Uşağın təlim tərbiyyəsi və maariflənməsində ananın rolu




Yüklə 38.77 Kb.
tarix28.04.2016
ölçüsü38.77 Kb.
Uşağın təlim tərbiyyəsi və maariflənməsində ananın rolu

Ananın təlim-tərbiyədə oynadığı rol danılmazdır. Ana bu baxımdan rəhbərlik və bələdçilik məsuliyyətini daşıyır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla da onun gələcəyini, habelə gələcək cəmiyyəti qurmalıdır.

Yaradılışın əbəs olmadığını düşünmək və həyata qarşı ümidvar olmaq təlim-tərbiyə və maariflənmənin ən böyük səmərələrindəndir.

Aydındır ki, bu ağır məsuliyyətin öhdəsindən gəlmək üçün ana özü də maariflənməli və başqalarının təcrübələrindən istifadə etməlidir. İslam dininin əxlaq, ədəb-ərkan (etika-estetika) və müxtəlif yaş dövrünə müvafiq təlim-tərbiyyə üsulları dərc edılən mötəbər kitablardan faydalanmaq bu işdə sizə böyük kömək göstərər.

Gələcək nəslin formalaşmasında ana, əsas aparıcı qüvvədir və uşaq ailə və cəmiyyətdə davranışın ilkin təlimlərini anadan öyrənir. Habelə, cəmiyyətdə qarşılıqlı anlaşma və fikirlər mübadiləsi üçün yaranan danışıq dilini hər bir uşaq öz anasından öyrənir. Ananın ağuşunda boya-başa çatan uşaq, özünəxas düşüncəyə yiyələnir və təbii ki, gələcəkdə bu düşüncələri müdafiə etməyə səy göstərir. Bütün bunlarda müvəffəqiyyət əldə etmək isə düzgün təlim-tərbiyəyə bağlıdır. Başqa sözlə, ananın düzgün təlim-tərbiyəsi övladının səadətinə, yanlış təlim-tərbiyə isə sonrakı peşmançılığa bais olur. Dünyaya yeni göz açan körpəyə hamıdan yaxın və daim onunla ünsiyyətdə olan onun anasıdır. Ana uşağın maddi ehtiyaclarını təmin etməklə yanaşı onun ruhuna və hissiyyatlarına da birbaşa təsir göstərir. Həqiqətdə uşağın həm cisminin, həm də ruhunun sağlam inkişafı ananın varlığına bağlıdır. Yəni ananın uşaqla daim təmasda olması onun inkişaf və kamilliyinin ilk amilidir. Bu ünsiyyət sayəsindədir ki, gələcəkdə cəmiyyətə ayaq basan uşaq həmtayları ilə ünsiyyət yaratmağı bacarır. Uşağın cəmiyyətlə tanışlığında da ilk vasitəçi anadır. Bir çox qərb psixiatorları, o cümlədən Spirts ana qayğısının uşağın həm cismi, həm də zehni inkişafindakı əhəmiyyətini vurgulayır. O ananın ağuşunda böyüyən və ana qayğısından uzaq düşən uşaqlar üzərində apardığı müşahidələrdən sonra belə qənaətə gəlir ki, birinci dəstədən olan uşaqlar cismi və zehni inkişaf, o cümlədən fərdi və ictimai şəxsiyyət kimi formalaşmaq baximindan ikinci dəstədəki uşaqlardan üstündürlər.

Əziz İslam peyğəmbəri həzrəti Məhəmmədin (s.ə.v.s.) “Məhəccətül-bəyza” adlı kitabda dərc edilən hədislərindən də aydın olur ki, ana övladına olan məhəbbətini atadan daha çox büruzə verir və o, uşağını boya-başa çatdirmaq üçün daha çox fədakarlıq göstərir. (Möhsin Feyz Kaşaninin “Məhəccətül-bəyza” kitabı, 3-cü cild, 435-ci səh.)

İmam Zeynül-abidin (ə.s.) da ananın övladı üçün çəkdiyi bir çox zəhmətləri sadalayaraq buyurur: “Allah tofiq verməsə heç kim ananın çəkdiyi zəhmətlərin əvəzini qaytara bilməz.” (Məhəmməd Məhəmmədi Reyşəhrinin “Mizanül-hikmət” kitabı, 3-cü cild, 712-ci səh.)

Ailə uşaqların təlim-tərbiyə ocağıdır və bu məqsədə çatmaq üçün ata və ana ailədə əlverişli şərait yaratmalıdırlar. Uşağın şəxsiyyəti ailədə formalaşır. Bir-birilə əlaqədar olan amillər, o cümlədən irsiyyət, xarici görkəmlə yanaşı uşağın şəxsiyyəti və xüsusiyyətləri üzərində də böyük təsirlər qoyur. İrsiyyətin fərd üzərində qoyduğu təsirlər şəraitdən asılı olaraq müxtəlif ölçülərdə təzahür olur. Məsələn, bəzən irsiyyətin bəxş etdiyi müəyyən istedadlar şərait nəticəsində ya çiçəklənir, ya da məhv olub aradan gedir.

Müqəddəs İslam dinində ata və ananın boynuna düşən bu ağır məsuliyyət, yəni övladın təlim-tərbiyəsi, təkidlə bəyan olunmuş və bu sahədə lazımi tövsiyələr kitablarda qeydə alınmışdır. İmam Səccad (ə.s.) buyurub: “Övladın valideyn üzərindəki haqqı bunlardır: (Ey valideyn,) bil ki, bu uşaq sənin vücudundan yaranıb və onun həm yaxşı, həm də yaramaz əməlləri səndən asılıdır. Həmçinin bil ki, ataliq məsuliyyəti və hökmranlığına görə səndən hesabat alınacaq. Sən övladını gözəl əxlaq və ədəb ərkana yiyələndirməli, böyük Allahı ona tanıtdırmalı və Allaha itaət və ibadət etməkdə ona yol göstərməlisən!

(Ey valideyn,) övladına tərbiyə verdikdə özünü də unutma; vəzifəsini tanıyan bir ata ol! Bil ki, övladına xidmət göstərsən, Allah-taala dərgahında savab qazanacaqsan. Amma əgər öz köməyini ondan əsirgəsən, əzaba düçar olacaqsan!” (MəhəmmədTəqi Fəlsəfinin nitqi, 18-ci çapı, Tehran, İslam maarifi nəşriyyatı heyətı, 1367-cı hicri-şəmsi ili, “Uşaq irsiyyət və tərbiyyə baxımından”, 2-ci hissə 3-cü səh.)

Təlim-tərbiyə elə uşaqlıq çağlarından başlanır. Azyaşlı uşaq valideynlərinin, həmçinin ailədə yaşda özündən böyük baci-qardaşının rəftarlarını təkrar edir. Şəxsi rəftarlar isə tabe olduğu dinin buyruqları və milli adət-ənənənin təsiri altinda formalaşır. Sözsüz ki, hər bir millətin və məntəqənin özünəxas milli adət-ənənəsi və tərzi-təfəkkürü var və bunlar nəsildən nəslə ötürülür. Ata-ana da bu millətin nümayəndəsi kimi bu adət-ənənəni mənimsəyir və övladlarına ötürür. Məsələn, böyüklərlə davranış qaydaları, toy və yas mərasimləri, xöşbəxtlik və bədbəxtlik, həyat və ölüm anlayışlarını təhlil etmək və s. bu kimi göstəricilər müəyyən bir mədəniyyəti təşkil edir. Bir qədər öncə irsiyyətin uşaq şəxsiyyəti üzərində təsir qoyduğunu vurğuladıq. Milli adət-ənənə isə uşaq şəxsiyyətinin formalaşmasında başqa bir amildir.

Əsassız inanclar və xurafatlar, ətrafdakılara qarşı laqeydlik, cəmiyyətdə nizam-intizam pozuntuları və qanunsuzluq, əhalinin ölkə ərazisində düzgün paylanmaması, dinə qarşı inamsızlıq ictimai mədəniyyət üzərində mənfi təsir qoyan amillərdir. Cəmiyyətə qoşulan gəncə mütləq bu mənfi amilləri xatırlatmaq lazımdır. Şübhəsiz ki, ictimaiyyət ayrı-ayrı ailələrdən, ailə isə ayrı-ayrı fərdlərdən təşkil olur və ictimaiyyətdə mövcud olan əngəllər elə ailələrdən qaynaqlanır. Sizcə nizam-intizamsız, ayrıseçkiliklərə yol verilən, daim ailə üzvləri arasında çəkişmələr baş verən bir ailənin yetirdiyi uşaq hansi tərbiyənin və mədəniyyətin sahibi ola bilər?! Yəqin ki, göz açıb gördüyü tərbiyənin!

Xülasə, təlim-tərbiyyənin təməli ailədə qoyulur.

Təlim-tərbiyəyə təsir göstərən amillərdən biri də ailənin mənsub olduğu ictimai kütlə və həmçinin yaşadığı məntəqədir. Müşahidə etdiyiniz kimi ali təhsilli ailələrlə cavadsız ailələr, varlı ailələrlə yoxsul ailələr və şəhərdə yaşayan ailələrlə kənddə yaşayan ailələr arasında təlim-tərbiyə və etika-estetika baxımından fərqlər mövcuddur.


Uşağın cəmiyyətdə fəal olmasında ananın təsiri


Tanınmış sosioloq Parsonzun nəzərincə ictimai olmaq, yaşadığı mühitə hakim olan mədəniyyətə yiyələnməkdir. Başqa bir tərifə əsasən isə ictimai olmaq ictimaiyyətdə mövqe tutmaq üçün bir sıra rəftarlar və məharətlərə yiyələnməkdir. Uşağın ictimai bir fərd kimi yetişməsində ana hansı təsirləri qoya bilər?

Hər bir millətin danışıq dili onun mədəniyyətini, etika-estetikasını və psixologiyasını nümayiş etdirir. Uşaq ana dilini anasindan öyrənir və bu vasitə ilə öz istəklərini və digər məsələləri bəyan edir. Bu səbəbdən də danışıqda ara sözləri və təhqiramiz ifadələrdən, kinayələrdən istifadə etmək olmaz.

Ana uşağı ətraf aləmlə tanış etmək üçün bu barədə məlumat verən kitablardan, şəkillərdən, sənədli filimlərdən istifadə edə bilər. Uşağın yad mədəniyyətə meyilli olduğunu müşahidə edən ana təmkinli olmalı, bir mədəniyyətin mənfi və müsbət cəhətlərini araşdırmadan dərhal onu təsdiq və ya inkar etməməlidir.

Uşağa verilən təlimlər tamamilə aydın olmalıdır ki, uşaqda tərəddüd yaratmasın. Yəni, uşağa verilən hər bir təlimin səbəbini və səmərəsini ona izah etmək lazımdır. Həmçinin uşağın zehninə həkk olan təlimləri viran edib, onları yeniləmək olduqca çətin işdir.

Unutmayın ki, həmişə mülayimliklə uşağı tərbiyələndirmək təsirli olmur. Bəzən lazımi cəza tədbirlərindən istifadə etmək, bəzən də uşağı müəyyən bilikləri öyrənməyə vadar etmək lazımdır. Uşağı maraqlandıran suallara isə onun düşüncə səviyyəsinə uyğun cavab verilməlidir.

Ananın vəzifəsi böyükdür. Umumi anlayışları və yenilikləri övladına izah etmək, adət-ənənələri qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəni çərçivəyə salmaq və s. kimi məsuliyyətlər ananın öhdəsinə düşür. Xatırladaq ki, televiziya verilişləri uşaqlara böyük təsir göstərir. Demək olar ki, bütün uşaqlar elə kiçik yaşlarindan televiziya verilişlərini izləməyə həvəs göstərir və orada gördüklərini heç bir qeyd və şərtsiz qəbul edirlər. Nəticədə də onların əksər rəftar və düşüncələri televiziya tamaşalarının məhsuludur. Əgər uşağı tərbiyələndirməkdə müsbət nəticələr əldə etmək istəyirsinizsə gərək uşağa özünə uyğun televiziya verilişlərinə seyr etməyi icazə verib, ona nəzarət edəsiniz.

Ana həmçinin uşağa gündəlik vəzifələrini tanıtdırmalı, onu dünya məntəqələri və şəhərləri, müasir yazıçıların əsərləri, qəzetlər və jurnallar ilə tanış etməli, xüsusilə də hər bir şeydə müşahidə edilən “səbəb və nəticə” qanununu ona izah etməlidir.

Təhsil də təlim-tərbiyədə və şəxsiyyətin formalaşmasında rol oynayan amillərdəndir. Əgər ana uşağın təhsilinə ciddi yanaşmasa sözsüz ki, cəmiyyətə savadsız bir insan təhvil verəcəkdir. Uşaqlar günün yarı hissəsini təhsil ocaqlarında, yəni məktəblərdə keçirirlər. Başqa sözlə desək, onlar cəmiyyətə qoşulurlar. Məktəblərdə tədrislə yanaşı uşaqlara cəmiyyətdə davranış qaydalarını və milli adət-ənənələri də öyrədirlər.

Uşaq ən çox ana ilə ünsiyyətdə olduğu üçün onun rəftarlarını və danışıqlarını təkrar edir. Deməli, cəmiyyətdə mədəniyyətin böyük hissəsi ana əməyinin məhsuludur.

Bir sözlə ana uşaq üzərindəki nüfuzu ilə onun formalaşmasında böyük rol oynayır. Ana övladını xeyirxahlığa və bədxahlığa sövq etdirir. O, bəyənilən və ya yaramaz əməllərin toxumunu uşağın qəlbinə səpir.



Ana övladı üçün örnəkdir

Uşaq anasinı hər bir cəhətdən özünə örnək hesab edir. Yəni, ana övladına bir davranış və şəxsiyyət nümunəsidir. Ailəyə qarşı laqeyd, bədrəftar, hər xırdalığa görə özündən çıxan və bir sözlə dözülməz xasiyyətdə olan ana sizcə ədəb-ərkanlı və dolğun şəxsiyyətli bir övlad yetişdirə bilərmi? Ananın bütün rəftarları - evin idarəçiliyi, səbir və hövsələsi, gözlənilməz hadisələrlə üzləşməyi, Allaha inam və ibadəti, hətta geyimi və s. uşaq üçün nümunədir. Məsələn, ana, əgər Allaha ibadətə ciddiyət göstərib, onu vaxtında, bəyənilən məkanlarda, dəqiqliklə icra edərsə, şübhəsiz ki, övladı da bu mədəniyyəti mənimsəyəcəkdir.


Məktəb və həmyaşıdların qoyduğu təsirlər
Dost və həmsöhbətin yoxluğu uşaq və yeniyetmələr üçün böyük bir müsibət sayılır. Amma övladımızın ədəbsizliyi və ya yadlara məxsus mədəniyyəti yamsılayan uşaqlarla ünsiyyətdə olması daha böyük müsibətdir. Yenə də valideynlərin, xüsusilə də ananın vücuduna ehtiyac duyulur. Valideynlər bilməlidirlər ki, övladları yaramaz uşaqlarla dostlaşdığı vaxt dərhal onların dostluğuna tənə vurmamalıdırlar. Onların mənfi cəhətlərini izah edərək, uşaqlarını onlardan uzaqlaşdırmalı və eyni zamanda əsl dostun sifətlərini bəyan etməlidirlər. Xülasə, dost seçməkdə uşağa yol göstərib, kömək etmək ananın üzərinə düşən məsuliyyətlərdəndir. Bir daha qeyd edirik ki, bu iş, çox mülayimliklə həyata keçirilməlidir. Dostluq əlaqələri qurulduqdan sonra bu dostluğa nəzarət etmək də önəmlidir. Dostlar adətən yaxın olmaq üçün bir-birinin rəftarlarını təkrar edir, bildiklərini –istər faydalı, istərsə də, zərərli məlumatları- bir-birinə çatdırmağa səy göstərirlər.

Müqəddəs İslam dinində bildirilir ki, təhsil almaq üçün uşaqları etibarlı və ləyaqətli müəllimlərə tapşırmaq övladın valideyn boynunda olan haqqıdır. Nizam-intizama xüsusi diqqət yetirən və təhsilə ciddi yanaşan məktəbin məsul işçiləri və müəllimlər, uşaqların taleyində müsbət iz qoya bilərlər. Odur ki, valideynlər, xüsusilə də ana – çünki əvvəla ana, uşağa atadan daha çox yaxın olur, ikincisi, əksər analar evdar olduqları üçün, uşaqlara daha çox vaxt ayırmaq imkanına malikdir - övladını hansı məktəbə yolladığını və hansı müəllimlərin əlinə tapşırdığını araşdırmalıdırlar. Məktəbin məsul işçiləri, müəllimləri, hətta xadimələri nümunəvi xüsusiyyətlərə malik olmalıdırlar; çünki məktəb uşaqların ikinci evidir. Onlar, məktəbdə doğruluğu, həmçinin pisi yaxşıdan, düzü əyridən seçməyi, həqiqi və faydalı azadlığı, həyata hakim olan bir sıra qanunları və şərəfli və dəyanətli həyat yolunu seçməyi öyrənməlidirlər. Həmçinin təhsil ocaqlarında ətrafdakı insanlarla - ata, ana, dostlar, həmyaşıdlar və s.- davranış və etika-estetika qaydaları təlim olunur.


Ananın övladı üzərindəki təsirlərin məcmuəsi

Ananın uşaq üzərində qoyduğu təsirləri bu üç məcmuədə cəmləşdirmək olar:



  1. Ana öz nümunəvi xüsusiyyətləri və rəftarları ilə övladının təlim-tərbiyyəsi və kamilləşməsi üçün münasib şərait yaradır.

  2. Ana övladı üçün örnəkdir və övladı onun hər bir hərəkətini eynilə təkrar edir.

  3. Ana müəyyən rəftarları təkrar-təkrar yerinə yetirməklə övladını bu rəftarları mənimsəməyə yönəldir.

Əvvəldə qeyd etdiyimiz kimi uşağı tərbiyələndirmək və maarifləndirmək üçün ana da bir çox bilgiləri əldə etməli və davranışında əxlaqi normalara riayət etməlidir. Aşağıdakı tövsiyyələr bu işdə anaya kömək göstərə bilər:

  1. Ana övladının həm evdə, həm də evdən xaricdəki davranışına göz qoymalidir. Onun dostlarını tanımalı, onlarla olan söhbətindən və raftarlarından müəyyən qədər agah olmalıdır.

  2. Ana uşağının yol verdiyi səhvləri nəzərə almalı və onların islahı üçün səy göstərməlidir.

  3. Ana uşağının rəftarlarındakı məqsəd və istəyi müəyyənləşdirməklə onları sabitləşdirə və ya islah edə bilər.

  4. Ana bəzən uşaqla həmfikir və həmdərd olmaq və ümumiyyətlə mülayim davranmaqla onunla dostlaşa bilər. Bu yolla da övladının hər bir işindən xəbərdar olub, kənardan olan mənfi təsirləri zərərsizləşdirə bilər.


Son söz

Sonda bu nəticəyə gəlirik ki, evdarlıq və evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olmaqdan öncə qadının ən mühüm vəzifəsi analıq vəzifəsi və övladının təlim-tərbiyəsidir.

Qadın istər bir ana, istərsə də cəmiyyətin bir nümayəndəsi kimi milli və dini mədəniyyəti uşaqlara ötürür. Ananın maariflənməsi və elmi mütaliələri sayəsində uşağın qarşılaşa biləcəyi əngəllər aradan qaldırıla bilər və onlar bəyənilən bir tərzdə böyüyüb, kamilləşərlər. Bilməliyik ki, qarşılaşdığımız çətinliklərin çoxu həyatdakı vəzifələrimizi unutduğumuz və ya yetərincə yerinə yetirmədiyimiz üçün meydana çıxır.

Ana bir tərəfdən özü övladı üçün bir örnəkdir, digər tərəfdən də onu istədiyi örnəklərə tərəf yönəldə bilər.

Hər bir yaş dövrünün özünəməxsus tərbiyə üsuları mövcuddur və hər bir məsuliyyət daşıyan ana bu üsulları bilməli və həyata keçirməlidir.

İndi tez-tez eşidilən “mədəniyyət” anlayışı və bu anlayış altında zehnlərə yeridilən təlimlər görəsən hansı dərəcədə azərbaycan milli və dini adət-ənənələrinə uyğundur?! Dünya ölkələrinə səyahətlərin asanlaşması və kütləvi informasiya vasitələrindən geniş istifadələr sayəsində müxtəlif millətlərin mədəniyyəti bir-biri üzərində dərin təsirlər qoyur. Aydın məsələdir ki, hər bir mədəniyyətin üstün cəhətləri olduğu kimi, xürafələr, ağla sığmayan mövhumatlər, insani dəyərləri kölgədə qoyan yanlış təlimlər və rəftarlar və s. bu kimi mənfi cəhətləri də vardır. Bunları bir-birindən ayırd etmək üçünsə böyük diqqət və geniş məlumat tələb olunur. Bütün bunları qeyd etməkdə məqsədimiz budur ki, ana ilk öncə özü diqqətli olub səhv təlimlərə uymamalı, daha sonra övladının təlim-tərbiyyəsi ilə məşğul olmalıdır.

Qərb sosioloqu Parsonz irəli sürdüyü “Qadın və kişi cinsləri əsasında ailə məsuliyyətlərinin bölünməsi” mövzusunda belə deyir: “Ailədə məsuliyyətlərin bölüşdürülməsi, onun idarə olunması və davamına kömək edir. Bu əməlin də səmərəsi ailədə ğöz açıb böyüyən bir uşağın ictimai fərd kimi formalaşmasıdır.

Onun nəzərincə kişi ailədə müdir vəzifəsini daşıyır və eyni zamanda ailənin maddi ehtiyaclarını təmin etmək onun öhdəsindədir. Kişinin ailədəki iqtisadi rolu və onun qazanc əldə etməyi, ailənin davamı üçün ən önəmli amillərdən biridir. Qadın isə evdarlıqla və uşaqlarla məşğul olmalıdır. Belə iş bölümü nəticəsində kişi vaxtın çoxunu evdən xaricdə keçirdiyi üçün ev işlarində qadına az köməyi dəyir və demək olar ki, evin daxili məsuliyyəti qadının öhdəsinə düşür. Həmçinin ailə üzvləri arasında mehr-məhəbbət yaratmaq da ananın vəzifələrindəndir.



Deməli, uşaq atadan daha çox ana ilə birgə vaxt keçirdiyi üçün, ananın təsiri onun üzərində daha böyükdür.

Son söz olaraq qeyd edirik ki, hər bir ana, insaniyyətin ali hədəflərini övladına bəyan etməli, azad düşünməyi ona təlim etməli və onu Allah yolunda addımlamağa yönəltməlidir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə