Təqdim edir




Yüklə 0.82 Mb.
səhifə1/16
tarix22.04.2016
ölçüsü0.82 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
www.kitab.kultaz.com təqdim edir

------------------------------------------------------------

e-mail: kultaz@gmail.com tel: 055-625-09-25

------------------------------------------------------------

Afaq Məsud
"Azadlıq" (roman)
ROMANI YAZMAĞIM BARƏDƏ
Romanın ilk üç fəsli üzərində iş qurtarmaq üzrəydi… uzun müddətli fasiləsiz yazı rejimi məni yorub əldən salmışdı. Artıq divarların, bağlı qapıların, heç cür qabağını saxlaya bilmədiyi televizor səsi, küçədən gələn irili-xırdalı hənirtilər, qonşudan eşidilən piano və danışıq səsləri, onsuz da yorğun əsəblərimi bir az da tarıma çəkməkdəydi... Bir yandan da binamızla üzbəüzdəki balaja səsyazma köşkündən qoşa gücləndirici ilə səhər-axşam küçəyə yayaılan «Xoçu umeret molodım..» mahnısı…

Əsərin son fəsilləri məni dünyanın ən səssiz qatlarına aparıb çıxardıqca, ətrafın səs-küyü elə bil qəsdən bir-on artıb çoxalırdı. Nə yanvarın (söhbət 1996-cı ilin qışından gedir) qar - çovğunu, nə televizya və qəzetlərin dünyanın axırı barədə verdiyi ətürpədən informasiyaları ətrafın bu xəstə aktivliyini nizama sala bilmirdi... Yazını yarımçıq saxlamaq - sürətlə qaçan adamı qaçdığı yerdə dayandırıb ağız-burnumu bağlamaq kimi bir şey idi... Yeganə çıxış yolu qalırdı: Mərdakandakı evimizə köçmək və işi orda davam etdirmək.

İlk əvvəl, həftənin üç günü - cümə, şənbə və bazar günləri Mərdakandakı evdə - qızdırıcı sistemi olmayan, işıqları dəqiqədə bir sönən ikimərtəbəli bədheybət bir binada tənha qalmağı qərara aldığım üçün evdə mübahisə düşdü… Lakin, çox keçmədi ki, evin içində artıq barmaqlarının ucunda da gəzə bilməyən yoldaşım mənim bu «şıltaqlığımla» razılaşıb, bir müddətə Mərdakana köçməyə razılıq verdi… amma orda tək yox, kiçik qızımla birgə qalmaq şərti ilə…

Beləliklə, yanvar ayının axırları mən kiçik qızımla küləklərin qorxunc-qorxunc uğuldadığı, gecələr qaranlıq otaqlarının hər küncündən əcaib səslərin eşidildiyi bu sakit, kimsəsiz evdə yaşamalı oldum…

Günlər anlaşılmaz sürətlə keçir, mən sübhün açılmağıyla gecə qapanmaları arasında qalır, hər səhər yeməyindən sonra mətbəxə girib qapını bağlayır, qaz plitəsinin dörd gözünü yandırıb yazıya girişir, arada nahar və şam yeməyində fasilə verə-verə, gecədən xeyli keçənə qədər işləyirdim… Qızım gününü əsasən qarovulçunun (qarovulçunun koması bizim binadan bir xeyli aralıdadır) komasında keçirir, arada bir küçənin it-pişikləriylə oynayırdı…

Beləcə, əsərin dördüncü fəslini başa vurdum. Sonuncu fəsil qalırdı… Gözlərimin. Yaddaşımın yorulduğunu hiss edirdimsə də, işi dayandırıb istirahət etməyin, əsəri natamam saxlayıb nə iləsə məşğul olmağın mümkünsüzlüyünü də duyurdum.

Günlərin bir günü axşama yaxın möhkəm çovğun qopdu, qar yağmağa başladı. Dənizin yaxınlığında olduğumuzdan, küləyin, evimizi az qala yerindən qopardığından, damın dəmirlərini, pənjərə çərçivələrini qorxünc - qorxünc əsdirdiyindən vahimələnirdimsə də, şəhərə zəng vurub geri qayıtmaq fikrini ağlıma belə gətirmirdim…

Gecəyə yaxın yoldaşım zəng vurub, bizi şəhərə aparmaq üçün gələcəyini dedisə də, cümə günü olduğundan, evə qayıtmağın - iki günü əldən buraxmaq, iki sutkanı «Xoçu umeretğ molodım»la bir yerdə keçirmək demək olduğundan, şəhərə qayıtmağa razılıq vermədim.

…Gecədən bir az keçmiş işıqlar söndü, yataq otağımızı isidən elektrik sobası da soyudu.

- Mama…


- Hm…

- Yatmısan?..

…Qızımın səsi xırıldayırdı…

Bildim ki, boğazı gəlib. Bütün günü həyətdə, yaxası-başı açıq oynayıb, gecələr pallı-paltarlı nəm yorğan-döşəkdə yatmağın axırı belə də olmalıydı. Əlimi qızımın alnına toxundurdum… azca istisi vardı…

- Yox, yatmamışam, nədi ki?.. - dedim.

- Səsləri eşidirsən?..

- Hansı səsləri?

- O biri otaqda kimsə gəzir…

Nəfəsimi saxlayıb o biri otağa qulaq kəsildim... səs-səmir gəlmirdi.

- Küləkdi… - dedim - qorxma, gözünü yum, yat.

- Mən qorxmuram. Deyirəm, sən qorxmursan ki?..

- Yox… - dedim, amma əslinə qalsa, qorxurdum. O biri otaqdan gələn hənirtilərdən çox, hər qış qar yağanda, qarovulçunun yuxusundan, çölün tufanından istifadə edib pəncərədən evə girən bağ oğrularından qorxurdum. Adətən gecələr mətbəxin, bir də artırmanın işığını yanılı qoyurdum ki, görsünlər evdə adam var. İndi tərs kimi işıqlar da sönmüşdü…

…Səhərin ala qaranlığında qapının əsəbi - əsəbi döyülməsinə ayıldım… Gələn yoldaşım idi... Çölün qarı saçlarında, bığlarında içəri girib birbaş yataq otağına keçdi, dodağını yuxulu qızın alnına toxundurub əyri-əyri üzümə baxdı:

- Sənin bu yazıların hamımızın axırına çıxacaq… - dedi.

…Şəhərə qayıda - qayıda bütün yolu, özümü saxlaya bilməyib ağladım... O günlər qədər şəhərə nifrət elədiyim olmamışdı. Elə bil məni əfsanəvi, sirli məkandan səs-küylü, sintetik qoxulu zavoda aparırdılar…

Ərimlə qısa və acı mübahisə etdik… O, günahkar kimi, gözünün altına kölgə çökə-çökə, dinməz-söyləməz yola baxır, sükanı elə sıxırdı, elə bil bu dəqiqə iki yerə bölüb sındıracaqdı.

Mən isə arxa oturacaqda yırğalana-yırğalana, gözüm yaşla dolub boşala-boşala fikirləşirdim ki, kaş ki, o, sükanı iki böləydi, maşın da iki bölünüb hər yarısı bir tərəfə gedəydi. Birində o - şəhərə, o birində mən - geriyə…

A Z A D L I Q


(roman)

I FƏSİL

…Gecəki hadisədən sonra şəhərin havası qəfildən dəyişmişdi... Yazın məsum sifəti bir günün içində qeybə çəkilmiş, göyün üzü acı-acı bozarmış, təzə-təzə çırtlamağa başlayan tumurcuqların rəngi dönmüşdü… səkilərin tozunu göyə sovuran külək torpağın yaz qoxulu ətrini gözlənilmədən sivirib harasa aparmışdı...

Yazın dünənəcən bu şəhərdə olduğu elə bil adamların da yadından çıxmışdı. Dünənəcən küçələrdə yaxasıaçıq yüngül pencəklərdə gəzişənlərdən əlamət yox idi. Şəhərin mərkəzində, əsasən güc nazirlikləri və dövlət aparatı yerləşən məhəllələrdə ümumiyyətlə gözə adam dəymirdi. Arada bir maşın yollarında, göy-sarı işıqlarını hərlədə-hərlədə əcayib səslər çıxaran polis maşınları görünüb tez də yoxa çıxırdı.

…Evlərdə, idarələrdə, dükan-bazarda altdan-altdan, xımır-xımır bircə söhbət gedirdi: deyirdilər, bu gecə, şəhərdən uzaq kazarmada günahsız öldürülənlərə görə dövlət çevrilişi olacaqdı, hakimiyyətdə olan əldəqayırma iqtidar axır ki, devriləcəkdi…

Deyirdilər, hərbi şəhərcikdə ölənlər, eyni qandan, eyni millətdən olan həmvətənlər idi… İqtidar tərəfindən gecə gecə ilə gizlicə, şəhərdən uzaq kazarmaya göndərilən silahlı dəstə, deyilənə görə, dövlətin tabeçiliyindən çıxan hərbi hissəni tərksilah etmək məqsədi ilə qəflətən kazarmaya daxil olmuş, nəticədə qardaş qırğını törənmişdi… Deyirdilər, bu qanlı qiyamətdən təşvişə düşən hökümət rəhbərləri başlarını itirib hərəsi bir yana qaçmışdı… İtkin düşmüş iqtidar nümayəndələrini tapıb xalqın məhkəməsinə vermək üçün təcili surətdə komissiyavari dəstə seçilib, faciənin mahiyyətini aydınlaşdırmaq məqsədi ilə hadisə yerinə göndərilmişdi. Komissiyanın tərkibi - ağsaqqal yazıçılardan, alim və hüquqşünaslardan, təqaüdçü hərbiçilərdən, bir də bir dəstə televiziya jurnalistlərindən ibarət idi.

Günortaya yaxın, parlamentin təcili növbədənkənar iclası çağırılmış, ölkədə yaranmış böhranın qarşısını almaq məqsədilə, Milli Məclisin üzvlərindən, hərbçilərdən və hüquqşünaslardan ibarət müvəqqəti rəhbərlik qərargahı yaradılmışdı.

…Camaatın bir qismi deyirdi ki, onların axırı elə-belə də olmalıydi. Hakimiyyətə gələndən bəri ölkənin başına açdıqları oyunları, yaranandan üzü bəri, nə bu məmləkətin daşı-torpağı görmüşdü, nə də adamları belə müsibətlər haqqında o biri məmləkətlərin tarix kitablarında oxumuşdular…

-…Bu, nə idisə, görünməmiş bir şey idi… - camaat danışırdı - …bir növ gözlənilmədən, hardansa sonsuz kainatın ənginliklərindən qopub yana-yana gələn, gəlib düşdüyü yerin külünü göyə sovuran, özü enində, özü ağırlığında həyat əlaməti olan hər bir şeyi məhv edən dağıdıcı kommetanın gəlişinə oxşar bir şey idi…Çox güman ki, - deyirdilər - onların hamısını tutub dama basacaqdılar... hələ ola bilsin, lap güllələyəcəkdilər…

- Əcəb də eləyəcəkdilər… - digərləri yana-yana deyirdi. Axı gör bir neçə il idi, bu «millət fədailəri», «azadlıq aşiqləri» camaatın anasını ağladırdı, başına olmayan oyunlar açırdı?!.. Bir dəfə camaatı, qanlı yanvar gecəsi həmin bu lənətə gəlmiş «azadlıq» şüarlarıyla evlərindən çıxarıb tankların altına salıb qırdırdılar. Dünən də eləcə, silahı cavanların əlinə verib qardaşı-qardaşa qırdırdılar. Müharibə də ki, o tərəfdən… xalxın uşağını ət maşınından keçirən kimi, bir ujdan kəsib tökür...

-…Qəribə burasıydı ki, özlərinə heç nə olmurdu… - camaat deyirdi - iki gündən bir bu adamlar döyüş bölgələrindən verilən televiziya reportajlarında qanlı-qadalı barrikadalardan döyüşçülərlə çiyin-çiyinə dayanıb müsahibə verirdilərsə də, o bölgə yarımca saatdan sonra düşmən tərəfindən darmadağın edilirdisə də, o bölgədən bir nəfər belə olsun, salamat çıxmırdısa da, yenə bunlardan birinə də heç nə olmurdu… Yenə məlum olurdu ki, nə ölənlərin, nə də yaralanların arasında bunlardan biri var…

- …elə bil, bu adamlar Allaha da lazım deyillər, bala... - qarılar deyirdi…

Amma xalqı necə gözbağlıcaya salmışdılarsa, hamıya elə gəlmişdi ki, dara düşən ölkəni, hüququ tapdanıb, mənəviyyatı illərlə təhqir olunan xalqı bu miskin quyudan yalnız bu adamlar xilas edəcək…

- Qəribədi… - camaat çaşqın halda bir - birinə elə baxırdılar, elə bil bir - birin təzəcə görürdülər… - axı bu, necə olmuşdu?!.. Bu adamlar şəhərin, ya ölkənin hansı tərəfindən çıxıb gəlmişdilər, onların inamını, etimadını necə, hansı fitvayla qazanmışdılar?!..

-…Hər şey isə ondan başlamışdı ki, o lənətəgəlmiş meşənin ağaclarını naxələf qonşu millətin beş-on nəfər bunlar ağılda olanı qırıb yandırmışdı... Belə cəhənnəmə-gora ki, qırmışdı... Hər şey də o meşənin ağaclarının badına getdi… torpaqlar da adamlar da.. - deyirdilər - belə bilsəydik, o meşəni gedib əvvəlcədən elə özümüz qırardıq ki, bu heyvərələrdən qurtulaq... O cür meşələrdən ki, çoxu quruyub, neçəçinin sərvəti odun - ocaqda yandırılıb.. bəs niyə bu vaxtacan o ağacların, meşələrin taleyi heç kimi maraqlandırmırdı, indi noldu ki, hamı birdən-birə təbiət vurğunu oldu?!..

- Bütün bunlar bəhanə idi... - siyasətdən az - maz başı çıxanlar deyirdilər…- avam xalqı çaşdırıb yerindən oynatmaq, ölkəyə qarışıqlıq salıb, hakimiyyəti əldə etmək istəyən bir dəstə nankorun qurğusu idi… bu da nəticəsi…

-…Bir prezidentə imkan vermirdilər ki, yazıq bir iş görə... prezidentlik andının içməyi ilə tətillərin ürəküzən fitlərinin işə düşməyi bir olurdu… Gah bəhanə bu olurdu ki, hardasa meşəni amansızcasına qırıblar, özləri isə, ətrafda nə ağac vardısa, hamısını sındırıb küləkli mitinqlərdə qızınmaqdan ötrü tonqallarda yandırırdılar... Gah bəhanə bu olurdu ki, sən demə, ölkədə əcnəbi təhsilli məktəblərin sayı altdan-altdan artır… bu da bizim milli «mən» imizi təhlükə altına alır… Gah bəhanə bu olurdu ki, hansısa ölkənin hansı qəzetindəsə millətin qeyrətinə toxunan məqalə nəşr edilib, amma satqın iqtidar buna biganədi... bəli, yeddi gün - yeddə gecə bir dənə dılğır məqaləyə görə bütün ölkə ölüm bataqlığına qərq olurdu… idarələrdə, məktəblərdə iş dayandırılır, çörək zavodları işıqlarını söndürür, avtobus sürücüləri küsüb evlərində gizlənirdilər…

Bəziləri də deyirdi ki, bir tərəfdən, bu millətə nə olursa, elə əcəb olur…

- Bizə hələ bu da azdı… bir yığın burnufırtıqlı uşağın felinə uyub arvadlı-uşaqlı küçələrə tökülüşməyin, bir-birinin ağzına baxa-baxa «Azadlıq!..» deyib çığırmağın axırı belə olar... Baş qatmağa, vaxt keçirməyə özlərinə yer tapmışdılar. Babat havalarda meydanlara yığılıb, orda boğazlarını cıra-cıra gah himn oxuyurdular, gah da «Birlik!», «Birlik» - çığırıb qıçları quruyanacan əyilib-qalxırdılar… guya bunları bu vaxtacan bir-birindən ayıran vardı…

-…çoxu bura qayışının altını bərkitməyə gəlir… - Azadlıq meydanında qəzet satan arıq arvad deyirdi - …mitinqin şıdırğı vaxtı bir də görürdün budu ha, gəldilər… Üç-dörd yük maşını camaatı yara - yara, öküz palçığa girən kimi, ləngər vura-vura yuxarı başa - meydanın ortasında keçib orda lövbər saldı… maşınların yük yerindən yeşik-yeşik ərzaq daşınıb çadırlara yığıldı… bunlara deyən gərək, balam, belə imkanınız vardısa, bunu bayaqdan niyə eləmirdiz, millət nə gündə yaşayırdı, indi nə yaxşı yadınıza düşdü, gün ha yandan çıxdı, balam?!..

-…»Azadlıq!» çıcırmaqnan döyül ki?!.. Əslində bura hərə bir şey üçün gəlirdi… - mitinqlərdə asayiş gözləyən polislər danışırdı - …biri direktorundan narazı idi, o biri neçə il idi, ev növbəsində dayanmağına baxmayaraq, ev ala bilmirdi, bu bir jek müdirinin əlindən zəncir çeynəyirdi ki, günlərlə binalarına işıq vermir, o biri uşağını institutun həndəvərinə yaxın qoymayan rüşvətxor müəllimlərə qarğış yağdırırdı… bura ki, yığışdılar, hamı bir-birinə qoşulub «Azadlıq!» çığırırdı…

-…O mitinqlərə gedənlər əsasən, yerdən, göydən, öz uğursuz bədbəxt talelərindən narazı adamlar idi… - mitinqlərdə tribunaya çıxıb, ordan öz şerlərini oxuyan şairlər deyirdi - …bu adamlar, uzun illərdən bəri, az qala bütün əzalarına yeriyib orda xəbis-xəbis qaynaşan kin-küdurətlərini, üst-üstə yığılıb daşlaşmış ağrı-acılarını orda daş əvəzinə yumruqlarında sıxa-sıxa elə bil rahatlanırdılar…

-…orda kimi desən, tapmaq olardı... Bu, bir növ xalq təntənəsini xatırladan kütləvi bayramsayağı bir mərasim idi... orda hərə öz qabiliyyətini nümayiş elətdirirdi... Kürsüyə qalxan gənc şairlər şer deyir, müğənnilər oxuyur, filosoflar bəşəriyyət və millət haqqında mülahizələrini söyləir, sinoptiklər hava haqqında məlumatlar verir, polis işçiləri şəhərdə baş verən şübhəli hadisələrdən danışır, həkimlər, adam tünlüyündə ürəkkeçmənin qarşısını alan tədbirlərdən söz açır, dərsdən qaçan uşaqlarsa, ağaclara dırmaşıb budaqlardan sallaşır, əllərinə keçəni camaatın təpəsinə ilişdirə-ilişdirə: «Azadlıq!» - deyib hırıldaşırdılar, əllərinə keçəni yuxarıdan camaatın təpəsinə ilişdirir, hərdən də çaşıb kiminsə üstünə yıxılırdılar… Bütün bu kütləvilikdən, həmrəylik və birlik kövrəlmələrindən, hətta matəm sükutlarından və ağlaşmalardan belə, adamın ürəyi açılırdı...

…Axır vaxtlar camaat bu mitinqlərə o qədər öyrəşmişdi ki, mitinq olmayanda, hamının canına bit-birə daraşırdı elə bil. Belə günlər çox adam qanıqara, əsəbi gəzir, dövləti söyür, durduğu yerdə onu-bunu acılayır, evlərində oturub axşamlarla planlar cızır, növbəti mitinq üçün bəhanələr axtarırdılar. Mitinqlər camaatın havası, suyu, dənizi kimi, həyatəhəmiyyətli vacib ehtiyacına çevrilmişdi…

- Axı nə qədər canını dişinə tuta-tuta idarənin yeknəsəq işlərini görüb, axşamlar da küftə yeyə-yeyə duzsuz verilişlərə baxmaq olardı?!.. Nə qədər ölkəyə gəliş-gedişinin səbəbi bilinməyən əcnəbi dövlətlərin rəhbərlərini gülümsər üzlərlə qarşılamaq üçün saatlarla küçələrdə dayanıb, gün təpəni deşə-deşə, yaxud soyuqdan quruya-quruya gəlib - gedənə əl eləmək olardı?!.. Nə qədər ölkədə, şəhərdə baş verənlərə kənardan, seyrçi kimi baxmaq olardı?.. Nə qədər başdan ayağa qanun və qərarlardan ibarət ütülü qəzetlər oxumaq olardı?!..

…Mitinqlər bataqlıq və kəsafət qoxuyan bütün bu yeknəsəqliyə son qoydu, hər adam özünün adam olduğunu, axır ki, nə iləsə də olsa, razılaşmadığını, nəyin uğrundasa mübarizə apara bilmək qabiliyyətini hiss etdi…Məgər bu az idi?.. - bəzilər deyirdi - Camaat nəyə qadir olduğunu bu mitinqlərdə anladı. Hamı hər şeyə, hətta öz evində, öz ailəsində belə, ictimayi nöqteyi-nəzərdən, milli mənafe baxımından yaşamağa başlamışdı. Xalq qəflət yuxusundan oyanmışdı. Bu böyük oyanmadan bütün ölkə lərzəyə gəlmişdi. Şəhərlərdən, kəndlərdən göylərə, yeraltı təkanları xatırladan möhtəşəm bir uğultu ucalmaqda idi…

Xalq hərəkatının ön cərgəsində əllərində bayraq, işıqlı üzlərlə addımlayan bu adamların təsiri altına nə vaxt və necə düşdüyünü hərə bir cür xatırlayırdı…

Bəziləri deyirdi ki, bir neçə il bundan əvvəl qəfildən, gözlənilmədən «Azadlıq» meydanında zühur edən bu adamlar uzun illərdən bəri görə-görə öyrəşdiyimiz sanballı, toxunulmaz nomenklatura ehkamlarını qırıb, nəhayət ilk dəfə camaatla adam dilində - səmimi xalq dilinlə danışdıqlarına görə, qısa müddət ərzində xalqın rəğbətini və inamını qazandılar.

Bəziləri də deyirdi ki, onlar sadəcə, xalqın incə damarını tuta bildilər... hakimiyyətə gəlməyin tarix boyu dəfələrlə işlənmiş məlum fəndlərini işə saldılar; xalq kütlələrinin bineyi-qədimdən toxumalarıyla qəbul eləmədiyi, gizli əbədi nifrət bəslədiyi adamları - yüksək vəzifə sahiblərini, məşhur alimləri, varlıları yüzminlik mitinqlərdə söyüb biabır eləmək, fitə basıb əl çalmaq, xorla çığırışıb birlik möhtəşəmliyini hiss etdirmək, hücum eləyib haranısa zəbt etmək, vitrinləri sındırmaq və sairə sadəcə, təbiətcə coşqun və ehtiraslı qafqazlıların xoşuna gəldi görünür…

- …Bir çox dünya xalqları həmin bu mərhələləri eynilə belə yaşayıb... - tarixçilər deyirdi - Uzaq əsrlərdən bəri meydanların edam tamaşalarına baxa-baxa yetişən və bu ibrətamiz mənzərədən özünəməxsus güc alan xalqın qan yaddaşı, sözsüz ki, onu bu heyrətamiz, kütləvi qalibiyyət aktlarına cəlb eləməyə bilməzdi…

Coşğun demokratiya dalğası keçmiş sovetlər birliyini az qala bütün regionlarını çalxaladığı bir dövrdə, peşə ixtisaslarına görə az-maz öyrənib bildikləri nəzəriyyələri ilə küləkli meydanları, özləri də gözləmədən idarə etməyə nail olan bu kənd mənşəli uğursuz alimlərin sonradan, tarixdə görünməmiş, heç bir dövlət quruluşuna, siyasi rejimə uyğun olmayan əndirəbadi «bolşevik-qolçomaq» dövləti quracağına kim inanırdı?!.. - ziyalılar ürkək səslərlə, hələ də nədənsə ehtiyatlana - ehtiyatlana danışırdılar...

- Bunların işindən heç Allah da baş açmazdı… - camaat deyirdi - Allah onların evini yıxsın, necə ki, elə yıxdı!.. Bu bir ili daha nələr görmədik?!.. Camaatı Allahın çörəyinə də həsrət qoydular… O nə günlər idi, ilahi?!.. Getsin o günlər, bir də qayıtmasın… çörək üçün məhəlləbəməhəllə yığılıb axşamdan püşk atır, nömrələr paylanır, adamlar səhərin ala-qaranlığında küçələrə çıxıb, çörək növbəsinə çatmaq üçün dəstə-dəstə dükanlara axışırdılar… şəhərin küçələri inqilabdan əvvəlki fəhlə qəsəbələrini xatırladırdı…

- …bir ara xəbər yayıldı ki, təzə hökumət hansısa xarici dövlətdən xeyli miqdarda un alıb və daha camaat çörək sarıdan əziyyət çəkməyəcək… camaat sevinib dərindən nəfəs dərdisə də, çörəklər bişirilib dükanlara paylananda çaşıb qaldı… sörək, nə çörək… ağzına qoymağınla, tikənin sürüşkən plastilinə çönüb damağına yapışmağı bir oldu... sonradan məlum oldu ki, yuxarıda oturanlardan kimsə, deyilənə görə dövlət müşaviri hansısa xarici şirkətlə müqavilə bağlayıb, şəhər camaatının qarnını doyurmaq üçün, ucuz başa gəlsin deyə, un əvəzinə, mal - qaraya yedirdilən kombikorm alıb.

- Bu günü də gördük… - camaat içini çəkə-çəkə danışırdı - …bu imansızlar bizə donuz yemi də yedirtdilər…

…Elmlər Akademiyasının binasını doğum evinə, Yazıçılar Birliyini Çin səfirliyinə, teatr binalarını əmək birjalarına verməyə hazırlaşırdılar. Simfonik orkestri ləğv eləyib, zəif, eynəkli musiqiçiləri müharibəyə göndərdilər ki: - «İndi simfoniya vaxtı deyil». Orda öləni öldü, qalanı qumbara səsindən kontuziya aldı.

Mədəniyyət naziri - keçmiş aqronom-mühəndis violonçeli rəsmi qərarla bir instrument kimi ləğv elətdirdi: «…Skripka, trambon, kontrabas cəhənnəm, yenə nəyəsə oxşayır. Bu violonçel nəyə lazımdı axı?!.. Həmin yekə skripkadı da, sadəcə ayaqlarının arasında çalırsan…»

- …Bir də gördük, yeraltı keçidlərin pilləkənlərini sökürlər… Burdan camaatın bir qulağı, bu dəqiqə hardasa yaxında atılacaq düşmən toplarının səsinə kəsilib, bu biri qulağı çörək növbəsinə gecikməmək üçün gecədən qurduqları saatın zəngini güdür, balalarını müharibəyə göndərən ana-bacılar səhəri diri gözüylə açır, bunlar keçidlərin pillərini söküb, keçidlərdən yeraltı maşın yolları düzəldirlər ki, öz müşayiət dəstəsi ilə küçələrdən güllə kimi vıyıldamağa bir növ adətkarda olmuş Daxili İşlər Naziri işə maneəsiz və vaxtında gedib çata bilsin… Heç hənanın yeridi?!.. Dünyanın bu qatmaqarışıq vaxtında yeraltı keçidləri rekonstruksiya eləmək bunnarın ağlına hardan gəldi axı?.. Sonradan məlum oldu ki, keçidlərin pillələri, nazirin şəxsi göstərişi ilə sökülür. Deyilənə görə, nazir bu sərəncamı, şəhər sakinlərinin, xüsusən qocaların və uşaqların pillələri düşüb-qalxmaq əziyyətindən qurtarmaq və yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə veribmiş... Bu, pis idi, ya yaxşı idi, heç kim bilə bilmirdi. Daha doğrusu, bu barədə fikirləşməyə imkan yox idi. Çünki o biri gün niyəsə binaların novalçalarının təcili söküntüsünə başlanıldı… Deyilənə görə, novalçaların sökülməsinə səbəb - güclü yağışlar vaxtı içiboş novalçaların səs eləyib, əsəbləri müharibədən gələn xəbərlərdən onsuz da tarıma çəkilmiş şəhər əhlinin yuxusuna haram qatması olub…

…O biri gün isə bütün şəhər - binalar, dükanlar, maşınlar, az qala adamlar da, millilik əlaməti olaraq, milli bayraq rəngində rəngləndi…

…Ta o biri gün, əhalinin sosial rifahını qaldırmaq üçün evlərə zibil yığılacaq gözəl etiketli xarici torbalar paylandı...

- …Yeməyə bir şey var ki, tullamağa da zibil olsun?!.. - deyən camaat bu parıltılı torbaları səliqə ilə qatlayıb bir kənara qoydular.

Sonra isə belə məlum oldu ki, sən demə, bu cazibədar torbalar zibil üçün yox, hansı xarici dövlətinsə müharibə bölgələrinə göndəriləcək humanitar yardımın - əsgərlərin ərzaq paylarının torbaları imiş. Odu ki, çuvallar təzədən geri yığıldı, bir xeyli də ürəklərdə iz qoyan bu bəzəkli torbalara görə camaat arasında dığ-dığ düşdü.

- Bu da bunnarın azadlığı... «Azadlıq» dedikləri bu idisə, lənətə gəlsin belə azadlığı… belə azadlıqdansa sürünə-sürünə ölmək yaxşıdı… - camaat deynib danışdı..

Lakin bütün bunlarla yanaşı, son illər ölkədə baş verən bütün bu qeyri-müəyyənliklərin, naməlumluqların və əcayibliklərin ən sirli möcüzəsi, hamının gecə-gündüz beynini yora-yora, dönə-dönə təhlil edib kimliyi barədə heç cür aydın bir nəticəyə gələ bilmədiyi, həmin bu «Azadlıq» partiyasının taxta oturtduğu ucaboylu, şiv qamətli prezident idi…

Bir qisim adam prezidentin qəribəliyini, heç cür heç bir hesaba gəlməməyini, onun insanpərvər romantik təbiətli adam, vətənini, millətini dəlicəsinə sevən, ömrünü onun azadlığı uğrunda mübarizəyə həsr edən müqəddəs ruhlu alim olması ilə bağlayırdı... Hətta onu, evi-eşiyi, əyin-başı olmayan, gözü dünya nemətlərini seçməyən Allahın oğlu, müqəddəs İsaya oxşadanlar da vardı...

- Doğrudan qəribə idi… - camaat deyirdi - …ömrü boyu Elmlər Akademiyasında, sonralar Əlyazmalar institutunda işləyən bu 56 yaşlı dörd uşaq atasının, hər şey bir yana qalsın, evi də yox idi…

Deyilənə görə bu keçmiş elmi işçi heç vaxt ev almaq haqqında fikirləşməmişdi də, buna səy belə göstərməmişdi... deyilənə görə, hakimiyyətə gələnə qədər, ailəsi anasının yanında - uzaq kəndlərində, özü isə onun-bunun evində, çox vaxt da yataqxanalarda qalan bu adamın, üzü getmiş nimdaş qara kostyumundan, geyilməkdən balaqları üzülən qara idman formasından, bir də, cildləri üzülmüş qədim kitablarından savayı heç nəyi yox idi…

- …alim kimi o, alınmadı… - alimlər deyirdilər -… özü dilçi ola-ola nəyə görəsə tarixə girişdi, ordan da ortaya elə bir təqdirəlayiq iş çıxara bilmədi... qədim tarixdən seçib araşdırdığı dövrlərə təhlil verməkdən çox, əlyazmalardan tapıb bəyəndiyi tarixi faktları, hadisələri bədii ifadələrlə cilalayıb şişirdir, qabardıb qəlizləşdirir, hər şeyə elə bil bədii rəng, poetiklik verməyə çalışırdı... Görünür bu, onun ədəbiyyata olan sonsuz məhəbbətindən irəli gəlirdi. Bu, qəribə novator vəhdəti idi. Tarixi mövzuları tədqiq edən dilçi şərqşünasının ədəbi meyli. Nə isə qəliz alındı…

Bir qisim adam da deyirdi ki, əgər ölkədə son illər baş verən bütün hadisələr, deyilən kimi, bu xəstəhal, yazıq alimin özü üçün qurub yaratdığı uydurma «azadlıq» proqramının nəticəsi idisə, onda belə çıxır ki, o, həddindən artıq güclü adam idi. Çünki, uşaqlıq xəyallarını bu qədər ili pusub gözləyə-gözləyə qoruyub saxlamaq, vaxtı çatanda realizə edib bütün ölkəni çalxalamaq, yeddi milyonluq xalqı ayağa qaldırıb, bir-birinin ardınca üç prezident aşırmaq və nəhayət qalib adamlarla keçib taxta əyləşmək heç də zəif, yaxud xəstəhal adamın öhdəsindən gələ biləcəyi iş deyildi…

O birilər isə deyirdi ki, ölkədə kütləvi surətdə başlayan xalq hərəkatına bu adamın ümumiyyətlə dəxliyyəti belə yox idi… bu hərəkat - yaz gününün gözlənilmədən, şimşəkli göydən dolu yağdırdığı heyrətamiz mənzərəyə bənzər bir şey idi. Bu, hüququ uzun illərdən bəri tapdanan, torpaqları dövr - dövr gizli-gizli, hissə-hissə düşmənə ötürülən qəzəbli xalqın total üsyanı idi. Sadəcə bu üsyan, illərlə öz gözəgörünməz iynəsi ilə gor qazan bu xəyalpərəst üçün əlverişli şərait, o vaxtacan heç bir real əsası olmayan ideyalarının özü-özünə, öz təbii axarı ilə işə düşən acıqlı şimşəyin, kövrək yağışın, vahiməli küləyin, yaxud nəyinsə hesabına ətə, qana dolmaq məqamı idi…

  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə