Şərabın içilməsi cinayətdir




Yüklə 54.25 Kb.
tarix10.04.2016
ölçüsü54.25 Kb.
Əkrəm Həsənov

Şərabın içilməsi cinayətdir
Bu gün cəmiyyətimiz, ayrılıqda hər bir fərdimiz, ailəmizdən qardaşımız, atamız, yaxın qohumlarımız süfrədə bir araya gəldikdə, oturub bir tikə çörək yedikdə mütləq özlərində, öz məclislərində kənardan özlərinə xoş görsənən, öz dilləri ilə desək keflərini açan bir içkini süfrədə görmədikdə, yeməkləri boğazlarından getmir, sanki nə isə böyük bir çatışmamazlıqlarının olduğunu deyirlər, bunu açıqdan da deyir, hətta davranışlarından müşahidə edirik. Məclislərində Allah Təalanın nəcis adlandırdığı şərab olmadıqda sanki bu məclis bir yas məclisi imiş kimi qayğılı, üzlərində üzüntü hiss olunur. Bu gün cəmiyyətimiz bu böyük bir bəlaya mübtəla olmuşdur. Allahdan xalqımızın, camaatımızın bağışlanmağını istəyir, onlara təmizlik və gözəllik arzu edirik.

Allah Təala Qurani Kərimdə buyurur: “- Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə (Süfrə) surəsi, 90). Buxari Səhihində “Kitabu-l-əşribədə (İçəcəklər kitabı)” bu ayəni içkinin haramlığı haqqında gələn hədislərə bir hazırlıq və müqəddimə olmaq üçün zikr etmişdir. Bu ayə sərxoşluq verən içkilərin qadağası və haram edilməsi haqqında üçüncü və son olaraq enən ayədir. Bunlardan birincisi Quranın Nisa surəsinin 43-cü ayəsidir: “- Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” İkincisi isə Quranın əl-Bəqərə (İnək) surəsinin 219-220-ci ayələridir: “- (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz. Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!”.

Buxari bu ayəni dəlil gətirdikdən sonra aşağıdakı hədisləri rəvayət etmişdir:


  1. ...Bizə Malik, Nafidən, o da Abdullah bin Ömərdən xəbər verdi ki; Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Kim dünyada şərab içsə, sonra bu günahından tövbə etməsə, o adam axirətdə Cənnət şərabından məhrum olacaq”.

  2. ...Əz-Zühri belə demişdir; mənə Səid bin Müsəyyəb xəbər verdi ki, özü Əbu Hüreyrədən eşitmişdir: Peyğəmbərə isra etdirildiyi gecə (meraca çıxdığı gecə) iliyada (Beytu-l Məqdisdə) biri şərab, digəri də süd dolu olan iki qədəh gətirildi. Peyğəmbər (s.ə.s) onlara baxdı, sonra süd qədəhini aldı. Cəbrayıl (ə.s) ona belə dedi: “Səni fitrətə yönəldən Allaha həmd olsun! Əgər sən şərabı götürmüş olsaydın, ümmətin zəlalətdə olardı”.

  3. ...Ənəs belə demişdir: Mən peyğəmbərdən bir hədis eşitdim ki, onu sizə məndən başqa heç kim deməyəcək. Belə buyurdu: “Cəhalətin yayılması, zinanın yayılması, şərabın içilməsi, kişilərin sayı azalıb, qadınların çoxalması – o dərəcədə ki, əlli qadının yalnız bir baxanı, sahibi olması qiyamət əlamətlərindəndir”.

  4. ...İbn Şihab belə demişdir: Mən Əbu Sələmə bin Əbdurrahman ilə İbnul Müsəyyəbdən eşitdim, belə deyirdilər: Əbu Hüreyrə (r.a) belə dedi: Peyğəmbər belə buyurdu: “Zina edən adam zina etdiyi vaxt (tam və kamil) mömin olduğu halda zina etməz. İçki içən də içdiyi vaxtda kamil bir mömin olaraq içməz. Oğurluq edən də oğurlayarkən kamil bir mömin olaraq oğurluq etməz”.

1-ci bab. Üzümdən düzəldilən şərab. Bu babda olan hədislər:

5. ...Bizə Malik bin Muğvəl Nafidən rəvayət etdi ki, İbn Ömər (r.a): “Allaha and olsun ki, xamr (şərab) haram edildi, halbuki Mədinədə ondan heç nə yox idi” demişdir.

6. ...Ənəs (r.a) belə demişdir: Xəmr (şərab) bizlərə haram edildi. Haram edilən vaxt biz üzümlərdən düzəldilən şərabı – Mədinədə demək istəyir – çox az tapardıq. Bizim şərabımızın çoxu (yəni əsli) yetişməmiş xurma idi.

7. ...Bizə Əmir əş-Şəbi rəvayət etdi ki, İbn Ömər belə demişdir: Ömər (r.a) peyğəmbərin (s.ə.s) minbəri üstündə ayağa qalxdı və belə dedi: “Amma bad (sonra): Xamr (şərab) haram edildi. Bu isə bu gün beş şeydən düzəldilir: üzümdən, xurmadan, baldan, buğdadan, arpadan. Xamr ağılı və şüuru örtüb qarışdıran içkidir”.

2-ci bab. Xamrın (şərabın) haramlığı endi, xamr isə xurmadan düzəldilirdi.

8. ...Ənəs bin Malik (r.a) belə dedi: Mən Əbu Ubeydəyə, Əbu Talhaya, Übeyy bin Kəbə, “zəhv” deyilən, xurmadan düzəldilən “Fadih” içkisi paylayırdım. Bu toplantıya kimsə gəldi və dedi: “Xəmr haram qılınmışdır”. Bunu eşidən ögey atam Əbu Təlha mənə: “- Ya Ənəs! Qalx, bu şərabları tök!” dedi. Məndə şərabları tökdüm.

9. ...Bizə Mötəmir xəbər verdi ki, atası Süleyman bin Tərhan əl-Bəsri belə demişdir: Mən Ənəsdən eşitdim, belə dedi: Mən bir eyş-işrət məclisində qalxıb əmilərimə fadih deyilən içki verirdim. Mən onların ən kiçiyi idim. Bu vaxt “Şərab haram edildi” sözü deyildi. Bundan sonra o məclisdə olanlar: - Şərabları tök! - dedilər. Biz də şərabları tökdük. Süleyman bin Tərhan dedi ki, mən Ənəsdən: -Onların şərabları nə idi? – deyə soruşdum. Ənəs: - Yaş xurma və xurma içkisi idi – dedi. Əbu Bəkr bin Ənəs: - Onların xəmri bu idi – dedi, Ənəs oğlunun bu sözünü rədd etmədi. Süleyman belə dedi: - Mənə dostlarımdan biri xəbər verdi ki, o Ənəsdən bu sözü eşitmişdir: Fadih o gün onların xəmri idi.

3-cü bab. Baldan düzəldilən xamr (şərab), o biiti deyilən içkidir.

10. ...Məan bin İsa, mən Malik bin Ənəsə “əl-fiqəə” (deyilən, quru üzümdən düzəldilən şirə) içkisinin hökmünü soruşdum. İmam Malik: “Sərxoşluq vermədiyi vaxt zərəri yoxdur” dedi. İbn Dəravərdi də belə dedi: Biz “əl-fuqaa” içkisinin içilib içilməyəcəyini soruşduq, alimlər: “Sərxoşluq vermirsə zərər yoxdur” dedilər.

11. ...Aişə (r.a) belə demişdir: Peyğəmbərdən (s.ə.s) biti içkisinin hökmü soruşuldu. O: “Sərxoşluq verən hər içki haramdır” buyurdu.

12. ...əz-Zühri belə demişdir: Mənə Əbu Sələmə bin Əbdurrəhman xəbər verdi ki, Aişə (r.a) belə demişdir: Peyğəmbərdən (s.ə.s) biti içkisinin hökmü soruşulmuşdu ki, - o biti içkisi baldan düzəldilən nəbiz olub bunu Yəmən əhalisi içirdi – Peyğəmbər (s.ə.s): “Sərxoşluq verən hər içki haramdır” cavabını verdi. Yenə əz-Zühri belə demişdir: Mənə Ənəs bin Malik xəbər verdi ki, Peyğəmbər (s.ə.s): “Dibba və müzəffət deyilən qablarda şirə qurmayın” buyurmuşdu.

4-cü bab. Xəmr ağlı örtən içkidir.

13. ...Bizə Yəhya bin Səid Əbu Həyyan ət-Təymidən, o da Amir əş-Şəbidən xəbər verdi ki, İbni Ömər belə demişdir: “Ömər peyğəmbərin (s.ə.s) minbəri üzərində xütbə verib belə dedi:

“Bu şübhəsizdir ki, xəmrin haram edilməsi əmri nazil olmuşdur. Bu gün xəmr də bu beş şeydən düzəldilir: Üzümdən, xurmadan, buğdadan, arpadan və baldan. Xəmr isə ağılı örtən hər içkidir. Üç şey var ki, Allah rəsulunun (s.ə.s) onlar haqqında bizə tam bir məlumat verənə qədər bizlərdən ayrılmamasını təmənne etdim: Baba, qalalə, birdə riba qapılarından bəzi qapılar”.

Əbu Həyyan ət-Teymi dedi ki: Mən Amir əş-Şabiyə:

-Ya Əbu Əmr! Bir içki var ki, Sinddə düyüdən düzəldilir, bunu hökmü nədir? – dedim. Əş-Şabi:

-Düyüdən düzəldilən bu içki peyğəmbər vaxtında yox idi, yaxud, Ömər vaxtında da yox idi – dedi.

14. Bizə Şöbə Abdullah bin Əbu-s-Səfərdən, o da əş-Şabidən, o da İbn Ömərdən xəbər verdi ki, Ömər (r.a) belə demişdir: “Xəmr beş şeydən düzəldilir: quru üzümdən, xurmadan, buğdadan, arpadan, baldan”.


5-ci bab. Xəmri halal saymaq istəyən və ona xəmrdən başqa ad verən kimsələr haqqında gələn xəbərlər babı.


...Hişam bin Əmmar belə dedi: Bizə Sadaqa bin Xalid xəbər verdi. Bizə Əbdürrahman bin Yezid bin Cabir xəbər verdi. Bizə Atiyyə bin Qays əl-Kilabi xəbər verdi. Bizə Əbdürrəhman bin Qanmin əl-Əşari xəbər verdi: “Allaha and olsun o mənə yalan demədi, özü peyğəmbərdən eşitdi ki, belə buyururdu: “And olsun ümmətimdən şübhəsiz bəzi qövmlər çıxacaq. Bunlar fərci (zinanı), ipək paltar geyinməyi, şərab içməyi, çalğı alətləri ilə çalıb əylənməyi halal və mübah sayacaqlar. Bəzi mərhəmətsiz zümrələr də bir dağın yanına sığınacaqlar, onlara aid olan qoyun sürüsüylə çoban səhərlər yanlarına gələcək, axşamlar gedəcək. Bunlara yoxsul insan bir istək üçün gələcək, bu duyğusuz insanlar yoxsula: Bu gün get, səhər gələrsən! deyəcəklər. Bundan sonra Allah əyləndikləri dağı gecə vaxtı üzərlərinə endirib, bir qismini həlak edəcək, sağ qalan digərlərini də Qiyamət gününə qədər meymunlar və donuzlar surətinə döndərəcəkdir”.

6-cı bab. Bir çox qablarda və Təvr (deyilən daş, yaxud mədən qabı) içində nəbiz, yəni şirə qurmanın hökmü babı.


15. ...Əbu Həzm belə demişdir: Mən Səhl bin Saddan eşitdim, o belə deyirdi. Əbu Üseyd Malik bin Rəbiə əs-Saidi (r.a) gəldi və Allah rəsulunu (s.ə.s) özünün düyün (toy) yeməyinə dəvət etdi. Evlendiyi xanım da yeni gəlin olduğu halda dəvətlilərə xidmət edirdi. Səhl dedi ki:

Yeni gəlinin o ziyafətdə Allah rəsuluna (s.ə.s) nə içirdiyini bilirsinizmi? Təvr deyilən qabın içində gecədən peyğəmbər üçün bir neçə xurma islatdı, bunun şirəsini içirtdi.

7-ci bab. Peyğəmbərin (s.ə.s) bir çox qablar və zərflər içində şirə qurmağı qadağa etməsinin ardından, bu qablarda və zərflərdə şirə qurmağa rüxsət verib icazə verməsi babı.

16. ...Bizə Süfyan bin Üyeynə, Mənsurdan, o da Səlim bin Cəddən xəbər verdi ki, Cabir (r.a) belə demişdir: Peyğəmbər (s.ə.s) bəzi zərflərdə şirə qurmağı qadağan etmişdi. Ənsar:

- Şübhəsiz ki, bizim üçün bu qablar zəruridir – dedilər. Peyğəmbər (s.ə.s):

- Elə isə bunlarda şirə qurmaqdan nəhy edilməz – buyurdu. Buxari dedi ki, mənə Xəlifə belə dedi: Bizə Yəhya bin Səid xəbər verdi. Bizə Süfyan Mənsurdan, o da Səlim bin Əbu Cəddən, o da Cabirdən bu hədisi xəbər verdi.

17. ...Bizə Abdullah bin Məhəmməd xəbər verdi, bizə Süfyan bin Üyeynə bu keçən hədisi xəbər verdi. Süfyan bunda: “Peyğəmbər (s.ə.s) bəzi qablarda qadağan edincə...” şəklində dedi.

18. ...Abdullah bin Əmr belə demişdir: Peyğəmbər (s.ə.s) qırba, tulum, motal kimi dəridən düzəldilmiş qablardan başqa digər qablarda şirə düzəltməyi qadağan etdiyi vaxt, səhabələr tərəfindən peyğəmbərə: İnsanların hamısı kırba, tulum, motal kimi dəri qablar tapmazlar ki, deyildi. Bundan sonra Peyğəmbər (s.ə.s) onlara palçıqdan düzəldilmiş, küp kimi qablarda şirə qoymalarına icazə verdi...

8-ci bab. Sərxoşluq vermədiyi müddətcə Naqi deyilən xurma şirəsini içmənin caizliyi babı.

22. ...Əbu Həzm belə dedi: Mən Səhl bin Sad əs-Saididən eşitdim, Əbu Üseyd Malik bin Rəbiə əs-Saidi Peyğəmbəri öz toy aşına dəvət etdi. O gün yeni gəlin olduğu halda dəvətlilərə xidmət edən xanımı Ummu Useyd Səlamə idi. Ummu Useyd Səlamə:

-Bu ziyafətdə peyğəmbərimizə nə şirəsi içirdiyimi bilirsinizmi? Mən gecədən onun üçün təvr dediyimiz qabın içində bir neçə ədəd xurma islatdım, dedi.

Cami-ul-əhadis kitabında İçəcəklər fəslində Baldan düzəldilən şərab başlığı ilə başlayan babda 389-cu hədis belədir: Abdullah bin Yusif bizə rəvayət edərək dedi ki, Malik bizə İbn Şihab əz-Zühridən, o da Əbu Sələmə bin Abdurrahmandan, o da Aişədən (r.a) bunu rəvayət etdi: Peyğəmbərdən (s.ə.s) bal şərabının hökmü soruşuldu. Buyurdu ki: Sərxoş edən hər içki haramdır. (Buxari, Müslim və digərləri) (Cəmiul Əhadis, İçəcəklər fəsli, Baldan düzəldilən şərab babı).

Allah rəsulu (s.ə.s) “Sərxoş edən hər içki haramdır” ifadəsi ilə alkaqollu içkilərlə bağlı ümumi və açıq hökmü vermişdir. Bu mövzuyla bağlı olaraq Peyğəmbərdən gələn rəvayətlər o dərəcədə açıq və güclüdür ki, sərxoş edici maddələrin haramlığı nöqtəsində ən kiçik şübhəyə yer qoymamaqdadır. İmam Əhmədin ifadəsiylə “Sərxoş edən hər içki haramdır” hədisi iyirmi səhabə tərəfindən fərqli kanallarla rəvayət edilmişdir. Abdullah bin Mübarək “Sərxoş edən hər içki haramdır” hədisinin hökmünü mütləq olaraq götürmüş, yalnız içilən şey olmasa da sərxoş edən hər şeyin haram olduğu nəticəsinə gəlmişdir. Beləliklə nəşə, kanapilə, eroin vəs tipli uyuşdurucu maddələr də bunun hökmünə girir.

Əbu Hənifəyə görə yaş üzümdən düzəldilən içkiyə “şərab” (xəmr), buğda, arpa, darı və başqa maddələrdən düzəldilənə isə “nəbiz” deyilir. Öz iradəsiylə az və ya çox içki içənə hədd cəzası vurulur. Nəbiz içənə isə sərxoş olmadıqca hədd cəzacı vurulmaz.

İslam alimlərinin çoxuna görə sərxoşluq verən bütün maddələr şərab hökmündədir. Dəlili isə yuxarıda zikr etdiyimiz hədisdir.

Əbu əl-Vəlıid Muhamməd b. Əhməd b. Muhamməd b. Əhməd b. Rüşd əl-Hafiz əl-Qurtubi, Bidayətül Müctəhid və Nihayətül Muqtəsid (Məzhəblərarası müqayisəli islam hüququ) əsərində Şurbul xamr (içki) kitabında deyir:

Bu bəhs haqqında sözümüz “Hansı içkini içmək özü ilə bərabər cəza gətirir? İçki içənə lazım olan cəza nədir? İçki içmə günahı nə ilə sabit olur? mövzularına aiddir.

İçkinin cəzası, 1) Cəza gətirən içki. Alimlər, öz istəyi ilə və heç kimin təzyiqi ilə olmadan şərab içənə - içdiyi istər az, istər çox olsun- cəza lazım olduğunu demişlərsə də, digər içkilər haqqında ixtilaf etmişlər. Hicaz faqihləri “digər içkilər də şərab hökmündə olub, şərabı içənə - istər sərxoş olsun, istər olmasın, içdiyi istər az, istər çox olsun – necə cəza lazımdırsa, digər içkiləri də içənə - içdiyi istər az, istər çox olsun, istər sərxoş olsun, istər olmasın – cəza lazımdır” demişlər. İraq alimləri “digər içkilərdən ancaq insanı sərxoş edəcək qədər içmək haramdır və cəzası lazımdır” demişlər ki, hər iki tərəfin də dəlillərini “Yeyəcəklər və İçəcəklər” babında demişik.

2) İçkinin cəzası. Alimlər, içki içənə həm cəza lazım gəldiyinə, həm də əgər tövbə etməzsə fasiq olduğunda müttəfiqdirlərsə də, özünə lazım gələn cəzanın miqdarı haqqında ixtilaf etmişlər. Cümhur alimlər “səksən dəyənək”, İmam Şafi, Əbu Səvr və İmam Davud “qırx dəyənək lazımdır” demişlər. Cümhurun dayandığı, Hz Ömərin (r.a) içki ibtilasının çoxaldığını görüncə, cəzasının artırılması xüsusunda səhabələrə danışması və Hz Əlinin (r.a) “İçki içən adam sərxoş olar. Sərxoş olan da irəli geri danışar. İrəli geri danışan da ona-buna dil uzadar. Ona-buna dil uazadana (zina isnad edənə) isə səksən dəyənək lazımdır” deyərək içki içənə səksən dəyənək vurdurmasını ona tövsiyə etməsidir. Digərləri isə “Peyğəmbər (s.ə.s) vaxtında içkinin sərhədli və miqdarı müəyyən bir cəzası yox idi. Peyğəmbərin (s.ə.s) hüzurunda içki içənlərə ayaqqabı və bənzər şeylərlə necə gəldi vurulurdu”. Hz Əbu Bəkr də səhabələrə: “Peyğəmbər vaxtında içki içənlərə neçə dayaq vurulurdu?” – deyə soruşmuş, səhabələr də qırx dayaq təxmin etdiklərini demişdilər. Əbu Səid əl-Xudridən gələn rəvayətdə deyilir ki; “Peyğəmbərimiz (s.ə.s) içki içənlərə bir cüt ayaqqabı ilə qırx dəfə vurdururdu. Hz Ömər isə ayqqabının bir təkini bir dayaq qəbul edərək içkinin cəzasını səksən dəyənəyə çıxartdı.” Əbu Said əl-Hudridən daha səhhətli başqa yolla “Peyğəmbərimiz (s.ə.s) içki içənə qırx dəyənək vurdururdu” rəvayət olunmuşdur. Bu görüş Hz Əlidən sağlam bir şəkildə rəvayət olunmuş, İmam Şafi də bu görüşü qəbul etmişdir.

3) İçki cəzasının məqamı. İçki cəzasının kim tərəfindən verilməsi məsəsləsinə gəlincə: Alimlər hakim tərəfindən verildiyi barədə ittifaq etsələr də, ağanın öz köləsinə içki cəzası verib verməmsəi məsələsində ixtilaf etmişlər. İmam Malik “ Ağa, öz elminə dayanaraq köləsinə cəza verə bilməz. Ancaq, əgər şahidlər onun yanında köləsi əleyhində şahidlik edərlərsə, o vaxt köləsinə yalnız zina və iftira (kazf) cəzalarını verə bilər. Köləsinə oğurluq cəzasını verə bilməz. Əl kəsdirmə səlahiyyəti ancaq hakimə aiddir” demişdir. Leys bin Sad da bu fikirdədir. Əbu Hənifə də “Gunah nə olursa olsun, və gunahı işləyən də istər kölə, istər azad olsun, gunahkarları cəzalandırma səlahiyyəti ancaq hakimə aiddir” demişdir. İmam Şafi isə tam əksinə heç bir günahı istisna etmədən “Ağa öz köləsini bütün günahlardan ötrü cəzalandıra bilər” demişdir. İmam Əhməd, İshaq və Əbu Sevr də bu görüşdədirlər.

4) İçki gunahının sabit olması. Alimlər içki içmə günahının gərək insanın görünüşündən, gərək də iki şahidin ifadəsiylə sabit olduğunda müttəfiq olsalar da, içki içənin ağzından içki iyinin duyulması ilə də sabit olub, olmadığında ixtilaf etmişlər. İmam Maliklə ona tabe oloanlar və Hicaz alimlərinin çoxu “Ədalətli olan iki şahidin, hakimin hüzurunda “Biz filan adamın ağzından içki iyini hiss etdik” deyə ifadə etmələrindən sonra o kimsəyə içki cəzası lazımdır” demişlərsə də, İmam Şafi, İmam Əbu Hənifə, İraq alimlərinin çoxu və Hicaz alimlərindən bir camaat bu fikrə qatılmayaraq “Hər hansı bir kimsənin ağzından içki iyinin hiss olunması ilə o imsəyə içki içmə cəzası lazım gəlməz” demişlər.

Cəlal Yıldırım, “Qaynaqlarıyla islam fiqhi” kitabında səhifə 2-də İçki içmənin cəzası başlığında deyilir:

İslam insana yararlı olanı mübah sayar, zərərli olanı da haram və ya məkruh qəbul edər. Bundan başqa heç kimin cəmiyyəti, qonşusunu və ətrafını narahat eməyə haqqı yoxdur. Hər insanın malı, canı, namusu və şərəfi güvən altına alınıb qorunmuşdur.

Şeyxul İslam Burhanəddin Əbul Həsən Əli bin Əbu Bəkr Mərginani, “əl-Hidayə” əsərində “Əşribə” (içkilər) bəhsində 2-ci səhifədə deyir:

“Əşribə, şərabın cəmidir. Danışdığımız mövzu içkilərin hökmündən bəhs etdiyi üçün əşribə (içkilər) adlandırılmışdır. Haram olan içkilər dörddür. Birincisi şərabdır. Şərab qaynayıb kəskinləşən və köpüklənən üzüm suyudur. İkincisi bişirildikdə üçdə ikisindən azı getmiş olan üzüm suyudur. Yəni Camius Sağirdə zikr edilən bişirilmə. Üçüncü və dördüncüsü də xurma və quru üzüm şirəsidir ki, köhnəlib kəskinləşdikdə haram olur. Şərab haqqında on mövzuda söz açılır kiç birincisi suyu haqqındadır. Bizə görə: Şərab, sərxoşluq verəcək vəziyyətə gələn çiy üzüm suyudur. Necə ki, elm və lüğət əhlinə görə də bu məna qəsd edilir. Bəzi insanlar da şərab, sərxoşluq verən bütün madələrin adıdır demişlər. Çünki Peyğəmbər (s.ə.s): “Sərxoşluq verən hər şey şərabdır” və “Şərab bu iki ağacdandır” buyurub üzüm və xurma ağaclarına işarə etmişdir. Digər tərəfdən də ərəb-dilindəki xamr kəliməsi, ağılın pərdələnməsi və gizlənmə mənasını ifadə edir. Bu məna da sərxoşluq verən hər maddədə mövcuddur.

İkincisi, xəmr isminin sübutu haqqındadır. Mətndə zikr edilən ifadə İmam Əbu Hənifənin görüşüdür, iki imama görə isə üzüm suyu kəskinləşdikdən sonra şərab sayılır, köpüklənməsi şərt deyil. Çünki sərxoşluq kəskinləşməklə olur. İmam Əbu Hənifə deyir ki: Üzüm suyunun qaz çıxarması, kəskinləşmənin başlanğıcıdır, köpüklənməsi də son həddinə çatmasıdır. Çünki saf şərab, köpüklənmə ilə qarışıq olanından ayrılır, digər tərəfdən şəri hökmlər açıq olduğu üçün hədd, içkinin içilməsi halaldır deyənlərin kifayət etməsi və satışının haram olması kimi hökmlər şərablamanın son dərəcəsinə bağlanır.

Üçüncüsü, şərab özü haramdır, amma sərxoşluq vermə illətindən ötrü yox. Kimisi də şərabın haram olmasını inkar etmiş və əsl haram olan sərxoşluq vermə vəsfidir demişdir. Çünki fəsad (Allahı xatırlamamaq) sərxoşluq vermə vəsfi ilə gerçəkləşir.

Dördüncüsü, şərab sidik kimi nəcasəti çirkinləşdirəndir. Bu açıq dəlillərlə sabitdir.

Beşincisi, haram olduğunu inkar edən kafir olar. Çünki açıq dəlili inkar etmiş olar.

Altıncısı, şərabın müsəlmanlar üçün qiyməti olmaz. Çünkü şərabı tələf edən və qəsb edən məsuliyyət daşımaz. Satılması da doğru deyil. Çünki Allah Təala şərabı nəcis edərkən onu qiymətdən düşürdü. Əgər qiymətləndirilərsə yaxşı olması ağla gələcəkdir. Peyğəmbər (s.ə.s): “İçilməsi haram olan şeyin satılması və qarşılığının yeyilməsi də haramdır” buyurmuşdur.

Yeddincisi, Şərabdan faydalanmaq haramdır. Çünki nəcis bir şeydən faydalanmaq haramdır. Ondan qorunmaq da vacibdir.

Səkkizincisi, Şərabı içən sərxoş olmasa da ona hədd cəzası vurulur. Çünki Peyğəmbərimiz: “Şərab içəni qırbaçlayın, təkrarlasa yenə qırbaçlayın. Sonra yenə təkrarlasa yenə qırbaçlayın. Əgər təkrar dönüb içərsə onu öldürün” demişdir. Amma öldürmə hökmü nəsx olunmuş, qırbaclama hökmü davam etməkdədir.

Doqquzuncusu, Üzüm suyunun bişirilməsində, bişirmənən bir təsiri olmaz.

Onuncusu, sirkəyə dönməsi halaldır. Amma İmam Şafi bu barədə müxalifət edir.

Mustafa əl-Hin, Mustafa əl-Buğa, Əli əl-Şərbəci, “Böyük Şafi Fiqhi” kitabında “İçki içmənin cəzası” başlığında yazır:

“Haram olan içkilərdən bəhs edərkən bu mövzu müfəssəl bir şəkildə izah edilmişdi. Amma cəzalardan danışarkən – sürətli bir şəkildə - içki içmənin də cəzasından bəhs etmək istəyirik. Hər kim sərxoşluq verici bir şeyi içərsə - adı nə olursa olsun, hansı maddədən düzəldilirsə düzəldilsin – ona hədd cəzası tədbiq olunur. İçilən içkinin azlığı bu halı dəyişməz. Rəvayət edildiyinə görə bir kişi Məhəmməd peyğəmbərə (s.ə.s) arpadan, mizr adı verilən bir içki ilə baldan düzəldilən və bit deyilən içkinin hökmünü soruşmuş, Məhəmməd peyğəmbər də (s.ə.s) belə buyurmuşdur:



  • Bu içki sərxoşluq verirmi?

  • Bəli.

  • Hər sərxoşluq verən haramdır. Dünyadaykən sərxoş edici içki içənə axirətdə Tinətul Həbaidən içirməsi əziz və cəlil olan Allahın üzərində bir haqqdır.

Bunu eşidənlər belə dedilər:

  • Ey Allahın Rəsulu! Tinətul Həbai nədir?

  • Cəhənnəm əhlinin təri və suyudur.

İçki içmənin cəzası qırx şallaqdır və bu səksənə qədər artırıla bilər. İçki içmək iki şeylə sabit olur: 1. Dəlil ilə (iki adil müsəlmanın şəhadətiylə) sabit olur, 2. İçki içənin içki içdiyini etiraf etməsiylə sabit olur.

Narkotik maddələr nə şəkildə alınırsa alınsın – iynə ilə, ağız yoluyla və ya başqa bir yolla – haramdır. Çünki narkotik maddələr ağıla və bədənə zərər verir. Ümmü Sələmə (r.a) belə rəvayət etmişdir: “Rəsulullah (s.ə.s), sərxoşluq və darğınlıq verən hər şeyi (yeməkdən və içməkdən) qadağan etdi”.

Uca Allah bizi hər cür haram işlərdən uzaqlaşdırsın və bizi halalla haramı ayırma gücü, haramlardan çəkinib halallara yönəlmə istiqaməti bəxş etsin. Amin!!!

Qaynaqlar:



  1. Qurani Kərim, Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur, 2005, Abubakr məscidi.

  2. Mustafa el-Hin, Mustafa el-Buğa, Ali el-Şerbeci, Büyük Şafii Fikhi, Arslan Yayınları

  3. İbn Rüşd Kadı Ebu'l-Velid Muhammed b. Ahmed b. Muhammed b. Rüşd El-Hafîd, Bidayetü’l-Müctehid ve Nihayetü’l-Muktesid, Beyan Yayınları

  4. Celal Yıldırım, Kaynaklarıyla İslam Fıkhı, Uysal Kitabevi

  5. Şeyhü'l-Îslâm Burhanüddîn Ebu'l-Hasan Ali b. Ebû Bekir Merginânî, Hidaye Tercümesi, Kahraman Yayınları

  6. İmami Azam Ebu Hanife, El-İhtiyar




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə