AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu




Yüklə 41.99 Kb.
tarix26.02.2016
ölçüsü41.99 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

_____________________________________________________________________________________________

Turizm biznesinin təşkili və texnologiyası kafedrası


"Beynəlxalq turizmin coğrafiyası" fənnindən


"Çexiya"


mövzusunda
KURS İŞİ

Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə

qiyabi şöbəsinin ikinci kurs tələbəsi Cəbiyev Cavid

Müəllim: Səfərov Rəhman


BAKI-2009

PLAN


Çexiya

- Giriş
I Fəsil


- Çexiya Respublikası haqqında ümumi məlumat

- Keçmiş sosialist ölkəsi olan Çexoslovakiyada turizm

- Keçmiş Çexoslovakiyada getmə və gəlmə turizmi
II Fəsil
- Çexiya Respublikasının turizm potensialı

- Nəticə


- İstifadə olunmuş ədəbiyyatlar

- Mündəricat




Giriş
İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən asılı olmayaraq, insanların məkan və zaman çərçivəsində öz yerlərini dəyişməsidir.

Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm, texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə səyahət etmək imkanının yaranmasının nəticəsidir. XX əsrin fenomeni sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri (38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik və sürətlə inkişaf edən sahəyə çevrilmişdir.



Turizm Fransız mənşəli söz olmaqla səyahət, səfər etmək deməkdir.

Turist istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir.

Dərketmə məqsədi ilə həyata keçirilən və müddəti 24 saata qədər olan səyahətə isə ekskursiya deyilir.

İngiltərəli keşiş Tomas Kuk müasir turizmin banisi hesab olunur. O, 1841-ci ildə dəmir yolu vasitəsilə ilk kütləvi gəzinti təşkil etmişdir. Bu səyahətdə 600-ə yaxın adam iştirak etmişdir. Bu onun turizm fəaliyyətinin, həmçinin müasir turizmin, turizm sahəsinin başlanğıcı idi. Həmçinin dəmir yolları beynəlxalq turizmin gələcək inkişafı ilə bağlı bütün tədbirlərin və reklamın müəyyənləşdirilməsini də öz üzərinə götürmüşdü.

Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Aparılan sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur. Bunun əsas səbəbləri insanların dünyanın öyrənilməsinə artan tələbatı, əhalinin həyat səviyyəsinin artması, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və sairədir.

İlk zamanlarda əsasən zəngin insanlara xidmət edən turizm yalnız nəqliyyat və yerləşmə xidmətləri təklif edirdi. Bu hələ müasir "XX əsrin fenomeni" olan qonaqpərvərlik sənayesi olmasa da tədricən inkişaf edirdi. Turizmin beynəlxalq səviyyədə olması, yalnız ictimai münasibətlərin müəyyən inkişaf pilləsində, millətlər arasında yüksək inkişaf etmiş və davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin olması əsasında mümkün olmuşdur. Bu da beynəlxalq bazarın formalaşma dövrü, beynəlxalq ticarətin artması və yeni nəqliyyat vasitələrinin meydana çıxması ilə üst-üstə düşür.

Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.

I Fəsil
Çexiya Respublikası haqqında ümumi məlumat
Ərazisi: 78,9 min kv km (dünyada 114-cü yer)

Əhalisi: 10,5 mln nəfər (dünyada 73-cü yer - 2000)

Paytaxtı : Praqa (1,2 mln nəfər - 2000)

Dövlət dili: çex dili

Din: katolisizm

Milli pul vahidi: çex kronu


Keçmiş sosialist ölkəsi olan Çexoslovakiyada turizm
1993-cü il yanvarın 1-də Çexoslovakiya iki müstəqil dövlətə bölündü – qərb hissəsi (Bohemiya massivi) Çexiya Respublikası, şərq hissəsi (Tatra dağları ilə yüksəklik bölgəsi) isə Slovakiya Respublikası adlandırıldı.

Çexoslovakiya Şərqi Avropanın ən iri turizm ölkəsi idi. Turizm sənayesi yaxşı təşkil olunmuşdu. Otel və sanatoriyalar şəbəkəsi hələ II dünya müharibəsindən əvvəl fəaliyyət göstərirdi. Məşhur Karlovı Varı kurortunun çoxəsrlik tarixi var. Müharibə dövründə bunları dağılmaqdan qoruya bildilər. 1989-cu ilə qədər Şərqi Avropa sosialist düşərgəsi ölkələri arasında Çexoslovakiyada ən iri turizm sənayesi mövcud idi. Ölkə ildə əksəriyyəti qonşu sosialist ölkələrindən gələn 24,6 mln nəfər turist qəbul edirdi. Müasir turizm xidmətinin əlifbasına bu ölkədə çoxdan yiyələnmişdilər. Hər yerdə ticarət cərəyan edir, ürəyindən keçəni tapa bilirsən, daima gülümsəyən, nəzakətli satıcılar sizə xidmət edir.

Hər otel və pansionat ixtiyarında olan sahəni nəfis və özünəməxsus tərtib etməyə çalışır. İnsan fantaziyasının və işgüzarlığının nəyə qadir olduğu adamı heyran edir. Çexlər işgüzarlığın dadına çoxdan bələd olub və beynəlxalq turizmdən gəlir götürməyi öyrəniblər.

Sosialist ölkələrindən turist qrupları Çexoslovakiyaya ekskursiyaya gəlirdi. Qeyri-sosialist ölkələrindən gələn qonaqların məqsədi sosialist ölkələrində olan turistlərin məqsədindən fərqli idi. Turislərin yalnız 18%-i ekskursiyaya, 65%-i istirahətə, 17%-i isə işgüzar səfərlərə gəlirdi.

Sosializm düşərgəsi dağıldıqdan sonra Çexoslovakiya qısa müddətdə iqtisadiyyatını bazar münasibətləri üzərində yenidən qura bildi. İqtisadi islahatların başlanması ilə 1989-1991-ci illərdə Çexoslovakiyanın həm beynəlxalq, həm də ölkədaxili turizm sahəsi sürətlə inkişaf etməyə başladı. Bu da öz növbəsində ölkə iqtisadiyyatında gedən islahatları sürətləndirdi. Məsələn, xarici səfərlərin sayı 1990-cı ildəki 20,6 mln-dan 1991-ci ildə 39 mln-a çatmışdı. Çexlərin əksəriyyəti bir günlük ekskursiyaya gedir və az vəsait xərcləyirdi. 1990-1991 ci illərdə xarici səfərlərin miqdarı kəskin artsa da, adambaşına düşən xərclər 636 $-dan 393 $-a endi. Belə vəziyyəti iqtisadi islahatların gətirdiyi çətinliklə izah etmək olar.
Keçmiş Çexoslovakiyada getmə və gəlmə turizmi
Çexoslovakiya vətəndaşlarının xaricə etdiyi səfərlərin üçdə ikisi Qərb ölkələrinin, ilk növbədə Qərbi Almaniyanın (15,3 mln nəfər) və Avstraliyanın (14,1 mln nəfər) payına düşürdü. Həmin dövrdə qonşu Polşaya səyahət edənlərin miqdarı kəskin surətdə artdı (1990-cı ildə 1,3 mln nəfərdən 1991-ci ildə 6,1 mln nəfərə qədər).

Çexoslovakiyaya gələn qonaqların kəmiyyətində də əhəmiyyətli dəyişikliklər oldu, onların sayı 2 dəfədən çox artdı. Həmin kontingentin 41%-i vahid Almaniyadan gələn turistlər idi. Polşadan, Avstriyadan gələn qonaqların da sayı durmadan artırdı (Avstriya bazarının göstəriciləri 1,2 %-dən 11,5 %-ə qalxdı).

II Fəsil
Çexiya Respublikasının turizm potensialı
1993-cü ildən keçmiş Çexoslovakiya ölkələrinin turizm xidmət sahəsinə həcmli xarici sərmayələr qoyuldu, onların çoxu Çexiya Respublikasına yönəldildi. Nəticədə Çexiyanı hər il 10 mln nəfər turist ziyarət edir. Turizm sənayesi ölkənin mədəni və tarixi abidələri ilə tanışlığa imkan yaradır. Onların böyük hissəsi əski görkəmini qoruyub saxlamışdır. Bu kiçik dövlətin ərazisində yalnız qəsr və qalaların sayı iki minə çatır. Gözəl tərtibatlı parkların əhatəsində olan bu abidələr əsrarəngiz təbii landşaftı zənginləşdirərək tamamlayır.

Bu gün Çexiya təbiət gözəllikləri həvəskarlarına istirahət və dinclik, ilin hər mövsümündə idmanla məşğul olmaq imkanı təklif edir. Praqa, Çex Krumlovu, Kutna, Qora Telq kimi zəngin tarixə malik şəhərlər respublikanın qonaqlarında böyük maraq doğurur. Artıq 11 əsr ərzində Çex dövlətinin paytaxtı olan gözəl Praqa əsil əyani memarlıq salnaməsidir. Burada roman üslubu, qotika tağları, rokoko fasadları, barokko üslublu kostyollar (kilsə), sənətkar sarayları – klassisizm və modern dövrü binaları ilə heyrətamiz ahəng yaradır. Praqa minillik tarixi ərzində yaradıcı və istedadlı insanları özünə cəlb edir, onlar da öz növbəsində şəhərin görkəminə silinməz izlər qoymuşlar.

Çexiya Respublikası gözəl tarixi abidələri və muzeyləri ilə beynəlxalq turizmdə xüsusi şöhrət qazanmışdır. Buna görə də Çexiyaya maraq ildən-ilə artır. Buraya əsasən Almaniyadan, Avstriyadan, Avstraliyadan və Polşadan turistlər gəlirlər.

1998-ci ildə əhalisi 10 mln-dan çox olmayan Çexiya 16,4 mln xarici qonaq qəbul etmiş və turizmdən 3,5 mlrd $ gəlir əldə etmişdi. Çexiyada turizm biznesi bu gün də yüksələn vektorla inkişaf edir və Avropa dövlətləri üçün böyük maraq doğurur.



Nəticə
Göründüyü kimi Çexiya iqtisadiyyatında turizmin böyük bir biznes sahəsi kimi xüsusi çəkisi vardır. Turizmdən ölkəyə valyuta daxil olmaları da ildən-ilə artmaqda davam edir.

Turistlərə təklif olunan xidmətlər paketi hal-hazırki tələbata görə normal (bəzi yerlərdə əla) səviyyədədir. Ancaq bu xidmətlər paketi içərisinə gələcəkdə yeniləri də əlavə oluna bilər.

Turizmin Çexiya iqtisadiyyatında əsas sahələrdən birinə çevrilməsi muxtəlif turizm agentlikləri və şirkətlərinin artmasına səbəb olmuşdur.

Turistlərin tələbatları müxtəlif tipli formalarda dəyişir. Məsələn, peşə və ya maraqlar üzrə görüş imkanı yaradan səfərlər, azərkeşlərin beynəlxalaq idman yarışlarına səfərləri, xalq bayramları və gəzintilərdə iştirak etmək daha geniş maraq doğurur və getdikcə də məşhurlaşır.

Mütəxəssislərin fikrincə turizm bazarının sürətlə inkişaf edən növü işgüzar və konqres turizmdir. Artıq ABŞ və bir çox ölkələrdə biznesmenlərə xidmət üçün xüsusi turizm sənayesi yaradılıb. Buraya yüksək dərəcəli otellər, xüsusi avtonəqliyyat, tərcüməçi və bir neçə dil bilən katiblər, müasir rabitə kommunikasiyası və s. xidmətlər daxildir.

Gənclərin və orta yaşlı insanların macəra və ekstremal xarakterli turizmdə tələbatları gurultulu şəhər həyatından uzaqlaşıb dincəlməklə yanaşı, dağ çaylarında qayıqla su axarı istiqamətində gəzinti, su altı üzgüçülük, paraplanerizm, çətin keçilən yerlərdə piyada səyahətlər və sairədir.

Gördüyümüz kimi turistlərin tələbatları onların yaş hədlərinə görə dəyişir.

Çexiya turizmi bütövlükdə müsbət inkişaf dinamikasına malik biznes sahəsi olsa da, burada da müxtəlif dövrlərdə hiss ediləcək enişlər baş verir. Məlumdur ki, siyasi, iqtisadi, terorrizm, ekoloji vəziyyət və ya təbii katakalizmlər uzun illər formalaşan turist axınının yerini dəyişdirə bilir. Bu amillərin bəzilərinin Çexiyaya da təsiri olmuşdur.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR


  • Turizm – Siyavuş Yeganlı, Emin Hacıyev, Bakı-2006, ABU Təhsil nəşriyyatı

  • Turizmin əsasları – İlqar Hüseynov, Nigar Əfəndiyeva, Bakı-2007, Mars-Print nəşriyyatı

  • Turizmin əsasları – Soltanova H. B. və Hüseynova Ş. H. BAKI 2007 Mütərqim nəşriyyatı

ÇEXİYA


MÜNDƏRİCAT

- Plan ........................................................................................................1

- Giriş .......................................................................................................2

I Fəsil
- Çexiya Respublikası haqqında ümumi məlumat ...................................4

- Keçmiş sosialist ölkəsi olan Çexoslovakiyada turizm ...........................4

- Keçmiş Çexoslovakiyada getmə və gəlmə turizmi ...............................5


II Fəsil
- Çexiya Respublikasının turizm potensialı .............................................6

- Nəticə .....................................................................................................7

- İstifadə olunmuş ədəbiyyatlar ................................................................8

- Mündəricat .............................................................................................9





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə