SÜlhsevəRLİk müƏLLİF: ƏLİ ƏSĞƏr rizvani




Yüklə 307.18 Kb.
tarix09.03.2016
ölçüsü307.18 Kb.
SÜLHSEVƏRLİK

MÜƏLLİF:

ƏLİ ƏSĞƏR RİZVANİ

TƏRCÜMƏ EDƏN:

MƏHƏMMƏD ƏHMƏD

Kitabın adı:............................Sülhsevərlik

Müəllif:..........................Əli Əsğər Rizvani

Tərcümə edən:.......................Məhəmməd Əhməd

Müqəddimə


Hazırkı əsrdə bəzi firqələr və din ardıcılları geniş təbliğat aparıb, bütün imkanları ilə öz batil hədəflərinə çatmağa çalışırlar. Belə bir vəziyyətdə haqq Cəfəri məzhəbi və İslam dininin həqiqi və sadiq ardıcılları bu qatışıq dünyada həzrət Məhəmmədin (s) saf İslamını dünya xalqlarına nümayiş etdirməlidirlər.

Beləcə, qərara gəldik ki, İslam peyğəmbərinin (s) müdafiəsi ilə bağlı silsilədən daha bir mövzunu müxtəsər şəkildə həqiqət aşiqlərinin diqqətinə çatdıraq. Böyük haqq cənablarının razılığı üçün! Olsun ki, Allahın razılığı əldə edilə.


Ön söz


İslam rəhmət, güzəşt və əfv dinidir. İslam ülfət, yardımlaşma, sülh və əmin-amanlıq dinidir. Ancaq müqəddəs dinimizdə bu iki məsələdən (döyüş, yoxsa sülh) hansının əsas, hansının ikinci dərəcəli olmasında ixtilaf var. Bir qism insanlar bəzi Quran ayələri, hədislər və məsumların əməli yolunu nəzərə alaraq müxaliflərlə döyüşü birinci dərəcəli hesab edirlər. Lakin sülh və əmin-amanlıq barəsində rəvayətlərə, Quran ayələrinə nəzər yetirən şəxslər sülh, əmin-amanlıq və insan həyatının qorunmasını birinci dərəcəli, döyüş və qan tökməyi isə xüsusi hallarda zəruri olan ikinci dərəcəli iş hesab edirlər.

Sünnə və kitabdan məlumatı olan şəxslər İslamın xalqı müharibəyə çağırmadığına və müharibəni əsas prinsip kimi tanımadığına inanırlar. Müqəddəs dinimizdə savaş hökmünün səbəbi, qan tökməyə meyl və rəğbət anlamına gəlmir. Eyni zamanda bütün bu xalq yürüşlərini birinci və ikinci dünya müharibələrində olduğu kimi, nemətlər əldə etmək və ya ölkələri işğal etmək məqsədi daşıyan müharibələrlə eyniləşdirmək olmaz.

İslamın savaşda məqsədi onun yüksəlişi qarşısındakı maneələri aradan götürmək və din düşmənlərinin məhv etmək istədikləri əxlaqi dəyərlər və İslam məfhumlarını müdafiə etməkdir.

Tarixə müraciət etsək, İslamda baş vermiş bütün savaşların müdafiə xarakterli olduğunu və bu savaşların həqiqi və ya ehtimal olunan düşmənin qarşısının alınması üçün təşkil edildiyini görərik. Xüsusilə İslamın əvvəlində və girami peyğəmbərin dövründə baş vermiş savaşlar! İndi isə Quran və rəvayətlərdə göstrilmiş savaş amilləri və məqsədlərini araşdırırıq.


SAVAŞ MƏQSƏDLƏRİ


Savaş məqsədlərini bir neçə cəhətdən xülasələşdirmək olar:

1. Düşmənlərin dəf edilməsi.

Allah-təala buyurur: “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz!”1

Ayədən görünür ki, İslamda savaş dedikdə müdafiə nəzərdə tutulur və bu müdafiə insanların şəri hüquqlarını qorumaq məqsədi daşıyır. Difa (müdafiə) zatən məhdud olsa da, həddi aşmamaqla mütləq olur. Savaş və cihada başlayan kəs müəyyən şərtlərə əməl etməlidir. Məsələn, haqq yola dəvət etmədən döyüşməməlidir və döyüşə birinci başlamamalıdır. Eyni zamanda qadın və uşaqları öldürməməli və qaçan düşməni sonadək təqib etməməlidir...2

Başqa bir ayədə oxuyuruq: “Savaşa məruz qaldıqlarına görə vuruşanlara izn verilmişdir. Allah onlara kömək etməyə əlbəttə qadirdir. O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından çıxarıldılar.”3



2. Zəiflərin müdafiə olunması və məzlumlara kömək:

Allah-təala buyurur: “Sizə nə olub ki, Allah yolunda “Ey Rəbbimiz, bizi əhalisi zalım olan şəhərdən kənara çıxar, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla”, deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”4

Başqa bir yerdə Allah-təala belə buyurur: “...İman gətirib hicrət etməyənlər qarşısında isə onlar hicrət etməyənədək öhdəçiliyiniz yoxdur. Lakin, əgər onlar din yolunda sizdən kömək istəsələr aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!”1

3. Əhdi pozanlarla savaş:

Allah təala buyurur: “Məgər siz andlarını, əhdlərini pozan, peyğəmbəri çıxarıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınızmı?”2

“Əhdi pozan” dedikdə kimin nəzərdə tutulması ilə bağlı ixtilaf var. Bəziləri deyirlər: “Burada Əhzab döyüşündə əhdi pozan və Məkkə müşriklərinin yolunu gedib peyğəmbəri Mədinədən xaric etmək istəyən yəhudilər nəzərdə tutulur. Bəziləri isə hesab edirlər ki, bu şəxslər birinci dəfə əhdi pozan Məkkə əhalisi və qüreyş kafirləri idi.3

4. Fitnənin qarşısının alınması.

Allah-təala buyurur: “Müşriklərin fitnəsi aradan qalxanadək və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun, əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa, (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik yalnız zülm edənlərə qarşı olur.”4

Digər bir yerdə Allah-təala belə buyurur: “Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, ədalətli şəkildə onlara elan et ki, əhdləri pozulmuşdur; çünki Allah xainləri sevməz!”1

Bu və digər ayələrdən məlum olur ki, savaş xüsusi hallarda hökm olunan bir istisnadır. Başqa hallarda İslam öz müxaliflərini yaxşılıq və ədalətə dəvət edir. Bu isə sülhün ən uca mərtəbəsi və dinlər arasında əmin-amanlıqdır. Allah-taala buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!”2

İslam müsəlmanları sülh məsələsinə yenidən baxmağa və ilk fürsətdə müxaliflərlə savaşdan əl çəkməyə çağırır: “Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.”3

SAVAŞDA ƏXLAQİ DƏYƏRLƏRİN QORUNMASI


İslam zəruri və xüsusi hallarda savaşı lazım bilib, bu barədə hökm verir. Lakin rəhmət, mehribanlıq və güzəşt dini olduğu üçün onun əsas hədəfi xalqın ümumi hidayəti və azğınlıqdan nicat tapmasıdır. Buna görə də İslam savaşda əxlaqi dəyərləri bəyan edib və bu dəyərlərə əməl olunmasını lazım bilir. İndi isə bu qaydaların bəziləri ilə tanış olaq:

1. Xəbərdarlıq tamamlanmadan öncə savaş haramdır.

Dinimizə görə hansı məqsəd daşımasından asılı olmayaraq xəbərdarlıq tamamlanmamışdan öncə (hətta müdafiə yönümündə olsa belə) döyüşə başlamaq haramdır. İslam rəvayətlərində göstərilir ki, peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu: “Ey Əli (ə), İslama dəvət etmədən heç bir şəxslə savaşma. And olsun Allaha! Allahın sənin əlinlə bir nəfəri hidayət etməsi sənin üçün günəşin doğub və batmasından daha yaxşıdır...”1

2. Qadınların, uşaqların və qocaların öldürülməsinin qadağan olunması.

Nəql olunur ki, imam Sadiq (ə) buyurdu: “Allahın rəsulu hansısa bir məntəqəyə qoşun göndərmək istədikdə əvvəlcə həmin ordunun rəhbərlərini öz yanında oturdub buyurardı: “Allahın adı ilə, Allah üçün, Allah yolunda və Allah peyğəmbərinin ümməti üçün hərəkət edin. Xəyanət, işgəncə və hiylədən uzaq olun. Yaşı ötmüş qocaları, uşaqları və qadınları öldürməyin. Heç bir ağacı kəsməyin. Əgər çarəsiz qalmasanız bu işləri etməyin.”

3. Zəhər səpməyin qadağan olunması.

Nəql olunur ki, imam Əli (ə) buyurub: “Allahın rəsulu kafirlərin şəhərlərinə zəhər səpməyi qadağan etmişdi.”2

4. Xəyanət və Məkrə qadağa.

Öncə imam Sadiqdən (ə) nəql etdiyimiz rəvayətdə bu mövzuya işarə olunmuşdur. (“Kafi”, 5-ci cild, səh.30, 92-ci hədis)

5. Pənah (sığınacaq) vermək.

İslam şəriətinin ən mühüm hədəflərindən biri insanların canının qorunmasıdır. İslam bu məqsədə çatmaq üçün bütün müqəddimə və vasitələri hazırlayıb.

Allah-təala bu barədə buyurur: “Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır.”1

Nəql olunur ki, imam Sadiq (ə) buyurdu: “Həqiqətən, Əli (ə) qalalar arasında bir qala əhlinə qulu azad etmək icazəsi verərək dedi: “O möminlərdəndir.”2

İmam Baqir (ə) buyurur: “Hansısa bir kəsə aman verib sonradan onu qətlə yetirən şəxs qiyamət günü hiylə bayrağını götürəcəkdir.”3

6. Əhdə vəfa.

İslam əhdə vəfanı vacib bilir, düşmən əhdi pozmayanadək əhdi pozmağı haram sayır və bu hökmlə sülhsevərliyini dünyaya göstərir.

İmam Əli (ə) buyurur: “Əhdini pozan şəxsin Allaha yəqini yoxdur.”4

7. Əsirlərlə yaxşı rəftar.

İslam əsirlərlə yaxşı rəftar etməyi əmr edir. Baxmayaraq ki, həmin şəxslər əsir düşməmişdən öncə nəhayət həddə düşmənçilik, təcavüz və zülm etmiş olsunlar! Bu, xalqın hidayəti üçün İslamın xüsusi hədəflərindəndir!

İmam Əli ibn Hüseyn (ə) buyurur: “Yol gedə bilməyən əsir tutduqda yanında minik olmazsa onu azad et. Çünki imamın onun barəsində hansı hökmü verəcəyini bilmirsən.”5


PEYĞƏMBƏRİN MÜDAFİƏ DÖYÜŞLƏRİ


Peyğəmbərin yol və üsulunu nəzərdən keçirib, döyüşlərini mütaliə etmiş şəxslər həzrətin (s) heç zaman savaş və qan tökməyə meyilli olmadığını müşahidə edirlər. Peyğəmbəri savaşa məcbur edən düşmənlərdir. Düşmənlər savaşa, terrora və işgəncələrə əl atmamış peyğəmbər (s) heç zaman döyüşə başlamazdı. Bu prinsipə əsasən iddia etmək olar ki, peyğəmbərin bütün döyüşləri müdafiə yönümündə olmuş və heç zaman birinci addım atılmamışdır. Bəzi hallarda bu savaşlar əqidə azadlığının müdafiəsi və düşmənlərin əhdə xəyanəti nəticəsində baş vermişdi.

Peyğəmbər xalqı imana dəvət edir və bütlərlə mübarizə aparırdı. Onlar isə buna dözməyib savaşa əl atırdılar. Beləcə, həzrət onlarla savaşmağa məcbur olurdu. Peyğəmbər əvvəlcə xalqı İslama dəvət etməyə başladı. Camaatın bir qismi ona iman gətirdi. Lakin bu insanlar düşmənlər tərəfindən müxtəlif işgəncələrə məruz qaldılar. Bu işgəncələrdən Allahın rəsulu da amanda deyildi.

Peyğəmbər səcdə halında idi. Onun ətrafına bir dəstə Qüreyş camaatı toplanmışdı. Onlar dedilər: Kim qoyun və ya dəvənin bağırsağını həzrətin üstünə atar? Üqbə ibn Əbi Muid gəlib onu həzrətin üstünə atdı.1

Peyğəmbər səhabələrindən Bilal, Əmmar və onun ata-anası Məkkədə müxtəlif işgəncələrə məruz qaldılar. Lakin peyğəmbər onlara səbirli olmağı tapşırıb, silaha əl atmadı.

Allahın rəsulu yaranmış vəziyyətə görə müsəlmanlara Həbəşə torpağına hicrət etməyi göstəriş verdi və buyurdu: “Orada saleh bir padşah var və heç kəsə zülm olunmaz. O diyara gedin ki, Allah sizə orada kömək etsin.”

Bu vəziyyət davam edirdi. İslam peyğəmbəri həcc ziyarəti üçün Məkkəyə gələn qəbilələrlə təmasda olurdu. Belə mərasimlərdən birində həzrət Mədinə əhalisinin bir hissəsi ilə görüşdü. Onları İslama dəvət etdi və Qurandan ayələr oxudu. Onlar da peyğəmbərin dəvətini qəbul edib öz şəhərlərinə qayıtdılar. Növbəti il Əqəbədə həzrətlə görüşüb ona beyət etməyi qərara aldılar.

Bir il sonra Yəsrib müsəlmanlarının bir hissəsi həcc əməllərini yerinə yetirmək üçün Mədinəni tərk etdilər. Onlar Məkkəyə çatan zaman Əqəbədə peyğəmbərlə görüş təyin etdilər; oradaca həzrətə gizli beyət etdilər ki, onu himayəyə alıb kömək göstərəcəklər.

Qüreyşilər xəbər tutan kimi silahlanıb gəldilər. Peyğəmbər ətrafındakılara buyurdu: “Dağılışın.” Onlar dedilər: “Ey Allahın rəsulu, əgər göstəriş versən onlarla savaşarıq.” Həzrət buyurdu: “Mən hələ ki, belə bir göstəriş almamışam. Allah mənə onlarla döyüşməyə icazə verməyib.”1

Qüreyşin bütpərəstlik yolunda inadkarlığı və yol verilən işgəncələrdən sonra Allah onlarla döyüşməyə icazə verdi: “Savaşa məruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) icazə verilmişdir. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından çıxarıldılar.”1

Bu ayə nazil olan zaman ənsar qəbilələrindən biri İslamın və müsəlmanların köməyinə gəlib həzrətə beyət etdi. Bu zaman peyğəmbər öz səhabələrinə Məkkədən Mədinəyə hicrət etmək göstərişi verdi ki, fürsət yaranan kimi özü də onlara qovuşsun.

Qüreyş kafirləri hicrət barəsində xəbər tutub hər Qüreyş qəbiləsindən bir nəfər ayırdılar. Onlar münasib vaxtda peyğəmbəri öldürməyə hazırlandı. Bu zaman peyğəmbər (s) Mədinəyə doğru hicrət əmri aldı.

Müsəlmanların beyəti və Mədinəyə hicrətdən sonra kafirlərə qarşı çıxmağa zəmin yarandı. Bu səbəbdən həzrətlə Qüreyş kafirləri və digər şəxslər arasında savaş başlandı. Lakin bu dövrü təhlil edib araşdırdıqda bütün döyüşlərin hücum yox, müdafiə yönümündə olduğunu müşahidə edirik.

Mərhum Şeyx Cavad Bəlaği bu barədə yazır: “Peyğəmbər dövrünün savaşlarından danışan tarix döyüşlərlə yanaşı onların səbəblərinə də işıq salır. Bu səbəbləri müşahidə etdikdə həzrətin döyüşlərinin İslama dəvətsiz baş vermədiyini görürük. Bəli, din və mədəniyyətin islahı, ədalət qanunlarının sabitləşməsi, zülm və vəhşiliyin aradan götürülməsi üçün savaşa icazə verilir. Lakin peyğəmbərin (s) gözəl dəvətində belə bir üsul yox idi. O, hikmət, moizə və gözəl mübahisə ilə Allah yoluna dəvəti üstün tuturdu. Həzrət (s) bu gözəl üsulu davam etdirdi. Buna görə də onun bütün döyüşləri müdafiə xarakterli idi və müşriklərin təcavüzlərinə, tövhid, islahçı şəriət və müsəlmanların müxaliflərinə qarşı yönəlmişdi. Həzrət eyni zamanda müdafiədə ən gözəl üsuldan istifadə edir və sülhə daha yaxın olan yolu seçirdi. Həzrət (s) öncə moizə edib, sülhə çağırırdı. Qarşı tərəf sülh təklif etdikdə qəbul edirdi. Baxmayaraq ki, güclü və qalib olduğunu bilirdi. Tarixə müraciət edib savaşların səbəblərini araşdırmaqla deyilənləri müşahidə edə bilərsiniz.”1

Şəhid Mütəhhəri buyurur: “Cihad müdafiə, əslində bir növ təcavüzlə mübarizədir, eyni zamanda qanunidir.”2

O, cihad məfhumuna aid edilən yanlış fikirləri rədd edərək deyir: “İslamın cihadda məqsədi bəzi qərəzli şəxslərin dediyi kimi kafirlərin başı üzərində qılınc çəkərək ya İslamı qəbul etdirmək, ya da öldürmək deyil.”3

SAVAŞDAN BAŞQA ÇARƏ OLMADIQDA


Allah rəsulunun (s) müşriklərlə savaşlarını araşdırıb, nəticə əldə etmək üçün ümumi şəkildə bir neçə nöqtəyə toxunaq.

1. Adətən, əksər insanların şəxsiyyəti, xarakteri, səciyyələri, çeşidli təbii xüsusiyyətləri və düşüncəsi yaşadığı mühitlə əlaqədardır. Beləliklə, insanların əxlaqı, rəftarı və düşüncəsi bir-birlərinə təsir edir. Buna görə İslam bütün qüvvəsi ilə pisliklərə qarşı çıxır. İslam bilərəkdən və aşkar günah etməyənin qeybətinə icazə vermir ki, insanlar günah və pislikləri eşitməyə adət etməsinlər. Çünki adət etdikdə günah etmək asanlaşır. Azğınlıq və fəsadın zərəri yalnız günahkara yox, hamıya dəyir. Beləliklə, insanların bu zərəri özlərindən uzaqlaşdırmaq hüququ vardır. Bu məsələ şəriətdən əlavə ağıl və fitrətin təsdiqlədiyi bir hökmdür. Lakin şəriət ağıl və fitrətin hökmü ilə kifayətlənmir, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməyi vacib hesab edir. Azğınlığın başqalarına keçməməsi üçün azğın şəxsin qarşısını almaq əhəmiyyətli məsələlərdəndir. Cəmiyyət insan bədəni kimidir. Bədənin hansısa bir üzvü xəstələndikdə əvvəlcə müalicə edilir. Müvəffəq olmadıqda cərrahiyə əməliyyatı aparılır. Bu iş də nəticəsiz olarsa digər sağlam üzvlərin qorunması üçün həmin xəstə üzv kəsilir. İnsanlar arasında düşüncə azğınlığı yarandıqda bu üsuldan istifadə edilməlidir. Öncə azmış şəxs hikmət və moizə ilə haqqa dəvət olunmalıdır. Əgər nəsihətin nəticəsi olmasa qorxudulmalı, bu da təsirsiz olduqda onunla daha sərt rəftar edilməlidir. Bütün bu mərhələlərin nəticəsi olmazsa həmin "xərçəng şişi" cəmiyyətdən təcrid edilməlidir. Çünki o yalnız özünü yox, bütün cəmiyyəti fəsada sürükləyir. Bu, o hallara aiddir ki, düşüncə azğınlığı insanın cismani xəstəliyindən dəfələrlə şiddətli olur. Cəmiyyətdə azğınlığı köklü şəkildə məhv etmək üçün cihad son mərhələdir. Cürətlə demək olar ki, İslam cihad hökmü verməsəydi haqq, ədalət, fitrət, əql dini hesab edilməz və cəmiyyətin, insaniyyətin hüquqlarına xəyanət etmiş olardı.

2. Müsəlmanların müşriklərdən, eyni zamanda onları dinlərindən, Allah yolundan uzaqlaşdırmaq istəyənlərdən müdafiə olunmaq hüququ var. Hər bir şəxsin fikir, əqidə və Allah yoluna dəvət azadlığına sahib olmaq üçün düşmənlərlə savaş haqqı vardır. Xüsusi ilə qarşı tərəf məntiq əhli olmadıqda və müsəlmanlara işgəncə verib onları azdırmağa çalışdıqda! İslam kimsəni müsəlman olmağa məcbur etmir. İslamın təkidli tələbi əqidə və fikir azadlığıdır. Buna görə də düşmənlərə qalib gəldikdə onlara seçmək imkanı verilir. İslamın qəbulu bu yollardan biridir. İslam nəzərdə tutur ki, bu dini seçən şəxslər müsəlmanlar tərəfindən heç bir sıxıntı görmədən, azad şəkildə, öz istəkləri ilə seçim etsinlər. Lakin bu o demək deyil ki, İslam və müsəlmanlar zülm, təcavüz və azğınlıq qarşısında qolubağlı durmalı, onların əməllərinə qarşı addım atmamalı və müxaliflərin təzyiqləri qarşısında müti olmalıdırlar. Çünki müsəlmanların İslama, İslam haqqında azad düşüncəyə çağırışı fərdi bir iş deyil. Bu, əhatəli bir nizama dəvətdir. Həmin nizam bütün yer üzündə dəyişikliklər etmək əzmindədir. Belə bir məqsədi dinsiz azğınlıqlarla çarpışmadan həyata keçirmək mümkünsüzdür. Bu qayda ilə İslam insanlara seçim, fikir və düşüncə azadlığı üçün yol açır ki, öz iradələri ilə haqq dini qəbul etsinlər. Müsəlmanlar azğınlarla savaşdıqda əslində Allahın verdiyi azadlıq hüquqlarını müdafiə edirlər. Qurani-kərim bu barədə buyurur: “Savaşa məruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) izn verilmişdir. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından çıxarıldılar.”1

Buna baxmayaraq, savaşın baş tutmaması üçün qarşı tərəfə digər təkliflər etmək peyğəmbərin və müsəlmanların vəzifəsi idi. Bəzi müşriklər etiraf edirdilər ki, müsəlmanlar müxtəlif yollar təklif etdiyi halda onlarla döyüş yolunu seçmək zülmdür. Eyni zamanda bəzi müşriklər bu təklifləri qəbul etmir, savaş və qan tökmək istəyirdilər. Nümunə üçün İbn Cəhəşin qoşununda İbn Həzrəminin öldürülməsini göstərmək olar.2

4. Məkkə müşrikləri və yəhudilər zəiflədikdə müsəlmanlarla sülh əhdi bağlayır, gücləndikdə isə əhdlərini pozurdular. Onlar bu işləri ilə bütün sülh yollarını bağlayırdılar. Necə ki, müşriklər Hüdeybiyyə sülhünü pozdular. Bu müqəddimələrdən belə nəticə əldə olunur ki, İslamın həzrət Əlinin (ə) qılıncı ilə genişlənməsi o demək deyil ki, həzrət qılıncı xalqın başı üzərinə tutub “ya İslamı qəbul et, ya da öləcəksən” deyirdi. Bu sözün əsl mənası odur ki, haqqın müdafiəsində, İslam düşmənlərinin təcavüzləri qarşısında, fikir və əqidə azadlığının əldə edilməsində həzrətin qılıncının təsiri olmuşdur.

Buna görə də İslam döyüşləri zəruri hallarda və mümkün qədər az olmuşdur. Bu savaşlarda insanların canının qorunması üçün tədbir görülürdü. Tarixçilər on il sürən peyğəmbər dövrü savaşlarda ölənlərin sayını min nəfərə çatdıra bilməmişlər. Baxmayaraq ki, Peyğəmbər (s) on il ərzində İslamın nidasını dünyanın ən uzaq nöqtələrinə belə yetirmişdi.


DÖYÜŞLƏRİN ARAŞDIRILMASI


İndi isə bütün müharibələrin müdafiə yönümündə olduğunu aydınlaşdırmaq üçün hər bir döyüşü ayrıca nəzərdən keçirək.
1. Bədr döyüşü

Həzrətə qəbul etdirilən ilk savaş Bədrdə baş verdi. Bu döyüşün səbəbi Qüreyş müşriklərinin müsəlmanlara şiddətli işgəncələr verməsi idi. Onlar hicrət etmək istəyən, dinlərini və canlarını qorumaq üçün qaçan şəxsləri həbs edib, işgəncələr verməklə şirk və bütpərəstliyə qaytarmaq istəyirdilər. Müşriklər Peyğəmbərin səbr əmri aldığını savaş və qan tökməyi xoşlamadığını düşündüklərindən daha çox inadkarlıq göstərir, hətta müsəlmanların karvanlarına hücum etmək istəyirdilər.

Peyğəmbər (s) onları bu işlərdən çəkindirmək üçün güc göstərib qorxutmaq istədi. Bu niyyətlə çəkindirici plan cızıldı. Müşriklərin Şama doğru hərəkət edən ticarət karvanına hücum etmək qərara alındı. Məqsəd bu idi ki, müşriklər müsəlmanlara qarşı işgəncələrdən çəkinsinlər və onlara Məkkədən hicrət etməyə icazə versinlər.

Həzrət (s) 313 nəfər səhabəsinin Şamdan Məkkəyə doğru gedən Qüreyş karvanı ilə qarşılaşmasını istədi. Qəbilənin rəisi Əbu Süfyan bu işdən xəbər tutan kimi müşrikləri məlumatlandırmaq və karvanı müsəlmanların əlindən qurtarmaq üçün Məkkəyə adam göndərdi. Onlar (at, qılınc, zireh) kamil döyüş vasitələri ilə təchiz olunmuş min nəfərlik qoşunla müsəlmanlarla savaş üçün Məkkəni tərk etdilər.

Qüreyş döyüşçüləri bu savaşda Peyğəmbər (s) səhabələrinə məğlub oldular. Lakin Qüreyş bununla kifayətlənməyib yenidən Allah rəsulu ilə döyüşmək qərarına gəldi. Peyğəmbər də, onlarla savaşa hazırlaşdı. Həzrət öncə onlarla döyüşdən daşındı və müşriklərin savaşmadan Məkkəyə qayıtmasını arzuladı. Həzrət Ütbə ibn Rubəyənin savaşda tərəddüd etdiyini bilib buyurdu: “Xeyirli bir şəxs varsa, o, qırmızı dəvənin sahibidir; Yəni Ütbə! Ona itaət etsəniz doğru yola çıxacaqsınız.”1

Peyğəmbər (s) təkidlə insanların canının qorunmasını istəyirdi. O, öz səhabələrinə buyurdu: "Həqiqətən, mən bildim ki, Bəni-Haşimdən olan bir dəstə kişi və digərləri Məkkədən zorla xaric ediliblər. Onların bizimlə döyüşə heç bir marağı yoxdur. Buna görə də hər kim Bəni-Haşimdən bir nəfər görsə, onu öldürməsin. Eyni zamanda hər kəs Əbül-Bəxtər ibn Haşimi görsə qətlə yetirməsin..."2

Maraqlıdır ki, peyğəmbər (s) və onun səhabələri Qüreyş karvanına hücum etmədi, karvandakı mallar qarət olunmadı. Beləliklə, onlar sağ-salamat Məkkəyə qayıtdılar. Bu isə həzrətin (s) yalnız onları qorxutmaq məqsədində olduğuna sübutdur.
2. Bəni-Qinqa döyüşü

Həzrət Muhəmməd (s) Mədinəyə hicrət etdikdə İslama və müsəlmanlara qarşı yəhudi təhlükəsi ilə rastlaşdı. Peyğəmbər (s) öncə onlarla (Bəni-Nəzir, Bəni-Qurəyzə və Bəni-Qinqa qəbilələri) sülh müqaviləsi bağladı. Belə şərt kəsildi ki, hiylə qurulmasın və düşmənlərlə müsəlmanlara qarşı həmkarlıq edilməsin. Lakin Bəni-Qinqa qəbiləsi Bədr döyüşündən sonra həzrətə (s) hiylə qurdu. Onlar müşriklərə məktublar yazdılar. Yəhudilərin bu xəyanətinə cavab olaraq peyğəmbər (s) onlarla savaşdı və qalib gəldi.

Bəni Qinqa qəbiləsi şəhərlərindən köçmək üçün həzrətdən (s) icazə istədi. Həzrət (s) onlara icazə verdi. (“Ərrihlətul-mədrəsiyyə”, səh.198) Xəyanət etdiklərinə görə onları qətlə yetirməyə haqqı olmasına baxmayaraq peyğəmbər (s) onların heç birini öldürmədi.

3. Ühüd döyüşü

Müşriklər Bədr döyüşündə məğlub olub, atalarını, övladlarını və qardaşlarını itirdikdən sonra, Əbu-Süfyan və Qüreyş sərmayədarlarından Mədinəyə hücum edib intiqam almaq və adamlarını geri qaytarmaq üçün onlara kömək etmələrini istədilər. Əbu Süfyan və sərmayədarlar bu təkliflə razılaşıb, üç min nəfərlik ordu ilə Mədinəyə doğru hərəkət etdilər...

Bu döyüşdə də müsəlmanlar yalnız İslamı və özlərini müdafiə etmək üçün savaşdılar; Çünki hücum edən müşriklər oldu.
4. Əhzab döyüşü

Bu savaşın səbəbi Bəni-Nəzir yəhudilərinin bir hissəsinin Mədinədən Məkkəyə hərəkət edib Qüreyşi Allahın rəsulu ilə döyüşə dəvət etməsi idi. Onlar Qüreyşə dedilər: "Biz tezliklə müsəlmanların kökünü kəsmək üçün sizin yanınızda olacağıq..."

Yəhudi və müşriklərin gücü müqabilində peyğəmbər (s) Salmanın təklifi ilə Mədinənin ətrafında xəndək qazılmasını göstəriş verdi.

Bu müharibədə böyük savaş olmadı, qan tökülmədi. Yalnız Qüreyşdən bir neçə atlı, o cümlədən Əmr ibn Əbdəvid xəndəyi keçib müsəlmanlardan mübariz istədi. Bu zaman Əmr ibn Əbdəvidin qarşısına çıxmağa cürət edən yeganə kəs imam Əli (ə) oldu. Həzrət Əli (ə) onu qətlə yetirdi. Bundan sonra bütün müşriklər baş götürüb qaçdılar.1

Bu döyüş də müdafiə yönümlü idi.
5. Bəni-Qurəyzə döyüşü

Xəndək döyüşü Qüreyşin məğlubiyyəti, Əhzab qoşununun qaçması və yəhudilərin kənara çəkilməsi ilə başa çatdı, peyğəmbər (s) və müsəlmanlar Mədinəyə qayıtdılar. Həzrət (s) Bəni-Qurəyzə yəhudiləri əhdlərini pozub, hiylə qurduqlarına görə ədəbləndirməyi qərara aldı. Çünki onlar Bəni-Nəzir qəbiləsi ilə əhd bağlamışdılar ki, Əhzab döyüşündə xəyanət edib, müşriklər tərəfindən peyğəmbərlə (s) döyüşə başlasınlar. Onlar öz alçaq niyyətlərini həyata keçirib əhdlərini pozandan sonra müsəlmanlara hücum edib, Mədinədəki evlərdə qarətə əl atmışdılar.

Buna görə də peyğəmbərin (s) əmri ilə müsəlmanlar onları mühasirəyə aldılar. Bəni-Qurəyzə qəbiləsinin adamları Xəzrəcin rəisi Səd ibn Məazın bu məsələdə hakimlik etməsini istədilər. Çünki İslamdan öncə onunla birlikdə and içmişdilər və Səd ibn Məazın onlar haqqında yüngül hökm verəcəyini güman edirdilər. Peyğəmbər (s) Sədin hakimlik etməsi ilə razılaşdı və onlarla savaşmadı. Lakin Səd onlara ölüm hökmü verdi. Əgər peyğəmbərdən (s) Mədinədən etibarlı bir yerə köçmək üçün icazə istəsəydilər, Həzrət (s) onlara icazə verərdi. Necə ki, Bəni-Qinqa və Bəni-Nəzir qəbiləsinə icazə verdi. Əgər Səd onlar üçün şəfaət istəsəydi, peyğəmbər (s) onları azad edəcəkdi. Çünki həzrət (s) (fəsad yaranmadıqda və bağışlamaq zəiflik hesab olmadıqda) bəşərin xeyirini, bağışlamağı və sülhü üstün tuturdu.1

6. Bəni-Mustəliq döyüşü

Allah rəsuluna xəbər çatdı ki, Bəni-Mustəliq qəbiləsi Haris ibn Əbi-Zirarın rəhbərliyi ilə müsəlmanlara qarşı döyüşə hazırlaşır. Həzrət (s) qoşunla birlikdə onların üzərinə hərəkət etdi. Düşmənlərə məxsus Morəysi adlı bulağın kənarında qarşılaşdılar. Döyüş başlandı. Bir dəstənin ölümündən sonra düşmənlər qaçdılar.

Bu savaşda Haris ibn Əbi Zirarın qızı əsir götürüldü. Atası onu azad etmək üçün fidyə ünvanında peyğəmbərə (s) bəzi şeylər gətirdi. Lakin həzrətin (s) hikmətli rəftarını və mövqeyini müşahidə etdikdən sonra Haris, iki övladı və qövmünün bir hissəsi İslamı qəbul etdilər.2

Bu döyüş də müdafiə nümunələrindən hesab olunur.


7. Hüdeybiyyə sülhü

Hicrətin 6-cı ili zilqədə ayında İslamın Girami peyğəmbəri (s) 700 nəfər kişidən ibarət olan səhabələri ilə həcc və Allah evini təvaf etmək üçün Məkkəyə doğru hərəkət etdi. Həzrət Məkkə camaatını sülh məqsədi ilə gəldiyinə əmin etmək üçün qurbanlıq nişanəsi olaraq 70 dəvəni karvanın qarşısında yerləşdirdi.

Məkkə əhalisi müsəlmanların gəlişindən xəbər tutan kimi həzrətin qarşısını kəsib, savaşa hazırlaşdı. Onlar həzrətdən (s) Mədinəyə qayıtmasını istədilər. Həzrət onlarla danışıqlardan sonra istəklərini qəbul etdi. Şərt kəsildi ki, müsəlmanlar gələn il Məkkəyə gəlsinlər. Həzrət göstəriş verdi ki, həmin yerdə dəvələri qurban kəsib qayıtsınlar. (“Ərrihlətul-mədrəsiyyə”, səh.200) Baxmayaraq ki, həmin vaxt həzrət (s) zorla Məkkəyə daxil ola bilərdi!
8. Xeybər döyüşü

Bəni-Nəzir qəbiləsi Mədinədən köçdükdən sonra Xeybərdə məskunlaşdı. Lakin onlar sakit oturmayıb, daim peyğəmbərlə (s) döyüşmək, onu məhv etmək üçün plan cızırdılar. Onlar Əhzab döyüşündə müşriklərə və kafirlərə kömək edib fitnə törədirdilər. Buna görə də peyğəmbər hicrətin 6-cı ilinin arxırlarında onlarla döyüşdü. Həzrət yəhudilərin qalalarını (Naim, Qəmus-Bəni Əbil-Həqiq, Səb ibn Məad və digər Xeybər qalalarını) fəth etdi. Yalnız Vətih və Səlaləm qalasının əhalisi peyğəmbərdən (s) həyatlarının qorunmasını və kömək istədilər. Həzrət (s) də onlara icazə verdi.1



9. Məkkənin fəthi

Hüdeybiyyə sülhündə Xəzaə qəbiləsi peyğəmbərlə (s) əhd bağladı. Bəni-Bəkr qəbiləsi isə Qüreyşlə əhd bağlayaraq namərdcəsinə Xəzaə qəbiləsinə hücum etdilər. Bu qəbilənin adamlarından biri kömək üçün ilə peyğəmbərin (s) yanına gəldi. Həzrət (s) hicrətin 8-ci ilində Bəni-Bəkr və Qüreyşin bu əməlinə cavab olaraq, eyni zamanda onlardan gözlənilən təhlükədən müdafiə məqsədi ilə on min nəfərlik qoşunla Məkkəyə doğru hərəkət etdi. Qüreyş və onlarla əhd bağlayanlar bu hadisədən qorxub, həzrətlə savaş üçün zəif olduqlarını anladılar. Beləliklə, savaşdan əl çəkib, geri qayıtdılar. Lakin onların pis rəftarlarına görə həzrət intiqam almadı. Əksinə, Məkkəyə daxil olandan sonra onlarla mehriban rəftar edildi.2


10. Mutə və Təbuk döyüşü

Peyğəmbərin (s) Bilqada, Ərəb və Rum qoşunları ilə döyüşmək üçün Şam tərəfə qoşun göndərməsi və ordunun Təbuka doğru hərəkəti onların Allahın peyğəmbəri və İslamla düşmənçilik edib hörmət saxlamamalarına görə idi. Eyni zamanda onlar peyğəmbərin (s) tövhidə dəvət məktublarını gətirən elçiləri öldürürdülər. Baxmayaraq ki, məktub gətirən elçilərin toxunulmazlığı daim qorunan adətlərdən idi. Buna yalnız elçi göndərənə qarşı üsyan edənlər əl atırdı. Bu səbəbdən də peyğəmbər (s) müdafiəyə hazırlaşıb, tövhid və doğru yola dəvəti hədələyən üsyançılarla vuruşurdu. (“Ərrihlətul-mədrəsiyyə”, səh.201) Tam arxayınlıqla demək olar ki, peyğəmbərin (s) bütün döyüşləri müdafiə yönümündə olmuşdur. Həzrət düşmənlərin hiylələrini puça çıxarmaq üçün və onunla savaşanlarla vuruşurdu. Eyni-zamanda həzrət (s) heç bir döyüşdə savaşa birinci başlamamışdır. Bu, tarixin şəhadət verdiyi gerçəklikdir.


CON DEYVİN PORTUN BAXIŞI


O, peyğəmbər (s) döyüşləri barəsində deyir: “Güc əldə edib, onu işə salmaq məsələsində Məhəmməd (s) Musadan qaynaqlanır və ona təqlid edirdi. Əgər qanunu gətirib və yayan Musa (ə) bir rəhbər gücü ilə yol göstərən bir şəxs kimi qiyam etməsəydi, İsrail övladlarını Misirdən xilas edə bilməzdi. Əslində hazırlanmış plan və onun əsasında əldə edilmiş müvəffəqiyyətə görə indiyədək onu ittiham edən və ya məqampərəst adlandıran olmamışdır. Bu güc olmasaydı Musa yəhud Allahının onun öhdəsində qoyduğu risaləti yerinə yetirə bilməzdi.

Ərəbistan da bu vəziyyətdə idi: Müxtəlif qəbilələrə bölünmüşdü və bu qəbilələrin əksəriyyəti bir-biri ilə döyüşürdü. Məhəmmədin (s) onların hamısını vahid bir cəmiyyət şəkilinə salıb, rəhbər kimi qiyam etməkdən başqa yolu yox idi. Yaranmış vəziyyət həmişə onu məqampərəstlik ittihamından uzaq saxlayırdı.”1


PEYĞƏMBƏRİN (S) MÜDAFİƏ ÜSULU


Peyğəmbərin (s) bütün müdafiə döyüşləri müxtəlif şərtlərlə məhdudlaşırdı. Müdafiəyə başlamazdan öncə qarşı tərəf həqiqi tövhidə, ədalətə çağırılır, zülmdən, vəhşilikdən çəkinməyə, sülhə, sakitliyin qorunmasına və əhd bağlamağa dəvət olunurdu. Sonda isə ədalətin, tövhidin və dəvətin qəbulu, yaxud düşmən tərəfindən sülh istənilməsi ilə məhdudlaşırdı.

Həzrət (s) bütün döyüşlərdə qadınların, uşaqların, aciz qocaların və guşənişin rahiblərin öldürülməsinə qadağa qoyurdu. O çalışırdı ki, rəhmət göstərməklə öz səhabələri arasında hüquq bərabərliyi yaratsın. Həzrət səhabələrini əsirləri azad etməyə rəğbətləndirirdi. Bəzi hallarda isə qul azad etmək ibadi vacibatlardan hesab olunurdu.

Bu, həzrətin (s) döyüş, əslində isə müdafiə siyasəti idi. O zaman ərəblər üsyankar, davakar və döyüşkən xalq idi. Heç bir hökumət və qanun onların qarşısını ala bilmirdi. Lakin İslamın gəlişi və peyğəmbərin (s) siyasəti onların təcavüzlərinin və üsyanlarının qarşısını aldı. Beləliklə, ərəblər orta xəttə düşdülər.

İtaliyalı yazıçı xanım Lora Feşiya yazır: "İslam yalnız özünü müdafiə etmək üçün savaşa icazə verir. İslam təcavüzü qəti şəkildə haram etmişdir..."2


ZİMMƏ (KİTAB ƏHLİNİN HİMAYƏSİ İLƏ BAĞLI ÖHDƏLİK) ŞƏRTLƏRİ


Peyğəmbər (s) təlimlərinin mahiyyəti tövhidə dəvət, bütpərəstliyin məhvi və şirki cəmiyyətdən uzaqlaşdırmaqdan ibarət idi. Heç bir qövm və qəbilə ilə (xüsusilə yəhudilik və məsihiyyət kimi ilahi din sahibləri ilə) şəxsi düşmənçilik etmirdi. Müsəlmanlara hücum etmədikdə, İslamın inkişafına maneçilik törətmədikdə (s) onlarla vuruşmurdu. Hətta Ərəbistan yarmadasında İslam genişləndikdən sonra belə, həzrət (s) onları İslamı qəbul etməyə məcbur etmədi. Onlara “zimmə” (bu sözün izahı hazırkı mövzunun başlanğıcında verilmişdir.) şərtlərini qəbul edib, öz dinlərində qalmağa icazə verdi. Zimmə şərtləri aşağıdakılardan ibarətdir:

Vergi (“cizyə”) ödəməyə razılıq;

Müsəlmanların əmin-amanlığına zidd olan işlər görməmək; məsələn, müsəlmanlarla döyüşmək və ya müşriklərlə hərbi əməkdaşlıq etmək;

Müsəlmanların abırlarına toxunmasınlar, əmlaklarını oğurlamasınlar və öz evlərində müşriklərin casuslarını gizlətməsinlər;

Aşkar günahlar etməmək. O cümlədən, şərab içməmək, zina etməmək, donuz əti yeməmək və İslamda haram olan məhrəmlərlə evlənməmək. Yeni kilsə, ya məbəd tikməmək və kilsə zəngini səsləndirməmək.

Müsəlman hakim və qazilərinin hökmlərinin onlara da aid olması.

Övladlarını və ya başqalarını tərbiyələndirərkən İslam dinini tanımalarına mane olmasınlar. Əksinə, onları azad buraxıb yol seçmələrinə imkan yaratsınlar.

İslam düşmənlərinə sığınacaq verməsinlər.1

Müsəlmanlardan imam və ya imamın naibi “zimmə”yə nəzarət edirdi. O, şərtlərin yerinə yetirilməsinə nəzarət edən əsas şəxs hesab olunurdu. Qarşı tərəf isə yəhudilər, nəsranilər və məcusilərdən ibarət kitab əhli idi. Bu şərtlərin qəbul edilməsi onların savaş və qulluqdan azad olmaları ilə nəticələnirdi. Eyni zamanda öz dinlərinə əməl etməyə icazə verilirdi.

Onlar İslam torpaqlarında yaşayır, malları və canlarından arxayın olurdular. İslam hökuməti onları düşmənlərin təcavüzlərindən müdafiə edirdi. Bu isə İslam himayəsi və öhdəçiliyində olmağın nəticəsidir. Eyni zamanda İslam şəhərlərinə və müsəlmanlara hücum olardısa, ölkəni və müsəlmanları müdafiə etmək onlara vacib idi.

“Zimmə” şərtləri qəbul edildikdə müsəlmanlar ilə “zimmə” əhli arasında ünsiyyət yaranır və hər növ əlaqə qanuni sayılır. Xüsusilə, bəzilərinin fitva verdiyi kimi, kitab əhlini pak sayıb, onlarla icdivacın mümkün hesab edilməsi!

Bu şərtlərin fəlsəfəsi İslam dövlətinin fəsad, iztirab, parçalanma və süqutdan qorunmasıdır. Şərtlər icra olunduqda cəmiyyəti sadalanan problemlərdən qorumaq mümkün olur.


İSLAMIN GENİŞLƏNMƏ SƏBƏBLƏRİ


İslamın zor və qılıncla genişlənməsi mövzusunu araşdırdıq. İndi isə Ərəbistan yarımadası və digər məkanlarda İslamın günbəgün genişlənməsinin səbəblərinə işarə edək. Bu səbəblərdən bəziləri girami peyğəmbərin (s) şəxsiyyətində, bəziləri onun risalətində, bir qismi isə ayrı-ayrı işlərdə müşahidə olunur. İndi isə uyğun səbəbləri araşdıraq:
1. Dəvət mərkəzi;

İslam ən müqəddəs və ən üstün məkandan zühur etdi. Bütün qəlblərin arzuladığı bir məkan!

Buti deyir: “Ərəbistan yarımadası coğrafi cəhətdən bu dəvət üçün münasib idi. Çünki müxtəlif ümmətlərə yaxın nöqtədə yerləşirdi. Bu isə qonşu dövlətlərdə İslami dəvətin sürətlə genişlənməsi səbəblərindəndir.”1 Təbiidir ki, əgər bu din kəsra şəhərlərində zühur etsəydi Qeysərin ardıcılları ona itaət etməzdiləri və yaxud da əksinə. Çünki bu iki imperatorluq arasında köhnə düşmənçilik var idi.

Peyğəmbər öz dəvətinə o zamanın iki böyük imperiyasının (Rum və İran) və başqa dövlətlərin nüfuzu altında olmayan bir məntəqədə başladı. Beləliklə, ilk dönəmlərdə İslama zərbə vurub Onun dəvətinin qarşısını alacaq mühüm bir qüvvə yox idi.


2. Peyğəmbərin (s) uca şəxsiyyəti;

Girami peyğəmbər (s) güc, nüfuz və əhəmiyyət cəhətdən Ərəbistanın ən böyük qəbilələrindən sayılan Qüreyş qəbiləsindən idi. Bu qəbiləyə hamı hörmət edirdi. O, paklıq, hörmət, böyüklük və ağalıq cəhətdən heç bir qövmlə müqayisəyə gəlməyən Haşimi ailəsindən idi.

O, İsmail (ə) nəslindən idi. Bütün insanlar bu nəsilin fərdi dəvətini qəbul etməyə hazır idilər. Çünki bu nəsil vəhyin nazil olma ünvanı və mənəvi paklıq mədəni hesab olunurdu. O, iffətli, əmanətdar və sədaqətli bir şəxs idi. Quran onu böyük əxlaq sahibi kimi vəsf edir.1 Qüreyş onu ağıllı və tədbirli bir şəxs kimi tanıyırdı. Doğumundan besət dövrünə qədər onda fərqli əlamətlər görmüşdülər. Bu səciyyələr xalqın qəlbində həzrət (s) haqqında müqəddəs fikirlər yaradırdı.

Hamı onun qeyb aləmindən başqa heç kimdən elm və maarif öyrənmədiyini bilirdi. O heç vaxt bütə səcdə etməmişdi. Beləliklə, heç kəs ona “sən özün əvvəllər bütə sitayiş edirdin, indi niyə bütlərə ibadətdən çəkindirirsən, əgər ağıl və fitrət onlara ibadəti qəbul etmirsə, bəs sənin ağıl və fitrətin harada idi” –deyə irad tuta bilmirdi. Onun dəvət üsulu hikmət əsasında və zamanın ehtiyaclarına uyğun dəyişirdi. Bütün bunların zəruri olduğu nəzərə çarpır. Üstün hədəflərinə çatmaq üçün səbirli və istiqamətli idi. O, bu yolda çətinliklərə və əziyyətlərə dözürdü.


3. İctimai mövqe;

Həzrət peyğəmbər (s) xalqın çox pis şəraitdə yaşadığı bir zamanda dəvətə başladı. Həqiqət axtaranlar İslam müjdəsi ilə ona bağlandılar.

Cəfət ibn Əbi Talib Həbəşə padşahına dedi: “Biz bütlərə pərəstiş edən cahil, murdar yeyən, yaxınlarla əlaqəni kəsən, qonşuları unudan və hər cür pis işlər görən bir qövm idik. Bizim güclülərimiz zəiflərimizi əzirdi.”1

Cəfər peyğəmbərin (s) besətinə işarə edib buyurdu: “Biz bu halda ikən Allah öz aramızdan bizlərə peyğəmbər (s) göndərdi. Biz onu təmiz nəsildən olan, doğruçu, əmanətdar və iffətli bir şəxs kimi tanıyırdıq. O bizi yalnız Allaha ibadət etməyə, özümüzün və atalarımızın ibadət etdiyi daşlardan, bütlərdən uzaqlaşmağa dəvət etdi. Eyni zamanda bizi doğru sözə, əmanətdarlığa, qohumları yoxlamağa, yaxşı qonşuluğa, qan tökməməyə, pis işlərdən çəkinməyə, kobud danışmamağa, yetim malını yeməməyə və pak qadını zinada ittiham etməməyə çağırdı.”2


4. Möcüzə növü;

İslamın yayılmasında təsirli məsələlərdən biri də peyğəmbərin (s) gətirdiyi möcüzə idi. Quran bütün fəsih ərəbləri heyran edən bir kitab idi. Çünki onun bütün qanunları, mənaları, dini maarifi və qeybi xəbərləri fəsahətli və bəlağətli idi. Quran ərəb fitrəti ilə uyuşan bir kitabdır. Beləcə, müşahidə edirik ki, ərəblər qısa bir zamanda malları, övladları, qanları və canları ilə İslamın himayəsinə qalxdılar.


5. Kitab əhlinin müjdəsi;

Yəhudi və nəsranilərin müqəddəs kitablarında ərəb yarımadasında peyğəmbərin (s) zühur edəcəyi müjdə verilirdi. Bu, peyğəmbərin (s) dəvətinin qəbul olunması üçün zəmin yaradırdı.

Hazırkı Tövrat kitabında oxuyuruq: “Allah “Sina” dağından gəldi, Sairdə xalqı nura boyadı və Faran dağından parladı”.1

“Sina dağından eniş” Allahın Musa (ə) ilə Sina dağında söhbətinə işarədir. Sair Fələstin dağlarındandır. Burada isə həzrət İsanın (ə) zühuruna işarə olunur. Faran Məkkənin qədim adıdır.2 Bu məkanda yalnız İslamın böyük peyğəmbəri Məhəmməd (s) zühur etmişdir.

Tövratın Yaranış kitabında deyilir: “Mən səni İsmaillə qəbul etdim, onu mübarək buyurdum, onu artırıb əzəmətə çatdırdım. Onun üçün dünyaya on iki böyük şəxsiyyət gələcək və mən onu böyük bir ümmət üçün qərar verəcəyəm.”3

Əşiya kitabında deyilir: “Əşiya dedi: Mənə əmr oldu ki, dayan və tamaşa et; nə görürsən? Dedim: Gəlməkdə olan iki süvari görürəm. Onların biri eşşək, o biri isə dəvənin üzərindədir. Onların biri o birisinə deyir: Babil süqut etdi.” (“Əşiya kitab”, ishah 21, rəqəm 6-9)

Eşşəyə minmiş şəxsin həzrət Məsih (ə), dəvəyə minmiş şəxsin həzrət Məhəmməd (s) olduğu nəzərdə tutulur. Çünki Babil həzrət Məhəmmədin (s) zamanında süqut etdi.

Matta İncilində yazılır: “Buna görə sizə deyirəm: Allahın kainatı sizdən bu tezliklə alınmayacaq və sonra başqa bir ümmətə tapşırılacaqdır ki, onun səmərəsinə çatacaqlar.”4

Yuhanna İncilində oxuyuruq: “Əgər məni sevirsinizsə vəsiyyətlərimi qoruyun. Mən Atadan istəyirəm ki, sizə sizinlə əbədi qalacaq başqa bir peyğəmbər (s) versin. O haqq ruhudur. Aləmin onu qəbul edəcək qüvvəsi yoxdur.”1
6. Siyasət və əqidə boşluğu;

Ərəblər İslam peyğəmbərinin (s) zühurundan öncə siyasət və əqidədən məhrum halda yaşayırdılar. Xalq zəlalətdə idi. Bütlərə ibadət məntiqi və əqli dəlillərdən yox, daxili istəklərdən yaranırdı. Onlar atalarının və əcdadlarının əməllərini davam etdirirdilər. Quran onlar barəsində buyurur: “Xeyr, onlar dedilər: Biz atalarımızı bir dində gördük və biz də onların ardınca gedirik.”2 Buna görə də ağıl və fitrətlərinə müraciət edərkən siyasət və əqidəyə zidd iş gördüklərini anlayırdılar. Onlar bu vəziyyətdən çıxmaq istəyirdilər.3

Başqa bir tərəfdən Ərəbistan coğrafi baxımdan isti ərazidə yerləşir. Ərəb xalqı köçəri xalqdır. Onlar çətinliklərə çox dözümlü idilər. Elə buna görə də onların üzərində siyasi hakimiyyət əlçatmaz görünürdü və bu torpağı işğal etmək fikrinə düşənlər çox az-az olurdu. Nəticədə məntəqədə xüsusi siyasi boşluq yaranmışdı. Bu siyasi boşluq səbəbindən hətta böyük ilahi dinlər də məntəqədən uzaq qalmışdı. Beləliklə, əhali qeyri-adi düşüncələrdən və şübhələrdən uzaq idi. Yəhudilər Rumun qorxusundan bu məntəqəyə sığınmışdılar. Lakin onların da geniş fəaliyyəti olmadı. Nəsranilər də eyni vəziyyətdə idi. Yaranmış bu şərait peyğəmbərin (s) dəvətinin genişlənməsi üçün zəmin yaratdı.
7. Ərəbistanda Hənif İbrahim (ə) dininin qalıqları

İslam peyğəmbərinin (s) tövhidə dəvətinin genişlənməsinə səbəb olan işlərdən biri də Hənif İbrahim (ə) dininin qalıqları idi. Məsələn, həcc və onun qaydaları ərəblərin arasında yaşayırdı; çünki Məkkədə yaşayan həzrət İsmail (ə) övladları (zaman keçdikcə haqqı batilə qatmalarına baxmayaraq) haqq dinə varis olmuşdular. Kəbəyə təzim olunması, onu təvaf etmək, Ərəfatda qalmaq, həcdə “ləbbeyk” demək və qurbanlıq Hənif İbrahim (ə) dininin qalıqları idi.1 Bu şüarlar həqiqi şəkilini itirsə də, insanların əvvəllər ünsiyyətdə olduqları bir dini qəbul etməsinə zəmin yaradırdı.


SƏLİB MÜHARİBƏLƏRİ (SƏLİB YÜRÜŞLƏRİ)


İslamın ilk savaşlarına münasibətdə xırdaçılığa varıb nöqsan tutan şəxslər yaxşı olar ki, Səlib müharibələrində məsihilərin xristianlığın genişlənməsi naminə milyonlarla günahsız müsəlmanın qanını tökməsini yada salsınlar.

Səlib müharibələri məsihiyyətlə İslamın qarşıdurmasından öncə qərb vəhşiliyi ilə İslam mədəniyyətinin vuruşu idi. Bu, bir çox tarixçi və tədqiqatçıların təsdiqlədiyi həqiqətdir.

Ömər ibn Xəttabın hökuməti zamanı Beytül-müqəddəs müsəlmanlara tabe oldu. Məsihiyyətin mərkəzi sayılan bu şəhər (məsihilərin fikirincə İsanın (ə) ölüm yeridir) heç bir qətl-qarət baş vermədən müsəlmanlara təslim oldu. Əməvilərin hökuməti zamanı məsihilər nisbi sakitlikdə yaşayırdılar. Onlar İslama tabe olduqları üçün təəssüflənmirdilər, çünki rumluların hökuməti dövründə qat-qat pis güzəran keçirmişdilər. İslam hakimiyyəti dövründə hökmlər daha yaxşı icra olunur, ticarət axsamır, vergilər əvvəlkindən dəfələrlə az alınırdı.1

Abbasilərin hökuməti zamanı bir çox məsihilər hökumətdən razılıq edirdilər. Qüds patriarxı Konstantinopoldakı həmkarına müsəlman məmurları barəsində yazırdı: “Onlar ədalətlidirlər və bizim hüquqlarımıza toxunmurlar.”

On birinci əsrin ortalarında Fələstində məskunlaşmış məsihilərin əksəriyyəti gözəl güzəran keçirirdi. Müsəlman hakimləri onlarla mülayim rəftar edir və mənafelərini qoruyurdu. Beytül-müqəddəs məsihiləri heç vaxt zəvvarların qərbdən gətirdiyi sərvətlərdən bu dərəcədə bəhrələnə bilməmişdi.2 Avropada İslam hakimiyyətinin günbəgün genişlənməsi qərbin qorxusunu artırırdı. Qərb dünyasında cəngavərlik ruhiyyəsi inkişaf edirdi. Mənasız hərbi şerlər ordu qəhrəmanlarının əzəmət və etibarını artırırdı. Kilsə isə bu döyüş ruhiyyəsindən öz istəklərinə çatmaq üçün istifadə etməyə çalışırdı. İslamın inkişafının qarşısını almaq, xristianlığın genişlənməsi və məsihilərin "xilası" üçün kilsə müharibəyə çağırış etdi.

Səlib müharibələri miladi təqvimlə 1096-cı ildə başladı və 1291-ci ilədək davam etdi. Məsihilər səlib (xaç) nişanını fədakarlıq əlaməti olaraq boyunlarından asırdılar. Buna görə də bu döyüşlər səlib döyüşləri adlandırıldı. Səlib qoşunları miladi 1096-cı ildə böyük bir ordu ilə yürüşə başladı. Mərmərə dənizi sahili boyunca Nikumediya şəhərinədək bütün evləri qarət etdilər. Onlar hətta İslam ölkələrində müsəlmanların hakimiyyəti altında yaşayan məsihiləri də qılıncdan keçirirdilər. Çoxlarına məlumdur ki, döyüşçülər uşaqları şişə keçirdib kabab edirdilər. Sonda onlar Nikiya yaxınlığında türklərlə döyüşdə ağır məğlubiyyətə uğradılar. Bu döyüşdə onların əksər hissəsi həlak oldu.1

Miladın 1097-ci ilində Nikiya şəhərinə hücum edildi. 1098-ci ildə Antakiya, 1099-cu ildə Mirra şəhəri işğal olundu. Mirrada üç gün ərzində əhalini qılıncdan keçirdilər, bir çoxlarını isə əsir götürdülər.

Qərb tarixçisi Raul Devkan deyir: “Mirrada döyüşçülərimiz yaşlı kafirləri (müsəlmanları) qazanlarda qaynatdılar, uşaqları isə şişdə kabab edib ətlərini yedilər.”2

1109-cu ildə Trablos Səlib hakimiyyətinə keçdi. Yüz min cild “Darul-elm” kitabları yandırıldı. Bu hücumlar 1124-cü ildə Sur körfəzinin Səlib qoşunları tərəfindən işğalınadək davam etdi. Beləliklə, miladi 1144-cü ildən (hicri qəməri 539-cu il) müsəlmanların qələbələri qeydə alınmağa başlayır. Qələbələrin ən böyüyü Səlahəddin Əyyubinin qoşunları tərəfindən əldə olundu. Onlar Beytül-Müqəddəsə daxil olarkən komandirlər əsgərlərə göstəriş verirlər ki, heç bir məsihiyə (istər qərbli, istər şərqli) işgəncə verilməsin. Bu qayda ilə heç bir ölüm və ya qarət olmur. Səlahəddin elan edir ki, qərblilər istədikləri vaxt müqəddəs məkanlarını ziyarət etməyə gələ bilərlər.

Miladın 1204-cü ilində Səlib qoşunları şərqi Rumun paytaxtını işğal edərək üç gün ərzində şəhərdə qətl törədib, qarət edirlər. Onların vəhşi təbiətləri yalnız müsəlmanların qarşısında zahir olmadı. Səlibçilər əhalisi məsihi olan bu şəhərdə şəkilləri, heykəlləri, kitabları, Yunan və Bizans mədəniyyətindən yadigar qalmış sənət əsərlərini talan etdilər və minlərlə insanın boynunu vurdular.1




1 “Bəqərə” surəsi, ayə 190.

2 “Əl-mizan”, 2-ci cild, səh.61, ixtisarla.

3 “Həcc” surəsi, ayə 39 və 40.

4 “Nisa” surəsi, ayə 75.

1 “Ənfal” surəsi, ayə 72.

2 “Tövbə” surəsi, ayə 13.

3 “Məcməul-bəyan”, 5-ci cild, səh.22.

4 “Bəqərə” surəsi, ayə 193.

1 (“Ənfal” surəsi, səh.58.

2 “Mumtəhinə” surəsi, ayə 8.

3 “Nisa” surəsi, ayə 90.

1 “Kafi”, 5-ci cild, səh.36, 2-ci hədis.

2 “Kafi”, 5-ci cild, səh.28, 2-ci hədis

1 “Tövbə” surəsi, ayə 6.

2 “Vəsailuş-şiə”, 15-ci cild, səh.67, 20-ci bab, kitabul-cihad.

3 “Kafi”, 5-ci cild, səh.31, 2-ci hədis, bab ətaul-əman, kitabul-cihad.

4 “Təsnifu ğurərul-hikəm”, səh.253.

5 “Kafi”, 5-ci cild, səh.35, 1-ci hədis, babur-rifqi bil-əsir və itamihi, kitabul-cihad.

1 “İlamul-vəri”, səh.57.

1 “Biharul-ənvar”, 19-cu cild, səh.13.

1 “Həcc” surəsi, ayə.39, 40.

1 “Ərrihlətul-mədrəsiyyə”, səh.196, 197.

2 “Cihad”, səh.39.

3 “Cihad”, səh.37.

1 “Həcc” surəsi, ayə 39, 40.

2 “Tarixi Təbəri”, 2-ci cild, səh.131; “Kamil ibn Əsir”, 2-ci cild, səh.116.

1 “Biharul-ənvar”, 19-cu cild, səh.224.

2 “Biharul-ənvar”, 19-cu cild, səh.301.

1 “İrşadi mufid”, səh.54.

1 “Ərrihlətul-mədrəsiyyə”, Bəlaği, səh.199.

2 “Biharul-ənvar”, 20-ci cild, səh.289, 290.

1 “Ərrihlətul-mədrəsiyyə” səh.200; “Biharul-ənvar”, 21-ci cild, səh.3.

2 “Ərrihlətul-mədrəsiyyə”, səh.200; “Biharul-ənvar”, 21-ci cild, səh.104.

1 “Məhəmməd (s) və Quran qarşısında üzrxahlıq”, Səidi tərcüməsi, səh.204, 205.

2 “Difa ənil-İslam”, Lora Feşiya, səh.11, 12.

1 “Əlməbsut”, Tusi, 7-ci cild, səh.272; “Kafi”, səh.250, 251; “Təzkirətul-füqəha”, 9-cu cild, səh.317; “Riyazul-məsail”, 8-ci cild, səh.48; “Cəvahirul-kəlam”, 21-ci cild, səh.267.

1 “Fiqhus-siyrə”, səh.30.

1 bax: “Qələm” surəsi, ayə 4.

1 “Tarixul-xəmis”, 1-ci cild, səh.290; “Əl-bədayə vən-nəhayət”, 3-cü cild, səh.73, 74.

2 Həmin mənbə.

1 “Təsniyə kitabı”, ishah 33, rəqəm 1.

2 “Mocəmul-boldan”, 4-cü cild, səh.225.

3 “Yaranış kitabı”, ishah 17, rəqəm 20.

4 “Matta İncili”, ishah 21, rəqəm 15-17.

1 “Yuhanna İncili”, ishah 14, rəqəm 15-17.

2 “Zuxruf” surəsi, ayə 22.

3 Müraciət edin: “Əlbədayə vənnəhayə”, 2-ci cild, səh.273; “Məhəmmədin həyatı”, səh.89.

1 “Tarixi Yəqubi”, 1-ci cild, səh.254, 257.

1 “Səlib müharibələri tarixi”, səh.42.

2 “Səlib müharibələri tarixi”, səh.43.

1 “Səlib döyüşləri tarixi”, səh.157, 167.

2 “Şərqli baxımından Səlib döyüşləri”, səh.61.

1 Müraciət edin: “Şərqlilər baxımından səlib döyüşləri”, səh.23, 363.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə