I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan




Yüklə 17.45 Mb.
səhifə1/98
tarix22.04.2016
ölçüsü17.45 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   98


Mizanul – hikmət

(xülasəsi)
Peyğəmbər(s) və İmamlar(ə)ın

mübarək hədisləri

http://ehliwie-samux.com


I cild


Mizanul – hikmət

(xülasəsi)

Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri


Toplayan:

Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri


Tərcüməçilər:

Ağabala Mehdiyev,

Elşən Mahmudov,

Etibar Quliyev


Redaktorlar:
İxtisas redaktoru

Höccətül –İslam vəl-müslimin

Hacı Adil Mövlayi
Ədəbi redaktor:

Dürdanə Cəfərli




Müqəddimə
بسم الله الرحمن الرحيم

الحمدلله رب‌العالمين و الصلوة و السلام علي نبينا محمد و آله الطاهرين و

صحبه‌المنتجبين

İlahi dinlər arasında ən kamil və ən əhatəli din olan müqəddəs İslam dini ilahi maarifin bütün sahələrini əhatə edir. Bu müqəddəs din ilahi maarifin tərənnümçüsü qismində, Allah taalanın yer üzünün insanlarında görmək istədiyi bütün insani keyfiyyətləri, kamil və dininə bağlı insanın həyatının bütün aspektlərini təsvir edir. İslam maarifi üç prinsip: etiqad, ehkam və əxlaq əsasında qurulmuşdur. Etiqad bölümü bir müsəlmanın nəyə və necə etiqad bəsləməli olduğu və bu düşüncə tərzinin yekunu kimi varlıq aləminin hansı reallıqlarına çatması, azğınlıq və zəlillik vadisində səfil qalmaması ətrafındakı insani düşüncə və təfəkkür istiqamətlərinə şamil olunur. Ehkam, insanın özbaşına rəftarla və müxtəlif vasitələrlə, Allah taalanın onun təbiətində qoyduğu, varlıq aləmi ilə səsləşən fitrətinə zidd üsullara əl atmaqla özünü puç etməməsi üçün onun əməl və rəftarını konkretləşdirən göstərişlər toplusudur

Əxlaq bölümü isə mənəviyyatın, ruhun, torpaqda olan insanın mələklərdən daha gözəl və əzəmətli oluncaya qədər mənəvi gözəlliklərlə zinətlənməsindən bəhs edir. Bu üç bölümün istinadgahı İslam dinidir. Etiqad, ehkam, əxlaq üçün müraciət olunacaq mənbə isə, ilk növbədə Qurani-Kərim və Qurandan sonra İslamın əziz peyğəmbəri Həzrəti Məhəmmədin (s.) və Əhli-Beytinin (ə.) kəlamları, rəftarlarıdır.

İslam peyğəmbərinin və onun Əhli-Beyti olan mə‘sum İmamların (ə) hədisləri, əslində birinci prinsipin, yəni Qurani-Kərimin təfsiri və izahdır. Təbiidir ki, Peyğəmbərin(s) və mə‘sum imamların(ə) hədislərinin olmayacağı təqdirdə, Qurani-Kərimə, Onun ruh və təlimləri ilə daban-dabana zidd olan yozum və şərhlər veriləcəkdi. İslamın əziz peyğəmbərinin (s) öz Əhli-Beytini Qurani-Kərimlə birgə əmanət qoymasını və Əhli-Beytinin Qurandan ayrılmaz olduğunu dönə-dönə tə‘kid etməsi də bununla bağlı olmuşdur ki, Quran bəşərin nəfsani istəklərinin və xəyallarının girdabına düçar olmasın. Onun mətni, İlahinin vədinə görə təhriflərdən qorunub saxlandığı kimi, məzmunu da, Allahın lütfü ilə Peyğəmbər Əhli-Beytinin (ə) izah və təfsirləri sayəsində cahil və azğınların hücumlarından müdafiə olunsun. Bu ideoloji əsasa söykənən müsəlmanlar, böyük İslam peyğəmbərinin (s) və Əhli-Beytinin (ə) sözlərini və rəftarlarını yazıya köçürüb saxlamışlar. Hədislərin yazılması və qeydiyyatı, son höccət, mə‘sum İmamın (əc.) «qeybəti kubrasına» 329-cu hicri qəməri ilinə qədər davam etmişdir. Başqa sözlə desək, həmin vaxta qədər Əhli-Beyt imamları (ə) silsiləsinin vasitəsilə hər üç prinsipi-etiqad, ehkam və əxlaqı izah edən yeni-yeni hədisləri əldə etmək imkanı olmuşdur. Həmin zamanadək hədislərin toplanması mövzusunda İslam alimləri tərəfindən saysız-hesabsız kitablar yazılmışdır. Ondan sonra da, görkəmli İslam alimləri böyük əziyyət və zəhmətlər bahasına çoxsaylı hədis toplularını hazırlamışlar.

Bu proses yaşadığımız əsrə qədər ardıcıl, şəkildə davam etmişdir və Allahın istəyi ilə bundan sonra da belə olacaqdır. Ötən dövrlərdə adlı-sanlı İslam alimləri tərəfindən qələmə alınmış hədis kitabları müasir hədis toplularının baza və əsasını təşkil etsələr də, yeni-yeni məsələlərin meydana gəlməsi, cəmiyyətin ehtiyacının artması, elmin, insan həyatının inkişafı hər bir zamanda alimlərin, din xadimlərinin yeni tədqiqatlara başlamalarını, hər üç sahədəki ehtiyacların Peyğəmbər və Əhli-Beytinin (ə) hədislərinə istinadən ödənilməsini tələb edir. Təbii ki, bu işin öhdəsindən hədisşünaslıq və ona aid sahələr üzrə mütəxəssis alimlər gələ bilər. Çünki, hədis elminin özü də, güclü hədislə zəifi, doğru və yanlışı, bir sözlə hədis növlərinin bir-birindən ayırd edilməsini təmin edən özünəməxsus incəlik və çətinliklərdən xali deyil. Belə ki, hər bir elmin öz mütəxəssisləri var və həmin elmi öyrənmək üçün məhz onlara müraciət olunmalıdır.

Böyük təşəbbüskarlığın məhsulu olan çox dəyərli «Mizanul hikmə» kitabı İslam peyğəmbəri və Əhli-Beytinin (ə) hədisləri barədə müasir dövrdə qələmə alınmış kitablardandır. Əsərin on cildlik toplusu ilk dəfə 1981-ci miladi ilində (1360 hicri şəmsi) çap olunaraq dünya müsəlmanlarının ixtiyarına verilmişdir. Kitabın müəllifi, İslam elmlərinin yorulmaz tədqiqatçı alimlərindən olan böyük ustadım, rəbbani alim, Həzrəti ayətullah cənab Məhəmməd Məhəmmədi Reyşəhridir (damət bərəkatuh). O, özünün xüsusi diqqəti və İslam elmlərinə, müasir beynəlxalq vəziyyətə və hazırki cəmiyyətin ehtiyaclarına olan əhatəli baxışı ilə İslam hədislərini tədqiq etmişir. Onun zəhmətlərinin bəhrəsi olan bu kitab İslam dünyasında böyük rəğbətlə qarşılanmışdır. Bu dəyərli əsər, nəşrindən keçən 22 ildə, dəfələrlə yenidən çap və dünyanın bir çox əsas dillərinə tərcümə olunmuşdur. Qiymətli toplunun bir sıra orijinal xüsusiyyətləri var və qısaca, onlardan Bəzilərini qeyd edirik:



1- Çox hörmətli müəllif öz təşəbbüsünə uyğun olaraq, hədisləri Quran ayələrinin ardınca elə formada vermişdir ki, hədis, Qurani-Kərimin mənasının başa düşülməsində açar rolunu oynayır.

2- Rəvayətlərin seçilməsi fəsillər üzrə bölgüsü yeni ürəyə yatan bir metodla həyata keçirilmişdir.

3- Günümüzün tələblərinə uyğun olaraq, rəvayətlər üçün çoxsaylı başlıq mövzular çıxarılmışdır. Belə ki, Quran İslamın həmin məsələlərdə fikrini bilmək istəyənlərin mütləq əksəriyyəti, özlərinin nəzərdə tutduqları mövzuları burada tapa bilərlər.

4- Rəvayətlər çox diqqətlə hədis elmindəki xüsusi ekspert tələbkarlığı ilə seçilmişdir.

5- Kitabda bütün İslam firqələrinin mənbələrindən istifadə olunmuşdur.

6- Hədislərin verilməsindən əlavə, onun istinad məxzləri bu rəvayətin, yaxud da bu mövzuda olan rəvayətlərin digər mənbələri göstərilmişdir.

Əlbəttə, bu dəyərli kitabın çoxsaylı başqa üstün cəhət və xüsusiyyətləri də var. Ancaq, yazının yığcamlığını gözləmək məqsədi ilə, yazılanlarla kitfayətlənirəm. Əminəm ki, hörmətli oxucu və mütəxəssislərin özləri də, kitabdakı digər üstün cəhətləri görəcəklər.

İslam hədisləri və ona aid elmlər sahəsində müsəlman dünyasının ən mühüm tədqiqat mərkəzlərindən biri olan və Həzrət ayətullah cənab Məhəmmədi Reyşəhrinin nəzarəti altında İslam hədisləri sahəsində tədqiqat işləri aparan «Darul Hədis» Mərkəzi «Mizanul Hikmə»nin müntəxabatını çap etdirmişdir. Bu iş daşıdığı xüsusi əhəmiyyətlə yanaşı, dünya müsəlmanları üçün də çox faydalı bir işdir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Mədəniyyət Mərkəzi İranın və Azərbaycanın müsəlman xalqlarının qırılmaz tellərlə bir-birinə bağlandığını və dost, qardaş Azərbaycan xalqına mədəni xidmətlər göstərilməsi məqsədilə «Mizanul- Hikmənin müntəxabatı» kitabını azərbaycan dilinə tərcüməsini təşkil etmişdir. Azərbaycan elmi ictimaiyyətinin və vətəndaşlarının müqəddəs İslam dininin mənbə kitablarına və əsas prinsiplərinə nə səviyyədə ehtiyac duyduğunu nəzərə alsaq, bu işin əzəməti və göstərilən xidmətin böyüklüyü daha da aydın olar. Kitabın Hacı Ağabala Mehdiyev, Məşədi Elşən Mahmudov, Hacı Etibar Quliyev və hörmətli redaktor xanım Dürdanə Cəfərlidən (əyyədəhumullah) ibarət tərcümə qrupu Mədəniyyət Mərkəzinin dini eksperti, səmimi və köhnə dostum böyük alim höccətül islam vəlmüslimin cənab Hacı Şeyx Adil Mövlayinin (damət ifazatuh) elmi redaktorluğu ilə yorulmaz səy göstərmiş və işdə qarşıya çıxan çoxsaylı çətinlikləri aradan götürməklə kitabın tərcüməsini 6 ay ərzində başa çatdırmışlar. Əlbəttə, mənbə və tərcümə dillərindəki incəliklər, sözlə məna arasında optimal variantın tapılması kimi məqamlar bu sahənin mütəxəssislərinə gizlin deyil. Xüsusilə də hazırki kitab kimi sırf dini məzmunlu ədəbiyyatların tərcüməsi xüsusi bir diqqət və həssaslıq tələb edir. Belə məqamlara riayət olunması, bir sıra hallarda tərcümədə cüzi qüsurlara gətirib çıxarır ki, bu da olduqca təbiidir. Bununla əlaqədar, hörmətli alim və müttəxəsislərin rəylərinə ehtiyac var və güman edirəm ki, onların faydalı olanlarından növbəti çaplarda istifadə olunacaqdır.

Nəhayət ki, qiymətli əsəri böyük sevinclə Azərbaycan Respublikasının müsəlman xalqına, ismət və paklıq nümunəsi olan Əhli-Beytinin (ə) aşiqlərinə təqdim edərək Həzrəti Mehdi Sahibəz-zəmandan (ərvahuna fədah) bu kiçik xidmətimizi qəbul etməsini acizanə diləyirəm. Həqiqətən də, Onun razılığı haqq olan Allahın razılığı ilə nəticələnər.

اِنّه ولي النعم. آخر دعوانا ان الحمدلله ربّ العالمين وصلي‌الله علي محمد‌و آله الطاهرين



Seyyid Əliəkbər Ocaqnejad

İran İslam Respublikasının

Azərbaycan Respublikasındakı

Mədəniyyət Mərkəzinin sədri

  1   2   3   4   5   6   7   8   9   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə