Tüncər CÜCƏNOĞLU




Yüklə 327.23 Kb.
səhifə1/2
tarix22.04.2016
ölçüsü327.23 Kb.
  1   2

Tüncər CÜCƏNOĞLU




U Ç Q U N

(İki hissəli pyes)



cucenoglutuncer@gmail.com

tcucenoglu@hotmail.com
http://www.tuncercucenoglu.com/

İŞTİRAK EDƏNLƏR





Y a ş l ı q a d ı n


- 70 yaşında, canısulu və diribaşdır, amma özünü elə göstərir ki, güya, yeriməkdə çətinlik çəkir.

Y a ş l ı k i ş i

- 80 yaşında, çəliklə yeriyir.

G ə n c q a d ı n

- 18 yaşında, hamilədir.

G ə n c k i ş i

- 20 yaşında.

K i ş i

- 50 yaşında.

Q a d ı n

- 45 yaşında.

Ə v ə ç i (m a m a ç a, a r a h ə k i m i)

- 40 yaşında.

B a ş h a k i m

- 75 yaşında.

Q a d ı n h a k i m

- 70 yaşında.

K i ş i h a k i m

- 60 yaşında.

B i r i n c i m ü h a f i z ə ç i

- 35 yaşında.

İ k i n c i m ü h a f i z ə ç i

- 35 yaşında.

BİRİNCİ HİSSƏ


Hər tərəfi dağlarla əhatəli kiçik bir kənddə birmərtəbəli ev. Evin damından və pəncərələrindən buz salxımları sallanıb.

Böyük otağın divarından sökülmüş iki tüfəngin lülə və qundaqları bir-birindən xeyli aralı, simmetrik şəkildə asılıb.

Sol tərəfdə bir otaq var.

Ortalıq böyük salondan ibarətdir. Salondan digər bir otağa qapı açılır.

Salonda soba var. Sobanın yanında səliqə ilə üst-üstə yığılmış odun parçaları görünür. Yerə kilim döşənib. Divarlardan kiçik ölçülü xalçalar asılıb. Bunlardan başqa, salonda davul, nağara və toxmaq var – sanki səs çıxaracaqları anı gözləyirlər…

Sol tərəfdə G ə n c q a d ı n və G ə n c k i ş i yataqlarında yatıblar.

Y a ş l ı q a d ı n sobaya yaxın bir yerdə – yatağında uzanıb, gözlərini tavana zilləyib yarıyuxulu halda mürgüləyir. Yanında əri- Y a ş l ı k i ş i ölü kimi yatıb.

K i ş i və Q a d ı n sağ tərəfdəki otaqda yatıblar. Otaqlar bir–birindən real yox, xəyali divarlarla ayrılıb. Tam bir sakitlik hakimdir. Hər şey yavaş templə göstərilən filmlərdəki kimidir. Hamı yavaş səslə – fısıltı ilə danışır. Bu, bütün əsər boyu beləcə davam edəcək – hiss olunur ki, personajlar yüksək səslə danışmağa qorxurlar…

Gün yavaş-yavaş ağarmaqdadır.

Nə bir it, nə bir xoruz səsi eşidilməkdədir.

Gün ağardıqca, salonu və otaqları qeyri-adi bir aydınlıq bürüyür.

Y a ş l ı q a d ı n oyanır və hamının yatdığından əmin olduqdan sonra yatağından çıxır, tualetə gedir, bir müddətdən sonra oradan qayıdıb mətbəxə girir, nəsə götürüb tez-tez yeyir, eyni zamanda, ətrafa göz gəzdirir ki, nə etdiyini görən olmasın.

G ə n c q a d ı n üz-gözünü bürüşdürə-bürüşdürə yatağında azca dikəlir. Hiss olunur ki, sancılanıb. O həm də tərəddüd içindədir – ərini oyatsın, ya oyatmasın? Səssizcə yatağından qalxır. Hamilə olduğu görünür.

Y a ş l ı q a d ı n G ə n c q a d ı n ı n gəldiyini hiss edir və elə yemək ağzında yatağına girir. Özünü yatmış kimi göstərir. Hətta G ə n c q a d ı n ona qulluq göstərsin deyə, yorğanı üstündən azca yerə salır.

G ə n c q a d ı n səssiz-səssiz yeriyir, əvvəlcə salona, oradan da tualetə keçir.

Y a ş l ı q a d ı n gözucu G ə n c q a d ı n a baxır.

G ə n c q a d ı n bir müddətdən sonra salona qayıdır. Rahatlanmış kimi görünür. Y a ş l ı q a d ı n ı n yatdığını zənn edib, üstünü örtür, sonra otağına keçir. Y a ş l ı q a d ı n bir yandan istədiyinə nail olmuş adam kimi xoşbəxt görünür, bir yandan da ağzındakıları çeynəyir.

G ə n c q a d ı n yatağına uzanır.

Bu dəfə K i ş i yatağından qalxır, salona gəlir və eşiyə çıxır.

Y a ş l ı q a d ı n yenə yorğanın yarısını yerə salır və özünü yatmış kimi göstərir.

Bir müddətdən sonra K i ş i qayıdır, Y a ş l ı q a d ı n ı n üstünü örtür, otağına keçir və yerinə girir.

Y a ş l ı q a d ı n gözlərini açır, sağa-sola boylanır və düşüncələrə dalır.

G ə n c q a d ı n yatağında qıvrılır, azca dikəlir, hiss olunur ki, yenə sancısı tutub.

G ə n c q a d ı n (ərini dürtmələyərək). Qalx.

G ə n c k i ş i (yuxulu halda). Nə olub?

G ə n c q a d ı n. Qarnım… Ağrıyır…

G ə n c k i ş i. Tualetə get.

G ə n c q a d ı n. Getdim.

G ə n c k i ş i. Nə oldu?

G ə n c q a d ı n. Keçdi… Amma indi təzədən başladı… Qorxuram.

G ə n c k i ş i (inamsız halda). Nədən?

G ə n c q a d ı n. Nə bilim...

G ə n c k i ş i. Qorxma… Görünür, soyuqlamısan. (Narahat halda) Başqa nə ola bilər ki? (Pauza.) İndi necəsən?

G ə n c q a d ı n. Keçib getdi.

G ə n c k i ş i. Deyirəm də... Qorxulu heç nə yoxdu…

G ə n c q a d ı n. Bir an… elə bildim sancım başlayıb…

G ə n c k i ş i. Elə şey olar?

G ə n c q a d ı n. Bəs, onda bu nədi?

G ə n c k i ş i. Qazla sancını qarışdırırsan.

G ə n c q a d ı n. Qarnımı təpiklədi… İndi də təpikləyir…

G ə n c k i ş i (əlini arvadının qarnının üstünə qoyur. Xoşbəxt-xoşbəxt gülümsəyir). Çox gözəl! Səbrsizlik eləyir!

G ə n c q a d ı n. Nahaq yerə. Gərək bir neçə gün də gözləyə.

G ə n c k i ş i (arvadının əlindən tutur). Bu qorxuları beynindən çıxart. Vaxtına, ən azı, hələ bir ay var. Buralarda vaxtından əvvəl doğuş heç olmayıb. İnanmırsansa, nənəmdən soruş...

G ə n c q a d ı n. Yox, olub…

G ə n c k i ş i. Kim deyir?

G ə n c q a d ı n. Elə nənən…

G ə n c k i ş i. Görünür, çox-çox əvvəllərdə…

G ə n c q a d ı n. Nə fərqi?

G ə n c k i ş i (əhəmiyyət vermirmiş kimi). Bizim anadan olmadığımız vaxtlarda…

G ə n c q a d ı n. Yazıq qadını diri-diri tabuta qoyublar…

G ə n c k i ş i. Bunları nənəm dedi?..

G ə n c q a d ı n. Hə…

G ə n c k i ş i. Sənə?

G ə n c q a d ı n. Yox… Anana danışırdı, mən də eşitdim…

G ə n c k i ş i. Onlar keçmişdə qalıb… Sən çalış bir az yat…

G ə n c q a d ı n gözlərini yumur. Zorla da olsa, yatmağa çalışır. Hiss olunur ki, indi də

G ə n c k i ş i narahatdır. O, qeyri-ixtiyari, fikir-xəyal içində arvadının saçlarını sığallayır.


G ə n c q a d ı n (gözlərini açır). Birdən gerçəkdən sancım tutsa?

G ə n c k i ş i. Tutmaz…

G ə n c q a d ı n. Niyə?

G ə n c k i ş i. Çünki yaşlılar hər şeyi dəqiq hesablayırlar…

G ə n c q a d ı n. Yəni heç səhv eləmirlər?

G ə n c k i ş i. Yox.

G ə n c q a d ı n. Niyə?

G ə n c k i ş i. Çünki səhv onlara da baha başa gələr. (Pauza.)

G ə n c q a d ı n. Amma sən də bərk qorxdun.

G ə n c k i ş i. Təbiidir.

G ə n c q a d ı n. Onda mənim qorxmağım da təbiidir.

G ə n c k i ş i. Şükür ki, belə bir şey yoxdur… Qar yavaş-yavaş əriyir… Yalaq su ilə dolmayıb… Deməli, vəziyyət hələ təhlükəlidir… Kiçik bir şıqqıltı kifayətdi ki, uçqun olsun, bütün kənd qar altında qalsın… Ikicə gün də gözləmək lazımdır... Sonra atlarımızı, inəklərimizi, qoyunlarımızı, toyuqlarımızı, xoruzlarımızı, üç aylığına da olsa, geri gətirəcəklər. Yenə davullar vurulacaq, tüfənglər atılacaq və sən bağıra-bağıra doğacaqsan… (Gənc qadının saçlarını oxşayır.) Qara zurnanın səsi hətta qocaları da dingildəcək – oynayacaqlar, mahnı oxuyacaqlar. Düz üç ay belə davam edəcək. Sonra ilk qar yağanda camaat yenə at-eşşəyini, mal-qarasını, it-pişiyini, toyuq-cücəsini götürüb kənddən çıxacaq, çünki at kişnəsə, eşşək anqırsa, mal-qara böyürsə, it hürsə, pişik miyoldasa, xoruz banlasa, toyuq qaqqıldasa, qar uçqunu olar… Biz də körpəmizi götürüb gedəcəyik…

G ə n c q a d ı n. Hara?

G ə n c k i ş i. Uzaqlara…

G ə n c q a d ı n. Yazda yenə gələcəyik…

G ə n c k i ş i (pauza). Sənə bir sirr açmaq istəyirəm. (Pauza.) Burdan biryolluq gedəcəyik. Bizdən əvvəlki gənclər kimi. Xoşbəxt bir həyat sürəcəyik – qorxusuz–ürküsüz… Bir də ölümümüzü hiss edəndə dönəcəyik buralara. Eynən böykülərimiz kimi…

G ə n c q a d ı n. Yəni, deyirsən yaz aylarında da gəlməyəcəyik?

G ə n c k i ş i. Sən və oğlumuz yox. Amma mən gələcəyəm. Burda qalanların qış azugələrini – un, şəkər, duz… gətirmək üçün.

G ə n c q a d ı n. Oğlumuz dedin… Nə bilirsən ki, oğlumuz olacaq?

G ə n c k i ş i. Elə-belə dedim… sözgəlişi…

G ə n c q a d ı n. Amma mən də səninlə gəlmək istəyirəm. Atamı, anamı görməyə. Onların ayrılığına dözə bilmərəm…

G ə n c k i ş i. Nədi onları bura bağlayan? Bizimlə getsinlər.

G ə n c q a d ı n. Onda sizinkilər də getsinlər.

G ə n c k i ş i. Bizimkilər getməzlər… Babamla nənəm bura ölmək üçün gəliblər. Onlarla nə işin?.. Öz uşağımız haqqında fikirləş… Qorxusuz-ürküsüz böyüdək… (Gənc qadının yatdığını hiss etmir.) Bir müdriklər müdriki deyib ki, qorxu insan beyninin inkişafına mane olur. Hamımızı dəhşətə gətirən bu qorxunu, axı, nəyə görə uşağımız da hiss etməlidir? Yox, mən buna razı olmaram… (Gənc kişi birdən-birə arvadının yatdığını hiss edir. Yatağından çıxıb səssizcə salona keçir. Yaşlı qadın yenə özünü yatmış kimi göstərir.) Nənə, bilirəm ki, yatmamısan.


Y a ş l ı q a d ı n. Nə olub, yavrum?

G ə n c k i ş i. Dünən anama vaxtından əvvəl uşaq doğanlar haqqında nə danışmısan?

Y a ş l ı q a d ı n (şübhə ilə). Səni niyə maraqlandırır bu?

G ə n c k i ş i. Arvadım bərk qorxub…

Y a ş l ı q a d ı n. Niyə? Onun ki, belə bir işi yoxdu!..

G ə n c k i ş i. Düzdü, yoxdu… Amma çox qorxub… Gənc və təcrübəsizdi… Nəsə, ona yaman təsir edib… Düzü, məni də maraqlandırdı…

Y a ş l ı q a d ı n (xəyala dalaraq). O zaman arvadın kimi gənc idim. Məndən başqa üç qız da vardı. Dördümüzə də bir yerdə möhtəşəm toy elədilər. Amma zifaf üçün, ən azı, dörd ay gözləməli idik… Yaşlılar bunu hamımıza başa salmışdılar… Üçümüz ərimizdən uzaq durmağı bacardıq… Amma dördüncü səhv elədi… Hər axşam əri ilə görüşməyə başladı… Sonra… Sonra uçqun təhlükəsinin keçib getməsinə hələ üç ay qalmış sancısı tutdu… Və sonra da olanlar oldu…

G ə n c k i ş i. Olanlar – yəni nə?

Y a ş l ı q a d ı n. Adət-ənənəyə görə əvəçi çağrıldı. Hər şey aydınlaşdı. Məhkəmə quruldu və qərar verildi. Yazığı diri-diri torpağa basdırdılar…

G ə n c k i ş i. Bəs, əri nə etdi?

Y a ş l ı q a d ı n. Əri? Nə edəcəkdi? Göz yaşı axıtdı… Yalvardı, yaxardı… Hətta məhkəmədən xahiş etdi ki, onu da arvadının yanında diri-diri basdırsınlar…

G ə n c k i ş i. Basdırdılar?

Y a ş l ı q a d ı n. Yox… Axı, adət-ənənədə elə bir şey yoxdu…

G ə n c k i ş i. Zavallı qadın… Bu, insanlığa zidd hərəkətdi…

Y a ş l ı q a d ı n. Amma başqalarının yaşaması üçün lazımdı… Dağların üsütümüzə gələcəyini bilə-bilə…

G ə n c k i ş i. Bəlkə qadının ağzını bağlamaq olardı… səsi çıxmazdı…

Y a ş l ı q a d ı n. Bəs uşağın? Bir də ki, bizim bu cür şeylər fikirləşməyimiz qəti qadağandır. Unutma ki, ən dözülməz adət-ənənə də insanın xoşbəxtliyi üçündür.

G ə n c k i ş i. İnsanın diri-diri torpağa basdırılmasının nəyi xoşbəxtlikdir?

Y a ş l ı q a d ı n. Bunları kim doldurub beyninə? О Ağlın lap azalıb… Olan olub, keçən keçib… «Bir bəla min nəsihətdən yaxşıdır» deyiblər... Bəlkə də bizi əlli ildi xatadan qoruyan elə o ölümdü… (Gənc kişi bir müddət susur, sonra tualetə sarı gedir. Yan otaqdakı Qadın ərini oyatmamaq üçün yatağından sakitcə çıxır, salona keçir Yaşlı qadınla göz-gözə gəlir.)

Y a ş l ı q a d ı n (tualetə işarə edir). Oğlun ordadır.

Q a d ı n. Nə tez oyanmısan?

Y a ş l ı q a d ı n. Acmışam.

Q a d ı n (sanki eşitmir). Bir az da yatmaq lazımdır… (Kişi yatağından çıxıb salona keçir.)

Y a ş l ı q a d ı n (oğlunun gəldiyini görür, amma özünü görməməzliyə vurur). Acdım mən… Acdım!

Q a d ı n. Gözləyirsən ki, hər şeyi mən edim.

Y a ş l ı q a d ı n. Ayaqlarım yer tutsaydı, sənə heç minnət edərdim?

Q a d ı n (bir şey hazırlayıb, Yaşlı qadına verir). Yatağına tökmə!

Y a ş l ı q a d ı n. Nə vaxtsa tökmüşəm?

Q a d ı n. Demirəm ki, tökmüsən, deyirəm ki, tökmə!

Y a ş l ı q a d ı n. Əgər indiyə qədər tökməmişəmsə, demək, yenə tökmərəm.

Q a d ı n. Lüzumsuz yerə mübahisə edirsən!

Y a ş l ı q a d ı n. Sən özün buna şərait yaradırsan.

Q a d ı n. Yaxşı, di nə qədər mübahisə edirsən, et!

Y a ş l ı q a d ı n. Elə şey verdin ki, boğazımdan quru-quru keçmir.

Q a d ı n. Nədi, indi də çay istəyəcəksən?

Y a ş l ı q a d ı n. Yox. Bir az su ver!

K i ş i dayanıb söhbətə səbrlə qulaq asır. Axırda arvadına tərs-tərs baxır.

K i ş i (arvadına) Hələ görüləsi işimiz çoxdu… Gərək hazırlaşaq…

Q a d ı n (onu indi görür). Çoxdan burda dayanmısan?

K i ş i. Hə. Hamını oyat…

Q a d ı n (lap yavaş səslə). Anandan başım açılır ki? (Yaşlı qadın nəvəsinin tualetdən çıxdığını işarə ilə oğluna bildirir.)

Y a ş l ı q a d ı n. Su!


Q a d ı n deyinə-deyinə gedib, Y a ş l ı q a d ı n a su gətirir. Sonra yerə çöməlir, sobanın içərisindəki kösövləri qarışdırır, çaydan yavaş-yavaş dızıldamağa başlayır. K i ş i yaxınlaşıb Y a ş l ı q a d ı n ı n yanağını oxşayır. Y a ş l ı q a d ı n baxışları ilə Q a d ı n d a n oğluna şikayət edir. K i ş i bu baxışları görməyə adət edib, işarə edir ki, işində ol, əmrlərini ver. G ə n c k i ş i gəlir. K i ş i oğluna işarə edir ki, gəlini də yuxudan oyatsın. G ə n c k i ş i yataq otağına keçir və əyilib arvadının saçlarını oxşayır. G ə n c q a d ı n əlini ərinin əlinin üstünə qoyur. Bir müddət beləcə xoşbəxt-xoşbəxt dayanır.
G ə n c k i ş i. İndi necəsən?

G ə n c q a d ı n. Yaxşıyam…

G ə n c k i ş i. Mən sənə dedim də… (Pauza.) O qədər görüləsi iş var ki… Qalxsan, yaxşı olar…

G ə n c q a d ı n yatağından qalxıb, yerini yığışdırır, sonra əri ilə birlikdə salona keçir.

Q a d ı n l a G ə n c q a d ı n yerdə süfrə açarkən, K i ş i və G ə n c k i ş i divardan tüfəngləri götürüb təmizləməyə başlayırlar.

Bir müddət keçir və süfrə hazır olur. G ə n c k i ş i təmizlədiyi tüfəngə güllə qoymaq istəyir,

K i ş i üz-gözünü turşudaraq onu fikrindən daşındırır.

K i ş i. İndi olmaz… Vaxta hələ var…

G ə n c k i ş i. Görəsən, yalaqda su hara qədər qalxıb?..

K i ş i. Tam dolmağına hələ üç barmaq var.


Tüfəngləri eyni qaydada divardan asırlar. Sonra G ə n c k i ş i atasının əlinə su tökür.

K i ş i əl-üzünü yuduqdan sonra məhrəba ilə qurulanır.


G ə n c k i ş i. Yalağa baxımmı?

K i ş i. Ərinmirsənsə, bax.


G ə n c k i ş i səssizcə çıxır. Qadınlar süfrəni qaydaya salıb qurtarırlar.
G ə n c k i ş i (gəlir əli ilə göstərir). İki barmaq yarım qalıb.

K i ş i. Yaxşıdı… Bəlkə də bu gün dolar… Ya da, uzağı, sabah gecə… Tüfənglərimizi də atarıq.

G ə n c k i ş i. İnşallah. Təki bircə tez dolaydı!

K i ş i. Niyə belə tələsirsən ki? Bir-iki gün də gec dolsun… Arxamızdan qovanmı var?


Əvvəlcə K i ş i, sonra da o birilər süfrədə əyləşirlər.
K i ş i (Yaşlı qadına). Kişini niyə qaldırmırsan?

Y a ş l ı q a d ı n. Dedim rahat yeyəsiniz… Ayaqbağı olmasın sizə… Eh, bilmirsiniz onun canında nələr var… Bu yaşında da ələ sığmır… Baxın, görün ki, qurd qocalanda necə olur…

Q a d ı n. Allah bu cür əri dosta qismət eləsin. Hər işini özücə görür.

Y a ş l ı q a d ı n (acı-acı gülümsəyir). Sən elə bil.


Hamı səssiz olmağa cəhd göstərə-göstərə əlini xörəyə uzadır. G ə n c q a d ı n boşalmış fincanlara təzədən çay süzür. Y a ş l ı q a d ı n boşqabındakı xörək qurtaran kimi oğlunu, bəzən də nəvəsini dümsükləyərək təzədən bir də istəyir, amma çox ehtiyatla – çalışır ki, Q a d ı n görməsin.

Bu vaxt Y a ş l ı k i ş i yatağında dikəlir və heç bir məna ifadə etməyən gözləri ilə süfrə arxasında əyləşənlərə baxır.


Y a ş l ı q a d ı n. Gəl. (Yanındakılara) Yer eləyin gəlsin… Gəlsənə…
Qoluna girib süfrəyə tərəf gətirir. Bu işdə K i ş i də ona kömək edir. Y a ş l ı q a d ı n Y a ş l ı k i ş i n i n agzına nəsə dürtmək istəyir. Y a ş l ı k i ş i acı dərman atan adamları kimi üz-gözunu bürüşdürür.
Y a ş l ı q a d ı n (əllərini yuxarı qaldırıb yalvarır). Tanrım! Məni bu hala salma! Vaxtım çatanda – canımı al… səssizcə…

Y a ş l ı k i ş i (güclə eşidiləcək bir səslə). Hamı getdi… Mən də getdim…

K i ş i. Ata, yemək ye.

Y a ş l ı k i ş i. Amma gedənlərin heç biri geri dönmədi… Mən isə döndüm… hər il… yazqabağı… (Pauza.) Qənd, un, duz, buğda gətirdim o biri qış üçün… Qoymadım korluq çəkəsiniz… Sizə heç danışmamağı – susmağı da mən öyrətdim, uçqundan qorunmaq üçün… odur ki, təhlükə sovuşanda camaata müjdə vermək – ilk gülləni atmaq mənim haqqımdır! Bu hər il belə olub! İndi də, gələcəkdə də belə olacaq!

K i ş i. Ata, sən əvvəlcə bir qarnını doyur, sonra danışarsan.

Y a ş l ı k i ş i. Əsil igid dədə-baba ocağına dönməyi, həm də, səs-küy salmağın ləzzətini bilə-belə susmağı bacarandı! Mənim igidliyimə şübhə edən varmı aranızda? (Pauza.) Nə vaxt atacağıq tüfəngi?

K i ş i. Yəqin ki, sabah.

Y a ş l ı k i ş i. Orda-burda məni ləkələməyə, gözdən salmağa çalışırlar. Guya, bura, fillər kimi, ölümümün yaxınlaşdığını hiss edib gəlmişəm.

K i ş i. Ata, fikir vermə, kim nə deyir-desin, bilən bilir ki, sən dədə - baba ocağını sevdiyin üçün dönmüsən.

Y a ş l ı k i ş i (ağlayır). Düzünü desəm, heç mən özüm də bilmirəm ki, bura niyə dönmüşəm… (Ağlayır.) Eh, artıq nə yemək, nə içmək… heç nə ləzzət eləmir mənə… Hətta tüfəng atmaq belə… Rüzgarım əsməz, dişim kəsməz!.. Bu da həyatdı?

Y a ş l ı q a d ı n (öz-özünə). Dişi elə hey kəsdi !.. Rüzgarı da ki, heç dinc durmadı, əsdi, əsdi !.. Birinin qoynundan çıxdı, o birinin qoynuna girdi… (Yaşlı kişiyə) Yeməyini ye, məni dəli eləmə!

Q a d ı n (əsəbi halda, öz-özünə). Bezdirdilər bizi!..

Y a ş l ı k i ş i. Əgər yaşayırsansa, dişin kəsməli və rüzgarın əsməlidir ! Yoxsa…

Y a ş l ı q a d ı n. Rüzgarının əsdiyi günləri çox gördüm! Aləm səfanı çəkdi, mən də cəfanı…

Y a ş l ı k i ş i. Qədir bilməzsən, onda, əlbəttə, cəfa çəkərsən…

Y a ş l ı q a d ı n. Gündə üç dəfə rüzgar… Dalbadal yesən, baldanda çiyrənərsən!

Y a ş l ı k i ş i. Sən çiyrənib itələyərsən – başqaları qamarlayar…

Y a ş l ı q a d ı n. Şükür, Tanrım sənə rüzgarının əsmədiyi günləri də göstərdi. Axır ki, köpün yatdı. Daha heç bir dərdim yoxdu ! (Acıqlı-acıqlı) Çayını iç!.. Çay içmək üçün də diş lazım deyil ki...

Y a ş l ı k i ş i (dikəlir). Arvad, həddini bil! Hər işimə qarışma!

Y a ş l ı q a d ı n. Yaxşı… Onda, öz dərdinə bir az da özün yan !.. Ağla, sızla… Bəlkə rahatlaşasan…


Y a ş l ı k i ş i səssiz-səssiz ağlayır, süfrədəkilər heç nə olmamış kimi, yeməklərini yeyirlər, elə bil, artıq buna adət ediblər… Otaq əməlli-başlı isinib - sanki günəş evin içindədir… Sonra Y a ş l ı k i ş i də çayını içir, yeməyini yeyir və qalxıb tualetə gedir. Q a d ı n və G ə n c q a d ı n süfrəni yığışdırmağa başlayırlar. Y a ş l ı k i ş i tualetdən çıxır və münasib bir yerdə oturur və işarə ilə Q a d ı n d a n siqaret istəyir.
K i ş i. Ver.
Q a d ı n gizlətdiyi siqaretlərdən birini Y a ş l ı k i ş i y ə verir. Y a ş l ı k i ş i siqareti alır – sevindiyi hiss olunur. K i ş i y ə işarə edir ki, siqaretini yandırsın. K i ş i Y a ş l ı k i ş i n i n siqaretini yandırır.
Y a ş l ı k i ş i (siqaretin tüstüsünü ləzzətlə ciyərlərinə çəkir və bir müddət xəyala dalır. Oğluna). Sən əmini görməmisən. Məndən iki yaş böyük idi... Özünə qapalı bir uşaq idi... Heç danışmazdı... Bir gurultu qopacağından – uçqun olacağından hamımız qorxardıq... Amma o daha çox qorxardı... (Otağı göstərir.) Burda yan-yana yatardıq. Bəzən gecələr vahimələnmiş kimi yuxudan dik atılardı... Muncuq-muncuq tər içində olardı. Nə olduğunu soruşardım... Heç nə deməzdi... Eləcə susardı... Amma günlərin bir günü mənə dedi ki, and iç ki, heç kimə heç nə deməyəcəksən, sənə bir sirr açım. And içdim. Yalnız bundan sonra dedi ki, hər şey bir gurultu ilə alt-üst olacaq. Tutaq ki, biz ehtiyatlı olduq, səs salmadıq. Amma bir başqası... bir başqası səhv elədi... Kiçicik bir səhv... Və biz yoxuq! (Pauza.) Qorxurdu... Bərk qorxurdu... Qorxu insanı içəridən gəmirir, məhv edir... Qorxu insanqurdudu... Bir gecə yenə yuxudan hövlnak oyandı... bütün bədəni su içində idi... Eynən belə dedi: «Çölə çıxmaq və bağırmaq istəyirəm...». «Dəlisən?» dedim. «Uçqun olar, hamımız ölərik. Bəs qorxurdun?». Dedi ki, artıq qorxmaqdan bezdim. Qorxa-qorxa yaşamaqdansa, ölmək yaxşıdı. Bir gün bağıracağam!.. Qorxudan qurtaracağam!.. «Çox yaxşı – dedim, – bizi də qorxudan qurtaracaqsan...». Deməyinə dedim, amma sonradan qorxdum... Birdən dediklərimi ciddi hesam edib bağırsa?..
Y a ş l ı k i ş i danışa-danışa yuxuya gedir. K i ş i atasının yanından külqabını götürür ki, içini boşaltsın. Hələ də qab-qacaq yumaqda olan G ə n c q a d ı n birdən-birə sətirləyir, üz-gözünü bürüşdürür. G ə n c k i ş i G ə n c q a d ı n ı n halının xarablaşdığını görüb yanına qaçır.
G ə n c k i ş i (heç kəsin hiss etməyəcəyi tərzdə) Nə oldu?..

G ə n c q a d ı n. Yenə başladı.

G ə n c k i ş i. Keçib gedər.

G ə n c q a d ı n. Dözə bilmirəm. (İnildəyir.) Dözə bilmirəm…

G ə n c k i ş i. Dözməlisən.

G ə n c q a d ı n. Məndən asılı deyil.

G ə n c k i ş i. Səbrli ol.
Y a ş l ı q a d ı n G ə n c k i ş i ilə G ə n c q a d ı n ı n hərəkətlərindən şübhələnir

və onları izləməyə başlayır. Amma nə qədər cəhd göstərsə də bir şey anlaya bilmir.


G ə n c q a d ı n (hiss olunur ki, yenə sancılanıb). Dözə bilmirəm.

G ə n c k i ş i. Çalış sancılandığını hiss etməsinlər!..

G ə n c q a d ı n. Necə?

G ə n c k i ş i. Keçək o biri otağa.

G ə n c k i ş i və G ə n c q a d ı n yavaşca, sanki heç bir şey yoxmuş kimi, otağa keçirlər.
G ə n c k i ş i. İndi necədir?

G ə n c q a d ı n. Sancır.

G ə n c k i ş i. Keçib gedəcək.

G ə n c q a d ı n. Qorxduğum şey, deyəsən, başıma gəldi. İndiyə kimi heç belə sancılanmamışam. Bu, doğum sancısıdır! (Səssizcə ağlayır.) İndi nə olacaq? Nə edəcəyik?

G ə n c k i ş i (çarəsizlikdən yaxa qurtarmağa çalışır). Ola bilməz! Zifaf gecəmiz yeni ilə yaxın oldu. Aradan heç doqquz ay da keçməyib... Üstünə bir on gün də gəl... (Barmaqları ilə sayır.) Deməli, vaxtına, ən azı, bir ay var... Ümidsizliyə qapılma... Keçib gedəcək... Elə-belə ağrıdı...
Q a d ı n, G ə n c q a d ı n ı n aradan çıxdığını hiss edir... Bulaşıq qab-qacağa baxır. Hirslənir. Axırda naəlac qalıb qabları özü yuyur. K i ş i əlindəki taxta parçasını yona-yona nəyəsə oxşatmaq istəyir. Y a ş l ı q a d ı n bütün bu baş verənləri anlamağa çalışır. Y a ş l ı k i ş i çox dalğındır, hətta aradabir mürgüləyib, xəfif-xəfif xoruldayır. Q a d ı n qab-qacağı yuyub qurtarır.
Q a d ı n (əllərini qurulaya-qurulaya, Kişiyə). Gəlini gördünmü?

K i ş i. Otağlarına keçdilər.. Neyləyirsən ki?..

Q a d ı n. Qab-qaşığı bulaşıq qoyub gedib.

K i ş i. Qızcığazı çox işlətmə... Bu gün - sabah doğacaq.

Q a d ı n. Kaş mənim də sənin kimi bir qaynatam olaydı... Halıma yanaydı...

K i ş i. Yenə keçmişi qurdalama...

Q a d ı n. Mənə gələndə, belə deyərsən də!.. Əvvəl birinə baxırdım, indi ikisinə...

K i ş i. Baxmalısan. Borcundu. Vaxt gələcək ki, onlar da bizə baxacaqlar.

Q a d ı n. İndiki cavanlardan kömək ummağına, düzü, təəccüblənirəm. Hələ qoy bir uşaqları olsun... gedəcəklər və bir daha geri dönməyəcəklər!

K i ş i. Dönərlər... Dönərlər...

Q a d ı n. İndiyə qədər gedənlərin hansı döndü ki, bunlar da dönsünlər.

K i ş i. Mənim oğlum onların tayı deyil... Dönər... Babası kimi... Atası kimi...

Q a d ı n. Oğlun dönmək istəyər, amma arvadı qoymaz!

K i ş i. Küfr danışma!

Q a d ı n. Görmürsən, bütün günü gözünü zilləyib əyrimçənin ağzına... Buyruq gözləyir... Guya. indiyə kimi heç kimin arvadı hamilə olmayıb.
Y a ş l ı q a d ı n, K i ş i ilə Q a d ı n ı n arasında mübahisə olduğunu hiss edir. Eyni zamanda,

içəridə - G ə n c k i ş i ilə G ə n c q a d ı n ı n olduğu otaqda nələr baş verdiyindən xəbər

tutmağa çalışır.
Q a d ı n. Həqiqəti deyəndə - qaynana oluruq.

K i ş i. Sözü çox uzadırsan ha... Sənin gəlinliyini də görmüşük... Anama elədiklərini unutmamışam... Hələ də yazıq arvada əziyyət verirsən...


G ə n c q a d ı n ı n ağrısı keçib G ə n c k i ş i G ə n c q a d ı n ı n muncuq-muncuq tərləyən üzünü dəsmalla silir.
G ə n c k i ş i. Bax, gördün, keçdi...

G ə n c q a d ı n. İnşallah.

G ə n c k i ş i. Onların yanına gedək... Birdən şübhələnərlər.
G ə n c k i ş i və G ə n c q a d ı n hamının olduqları yerə keçirlər. Y a ş l ı q a d ı n nə baş

verdiyini hələ də anlamayıb, amma hiss olunur ki, fikri-zikri elə bu işlə məşğuldur. G ə n c q a d ı n mətbəxə sarı gedir.


Q a d ı n (kinayə ilə). Zəhmət çəkmə, qızım... Mən yumuşam.

G ə n c k i ş i. Bir az başı gicəlləndi, ana.


G ə n c k i ş i atasının yanında əyləşir. Taxta parçalarından birini götürüb yonmağa başlayır.

Qurtaran kimi təzəsini götürür... G ə n c q a d ı n Y a ş l ı k i ş i n i n üstünü örtür. Sobadakı kösövləri qarışdırır.


Y a ş l ı q a d ı n (çəkinə-çəkinə). Oğlum... Məni şeyə...
K i ş i ilə G ə n c k i ş i dərhal ayağa qalxırlar. Məlumdur ki, Y a ş l ı q a d ı n yeriyə bildiyini bildirməmək üçün belə edir. K i ş i ilə G ə n c k i ş i onun qoluna girib yavaş-yavaş tualetə

sarı aparırlar.


Q a d ı n (qalxıb onların arxasınca qapını örtür). Partlamaya düşmüş!

G ə n c q a d ı n. Heç olmasa, tualetə getmək istədiyini deyir... Deməsə neyləyərdik?

Q a d ı n (hirsli-hirsli). Çarəmiz nədi? Hər gün yorğan-döşək təmizləyərik! Bir köməyim – işimin qulpundan yapışanım olsaydı, yenə dərd yarı idi!

G ə n c q a d ı n. Məni bağışla, ana... Birdən-birə çox ağırlaşdım... Yenə də mümkün qədər kömək etməyə çalışıram...


Q a d ı n cavab vermir. Susurlar. K i ş i ilə G ə n c k i ş i Y a ş l ı q a d ı n ı gəturub yatağına uzadırlar.
Y a ş l ı q a d ı n. Allah sizdən razı olsun! Nə muradınız varsa, versin! (Gənc kişiyə) Nur topası kimi bir tosuncuğun olsun!

G ə n c k i ş i. İnşallah, nənə! Nə verirsə, öz günündə, öz saatında versin! Canımızı qorxudan qurtarsın!


K i ş i və G ə n c k i ş i təzədən taxta yonmağa başlayırlar. Y a ş l ı q a d ı n ı n asqırağı gəlir. Ağzını, burnunu tutur, lap güclə eşidiləcək bir səslə asqırır.
İ ç ə r i d ə k i l ə r: Sağlam ol.

Y a ş l ı q a d ı n. Sağ olun.

Y a ş l ı k i ş i (birdən oyanır. Qardaşı ilə bağlı əhvalatı qaldığı yerdən danışmağa başlayır). «Yox, – dedim! – Bağıra bilməzsən! Hamımız ölərik! Məhv olarıq!». «Bilirəm, – dedi. – Amma özümü saxlaya bilmirəm... Çıxıb qapının ağzında bağırmaq istəyirəm...». Bunları üzülə-üzülə, ağlaya-ağlaya deyirdi. Başa düşürdüm ki, əzab çəkir... Amma firkindən də dönmürdü, sızım-sızım sızıldayırdı: «Hamımız mənim ucbatımdan öləcəksiniz. Tanrım, bu nə duyğudu belə? Bütün varlığımla bağırmaq istəyirəm! Özümü saxlaya bilmirəm...». Mənim vəziyyətim daha ağır idi. Başa düşürdüm ki, qardaşım hər an bağıra bilər. Onu gözümdən qoymurdum. Addımbaaddım izləyirdim. Hətta tualetə gedəndə də!.. Yalvarıcı baxışlarını gözlərindən çəkmirdim... Bəzən əllərini yumruq kimi düyümləyib, ağzını açır, amma, üzünə məzlum-məzlum baxdığımı görüb, dişlərini bir-birinə sıxaraq bağırmaq arzusunu içindəcə boğurdu. Sonra bir gün dedi ki, artıq bağırmaq istəmirəm. «Doğrudanmı?», - dedim. «Bəli» - dedi. Necə sevindiyimi izah edə bilmirəm. «Tanrım, şükür! - dedim, - qardaşım sağalır». Amma onun sonradan dediyi sözlər məni daha çox qorxutdu: «Bağırmaqdan nə çıxar? Tüfənglə atəş açacağam! Bu dağları yalnız güllə səsi gətirə bilər üstümüzə!». Aman, Tanrım! Qardaşım dəli olurdu... Həm də göz görə-görə... Nə edəcəyimi bilmirdim... Gedib vəziyyəti atama danışdım... «Çox yaxşı, - dedi, - güllələri götürüb gizlədərik, heç nə olmaz». «Amma – dedim, - bu elə də yaxşı çıxış yolu deyil. Güllələri tapmasa, daha da hirslənər, bağırar və məhv olarıq. Lap tutaq ki, ölmədik, sağ qaldıq, hamı bizi günahkar bilər. Bu işdə mərhəmət olmaz. Başa düşürəm, oğlundu, çox istəyirsən. Bəs, mən oğlun deyiləm? Ölüm? Xəbər verək, tədbir görsünlər. Bundan sonra atam fikrə getdi».
Y a ş l ı k i ş i təzədən yatır.
K i ş i (Gənc kişiyə). Sən bu əhvalatı eşitmisən?

G ə n c k i ş i. Eşitmişəm.

Q a d ı n. Özü də neçə dəfə!

G ə n c q a d ı n. Elə üç dəfə mən eşitmişəm.



Y a ş l ı q a d ı n. Hamıdan çox mən eşitmişəm. Beynində bundan başqa bir şey yox idi... Evləndik – zifaf gecəmizdə danışdı. (Kişiyə) Təhlükə sovuşandan bir neçə gün sonra sən oldun – həyətdə taxtadan beşik düzəldə-düzəldə yenə danışdı. İlk qar düşəndə, biz də cavanlara qoşulub burdan getdik, dedim, bəlkə unudar, amma unutmadı. Qərəz, bu dərd onun yaxasını buraxmadı – danışdı, danışdı... Belə görükür ki, ölənə kimi də danışacaq...
K i ş i və G ə n c k i ş i yenə taxta yonurlar.
Y a ş l ı k i ş i (oyanır və əhvalatı qaldığı yerdən danışmağa başlayır). Axırda atam – haqlısan – dedi. Qalxıb Yaşlılar Məclisinə getdi. Vəziyyəti danışdı. Həmin gün bizə biz söz demədilər. Çünki ilk dəfə idi ki, belə bir şeylə qarşılaşırdılar. Səhəri gün atam bir də Yaşlılar Məclisinə getdi. «Oğluma neyləyəcəksiniz? Bunu bilmək mənim haqqımdır...» – dedi. Hakimlər bir az düşündükdən sonra, cavab verdilər ki, hər halda, oturub öləcəyimiz günü gözləməyəcəyik. Ağzını, əl-ayağını bağlayıb bir yerdə saxlayacağıq. Təhlükə sovuşana qədər. Atam dedi: «İnsan su içməsə, yemək yeməsə, ölər. Siz onu dirigözlücə öldürürsünüz». Atama qulaq asan kimi idi? Zavallıcığazın əl-ayağını, ağzını bağladılar, balaca bir otağa saldılar, qapının ağzına da iki mühafizəçi qoydular. Bir neçə gündən sonra gəlib dedilər ki, oğlunuz ölüb. Özümü öldü, yoxsa mühafizəçilərmi boğdu, heç bilmədik...
Y a ş l ı k i ş i təzədən yuxuya gedir.
Y a ş l ı q a d ı n. Getdiyimiz yerdə uzun müddət yenə beləcə səssiz qaldıq. Vərdiş etmişdik, öyrəşmişdik. Həm də hər şeydən ürkürdük, çəkinirdik. Qərib qorxaq olar, biz də qorxurduq. Amma yerli camaat bizi çox sevirdi. Hər işdə işləməyimizi istəyirdilər. Çünki heç nəyə «Yox» demirdik, etiraz etmirdik. Gəl, gəl... Get, get... Ver, ver... Ən ağır işlərdə işləyirdik... Yerli camaat bizdən çox fərqli idi. Hay-küy salırdılar, qovğa edirdilər... Ağızdolusu gülürdülər... Bayaq dedim, bizi çox sevirdilər, amma dədə-baba ocağımızdan, adət-ənənəmizdən danışmağımıza izn vermirdilər, ağzımızı açanda ürkürdülər, üz-gözlərini turşudurdular... Sonra ikinci uşağımız oldu. Yenə oğlan... Amma yaşamadı... Arxasından bir qızımız oldu. O da yaşamadı. (Yaşlı kişini göstərərək) Buna gəlincə, dəyişməyə başladı... Səhər-axşam ah–uf elədi, qardaşının acı taleyindən şikayətləndi. Hər gecə sərxoş gəlirdi evə... «Bu dərd axırıma çıxacaq» deyirdi. Mən də inanırdım. Sonra öyrəndim ki, bir başqa qadının yanına gedir. Soruşanda «niyə onun yanına gedirsən», dedi ki, «qardaşımın dərdindən nə etdiyimi bilmirəm! Mənim işimə qarışma!». «İşimə qarışma» deyə-deyə ətrafdakı bütün qadınları əldən keçirməyə başladı. Bəhanəsi də qardaşının dərdinə tab gətirə bilməməsi idi. Elə her deyirdi. «İmkan ver, başımı qatım, yoxsa, bu dərd məni öldürəcək». Bəzi qadınların, kişilərin dərdlərini necə «unutduqlarını» ondan öyrəndim... Qonşuluğumuzda bir yaşlı qadın vardı. (Yaşlı kişini gostərərək) Bunun şorgöz olduğunu bilirdi. Bir gün dedi ki, «kişiləri evə bağlamağın cürbəcür üsulları var. Ağlayıb-sızlamaqdansa, özünə sığal ver, ərini həmişə gülərüzlə qarşıla». Dediklərini elədim. Amma gözü yenə məni görürdü. Bundan sonra ən çox sevdiyi xörəkləri bişirməyimi məsləhət gördü. Bişirdim, amma yemədi, çünki evə tox gəlirdi... Tox və sərxoş... Yaxşı yedirdib-içirdirdilər... Sonra da yollayırdılar yanıma... Ondan tox adamı doymağın nə qədər çətin olduğunu da öyrəndim... Qonşu arvad ən axırda dedi ki, uşaq özünü tez-tez xəstəliyə vursun, amma tək uşaqla olmaz, gərək sən də özünü tez-tez xəstəliyə vurasan, görsün ki, uşağa baxan yoxdu... Bu kələyimiz baş tutdu!.. Amma nə bahasına! Baxmayın indi bunun mələklər kimi belə şirin-şirin yatmağına! Çox dərd çəkdirdi mənə, çox!..
Birdən G ə n c q a d ı n yenidən acı içində qıvrılmağa başlayır. Hətta ikiqat olur. Böyük bir

çətinliklə yan otağa keçir. G ə n c k i ş i vəziyyəti belə görüb, onun arxasınca gedir.


G ə n c q a d ı n. Dayana bilmirəm!.. Aman, Tanrım!.. Dayana bilmirəm!..

G ə n c k i ş i. Nə edə bilərəm!.. Döz!..

G ə n c q a d ı n. Başa düş!.. Bu doğum sancısıdır!.. Aman, Tanrım!.. Nə edirsən, et, qurtar məni!
Y a ş l ı q a d ı n him-cimlə K i ş i y ə nəsə başa salmağa çalışır. O, K i ş i n i n bir şey anlamadığını görüb, təlaşla ayağa qalxır və ona sarı gedir. Q a d ı n, Y a ş l ı q a d ı n ı n yeridiyini görüb çaşır.
Y a ş l ı q a d ı n (Kişiyə). Oğlum!.. Gəlin!..

K i ş i. Nə olub, ana?

Q a d ı n. Yeridi! Anan yeridi!

K i ş i. Ana, sən yeriyirsən!

Y a ş l ı q a d ı n. Yeriyirəm?.. Hə, hə, yeriyirəm... Mənim yeriyib-yeriməməyimi bir kənara qoyun... Gəlin doğacaq!

K i ş i. Sən nə danışırsan, ana?

Q a d ı n (Kişiyə). Anan yeriyir!

K i ş i (Yaşlı qadına). Nə dediyini başa düşmədin? Gəlin doğacaq!


Y a ş l ı q a d ı n, K i ş i və Q a d ı n yan otağa keçirlər. Gördükləri mənzərəni bir müddət

dəhşət içində seyr edirlər. G ə n c k i ş i G ə n c q a d ı n ı sakitləşdirməyə çalışır, amma

mümkün olmur. G ə n c q a d ı n ağrıdan qıvrılır.
K i ş i. Nə olub, oğlum?

Q a d ı n. Bir şeymi olub?

G ə n c k i ş i. Yox, heç nə olmayıb.

Q a d ı n (Gənc kişiyə). Necə heç nə olmayıb? Görmürsən? Bir bax...

G ə n c q a d ı n. Qarnım ağrıyır. (Əsil ağrısını bildirməməyə çalışır.) İndi keçər...
Hamının gözü G ə n c q a d ı n a zillənib. G ə n c q a d ı n var gücünü toplayıb, ağrısını hiss

etdirməyə cəhd göstərir. Amma çox davam gətirə bilmir və yerə çökür.

Q a d ı n. Bu!.. Bu!.. Aman, Tanrım!..

G ə n c k i ş i. Yox, ana... Qarnı ağrıyır sadəcə...

Q a d ı n. İnşallah... Su içirsənmi, qızım?

G ə n c q a d ı n. Artıq dayana bilmirəm... (İnildəməyə başlayır.)

G ə n c k i ş i (Əli ilə Gənc qadının ağzını qapayır). İndi keçəcək....

Q a d ı n. Keçməyəcək...

K i ş i. Nə olub?

G ə n c k i ş i. Qarnı ağrıyır, ata.

Q a d ı n. Qarın ağrısına oxşamır... Necə dəfə doğdum... Sancıdı bu... Sancı...

K i ş i. Aman, Tanrım!

Y a ş l ı q a d ı n. Mən sizə dedim!
G ə n c q a d ı n ı n ağrısı keçib, artıq sakitləşib. Ancaq üzü muncuq-muncuq tər içindədir.
G ə n c k i ş i. Sizə dedimmi keçəcək? Gördünüz?

Q a d ı n. Keçməyib... sadəcə, ara verib... bir azdan yenə başlayacaq...

K i ş i. Nə bilirsən?

Q a d ı n. Mən də bilməyəndə, kim biləcək? Altı uşaq doğdum... özümüzü aldatmağın mənası yoxdu: bu doğum sacısıdır...


Bir müddət susurlar.

K i ş i. Tam əmin olmalıyıq.

G ə n c q a d ı n. Keçdi... Qarnım ağrıyırdı, keçdi...

Y a ş l ı q a d ı n. Həmişə belə olur: əvvəlcə ağrı olur, sonra keçir, sonra yenə ağrı olur, yenə keçir, sonra da...

G ə n c k i ş i. Necə?

K i ş i (Qadına, qəti şəkildə). Get Əvəçini çağır...

G ə n c k i ş i. Amma...

K i ş i. Başqa yol yoxdu oğlum. Doğum sancısı olmazsa, onda, rahat nəfəs alarıq, arxayınlayarıq... Qorxa-qorxa yatmaqdansa, oyaq qalmaq məsləhətdi.

G ə n c k i ş i. Birdən doğum sancısı olsa?

K i ş i (Qadına). Çağır gəlsin.

G ə n c k i ş i. Ata deyirəm ki, birdən doğum sancısı olsa?

Q a d ı n. Onda, vəzifəmizi yerinə yetirmiş oluruq. Başqa heç nə edə bilmərik. Əvəçini çağırmçalıyıq.


Bir müddət susurlar.
K i ş i. Məsuliyyəti üstümüzə götürə bilmərik... Hər saniyə aleyhimizə işləyir. .. Qayda-qanuna əməl etməliyik...

G ə n c k i ş i. Amma...

K i ş i (qəti şəkildə). Hamının həyatını təhlükə altında qoya bilmərik. Unutmamalıyıq ki, xoşagəlməz hadisə haqqında məlumat vermək borcumuzdur. Qayda-qanuna qarşı çıxa bilmərik... (Qadına) Əvəçini çağır.

G ə n c k i ş i. Yox, olmaz!

K i ş i. Mütləq çağırmalıyıq!

G ə n c k i ş i. Bu, doğum sancısı deyil! Əvvəllərdə də oldu, tualetə getdi, keçdi... Görmürsünüz, bir şeyi yoxdu... Bir az da gözləyək...

K i ş i. Nəyi gözləyəcəyik? Doğmasınımı?

G ə n c k i ş i. Doğmayacaq ki!

K i ş i. Hardan bilirsən? Əmin olmalıyıq. (Qadına) Çağır dedim!

G ə n c k i ş i. Dayan, ana! Lazımsız yerə aləmi ayağa qaldırmayaq... Bir az da gözləyək...

K i ş i (Oğluna). Vaxt itiririk! (Qadına) Nə firkə getmisən? Əvəçini çağır, gəlsin!

G ə n c q a d ı n. Getmə, ana! Bax, keçdi... Budur, keçdi... Yoxdu bir şeyim? And içirəm ki, sancı-filan deyil bu!..

Y a ş l ı q a d ı n. Əgər sancı deyilsə, onda, niyə qorxursan, qızım? Əvəçi vəziyyəti deyər, sən də, biz də rahat olarıq... Elə deyilmi?

K i ş i. Anam doğru deyir. Arxayın olmalıyıq.

G ə n c k i ş i. Bəs, birdən doğum sancısı olsa?

Q a d ı n. Bayaq soruşdun – cavab verdik! Vaxtında xəbər vermədiyinizə görə bizi də cəzalandırarlar! Belə bir şeyi ört-basdır etməyin ən böyük suç olduğunu bilmirsənmi?

K i ş i (qəti şəkildə). Yox, arxayın olmaq üçün Əvəçini hökmən çağırmalıyıq... Yoxsa vaxtından əvvəl alışıb-verişdiniz?

G ə n c k i ş i. Ata, məndən belə bir məsuliyyətsizliyi necə gözləyirsən?

K i ş i. Onda, Əvəçinin gəlməsini niyə istəmirsən? Söylə, niyə? Söyləsənə! Söylə! Söylə dedim sənə! Söylə! Söylə! Eşitmirsən? Söyləsənə!
K i ş i, G ə n c k i ş i n i n yanına gəlir, onun qulağını dartır, beləcə hirsini soyutmağa çalışır.
G ə n c k i ş i. Elə deyil, ata! Vallah-billah, elə deyil! And içirəm!

K i ş i. Elədirsə, bəs niyə qorxursan, qavat? (Qulağını yenə dartır.) Mənim şərəfimi iki qəpiklik eləyəcəksən! Bir ay dözə bilməzdinmi, dəyyus?! Mirətinə hakim ola bilməmisən! Bundan sonra adam işinə çıxmağa da üzümüz olmaz! Mirəti gövşək! Utanmaz! Arsız! Nəfsinlə həm özünü, həm də bizi rüsvay elədin! Şan-şöhrətim getdi! Ailəmizin adı batdı! İnsanlar bizdən uzaq qaçacaq! Sayəndə heç kim bizə bel bağlamayacaq!

G ə n c k i ş i. Ata, elə bir iş görmədik axı!..

G ə n c q a d ı n (ağlaya-ağlaya). Görmədik! Görmədik! Görmədik!


K i ş i bir az duruxur. Sanki tərəddüd edir.
Q a d ı n (Gənc kişini Kişinin əlindən alır). Görmədim deyir. Burax onu...
K i ş i, G ə n c k i ş i n i buraxır. Bir müddət sakitləşir.
K i ş i (yenə qəti tərzdə). Hər halda, əmin olmalıyıq. Get və Əvəçini çağır. Haydı, durma! Vaxt itirmə! Tez!

Q a d ı n. Gedim nə deyim?

K i ş i (bir qədər düşünəndən sonra). De ki, gəlinin halı bizi şübhələndirir. Bir baxsaydın, pis olmazdı... Əmin olmaq üçün... Amma gec xəbər verdiyimizi bilməsinlər... Hə də, sancısı bir az bundan əvvəl tutdu...
Q a d ı n yaylığını başına örtüb, otaqdan çıxır. G ə n c q a d ı n səssiz-səssiz ağlayır.

Hamı narahatlıq içində gözləyir.


P ə r d ə

İKİNCİ HİSSƏ

G ə n c q a d ı n otağın onlara aid olan hissəsindədir. Üzgün və narahatdır. G ə n c k i ş i onun yanında dayanıb, fikirlidir, hiss olunur ki, çıxış yolu axtarır. Y a ş l ı q a d ı n yatağının içində oturub, gözlərini qapıya zilləyib. K i ş i ortalıqda var-gəl edə-edə aradabir pəncərədən çölə boylanır. Y a ş l ı k i ş i hələ də yatıb.

Qapı açılır və Q a d ı n içəri girir.

K i ş i. Nə oldu?

Q a d ı n. Dedim.

K i ş i. Nə dedi?

Q a d ı n. Gəlir.

K i ş i. Bəs, niyə səninlə gəlmədi?

Q a d ı n. Getdi mühafizəçilərə xəbər versin...

Q a d ı n, G ə n c q a d ı n ı n olduğu yerə keçir. Bir müddət nə edəcəyini bilmir, tutulan

kimi olur, sonra təsəlli vermək üçün G ə n c q a d ı n ı n saçlarını oxşayır.


G ə n c q a d ı n. Gəldimi?

Q a d ı n. Gələcək... Mən burda olmayanda ağrı hiss etdinmi?

G ə n c q a d ı n. Yox...

Q a d ı n. Kaş qorxduğumuz şey başımıza gəlməsin.

G ə n c q a d ı n. İnşallah , gəlməz.

Q a d ı n. Bəlkə heç doğum sancısı deyil.

G ə n c q a d ı n. İnşallah.

Q a d ı n. Məndən incidin?

G ə n c q a d ı n. Səndən inciməyə haqqım yoxdu.

Q a d ı n. Nə edim? Onları vəziyyətdən halı etməyə məcbur idim... Mən, ya da bir başqası... Fərqi yoxdu... Kimsə gedib xəbər verməli idi...

G ə n c q a d ı n. Bilirəm. (Pauza.) Qorxuram.

Q a d ı n. Əlimizdən nə gəlir ki?

G ə n c q a d ı n. Çox qorxuram...
K i ş i pəncərədən Ə v ə ç i n i n gəldiyini görüb bərk həyəcanlanır və Q a d ı n ı n yanına gəlir.
K i ş i. Gəlirlər!
Q a d ı n l a K i ş i qapını açırlar.
Q a d ı n. Xoş gəldiniz!

K i ş i. Buyurun.


Əvvəlcə Ə v ə ç i, arxasınca da B i r i n c i m ü h a f i z ə ç i içəri girirlər.
Ə v ə ç i. Sabahınız xeyir.

K i ş i. Sabahınız xeyir.

Y a ş l ı q a d ı n. Xoş gəlmisən, yavrum.
Ə v ə ç i Y a ş l ı q a d ı n ı n əlini öpür.
Y a ş l ı q a d ı n. Əl öpənlərin çox olsun, yavrum.
G ə n c k i ş i yaxınlaşıb Ə v ə ç i n i n əlini öpür.
Ə v ə ç i. Sağ ol, oğlum.

G ə n c k i ş i. Sancı deyil.

Ə v ə ç i. İnşallah.

Q a d ı n. Bir şey içirsinizmi?

Ə v ə ç i. Yox, belə hallarda vaxt çox əhəmiyyətlidir... Gecikməməliyik... Əgər... Qorxulu bir şey olmasa, qəhvənizi içərəm...

Q a d ı n. İnşallah.

Ə v ə ç i. Gəlin hardadır?
Q a d ı n , Ə v ə ç i n i yan otağa aparır.
K i ş i (Birinci mühafizəçiyə). Ayaq üstə durmayın.
B i r i n c i m ü h a f i z ə ç i oturur.

Ə v ə ç i, G ə n c q a d ı n ı n saçlarını oxşayır.


Ə v ə ç i (Qadına). Sən çıx!
Q a d ı n o biri adamların yanına qayıdır.
Ə v ə ç i. Allah imdadına yetsin, qızım.

G ə n c q a d ı n (səsi titrəyə-titrəyə). Sağ ol, bibi.

Ə v ə ç i. Əvvəlcə bir balaca söhbət edək.

G ə n c q a d ı n. Yaxşı...

Ə v ə ç i. Amma suallarıma düz cavab verəcəksən. Oldumu?

G ə n c q a d ı n. Oldu.

Ə v ə ç i. İlk dəfə yatağa nə vaxt girdiniz?

G ə n c q a d ı n. Dekabr ayının ortalarında.

Ə v ə ç i. Ondan əvvəl aranızda bir şey oldumu? Yəni, öpüşmə-filan... Bəlkə cavanlıq edib bir az da irəli getmisiniz... Məndən gizlətməməlisən...

G ə n c q a d ı n. Gizlətmirəm ki!

Ə v ə ç i. Sənin xeyrin üçün soruşuram.

G ə n c q a d ı n. And içirəm ki, gizlətmirəm.


Ə v ə ç i barmaqları ilə nəyisə sayır. Sonra bir də sayır.
G ə n c q a d ı n. Bibi, çox qorxuram.

Ə v ə ç i. Qorxmalı bir şey yoxdu, qızım. Vaxtda səhv eləməmisiniz. Bu hesabla, ən azı, hələ bir ay var doğmağına.

G ə n c q a d ı n. İnshallah.

Ə v ə ç i (barmaqlarını bir də təzədən sayır). Düzdü... Bir ay var hələ... Əgər hər şeyi düz deyirsənsə, onda, bu doğuş sancısı deyil. Ancaq, qızım, məsəl var, deyir, səhv addım atsan, Bağdada çata bilməzsən. (Şübhə ilə Gənc qadının üzünə baxır.)

G ə n c q a d ı n (Əvəçinin şübhələndiyini hiss edir). Heç nəyi gizlətmirəm... And olsun... Axı, nə cür bir yerdə ola bilərdik? Ailələrimiz bir-birimizi uzaqdan belə görməyimizə icazə vermirdilər. O ki, qaldı, bir yerdə tək olmağımıza...

Ə v ə ç i. Odla barıtı bir-birinin yanına qoymaq olarmı, qızım? Həm də o ağır hadisədən sonra...

G ə n c q a d ı n. O zavallıcığaza da sən baxmışdın?

Ə v ə ç i. Yox, canım... Yəni mən elə yaşlıyam? Bu çox əski zamanlarda – ata nənəmin gəncliyində olub... Amma o vaxtdan bəri belə şeyə bir də rast gəlinməyib... İnşallah, indi də olmaz...

G ə n c q a d ı n. İnşallah.

Ə v ə ç i. Qorxun keçdi, deyəsən.

G ə n c q a d ı n (qorxusunun tam keçməməsinə rəğmən). Keçdi.

Ə v ə ç i. Keçsin... Onsuz da, qorxmaqla əcəl geri qayıtmır... İndi baxa bilərik... Tam arxayın olmaq üçün... Uzan... Elə burda... Uzan, uzan...


G ə n c q a d ı n yanpörtü uzanır.
Ə v ə ç i. Elə yox, arxası üstə...
G ə n c q a d ı n üzü tamaşarılara, arxası üstə uzanır.
G ə n c q a d ı n. Beləmi?

Ə v ə ç i. Hə... Ayaqlarını qarnına yığ... İkisini də... Donunu da yuxarı çək... Çox gözəl...

Ə v ə ç i, G ə n c Q a d ı n ı n donunu bir az da yuxarı çəkir.
Ə v ə ç i. Qıçlarını qaldır... Qaldır, qaldır... (Gənc qadının donunu tamam çıxarır.) Afərin... Qorxulu bir şey yoxdu... (Əyilir, əli ilə qarnını yoxlayır, sonra ayağa qalxır.) Geyin.
G ə n c q a d ı n donunu geyinir, sonra ayağa qalxıb, əlləri qoynunda gözləyir.
Ə v ə ç i. İlk sancın nə zaman oldu?

G ə n c q a d ı n (yalan dediyi hiss olunur). Sizə xəbər veriləndən əvvəl...

Ə v ə ç i (hirslənir). Bax, yalan danışma! Nə zaman oldu?.. Başqaları bilməsə də olar, amma mən bilməliyəm!.. İnşallah, bayaq da yalan deməmisən.

G ə n c q a d ı n. Deməmişəm.

Ə v ə ç i. Ilk sancın nə zaman oldu?

G ə n c q a d ı n (duruxur, sonra yavaş səslə). Gün dogmadan...

Ə v ə ç i. Sonra?

G ə n c q a d ı n. Bir də oldu...

Ə v ə ç i. Sonra?

G ə n c q a d ı n. Sonra olmadı...

Ə v ə ç i (bir müddət susur). Bilirsən, qızım, ananı yaxşı tanıyıram. Uzun illər qonşuluq etmişik... şübhəsiz ki, çox pis oldum... Ancaq vəziyyəti məhkəməyə bildirməyə məcburam. Bu, həm adət-ənənəmiz, həm də camaatımızın sağ-salamat qalması üçün lazımdı. (Səsini lap qısaraq) Sən onlara bir az bundan əvvəl sancılandığını de, özu də bircə dəfə. Anladınmı?

G ə n c q a d ı n. Anladım.

Ə v ə ç i. Yoxsa, evdəkilərin də başına dərd açarsan.

G ə n c q a d ı n (çarəsiz halda). Atamla anam da gələcəklərmi?

Ə v ə ç i. Yox! Adət-ənənmizə görə belə şey qadağandır.

G ə n c q a d ı n. Heç olmasa, anam gəlsin...

Ə v ə ç i. Bu işdə duyğusallığa yol vermək olmaz. Suçlu yaşadığı evdə mühakimə olunmalıdır, gizli...
Ə v ə ç i səssizcə o biri adamların yanına gedir.
K i ş i. Nə oldu?

Ə v ə ç i (Qadına). Əlimi yuyum.


Q a d ı n mətbəxdə Ə v ə ç i n i n əlinə su tökür.
Q a d ı n. Yoxsa?

Ə v ə ç i (əlini qurulaya-qurulaya). Çox istəyirdim ki, qəhvənizi içim, qismət deyilmiş... Məndən inciməyin... Xəbər verməliyəm... Adət-ənənmizə görə... Nə deyim... Allah köməyiniz olsun! (Birinci mühafizəçiyə) Sən burda gözlə!


Ə v ə ç i asta addımlarla otaqdan çıxır. Hamı üzgündür.

Y a ş l ı q a d ı n hələ də yatır. G ə n c k i ş i G ə n c q a d ı n ı n olduğu yerə keçir.

G ə n c k i ş i ilə G ə n c q a d ı n bir-birilərinə sarılırlar.
Y a ş l ı k i ş i (yuxudan oyanır, ətrafındakılara baxır və söhbətini qaldığı yerdən davam etdirir). Yox, qardaşım özü ölmədi. Onu öldürdülər. Amansızcasına məhv etdilər! (Birdən Birinci mühafizəçini görür.) Siz mühafizəçilər! Siz!.. (Barmağı ilə Birinci mühafizəçini hədələyir.) Siz öldürdünüz onu! Siz! Əllərinizlə boğaraq! Qatillər!.. Qatillər!..
Y a ş l ı q a d ı n Y a ş l ı k i ş i n i sakitləşdirməyə çalışır.
P ə r d ə

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə