ÜSTÜNLÜKLƏr və Çatişmazliqlar




Yüklə 156 Kb.
tarix21.04.2016
ölçüsü156 Kb.


TEST:
ÜSTÜNLÜKLƏR VƏ ÇATIŞMAZLIQLAR



²ndiki şəraitdə qəbul imtahanlarının test əsasında mərkəz­ləşmiş surətdə həyata keçirilməsi həqiqətən zəruridir. Müasir texnika eyni vaxtda minlərlə abitu­riyentin eyni meyarlar əsa­sında yoxlanmasına və nisbi biliklərinin aşkar edilmə­sinə imkan verir.

Kompüter texnologiyasının tətbiqi və getdikcə daha mükəmməl proqramlardan istifadə olunması, habelə müxtəlif ixtisas sahələri üzrə testlərin daha da təkmilləşdirilməsi sayəsində bu sahədə müəyyən irə­li­ləyiş əldə edilmişdir. Təsadüfi deyildir ki, ali dövlət rəhbərliyi TQDK-nın səlahiyyətlərini bir qədər də artırmış, qəbul qaydalarını müəy­yən etməyi və magistraturaya qəbulu da onun ixtiyarına ver­miş­dir.

Lakin bu sahədə təkmilləşmə və inkişaf üçün meydan hələ ge­nişdir. Əvvəla, müəyyən ifratlardan xilas olmaq lazımdır. Bizim fik­ri­mizcə, bu komissiya diqqəti məhz biliklərin yoxlanma­sına və qiy­mət­ləndirilməsinə yönəltməlidir. Yerləşdirmə isə ali məktəblər tərə­fin­dən və ya onlarla birgə həyata keçiril­məlidir.

Bundan əlavə ali məktəbə qəbulun minimal şərtləri dəqiq­ləşdiril­məlidir. Bizcə, 700 bal sistemindən 500 bal sisteminə keçilərsə, bu, abituriyentlərin biliklərinin ənənəvi orta məktəb qiymətləndirilməsi ilə mü­qa­yisəsini asanlaş­dırar. Orta məktəb attestatlarındakı qiymətlərlə mü­qayisə imkan­ları bu sahədə də nəzarəti gücləndirməyə şərait yara­dar.

Yeri gəlmişkən, TQDK-nın qəbulun yekunlarına dair apardığı sta­tistik araşdırmalar orta məktəblərimizdə təhsilin vəziyyətini qiy­mətləndirmək üçün ən əsaslı vasitədir. Hansı məktəblərdə işin necə qu­rul­duğu ilk növbədə onların hazır­ladığı şagirdlərin yekun səviyyəsi ilə, müsabiqədə göstərdiyi nəticə ilə müəyyənləşir.

Əlbəttə, məktəblər sovet təhsil sisteminin üstün cəhətlərini sax­la­maqla yanaşı, uşaqları yeni qaydada qəbul imtahanlarına da hazır­laya bilsəydi, test sistemi özünü tamamilə doğruldardı. Çünki imta­hanların mərkəzləşmiş qaydada keçirilməsi tələbə qəbulu zamanı vahid meyarlar­dan çıxış etməyə və uşaqların bilik səviyyəsinin vahid meyarlarla yoxlanmasına imkan yaradır.

Bəli, TQDK-nın ən böyük üstünlüyü biliklərin eyni meyarlar əsasında, mərkəzləşmiş qaydada yoxlanması im­ka­nı­dır. Belə ki, müx­təlif bölgələrdə, müxtəlif məktəb­lərdə şagirdlərə yazılan qiymətlərin va­hid standartlar əsasında müəyyənləşdirilməsi çox çətindir. Bunun üçün orta məktəb müəllimlərinin özü qiymətləndirmə meyarlarını yük­sək dəqiqliklə mənimsəmiş olmalıdırlar. Lakin, təəssüflər olsun ki, müəllimlərimizin böyük qismi nəinki qiymətləndirmə meyarlarını, heç dərs proqramlarını da minimum tələb dərəcəsində mənimsəyə bilmir. Burada biz pedaqoji insti­tutlardakı vəziyyətlə üzləşmiş oluruq. Çünki orta məktəbin səviyyəsi istər-istəməz pedaqoji institutun səviyyə­sin­dən və oradakı mənəvi mühitdən asılı olur. Son illərdə pedaqoji ins­titutlardakı dözülməz mənəvi atmosfer yaxın gələcəkdə orta məktəb­lərimizin hansı istiqamətdə «inkişaf edəcəyini» çox aydın göstərir.

Xarici ölkələrdə müəllim hazırlığına haqlı olaraq yüksək tələblər qoyulur. Bizdə isə pedaqoji ali məktəblərin, xüsusən, Müəllimlər İns­titutunun kontingenti başqa ali məktəblərə və başqa ixtisaslara daxil ola bilməyənlər hesabına komplektləşir. Üstəlik, həmin ali məktəb­lərin özündəki mənəvi atmosfer onsuz da məktəbdən yarımçıq biliklə gəlmiş tələbələrin öz biliklərini artırmasına imkan vermir. Savadsız və mənəviyyatca korlanmış müəllimlərin işlədikləri orta məktəbdə nə ki­mi bir mühit yaradacaqlarını təsəvvür etmək çətin deyil. Nəticədə, orta məktəblə pedaqoji institutlar qarşılıqlı surətdə bir-birinin səviy­yəsini aşağı salır.


* * *
Göründüyü kimi, TQDK-nın üstün cəhətləri ən çox onun bi­likləri obyektiv qiymətləndirmək imkanları ilə bağlıdır. Və əgər TQDK öz fəaliyyətini məhz bu istiqamətdə mərkəzləşdirsə daha bö­yük uğurlar əldə edə bilər.

TQDK-nın naqis cəhətləri ən çox «müsabiqə aparılması» və tələ­bələrin ali məktəblərdə yerləşdirilməsi zamanı üzə çıxır. Həm də bu na­qislik heç də TQDK-ya rəhbərlik edən adamların təqsirindən or­taya çıxmır. Bu hal obyektiv səbəbdən yaranır və sadəcə olaraq, hə­min komissiyanın öz işi ilə məşğul olmamasından bir nəticə kimi hasil olur.

Mərkəzləşmiş sistem biliklərin qiymətləndirilməsi və bütün abi­turiyentlərin eyni meyarlar əsasında yoxlanılması baxımından nə qə­dər əlverişlidirsə, bütün ali məktəblərin əvəzinə müsabiqə apa­rılması və tələbələrin yerləşdirilməsi baxımından bir o qədər yararsızdır. Çün­ki burada hər hansı bir ali məktəbin işin xeyrinə iradə nümayiş etdir­məsinə imkan verilmir.

TQDK görəsən niyə bu funksiyanı öz üzərinə götürür?

Abituriyentlər nəyə görə öz seçimlərini imtahandan sonra, bilik­lərini yoxladıqdan və öz real imkanlarını düzgün qiymətləndirmək im­kanı əldə etdikdən sonra deyil, im­ta­han­dan əvvəl, nabələd bir vəziy­yətdə etməlidirlər?

Nəyə görə abituriyentlər öz gücünü müxtəlif ixtisas qruplarında yoxlamaq imkanından məhrum edilməlidirlər?

Axı, arzu ilə real imkan heç də həmişə üst-üstə düşmür. Axı, orta məktəbi yenicə bitirən abituriyent hər hansı sahədə öz bilik səviyyəsini düzgün qiy­mət­ləndirmək imkanına malik deyil. Xüsusən, nəzərə alsaq ki, orta məktəblərdə yazılan qiymətlər çox vaxt real bilik səviyyəsini əks etdirmir (əgər bu belə olmasaydı, tələbə qəbulu zamanı elə orta məktəb göstəriciləri nəzərə alınardı), onda belə bir məsu­liyyətli seçimi uşağın və ya valideynin üzərinə atmaq nə dərəcədə məqbuldur? Axı, valideynlər ixtisas seçimində uşağın istedad yönü­mündən daha çox öz istəklərindən çıxış edirlər. Abituriyentin real bilik səviyyəsi isə TQDK yox­lamalarından sonra üzə çıxır.

Hər bir abituriyentin öz gücünü bütün ixtisas qruplarında yox­laya bilməməsi insan hüquqlarının məhdudlaşdırılması kimi də qiy­mət­ləndirilə bilər. İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Bey­nəlxalq Paktın (1966) 13-cü maddəsinin ikinci bəndində göstərilir ki, «Ali təhsil … hər kəsin qabiliyyətləri əsasında hamı üçün eyni də­rə­cədə əlçatan olmalıdır».1

Başqa bir hüquq pozuntusu isə 500-dən yuxarı bal toplayan abituriyetlərin bəzi ixtisaslara ödənişli bölməyə qəbul olunmalarıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət mad­di vəziyyətindən asılı olmayaraq istedadlı gənclərin ali təhsilinə də zəmanət verir.2 Əlbəttə, TQDK plan və musabiqə prinsipindən çıxış edir. Amma bizə elə gəlir ki, «İsdedadlı gənc» anlayışının təfsiri veril­məli və ixtisasından asılı olmayaraq, müəyyən bal həddini keçən abituriyentlər Konstitusiyada müəyyənləşdirilmiş müddəadan istifadə etməlidirlər.

Qəbul imtahanının ancaq bir gündə keçirilməsi də müəyyən mənada insan hüquqlarını məhdudlaşdırır. Belə ki, imtahanda iştirak etməli olan on minlərlə abituriyentdən bircə faizi həmin olsa belə və ya özünü pis hiss etsə, yaxud digər səbəblərdən imtahana vaxtında çata bilməsə onlara təkrar imtahan vermək şansı yaradılmadığından hüquqları pozulmuş olur. Bu isə bir yox, iki yox, yüzlərlə, minlərlə abituriyent deməkdir.


* * *
TQDK öz əsas funksiyasını – tələbərərin bilik səviyyəsini yox­lamağı yerinə yetirdikdən sonra «yerləşdirmə» əməliyyatına keçir. TQDK tələbələrin yerləşdirilməsi zamanı iki əsas amildən istifadə edir. Birincisi, qəbul planı, ikincisi, minimum keçid balı. Qəbul planı da verilərkən, müsabiqədə iştirak edəcək abituriyentlərin sayını və bal göstəricilərini irəlicədən nəzərə almaq mümkün olmadığından təxmini mülahizələrdən çıxış edilir. Hər hansı bir ali məktəbdən soruşulsa ki, qəbul planını təklif edərkən hansı arqumentlər nəzərə alınmışdır, məlum olar ki, burada əsas amil sosial sifarişdən daha çox, subyektiv amillər, prestijli ixtisaslara meyl və ali məktəbin öz ənənəsidir, ənənəvi profillərdir.

Amma əslində necə olmalıdır? Əgər bazar iqtisadiyyatının prin­siplərini nəzərə alsaq, ilk növbədə sosial sifarişdən çıxış edilməlidir. Bu və ya digər ixtisas sahəsinə real ictimai tələbatın öyrənilməsi ya so­sioloji tədqiqatlar vasitəsilə öyrənilməli, ya da tələbələrin arzularının statistik yekunu ilə müəyyənləşdirilməlidir. Yəni, hansı ixtisasa eh­ti­yac yoxdur və ya hansı ixtisasa istək çoxdur. Lakin TQDK-nın müsa­biqə prinsipləri bunların heç birini əks etdirmir. Sadəcə, «qəbul planı» deyilən şey rəhbər tutulur. Və bu plan da cəmiyyətin real ehtiyacları əsa­sında deyil, ali məktəbin və ya hansı isə kabinetdə oturmuş mə­murların subyektiv mülahizələri əsasında qurulur.

Nəticədə təhsil cəmiyyət üçün yox, guya təhsil müəssisələri və on­ların rəhbərləri üçün imiş. Əgər cəmiy­yətin inkişaf tenden­siya­ların­dan deyil, ali məktəblərdəki müəllim potensialının mövcud vəziyyə­tindən çıxış olunursa, deməli, biz irəliyə yox, geriyə baxıb düzlənirik.

TQDK tələbələrin müəyyən ixtisas qrupu üzrə yığdığı balları sıraya düzür və ali məktəblərin təqdim etdiyi plandakı yerlər dolana qədər hamını qəbul olunanlar siyahı­sına salır. (Bu əməliyyat çox da mü­rəkkəb olmadığından, yəni buna ali məktəb rəhbərliyin də savadı çatar). Hansı ixtisasa çox adam ərizə veribsə, orada keçid balı yüksək, hansı ixtisasa az adam veribsə, orda keçid balı aşağı olur. Bəzi ali məktəblərin bəzi ixtisaslarına ərizə verənlərin sayı lap az olduğundan, plan dolmur və ya başqa sözlə, müsabiqə əvəzinə açıq qapı üsulu hə­yata keçirilir. Yəni kim ərizə veribsə, biliyi var, ya yox, buyursun, keç­sin. Bu vəziyyətin həddindən artıq absurd olduğunu dərk edən TQDK rəhbərliyi bunu insaflarına sığışdırmayaraq mini­mum bal həddi müəyyənləşdiribdir. Lakin bu minimum hədd neçə baldan ibarətdir? Müxtəlif illəri nəzərdən keçirsək, əlavə qəbul zamanı bu hədd 150 və hətta 100 bal səviyyəsinə düşür. Lakin 150 balın nə demək olduğunu ənənəvi qiymətləndirmə sisteminə (5 bal sistemi) çevirsək, məlum olar ki, bu «1» qiymətindən də aşağıdır. Bəs sovet dövründə ali məktəbə qə­bu­lun minimum həddi necə müəyyənləşib? Hamımızın yaxşı yadın­dadır ki, qəbul imtahanlarında bütün fənlərdən ən azı «3» almaq tələb olunurdu. Beş bal sistemindəki «3» qiyməti isə (daha doğrusu, «2 ya­rım»-dan «3»-ə qədər) 700 bal sistemində 350-420 bala ekvivalentdir.

Ancaq ənənəvi qiymətləndirmə sistemi ilə müqayisə zamanı məlum olur ki, yeni yerləşdirmə qaydasının sistemin əsas fərqi «1» və «2» qiymət alanların da ali məktəbə qəbulunu qanuniləşdirməkdən ibarətdir.

Əvvəlki qaydalara görə abituriyent bütün qalan fənlərdən «əla» alsa da, ancaq bir fəndən «iki» almaqla ali məktəbə qəbul oluna bilmirdi. İndi bu şərt «sıfır» balla əvəz edilibdir. Yəni, əgər planda nə­zərdə tutulan yer dolmayıbsa, o yeri tutmaq üçün hər cür şərait ya­radılır. Başqa sözlə, uşağın biliyi yox, plan əsas amilə çevrilir. Düzü, heç sosializm dövründə də plan bu dərəcədə mütləqləşdirilmə­mişdi. Bütün yerlər boş qalsa da, heç olmasa «üç» ala bilməyən uşaqlar qə­bul edilmirdi.

Mərkəzləşmiş tələbə qəbulu sisteminin bu naqis cəhət­ləri özünü ən çox ilk illərdə biruzə verirdi. Neft Akade­miyasının, texniki uni­versitetlərin çox çətin fakültələrinə abituriyentlərin «yeddi» balla qə­bul olunduğu dövrdən hələ çox keçməmişdir. Paradoksa baxın. Nis­bətən asan fakültələr sayılan humanitar fakültələrə yüksək ballı abi­turiyentlər toplandığı halda çətin texniki fakültələrə ən aşağı ballı abi­turiyentləri yığarkən biz hansı prinsiplərdən çıxış edirdik? O vaxt mü­vafiq dairələr bu vəziyyəti belə əsaslandırırdılar ki, ali məktəblər var, onun müvafiq fakültələri var, burada çalışan professor-müəllim heyəti var, onları işsiz qoyaraq sosial gərginlik yaratmaq olmaz və deməli, bura mütləq tələbə qəbul olunmalıdır. Guya həmin müəllimlərin maa­şı­­nı sadəcə saxlamaq olmazdı və bunun üçün onlara mütləq nə isə bir iş gördürmək, təhsili imitasiya etmək lazım imiş. Beləliklə, təhsilin öz meyarları arxa plana keçmişdi. Bu, dözülməz bir hal idi. Və Azər­baycanda təhsilin bugünkü vəziyyətində həmin bu məntiq də az ca­vab­deh deyil.

Yaxşı ki, sonrakı illərdə bu mövqeyin dövlət başçısının irəli sür­düyü və həyata keçirdiyi ümumi strateji inkişaf prinsiplərinə uyğun gəlmədiyi nəzərə alınaraq tələbə qəbulu sistemində müəyyən islahatlar aparılmışdır. Müsabiqəyə buraxılmaq üçün minimum bal həddi mü­əy­yənləşdirildi. Son illərin praktikasına nəzər yetirsək, müxtəlif vaxt­larda 100, 150 və 200 balın minimum hədd kimi götürüldüyü məlum olur. «İkinci qəbul» deyilən əlavə müsabiqə zamanı planda boş qalan yerlərə daha aşağı ballıların da götürüldüyü istisna olunmur. Təki, plan dolsun.

Əvvəllər, ənənəvi sovet təhsilində «yeganə meyar bilik­dir» prin­sipi rəhbər tutulurdu. Və keçən əsrin 70-ci illərində respublikamıza rəhbərlik edən cənab Heydər Əliyevin məhz biliyin yeganə meyar olması naminə necə böyük səylər göstərdiyi hələ yaddaşlardan silin­məyib. Mərkəzləşmiş test sistemi də ilk növbədə biliyə önəm verir. Lakin bu sistemin bütün çatışmazlıqları «yerləşdirmə» zamanı ortaya çıxır. Əgər plan dolmayıbsa, deməli, 151 ballı və hətta 101 ballı uşağı da qəbul etmək hələ mümkündür. «İkinci qəbul» zamanı minimum keçid balı əyani şöbə üçün 150-yə endiriləndə qiyabi şöbə üçün 100 bal müəyyənləşdirilirdi. Sual ortaya çıxır: Nəyə görə qiyabi şöbədə minimum keçid balı daha aşağı götürülür? Burada qiyabi təhsilin mahiyyətinin nəzərə alınmadığı və tam tərsinə qərar verildiyi göz qa­bağındadır. Bəs əslində necə olmalı idi?

Əslində qiyabi təhsil almaq üçün ancaq xüsusi istedadı, qabi­liyyəti və ixtisas üzrə təcrübəsi olan adamlar seçilməlidir. Heç bir hə­yat təcrübəsi olmayan, hələ heç psixikası da formalaşmamış və üstəlik orta məktəb proqramını da mənimsəməmiş olan 16-17 yaşlı uşaq necə qiyabi təhsil ala bilər? Axı, qiyabi təhsilin əsas şərti dərs proq­ram­larını müstəqil mənimsəməkdən ibarətdir. Bu müstəqilliyin təmin olunması üçün də ilk növbədə yüksək nəzəri və təcrübi bilik və bu­nun­la yanaşı yüksək iradə nümayiş etdirə bilən yetkin şəxsiyyət olmaq tələb olunur. Təsadüfi deyildir ki, sovet dövründə qiyabi şöbələrə ancaq ixtisası üzrə bir neçə il iş stajı olan adamlar qəbul olunurdu. Mərkəzləşmiş test üsulu ilə qəbul isə «plan» meyarından başqa heç bir meyar tanımadığından qiyabi təhsilin bu xüsusiyyətlərini nəzərə ala bilmir. Belə ki, heç olmasa, qiyabi təhsil üçün minimum bal həddini yuxarı qaldırmaq, məsələn, 350-420 bal həddində müəyyənləşdirmək olardı. Bəs onda niyə belə edilmir? Çünki onda «plan» dolmaz?

«Plan» sistemi həm dövlət, həm də özəl ali məktblərdə təhsilin keyfiyyətinə böyük zərbə vurur. Bir tərəfdən, dövlət üzərinə öz funk­siyasına aid olmayan əlavə öhdəçiliklər götürür. Konstitusiyaya görə, dövlət ancaq istedadlı gənclərin ali təhsilinə təminat verdiyi halda, planda boş yer olduqda istedadsızlar da ödənişli şöbələrə düşməklə bu xidmətdən sui-istifadə etmiş olurlar. Digər tərəfdən, müsabiqə böyük olan ixtisaslar üzrə dövlət öz konstitusion borcunu yerinə yetirə bil­mir, çünki hətta 550-600 bal toplamış abituriyentlər də müvafiq ix­ti­sas üzrə ödənişsiz təhsil almaq imkanı qazana bilmirlər. Əvəzində 7 balla (əvvəlki illərdə), yaxud 151-201 balla (son illərdə) pulsuz təhsil almaq imkanı qazananlar olur. Hətta, sadəcə olaraq, əsgəri xidmətdən yayınmaq üçün də dövlətin açdığı bu imkanlardan sui-istifadə edənlər olur.

Özəl təhsil sistemi ilə «plan» sisteminin uzlaşdırılması isə tam bir absurddur. Xüsusən, nəzərə aldıqda ki, dövlət təhsil orqanlarının xü­susi səyi ilə özəl təhsil sistemi nüfuzdan salındığına görə buraya yük­sək bal toplamış abituriyentlər çox nadir hallarda gəlir, tələbə qəbu­lunun meyarı istər-istəməz təhsil haqqı ilə müəyyənləşmiş olur. Özəl ali məktəblərdə əksər ixtisaslar üzrə qoyulmuş planların doldurulması özü bir problemə çevrilir. Nəticədə, 150-200 bal həddini keçmiş istə­nilən abituriyent TQDK-nın möhürlü-surğuclu sənədi ilə özəl ali məktəbdə oxumaq hüququ qazanır. Və bundan sonra çox vaxt rektor­luq ilə abituriyent (valideyn) arasında xoşagəlməz insident yaranır. Valideyn özəl ali məktəbə gələrək uşağının qəbul olduğunu, lakin təhsil haqqını ödəyə bilmədiyini və ya ancaq qismən ödəyə bildiyini bəyan edir. Rektorluq isə TQDK-nın göndərdiyi tələbələr arasından heç olmasa təhsil haqqını ödəyə bilənləri seçməyə çalışır. Bu mərhə­lədə meyar bilik və ya plan yox, pul olur.

102 balla qiyabi şöbəyə «qəbul olunmuş» qaçqın statuslu tələbə bütün instansiyalara müraciət edərək imtahan verib ali məktəbə qəbul olunduğunu, lakin məktəbdə qaçqın uşağından böyük məbləğdə pul istənildiyini bəyan edir. Müvafiq dövlət məmurları isə bu məqamda insafa gələrək özəl ali məktəblərə müraciət edirlər ki, bəs ayıb deyilmi ki, imtahan verib qəbul olmuş qaçqın uşağına güzəşt edilmir? Ol­duqca xoşagəlməz bir situasiya yaranır.

Belə hallar çox olur. Heç soruşan olmur ki, qəbul müsabiqəsiz keçirilirsə, TQDK-nın verdiyi qəbul əmrinin məğzi nədən ibarətdir? Yuxarıda qeyd etdiyimiz kimi, 350-420 bal «3»ə, 280-350 bal «2»yə ekvivalentdir. Əgər belədirsə, «2» almış abituriyentləri qəbul edib rek­torun üstünə göndərən TQDK-nın bu «yerləşdirmə» siyasəti necə başa düşülməlidir? Məgər uşağın 201 bal aldığını görən rektorluq özü onun savadsız olduğunu anlaya bilmirmi? Lakin bu savadsızlıq arayışı ilə yanaşı «qəbul olmuşdur» hökmünü də abituriyentə verib ali məktəbə göndərməyin mənası nədir?

Əgər belədirsə, özəl ali məktəblər müsabiqəsiz-filansız, imtahan­sız-filansız, «kim pulunu ödəyə bilirsə, gəlsin, oxu­sun» prinispi ilə qə­bul keçirə bilməzmi? Fərq nədən ibarətdir? Belə çıxır ki, savadsız ada­mın əmrini TQDK verəndə qanuni olur, rektor verəndə qanunsuz?!

Əsas məqsəd savadsız abituriyentlərin ümumiyyətlə qəbul olun­maması deyilmi? Axı, onlar savadlı tələbələrin də təhsilinə mane olur­lar. Məgər özəl ali məktəblərin məhz savadlı tələbələr üçün optimal təhsil şəraiti yaratmağa və bunun naminə savadsız uşaqları qəbul et­məkdən imtinaya haqqı yoxdurmu? Yoxsa «özəl» olduğu üçün an­caq pul meyarımı əsas götürülməlidir? Bəs onda ümummilli liderimizin «təhsili biznesə çevirmək olmaz» prinsipinə necə əməl olunsun?

Sual oluna bilər ki, bəs onda TQDK özəl ali məktəblərə necə xidmət göstərə bilər? Cavabı aydındır. Bütün dünyada olduğu kimi, ancaq biliklərin qiymətlən­diril­məsi ilə. Müsabiqənin aparılması və «yer­­ləşdirmə» isə hər yerdə olduğu kimi, bizim ölkədə də ali məktəb tərə­fin­dən aparılsa işin xeyrinə olar. Əlbəttə, test göstəricilərinin ilk növbədə nəzərə alınması təmin olunmaqla.

Özəl ali məktəblər isə dünya praktikasına və mövcud qanun­vericiliyə uyğun olaraq qəbul imtahanlarının keçiril­məsində TQDK-nın xidmətinə müraciət edirlərsə (həm də bu xidmət üçün pul ödə­nilməli olduğu halda, TQDK nə üçün isə bu xidməti ödənişsiz həyata keçirir) bunun ancaq müəyyən bal həddindən yuxarı abituriyentlərin seçilib göndərilməsi məqsədilə edə bilərlər. Yəni minimal bal həddi hər bir ali məktəbin özü tərəfindən müəyyənləşdirilməlidir. Ali mək­təb müsabiqəni özü apararkən, şübhəsiz ki, minimum keçid həddini müəyyənləşdirməkdə də azaddır. Bu hüquq həm özəl, həm də dövlət ali məktəblərinə verilmə­lidir. Minimum keçid balı ali məktəblərin imicinin formalaşmasında da mühüm rol oynaya bilər. Onda az balla tələbə qəbul olunmasının məsuliyyəti də TQDK-nın yox, ali məktəbin öz üzərinə düşər.




Təkliflər

Orta məktəblərdə





  1. Doqquz illik icbari ümumi orta təhsilin həyata ke­çir­ilməsi ilə əlaqədar bütün ərazilərdə məktəblərin məhz doqquz illik proq­ram üzrə fəaliyyətini təmin etmək. Buraxılış imtahanlarını TQDK xətti ilə keçirmək.

a) Müsbət nəticə göstərə bilməyənlərin təkrar oxumasını təmin etmək;

b) Bu sahədə göstəriciləri pis olan məktəblərlə bağlı müvafiq inzibati tədbirlər görmək.



  1. Ümumi orta (doqquz illik) təhsil attestatı almış şagirdlər (mə­zun­lar) üçün təhsilini daha yüksək pillədə – liseylərdə davam etdirməyə şərait yaratmaq.

a) Bu məqsədlə təmaüllü liseylər şəbəkəsi yaratmaq. Belə liseyləri əsasən üç istiqamətdə: humanitar, fizika-riya­ziyyat və kimya-biologiya təmayülləri üzrə təşkil etmək

b) Bəzi məktəblərin, texnikumların və texniki peşə mək­təblərinin bazasından bu məqsədlərlə istifadə etmək.



  1. Liseylərə qəbulu müsabiqə əsasında (TQDK-nın keçirdiyi test­lərin nəticələri əsas götürülməklə) həyata keçirmək.

  2. Liseylərə qəbul olmayanlar üçün altı aylıq və bir illik texniki-peşə kursları təşkil etmək. Bu məqsədlə müvafiq nazirliklər və şirkətlərlə birgə iş planı, layihələr hazırlamaq.

Qeyd: Texniki peşə kurslarının tam orta təhsil vermədiyini nəzərə almaq və ancaq əmək vərdişləri aşılamaq.

  1. Özəl orta məktəblər şəbəkəsinin genişlənməsinə şərait yarat­maq. Onlara yardım və qayğı göstərmək. Məqsədəuyğun layi­hələr olduqda onları icarə haqqı almadan bina ilə təmin etmək.

  2. Bu il orta məktəblərdə buraxılış xeyli azaldığından ali məktəb­lərə qəbul planı da müvafiq nisbətdə azaldılmalıdır. Təəssüflər olsun ki, Təhsil Nazirliyi belə ciddi bir problemi nəzərə almır və əsasən əvvəlkiillərdə kənarda qalmış savadsızlar hesabına qəbul təşkil etmək niyyətindədir. Buna görə də ali məktəbə qə­bul planı ciddi surətdə nəzərdən keçilməli və dövlət ali mək­təblərində ən zəruri ixtisaslar üzrə qəbul keçirilməlidir.



Ali məktəblərdə





  1. Dövlət ali məktəblərinin sayını azaltmaq.

  2. Ali məktəblərdə dövlət təhsil standartlarına uyğun akkre­dita­siya sistemi tətbiq etmək. Lisenziya əsasında təhsil fəaliyyəti ilə məşğul olan, lakin ali təhsil tələblərinə tam cavab verməyən müəs­sisələrə ali təhsil haqqında dövlət diplomu verilməsini da­yan­dırmaq. Belə müəssisələr fəaliyyətini davam etdirsələr də, ancaq öz diplomlarını verə bilərlər.

  3. Hər bir ixtisas üzrə ali təhsil standartlarını mərkəzləşdirilmiş qay­dada təşkil etmək. Başqa sözlə, dövlət imtahanlarını mər­kəz­ləşmiş qaydada testlərlə aparmaq.

  4. İndiki TQDK-nın statusunu dəyişmək. Onu biliklərin qiy­mətləndirilməsi komissiyasına çevirməklə qəbul zamanı oldu­ğundan daha çox buraxılış zamanı yoxlamalar aparmaq.

Qeyd: Buraxılış imtahanlarını mərkəzləşmiş qay­­dada təşkil etməyən müəssisələr ancaq öz dip­lomlarını verə bilərlər.

  1. Eyni ixtisaslar üzrə kadrlar hazırlanmasında təkrarçılığı mini­muma endirmək.

  2. Yüksək ixtisaslı müəllimlərin sayının azlığını nəzərə alaraq bəzi ixtisaslar üzrə mərkəzləşmiş təhsil sistemi yaratmaq.

  3. Ödənişli təhsildən daxil olan vəsaitin ancaq on faizini cari xərc­lər üçün saxlamaqla büdcəyə daxil olmasını təmin etmək. Və büdcədən hər bir ali məktəbin real xərclərinə uyğun pul ayır­maq.

  4. ƏDB-nin təhsil sistemində qeyri-qanuni tətbiqini dayan­dır­maq.

  5. İxtisaslara uyğun olaraq ali məktəblərin və fakültələrin ma­liyyə­ləşdirilməsi üzrə xüsusi tədqiqat aparmaq və tariflər mü­əy­yənləşdirmək.

  6. Magistratura səviyyəsində kadr hazırlığında mərkəzləşdirilmiş sistemə keçmək. Yəni hər ixtisas üzrə ancaq bir dövlət ali mək­təbində və bir özəl ali məktəbdə kadr hazırlamaq.

  7. Regionlarda magisğtraturanı ləğv etmək.


Texniki-peşə və orta ixtisas məktəbləri





  1. Texniki-peşə kurslarının təhsilli fəhlələrə ehtiyacı olan sahə na­zirliklərinin, şirkətlərin və böyük miqyaslı xüsusi müəssisələrin nəz­dində açılmasına və həmin müəssisələr tərəfindən maliyyə­ləş­dirilməsinə nail olmaq.

  2. Tam orta təhsil verən texniki-peşə məktəblərini və liseylərin ləğv etmək. Onların bazasında məslək liseyləri və ya orta ix­tisas liseyləri açmaq.

  3. Orta ixtisas təhsili şəbəkəsini də imkan daxilində sahə na­zirlikləri və şirkətlərlə müqavilə əsasında təşkil etmək.



1 İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt. Maddə 13, ikinci bənd. Bax: Bu kitab, səh. 593.

2 Azərbaycan Respublikasının Konstitusiyası. 42-ci maddə, IV bənd, B., 2004, səh. 13.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə