümə günü 9.30-dan naharadək iclas keçirir, sonra deputatlar öz seçki dairələri üzrə görüşlərə dağılışırlar. İl boyunca parlament orta hesabla 175 iclas keçirir. Səsvermə qədim vaxtlarda olduğu kimi baş verir: deputatlar zaldan haçalaşan dəhlizə çıxırlar; kim "lehinə" səs verirsə sola dönür, kim "əleyhinə"dirsə sağa gedir.
Parlament müzakirələri mətbuatda ətraflı işıqlandırılır, radio ilə ötürülür, bu yaxınlarda isə xeyli tərəddüddən sonra parlament öz iclaslarının televiziya ilə translyasiyasına da icazə verdi (məsələn, belə bir narahatlıq ifadə olunurdu ki, televiziya translyasiyası deputatlarda populizmin artmasına səbəb olacaq). Parlamentin yığıncaqları gur keçir - deputatlar bəyəndiklərini gurultulu alqışlarla və ucadan qışqırıqlarla, etirazlarını isə təpik döyməklə və fit çalmaqla bildirirlər.
Parlamentin iclasına istəyənlərin hamısı buraxılır, ancaq onların sayı 200-ü keçməməlidir. Bu zaman sənəd soruşulmursa da qonaqların üst-başını diqqətlə yoxlayırlar. Hər bir qonaq parlamentin reqlamentinə və gündəliyinə (deputat sorğuları da daxil olmaqla) dair izahatlar olan kitabçanı ala bilər.
İcmalar Palatasının işini hakim partiyanın ən hörmətli deputatlarından seçilmiş spiker idarə edir. O öz vəzifəsini icra edən müddətdə partiyada üzvlüyünü dayandırır. O, deputatlara söz verir (bundan ötrü onlar ayağa dururlar), onların reqlamenti və ədəb normalarını gözləməsinə nəzarət edir. Spiker yerindən qalxanda, danışan susur və palata sakitliyi gözləyir. Bəzi hallar istisna olmaqla (məs. səslər yarıbayarı bölündükdə) spiker səsvermədə iştirak etmir. Spiker çıxış edən deputatdan üzr istəməsini, sözlərini geri götürməsini tələb edə bilər, kobud pozuntu halı olarsa onu iclas zalından birinci dəfə 5 günlüyə, ikinci dəfə 12 günlüyə, sonra isə sessiya qurtaranadək çıxara bilər.
Parlament iclasının vaxtından çox səmərəli istifadə olunur. Ənənə deputatlardan yığcam və aydın nitqlə danışmağı tələb edir, hər məsələyə dair yalnız bir dəfə, özü də bir neçə dəqiqədən çox olmayaraq çıxış edilməlidir. Öncədən hazırlanmış mətni oxumaq yasaqdır (yalnız sitatı oxumaq olar). Leyborist deputat, mənşəcə aristokrat olan E.Benn deyirdi: "Parlament nitqləri ilə biz monarxları çərçivəyə saldıq, müstəbidləri ram etdik, inqilabların qabağını aldıq".
Gündəlikdəki məsələləri parlamentdəki çoxluğun rəhbərliyi irəli sürür. Ancaq onların müzakirəsindən sonra sıravi deputatların təklif etdiyi məsələlərin baxılmasına 30 dəqiqə vaxt ayrılır.
Parlament müxalifətinin reqlamentdə öz əksini tapmış hüquqlarının qorunması təcrübəsi də bizim üçün nümunə götürməli mühüm cəhətlərdəndir. Müxalifət partiyalarının uzun sürən mübarizə gedişində qazandıqları başlıca hüquq səslərin azlığına baxmayaraq hər sessiyanın 20 günündə öz məsələlərini gündəliyə sala bilmək hüququdur. "Müxalifət günləri" adlandırılan bu vaxt onlara çoxluğun formalaşdırdığı hökumətin amansız (başqa cür adlandırmaq çətindir) tənqidi üçün qanunla verilib. Bu yerdə bizim həyatımızda baş vermiş elə halları xatırlamalı oluruq ki, azlıqda qalmış deputatların irəli sürdüyü məsələlərin gündəliyə salınmasını çoxluq böyük ləzzətlə rədd edib.
Hökuməti parlamentdə üstünlük qazanmış partiya formalaşdırır. Ancaq Böyük Britaniyada artıq çoxdan bu fikrə gəlinib ki, müxalifətin olması sabit demokratiyanın mövcudluğunun zəruri şərtlərindən biridir. 1937-ci ildən Nazirlər haqqında Aktda müxalifət lideri vəzifəsi rəsmən müəyyənləşdirilib ona maaş verilir və xidməti avtomobil ayrılır.

HÖKUMƏTƏ NƏZARƏT


Parlament qanunlar qəbul edir, onları həyata keçirən hökuməti formalaşdırır və ona nəzarət edir. Parlament eləcə də ali məhkəmə hakimiyyəti sayılır.
Parlament hökuməti istefaya çıxmağa məcbur edə, hökumətin irəli sürdüyü qanun layihəsinə səs verməyə, hökumət proqramlarını maliyyələşdirməkdən imtina edə bilər. Göründüyü kimi, hökumət bütünlüklə parlamentin hakimiyyəti altındadır. Ancaq deputatlar baş nazirin icra hakimiyyətinin üzərində öz nəzarətini qiymətləndi­rərkən çox gerçəkcildirlər. Parlamentin xüsusi komissiyası onun hakimiyyətinin hüdudlarını belə təyin edib: "Əmr yox, məsləhət; pozuculuq yox, tənqid... Məxfiliyə ziyan vurmayan aşkarlıq".
Parlament nəzarətinin ən önəmli mexanizmi Nazirlər Kabinəsi üzvlərinə deputatların yazılı sorğu vermək hüququdur; onlar bu sorğuya yazılı şəkildə cavab verməyə borcludurlar. Adətən onlar il boyunca 50 min sorğuya cavab verməli olurlar. Sorğunun verilməsi müddəti və forması ciddi qayda üzrədir.
Bazar ertəsindən cümə axşamınadək parlamentin işinin ilk saatı hökumət üzvlərinin şifahi cavablarına ayrılır. Çox gərgin və bəzən dramatik keçən "sual-cavab saatı"nı burada "Britaniya parlamentinin tacındakı ləl" adlandırırlar. Bu ənənə XVII yüzildən gəlir və parlament üzvləri ondan böyük uğurla yararlanırlar. İki-üç dəqiqədə onlar problemin qısaca təhlilini verir və öz iradlarını söyləyirlər; öz qərarlarını da təklif edə bilərlər.
Deputatların çıxışları sual şəklində formalaşdırılmalıdır, qanunların şərhini tələb etməməlidir, qərəzli, mübahisəli, dumanlı, kinayəli, ədəbsiz, təkrarlanan olmamalıdır.
Hər nazirin öz cavabvermə günü var. Bunun üçün ona 45-55 dəqiqə, baş nazirə isə həftədə iki dəfə 5 dəqiqə vaxt ayrılır. Hər şifahi sorğuya onlar 1-2 dəqiqə içində cavab verirlər. Müxalifət lideri baş nazirə dalbadal üçədək sual verə bilər və onu daha müfəssəl cavab verməyə məcbur edə bilər. Cavab verərkən əsəbiləşmək lüzumsuzdur, çünki parlamentin spikerlərindən birinin dediyi kimi, "bizim məclisin əsası bundan ibarətdir ki, parlamentin istənilən üzvü başqalarının eşitmək istəmədiyi şeyi danışa bilər".
Parlament istənilən dövlət qulluqçusunu, krallığın istənilən təbəəsini sorğuya çəkmək üçün çağıra bilər. Parlamentin suallarına cavab verməkdən imtina etmək ona hörmətsizlik sayılır və çağırılan şəxs məhkəməyə verilməlidir. Bu zaman hakim rolunda parlamentin özü çıxış edir - ona hörmətsizlik göstərəni həbs cəzasına məhkum edə bilər. Ancaq indiyədək heç kəs parlamentə hörmətsizlik göstərmək cəsarətində bulunmayıb.
Dövlət aparatının işi parlament komissiyalarının ciddi diqqəti altındadır. Parlamentin hər palatasının qanun layihələri ilə iş üçün 10 daimi komitəsi və dövlət müəssisələrinə nəzarət üçün 14 xüsusi komitəsi vardır; bütün xüsusi komitələrin sədrlərinin daxil olduğu parlamentlərarası əlaqələr üzrə komitə, eləcə də müxtəlif komissiyalar və qruplar da var. Komitələrin iclasları açıq keçirilir. Komitələrdə iş sərt tempdə gedir - yığıncaq keçirmək üçün ona yalnız 2 saatlıqa yer verilir.
Daimi komitələr öz işində məsləhət üsulundan, xüsusi komitələr isə araşdırma üsulundan yararlanırlar. Xüsusi komitələr istintaq üçün şahidlər çağıra və yazılı izahatlar tələb edə bilər. Daimi komitəyə həmişə hakim partiyadan, xüsusi komitəyə isə müxalifətdən olan ən yaşlı deputatlar başçılıq edirlər. Xüsusi komitələrdən ən ciddisinin - dövlət büdcəsi komitəsinin başında həmişə müxalifətin lideri dayanır.
Tez-tez kənar ekspertlərin cəlb olunduğu xüsusi komitələrin fəaliyyətinin məqsədi yüksələn ixtisaslaşmada ictimai həyatın müxtəlif sahələrindəki problemləri palataların peşəkarlıqla gözdən keçirməsinin təmin edilməsidir.
Səmərəliliyini sübut etmiş xüsusi komitələrin sistemi (1979-cu ildən işə düşüb) dövlət qulluqçuları qarşısında elə bir şərait yaradır ki, onlar öz iş üsullarını diqqətlə seçmək və daim təkmilləşdirmək məcburiyyətində qalırlar. Bu sistem, sözsüz ki, bacarıqsız və korrupsiya meylli məmurları çox çətin vəziyyətə salır. Parlamentdə ən mühüm­lərdən biri idarəetmə üzrə parlament komissarının xüsusi komitəsi sayılır - o, vətəndaşların dövlət idarələrinin hərəkətlərindən olan şəxsi şikayətlərinə baxır. Deputatlara gələn şikayətlər komissara - ombudsmana verilir, o isə bunları araşdırır. İşin sonunda ombudsman parlamentə illik məruzə təqdim edir.
Komitələrin və komissiyaların qətnamə və qərarları parlamentdə qəbul olunanadək hökumət üçün məcburi qüvvəyə malik deyil. Komitələrin başçıları da öz araşdırmalarını çap etdirməyə, geniş ictimaiyyətə çatdırmağa çalışırlar ki, ictimai rəy vasitəsilə hökumətə təsir göstərsinlər.
İngilis siyasətşünası V.Boqdener yazır: "Ümumiyyətlə, parlamentdəki müzakirələr daha çox hökumətə deyil, ictimai rəyə ünvanlanıb. Onlar mahiyyətcə seçkiqabağı kampaniyanı davam etdirir. Onların başlıca vəzifəsi buna nail olmaqdır ki, ölkə qarşısında yaranmış problemlər seçicilərin qarşısında meydana elə çıxsın ki, onlara hökuməti növbəti dəfə seçərkən əsaslı şəkildə düşünməyə imkan verilsin. Demokratiyanın mahiyyəti də elə bundadır."

QANUN YARADILIŞI (LAWMAKING)


İngiltərədə qanun qəbulu bu gün bir çox demokratik ölkələrin qanunvericiliyinin əxz etdiyi nümunəvi demokratik proseduralardan biridir.
Bu ölkədə qanun savadlı siyasətşünasın düşüncəsində doğulmayıb, cəmiyyətin onun qarşısında yenidən yaranmış problemin nizama salınmasına tələbatı kimi meydana çıxır. Hər hansı problem sosial müstəvidə əhəmiyyətli dərəcədə yer alar-almaz mətbuatda onun qanunvericiliklə həllinin gərəkliyi haqqında səslər ucalmağa başlayır. Problem ətrafında formalaşdırılan ictimai rəy millət vəkillərini qanunvericilik təşəbbüsündə bulunmağa, bu problemə dair konkret qanun layihəsi ilə çıxış etməyə vadar edir. Bu qanun layihəsinin kütləvi məlumat vasitələrində müzakirəsinə cəmiyyətin bütün maraqlı təbəqələri və həmin sahə üzrə ekspertlər qoşulurlar.
Qanun layihəsi parlamentə baxılmaq üçün təqdim olunmazdan öncə onun müəllifləri onu fəaliyyəti ictimai həyatın həmin sahəsi ilə bağlı olan ictimai təşkilatlarla müzakirə etməlidir. Məsələn, ətraf mühitin qorunması üzrə qanun layihəsinin müzakirəsində ekoloji hərəkatın nümayəndələri ilə məsləhətləşmələr aparılır və s. Elə bu mərhələdəcə qanun layihəsi ictimai təzyiq altında köklü dəyişikliklərə uğraya bilər.
Növbəti mərhələdə 24 yüksək ixtisaslı hüquqşünas qanun layihəsini dəqiq şəkildə formalaşdırır, qanunda heç bir boşluq, sərbəst yozum üçün yer qoymurlar.
Sonra qanun layihəsi parlamentə verilir, burada onun müzakirəsi tanışlıq məqsədli birinci oxunuşdan başlayır.
İkinci oxunuş mahiyyətə dair müzakirənin başlanğıcıdır. Palata bütövlükdə əleyhinə olmazsa, qanun layihəsi incəliklə təhlil üçün daimi komissiyalara verilir və burada razılaşdırılmış düzəlişlər və dəyişikliklər aparılır. Bundan sonra mətn üzərində işin gedişi haqqında məruzə edilir və yeni düzəlişlər aparılır.
Nəhayət, üçüncü oxunuş birbaşa səsvermədən qabaq olur, bu zaman qanun layihəsi bütünlükdə qəbul edilir (yaxud rədd edilir).
Daha sonra qanun layihəsi Lordlar Palatasına ötürülür; onun öz dəyişikliklərini etmək və hətta qanunun qəbulunu bir il təxirə salmaq hüququ var. Aydındır ki, bu qədər mötəbər İcmalar Palatasının özü idarəetməni həyata keçirə bilməz, ona görə də özünün qanunvericilik funksiyalarının bir bölümünü icraedici hakimiyyətə verir. Adətən, bu hansısa qanunun qəbul edilməsindən sonrakı idarəetmə mexanizminin dəqiqləşdirilməsi məsələləri olur. Ancaq bu zaman nazirliklərin qəbul etdiyi çoxlu sənədləri parlament təsdiq etməlidir.
Bütün il boyunca parlament 100-ə yaxın qanun qəbul edir. Onların qüvvəyə minməsi bəzən qəsdən ləngidilir, çünki hökumət əhaliyə qanunları dərk etmək üçün vaxt verilməsini gərəkli sayır, axı onlar ölkədə hökumət adamlarının idarə etməsini asanlaşdırmaq üçün deyil, insanların daha rahat yaşamasından ötrü qəbul edilir.

DEPUTATLIQ PEŞƏDİR


Britaniyada siyasətlə məşğul olmaq peşədir və onu gənclik illərindən öyrənmək zəruri sayılır. Siyasi mənsəbə yiyələnməyi seçmiş adam ictimai elmlər sahəsində təhsil almağa çalışır. Yerli partiya təşkilatları özlərinin gələcək kadrlarının hazırlanmasına böyük diqqət yetirirlər. Gənc siyasətçilərə yaxşı tərtib edilmiş proqramlar əsas natiqlik məharəti, siyasət tarixi və çoxlu başqa fənnlər öyrədilir. Onlar seçki kampaniyalarında fəal iştirak edirlər. Onlarla daim görkəmli siyasi xadimlər görüşürlər, sonra, bir qayda olaraq, yerli özünüidarə orqanlarında, partiya, parlament və hökumət aparatlarında işləyərək təcrübə toplayır. 30 yaşınadək artıq parlamentin üzvü, yaxud üzvlüyünə namizəd olmaq gərəkdir. İcmalar Palatası deputatlarının orta yaşı 40 yaşdır.
Hər sessiyanın başlanmasından öncə spiker parlament deputatlarının "qədim və mübahisəsiz hüquqları və imtiyazları"nı elan edir ki, onlardan ən önəmlisi söz azadlığı sayılır - deputat parlamentdə reqlamenti gözləmək şərti ilə istədiyini danışa bilər. O, böhtan və hakimiyyəti zorakılıqla devirməyə çağırışlar da daxil olmaqla heç bir çıxışına görə məhkəməyə cəlb edilə bilməz. Qanunla seçilmiş deputat heç nədən asılı olmayaraq seçicilər tərəfindən vaxtından qabaq geri çağırıla bilməz. Ancaq deputatı statusdan yalnız İcmalar Palatası məhrum edə bilər — palatanın öz üzvünün ixtisas hüququnu itirdiyini bildirməyə, parlamentə hörmətsizlik göstərdiyinə görə deputatı öz tərkibindən çıxarmağa, onun dairəsində yeni seçkilər təyin etməyə hüququ var.
Deputatın maaşı hökumət aparatındakı orta məmurun aylığına uyğundur - ildə 25 min funtadək. Ona eləcə də özünün tutduğu texniki köməkçilərin işinin haqqını ödəmək üçün 22 min funt ayrılır. Əyalətdən olan deputatlara Londonda mənzil haqqı, öz dairəsinə getməyə yolpulu ödənilir. Deputata müxtəlif firma və həmkarlar ittifaqları da əhəmiyyətli dərəcədə maliyyə yardımı göstərirlər. Deputatların çoxu mətbuatla sıx əməkdaşlıq edir. Demək olar ki, bütün deputatlar idarə heyətlərinin rəhbərləri və üzvləri, müxtəlif firmaların məsləhətçiləri və hətta yiyədaşlarıdır və bu fəaliyyətdən rəsmən gəlir götürürlər.
Parlamentin səmərəli işini onun texniki aparatı (150 nəfər) və yaxşı təchiz edilmiş kitabxana xidməti təmin edir - onlar il boyunca deputatlar üçün 8 minədək arayış hazırlayır,onların yüzlərcə suallarına cavab verir, onlardan ötrü müzakirə olunan məsələlərə dair məlumat bülletenləri nəşr edirlər.

LORDLAR PALATASINI BURAXMAĞIN VAXTI YETİŞİBMİ ?


Bu gün Britaniya adalarında səslər ucalmaqdadır ki, Lordlar Palatasını — bu feodalizm qalığını buraxmaq vaxtıdır. Ancaq britaniyalıların əksəriyyəti bu xalis ingilis institutuna rəğbətlə yanaşır. Kral hakimiyyəti məhdudlaşdırılan vaxtdan bəri Lordlar Palatası tədriclə öz əhəmiyyətini itirib. Bu gün o öz rolunu bütünlüklə yalnız məhkəmə işlərində qoruyub saxlayıb.
Lordlar Palatası ali apelyasiya məhkəməsi orqanı sayılır. Bütün hüquqi instansiyaların qərarlarını bəyənməyən iddiaçı hakim lordlara müraciət edə bilər. Onlar cəmi 31 nəfərdir. Bunlar bu şərəfli rütbəni öz qüsursuz xidmətlərinə görə kraliçadan almış görkəmli hüquqçulardır. Hakim lordların istənilən işə dair qərarı (bir ildə 80-ədək işə baxılır) qəti sayılır.
Lordlar Palatasında üzvlük ömürlükdür; bu, parlamentin üzvü olan lordlara öz siyasi xəttini daha sərbəst seçmək və hökuməti daha cəsarətlə tənqid etmək imkanı verir. Lordlar Palatasına bütün keçmiş baş nazirlər, biznesmenlər, incəsənət xadimləri ömürlük daxil edilir. Britaniya onların təcrübəsini itirmək istəmir. Onların hamısına dövlət siyasətinin müzakirəsində və işlənib hazırlanmasında öz bənzərsiz biliklərindən istifadə etmək üçün böyük imkanlar yaradılır. Lordlar Palatası bizdə bu gün dirçəlməsinə bəzən cəhd olunan ağsaqqallar institutunu daha çox xatırladır.
Britaniyanın parlament sistemi indi tam qüsursuz sayıla bilməz. Amerikanın hakimiyyətlərin bölgüsü sistemi (qarşılıqlı nəzarət və tarazlaşdırma – checks and balances -liberal prinsipinə əsaslanan) daha çox səmərəli sayılır və dünyada daha çox yayılır. Ancaq britaniyalılar öz sistemləri ilə vidalaşmağa tələsmirlər. O, əsrlər boyunca kamilləşib, tarixin ciddi sınaqlarından çıxıb və hələ ondan öyrənməli şeylər var.

* * *
Böyük Britaniya Parlamenti Üzvlərinin

İctimai Həyatda Davranış Standartları

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə