Yazıldı ömürlüyüm. Arada su saldı göz yaşları o xatirələrin üstünə. Ömrün küləkləri




Yüklə 0.65 Mb.
səhifə2/9
tarix22.04.2016
ölçüsü0.65 Mb.
1   2   3   4   5   6   7   8   9
QAPAQ
Sözüm qapaq kimidi ağzıma
ağzımın qapağını söznən qoyuram,
sözümə qapaq qoyuram.
Əllərim qapaq kimidi üzümə
üzümü o qədər qapamışam.
Əllərimlə kədər gizlətmişəm,
sevinc örtmüşəm.
Əllərimlə üzümə gözlər bağlamışam.
Yolları da qapaq-qapaq yerimişəm.
İlləri də qapaq-qapaq örtmüşəm.
Qapılar da evlərin qapağıdı-
üzümə örtülən qapılarda
dostlar, doğmalar itirmişəm.
Gözüm də qapaq kimidi dünyaya.
İçində bir yğın ölünü-
itikləri, dərdləri, həsrətləri
qəbirə gömmüşəm.
Göz qapağım
qəbrimin qapağıdı elə.
Gözlərim öləndə 
qapayacaqlar o qapaqları da
içindəki ölülər 
üstüaçıq qalmasın deyə.


GUYA Kİ, NEYNİYİRƏM...
Söykənib nəmli divarın soyuqluğuna,
acı-acı baxıb kirli gölməçəyə düşmüş
bir lələyin gedən ağlığına...
Guya ki, neyniyirəm ki...
Neynirəm çıxdığım yola-
ya qələbəliyə,
ya tənhalığa,
əlimdəki yorğun qələmə,
canı üzülmüş varağa...
Mən heç nə eləmirəm.
Mən sadəcə getdiyim yerlərə
yalnızlıq daşıyıram,
tənhalıq daşıyıram.
Və o yalnızlığın içində
bir yoxluq yaşayıram.
Mən başdan ayağa-
daşıdığım yalnızlıqla
tənhalıq qoxuyuram.
Guya ki, neyniyirəm..
Bir halda ki,
bütün yoxluqların qulağına
mənsizlik oxuyuram.


ÇƏKİR

Yalan da dondu, yelənli
Geyməyə bədəni çəkir.
Halal-haram iki yoldu-
Keçməyə mədəni çəkir.
Çiçəklər yazın ölüsü
Ürəklər sözün ölüsü
Kişilər düzün ölüsü
Əyrilik gədəni çəkir.
Söz də sözdü, boyatı var
Filim kimi həyatı var
Hərənin öz saatı var-
Vaxtında vədəni çəkir.
Ölməyi yox ölənlərlə
Gülməyi yox gülənlərlə
Baş aldadıb gələnlərlə-
Bu dünya gedəni çəkir.

UNUDULMUŞ GÖZ YAŞI
Unudulmuş bir göz yaşı var
cırmaqlayır gözlərimi,
ağla deyir, ağla məni.
Mənsə ağlaya bilmirəm
o göz yaşını-
gözümün son nəfəsini.
Bilirəm ki, son dəfə o yaşla
dərəcəyəm nəfəsimi,
son dəfə o yaş qoyacaq
nöqtəsiz şeirlərin nöqtəsini.
Bir nöqtə yaşdı,
elə bilir ki, unutmuşam onu...
Taa demir ki,
o yaşı ağlamağa qorxuram.
Taa demir ki,
o yaşdan qorxuram.
O nöqtədən qorxuram-
o qəmli nöqtədən,
o nəmli çay daşından.
Çox qorxuram
unudulmaq istəməyən
o göz yaşından.
Amma mən onu
heç unutmamışam.
Amma mən onu
son nəfəsin göz yaşı kimi 
unutmaq istəyirdim...
...O məni unutmadı.



ADIMIN ÖLÜSÜ
Unudulmuş adların içində
adımın ölüsü uyuyur.
Yuyat yerlərin çatlarına dolub
adımın qırıqları.
Adımı huş aparır,
yadımı huş aparır.
Qulaqlarımda cingildəyir
getmək istəmədiyi yerə
gedən ölünün səsi:
_E..S..İ...., ESİ..
Çatlarda olan-qalan
hərilərin qırıqları da ovxalanır.
Hər yan adımın ovxantısıdır.
Yığa bilmirəm adımın qırıqlarını.
Hələ bir hərifin qırıqlarını
yığmaq üçün bir ömür lazımdır.
Mən o qədər ömürləri hardan alım
adımın qırıqlarını yığmağa,
hərif-hərif ölü daşımağa.
Göy üzünün altında
suların qırılmış aynası kimidi
ciliklənən adım.
Ölülərin ən gözəl adıdı,
Adların ən gözəl ölüsüdü,
üstünə son nəfəsimin
küləkləri əsir, əsir.
Son nəfəsimi dərir
adımın qırıqlarının səsi:
-E...S...İ..., ESİ...
Başından bəri
bir fikir də yorur beynimi.
Adımın öldüyünü
xatırlaya bilmirəm,
Adımın diriliyi kimi.
GÜZGÜYƏ GÜZGÜ ÇƏKƏN...
...bir Adil Mirseyid var

Səslərin rəngi süzülürdü güzgüdən
Güzgüyə şeir çəkirdi adam.
Yelkənlər kiprik-kiprik əsirdilər
güzgünün o biri üzündən.
...Bu üzündə barmaqlarını
gözlərinə batırıb bir kağız
gəmi çəkirdi adam.
Gəminin içində qış,
qışın içində bir ev,
evin içində bir səhər...
Səhər çəkirdi adam.
Hələ də səhər çəkir adam
güzgünün qaranlığına.
Hələ də şeir çəkir adam
güzgünün sonsuzluğuna.
Nə çəkirsə çatlayır...
Osa çəkir, çəkir...
Və güzgünün qaranlığında
çatlamış bir gəmi batır,
bir şeir yayılır şor sulara.
Və adamın barmaqlarından
göz yaşlarının 
səsi süzülür güzgüyə.
Səslərin rəngi axır çatlardan...
Güzgüyə güzgü çəkir adam.
...PAYIZINA QIŞ DÜŞÜR
Gözlərinin payızında-
yağışın səsləri tökülür
torpağın üzü üstə,
üzünün üstə, üzü üstə.
Səslərin yağışı
qırılır buludun səsindən,
səndən.
Sən buludsanmı?
Gözlərinin payızında-
baxışlar saralır,
havalar solur.
Ümidlərin qırılmış
qolları üstə
sevgilər ölür.
Ölümlər yaşayır
sevgilərin gözü üstə.
Gözlərinin payızında-
dünya adam üşüdür.
Gözlərindən yağış yerinə
qar yağır.
Gözlərin qarrıyır,
gözlərin qarıyır.
Qar dənələrinin içindən
üzünə bircə gilə yaş düşür.
O yaş da üşüyür.
Gözlərinin payızına qış düşür.
O TƏPƏNİN DALINDA...
Kəndimizdə bir təpə var,
arxası köhnə qəbristanlıqdı.
Nənəmin nənələri,
babamın babaları yatır orda.
Çoxunun qəbri itib,
adları da özləri kimi
yadımızdan silinib gedib.
Biz artırmada oturanda
o təpə görünərdi.
Nənəm o təpəyə 
salavat çevirərdi,
ölənlərə nur payı göndərərdi.
Ora hamımızın yeridi-deyərdi.
Nənəmi o qədər sevərdim ki,
onsuz yaşamaq gəlməzdi ağlıma.
Qorxardım, elə qorxardım ki...
-birdən nənəm də gedər
o təpənin dalına.
Elə o qorxuların içində
bir gün də nənəmi
yola saldım hamının getdiyi yerə.
Qaldım o təpəylə üz-üzə.
Gedənləri çəkdiyi kimi
məni də ora bir maraq çəkir,
artırmadan boylanıram maraq hayında.
Taa keçib, mən də balağımı yığım
gedim, görüm nə var
o təpənin dalında...

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə