TƏLƏBƏ: bayramova əTİRNİSƏ RƏHBƏR: müəl. RƏSullu r. F. Kafedra müDİRİ: prof., I e. d., Haciyev ş. H. Baki – 2009




Yüklə 383.34 Kb.
səhifə1/5
tarix24.04.2016
ölçüsü383.34 Kb.
  1   2   3   4   5
AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

FAKULTƏ: BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

KAFEDRA: BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

BURAXILIŞ İŞİ
MÖVZU: MÜASİR ŞƏRAİTDƏ XARİCİ TİCARƏT ƏLAQƏLƏRİ VƏ ONLARIN TƏNZİMLƏNMƏSİ YOLLARI


QRUP: 890

TƏLƏBƏ: BAYRAMOVA ƏTİRNİSƏ

RƏHBƏR: müəl. RƏSULLU R.F.

KAFEDRA MÜDİRİ: prof., i.e.d., HACIYEV Ş.H.
BAKI – 2009
MÜNDƏRİCAT


GİRİŞ




I FƏSİL. Beynəlxalq ticarətin müasir vəziyyəti və onun tənzimlənməsinin əsas xüsusiyyətləri.




    1. Beynəlxalq ticarətin müasir inkişaf səviyyəsi, onun əmtəə və coğrafi strukturlarında müşahidə edilən əsas meyllər.




    1. Xarici ticarət siyasətinin mahiyyəti, onun əsas formaları və vasitələri.




    1. Beynəlxalq ticarətin dövlətlərarası və hüquqi tənzimlənməsi: beynəlxalq təşkilatlar və normativ aktlar.




II FƏSİL. Müasir dövrdə Azərbaycanın xarici ticarət əlaqələri və onların tənzimlənməsi xüsusiyyətləri.




    1. Azərbaycanın xarici ticarətinin dinamikası, əmtəə və coğrafi strukturunun əsas xüsusiyyətləri.




    1. Azərbaycanın xarici ticarət siyasətinin mahiyyəti və əsas prinsipləri.




    1. Azərbaycanın xarici ticarət tənzimlənməsinin inkişaf istiqamətləri.




NƏTİCƏ




ƏDƏBİYYAT SİYAHISI





GİRİŞ
Ticarət cəmiyyətin müəyyən inkişaf mərhələsində əmtəə istehsalı ilə birlikdə, yəni əmək məhsulununu öz istehsalı üçün yox, satışı üçün istehsal edildiyi mərhələdə meydana gəlmişdir. Müasir dövrdə bazar sistemini qurmağa çalışan ölkələrin milli iqtisadiyyatlarının inkişafı təkcə daxili imkanlarla deyil, həm də beynəlxalq iqtisadi münasibətlərin əsas forması olan xarici ticarətdən səmərəli surətdə istifadə edilməsi ilə six əlaqədardır. Bu baxımdan hal-hazırda xarici ticarət əlaqələrinin öyrənilməsi mövzusu çox aktualdır.

Tədqiqatin əsas məqsədi müasir şəraitdə xarici ticarət əlaqələrini tədqiq edərək onlarin əsas xüsusiyyətlərini üzə çıxarmaq, xarici ticarətin tənzimlənməsi yollarını öyrənməkdən ibarətdir.

İnformasiya mənbəyi kimi mövzu ilə əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və xarici alimlərin və mütəxəssislərin araşdırmalarından istifadə edilmişdir.

Buraxılış işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdırılmışdır. Buraxılış işi girişdən, iki fəsildən və hər fəsildə 3 sualdan, nəticədən ibarətdir. Buraxılış işində 9 cədvəl, 2 şəkil, 1 diaqramdan və 15 mənbədən istifadə edilmişdir.

Buraxılış işinin birinci fəsli “Beynəlxalq ticarətin müasir vəziyyəti və onun tənzimlənməsinin əsas xüsusiyyətləri” adlanır. Bu fəsildə beynəlxalq ticarətin müasir inkişaf səviyyəsi, onun əmtəə və coğrafi strukturları öyrənilir. Bundan başqa burada beynəlxalq ticarətin dövlətlərarası və hüquqi tənzimlənməsi: beynəlxalq təşkilatlar və normativ aktlar tədqiq edilir, xarici ticarət siyasətini mahiyyəti açıqlanır, onun əsas forma və vasitələri öyrənilir.

“Müasir dövrdə Azərbaycanın xarici ticarət əlaqələri və onların tənzimlənməsi xüsusiyyətləri” adlanan ikinci fəsildə Respublikamızın xarici ticarət əlaqələri öyrənilir. Azərbaycanın yeni bazar münasibətlərinə qədəm qoması bu fəsildə Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikasını, əmtəə və coğrafi strukturunun əsas xüsusiyyətlərini öyrənməyə imkan verir. Bununla yanaşı xarici ticarət siyasəti tədqiq edilir, ölkəmizin xarici ticarət tənzimlənməsinin inkişaf istiqamətləri-Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması proseduru, bu yolla əldə edəcəyi imkanlar öyrənilir.

Buraxılış işi nəticə ilə tamamlanır.

I FƏSİL

Beynəlxalq ticarətin müasir vəziyyəti və onun

tənzimlənməsinin əsas xüsusiyyətləri.


    1. Beynəlxalq ticarətin müasir inkişaf səviyyəsi, onun əmtəə və coğrafi strukturunda müşahidə edilən əsas meyllər.

Beynəlxalq ticarət alqı-satqı əməliyyatlarının həyata keçirilməsi ilə reallaşdırılır. Bu, beynəlxalq iqtisadi münasibətlərin idarə olunması mexanizminin başlıca amilidir. Belə ki, beynəlxalq iqtisadi münasibətlər məhz maddi malların mübadiləsi, ölkələr arasında istehsal-texniki əməkdaşlığın nəticələrinin mallar mübadiləsi formasında təzahür edir. Bütün bunlar kontragenləri öncədən müəyyənləşdirilmiş müxtəlif ölkələrin qarşılıqlı ticarət əməliyyatları vasitəsilə həyata keçirilir.

Beynəlxalq ticarətin həyata keçirilməsi dünya dövlətləri qarşısında belə bir məsələ qoyur ki, hər hansı bir ölkə istehsal edə bildiyi bütün əmtəələri deyil, ən az xərclə daha çox əldə edilən əmtəənin istesalı ilə məşğul olsun. Ölkə daxilində ucuz başa gələn məhsulları istehsal etməli, baha başa gələn məhsulları isə xaricdən gətirməlidir.

Beynəlxalq ticarət dünya ölkələrində elə qurulur ki, o ölkəyə mənfəət gətirmiş olsun. Yəni beynəlxalq ticarətdən ölkənin sosial-iqtisadi irəliləyişi üçün istifadə olunur.

Beynəlxalq ticarət BİM-in ənənəvi və əsas formasıdır. Bütün BİM formalarının təxminən 80%-i onun payına düşür.

Beynəlxalq ticarətin obyekti kimi əmtəə və xidmətlərin çıxış etdiyini nəzərə alsaq onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə beynəlxalq ticarəti fərqləndirmək olar.



Əmtəələrlə beynəlxalq ticarət müxtəlif ölkələrin əmtəə istehsalçıları arasında beynəlxalq əmək bölgüsü əsasında meydana gələn əlaqələr formasıdır.

Xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.

Xarici bazarlada əmtəə və xidmətlərin satışı ölkədə istehsalı genişləndirmək, bununlada ölkənin gəlirini artırmağa imkan verir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrlə ticarət aparması xüsusilə əlverişlidir. Bunun əsas səbəbi odur ki, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə göndərilən sənaye məhsulları nisbətən yüksək qiymətlə satılır, həmin ölkələrdəki xammallar isə aşağı qiymətlə alınır.



İkinci dünya müharibəsindən beynəlxalq ticarətin inkişafına təsir edən amillər aşağıdakılar olmuşdur:

  1. Beynəlxalq əmək bölgüsünün və dünya təsərrüfatının beynəlmiləlləşməsinin dərinləşməsi milli iqtisadiyyatların açıqlıq göstəricisinin (ixrac kvotası: bütün dünya ölkələri üzrə təxminən 1.5-2 dəfə) artmasına gətirib çıxarmışdır.

  2. Elmi-texniki tərəqqi 1970-ci illərdə milli iqtisadiyyatlarda struktur dəyişikliklərinə səbəb olmuşdur. Bu məhsulların mənəvi cəhətdən köhnəlməsinin sürətlənməsinə (əvvəl orta hesabla 15 il təşkil edən bu müddət indi 5 ilə düşmüşdür), əsas kapitalın dinamik yenilənməsinə, yeni sənaye sahələrinin yaranmasına, əvvəl məlum olmayan cəhətlərə malik yeni əmtəələrin meydana gəlməsinə səbəb olmuşdur. Dünya əmtəə dövriyyəsinə hər il təxminən 10% yeni əmtəə cəlb olunur. Zəruri əmtəələrin müasir çeşidi o qədər genişdir ki, heç bir ölkə özünü bütün əmtəələrlə tam təchiz etmək iqtidarında deyildir. bu isə beynəlxalq əmək bölgüsünün dərinləşməsinə və beynəlxalq ticarətin artımına gətirib çıxarır.

  3. İstehsalın və kapitalın milli və xarici bazarlarda təmərgüzləşməsi və mərkəzləşməsi transmilli şirkətlərin dünya bazarlarında fəaliyyətinin aktivləşməsinə gətirib çıxarmışdır. Transmilli şirkətlərin beynəlxalq ticarətdə payı 40%-ə yaxındır. Onların ayrı-ayrı ölkələrin xarici ticarətində xüsusi çəkisi isə 70%-ə qədər qalxmışdır. Məhz transmilli şirkətlər beynəlxalq ticarətə yeni-yeni ölkələri, regionları, əmtəələri cəlb edirlər.

  4. Kapitalın ixracının, xüsusilə də birbaşa investisiyaların masştabının və templərinin artımı dünyanın ixrac potensialının güclənməsinə, beynəlxalq əmtəə dövriyyəsinin artımına səbəb olmuşdur. Yəni, kapital ixracı əmtəə ixracını stimullaşdırmaqla onun artmasına gətirib çıxarmışdır.

  5. Müstəmləkə sisteminin dağılması ilə milli iqtisadiyyatların formalaşdırılması yoluna qədəm qoymuş yeni, müstəqil dövlətlərin formalaşması da beynəlxalq ticarətə müsbət təsir göstərmişdir. Bu ölkələrin müxtəlif məhsullara olan ehtiyacı artmış, həmçinin müəyyən müddətdən sonra onlar özləri xarici bazarlara istiqamətlənən əmtəə istehsalını formalaşdırmağa başlamışlar.

  6. Beynəlxalq təşkilatların rəhbərliyi altında beynəlxalq ticarətin liberallaşdırılması prosesinin güclənməsi. Beynəlxalq Təşkilatların fəaliyyəti nəticəsində tarif və qeyri-tarif maneələrinin unifikasiyası və azalması baş vermiş, beynəlxalq ticarət mübahisələrinin həll edilməsi mexanizmi yaradılmışdır ki, bütün bunlar da beynəlxalq ticarətin inkişafına öz müsbət təsirini göstərmişdir.

  7. Azad ticarət zonalarının, gömrük ittifaqlarının və s.-nin yaradılması nəticəsində regional maneələri aradan qaldıran inteqrasiya proseslərinin intensivləşməsi və dərinləşməsi. Bu cür birləşmələr çərçivəsində rüsumsuz ticarət həyata keçirilir, qarşılıqlı ticarət güclənir ki, bu da son nəticədə özünü dünya ticarətinin məcmu göstəricilərində əks etdirir.

  8. İxrac-idxal əməliyyatları üçün əlverişli mühit yaradılması məqsədilə dövlətlərin xarici iqtisadi fəaliyyətə aktiv surətdə müdaxiləsi.

  9. Mərkəzi və Şərqi Avropa ölkələrinin inkişafın bazar metodlarına keçidi ilə onların iqtisadiyyatlarının açıqlığının artması.

Bu amillər son 50 il ərzində əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarətin dinamikasını, onun əmtəə və coğrafi strukturlarında baş verən dəyişiklikləri şərtləndirmiş, beynəlxalq ticarətin müasir inkişaf meyllərini müəyyən etmişdir.

Son 25 ildə informasiya texnologiyaları sahəsində müşahidə edilən sürətli kəmiyyət və keyfiyyət dəyişiklikləri dünya iqtisadiyyatında yeni bir dövranın başlamasına səbəb olmuşdur. Bu yeni dəyişikliklər həm ölkədaxili iqtisadiyyatın, həm də beynəlxalq ticarətin sürətli artmasına gətirib çıxardı.



Beynəlxalq ticarətin dinamikası yüksək inkişaf templəri ilə xarakterizə olunur. Əmtəə ixracında müşahidə edilən artım 2007-ci ildə 6%-ə enmişdir. Bu göstərici 2006-cı ildə 8,5% təşkil edirdi. Bu enmənin səbəbi başlıca olaraq ABŞ həmçinin Avropa və Yaponiyada idxal tələbinin azalmasıdır. 2000-2007-ci illər ərzində əmtəə ixracı ÜDM-ə nisbətən orta hesabla 2,7% çox artmışdır.

Cədvəl 1.1.

Dünya əmtəə ixracının və dünya istehsalının

fiziki həcminin artım templəri,(%-lə)





2005

2006

2007

Dünya əmtəə ixracı

6.5

8.5

6.0

Dünya əmtəə istehsalı

3.0

3.0

4.0

Dünya ÜDM-si

3.0

3.5

3.5


Mənbə: WTO. World Trade Report, 2007. – Geneva, 2008.
Xidmətlərlə beynəlxalq ticarətdə isə 1980-ci illərin əvvəllərindən etibarən intensiv inkişaf müşahidə edilmişdir. Son illər xidmətlərlə ticarətin artım tempi əmtəələrlə ticarətin artım tempini müəyyən dərəcədə üstələyir. 2007-ci il ərzində xidmətlərlə ticarət (18%) çox yüksək bir sürətlə əmtəələrlə ticarətə (15%) nisbətən artmışdır. Bu artımın əsas səbəbi kimi bir çox xidmətlərə beynəlxalq təklifin artması və nəqliyyat qiymətlərinin artımını göstərmək olar.

Xidmətlərlə beynəlxalq ticarətin sürətli inkişafına aşağıdakı amillər əhəmiyyətli təsir göstərmişdir:



  • dünyanın əksər ölkələrində uzunmüddətli iqtisadi yüksəliş işgüzar aktivliyin, əmək məhsuldarlığının, şirkətlərin gəlirlərinin və əhalinin ödəmə qabiliyyətinin artmasına gətirib çıxarmışdır;

  • elmi-texniki tərəqqi istehsalın həcminin genişlənməsinə, xidmətlərin yeni növlərinin və onların tətbiqi sferasının genişlənməsinə səbəb olmuşdur;

  • ölkələrin beynəlxalq iqtisadi əlaqələrinin və BİM formalarının inkişafı;

  • xidmətlərlə ticarətin inkişafında insan faktoru, ehtiyacların daim artması qanunu özünəməxsus rol oynamışdır; insanın intellektual və fiziki imkanlarının təkmilləşdirilməsinə, onun mədəni və sosial ehtiyaclarının təmin edilməsinə yönəldilmiş xidmətlər sektoru genişlənmişdir.

Xidmətlərlə beynəlxalq ticarətin sürətlə artımı həmçinin əmtəə dövriyyəsi və sərmayələr arasında qarşılıqlı əlaqənin güclənməsi, dünya bazarının qloballaşması, milli iqtisadiyyatların “açıqlığı”nın genişlənməsi ilə əlaqədardır.

Dəyər ifadəsində əmtəə dövriyyəsinin dinamikasına təsir edən vacib amillərdən biri də qiymət faktorudur. 1990-cı illərin əvvəllərindən başlayaraq dünya ticarətinin əsas əmtəə qruplarının qiymətlərində azalma müşahidə edilir. Bunun əsas səbəbləri kimi Asiya ölkələrində tələbin aşağı düşməsini, kənd təsərrüfatının və hasilat sənayesinin restrukturizasiyasına iri kapital qoyuluşlarını, müxtəlif ölkələrin ixrac imkanlarının genişlənməsini göstərmək olar.

Ümumilikdə dünya iqtisadiyyatının, xüsusilikdə isə beynəlxalq ticarətin vəziyyətinə mühüm təsir göstərmiş amillərdən biri kimi həmçinin 1990-cı illərin ikinci yarısında Asiya və Latın Amerikası ölkələrində baş verən maliyyə böhranlarının göstərmək olar. Bunun birbaşa nəticəsi özünü dünya ticarətinin artım tempinin aşağı düşməsində göstərmişdir.

Beynəlxalq ticarətin coğrafi strukturu ərazi və ya təşkilati əlamətlərinə görə formalaşdırılmış ayrı-ayrı ölkələr və ya onların qrupları arasında əmtəə və xidmət axınları bölgüsünü əks etdirir.

Beynəlxalq ticarətin ərazi axınlarında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Belə ki, Şimali Amerika, Latın Amerikası, Mərkəzi və Şərqi Avropa, Afrika ölkələrinin dünya əmtəə ixracında payı azalmışdır. Bunun əksinə olaraq, Qərbi Avropa, Orta Şərq və Asiya ölkələrinin dünya ixracında malik olduqları pay artmışdır. İdxalda da təxminən eyni meyllər müşahidə edilmişdir.

Xidmətlərlə dünya ticarətinin ölkələr üzrə bölgüsündə sənayecə inkişaf etmiş ölkələr üstünlük təşkil edir. Xidmətlərin regional baxımdan əsas ixracatçıları isə Avropa Birliyi, ABŞ, Yaponiya, Çin və Hindistandır. İdxal üzrə ilk beşliyə isə ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya və Fransa daxildir.

Təşkilati əlamətinə görə dünya ticarətinin coğrafi strukturunda isə son 30 ildə sənayecə inkişaf etmiş ölkələrin dünya ixracında payı 60-70%, inkişaf etməkdə olan ölkələrin payı 25-30%, keçmiş sosialist ölkələrinin payı isə 5% ətrafında dəyişir. İnkişaf etmiş ölkələr həm ixracda, həm də idxalda dominant mövqeyə malikdirlər. Lakin onların dünya ixracında və idxalında payı azalmağa doğru meyllidir. İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin payı isə əksinə artmaqdadır. Bu isə göstərir ki, inkişaf etməkdə olan ölkələrin xarici ticarəti inkişaf etmiş ölkələrin xarici ticarətinə nisbətən daha yüksək templə artır.

Beynəlxalq ticarətdə aparıcı mövqeyə malik inkişaf etmiş dünyanın üç mərkəzi: ABŞ, Avropa Birliyi və Yaponiya. Onların payına ixracının və idxalının təxminən 60%-i düşür.

Dünya əmtəə dövriyyəsinin təxminən yarısı isə “böyük yeddilik” ölkələrinin (ABŞ, Kanada, Yaponiya, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya) nəzarətindədir.

Müsir mərhələdə beynəlxalq ticarətin əmtəə strukturunda da müəyyən xüsusiyyətlər müşahidə edilir.

Beynəlxalq ticarətin əmtəə strukturu bir neçə meyllə xarakterizə edilə bilər. Birincisi, beynəlxalq əmtəə dövriyyəsinə cəlb edilən əmtəə axınları diversifikasiya olunur. Almaniya ixrac nomenklaturasında bu gün 180, ABŞ, Böyük Britaniya və Fransanın 175, Yaponiyanın 160 mal mövqeyi mövcüddur. Bu, dünya bazarlarına çıxarılan məhsulların sürətlə təzələndiyini göstərir. Hər 5 il müddətində maşın və cihazqayırma sənayesi məhsulların təxminən 60%-i təzələnir.

İkincisi, elmi-texniki tərəqqinin təsiri nəticəsində beynəlxalq ticarətdə emaledici və kimya sənayesi məhsullarının payı yüksəlir.2007-ci ildə emaledici sənayenin həcmi 7,5% artmışdır. Ümumiyyətlə, 2007-ci ildə dünya ixracının 47,8%-i emaledici sənayenin payına düşüb və 2000-ci ildə bu göstərici 45,3% olmuşdur. Bu məhsullar dünya bazarlarında əsas ixracatçı və idxalatçılar kimi sənayecə inkişaf etmiş ölkələr çıxış edirlər.

Üçüncüsü, xammal və yanacaq ticarətin dünya əmtəə dövriyyəsində payı getdikcə azalır ki, bu da sənayecə inkişaf etmiş ölkələrin maddi istehsalında xammal əmtəələrinin rolunun azalması və xammalın dünya qiymətlərinin aşağı düşməsi ilə əlaqədardır.

Dördüncüsü, dünya ticarətində ərzaq məhsullarının da xüsusi çəkisi azalır. 2000-ci ildə ərzaq məhsullarının cəmi əmtəə ixracında payı 6,9%-ni, təşkil etdiyi halda, 2007-ci ildə 6,7%-ni təşkil etmişdir. Bu aqrar sektorun bütün qrup ölkələrin daxili istehsalında payının aşağı düşdüyünü, kənd təsərrüfatı məhsullarının emal səviyyəsinin artdığını və qiymətlərin aşağı düşdüyünü göstərir.

Beşincisi, 1970-ci illərin dünya iqtisadi böhranından sonra toxuculuq və hazır paltar məhsulların dünya ixracında payının artımı meyli müşahidə edilməkdədir.

Həmçinin xidmətlərlə beynəlxalq ticarət getdikcə əmtəələrlə ticarətə daha çox təsir göstərir. Məsələn, əmtəənin xaricə göndərilməsi üçün bazarın təhlilindən tutmuş əmtəənin nəqlinə qədər çox xidmətlərdən istifadə edilir.

1.2. Xarici ticarət siyasətinin mahiyyəti, onun əsas formaları və vasitələri.

Xarici ticarət milli təsərrüfatlar arasında əmtəə və xidmətlərlə mübadilədir. “Xarici ticarət” termini ancaq ayrıca götürülmüş ölkə üçün tətbiq edilə bilər.

Xarici ticarət siyasəti anlayışı altında dövlətin müxtəlif vasitələrdən istifadə etməklə digər ölkələrlə ticarət münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. Xarici ticarət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin vacib tərkib hissəsidir. Təsərrüfat inkişafının daxili aspektləri ilə sıx əlaqədə olduğundan xarici ticarət siyasətinin əsas vəzifəsi ölkənin daxili istehsalının genişləndirilməsi və milli sərvətin artırılması üçün əlverişli xarici iqtisadi şəraitin formalaşdırılmasıdır.

Xarici ticarət siyasəti geniş aspektdə ölkə hökumətinin istehsal amillərinin hərəkəti və istiqamətinə, ticarətin həcmi, strukturu və coğrafi yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi şərh edilir.



  1. iqtisadi rifah;

  2. iqtisadi təhlükəsizlik;

  3. tədiyyə balansının sağlamlaşdırılması;

  4. ümumi iqtisadi inkişaf.

Xarici ticarət siyasətinin mahiyyəti onun qarşısına qoyulan məqsədlər çoxluğu ilə tam adekvat şəkildə şərh edilə bilər:

Ölkənin beynəlxalq ticarətə müdaxilə etməsinin həcmindən asılı olaraq azad ticarət siyasəti və proteksionist ticarət siyasəti fərqləndirilir.



Azad ticarət siyasəti zamanı dövlət xarici ticarətə minimum müdaxilə siyasəti yeridir və xarici ticarət azad bazar qüvvələri, tələb və təklif əsasında inkişaf edir.

Proteksionizm siyasəti zamanı isə ticarət siyasətinin tarif və qeyri-tarif vasitələrindən istifadə etməklə daxili bazarın xarici rəqabətdən müdafiəsi siyasəti həyata keçirilir.

Proteksionizm nəzəriyyəsinin ən ümumiləşdirilmiş təsviri avstraliya alimi Maks Kordenin adı ilə bağlıdır. O özünün “Proteksionizm nəzəriyyəsi” (1971) adlı kitabında göstərirdi ki, xarici ticarətin dövlət tənzimlənməsi birtərəfli, ikitərəfli və çoxtərəfli ola bilər. Birtərəfli tənzimlənmə dedikdə ölkənin dövlət tənzimlənməsi vasitələrindən birtərəfli qaydada, ticarət partnyorları ilə razılaşdırmadan və ya məsləhətləşmələr aparmadan istifadə etməsi başa düşülür. Adətən birtərəfli tədbirlər digər ölkələrin analoji addımlarına qarşı atılır və ticarət partnyorları arasında siyasi gərginliyin yaranmasına səbəb olur. İkitərəfli tənzimlənmə zamanı ticarət siyasəti tədbirləri ticarət partnyorları olan ölkələr arasında razılaşdırılır. Çoxtərəfli tənzimlənmə zamanı isə ticarət siyasəti çoxtərəfli sazişlər əsasında razılaşdırılır və tənzimlənir.

Ölkənin bu və ya digər xarici ticarət siyasətlərini seçməkdə müəyyən məqsədləri olur ki, onları da ümumi şəkildə aşağıdakı kimi formalaşdırmaq olar:


  1. Xarici rəqabətdən müdafiə. Ölkələr xarici istehsalçılarla rəqabət qabiliyyətində olmayan yerli sənayeləri müdafiə üçün idxalı məhdudlaşdıra bilərlər.

  2. İqtisadi artımın təmin edilməsi. Ölkələr xarici ticarət siyasətindən iqtisadi artımın bir vasitəsi kimi istifadə etməyə çalışırlar.

  3. Bazar çatışmazlıqlarının aradan qaldırılması. Xarici ticarət daxili bazarın strukturunun təkmilləşdirilməsi üçün geniş şəkildə istifadə edilir.

  4. Daxili iqtisadi sabitliyin təmin edilməsi. Xarici ticarət siyasəti işsizlik və inflyasiya kimi mənfi meyllərin aradan qaldırılması üçün istifadə olunur.

  5. Dövlət büdcəsinin gəlirlə təmin edilməsi. Bəzən idxala və ixraca tətbiq edilən çoxsaylı vergilər dövlət büdcəsinin gəlirlər hissəsində əhəmiyyətli paya malik olur.

  6. Xarici bazarda inhisar mövqeyinin təmin edilməsi. Bəzən xarici ticarət siyasətinin məqsədi dünya bazarlarında inhisar mövqe əldə etmək olur.

  7. Sosial və siyasi səbəblər. Xarici ticarət siyasətindən ətraf mühitin qorunması, ölkə əhalisinin sağlamlığının və ümumilikdə genefondun müdafiəsi vasitəsi kimi istifadə edilə bilər.

  8. Xarici siyasət məqsədləri. Xarici ticarət siyasəti ümumilikdə xarici siyasətin tərkib hissəsi olmaqla birbaşa olaraq onun da məqsədlərinə xidmət edə bilər.

Dünya ölkələrinin həyata keçirdikləri xarici ticarət siyasətinin müasir inkişaf mərhələsində bir-birinə zidd olan, eyni zamanda bir-biri ilə qarşılıqlı əlaqədə olan iki meyl – proteksionizm liberallaşdrıma meylləri mövcuddur. Bir tərəfdən beynəlxalq ticarətin liberallaşdırılmasına, ticarət maneələrinin aradan qaldırılmasına çalışılsa da (beynəlxalq əmək bölgüsünün dərinləşməsinin və istehsal qüvvələrinin beynəlmiləlləşməsinin şərtləndirdiyi liberallaşma), digər tərəfdən “əcnəbi” kapital və əmtəələrin “doğma” ölkəyə daxil olması bütün mümkün vasitələrlə əngəllənir (dövlətin milli maraqlarının təmin edilməsi vəzifəsindən irəli gələn proteksionizm).

Artıq bir neçə əsrdir ki, iqtisadçılar və siyasətçilər arasında bu iki meylin hansının – milli sənayenin inkişafına şərait yaradan proteksionizmin, yoxsa milli istehsal xərclərini beynəlxalq istehsal xərcləri ilə əlaqələndirməyə imkan verən azad ticarətin yaxşı olduğu barədə mübahisə davam edir. Müxtəlif tarixi dövrlərdə üstünlük bu və ya digər yanaşmanın tərəfinə keçib. 1950-1960-cı illərdə beynəlxalq iqtisadiyyat üçün proteksionizmdən imtina və xarici ticarətin liberallaşdırılmasına yönəlmə xarakterik olub. 1970-ci illərin əvvəllərindən isə əks meyl müşahidə olunmağa başlanıb. Ölkələr daxili bazarı xarici rəqabətdən qorumaq üçün bir-birlərinə qarşı daha da təkmilləşdirilmiş vasitələrdən istifadə etməyə başladılar.

İnkişaf edən beynəlxalq ticari-iqtisadi və maliyyə əlaqələri real olaraq proteksionizmin məhdudlaşdırılmasını tələb edir. Lakin böhran halları zamanı dünya təsərrüfatının bu və ya digər iştirakçısının zəifləməsi həmin ölkənin ticarətin liberallaşdırılması kursundan müəyyən müddətə geri çəkilməyə məcbur edir. Hazırda beynəlxalq ticarətin liberallaşdırılması meyli daha güclü olsa da proteksionizmə qayıtma halları da tez-tez müşahidə edilir.

Azad ticarəti müdafiə edənlərin fikirləri beynəlxalq əmək bölgüsünün verdiyi mənfəətlərə əsaslanır. Belə ki, bazar mexanizminin sərbəst şəkildə fəaliyyəti optimal resurs bölgüsünü təmin edər və dünya istehsalını maksimumlaşdırmaqla bütün ölkəlrin bundan faydalanmasına imkan verər. Onların fikrincə, proteksionizm rəqabəti məhdudlaşdırmaqla və istehsalda ayrı-seçkilik tətbiq etməklə resursların səmərəli bölgüsünü pozur, sahibkarların işgüzar aktivliyini azaldır. Buna həmçinin müdafiə ediləcək sahələrin seçimi zamanı çox zaman iqtisadi amillərə deyil, bir qrup adamın mənfəətinə əsaslanması da səbəb olur.

Azad ticarət tərəfdarlarına görə, proteksionizm inhisara yol açır, iri firmalar kiçik təsərrüfat subyektlərini bazardan sıxışdırıb çıxararaq və ya da özlərinə birləşdirərək inhisar mövqeyi əldə edilər.

Azad ticarət isə yuxarıdakılara yol verməməklə yanaşı, bazar mexnizminin fəaliyyətinə əsaslandığı üçün börokratik əngəlləri də minimuma endirir. Proteksionizm tədbirlərinin tətbiqi isə çox qarışıq bürokratik mexanizmin formalaşdırılmasına səbəb olur. Bu isə resurs israfına, korrupsiyaya gətirib çıxara bilər.

Xarici ticarətdə proteksionizmi müdafiə edənlər isə bir sıra faktorları irəli sürürlər. Belə ki, onlar proteksionizmin milli təhlükəsizlik, iqtisadi artım, strateji ticarət siyasətlərinin həyata keçirilməsi, dempinqin önlənməsi üçün zəruri olduğunu bildirirlər. Digər səbəblər kimi isə onlar ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi, ticarət şəraitinin yaxşılaşdırılması və xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasını göstərirlər.

Qeyd edilməlidir ki, müasir dövrdə proteksionizm adətən nisbətən dar sahələrdə təmərgüzləşir. Inkişaf etmiş ölkələr öz aralarında kənd təsərrüfatı, toxuculuq, hazır paltar və polad sənayeləri üzrə bu siyasəti yeridirlər. Inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında bu siyasət özünü inkişaf etməkdə olan ölkələr tərəfindən sənaye əmtəələrinin ixracında göstərir. Inkişaf etməkdə olan ölkələrin öz aralarında ticarəti zamanı isə proteksionizmin obyekti ənənəvi ixrac əmtəələri olur.

Proteksionizm meyllərinin inkişafı proteksionizmin bir neçə formasını fərqləndirməyə imkan verir:



  • selektiv proteksionizm-bu zaman siyasət ayrı-ayrı ölkə və əmtəələrə qarşı yönəldilir;

  • sahəvi proteksionizm-bu zaman müəyyən sahələr, ilk növbədə aqrar proteksionizm çərçivəsində kənd təsərrüfatı müdafiə edilir;

  • kollektiv proteksionizm-ölkələr birliyi tərəfindən bu birliyə daxil olmayan digər ölkələrə qarşı həyata keçirilən siyasət başa düşülür;

  • gizli proteksionizm-daxili iqtisadi siyasətin metodları ilə həyata keçirilən siyasət nəzərdə tutulur.

Xarici ticarətin dövlət tənzimlənməsinin vasitələri və ya alətləri öz xarakterinə görə tarif vasitələrinə (gömrük tarifinin istifadə olunmasına əsaslanır) və qeyri-tarif vasitələrinə (bütün digər metodları özündə cəmləşdirir) bölünür (Şəkil 1.1.).

Xarici ticarət siyasətinin tarif vasitələri

Xarici ticarət siyasətini həyata keçirərkən əsas istifadə olunan vasitələr tarif vasitələridir ki, bu da gömrük tarifinin müxtəlif cür tətbiq edilməsində öz əksini tapır.

Ticarət siyasətinin hansı tərəfinin əhəmiyyət daşımasından asılı olaraq gömrük tarifinin bir-birini tamamlayan bir neçə tərifini vermək olar.

Gömrük tarifi konteksdən asılı olaraq aşağıdakı kimi müəyyən edilə bilər:



  • ticarət siyasətinin və dünya bazarı ilə qarşılıqlı fəaliyyətdə olan daxili bazarın dövlət tənzimlənməsinin alətidir;

  • gömrük sərhədindən keçirilən əmtəələrə tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilən gömrük rüsumları dərəcəsinin məcmusudur;

  • müəyyən bir əmtəənin ölkənin gömrük ərazisindən çıxarılması və ya bu əraziyə gətirilməsi zamanı ödənilən gömrük rüsumunun konkret dərəcəsidir: bu halda gömrük tarifi anlayışı gömrük rüsumu anlayışı ilə üst-üstə düşür.

Gömrük rüsumu gömrük orqanları tərəfindən əmtəənin idxalı və ixracı zamanı tutulan və idxalın və ixracın əsas şərtlərindən biri sayılan məcburi ödəmədir.


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə