3 bacıya bir çempionat




Yüklə 5.55 Kb.
tarix23.04.2016
ölçüsü5.55 Kb.
3 bacıya bir çempionat
İndidən deyim ki, 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatında iynə atsan yerə düşməyəcək. Çünki mundialın açılış mərasiminə qərbin toylar kraliçası Cennifer Lopez gəlir. Amma inanmıram ki, stadionda iynə atmağa icazə verilsin. Çünki “oturma aparatını” 300 milyon dollara sığorta etdirmiş biri iynədən nə qədər uzaq dursa o qədər yaxşıdır. Təsəvvür edin güngörməzinin qorunmasına 300 milyon dollar ödəyən biri, əksəriyyətində adi sağlamlıq sığortası belə olmayan insanların yaşadığı məskənə gəlir. İndi görürsünüz də Elxan Məmmədov nə boyda işin altına girib. Gərək düşsünlər Cenniferin arxasiyla ki, sən canın burda oturma orda otur. Sonra biz Davidə (Ceniferin atasının adıdır) nə cavab verərik. Yüz dəfə desələr ki, biz Lopezi səsinə görə gətiririk Bakıya inanmaram. Bu yekə bir piardı. Qoy dünya piarımızı görsün, görsün ki, bizim necə böyük piarımız var.

Bakıya gələcək ikinci gözəlçənin adı Rihannadır. Reyhanə də canının qədrini həmkarı Lopes qədər bilir. Barbadoslu müğənni qeyri-adi davranışları ilə seçilir. Oxuduğu mahnının istənilən yerində ani soyunmaq qabiliyyətinə malik Rihannadan nə desən gözləmək olar. Özü də yay ayları ola, dəniz qırağı ola, “Dalğa” arena ola. Pəh pəh pəh. Özü demiş “Umbrella” ela, ela, ƏLA.

Həəə, gəldik əsas qəhramana. 3-cü muşketyor Şakiradı. Cənubi Afrika Respublikasında keçirilmiş son dünya çempionatında qara qitəliləri “Waka Waka” ilə feyziyab etmiş sarışının Bakıya gəlməsi “şaka” deyil. Qadın böyük qüvvədir. Bəlkə Pike Şakiranı xaricə tək buraxmayıb buralara qədər ötürər. Başına bir iş gələr sonra. Onun da Lopez kimi sığortası yoxdu axı. Özü də Pike görsə ki, müğənnilərə bu qədər pul verilir, futbolu atıb başlayacaq oxumağa. Xülasə əsl Eurovisionu AFFA təşkil edir. Deyirəm hər şey pulun başındadı daa. İstəyirsən pulunu ver Şakiranı yox eee, Demis Russonu gətir palatka toyunda “can-cana” oxusun. İstəyirsən Elton Con kişi məclisində meyxana desin. Amma yenə də bu fikri ortaya atıb reallaşdıranı alqışlamalıyam. Məsləhətdi ki, belə fikirlər çıxan başı sığortlayın....

Tural Turan



“Komanda” qəzeti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə