Material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də ölkələrarası səviyyədə mübadiləsini tələb edir




Yüklə 325.53 Kb.
səhifə3/5
tarix21.04.2016
ölçüsü325.53 Kb.
1   2   3   4   5

Yuxarıda göstərildiyi kimi hazırda dünyada müxtəlif tipli 400-dən 2000-ə qədər azad iqtisadi zona fəaliyyət göstərməkdədir. İlk AİZ 1934-cü ildə qəbul edilmiş akt əsasında xarici ticarət formasında ABŞ-da yaradılmışdır. Bunu yaratmaqda da əsas məqsəd gömrük rüsumları və yığımlarının azaldılması yolu ilə xarici ticarət fəaliyyətinin aktivləşdirilməsi olmuşdur.

Bunun üçün də ilk növbədə avtomobil istehsalı üçün lazım olan detal və digər komponentlərin idxalına qoyulan tarifləri aşağı salmaq lazım gəlmişdir. Xarici ticarət zonasında anbarlar, doklar, aeroportlar yerləşdirildi. Göstərilən zonalarda fəaliyyət göstərən müəssisələr, zonaya idxal olunan məhsulların sonradan üçüncü ölkələrə ixracı zamanı ABŞ-ın gömrük nəzarəti altında olmurdular. ABŞ firmalarına məxsus məhsulların ixrac edilməsi məqsədilə yenidən emalı baş verdiyi hallarda da gömrük xərcləri aşağı salınırdı. Əgər məhsullar zonadan ABŞ ərazisinə gətirilirdisə, bu halda onlar ölkənin gömrük qanunvericilyində nəzərdə tutulmuş bütün prosedurlardan keçirdilər.

Azad iqtisadi zonaların yaradılmasının uğurlu variantlarından biri kimi 1957-ci ildə İrlandiyanın “Şennon” aeroportunda yaradılmış əlverişli zonanı misal göstərmək olar. Zonanın ərazisi cəmi 15 hektar tutmuşdur. Məqsəd isə çox ciddi idi: yeni əlavə 300 iş yeri əldə edilməsinə nail olmaq. Təbii ki nəticələr gözlənildiyindən də yüksək oldu. Azad iqtisadi zonaların daha uğurlu bir nümunəsi kimi 1982-ci ildə İngiltərənin “Dok-Aylend” aeroportu ərazisində yaradılmış zona çıxış edə bilər. Bu AİZ-in sahəsi isə 2000 hektar təşkil etmişdir. Bu proqramın reallaşdırılması üçün isə 1 milyard funt-sterlinq ayrılmışdır.

1967-ci ildə isə Braziliyada azad qitisadi zonaların daha bir forması yara- dıldı - "Manaus azad zonasının sənaye mahalı". Bu AİZ üçün ayrılmış torpaq sahəsi isə – 3,6 min kv.Km olmuşdur. Məqsəd – sənaye istehsalının inkişafının stimullaşdırılması; məqsədə çatmaqda əsas vasitələr – vergi güzəştləri. Bu zona olduqca sürətlə inkişaf etmiş və bütün Braziliya iqtisadiyyatının dirçəlməsində yeni mərhələ olmuşdur. Bu AİZ-in əsasını təxminən 30 xammal və yanacaq-energetika sahələri təşkil edirdi ki, onların məhsulları da əsasən elə ğlkənin özündəcə istehlak olunurdu. Zonanın istehsalının 3-5%-i isə ixraca gedirdi.

1978-ci ildə Çinin 14 sahilyanı şəhərində azad iqtisadi zonalar yaradılmağa başladı. Məqsəd xarici ticarətin inkişaf etdirilməsi olmuşdur. Məqsədə çatma alətlərini isə - vergi və gömrük sahəsindəki güzəştlər təşkil etmişdir. Onların yaradıldığı zaman hər il hər hektara təxminən 15-17 milyon dollar məbləğində vəsait qoyulurdu. Yaradıldığı vaxtdan 1987-ci ilə kimi Çinin azad iqtisadi zonalarına 22 milyard dollara qədər kapital qoyuluşu edilmişdir. Ölkənin xarici ticarət dövriyyəsinin 2/3-si onların payına düşürdü. 1990-cı ildə yalnız Şenjen zonasının ixracı 3 milyard dollar olmuşdur. Cənubi Koreya, Malayziya, Sinqapur, Hoqkonq ərazisində yerləşən və əsasən məhsulların ixracına yönəldilmiş “nöqtəvi” zonalar üstünlük təşkil edir: dünyanın inkişaf etməkdə olan ölkələrindəki bütün belə zonaların 90%-i məhz bu regiona düşür.

Elmi-texniki zonaların da sürətli inkişafı daha çox maraq doğurur. 1973-cü ildə ABŞ-da onların sayı 84 olmuşdur; burada 142 min işçi və 45 min alim çalışmışdır. Onlardan ən böyüyü isə “Sellikon Velli”dir. Dünyada istehsal edilən hesablayıcı texnika və kompüterlərin 20%-i məhz bu ərazinin hesabına düşür. Hazırda isə ABŞ-da daha 1000 belə azad zonanın yaradılması planlaşdırılır.

1985-ci ildə Hollandiya və AFR-də müvafiq olaraq 45 və 50 texnopark olmuşdur, lakin hər iki ölkədə belə ərazilərin sayının 100-ə çatdırılması planlaşdırılır. Yaponiyada isə elmi fəaliyyətlə məşğul olan qabaqcıl texnopolislərin sayı 20-dən çoxdur. “Tsikuba” texnopolisində çalışan insanların sayı 150 mindən çoxdur. İngiltərədə isə texnoparkların sayı 25-dən çoxdur.

Nəhayət, dünyada geniş yayılmış azad zonaların formalarından biri olan “offşor zonalar” barədə: “vergi oazisləri” adlanan bu ərazilərdə beynəlxalq maliyyə əməliyyatlarının bir çox hissəi həyata keçirilir. “Offşor zonalar” daha çox ada ərazilərində geniş yayılmışdır. Misal üçün: Antil, Baham, Bermud, Virciniya, Kayman, Barbados, Kipr, Malta, Modeyra kimi adalar, həmçinin Hoqkonq, Qərbi Samoa, İrlandiya, Liberiya, Livan, Lixtenşteyn, Panama, Sinqapur və s. bu kimi ölkələr.

Offşor zonalar bu ərazilərdən istifadə edən təsərrüfat subyektlərinə aşağıdakı üstünlükləri verir: vergi güzəştləri, azad fəaliyyət, praktiki olaraq valyuta nəzarətinin olmaması, rezidentlərlə istənilən xarici valyuta ilə əməliyyatların aparılması imkanı, xərclərin elə yerindəcə silinməsi, maliyyə əməliyyatlarının anonimliyi və konfidensiallığı (narkobizneslə əlaqəli və ya digər şübhəli əməliyyatlar zamanı dövlət orqanlarına izahat verilməsi tələb olunur). Bu zaman zonanın daxili borc kapitalı bazarı rezidentlərin hesablarından təcrid edilir. İş orasındadır ki, offşorların klassik forması, bu zonada yalnız qeyri-rezidentlərin təsərrüfat və maliyyə fəaliyyəti ilə məşğul olmasını özündə əks etdirir.

Öz növbəsində vergi güzəştləri müxtəlif variantlarda tətbiq edilir. İrlandiya və Liberiyanın offşor zonalarında vergilər tutulmur. İsveçrədə isə vergilər tutulsa da, bu çox aşağı səviyyədə baş verir. Antil adaları, Lixtenşteyn və Panamanın offşor zonalarında isə firmalar qeydiyyatdan keçən zaman müəyyən məbləqdə haqq ödəyirlər. Belə zonalarda adətən həmçinin şirkətlərdən illik qeydiyyat haqqı, bank və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyaya görə haqq, trast əməliyyatlarının aparılması üçün verilən lisenziyaya görə haqq alınır. Bundan başqa qeyd etmək lazımdır ki, əgər İrlandiya və İsveçrədə offşor firmalardan minimal mühasibat uçotu tələb edilirsə, Antil adaları, Liberiya, Panama, Lixtenşteyndə şirkətlərin üzərinə hətta bu cür tələblər belə qoyulmur. Qərbi Samoada isə mühasibat uçotunun xüsusi bir forması və hazırlanma metodu müəyyənləşdirilməmiş və bu, şirkətlərin sahibləri tərəfindən könüllü olaraq sərbəst seçilir.

Bu sahədə Macarıstanın da təcrübəsi maraq doğurmaya bilməz. Bu ölkədə offşorların klassik rejimi formalaşdırılmışdır. Offşor şirkətlər mənfəət vergisindən 85%-ə qədər endirim əldə edirlər ki, bu da real vergi dərəcələrinin 5,4%-ə qədər azaldılmasına gətirib çıxarır. Burada offşor şirkətlərə xarici valyuta ilə əməliyyatlar aparmaq hüququ verilir; onlar xarici valyuta ilə əməliyyatları tənzimləyən dövlət orqanlarının xüsusi icazəsi olmadan belə xarici kreditlər əldə edə bilirlər; həmçinin xarici banklarda öz hesablarını aça bilərlər, yalnız bir şərtlə ki həmin hesabın müəyyən bir hissəsi macar bankına daxil edilsin. Belə şirkətlərin vasitəçilik fəaliyyətləri Rusiya ilə xarici ticarətlə, həmçinin rus firmaları arasında vasitəçilik etməklə məhdudlaşdırılır. Bu cür məhdudlaşdırmanın da prinsipi çox sadədir – offşor güzəştlərini xarici ticarətdə əsas və üstünlük təşkil edən məhsul axınına və yaxşı tanınmış iş adamlarına yönəltmək.

Analoji halın həm də Rusiyada yaradılacaq offşor zonalarında tətbiqi planlaşdırılır. Belə ki, offşor şirkətləri üçün güzəştlər məqsədyönlü şəkildə Almaniya, ABŞ, Türkiyə, Macarıstan, Britaniya, İsveçrə, Finlandiya, Avstriya, Çin, Niderland kimi əsas ticarət partnyorları ilə əlaqələrin genişləndirilməsi və stimullaşdırılmasına yönəldilə bilər.

Mütəxəssislərin müşahidələrinə görə, bir çox hallarda AİZ-in əksəriyyəti öz inkişaf yollarında anbar və tranzit zonaları formasında yaranmaqla ilk öncə ixrac-istehsal, daha sonra isə kompleks zonalar formasına keçmişlər. Dünya təcrübəsi göstərir ki, ixrac zonaları olmadan ölkədən mal və xidmətlərin ixracının orta illik artımı 7% olursa, bu zonaların mövcudluğu zamanı isə artım 20%-dək təşkil edir.

Göründüyü kimi, dünya praktikasında azad iqtisadi zonalar hər hansı müəyyən edilmiş məqsədlər əsasında yaradılır ki, bu məqsədlər də nəinki təkcə həmin zonada, o cümlədən bütün ölkədə inkişafa nail olunmasına yönəldilir. Bir qayda olaraq həmin məqsədlərə aşağıdakılar aid edilir: xarici ticarət fəaliyyətinin aktivləşdirilməsi, ixracın həcminin artırılması, əlavə iş yerlərinin açılması, sənaye istehsalının stimullaşdırılması, ölkəyə xarici investisiyaların cəlb edilməsi, böhran vəziyyətində olan regionların inkişaf etdirilməsi, regionlar arasındakı fərqin aradan qaldırılması. Bu məqsədlərə çatma vasitələri isə demək olar ki eynidir. Bunlar: vergi və gömrük güzəştləri, müxtəlif preferensiyalardır.

Qonşu Rusiya Federesiyası da azad iqtisadi zonaların yaradılmasında digər dövlətlərin təcrübəsindən yararlanmışdır. Lakin burada tətbiq edilən güzəştlər iqtisadiyyatın modernləşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsinə nail olmaqdan daha çox, ayrı-ayrı qruplaşmaların gizli subsidiyalaşdırılmasına və sonradan ölkədən çıxarılmaqla ilkin kapital yığımına şərait yaratdı. Ona görə də elə mühit yaratmaq lazımdır ki, preferensial rejimlərin tətbiqi ayrı-ayrı müəssisələrə, sahələrə və ərazilərə hansısa güzəştlərin verilməsi xatirinə deyil, təsərrüfatlaşdırmanın yeni formalarının, sənaye istehsalının stimullaşdırılması, xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ölkənin texnoloji yeniliklərlə təmin edilməsi məqsədi ilə həyata keçirilsin. Digər vacib məsələlərdən biri də ölkənin nəqliyyat-coğrafi imkanlarının strateji genişləndirilməsi, regionların potensialından düzgün istifadə etməkdir. Təbii ki, bütün bunlar son nəticədə ölkənin dünya təsərrüfat sisteminə sıx inteqrasiya olunmasına gətirib çıxaracaqdır.




II FƏSİL. Azad iqtisadi zonalar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya üsulu kimi
2.1. Azərbaycanda azad iqtisadi zonaların formalaşdırılmasının zəruriliyi
Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında da bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində Azad İqtisadi Zonaların yaradılmasının mühüm iqtisadi önəmi vardır. Azad iqtisadi zonaların yaradılması ideyası və təşəbbüsləri respublikamızın ilk müstəqillik illərində israrlı konteksdə quruculuq zirvəsinə irəliləmişdi. Lakin bu mühüm sistemə keçiddə aşkarlanan müəyyən təcrübə kasadlığı, hazırsızlıq meylinin mövcudluğu və başlıca olaraq iqtisadi inkişafın artım templərinin məhdudluğu müvafiq zonaların təşəkkülünü bir qədər ləngitmişdir. Bu gün respublikamızda yenə də Azad İqtisadi Zonaların yaradılması məsələsi qabarıqlaşmış və daha aktual xarakter almışdır.

Son illər AİZ-in inkişafı dünya iqtisadiyyatında nəzərə çarpan hadisıələrdən biridir. Bu məsələ MDB ölkə liderlərinin axırıncı üç sammitində də diqqət mərkəzində olmuş, nəticədə Azad İqtisadi Zonaların formalarından biri olan “Azad ticarət zonalarının yaradılması haqqında” saziş imzalanmışdır. Respublika-da belə zonaların yaradılması üzrə iş 1994-cü ildə BMT-nin inkişaf proqramı ilə başlanmış, lakin 1999-cu ildə bir sıra səbəblər üzündən dayandırılmışdır. Həmin illərdə Sumqayıt şəhərində AİZ-in yaradılması layihəsinə BMT-nin Azərbaycan Respublikasındakı nümayəndəsi Pablo Lembo başçılıq etmişdir. Sumqayıt şəhərində yaradılması nəzərdə tutulan iqtisadi zona mühüm spesifik xüsusiyyət daşıdığından və respublikamızda Azad İqtisadi Zona quruculuğunun mərkəzi obyektinə çevrildikdən onun səciyyəvi cəhətlərinin araşdırılması məqsədəuyğun olardı. Təəssüflə qeyd olunmalıdır ki, Sumqayıtda yaradılması nəzərdə tutulan Azad iqtisadi zona konsepsiyasının səmərəliliyi kompleks şəkildə tədqiqatdan keçirilməmişdir. BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) xəttilə Sumqayıt AİZ-nin yaradılması üçün müəyyən tədqiqatlar aparılmışdır. Onun əhəmiyyətini heç də azaltmaq fikrində deyilik. Lakin bu tədqiqatların özündə də müəyyən qaranlıq qalan məqamlar olmuşdur. Müvafiq zonanın adının tez-tez dəyişməsi, onun Sumqayıt ixracat zonası və ya Sumqayıt xüsusi zonası kimi adlandırılması buna əyani sübutdur. Digər tərəfdən, Sumqayıt Azad İqtisadi Zonasının yaradılmasının ümumi layihəsi və proqramı geniş ictimaiyyətə tam şəkildə çatdırılmamışdır. Sumqayıt Azad iqtisadi zonasının yaradılmasının başlıca vəzifəsi şəhərin əsas aparıcı istehsal sahələrinin dirçəldilməsi və müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, ekoloji mühitin sağlamlaşdırılması, şəhərin elmi-texniki potensialından maksimum istifadə edilməsi problemlərinə yönəlmişdir.

Dünya təcrübəsinə görə AİZ yalnız istehlak mallarının müəyyən əraziyə rüsumsuz idxalını deyil, əsasən ölkənin müəyyən ərazisinin iqtisadiyyatını qısa müddətdə canlandıra bilən istehsal sahələrinin dirçəlməsinə kömək edəcək idxalı özündə birləşdirmişdir.

AİZ-in yaradılması və fəaliyyəti sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi kontekstində Azərbaycan Respublikasında da müvafiq zonaların yaradılması zəruriliyini əsaslandırmaq olar. Bu əsaslandırma aşağıdakıları əhatə edir:

- AİZ-in təşkili inzibati nöqteyi-nəzərdə zəhmətli iş olduğundan onların istismarı ilə ya xüsusi olaraq hökumət tərəfindən yaradılmış inzibati strukturlar, yaxud dövlət şirkətləri məşğul olmalıdırlar.

- inkişaf etməkdə olan ölkələrin ixrac istehsal zonalarının yaradılması təcrübəsi, həmin ölkələrin inkişafında mühüm rol oynayır və bu meyl respublikamız üçün də məqbul sayılır.

- AİZ-in müvəffəqiyyəti dövlətin dəstəyindən və ən yüksək səviyyəli idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir.

- daha yaxşı idarəetmə məqsədilə ölkənin müəyyən zonaların inkişafı üzrə səhmdar cəmiyyətlərin yaradılmasında Azad iqtisadi zonalar əhəmiyyətli olacaqdır.


- ölkənin daxili bazarını yüksək keyfiyyətli mallar, ilk növbədə idxalı əvəz edən mallarla zənginləşdirməkdə azad iqtisadi zonaların yaradılması müvəffəq nəticələr verəcəkdir.

- Offşor mərkəzlər Marşal planından sonra meydana gəlmişdir. ABŞ dövləti bir çox əmtəələr üzrə avropalı sənayeçilərə sifarişlər verərək dollar ifadəsində həmin məhsulları almışdır. Eyni zamanda bu sferanı təmsil edən müəssisələr əvəzsiz olaraq borc və subsidiyalar əldə etmişlər. Müasir dövrdə offşor termini kontinental şelfdə neft-qaz hasilatında da geniş istifadə olunur. Xəzərin Azərbaycan sektorunda “Əsrin müqaviləsi” çərçivəsində hasilat və işləmələri həyata keçirən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti də offşor təyinatlı orqandır. Onun offşorluğunu təkcə Azərbaycandan aldığı imtiyazlar deyil, həm də bir şirkət olaraq azad iqtisadi zonadan qeydiyyatdan keçməsidir.

Azərbaycanda belə zonaların yaradılması üçün real imkanlar vardır. Bunlar aşağıdakılardır:

1. Azərbaycan əlverişli coğrafi-nəqliyyat mövqeyi ilə yanaşı inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsinə də malikdir ki, bu da xariclə intensiv əlaqələr saxlamağa imkan yaradır.

2. Azərbaycan bütövlükdə, onun bir çox bölgələri isə ayrılıqda güclü təbii-iqtisadi potensiala malikdir: zəngin xammal ehtiyatlarına, əlverişli təbii-iqlim şəraitinə, məhsuldar torpaq sahələrinə, bol və ucuz işçi qüvvəsinə və s.

3. Azərbaycanın bir sıra bölgələrində müasir texniki-iqtisadi bazaya malik sənaye müəssisələri, istehsal sahələri və infrastruktur obyektləri mövcuddur.

4. Azərbaycanda bir çox sahələr üzrə güclü elmi potensial və ixtisaslı kadr ehtiyatı mövcuddur.

5. Ölkədə bazar münasibətlərinə keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində (mülkiyyətin özəlləşdirilməsi, qiymətin sərbəstləşdirilməsi, bazar infrastrukturunun yaradılması və s.) beynəlxalq biznesin tələblərinə cavab verən təsərrüfatçılıq mühitinin yaradılması istiqamətində real işlər görülür.

6. Ölkədə xarici investisiyaların cəlb olunması və onun mühafizəsi haqqında, xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında və s. bu kimi digər hüquqi-normativ aktların qəbul olunması və onların həyata keçirilməsi üçün təşkilati idarəetmə işləri görülüb.

7. Ölkədə artıq xarici işgüzar dairələrlə birgə təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq və digər əməkdaşlıq etmək təcrübəsi mövcuddur.

Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılması xarici işgüzar dairələrlə birgə təsərrüfatçılıq fəaliyyətinin gücləndirilməsi, ölkə iqtisadiyyatına müasir texnika və texnologiyanın cəlb olunması və mütərəqqi idarəedicilik təcrübəsinin gətirilməsi məqsədi güdməli və onların fəaliyyəti ölkə və ölkədaxili bölgələr qarşısında duran aşağıdakı sosial-iqtisadi problemlərin həllinə yönəldilməlidir:

-məhsuldar qüvvələrin inkişaf etdirilməsi, istehsalın düzgün ixtisaslaşdırılması və mütərəqqi təsərrüfatçılıq formalarının tətbiqi hesabına yerli ehtiyatlardan və potensial imkanlardan mümkün qədər tam və səmərəli istifadə olunması və bu əsasda zona yaradılan bölgələrin kompleks inkişafının təmin olunması sosial-iqtisadi vəziyyətin artımının təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və s.

- ixrac potensialının inkişaf etdirilməsi və valyuta gəlirləri

-daxili bazarın rəqabətqabiliyyətli mal və xidmətlərlə təminatının yaxşılaşdırılması

- ETT-nin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsi və sonradan onun nəticələrinin istifadə olunmaq üçün ölkənin digər bölgələrinə və xaricə ötürülməsi

- azad iqtisadi zonaların milli iqtisadiyyatla dünya təsərrüfat sistemi arasında “birbaşa əlaqə” yaratmaq imkanından istifadə etməklə ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya olunmasının sürətləndirilməsi və bu əsasla onun BƏƏ-də malik olduğu üstünlüklərdən daha səmərəli istifadə olunması üçün şərait yaradılması.

- müasir dövrün tələblərinə cavab verən infrastrukturun (istehsal və sosial) yaradılması

- lokal səviyyədə yeni təsərrüfatçılıq formalarının müxtəlif variantlarının sınaqdan keçirilməsi və əldə olunmuş müsbət nəticələrdən ölkənin digər bölgələrində də istifadə edilməsi

- yerli kadrların (fəhlə və mütəxəssislərin) sərbəst iqtisadi zonalarda xaricilərlə birgə fəaliyyəti onların beynəlxalq biznesin təşkilinin müasir üsulları və qaydaları ilə birbaşa tanış olmalarına, bunları mənimsəmələrinə şərait yaradır ki, bu da qazanılmış təcrübənin ölkənin zonadan kənar ərazisində də istifadə olunmasına imkan verir.

- zona yaradılan bölgədə və eləcə də onun hüdudlarından kənarda ölkə əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi və s.

Azad iqtisadi zonalar yaradılması baxımından əlverişli bölgələrin müəyyənləşdirilməsi məqsədilə aprılan təhlilin nəticələrinə əsaslanaraq, bu qənaətə gəlirik ki, hazırda Azərbaycanın əlverişli coğrafi-nəqliyyat mövqeyinə, güclü təbii-iqtisadi potensiala, müasir texniki-iqtisadi bazaya və infrastruktura, zəruri elmi-texniki potensiala və ixtisaslı kadr ehtiyatlarına malik olan bölgələrində (Abşeron, Naxçıvan MR, Gəncə-Qazax) istehsal xarakterli kompleks xüsusi iqtisadi zonaların, sərhəd bölgələrində (Naxçıvan MR, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-Xaçmaz) xarici ticarət zonalarının, mövcud turizm mərkəzləri və müalicə-sanatoriya şəbəkələri bazasında (Abşeron, Naxçıvan MR, Gəncə-Qazax, Şəki-Zaqatala) azad turizm və müalicə-sağlamlıq zonalarının, qabaqcıl elmi-tədqiqat mərkəzləri və elm istehsal birlikləri yanında (Bakı, Sumqayıt, Gəncə) texnoloji parkların və ya texnopolislərin yaradılması imkanı vardır.

Tədqiqatlar göstərir ki, bu imkanların gerçəkləşməsi bir sıra zəruri tədbirlərin həyata keçirilməsini tələb edir:

- ilk növbədə azad iqtisadi zonaların yaradılması və fəaliyyəti üçün zəruri olan hüquqi normativ aktlar hazırlanıb qəbul olunmalı və bununla əlaqədar mövcud olan digər hüquqi-normativ aktlarda müvafiq dəyişikliklər aparılmalıdır.

- lazımi təşkilati-idarəetmə məsələləri həll olunmalıdır.

- yaradılacaq zonaların sosial-iqtisadi və texniki-iqtisadi əsaslandırılması aparılmalıdır.

- azad iqtisadi zona yaradılması nəzərdə tutulan bölgələrdə və bütövlükdə ilkin hazırlıq işləri görülməlidir (istehsal və sosil infrastruktur inkişaf etdirilməli, müasir idarəetmə təcrübəsi toplanmalı, xarici kapitalın cəlb olunmasını sürətləndirmək üçün müvafiq tədbirlər görülməli və s.)

Bununla belə qeyd olunmalıdır ki, Azərbaycanda azad iqtisadi zonaların yaradılması perspektivində inteqrasiyanın, xarici iqtisadi əlaqələrin dərinləşməsi sürətəndirilməli, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, digər bu kimi beynəlxalq strukturlara və son hədəf olaraq Avropa İttifaqına inteqrasiya reallığa çevrilməlidir.

Azərbaycan öz ərazisində azad iqtisadi zonaların yaradılması zamanı daha çox Cənubi Koreya modelinə üstünlük verir. Bu baxımdan qısa olaraq bütövlükdə Şərqi Asiya ölkələrinin azad iqtisadi zonaların təşkilindəki təcrübələrinə nəzər salaq: Çinin xüsusi iqtisadi zonaları bütövlükdə dövlət mülkiyyətinin üstün olduğu şəraitdə bazar münasibətlərindən istifadə edilməsində böyük rol oynamışdır. 1950-60-cı illərdə yüksək gömrük haqqı tətbiq etməklə Yaponiya poladtökmə sənayesini, Cənubi Koreya sement istehsalını, Tayvan toxuculuq sənayesini xarici rəqabətdən qorumuşdu. Yerli əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün Yaponiya və Cənubi Koreya ixrac üçün televizor, Tayvan soyuducu və kondisioner istehsalını artırmışlar. Yaponiya və YSÖ timsalında aydın görünür ki, bu ölkələrin belə rəqabətqabiliyyətli məhsullar istehsal edə bilmələrində istehsalçıların xarici texnologiyanı mənimsəmələri böyük rol oynayır. Bütün istehsal sahələrini ixrac üstdə istiqamətləndirmək də olmaz. Odur ki həmin ölkələr xarici məhsulları əvəzedən məhsular yaradılmasına da üstünlük vermişlər. Bu siyasətdə İndoneziya düzgün yol seçmişdir. Cənubi Koreya artıq 1979-cu ildə “açıq bazar” siyasətinin bəyan edilməsi ilə bir çox məhdudiyyətləri ləğv etməyə başladı. 90-cı illərin əvvəlinə Koreya xaricdən alınan kimya, maşınqayırma, elektrotexnika məhsullarını, xammal, yanacaq, toxuculuq, dəri məmulatı və s. məhsullarını gömrük məhdudiyyətindən azad etmişdir.

Azərbaycanda gələcəkdə yaradılması planlaşdırılan azad iqtisadi zonaları aşağıdakı formalarda qruplaşdırmaq olar:

• istehsal xarakterli kompleks zonalar;

• xarici iqtisadi zonalar ( azad gömrük zonaları, o cümlədən ixrac istehsal zonaları və s.);

• funksional və ya sahəvi (texnoloji parklar, texnopolislər, turistik, sığorta, bank zonaları və s.).

Bu tip zonaları aşağıdakı kimi xarakterizə etmək olar:

Kompleks zonalar çoxprofilli olurlar. Onlar həm məhdud ərazilərdə, həm vilayətlərin sərhəddində, həm də digər ərazi vahidlərində təşkil olunurlar. Bu ərazilərdə irihəcmli kapital axınını cəlb etmək məqsədilə lazımi infrastrukturun inkişaf etdirilməsinə şərait yaradan əlverişli mühit yaradılır.

Xarici ticarət zonaları valyuta daxilolmalarını təmin edir, bundan başqa konsiqnasiya anbarları, yerlərin icarəyə verilməsi, yüklərin boşaldılması, tranzit daşımalarının həyata keçirilməsi və digər əməliyyatlar hesabına gəlirlər artır.

Azərbaycanda bu cür xarici ticarət zonalarını ATZ formasında “Binə” aeroportunda, azad gömrük zonası şəklində Bakı buxtasında və ya yeni tikiləcək Ələt beynəlxalq dəniz limanında yaratmaq mümkündür.



Sahəvi zonalar (texnoloji parklar, texnopolislər) xalq təsərrüfatı, həm də xarici iqtisadi funksiyalar yerinə yetirirlər. Onlar əsasən xarici iqtisadi əməkdaşlığın fəallaşdırılması əsasında ayrı-ayrı sahələrdə elmi-texniki tərəqqinin sürətlənməsinə şərait yaradır, elmtutumlu texnologiyanın, yeni növ hazır məhsulun emalına və onların ixracına kömək edir.

Qeyd edək ki, elmi-texniki xarakterli sahəvi zonalar Bakı, Gəncə və Sumqayıtda, bundan başqa Mingəçevirdə yaradıla bilər. Bu şəhərlərdə informatika texnologiyalarının, mikroelektronikanın və s. bu kimi sahələrin inkişafına şərait yaradılmalıdır. Turistik xarakterli azad zonaları isə ölkəmizin bir çox yerində yaratmağa şərait vardır. Bu istiqamətdə Lənkəran-Astara, Quba-Xaçmaz regionları daha məqsədəuyğundur.

Bu zonalardan hər hansı birinin konkret ərazidə seçilməsinə ümumi amillərlə yanaşı, lokal amillər də təsir edir. Belə ki, nəqliyyat, ixrac-idxal zonalarının yaradılması üçün nəhəng nəqliyyat şəbəkəsinin olması vacibdir. Bu zonalar bir qayda olaraq, limanlara malik dənizkənarı şəhərlərdə, aeroportların ərazisində və s. yerlərdə yaradılır. Texnoparklar və ya texnopolislərin yaradılması üçün isə inkişaf etmiş elmi-istehsal bazası və ixtisaslı işçi qüvvəsinin olması qaçılmazdır. Turist-rekreasiya zonalarının təşkili isə mədəni və tarixi mərkəzlərə, balneoloji kurortlara, turistləri cəlb edəcək landşafta, inkişaf etmiş infrastruktura malik yerlərdə həyata keçirilir.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda azad iqtisadi zonaların yaradılması və fəaliyyət göstərməsi aşağıdakı məsələlərin həllinə yardım edəcəkdir:



  1. dünya bazarına çıxış və BƏƏ-də layiqli yer tutmaq

  2. qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi

  3. ən yeni elmi-texniki nailiyyətlərin, istehsal texnologiyasının təqdim edilməsi

  4. məşğulluq probleminin həll edilməsi

  5. əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və s.

Bütün bu problemlərin həllinə nail olmaq üçün Azərbaycanda Azad İqtisadi Zonaların formalarından biri olan azad ticarət zonasının yaradılması və sərhədyanı əməkdaşlığın inkişaf etdirilməsi daha məqbul sayılır. Belə hesab edirik ki, Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan kimi qonşuları ilə əlaqələrinin genişlənməsi, sərhədyanı münasibətlərin inkişafı sərhədyanı əhalinin sosial-iqtisadi problemlərinin həll edilməsində ən vacib alətlərdən biri kimi çıxış edə bilər. Təbii ki buna nail olmaq üçün ilk öncə müəyyən istiqamətdə bəzi işlər həyata keçirilməlidir ki, fikrimizcə də bunlar aşağıdakılardan ibarət olmalıdır:

- “Azad iqtisadi zonalar haqqında” Aktın qəbul edilməsi

- Sərhədyanı əməkdaşlıq konsepsiyasının təkmilləşdirilməsi

- Orta və uzunmüddətli proqnozlar əsasında sərhədyanı regionların ticarət və iqtisadi əməkdaşlığının inkişaf etdirilməsini həyata keçirmək



Gələcəkdə isə bu lokal sərhədyanı ərazilərin ixrac zonaları, azad iqtisadi zonalar və rüsumsuz azad iqtisadi zonalardan ibarət kompleks ticarət zonalarına çevrilməsi mümkün ola bilər. Azad iqtisadi zonaların yaradılması neft gəlirlərindən rasional qaydada istifadə edilməsinə kömək edəcək, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını sürətləndirəcəkdir. Bu sahədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 6 mart 2007-ci ildə qəbul edilmiş “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” Akt atılmış ilkin və vacib addımlardan biridir.
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə