Material dəyərlərinin əldə edilməsi, istifadəsi və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də ölkələrarası səviyyədə mübadiləsini tələb edir




Yüklə 325.53 Kb.
səhifə2/5
tarix21.04.2016
ölçüsü325.53 Kb.
1   2   3   4   5

Bu və ya digər zonanın yaradılması zamanı ortaya çıxan vacib məsələlərdən biri də onların yerləşdirilməsi ilə əlaqədardır. Bu zaman müəyyən şərtlər və tələblər irəli sürülür ki, onların sırasına da əsasən aşağıdakılar daxildir:

• xarici və daxili bazarlara çıxmağa imkan yaradan əlverişli nəqliyyat-coğrafi yerləşmə və inkişaf etmiş nəqliyyat şəbəkələrinin mövcudluğu;

• inkişaf etmiş istehsal potensialının, istehsal və sosial infrastruktur növlərinin mövcudluğu;

• qiymətli təbii-resurs potensialı (ilk növbədə - karbohidrogen ehtiyatları, əlvan metallar, meşə resursları və s.).

Buna görə də azad iqtisadi zonaların yaradılması üçün daha əlverişli ərazilər bir qayda olaraq, xarici ölkələrlə sərhədyanı mövqeyə malik olur, həmçinin burada dəniz ticarəti limanları və magistral nəqliyyat şəbəkələri (dəmiryolu, avtomobil yolu, aeroportlar) yerləşir ki, bu da həmin ərazini sənaye, elmi və mədəni mərkəzlərlə, daha qiymətli təbii resursların cəmləşdiyi regionlarla qovuşdurur.

Ayrı-ayrı hallarda azad iqtisadi zonaların yaradılması üçün əvvəlcədən inkişaf etmiş sənayeyə, istehsal və sosial infrastruktura malik olmayan, lakin bir sıra uzunmüddətli dövlət proqramlarının (ölkənin yanacaq-energetika və mineral-xammal bazasının möhkəmləndirilməsi və s.) həyata keçirilməsi üçün imkan yaradan, təsərrüfat baxımından yeni mənimsənilmiş əlverişli ərazilərin seçilməsi də məqsədəuyğun hesab edilir.

AİZ-i yaradarkən adətən mütəxəssislər aşağıdakı suallara cavab tapmağa çalışırlar:



  • İnkişafa nail olmaq üçün konkret hansı işlər görülməlidir;

  • Fəaliyyətin sonu nə ilə nəticələnəcəkdir;

  • Hansı layihələr öncə həyata keçirilməlidir və bunun üçün hansı maliyyə mənbələri cəlb edilməlidir;

  • Taktiki və strateji addımlar nədən ibarət olmalıdır;

  • Zonanın inkişafı üçün tədbirlər nə cür təşkil olunmalıdır.

Azad iqtisadi zonaların müxtəlif növlərinin fəaliyyət göstərməsində vacib aspektlərdən biri yerli və xarici investorlar üçün tətbiq ediləcək güzəştlər sistemidir. Vergi güzəştləri investor üçün daha çox əhəmiyyət kəsb edir, belə ki, bazar iqtisadiyyatı ölkələrində yüksək vergilərin tətbiqi nəticəsində investorlar öz mənfəətlərinin təxminən yarısından məhrum olurlar. Bu vergilərin içərisində isə əsas yeri mənfəət vergisi tutur. Bu vergi üzrə güzəştlər vergi dərəcələrinin azaldılması və ya onun ödənilməsindən uzunmüddətli azadolmalar formasında tətbiq edilə bilər. Demək lazımdır ki, bir sıra ölkələrdə bu müddət kifayət qədər uzundur. Məsələn, Hindistanın zonalarında bu güzəşt mənfəətin bəyan edilməsindən sonra 5 il müddətinə, Peruda isə 15 il müddətinə tətbiq olunur. Vergi dərəcələrinin azaldılması da böyük əhəmiyyət kəsb edir. Təbii ki bu cür güzəştlər tətbiq edilərkən müəssisənin növü və onun fəaliyyət göstərdiyi sahənin prioritetliyi nəzərə alınmalıdır. Misal üçün, Çində azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələr üçün mənfəət vergisi 15% həcmindədir, halbuki daxili bazarda eyniadlı verginin dərəcəsi 33% təşkil edir. Bolqarıstanda “Rüsumsuz azad zonalar” haqqında qərara görə, istehsal, ticarət və digər fəaliyyət nəticəsində əldə edilən mənfəət yalnız məhsulun zonanın daxilində və ya onun xaricində reallaşdığı zaman vergidən azad edilə bilər.

Mənfəət vergisindən başqa, həmçinin əmlak, dövriyyə və digər vergi növlərinin də ödənilməsində güzəştlər tətbiq olunur. Braziliyanın Manaus azad zonasında buraya gətirilmək üçün nəzərdə tutulan və bu ərazinin xaricində istehsal edilən, həmçinin bu ərazidə istehsal edilib ölkənin daxili bazarında satılmaq üçün nəzərdə tutulan, o cümlədən zonada satılmaq üçün yerli xammaldan istehsal edilən məhsullar vergilərdən azad edilir.

Azad iqtisadi zonalarda həmçinin dolayı güzəştlər də tətbiq edilir. Bu, ilk növbədə icarə, kommunal və digər xidmətlərdən istifadıyı görə tariflərin azaldılmasına aiddir. Dolayı güzəştlərin növləri çoxdur və onlar azad iqtisadi zonanın yaradılma məqsədlərindən asılı olaraq müəyyən edilir.

Azad iqtisadi zonaların xarakterik cəhətlərindən biri də onların ölkənin gömrük sərhədlərindən ayrılması və mal və xidmətlərin idxal-ixracına xüsusi tənzimləmə rejiminin tətbiq edilməsidir. Bir qayda olaraq, zonaya istehsal prosesi üçün lazım olan istehsal vasitələrinin, komplekt materialların, xammalın, həmçinin ölkə daxilində satılmaq üçün istehlak mallarının və ərzaq məhsullarının idxalı rüsum tətbiq edilmədən həyata keçirilir. Bəzi ölkələrin azad iqtisadi zonalarında isə hətta ixrac rüsumları da yığılmır.

Bir sıra ölkələrdə, məsələn, Çin, Çili, Peruda azad iqtisadi zonaların müəssisələri tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatlarının və daxili bazarda hesablaşmaların aparılması üçün həm sərbəst dönərli valyuta, həm də ölkənin milli valyutası tətbiq edilir. Misal üçün, Çinin azad iqtisadi zonalarında bir neçə ödəniş valyutasından istifadə olunur – yuan, honqkonq dolları, sərbəst dönərli valyuta. Bu zaman subyektlərin valyuta fəaliyyəti hakimiyyət dairələrinin sərt nəzarəti altında olur. Sahibkarlar istənilən valyutada hesablaşmalar aparmaq hüququna malikdirlər. Beləliklə də, valyuta rejimi də azad iqtisadi zonaların xarakterik cəhətlərindən hesab olunur.

Azad iqtisadi zonaların klassik formaları içərisində hazırda daha geniş yayılanları kimi aşağıdakıları misal göstərmək olar:

- beynəlxalq nəqliyyat qovşaqlarının kəsişdiyi ərazilərdə yerləşən rüsumsuz zonalar;

- xarici ticarətə yönəlmiş ixracyönümlü sənaye zonaları;

- tətbiq edilən ölkədə mövcud olan elmi-texniki potensial əsasında yaradılan texnoloji-inkişaf parkları, yəni texnoparklar;

- iqtisadiyyatın əhəmiyyətli sferalarından sayılan bank və sığorta xidməti zonaları;

- idxal-sənaye zonaları və idxaləvəzedici məhsullar istehsal edilən zonalar.

Təcrübədə isə heç də iqtisadi zonaların fəaliyyəti yalnız yuxarıda sadalanan özünəməxsus xüsusiyyətlərlə məhdudlaşmır. Demək olar ki, iqtisadi zonaların bütün növlərində digərlərinə məxsus cəhətlərə rast gəlmək mümkündür. Misal üçün, inanmaq çətin olar ki, texnoloji inkişaf parklarında bank xidmətləri, sığorta və ticarət əməliyyatları kimi xidmətlər göstərilməsin.




1.3. Azad iqtisadi zonaların formalaşdırılması üzrə dünya təcrübəsinin təhlili və qiymətləndirilməsi
Azad iqtisadi zonaların sayının durmadan artması – geridə buraxdığımız son 30 ildə dünya iqtisadiyyatında intensiv inkişafa malik hadisələrdən biridir. Bütün azad iqtisadi zonaları (rüsumsuz gömrük əraziləri, sənaye-ticarət və texniki-iqtisadi zonalar və s.) malların idxalı və ixracı üçün yaradılmış rüsumsuz və ya güzəştli rejim, zonanın yaradıldığı ölkənin digər ərazilərində təsərrüfat, ticarət və valyuta-maliyyə münasibətlərində istifadə edilməyən güzəştlərin tətbiqi, xarici kapitalla, həmçinin dünya bazarı ilə fəal, qarşılıqlı sıx münasibətlər birləşdirir. Azad iqtisadi zonalar daha çox inkişaf etməkdə olan ölkələrdə geniş vüsət almışdır. Əgər 1981-ci ilə qədər adı çəkilən ölkələrdə belə zonaların sayı 96 idisə, 1990-cı ildə bu rəqəm 300-ə çatmışdır. Onlarla azad iqtisadi zonalar isə formalaşma mərhələsindədirlər.

İnkişaf etməkdə olan ölkələrdə yaradılmış azad iqtisadi zonalarda çalışan insanların sayı 3 milyonu ötmüşdür; 2010-cu ilə qədər bu göstəricinin 4 milyondan çox olacağı gözlənilir. Azad iqtisadi zonalardan ixracın dəyəri 25 milyard dollardan çoxdur. Azad iqtisadi zonalar demək olar ki, sənaye cəhətdən inkişaf etmiş ölkələrin hamısında mövcuddur. Amerika Birləşmiş Ştatlarında onların sayı daha çoxdur – 200-ə qədər. Daha qədim və nəhəng azad iqtisadi zonalar ABŞ-ın əsasən Nyu York, Boston, Çikaqo, Klivlend, San-Fransisko, Sietl və s. kimi şəhərlərində yerləşir.

Azad iqtisadi zonaların ilkin olaraq yarandığı ərazilər xarici məhsulların sərbəst və rüsumsuz idxal-ixracı üçün nəzərdə tutulan ölkənin gömrük ərazisindən ayrılmış nəhəng dəniz limanları, dəmiryol şəbəkələri, aeroportlar və ya onlara yaxın regionlar hesab edilir. Belə zonalar bugünədək qorunub saxlanmışdır. Burada məhsullar məhdud və ya qeyri məhdud müddətə anbarlarda qorunub saxlanılır, yenidən emal olunur, qablaşdırılır, bir yerə yığılır, sonra isə rüsum ödəməklə həmin ölkənin daxili bazarına idxal edilir, ya da rüsum ödəmədən ölkə sərhəddindən xaricə ixrac edilir.

Belə iqtisadi zonalardan istifadə edilməsi təchizatçılara imkan verir ki, onlar öz məhsullarını onlara olan tələbin və qiymətin yüksələcəyinə qədər reallaşdırılmasını təxirə salsınlar, öz məhsullarını potensial topdan alıcılara nümayiş etdirsinlər, gələcəkdə daha aşağı rüsum ödəməklə ölkədaxili bazara satsınlar.

Tarixə nəzər yetirsək, belə zonalardan öncə “azad limanlar” yaranmışdır. Başqa sözlə desək, belə ərazilərdə alıcı axtarıb tapanadək məhsullar rüsum ödəmədən anbarlarda saxlanılır. “Azad limanlar” ilkin olaraq yerli bazarın inkişaf etdirilməsi məqsədilə yaradılmış, daha sonra isə beynəlxalq ticarətin genişlənməsinə təkan vermişdir. Qeyd etmək yerinə düşər ki, Genuya (1595-ci ildən ), Venesiya (1661-ci ildən), Marsel (1669-cu ildən), Odessa (1817-ci ildən), Vladivostok (1862-ci ildən) və Batumi (1878-ci ildən) kimi şəhərlərdə “azad limanlar” mövcud olmuşdur. Bazarın inhisarlaşması və dövlətlərin proteksionist siyasətlərinin güclənməsi nəticəsində “azad limanlar” ləğv edilməyə başlandı, onların yerində və digər ticarət mərkəzlərində daha çox malların yenidən emalını əhatə edən azad iqtisadi zonalar yaranmağa başlandı.

Azad iqtisadi zonaların bu tipinin əsasını qoyanlar ingilis P.Hall və S.Houv, həmçinin amerikalı S.Batler olmuşlar. Onlar belə nəticəyə gəlmişlər ki, böhran vəziyyətlərinin müxtəlif anlarında dövlət iqtisadiyyata müdaxilə etməklə iri sənaye mərkəzlərinin iqtisadi tənəzzülünün qarşısını almaq iqtidarında deyildir.

Ağır iqtisadi vəziyyətdə olan regionlarda bizneslə məşğul olmaq arzusunda olan sahibkarlar üçün vergiqoyma sahəsində bir sıra güzəştlər verilməyə başlandı, onların fəaliyyəti isə daha az məhdudlaşdırıldı. Bundan başqa, biznesmənlər burada adətən yerli qanunvericilik normativləri ilə qadağan edilən bəzi əməliyyatları da həyata keçirmək hüququ aldılar (misal üçün, bank və sığorta sahəsində). Belə zonaların sərhədləri daxilində banklar azad surətdə istədikləri valyuta ilə əməliyyatlar apara bilər və zona xaricində yaşayan müştərilərlə işgüzar münasibətlər yarada bilərdilər. Belə desək, burada valyuta mübadiləsi, kapitalın hərəkəti və s. üzərində nəzarət qoyulmurdu. Uzun müddət ərzində azad iqtisadi zonalar ərazisində əsasən kommersiya fəaliyyəti xarakterik idi. İqtisadi zonalarda mallar anbarlara yığılır və yalnız o əməliyyatlara məruz qalırdılar ki, bu zaman onların keyfiyyəti yüksəldilsin və xarici görkəmi yaxşılaşdırılsın.

Və yalnız 60-cı illərin əvvəllərində azad iqtisadi zonalar ərazisindəki malların emalına icazə verildi. Adətən bu zaman bu və ya digər formada məhsulun əlavə dəyərini yüksəldə biləcək hər növ əməliyyatlar həyata keçirilirdi.

Belə zonalarda malların emala məruz qalması hallarına tez-tez rast gəlinir və belə məhsulların müəyyən edilmiş ərazilərdən ixrac edilməsi zamanı bir sıra güzəştli şərtlər tətbiq edilir.

Qeyd edək ki, gömrük və digər rüsumların tətbiqi olmadan malların əlavə dəyərinin yüksəlməsi halları Amerika Birləşmiş Ştatlarında yaradılmış iqtisadi zonaların fərqləndirici xüsusiyyətlərindəndir.

Azad iqtisadi zonaların inkişaf mərhələlərindən biri də sənayenin ayrı-ayrı sahələrində, bank və sığorta işində durğunluğun qarşısını almağa yönəldilmiş tədbirlər toplusu sayəsində 80-ci illərin əvvəllərində başlanmışdır. Bu mərhələnin xarakterik cəhəti kimi böhran vəziyyətində olan ayrı-ayrı regionların iqtisadi inkişafının güclənməsini hesab etmək olar. Belə ki, elə də böyük olmayan iqtisadi zonaların yaradılması yolu ilə Fransanın bir neçə departamenti və Britaniyanın 25-ə yaxın rayonu böhrandan çıxdı. Azad iqtisadi zonaların inkişafının qeyd edilən mərhələsinin digər vacib tendensiyalarından biri də bu zonalarda yerləşən müəssisələrin fəaliyyətinə vergilər sahəsində güzəştli şərtlərin tətbiqi və idarəetmədə bürokratik əngəllərin ləğv edilməsidir.

Hazırda iqtisadi zonaların təcrübəsində xarici investorlar üçün çoxsaylı güzəştlər və stimullar tətbiq olunur. Bir qayda olaraq, bu güzəştlər hər iqtisadi zonanın özünəməxsus xüsusiyyətlərindən asılı olaraq müxtəlif cür olur. Misal üçün, Cənubi Koreyada azad iqtisadi zonalarda yaradılmış müəssisələr ilk 5 ildə vergilərdən tamamilə azad edilirlər, növbəti 3 ildə isə vergilər 50%-dək azaldılır.

Şri-Lankada isə vergilərin tamamilə ləğv edilməsi 2-10 il çəkir ki, bu zaman da iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin xüsusiyyəti, orada çalşan insanların sayı, dönərli valyutanın axını, tətbiq edilən texnologiya və s. nəzərə alınır. Hazırkı dövrdə müxtəlif ölkələrdə azad iqtisadi zonaların yaradılması zamanı aşağıdakı məqsədlərə çatmaq vəzifəsi qarşıya qoyulur:

- nəinki iqtisadi zona daxilində, həm də ondan xaricdə də işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi;

- sərbəst dönərli valyuta ilə xarici investisiyaların cəlb edilməsi;

- iqtisadi zonalarda ixracyönümlü məhsullar istehsalı ilə məşğul olan müəssisələrin təşkil edilməsi. Lakin bu zaman çalışmaq lazımdır ki, həmin şirkətlər daxili bazarda fəaliyyət göstərən müəssisələri sıxışdırmasınlar.

Bundan başqa, öz ərazilərində azad iqtisadi zonaları yaradn bir çox ölkələr hesab edirlər ki, bunun nəticəsində onlar iqtisadi cəhətdən geri qalan regionların inkişafına, texnologiyanın modernləşməsinə, yeni nou-hauların əldə edilməsinə, yerli mütəxəssislərin təhsil və peşə səviyyəsinin artırılmasına, əməyin yeni üsullarla təşkilinə, həmçinin ixracyönümlü məhsulların istehsalı üçün daxili xammal resurslarından istifadə edilməsinə nail olacaqlar.

Bunun klassik misalı kimi Braziliya Amazoniyasında yerləşən Manaus “azad limanı” çıxış edə bilər ki, burada ixraca işləyən xarici müəssisələr həmin ərazidəki xammal resurslarını da istehsala cəlb etməyə məcburdurlar.

Yeri gəlmişkən, ilk öncə ixracyönümlü sənaye zonası kimi yaradılan yuxarıda adı çəkilən ərazidə zaman keçdikcə maraqlı dəyişiklik baş vermişdir: belə ki, bu ərazi müəyyən müddətdən sonra təmiz idxal zonasına çevrilmişdir. Hazırda “azad liman”a daxil olan bütün məhsullar braziliya bazarı tərəfindən udulur.

Buna misal olaraq digər zonaları da göstərmək olar. Lakin onlarda ixrac ediləcək məhsulların emalı formasından idxal formaya keçid haradasa radikal olaraq baş vermişdir. Belə ərazilər sırasına Çin, Meksika, Barbados və digər ölkələrdə yerləşən azad iqtisadi zonalar daxildir. Bu cür transformasiyalar bəzən mənfi xüsusiyyətləri ilə də nəzərə çarpırlar. Onlardan ən əsası kimi qeyd etmək olar ki, bəzi ölkələrdə yerləşən azad zonalarda fəaliyyət göstərən xarici şirkətlər bu cür ərazilərdən digər ölkələrin bazarlarında tələb yaratmayan keyfiyyətsiz məhsulların satışı yeri kimi istifadə etməyə çalışırlar.

Beləliklə, istənilən ölkədə azad iqtisadi zonanın yaradılması zamanı bu və ya digər ərazinin sürətli inkişafına nail olmaq əsas məqsəd kimi qarşıya qoyulur. Belə zonaların inkişafı həmin ölkənin hökumət dairələrinə milli iqtisadiyyatdakı böhran vəziyyətlərini yumşaltmaq və regionda dövlət invesyisiyalarının yatırılması çətinliklərini aradan qaldırmaq imkanı yaradır.

Hazırda azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti ciddi kapital qoyuluşlarına ehtiyac duyan yüngül sənaye sahəsini təmsil edən müəssisələrdir. Onlar əsasən tekstil və paltar, məişət elektronikası, idman malları, plastik kütlə məmulatları, mebel, ərzaq, içki istehsal edirlər.

Lakin elə azad zonalar da vardır ki, onların ərazilərində daha çox ağır sənaye müəssisələrinin inkişaf etdirilməsinə səy göstərilir. Misal üçün, trinidad və Tobaqodakı ixracyönümlü sənaye zonasında neft və neft-kimya emalı müəssisələri üstünlük təşkil edirlər. Qrenadadakı azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələr burada hasil edilmiş boksit və alüminiumun emalı ilə məşğul olurlar. Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi zonalarında kimya, neft-kimya və avtomobil şirkətləri üstünlük təşkil edirlər. Göstərilən ölkələrin azad zonalarında ağır sənaye müəssisələrinin yaradılması təbii ki, ilk növbədə bu ölkələrin təbii resursları ilə əlaqədardır. Qrenadada – boksit, Trinidad və Tobaqoda – neft, Birləşmiş Ərəb Əmirliklərində - neft və təbii qaz. Ancaq yenə də qeyd etmək yerinə düşər ki, göstərilən üç ölkənin hakim dairələrinin siyasəti heç də öz ölkələrində yaradılmış azad iqtisadi zonalarda ağır sənayenin inkişaf etdirilməsinə yox, əksinə, artıq mövcud olan ağır sənaye müəssisələrinin əsasında ixracyönümlü sənaye zonalarının yaradılmasına yönəldilmişdir. Bu ələlxüsus da ilk iki ölkəyə daha çox aiddir.

Birləşmiş Ərəb Əmirliklərinə gəldikdə isə deyə bilərik ki, burada sözün əsl mənasında qanunauyğun təkamül baş vermişdir: neft və qazın hasilatı və emal edilməsi ilə əlaqədar müəssisələrin yaradılması sonradan ağır sənayenin digər sahələrində, xüsusən də maşınqayırma sahəsində müəssisələrin meydana gəlməsi ilə nəticələndi. Bir çox azad iqtisadi zonaların sənaye inkişafının xarakterik cəhətlərindən biri də odur ki, burada yerləşən şirkətlər bir qayda olaraq yerli resurslardan istifadəyə daha az yer ayırırlar. Bu şirkətlərin fəaliyyət göstərdikləri ölkələrin yerli müəssisələri ilə zəif əlaqələr qurmalarının səbəbi kimi, iqtisadi zonaların qapalı xarakteri, orada fəaliyyət göstərən müəssisələrin istehsal profili və milli təchizatçıların zəif inkişaf etmiş potensiallarının olması izah edilir. Bu hal yuxarıda misal kimi göstərilən ölkələrə xas deyildir.

Eyni zamanda da inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən bir çox xarici şirkətlər yerli xammallardan və onların əsasında yaradılmış yarımfabrikatlardan (polad, alüminium, kimyəvi maddələr, rezin və s.) istifadə etməkdə maraqlı olurlar. Onların bir çoxu bu ölkələrin azad iqtisadi zonalarında yerli xammalı emal edəcək iri sənaye zavodları yaratmışlar.

Bundan başqa daha bir amil də özünü göstərir: bir qayda olaraq, yerli xammaldan istifadə edən emaledici müəssisələr bu xammalların mənbələrinin yaxınlığında yerləşirlər (bu şaxta, neft quyusu və ya su elektrik stansiyası ola bilər). Eyni zamanda da ixracyönümlü sənaye zonaları adətən iri məskunlaşma məntəqələrinə və ya sənaye mərkəzlərinə qonşu ərazilərdə formalaşırlar. Xammal resurslarının emalı ilə məşğul olan şirkətlər əsasən iri müəssisələr olur və öz fəaliyyətlərini bir neçə il irəliyə planlaşdıraraq uzunmüddətli müqavilələr əsasında çalışırlar. Bununla da onlar azad iqtisadi zonada elektron məmulatların yığımı ilə məşğul olan adi zavoddan və ya paltar tikən ixtisaslaşmış müəssisələrdən fərqlənirlər. Adətən belə hesab edilir ki, azad iqtisadi zonalara daha çox iri və güclü reputasiyaya malik şirkətlər birbaşa investisiyalar yatırırlar. Lakin digər tərəfdən də, dünya praktikası göstərir ki, güclü transmilli korporasiyalar heç də azad zonaların üstünlükləri və imkanlarına ehtiyac duymurlar. Onlar istənilən ölkədə və istənilən adi şəraitdə belə öz fəaliyyətlərini qura bilərlər. Əgər hansısa ölkədəki mühit və şərtlər kifayət qədər əlverişli deyilsə belə, yenə də çətin ki azad iqtisadi zonalar tərəfindən təklif edilən üstünlüklər bu cür korporasiyaların beynəlxalq inkişafa dair strategiyalarını dəyişə bilsin.

Bunun da əsas səbəblərindən biri də odur ki, bir çox ölkələrin azad iqtisadi zonalarında investorlar iri, məşhur transmilli korporasiyalar deyil, əksinə, xarici investisiyalar bazarına birinci dəfədən çıxan böyük olmayan firmalardır.

Öz ərazilərindəki azad iqtisadi zonalara kiçik xarici investorları cəlb etməyə çalışan Meksika, Yamayka, Mavriki kimi ölkələrin təcrübəsi sübut edir ki, sənaye cəhətdən inkişaf etmiş ölkələrə məxsus orta və ya kiçik firmalar bir növ iri şirkətlərin fəaliyyətini tamamlayırlar.

Kiçik firmalar tez dəyişilən mühitə vaxtında reaksiya verir və ona daha rahat uyğunlaşırlar və bu ölkələrin daxili bazarının tələbatlarını ödəmək iqtidarına malik olurlar. Xarici kapitalın cəlb edilməsi baxımından inkişaf etməkdə olan ölkələr belə kiçik firmaların fəaliyyətindən daha tez yararlanmışlar, belə ki, bu cür şirkətlər iri transmilli korporasiyalardan fərqli olaraq bu sahədə daha sürətlə hərəkət edirlər.

Azad iqtisadi zonalarda həyata keçirilən layihələrin məzmunu və formaları zaman keçdikcə ilkin formasını dəyişməklə başqa istiqamət almağa başlayır. Misal üçün, 60-cı illərin əvvəllərində Mavrikidə ilk ixracyönümlü sənaye zonasının yaradılması üçün ilk addımlar atılmış və belə müəyyən olunmuşdur ki, burada istehsal olunacaq elektron sənayesi məhsullarının xüsusi çəkisi 30%, toxuculuq sənayesində 25%, metal emalı müəssisələrinin məhsulları 15%, xammalın emalı ilə məşğul olan müəssisələrin istehsal edəcəkləri məhsulların xüsusi çəkisi 10-30% olacaqdır. Lakin artıq 80-ci illərin ortalarına kimi toxuculuq sənayesi və paltar tikişi ilə məşğul olan müəssisələrdə iqtisadi zonanın əhalisinin 87%-i, mebel istehsalı və ağac məmulatları müəssisələrində 2,5%-i, zərgərlik məmulatları istehsalı ilə məşğul olan müəssisələrdə isə 2%-i çalışırdı. İlk illərdə sürətlə inkişaf edən elektron sənayesi müəssisələri isə sonradan demək olar ki aradan çıxmağa başladılar (saat istehsal edən müəssisələri çıxmaq şərtilə). Azad iqtisadi zonaların inkişafı mərhələlərində baş verən bu cür dəyişikliklər ən çox fəaliyyət göstərən müəssisələrin xarakterindən asılı olmuşdur. Əgər burada kapital qoyuluşu etmiş ilk investorlar elektron sənayesini təmsil edirdilərsə, növbəti illərdə isə onlar daha çox digər sahələri təmsil etməyə başladılar.

Bu cür tendensiyalar sənayenin digər sahələrinə də xarakterik haldır. Misal üçün, Şri lankanın ixracyönümlü sənaye zonasında məşğul əhalinin 90%-i, Dominikan respublikasında 60%-dən çoxu, Misirdə isə 54%-i tekstil və paltar istehsalı sahələrində çalışırlar. Bu cür vəziyyətin yaranması səbəbləri kimi iqtisadi zonaların inkişafı dinamikası, xarici investisiyalara münasibətdə dövlət orqanlarının nəzarətinin olmaması, həmçinin milli və xarici şirkətlər arasında qarşılıqlı münasibətlərin zəif olması izah edilir.

İnkişafın nəticəsi olaraq bəzi azad iqtisadi zonalar bank və sığorta əməliyyatları sahəsində ixtisaslaşmağa başladılar. Onlar bank-franko zonaları kimi adlandırılırlar. Məsələn, Lüksemburqda aktiv fəaliyyət göstərən iri alman bankları bu ölkədə mövcud olan güzəştlərin hesabına məcburi pul ehtiyatlarının yaradılması barədə olan dövlət qanunundan yan keçə bilirlər. Daha məşhur bank-franko zonaları Honqkonq, Sinqapur, Bəhreyn və Manilada, həmçinin Karib dənizindəki bir çox adalarda (Baham, Bermud və digər adalarda) yaradılmışdır.

Karib hövzəsi ölkələrində fəaliyyət göstərən bankların kredit əməliyyatlarının ümumi həcmi 80-ci illərdə 200 milyard dollardan çox dəyərləndirilmişdir ki, bu da dünyadakı bütün beynəlxalq kredit aktivlərinin 13%-nə bərabər olmuşdur.

İnkişaf etməkdə olan ölkələr ərazisində yerləşən belə maliyyə mərkəzlərini bəzən də “offşor-mərkəzlər”, həmçinin xarici kreditor və debitor arasındakı bu və ya digər əməliyyatları xarakterizə edən “offşor-sövdələşmələri” kimi adlandırırlar. ABŞ-ın Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvlərindən olmuş H.Uollik “offşor mərkəzləri”ni kredit vəsaitlərinin qeyri-rezidentlərin əlində cəmləşdiyi və onların banklar və ya digər maliyyə institutlarının vasitəçiliyi ilə digər qeyri-rezidentlərə təqdim edildiyi coğrafi məntəqə kimi xarakterizə edir. Bu cür əməliyyatlar daha çox Karib hövzəsi ölkələrinin bank-franko zonalarına xasdır.

Qeyd etmək lazımdır ki, bu cür mərkəzlər təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, o cümlədən sənayecə inkişaf etmiş ölkələrdə də yerləşir. İnkişaf etmiş ölkələrdə bu termin “offşor” kimi də adlandırılır. Bu ölkələrdə fəaliyyət göstərən bank biznesi beynəlxalq maliyyə mərkəzlərində, xüsusən də Londonda valyuta-kredit resursları əsasında qeyri-milli xarakter daşıyır. Azad bank zonalarında maliyyə-kredit əməliyyatlarının həyata keçirilməsi üçün çox əlverişli mühit yaradılmışdır ki (bankların vergilərdən tam və ya qismən azad edilməsi), bu da xarici kredit institutları və beynəlxalq kapitalın əraziyə cəlb edilməsini sürətləndirir. Buna görə də onlara tez-tez “vergi sığınacağı” və ya “fiskal oazislər” kimi də ad verirlər.

İnkişaf etməkdə olan ölkələr ərazisində yerləşən azad bank zonalarının uğurlu fəaliyyəti Amerika Birləşmiş Ştatları və digər kapitalist ölkələrinin maliyyə maraqlarına nəzərə çarpacaq dərəcədə təsir göstərir. Amerikan ekspertlərinin dəyərləndirmələrinə görə, amerikan banklarının fəaliyyətlərini öz ölkələrində həyata keçirməmələri nəticəsində ABŞ hər il orta hesabla 4 milyard dollarlıq gəlirdən məhrum olur. 80-ci illərin ortalarında ABŞ kapitalının yalnız Karib hövzəsi ölkələrində yerləşən iqtisadi zonalardakı bank hesablarına ümumi axını 80 milyard dollara qədər olmuşdur. 70-ci illərdə beynəlxalq kapital bazarında öz mövqelərini əhəmiyyətli dərəcədə itirən ABŞ Nyu-Yorkdakı maliyyə mərkəzinin qüdrətini möhkəmləndirmək məqsədilə ölkənin hökumət orqanları 1981-ci ildə həmin ərazidə öz azad bank zonalarını yaratdılar. Onlar bir çox “offşor mərkəzlər”ə, yerli və xarici banklara Nyu Yorkda beynəlxalq bank təsisatlarını yaratmağa imkan verdilər ki, bunun üçün də ölkədə transmilli biznesin inkişafı üçün böyük azadlıq və güzəştli vergi rejimi yaradılmışdı.

İnkişaf etmiş kapitalist ölkələrində bu cür zonaların yaradılmasının əsas məqsədi beynəlxalq əməliyyatlarının çox hissəsini xüsusən digər ölkələrin “offşor mərkəz”lərində həyata keçirən yerli bankların fəaliyyət istiqamətini yenidən öz ölkələrinə yönəltməkdən ibarətdir.

Sığorta əməliyyatlarını tənzimləyən normativlərin sərtliyi azad sığorta zonalarının da yaranmasına gətirib çıxardı. Misal kimi xüsusi növ risklərin sığortalanması ilə məşğul olan Londonun “Lloyd” şirkətini göstərmək olar (bura oğurluq, yanğın, vətəndaş məsuliyyəti və s. kimi ənənəvi risklər aid deyil). “Lloyd” şirkətinin bu cür fəaliyyətlə məşğul olması onu qeyri-ənənəvi risklərin sığortalanması sahəsində inhisara çevirmişdir. London azad sığorta zonasının prototipi olaraq 80-ci illərdə Nyu Yorkda da bu cür zona yaranmağa başladı. Lakin burada assosiasiyalar müştərilərin qorunmasına nəzarət sahəsində güzəştli rejimi müəyyən qədər məhdudlaşdırmışdılar, yəni güzəştlər əsasən xüsusi növ risklərdə, (məsələn, lizinq müqavilələrin ləğv edilməsi zamanı), həmçinin illik ödənişləri 100000 dolları ötən sığorta müqavilələrində tətbiq olunurdu.

Göründüyü kimi, Qərbdə azad iqtisadi zonaların yaradılması daha geniş inkişaf etmişdir. Bir çox hallarda onların inkişafı bu cür zonaların mövcud şəraitdə və iqtisadi vəziyyətdə milli iqtisadiyyata nə kimi xeyir verə bilmələrindən asılı olur.

Dünya təcrübəsində azad iqtisadi zonaların yaradılmasının 2 variantı təklif edilir. “Yuxarıdan aşağıya” variantında zonaların mərkəzi hakimiyyət orqanlarının təşəbbüsü və dövlət proqramlarının çərçivəsində təşkili nəzərdə tutulur (məsələn, Cənubi Koreyadakı kimi). “Aşağıdan yuxarıya” variantında isə azad iqtisadi zonalar bazar prinsipləri əsasında öz-özünə təşkil edilir (Dominikan Respublikası, Polşa). Təcrübədə daha çox 2-ci varianta rast gəlinir. Bundan başqa şəxsi və dövlət maliyyələşdirilməsi kimi qarışıq formadan da istifadə edilir. Azad iqtisadi zonaların yaradılması ilə bağlı təkliflər ilk öncə səlahiyyətli dövlət, federal və ya regionala orqanlardan gəlir, qərar qəbul edildikdən sonra isə onun həyata keçirilməsi üçün şərait formalaşdırılır. Zonaların təşkili zamanı daha çox nəzərə alınan meyarlar yerin seçilməsi, sosial və istehsal infrastrukturunun, azad iqtisadi zonanın sahəvi strukturunun yaradılması kimi məsələlərdir.

Dünyanın istənilən ölkəsində azad iqtisadi zona yaradılarkən onun harada yerləşdirilməsi, infrastruktur, işçi qüvvəsinin keyfiyyəti, bu ərazidə fəaliyyət göstə-rəcək müəssisələrin xarakteristikası, yaradılmış azad iqtisadi zonanın ölkənin mədəni, sosial-iqtisadi həyatına təsiri və zonanın təşkilində hakimiyyət orqanlarının rolu nəzərə alınmalıdır. Bütün bunları aşağıdakı – Cədvəl 3-də ümumiləşmiş şəkildə veririk:


Cədvəl 3.

Azad iqtisadi zonaların xarakteristikası

XARAKTERİSTİKA


TƏSVİRİ

YERLƏSDİRİLMƏSİ

 kiçik şəhərlərdən və kəndlərdən ibarət ərazilər

MÜƏSSİSƏLƏR


 müəssisələrin şəbəkəyə inteqrasiyası: ticarət, istehsal, satış;

 iqtisadiyyatın müxtəlif sahələri üzrə regiondaxilində sıx münasibətlər;

 regionlar arasında sıx kooperasiya münasibətlərinin qurulması;

 sürətlə innovasiyalaşdırmanı həyata keçirməyə yol açan elastik istehsal strukturu (texnologiya);

 birgə xidmətlərin təşkili;

 yüksək sahibkarlıq qabiliyyəti və fəaliyyəti;

 işəgötürənlərlə işçilər arasında xoş münasibətlərin bərqərar olması


İŞÇİ QÜVVƏSİ

 iş yerlərinin elastikliyi;

 mütəxəssislərin ixtisaslarının yüksək səviyyədə artırılması;

 hazırlığın sistematik olaraq artırılması

 yarımştat məşğulluğun bölüşdürülməsi

 çalışqanlıq, hər kəsin özünə aid olan işi düzgün və vaxtında yerinə yetirməsi

 əmək haqqı və bonus ödənişlərinin stimullaşdırıcı səviyyəsi;


İNFRASTRUKTUR


 yüksək inkişaf etmiş nəqliyyat infrastrukturu;

 ictimai infrastrukturun yüksək səviyyesi;

 hərtərəfli logistika xidmətlərinin təşkili


YERLİ HAKİMİYYƏT ORQANLARI

 iqtisadi məsələlərin azad surətdə həlli;

 sahibkarlarla birgə işin, əməkdaşlığın təşkilinin genişlənmə-si və onların fəaliyyətinin daim dəstəklənmsi;

 mübahisələlrin sürətlə, düzgün və yüksək keyfiyyətdə həllinə nail olunması;

 birgə xidmət göstərilməsində iştirak etmək



MƏDƏNİYYƏT

 yerli ictimaiyyətlə sıx əlaqələr;

 yerli adət ənənələr, bayramlar və s bu kimi tədbirlər;

 əhali arasında təbəqələşmənin aşağı olması, əsasən orta təbəqənin üstünlüyə malik olması;

 vətəndaş cəmiyyətlərinin yüksək fəallığı



TƏHSİL

 yüksək səviyyəli ibtidai və orta təhsil;

 mütəxəssislərin ixtisasının artırılması yönündə müəssisələr-lə təhsil ocaqları arasında sıx əlaqələrin qurulması;

 tədqiqatların aparılması məqsədilə ali təhsil mərkəzlərilə tədqiqat institutları arasında sıx əməkdaşlığın qurulması

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə