Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil




Yüklə 1.51 Mb.
səhifə1/14
tarix03.04.2016
ölçüsü1.51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
Müvəqqəti nikah (elmi araşdırma)
Müəllif: Zülfüqar Mikayil.

Köməkçi alimlər: dr. İsam Əl-İmad və Hüccətül-İslam Seyid Məhəmməd Nəcəfi.

Tərcüməçi: Qahir Vaqifoğlu

Redaktor və nəşrə hazırlayan: Hacı Arzu

Giriş

الحمد لله رب العالمين وأفضل الصلاة وأتم السلام على سيدنا ونبينا نبي الرحمة محمد المصطفى، وآله الطيبين الطاهرين، سيما اوّل الائمّة الهداة علي ابن ابي طالب و خاتم الائمة و مهدي الامة، الموعود على لسان جده، الذي يظهر الله به الاسلام، ويملأ الارض قسطا وعدلا كما ملئت ظلما وجورا و لعن الله علي اعدائهم من الآن الي يوم القيامة.

Qurani kərim hikmət sahibi Allah tərəfindən onun pak və müqəddəs bəndəsinə, Məhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olmuş bir kitabdır. Aydındır ki, Quranı kərim və həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) etdiyi hər hökmün icra olunmasının vacibliyi inkar olunmazdır. Belə ki, Qurani kərim buyurur:



فَالَّذينَ آمَنُوا بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُوا النُّورَ الَّذي أُنْزِلَ مَعَهُ أُولئِكَ هُمُ الْمُفْلِحُون
Ona iman gətirənlər, onu ucaldıb himayə edənlər, ona yardım edənlər və onunla nazil olan nura tabe olanlar, onlardın nicat tapanlar.1

وَ ما آتاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ما نَهاكُمْ عَنْهُ فَانْتَهُوا وَ اتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَديدُ الْعِقابِ

Peyğəmbər sizə hər nə gətirsə, onu alın və hər nəyi yasaq (mən) etsə, ondan imtina edin! Allahdan qorxun. Çünki Allahın əzabı çox şiddətlidir.2

Yuxarıda ki, ayələr bu həqiqəti nümayiş etdirməkdədir. Bəllidir ki, bu qanunlar icra olunmazsa Allah-taalanın hökmlərini rədd etmiş oluruq. Onların yerinə isə ayrı hökmlərə əməl etsək dinə bidət (dəyişiklik) gətirmişik.

Bidət də yalnız bu deyil ki, bir müsəlman və ya mömin insan müqəddəs islam dinindən onda olmayan və sonradan daxil olan hökümlər, rəsmlər və qayda-qanunları pozmasın. Belə ki, bidət sözünün mənası bundan da ümumidir. Bunu belə izah etmək olar ki, əgər hansısa hökmü müqəddəs İslam dininə daxil etmək bizim üçün ürək yandırandırsa, və bu işin əleyhinə çıxırıqsa həmin miqdarda da İslamdakı hökümlərin silinməsinə qarşı həssas olmalıyıq. Belə olmayan təqdirdə imanımızın zəif olduğunu bilməliyik.

Qurani kərim Allah-taalanı zahirdə qəbul edən şəxsləri lakin müqəddəs kitabları və peyğəmbərləri təsdiq etməyən və ya bu kitab və peyğəmbərlərin bəzilərini qəbul edən və digərlərini rədd edən şəxsləri kafir adlandırır.



إِنَّ الَّذينَ يَكْفُرُونَ بِاللَّهِ وَ رُسُلِهِ وَ يُريدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَ رُسُلِهِ وَ يَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَ نَكْفُرُ بِبَعْضٍ وَ يُريدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذلِكَ سَبيلاً - أُولئِكَ هُمُ الْكافِرُونَ حَقًّا وَ أَعْتَدْنا لِلْكافِرينَ عَذاباً مُهيناً- وَ الَّذينَ آمَنُوا بِاللَّهِ وَ رُسُلِهِ وَ لَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِنْهُمْ أُولئِكَ سَوْفَ يُؤْتيهِمْ أُجُورَهُمْ وَ كانَ اللَّهُ غَفُوراً رَحيماً

Allaha və onun peyğəmbərlərinə kafir olanlar, Allahı peyğəmbərlərindən ayırmaq məqsədilə: "Biz bəzisinə inanırıq və bəzisini inkar edirik", - deyirlər və bunun (küfrlə imanın) arasında özləri üçün bir yol tapmaq istəyirlər. Onlar, həqiqətən, kafirdirlər. Biz isə kafirlər üçün rüsvay edən əzab hazırlamışıq. Allaha və peyğəmbərlərinə iman gətirənlərin və onların heç birini o birisindən ayırmayanların əcrlərini Allah tezliklə verəcəkdir. Allah bağışlayan və mehribandır.3

Müsəlmanların üləmalarının hamılıqla dediklərinə asasən mütə nikahı İslam dininin ilk çağlarında Qurani kərim və Məhəmməd peyğəmbərin mötəbər sünnəsi tərəfindən isbat olunmuşdur. Buna görə də mütə nikahını hansısa bir qrup insanın rədd etdiyinə və ya kimlərinsə təriqət təlimləri ilə üst-üstə düşmədiyinə görə kənara qoymaq doğru deyildir. Çünki bu halda biz də Müqəddəs İslam dininə bidət gətirmiş və Allah-taalanın hökmünü təhrif etmiş oluruq.

Buna xatir müvəqqəti nikaha aid araşdırmalar, bu nikah növünün İslam dininin ayrılmaz hissəsi olduğunu və ona daha artıq diqqət yetirmək lazım olduğunu olduqca zəruridir. Habelə öz məzhəb görüşlərinin təsiri altında haqq və həqiqəti tapa bilməyənlər üçün bu mətləbin aydınlaşdırılması böyük əhəmiyyətə malikdir.
Birinci fəsil

Mütənin4 qısa tarixi

Ərəbistan yarımadasında mövcud çoxsaylı adət və ənənələrin əksəri Müqəddəs İslam dini meydana çıxandan sonra aradan qalxsa da5, bu arada İslam dini tərəfindən müsbət keyfiyyətlərə malik olan dəb və qaydalarla digər xoçagəlməz adətlər arasında fərq qoyuldu. Bu səbəbdən də İslam meydana gəlməzdən qabaq fitri və ağlabatan bir adət kimi mövcud olan daimi nikahı müqəddəs İslam imzalayaraq təsdiqlədi.6 Yaxud cahiliyyət zamanı Ərəb camaatının dörd ay müharibəni haram bilmələri, yaxşı adət sayılaraq İslam dini tərəfindən də təsdiqləndi.7

Müvəqqəti nikah da bəzi kitabların yazdığına görə İslam meydana çıxmamışdan öncə mövcud idi. Sonradan İslam dini, “Nisa” surəsinin 24-cü ayəsinin hökmü ilə onu xüsusi şərtlər və qaydalarla qəbul etdi.8 Beləliklə, müvəqqəti nikah İslamdan qabaq camaat arasında olmuş və İslamın zühurundan sonra bu din tərəfindən qəbul olunmuş adət-ənənələrdən biridir.
Mütə” lüğətlərdə

“Mətəə” sözündən olan “mütə” lüğətşünasların fikrincə “bəhrə götürmək” və ya “faydalanmaq” mənasındadır.9 “Məcməül-bəhreyn” kitabının müəllifi yazır: “Ət-tələzzuz”, yəni “mətəə” və “mütənin” əsas mənası ləzzət almaqdır”. O, deyir:



اسْتَمْتَعَ بَعْضُنا بِبَعْضٍ أي استنفع ‏

“Fayda və bəhrə götürdü”.10

“Fərhəngi-əbcəd” kitabının müəllifi yazır:

اسْتَمْتَع اسْتِمْتَاعاً [منع‏] أو من كذا به

“Bir şey digərindən uzun müddət ləzzət aldı və faydalandı”, بماله : “öz mal-dövləti ilə rifahda yaşadı”.11

Quranda da “mətəə”, “təməttəə” və “istəmtəə” sözləri eyni leksik məna daşıyır. Belə ki, “Bəqərə” surəsinin 126-cı ayəsində buyurulur:

َ فَأُمَتِّعُهُ قَليلا

“Hud” surəsinin 48-ci ayəsində oxuyuruq:

سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُمْ مِنَّا عَذابٌ أَليم

Bu kimi digər ayələr də deyilənlərə bir sübutdur. Məhz buna görə təməttö həcci eyni sözlə adlandırılmışdır. Çünki hacılara ehramda haram edilən işlər bir müddətdən sonra halal olur. "Lisanul-ərəb" kitabının müəllifi bu barədə yazır:

Həcc ümrəsində hacı ona görə “mütəmətti” adlanır ki, o həcc zamanı müqəddəs Məkkə şəhərinə girərkən Kəbə evini təvaf edir, başının tükünü qırxaraq vacib qurbanlıq kəsir. Bundan sonra qadağalar götürülür və öncə haram edilənlər, misal üçün qadından bəhrələnmək halal olur.12


Mütə” dini termin kimi

“Mütə” termini ağıllı və azad bir qadının özünü təyin olunmuş müddətdə, müəyyən mehriyə müqabilində, məhrəmlik (nəsəbi-səbəbi) kimi maneələr13 olmamaq şərtilə bir kişinin kəbininə keçməsi mənasındadır. Belə evlənmə tərzi iki tərəfin razılığı, kişi tərəfinin qadına mehriyə ödəməsi, habelə evlilik müddətinin müəyyən olunması ilə baş verir.

Şeyx Tusi yazır: “Mütə nikahı halal və mübahdır. Mütənin əsl mahiyyəti budur ki, kişi bir qadınla konkret müddətə və müəyyən olunmuş mehriyə müqabilində evlənir”.14

Seyid Cəfər Mürtəza Amili bu haqda yazmışdır: “Bu nikah növü qadın və kişinin kəbin oxunan zaman təyin olunan mehriyə müqabilində müvəqqəti evlənmələrindən ibarətdir. Belə ki, nikah vaxtı qurtarandan, ya nikah müddətinin kişi tərəfindən bağışlanmasından sonra nikah əqdi talaqa (boşanmaya)ehtiyac olmadan sona çatır.”15

Şeyx Səduq, Qazi ibn Bərrac, İbn İdris Hilli kimi qədim, Ayətullah Xoyi, İmam Xomeyni, Məhəmməd ibn Zeynuddin, Ayətullah Gulpayiqani, Seyid Əli Milani kimi müasir görkəmli alimlər də mütə termininin tərifini bu formada söyləmişlər.16

Şiə alimləri ilə yanaşı əhli-sünnə alimləri də mütəni bu şəkildə ifadə etmişlər. Qurtubi öz təfsirində yazır: “ İbn Ətiyyə demişdir ki, mütə nikahında iki şəxsin şahidliyi və qadının vəlisinin17 izni ilə müvəqqəti nikah bağlanır və arada irs olmayacağı barədə sövdələşmə olur.”18

Təbəri Suddinin “Nisa” surəsinin 26-cı ayəsi barəsində dediklərini öz təfsirində belə nəql edir: “ Nikah ayəsində nəzərdə tutulan mütədir. Mütə nikahında kişi qadınla müvəqqəti evlənmək şərti, iki şəxsin şahidliyi və qadının vəlisinin icazəsi ilə nikah bağlayır. Nikah müddəti qurtarandan sonra kişinin qadın üzərində heç bir hüququ qalmır və qadın ondan ayrılır.”19

Qurtubi öz təfsirində yazır: “Sələf və xələf alimlərin yekdil rəyləri budur ki, mütə, irsi olmayan müvəqqəti kəbindir. Bu nikahda ayrılıq talaqsız, sadəcə nikah vaxtının sona yetməsi ilə baş verir.20

Beləcə hər iki məzhəb alimləri mütə sözünün terminoloji mənası baxımından təxminən yaxın rəyə malikdirlər. Göründüyü kimi, adı çəkilən alimlər öz təriflərində tərəflər arasında irs olmamasını, talaqsız ayrılmanı və evliliyin müvəqqəti olmasını aydıncasına qeyd etmişlər.

Mütə sözünün leksik və terminoloji mənası arasındakı əlaqə

“Mətəə” və “mütə” sözlərinin mənaları barəsində dedik ki, bu sözlər lüğətdə bəhrələnmək və faydalanmaq mənalarında işlədilmişdir. Bu yöndə lüğətşünasların sözlərinə istinad etdik. Belə bir nöqtəni qeyd etmək lazımdır ki, ayəni müvəqqəti evlilik və mütə nikahı kimi mənalandırmaq bu sözün leksik mənası ilə də məntiqi baxımdan uyğundur.

Quranda çox vaxt bir söz bəzən leksik mənasında, bəzən də terminoloji mənasında işlənmişdir. Məsələn “nəsy” sözünün mənası təxirə salmaqdır. Lakin tövbə surəsinin 37-ci ayəsində bu söz öz terminoloji mənasında işlənmişdir. Bu ayədə haram ayın digər aya təxirə salınması küfr adlanmışdır. “Nəsiə” sözündə küfr mənasının olmadığı bəllidir və Quran bu sözü digər mənada işlətmişdir.

Görkəmli təfsirçi Əllamə Təbatəbai bu barədə yazır:

-təxirə salmaq, yubatmaq mənasınadır.نسا الشی ینسوه و نساء منساه نسیبا” Bəzən Haramlığı təxirə salınmış hicri qəməri aya "nəsy" deyilir. Ərəblərin cahiliyyət dövründə dəbləri belə idi ki, haram ayların (müharibə etmək haram olan ayların) birində müharibə etmək istəsəydilər, müvəqqəti olaraq o ayın haramlığını götürüb digər aya ötürər və haramlığı götürülən ayı "nəsy" adlandırardılar.21

Aydın olur ki, “nəsy” sözü təxirə salmaq mənasında işlənsə də Quranda hansısa bir hadisə ilə bağlı bu sözdən digər mənada istifadə olunmuşdur.

Mütə nikahında da buna bənzər bir hal vardır. Çünki mütə nikahında bəhrə götürmək və ləzzət almaqla hər iki tərəf bir-birini razı salır bir növ bir-birlərinə libas olur, öz cinsi və ruhi problemlərini həll edirlər. Ona görə də ayəni öz terminoloji mənasında, yəni mütə kimi təfsir etməyin onun zahiri mənası ilə heç bir ziddiyyəti yoxdur, əksinə onunla müvafiqdir.

Əminul-islam Təbərsi bu barədə yazır:

“Hərçənd “istimta” və “təməttu” sözlərinin əsl mənası "fayda götürmək" və "ləzzət almaq"dır, amma şəriət baxımından bu məna xüsusi bir nikaha və ya əqdə aiddir. Xüsusilə bu söz “nisa” (qadın) ifadəsi ilə birgə işlənsə aşağıdakı mənanı bildirər.

“Hər zaman qadınlarla müvəqqəti evlənsəniz onların mehriyəsini verin.”22

Demək, müvəqqəti evlilik mənasında "mütə" ərəb və Quran ifadəsi olub ayələrin zahiri, Quranın xitab üslublarına uyğundur. Ona görə də bu zəminədə araşdırmaları yekunlaşdırıb mövzunun daha kamil olması üçün mütənin qisimlərini izah etməyi lazım bildik.

Mütənin qisimləri

Fiqhi termin kimi mütə üç qismə ayrılır:



  1. Nisa mütəsi:

Nisa mütəsi yuxarıda sözü gedən mütədir. Onun lüğət və terminologiyadaki mənalarını izah etdik. Gələcək bəhslərimisdə də bu barədə mükəmməl şəkildə söhbətimizi davam etdirəcəyik.

  1. Talaq mütəsi:

Talaq mütəsi dedikdə kişinin talaqdan qabaq yaxınlıq etmədiyi və mehriyə müəyyən olunmadığı halda talaqdan sonra qadına ödədiyi hədiyyə nəzərdə tutulur.23

Fəqih alimlər bu növ mütəni "Bəqərə" surəsinin 236-cı ayəsi ilə əsaslandırırlar. Allah-taala bu ayədə buyurur:



لا جُناحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّساءَ ما لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَريضَةً وَ مَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَ عَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتاعاً بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنينَ

Yaxınlıq etmədiyiniz(toxunmadığınız) və mehriyyə (kəbin haqqı) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq(ehsan) edənlərə layiq şəkildə onlara bir şey(mütə) versin”.

Əllamə Təbatəbai bu ayənin təfsirində yazır:

“Əqd vaxtı həyat yoldaşınızın mehriyəsini müəyyən etməmişsinizsə talaq verən zaman sizə vacibdir ki, ona nə isə verəsiniz. El qaydası ilə, camaatın bəyəndiyi bir şey verə bilərsiniz. Bu hökm mehriyəsi müəyyən olunmamış talağı verilən qadına məxsusdur və bütün boşanan qadınlara şamil olunmur. Bu hökm əri ilə cinsi əlaqəyə girməyən qadınlara münasibətdə də öz güçündədir.”24

Görkəmli Əhli-sünnə alimi Fəxr Razi yazır:

"Talaqı verilmiş qadınlar iki hissəyə bölünürlər: Əri ilə cinsi yaxınlığa girənlər və cinsi yaxınlığa girməyənlər. Amma yaxınlıq olmadan talaq alan qadının mehriyəsi müəyyən olmazsa, ona hədiyyə (mütə) ödənir. Bu işdə təfsir etdiyimiz ayə əsas götürülür. Amma mehriyə təyin olunarsa, ona hədiyyə düşmür.25

Göründüyü kimi təfsirçilər və digər alimlər "Bəqərə" surəsinin sözü gedən ayəsi əsasında talaq mütəsi üçün iki əsas şərt qeyd etmişlər:

1)Mehriyyənin təyin olunmaması;

2)Talaqdan öncə kişinin qadın ilə cinsi əlaqəyə girməməsi;

Alimlər Quran ayəsinə istinadən bu iki şərt əsasında qadına hədiyyə verilməsini lazım bilmişlər. Buna görə də bu talaq və ayrılıq növü talaq mütəsi adı ilə məşhurdur.

3- Həcc mütəsi

Həcc mütəsi budur ki, bir şəxs Miqatda ehram bağlayandan sonra yeddi dəfə Kəbəni təvaf edir, sonra İbrahim məqamında iki rəkət namaz qılıb yeddi dəfə Səfa və Mərvə arasında səy edir. Sonda başının, ya bədəninin tükünü azaldır. Bu əməldən sonra ehramda haram edilənlər halal olur. Həmin il həcc üçün yenidən ehram bağlayana qədər bu vəziyyət davam edir. Doqquzuncu gün Ərəfata gedir və orada gün batana qədər yubanır. Sonra digər əməlləri yerinə yetirərək ikinci ehramdan da çıxır.26 Söylənməsi lazım olan budur ki, təməttö həcci bizim(şiələrin) nəzərimizdə Məscidul-Haramda olmayan bir şəxsə vacibdir və onun hər tərəfdən minimum on iki mil Məkkə ilə məsafəsi olmalıdır.27 Fəqih və təfsirçilər bu növ təməttönü "Bəqərə" surəsinin 196-cı ayəsi ilə əsaslandırırlar. Hikmət sahibi Allah buyurmuşdur:



وَ أَتِمُّوا الْحَجَّ وَ الْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَ لا تَحْلِقُوا رُؤُسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كانَ مِنْكُمْ مَريضاً أَوْ بِهِ أَذىً مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَ سَبْعَةٍ إِذا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كامِلَةٌ ذلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حاضِرِي الْمَسْجِدِ الْحَرامِ وَ اتَّقُوا اللَّهَ وَ اعْلَمُوا أَنَّ اللَّهَ شَديدُ الْعِقابِ

Həcc və ümrə əməllərini Allah üçün tamamlayın. Və əgər bir maneçilik varsa, mümkün olan bir qurbanlıq göndərin. Qurbanlıq öz yerinə çatmayana kimi başınızı qırxmayın. (ehramdan çıxmayın). Və sizdən xəstə olan ya başından əziyyətə düşən bir şəxs olsa (çarəsizlikdən ehramda başımı qırxmalı olsa başını qırxmaq üçün fidyə (kəffarə) olaraq oruc tutmalı ya sədəqə verməli yaxud qurban kəsməlidir. Təhlükədən əmin olduğunuz zaman, ümrə ilə Həcci-təməttö əməllərini yerinə yetirənlər müyəssər olan qurbanlığı (kəsməlidirlər) qurbanlıq tapa bilməyən şəxs isə bunun əvəzində həcc günləri vaxtında üç gün, qayıdandan sonra isə yeddi gün oruc (tutmalıdır) ki, bu üst üstə on gün tamamdır. Bu, (həcci-təməttö və ümreyi-təməttö) ailəsi Məscidul-həramda (Məkkə və Mədinə ətrafında sakin) sakin olmayan üçündür. Allahdan qorxun və bilin ki, Allahın əzabı ağırdır.”

Təməttö həccinin belə adlanmasının səbəbi budur ki, hacı ehram müddətində ümrə əməllərini yerinə yetirmək üçün bəzi işlərdən məhrum olur. Ümrə əməllərini bitirdikdən sonra həcc əməllərini başlayana qədər ona haram olan işlər halal olur. Belə ki, bu işlərdən, (məsələn: qadınla yaxınlıqdan) faydalana bilər. Buna görə də bu həcc “təməttö” həcci kimi tanınmışdır.28

Mütənin hədd-hüdudu

Mütə nikahının da digər şəriət əməlləri kimi şərtləri var. Bu şərtlərə əməl olunarsa mütə də caiz və halal sayılar. Böyük Islam peyqəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) və onun Əhli-beyti İslam ehkamını xüsusilə də mütənin hökmlərini izah etməklə onun cüzi və xırda hissələrini də öz nurlu hədislərində bəyan etmişlər. Biz bu mövzunu daha geniş izah etmək üçün mütənin şəraitini bu növ hədislərdən istinbat edən fəqihlərin fitvalarına nəzər salacağıq. Bunuda deməliyik ki, mütə nikahının çərçivəsi, hədd-hüdudu və hökmləri mövzusunda fəqihlər fiqh kitablarında ətraflı söhbət açmışlar. Bizim tanınmış və böyük alimlərimiz mütənin xırdalıqları ilə yanaşı onun əsasını təşkil edən dörd təməlini də qeyd etmişlər. Mövzudan xaric olmamaq və məsələnin təfərrüatına varmamaq üçün bu dörd təməl şərtinin qısa izahı ilə kifayətlənirik.



Birinci təməl

Mütə nikahında da daimi nikahda olduğu kimi kəbin siğəsi (sözlərini) oxumaq zəruridir. Fəqih alimlərin hamısının yekdil rəyi budur ki, mütə nikahında siğə oxunmalıdır. Əgər siğə oxunmasa mütə nikahı bağlanmır. Bu səbəbdən fəqihlər fiqhi kitablarda nikah siğəsinin oxunuşunun təməl və əsas şərt olduğunu təkidlə söyləmişlər.

Bu barədə tanınmış şiə fəqihləri o cümlədən şeyx Müfid29, şeyx Tusi30, Mühəqqiq Hilli31, Əllamə Hilli32, Mühəqqiq Kərəki33, Şəhid Sani34 yazmışlar:

«لابد في هذا العقد من الايجاب و هو زوجتك و انكحتك و متعتك مدة كذا بمهر كذا و القبول و هو ما يدل علي الرضا مثل قبلت النكاح او المتعة»

“Əqd siğəsinin icrası və qəbulu bu nikahda(mütədə) lazımlıdır. Onun siğəsi “zəvvəctukə, ənkəhtukə, məttəytukə filan müddətdə və filan mehr qarşılığında” sözləridir. Onun qəbulu isə razılığı nümayiş etdirən bir sözdür. Məsələn, “mütəni, ya nikahı qəbul etdim” deyilir.”

Ümumiyyətlə şiə alimləri əqd siğəsi icrasının mütə nikahında lazım olduğunu yekdilliklə təsdiqləyirlər. Onların qənaətləri budur ki, əqd siğəsi oxunmalıdır. "Cəvahirul-kəlam" kitabının müəllifi yazır:

« اما الصيغة فهو اللفظ الذي و ضعه الشرع و عينه كغيره من العقود الازمة... فلا يحصل بدون ذلك قطعا بل اجماعا»

“Siğə (kəbində deyilən sözlər) elə bir sözdür ki, şəriət onu digər zəruri əqdlərdə olduğu kimi müəyyən etmişdir. Mütə nikahının siğə olmadan bağlanması tamamilə mümkünsüzdür və icma da bu rəydədir.”35

Fəqih alimlərin rəylərindən bu nəticəyə gəlmək olar ki, mütə nikahında xüsusi bir siğə oxunmalıdır və siğə oxunmasa nikah qüvvəyə minmir. Bu səbəbdən bəzi tanınmış alimlər fiqhi kitablarda mütənin dörd əsas təməlinə işarə etmişlər və onlardan biri əqd siğəsinin oxunmasıdır.

Ikinci təməl

Alimlərin mütə nikahının düzlüyü üçün müəyyənləşdirdiyi ikinci təməl və ya əsas şərt müvəqqəti evlənən qadının müsəlman, ya kitab əhli(yəhudi və yaxud məsihi) olmasıdır. Onların dediklərinə görə, müvəqqəti evlənən qadın müsəlman və ya kitab əhli olmasa, o qadınla mütə caiz deyil. Şeyx Müfid36, Mühəqqiq Hilli37, Mühəqqiq Kərəki38, Şəhid Sani39, Seyyid Məhəmməd Amuli40 yazmışlar:



« اركانه اربعة: الصيغة و المحل والاجل و المحل فيشترط ان تكون الزوجه مسلمة او كتابية»

Mütə nikahının dörd rüknü var:



  1. Əqd siyqəsinin oxunması;

  2. Qadının müsəlman və ya kitab əhli olması;

  3. Evlilik müddətinin müəyyən edilməsi;

  4. Mehriyə miqdarının müəyyən edilməsi;

"Əl-məhəl" sözü ərə gedən qadının müsəlman və yaxud kitab əhli olması mənasınadır. Ona görə də fəqihlər müsəlman və ya əhli-kitab olmayan qadınla mütə bağlamağı caiz bilmirlər. Bu məzmunda İmam Xomeyni və Ayətullah Gülpayiqani yazır:

«لايجوز تمتع المسلم بغير الكتابية من اصناف الكفار و لا بالمرتدة و لا بالناصبة المعلنة بالعداوة كالخارجية»

“Kitab əhli olmayan kafir, mürtəd, nasibi (düşmənliyini aşkar edənlər), xəvaric siniflərindən olan qadınla mütə bağlamaq caiz deyil.”41

Digər alimlər də42 sözü gedən şərti mütə nikahında zəruri bilmiş və müsəlman və ya kitab əhli olmayanla mütə bağlamağı caiz bilməmişlər.

Üçüncü təməl

Alimlərin nəzərincə, nikah mütəsinin üçüncü əsası mehriyədir (kəbin haqqı, başlıq). Bütün alimlər mütə nikahını mehriyəriz batil sayır. Ona görə də tanınmış fəqihlər öz kitablarında mütə nikahında mehriyənin təyin edilməsinə diqqətlə yanaşmışlar. Əbu Səlah Hələbi43, Sallar44, Şeyx Müfid45, Şeyx Tusi46, Mühəqqiq Hilli47, Əllamə Hilli48 bu məzmunda yazmışlar:


«لابد في هذا العقد من ذكر الاجل المعلوم و المهر المعين فلو اخل بهما بطل اجماعا»

“Mütə nikahında müddət və konkret mehriyə təyin edilməlidir. Bu iki mövzuda hansısa problem olarsa, nikah mütəsi fəqihlərin yekdil rəyinə əsasən batildir.”

Mühəqqiq Kərəki49, Şəhid Sani50, Seyyid Məhəmməd Amuli51 də deyilən şərtləri lazım və zəruri bilmişlər. "Cəvahirul-kəlam" əsərinin müəllifi hətta bu barədə icma rəyinin olduğunu iddia etmişdir. O, yazır:

«اما المهر فهو شرط في العقد المتعة خاصة و يبطل بفواته العقد بلا خلاف بل الاجماع بقسيمه عليه».

“Mehriyyə mütə nikahında xüsusi bir şərtdir və onun ödənməməsi ilə nikah batil olur. Bu məsələdə alimlər arasında fikir ayrılığı mövcud deyil. Əksinə, bu mövzuda icma vardır.52

Fəqihlərin bu yazılarından mehriyənin mütə nikahının düzgünlüyünə nə qədər təsirli olduğunu hiss etmək olar. Onların fikirlərini sadalamaq mehriyənin mütədə şərt olmasını göstərmək üçün kiçik bir cəhd idi. Bütün alimlərin verilmiş şərti mütə nikahında zəruri bilmişlər. Lakin ixtisar üçün onların möhtərəm rəylərini yazmaqdan daşındıq." 53

Dördüncü təməl

Mütə nikahı üçün söylənən dördüncü əsas evlilik müddətinin müəyyən olunmasıdır. Daimi nikahla müvəqqəti nikah arasındakı başlıca fərq də budur. Daimi nikahda evlilik ömrün sonunadək davam edir və ona görə də evlilik müddətini təyin etmək lazım deyil. Amma mütə nikahı daimi olmadığına görə evlilik zamanı müəyyən olmalıdır. Bu səbəbdən fəqihlərdən bəziləri öz kitablarında evlilik müddəti təyin edilmədən bu nikahın batil olduğunu54, bəziləri də onun daimi evlilik olduğunu söyləmişlər.55 Bu barədə Əbu Səlah Hələbi56, Sallar57, Şeyx Müfid58, Şeyx Tusi59, Mühəqqiq Hilli60 yazmışlar:



«نكاح المتعة و هو المؤجل بالسنين... و المهر المعين و من شرط صحته ذكر الاجل المحروس»

“Mütə nikahı, illik müddət üçün nəzərdə tutulmuş... və mehri müəyyən olan bir nikahdır. Təyin olunmuş zamanın qeydi onun düzgünlük şərtlərindəndir.”

Mühəqqiq Kərəki, Şəhid Sani, Seyyid Məhəmməd Amuli və başqaları da göstərilən şərti zəruri saymışlar. Əllamə Hilli və Sahib Cəvahir bu məsələdə icma iddası belə etmişlər. Bu iki böyük alim demişlər:

«لابد في هذا العقد من ذكر الاجل المعلوم و المهر المعين فلو اخل بهما بطل اجماعاً»

“Mütə nikahında müddət və konkret mehriyə təyin edilməlidir. Bu iki şeydə hansısa problem olarsa nikah mütəsi fəqihlərin yekdil rəylərinə əsasən batildir.”61



«اما الاجل فهو شرط في عقد المتعة اجماع و… و نصوصا»

“Mütə nikahında müddət fəqihlərin icmasına( yekdil rəyinə) və yazdıqlarına əsasən şərtdir.”62

Gördüyünüz kimi fəqih alimlərin fikirlərinə görə, bu dörd təməl şərtinin mütə nikahında olması zəruridir. Və bu təməl şərtlərin biri ödənməsə mütə nikahı düzgün olmayacaq.

Bu hissədə biz mütə nikahının hüdud və hökmlərini izah etdik. Mövzudan xaric olmamaq üçün onun təfərrüatını yazmadıq. Indi isə mütə nikahının daimi nikahla müştərək və fərqli cəhətlərini qısa və ardıcıl formada izah etməklə söhbəti başa çatdırmağı lazım bilirik.



Müvəqqəti nikahın daimi nikahla müştərək cəhətləri

  1. Kişi və qadın aqil olmalı, onlarda digər maneələr olmamalıdır.63

  2. Mütə nikahında da daimi nikahdakı kimi kəbin siğəsinin oxunması zəruridir.64

  3. Müvəqqəti nikahda da (nikah bağlanandan sonra) hörmət(naməhrəmlik) yaranır.65

  4. Müvəqqəti nikahdan dünyaya gələn övladın hökümləri daimi nikahdakı kimidir.66

  5. Müvəqqəti nikahda da iddə saxlamaq vacibdir.67

  6. Mütə olunmuş qadınla da daimi həyat yoldaşı kimi heyz halında yaxınlıq etmək haramdır.68

Müvəqqəti nikahla daimi nikah arasındakı fərqlər

  1. Müvəqqəti nikahda evlilik zamanını təyin etmək zəruridir.69

  2. Mehriyyənin təyin olunması müvəqqəti nikahın əsas şərtlərindən biridir.70

  3. Müvəqqəti nikahda daimi nikahın əksinə olaraq xərclik vacib deyil.71

  4. Müvəqqəti nikahda müddət sona yetməklə kişi və qadın arasında ayrılıq yaranır və talaqa ehtiyac qalmır.72

  5. Müvəqqəti nikahda məşhur rəyə əsasən kişi və qadına bir-birlərindən irs çatmır.73

  6. Müvəqqəti nikahın əksinə olaraq daimi nikahla dördən artıq qadınla evlənmək caiz deyil.74

Nəticə

Bu fəsildə əvvəlcə mütənin leksik və terminoloji mənalarından danışdıq. Aydın oldu ki, müvəqqəti evlilik adı ilə məşhur olan “mütə” nikahı Quranla öz terminoloji mənasında işlənmişdir. Habelə mütənin hüdud və qisimlərini araşdıraraq bildirdik ki, mütə İslam şəriətində üç qismə bölünür. Habelə mütə nikahında riayət ediləsi şərtlərlə tanış olduq. Sonda müvəqqəti nikahla daimi nikah arasındakı fərqlərdən söhbət açdıq.

Yuxarıda dediklərimiz birinci fəsildə araşdırdığımız mözularla bağlı idi. Mütə nikahını ətraflı şərh etmək üçün Quran və sünnədə olan mütədən söhbət açacağıq.

  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə