Sadiqov Qurban Xalq pedaqogikasında sosial, psixoloji amillər




Yüklə 58.36 Kb.
tarix23.04.2016
ölçüsü58.36 Kb.
Sadiqov Qurban
Xalq pedaqogikasında sosial, psixoloji amillər.


PLAN:



  1. Xalq pedaqogikaının anlayışı, ümumi əsasları və xüsusiyyətləri;




  1. Xalq pedaqogikasının tədqiqat metodları;




  1. Xalq pedaqogikasında tərbiyənin tərkib hissələri;




  1. Xalq pedaqogikasının fəlsəfi əsasları və mənbələri;




  1. Xalq pedaqogikası ilə prafossional (akademik) pedaqogikasının fərqli cəhətləri


I. Xalq pedaqogikası nəyə deyilir? Bu sualın cavabın tapmaq üçün bir çox tədqiqatçılar tədqiqatlar aparmışlar. Onlardan V. F. Afanasyevin, adigey xalq pedaqogikası məsələlərini örgənən K. J. Namitokovun, özbək xalq pedaqogikası sahəsində tədqiqat aparan M. Ş. Şirbayevin, Robert Altın (Almaniya) və Deço Denevanın (Bolqariya) və başqa tədqiqtçıların bəzi tədqiqlərini göstərmək olar. Ancaq bu tədqiqatçılar arasında rəy birliyi yoxdur. Məsələn, “xalq pedaqogikası” məfhumu altında:

Q. S. Vinoqradov – tərbiyə haqqında bacarıq və biliklər toplusunu, şəxsiyyəti müəyyən istiqamətdə formalaşdırmaq məqsədi ilə tətbiq edilən vərdiş və tərzlərin cəmini;

K. J. Namitokov – gənc nəslin tərbiyəsi haqqında zəhmətkeşlərin atalar sözü və məsəllərdə ifadə etdiyi fikirləri;

V. F. Afanyasef – qəhrəmanlıq eposunda irəli sürülmüş pedaqoji ideyaların cəmini;

V. V. Smirenin – şifahi xalq yaradıcılığında tərbiyə məsələlərinə aid olan fikirlərin toplusunu başa düşmüşdür.

J. İ. Xanbikovun özünün verdiyi uzun və dolaşıq tərifi isə belədir: xalq pedaqogikası gənc nəslin təlim-tərbiyəsinin məqsəd və vəzifələri, vasitə və yolları haqqında xalq nəzəriyyələrinin qarşılıqlı əlaqəsini ifadə edən bilik və təcrübə sahəsinə deyilir.

Hal hazırda elmə görə bu təriflərin heç biri tam dəqiq və mükəmməl hesab etmək olmaz. Çünki, əvvəla, onlarda xalq pedaqogikasının mövzusu ilə mənbələri və ya vasitələri bir-birinə qarışdırılır. Halbuki bunlar başqa-başqa şeylərdir və tərifdə mənbələrə toxunmağa ehtiyac yoxdur. İkincisi bu təriflərdə tərbiyə obyekti kimi ancaq gənc nəsil götürülür. Halbuki xalq pedaqogikasında tərbiyə obyekti – ümumiyyətlə, insandır, o cümlədən də, uşaqdır.

Doğrudur, uşaqların tərbiyəsinə xalq daha çox fikir verir. Hər bir xalqın nümayəndəsi uşaqları özlərinin gələcəyi hesab etdikləri üçün onları diqqət mərkəzində saxlayır və onlara tərbiyə vermək naminə əllərindən gələni edirlər. Lakin bu da həqiqətdir ki, insanlar təkcə gələcək üçün yox, həm də gündəlik yaşayışları haqqında düşündüklərindən cəhd etmişlər ki, ancaq uşaqlar, gənc nəsil deyil, özlərinin tay-tuşları da tərbiyəli, kamallı, işlək, gözəl və sağlam olsun; ağıldan kəm, fərasətsiz, xudbin və tənbəl olmasın. Buna görə də onlar bir tərəfdən özlərinin iş və nümunələri ilə, digər tərəfdən bədii sözün qüdrəti ilə nəinki uşaqları, hətta bir-birlərini də tərbiyə etməyə çalışmışlar. Yaşlı nəslin nümayəndələri axşamlar bir yerə yığışıb nağıl danışmaqla, tapmaca deməklə, mahnı oxumaq və şənlik qurmaqla yalnız əylənməmiş, vaxt keçirməmişlər, həm də bir-birinin ümumi inkişafına kömək etmişlər. “Xalq pedaqogikası nəyə deyilir?” sualına gəldikdə isə xalq pedaqogikası – sözün əsil mənasında tərbiyə məsələləri üzrə zəhmətkeş kütlələrin baxış, fikir, ideya, təcrübə, qayda-qanun, adət və ənənələrinin məcmusudur, toplusudur. Onun mövzusu tərbiyədir. Tərbiyənin obyekti isə yaşından və cinsindən asılı olmayaraq şəxsiyyətdir, insandır.

Xalq pedaqogikası – təlim-tərbiyənin məzmunu, məqsədi, vasitələri, üsulları, təşkili və s. məsələləri haqqında zəhmətkeş kütlələrin tarix boyu gündəlik müşahidələrinin nəticəsi kimi əldə etdikləri, əmək və yaşayış şəraitinin təsiri altında topladıqları bilik, təcrübə, baxış, qayda-qanun və adət-ənənələrin məcmusudur. Bu pedaqogikanın özünə məxsus anlayışları da vardır. Məsələn, uşağ baxımı – onu vaxtında yedirdib-içirtmək, yuyundurmaq, bələmək, yatırtmaq, geyindirmək, gəzintiyə çıxarmaq və s. belə məsələlərə aid təlimat və qaydalar, uşağı ərsəyə, boya-başa çatdırmaq, yəni onu tərbiyə edib mənəvi və fizki cəhətdən kamala çatdırmaq, öz-özünü tərbiyələndirmə, oxumaq, təhsil-təlim vermək və s.
II. Xalq pedaqogikasının tədqiqat metodları məsələsi barəsində isə, deməliyik ki, tarix boyu kütlələrin tərbiyə sahəsindəki təcrübə, fikir və ideyaları əsas etibarilə görüb-götürmək, müşahidə, nümunə, müsahibə, təhlil, yoxlama, sınaqdan keçirmə və s. belə üsullarla təşkil edilmiş, toplanmış, yığılmış, zənginləşdirilmiş və yayılmışdır. Ona görə də bunları xalq pedaqogikasının araşdırma (tədqiqat) üsulları adlandırmaq olar.

İnsanı nə cür becərməli, ərsəyə, boya-başa çatdırmalı, kamala yetişdirməli, ona hansı keyfiyyətləri aşılamalı, bundan ötrü nə kimi üsul və vasitələrdən istifadə etməli, həm də necə istifadə etməli, hansı tələblərə əsaslanmalı, insanın inkişafının şərtləndirən amillər, tərbiyə işində kollektivin və tərbiyəçinin rolu və s. bütün bu kimi məsələlər xalq pedaqogikasının oyrəndiyi sahələrdir.

Xalq pedaqogikasında, o cümlədən Azərbaycan pedaqogikasında tərbiyənin təşkili formaları və mənbələri də məlumdur. Məsələn, xalq tərbiyəsinin təşkili formaları – müxtəlif növ oyunlar, uşaq və gənclərin əmək birləşmələri; ailə-məişət işlərində, bayram və toy şənliklərində, həmçinin yas mərasimlərində uşaqların iştirakı və s.; mənbələri isə ailələrin tərbiyə təcrübəsi, didaktik məzmuna və pedaqoji istiqamətə malik olan folklor nümunələri və musiqi əsərləri, tərbiyəvi adət-ənənələr, rəngarəng maddi mədəniyyət abidələrində, xalq idmanı növlərində, tarixi və etnoqradik materiallarda şəxsiyyətin formalaşması məsələsinə dair bu və ya digər şəkildə əks edilmiş təcrübə, fikir, baxış və ideyadır.

Elə buradan aydın olur ki, xalq pedaqogikasının əhatə etdiyi məsələlər, tədqiqat sahəsi çəx genişdir. Müasir elmi pedaqogikada sistemə salınıb dərinləşdirilən və inkişaf etdirilən pedaqoji əsasların, demək olar ki, hamısı başlanğıc halında əvvəlcə xalq pedaqogikası materiallarında mövcud olmuşdur. Buna görə də, təbiidir ki, xalq pedaqogikası elmi pedaqoji fikrin və planlı təlimin yaranıb inkişaf etməsində mühüm rol oynamışdır. Müasir musiqi üçün klassik xalq musiqisi, müasir təsviri və tədbiqi incəsənət üçün xalq incəsənəti tükənməz mənbələr olduğu kimi, müasir akademik pedaqogika üçün də xalq pedaqogikasının rolu inkaredilməzdir. Daha dəqiq desək, xalq pedaqogikası akademik pedaqogikanın ulu babasıdır. Sözün geniş mənasında tərbiyənin mahiyəti, vəzifəsi, üsul və vasitələri üzrə təcrübə, fikir və ideyalar, bəsit şəkildə olsa da, ən əvvəl xalqın əməli fəaliyyətində, real pedaqogikasında işlənib hazırlanmışdır.


III. Məlum həqiqətdir ki, insanlar cəmiyyətdə həmişə qarşılıqlı fəaliyyətdə olurlar: həyata qədəm qoyan hər bir yeni nəsil öz sələflərindən irs aldığı müəyyən həyat təcrübəsinə, təfəkkür materialına əsaslanır. Bu proses eynən tərbiyə sahəsinə də aiddir. Atalar sözlərində deyilir ki, “Övlad valideynin məbədidir”, “Atalardan qalan uşaqlara mirasdır” və s. Övlad, uşaq (yəni gənc nəslin nümayəndələri) valideynlərin (yəni yaşlı nəslin) tərbiyə sahəsindəki təcrübəsinə əsas etibarı ilə ya müşahidə, ya nümunə, ya da şəxsi sınaq, şəxsi yoxlama vasitəsi ilə yiyələnir. Yaşlı nəslin özü də insanların, o cümlədən gənc nəslin tərbiyəsi sahəsində xalqın tarix boyu əldə etdiyi, təkmilləşib cilalana-cilalana əsrlərdən-əsrlərə gələn bilik və təcrübələrindən həmin üsullarla istifadə edlimişdir. Eyni dövrdə, eyni şəraitdə yaşayan insanların, ailələrin özləri də bu üsullarla tərbiyə sahəsində bir-birinin təcrübəsindən ya kortəbii, ya da şüurlu surətdə öyrənmişlər, nümunə götürmüşlər. Məsələn, ailənin bütün yaşlı üzvlərinin yeməkdən qabaq əllərini yuduqlarını görən uşaq özü də belə edir. Həm də bu, uşağın ilk dövrlərindəki fəaliyyətində bir növ təqlid xarakteri daşıyır. Yaşa dolduqca uşaq yeməkdən əvvəl əlləri yumağın nə üçün vacib olduğunu başa düşür və buna şüurlu surətdə əməl edir.

Başqa bir misal: ailə üzvlərindən xəstələnən olduqda ata-ananın təlaş keçirdiyini, xəstəyə xüsusi qayğı göstərdiyini, onun üçün dava-dərman əldə edildiyini gözlərilə görən uşaq da həmin ruhda tərbiyə olunur. Belə misallar qonşuya, insanın öz-özünə, kiçiklərə, qadına, kollektivə, vətənə, əməyə və s. aid münasibətləri sahəsində də gətirmək olar. Məsələn, işi, əməyi xoşlamayan, geyiminə, səliqə-sahmana fikir verməyən bir uşağın valideyni, adətən, qonşu ailədəki işgüzar, səliqəli və diribaş uşağı övladına nümunə gətirərək deyir: “bax gör o necə qəşəng geyinir, ata-anasına necə kömək edir?! Məgər sən elə ola bilməzsən?! Əlbəttə, olarsan, çalışsan, özünə fikir versən olarsan”. Belə hallarda valideyn daha münasib təsir yolları axtarır və həmin axtarış qonşunun ailə tərbiyəsi sahəsindəki təcrübəsini müşahidə və müsahibə yolu ilə, ya da onların hər ikisi vasitəsilə öyrənməyə, sonra saf-çürük etməyə və yaxşı cəhətlərindən istifadə etməyə gətirib çıxarır. Bu yolla yaxşı təcrübə xüsusidən ümumiyə doğru, yəni ailədən-ailəyə, oradan məhəlləyə, məhəllədən kəndə, kənddən obaya, oradan ölkəyə yayılır, milyonlarla adamın malı olur. Bu proses akademik pedaqogikanın yüksək dərəcədə inkişaf etdiyi müasir dövrdə də davam edir. Ailələr, qonşular, kəndlər, şəhərlər, xalqlar, və ölkələr tərbiyə sahəsində bir-birinin müsbət təcrübə və ənənələrini müxtəlif yollarla, o cümlədən müşahidə və müsahibə üsulları vasitəsilə ehtiramla örgənib sınaqdan keçirir və təbliğ edirlər.

Müşahidə, müsahibə, nümunə və sınağa xalq pedaqogikasının başlıca üsulları kimi yüksək qiymət verildiyini əsaslandırmaq üçün şifahi ədəbiyyatdan da çoxlu misallar gətirmək olar. Məsələn atalar sözlərində oxuyuruq: “Uşaq gördüyün götürər” (müşahidə) , “Soruşan dağlar aşar, soruşmayan düzdə çaşar”, “Yüz bilsən də, bir biləndən soruş” (müsahibə), “Qonşu qonşuya baxar, canını oda yaxar”, “Anası çıxan ağacı qızı budaq-budaq gəzər” (nümunə), “On ölç, bir biç” (sınaq) və i.a.

Nağıllar, dastanlar, lətifələr və s. aydın surətdə göstərir ki, zəhmət adamları tərbiyə sahəsində nəsillərin, ayrı-ayrı ailələrin, dünyagörmüş baba və nənələrin, müdrik cavanların, “dədə” aşıqların təcrübəsini müşahidə yolu ilə “görüb-götürmüş” fikir və ideyalarını müsahibə vasitəsilə “soruşub örgənmiş”, bu təcrübəni, fikir və ideyaları sınaqdan keçirib əxz etmişlər. Bu əxz etmə prosesi fəal səciyyə daşıdığından və xalq pedaqogikası ümumi tarixi prosesdə həmişə irəliyə – gələcəyə doğru inkişaf etdiyindən (yəni pedaqoji fikrin inkişafı ibtidada canlı seyretmə nəticəsində hasil edilən məlumatın ümumiləşdirilməsindən məsələlərin daha dərin qoyuluşuna doğru, təlim-tərbiyə hadisələrinin arasındakı əlaqələrin səciyyəsini aydınlaşdırmağa doğru, biliksizlikdən- biliklərə doğru getdiyindən), həmçinin gənc nəslin tərbiyəsini yaxşılaşdırmaq üçün əməkçi kütlələr daim səy göstərdiklərindən onlar mənimsədikləri və istifadə etdikləri təcrübəni, fikir və ideyaları daha da zənginləşdirmiş və yüksəkliklərə qaldırmışlar.

Xalq pedaqogikasının əsas mənbəyi – insanın tərbiyəsi, boya-başa çatdırılması sahəsində toplanılmış təcrübədir. Bu təcrübə həmin pedaqogikanın müxtəlif vasitə və abidələrində əks olunubdur. BURDA--

Xalq pedaqogikasında tərbiyənin məqsədi – insanı boya-başa, ərsəyə, kamala çatdırmaqdır, yəni ideal insan yetişdirməkdir; vəzifəsi – onun fiziki inkişafını, sağlamlığını təmin etməkdən, adamı əmək fəaliyyətinə hazırlamaqdan, ona ədəb-ərkan qayda-qanunlarını, mərifət elmini aşılamaqdan, insanın ağlını artırmaqdan və zövqünü inkişaf etdirməkdən ibarətdir; amilləri isə özünün bütün cisim və hadisələri ilə birlikdə doğma təbiət, əmək, xalq incəsənəti nümunələri, canlı söz, məişət qayda qanunlarıdır.

Xalq pedaqogikasında tərbiyənin obyekti və subyekti – yaşından, cinsindən asılı olmayaraq insandır. Doğrudur, uşağın tərbiyəyə ehtiyacı daha çoxdur və buna görə də onun tərbiyəsinə fikir verilməlidir. Ancaq yaşlılar da tərbiyəsiz keçinə bilməzlər. İslam Peyğəmbəri Məhəmməd-in (s.a.v) dediyi kimi: “Elmi beşikdən qəbrədək oyrənin”. Özü də bu məsələdə qadınla kişi arasında fərq qoyulmamalıdır: “Aslanın dişisi erkəyi olmaz” və yaxud “Ərlə arvadın torpağı bir yerdən götürülüb” və s.

İndi isə xalq pedaqogikası nəyə deyilir – sualına qayıdaq: Xalq pedaqogikası – sözün əsil mənasında tərbiyə məsələləri üzrə zəhmətkeş kütlələrin baxış, fikir, ideya, qayda-qanun, təcrübə, adət-ənənələrinin məcmuyudur. Onun mövzusu tərbiyədir. Tərbiyənin obyekti isə yaşından və cinsindən asılı olmayaraq şəxsiyyətdir, insandır.

İnsanı nə cür bəsləməli, ərsəyə, boya-başa çatdırmalı, kamala yetişdirməli, ona hansı keyfiyyətləri aşılamalı, bundan ötrü nə kimi üsul və vasitələrdən istifadə eməli, həm də necə istifadə etməli, hansı tələblərə əsaslanmalı, insanın inkişafını şərtləndirən amillər, tərbiyə işində kollektivin və tərbiyəçinin rolu və s. bütün bu kimi məsələlər xalq pedaqogikasının öyrəndiyi sahələrdir.
IV. Təbiət hadisələrinin ilkinliyini qəbul etmək və insan varlığını, davranış və hərəkətlərini həmin hadisələrlə əlaqələndirmək, bu hadisələrdən müvafiq ictimai və pedaqoji nəticələr çıxarmaq xalq pedaqogikasına, o cümlədən, Azərbaycan xalq pedaqogikasına xas olan bir xüsusiyyətdir. Xalq pedaqogikası təbiətə uyğunluq prinsipi üzərində qurulmuşdur. Bu da təbii haldır. Çünki həmin pedaqogikanın yaradıcısı olan ata və analarımız təbiətin qoynunda doğulmuş, böyüyüb boya-başa çatmış, yaşamaq üçün lazım olan nemətləri təbiətdə tapmış, özünü təbiətin kiçik bir hissəsi hesab etmişlər. Onlar öz müşahidələri nəticəsində görmüşlər ki, insana aid olan bir sıra xüsusiyyəylər (doğulmaq, qidalanmaq, hərəkət etmək, hirslənmək, qışqırmaq, yatmaq, ölmək və s.) başqa canlılara, başqa varlıqlara da xasdır. Məsələn, heyvan da bala doğur, onu qoruyur, quş yumurtadan bala çıxarır, ona dən tapır gətirir, balalar böyüyəndə onları uçurdur; münbit torpağa düşmüş toxum cücərir, göyərib qalxır, çiçək açır, bəhrə verir... tələf olub gedir; insan kim quş da, heyvan da yatır, xəstələnir, ölür; qarışqa da əlbir işləyir, tapdığı yemi öz yuvasına daşıyır; külək əsir, ağacdan yarpağı qoparır, qabağına salıb qovur; bulud karvanları hərəkətə gəlib kəndi-kəsəyi bürüyür, <> çəkilir, <>, ildırım çaxıb öz səsi ilə aləmi lərzəyə gətirir və bir göz qırpımında yox olub gedir... Bu cür oxşarlıqları götürərək ibtidai insanlar, ulu baba və nənələrimiz öz həyatları, vəziyyətləri ilə başqa varlıqların, cisim və hadisələrin həyatı və vəziyyətləri arasında bənzəyiş görmüş, öz əhval-ruhiyyələrini, hiss və həyəcanlarını bu hadisələrə oxşatmaqla ifadə etmişlər. Onlar özləri ilə təbiət arasındakı bu bənzəyişdən istifadə yə <>.

İnsan həmişə həyatdan örgənir. Qədim insanlar da ətraf aləmin cisim və hadisələrindən öyrənmişlər. Çexovun yazdığı kimi, onlar kitablardan deyil, tarlada, meşədə, çay kənarında öyrənmişlər; onları nəğmə oxuyan quşların özü, batarkən üfüqdə əlvan şəfəq əmələ gətirən günəş, ağaclar və otlar örgətmişdir. Qədim yunan filosofu Demokrit də əbəs demirdi: <>.

Təbiət (özünün cisim və hadisələri ilə birlikdə) insanın ilk müəllimi – tərbiyəçisidir. O, dünyagörüşü ictimai istehsalat təcrübəsi ilə bağlı olan və ətraf aləmə əməli surətdə yiyələnmək, kainatın kortəbii qüvvələri ilə mübarizə aparmaq prosesində təşəkkül edib formalaşan insanlarda öz rəngarəngliyi ilə müxtəlif keyfiyyətlər və hisslər doğurmuşdur. Professor M. Cəfərin çox doğru göstərdiyi kimi, çay və dənizin coşğun dalğaları insanda coşğun əhvali-ruhiyyə, mülayim, sakit dalğaları – mülayim əhvali-ruhiyyə, ayli-ulduzlu aydın gecələr – fərəh, çadlıq, nikbinlik; tutqun, qara buludlu, yağmurlu gecələr – kədər; şimşəyin çaxması – heyrət, həyəcan əmələ gətirir. Eyni qayda ilə təbiətdəki hər bir hadisə, səs, rəng və s. indi olduğu kimi, ilk insanlarda da müxtəlif hisslər doğurmuş, onların şüuruna və əxlaqına qüvvətli təsir göstərmişdir. Insanlar təbiət qoynunda doğulub böyüyən uşaqların sağlam olduğunu öz təcrübələrində görmüşlər, müxtəlif növ xəstəlkləri təbiətin hazır dərmanları ilə müalicə etmişlər, bir özlə, ömürləri boyu mehriban və sərt, mülayim və şıltaq, ağlar və gülər təbiətlə bağlı olmuşlar, onun insan həyatı və tərbiyəsi üçün son dərərcə böyük əhəmiyyət kəsb etdiyini açıq-aydın dərk etmişlər. Buna görə də onlar, yuxarıda deyildiyi kimi, müxtəlif həyat hadisələri ilə özlərinin fəaliyyətləri arasında müəyyən oxşarlıq axtarmış və tərbiyə işinin ayrı-ayrı cəhətlərini bu hadisələrlə əlaqələndirmişlər; əksər hallarda isə tərbiyə işini təniətə uyğun şəkildə qurmağa çalışmışlar. Övladlarına Günəş, Bahar, İldırım, Polad, Aslan, Şahin, Maral, Qızılgül, Bənövşə, Bülbül, Göyərçin və sair belə adlar qoyakən insan istəmiş ki, o da, onun nəsli də günəş kimi ulu və parlaq, bahar kimi xoş, təravətli və sevimli, ildırım kimi əzəmətli, polad kimi əyilməz, aslan kimi cəsur, Şahin kimi vüqarlı, maral kimi gözəl, mehriban, bülbül kimi şirindilli, göyərçin kimi mülayim olsun və sairə. Yaxud ağacı zoğ, şiv ikən istənilən tərəfə əyməyin asan olduğunu təcrübədən bilən xalq bu qənaətə gəlmişdir ki, adamı da uşaq ikən istənilən istiqamətə yönəltmək olar. Buradan isə belə bir pedaqoji nəticə çıxır: müsbət keyfiyyətləri, nəcib sifətləri adama erkən yaşlardan aşılamaq lazımdır: <> və s.

Bu qayda ilə əməkçi insanlar təbiət hadisələri və prosesləri ilə tərbiyə məsələləri arasında əlaqə yaradaraq dərin pedaqoji mənası olan <>, <>, <> və s. bu kimi çoxlu atalar sözü və məsəllər düzəltmişlər.

Nağıl və dastanlarımızda qəhramanların müxtəlif təbiət qüvvələrinə tez-tez müraciət etmələri, onlardan məsləhət almaları və ya nümunə götürmələri faktı da xalqın təbiət hadisələri ilə insan fəaliyyəti arasında uyğunluq axtarmasından, xalq pedaqogikasının təbiət-varlıq prinsipinə əsaslanmasından irəli gəlir.

V. Xalq pedaqogikası ilə professional, akademik pedaqogika arasındakı fərqi xüsusiyyətlərdən bəziləri aşağıdakılardır:

1. Xalq pedaqogikası professional akademik pedaqogika deyil, onun öyrənmə və əsas mənbələrindən biridir.

2. Xalq pedaqogikası tərbiyə sahəsində zəhmətkeş kütlələrin təcrübi yolla qazandıqları və müxtəlif formalarda ifadə etdikləri bilik və bacarıqların, fikir və ideyaların, necə deyərlər, sadəcə məcmuyudur. Bu pedaqogikanın ayrı-ayrı məsələləri, tərbiyənin müxtəlif sahələri üzrə əməkçi xalqın ideya, fikir və mülahizələri küll halında və sistem olmayıb son dərəcə dağınıq və səpələnmiş haldadır. Xalq pedaqogikasında dəqiqləşdirilmiş pedaqoji istilahlar, xüsusi elmi anlayışlar və onların tərifi yoxdur. Elmi pedaqogikada isə belə dağınıqlıq və sistemsizlik uoxdur. Elm sözü hər şeydən əvvəl, sistem deməkdir. Elmi pedaqoji tərbiyə, təlim və təhsil sahəsindəki təcrübələri, o cümlədən, xalq pedaqogikasındakı bilik və təcrübəni nəzəri cəhətdən ümumiləşdirb sistemə salır. Onun özünün dəqiqləşdirilmiş və xüsusi tərifi olan pedaqoji islahatları vardır. Bir sözlə, bütün elmi sahələr kimi, bu pedaqogikada da izahlı islahatlar, sistemli fikirlər məcmuyudur.

3.Elmi pedaqogikada müsbət təcrübəsi ümumiləşdirilmiş və kütləviləşdirilmiş müəllimlərin, məktəbin, baxçanın və digər tərbiyə ocaqlarının adı ictimaiyyətə məlum olur. Bu pedaqogikada bitkin və sırf pedaqoji əsər var. Həmin əsərlərin müəllifi və yazıldığı tarix məlumdur. Xalq pedaqogikasında isə belə deyil. Əvvəla, burada sırf pedaqoji əsər, traktat yoxdur. Tərbiyə ideyalarını əks etdirən xalq yaradıcılığı nümunələrinin isə əksəriyyətinin konkret müəllifi və yarandığı tarix məlum deyildir; ilk dəfə kiminsə, hansı xalq mütəfəkkirinin və ya müdrik qocanınsa dediyi fikir, ideya və s. ağızdan-ağıza, dildən-dilə, ildən-ilə, əsrdən-əsrə keçir, cilalanır, kütləviləşir, nəticədə kollektiv fikrin məhsulu olur. Yaxud uşağın tərbiyəsi sahəsində, məsələn, bir ailənin müsbət təcrübəsi tədricən yayılıb kütləviləşir və bu təcrübənin ilk dəfə məhz hansı ailədə və nə vaxt yarandığı məlum olmur. Çünki bu, bu bir yerdə yazılmır və heç kim onu yadda saxlamaq məqsədini qarşıya qoymur. Xalq pedaqogikasının tələbləri, qayda-qanunları, prinsipləri, tərbiyı irsi və i.a. bir kitabda qeyd olunmadığına görə onların müəyyən qismi hətta unudulmuşdur. Kim bilir, unudulmuş həmin irsdə nə qədər faydalı, obyektiv, düşünülmüş və ümumiləşdirilmiş şeylər – fikirlər, göstərişlər və s. olmuşdur?!

4.Xalq pedaqogikasının tarixi elmi pedaqogikanın tarixinə nisbətən müqayisə edilməz dərəcədə qədimdir. Q. N. Volkovun <<Çuvaş xalq etnopedaqogikası>> kitabının girişində obrazlı şəkildə deyildiyi kimi, əgər tərbiyənin meydana gəlməsi və inkişagı tarixini 1000 səhifəlik bir kitab şəklində təsəvvür etsək, onda məktəb haqqında məlumata bu kitabın yalnız 995 və ya 996-cı səhifəsində təsadüf etmək olar. Çox haqlı deyilmiş bu sözləri eynən xalq pedaqogikası elmi pedaqogikanın yaranma tarixi arasındakı müqayisəyə də aid etmək olar. Doğrudan da müstəqil bir elm kimi pedaqogikanın tarixi XIX əsrdən başlayırsa, yaxud bəzi pedaqoji məsələlər haqqında sistemli, elmi məlumata yalnız yazının meydana gəldiyi dövrdən sonra təsadüf edilirsə, xalq pedaqogikasının tarixi yazının yarandığı vaxtdan çox-çox qabaq, bəşər cəmiyyətinin meydana gəldiyi ilk dövrlərdən başlayır.

5.Xalq pedaqogikasının səciyyəvi xüsusiyyətlərindən biri də tərbiyənin həmişə həyatla, əməklə sıx əlaqədə verilməsidir. Tarix boyu heç bir pedaqogika elmində, xüsusən sinifli cəmiyyətlərin pedaqogikasında tərbiyə xalq pedaqogikasında olduğu qədər əməklə, nəzəriyyə təcrübə ilə sıx əlaqəli şəkildə həyata keçirilmişdir. Xalq tərbiyəsi bütünlükdə həyati tələblərlə bağlıdır və insanları əmək prosesində iştirak etməyə hazırlayır.

6.Xalq pedaqogikası da elmi pedaqogika kimi sinfidir. Lakin xalq pedaqogikasına nisbətən akademik pedaqogika daha yüksək dərəcədə sinfidir. Xalq pedaqogikasından fərqli olaraq elmi pedaqogikadakı məlumat həmin pedaqogikanın xidmət etdiyi sinfin mənafeyi nöqteyi-nəzərindən min dəfə ölçülüb-biçildikdən sonra kitablara düşür, tərbiyə işində tədbiq edilir.

7.Xalq pedaqogikası üzrə biliklər emprik yolla əldə edildiyindən, onların içərisində həyatilik cəhətdən qüvvətli olanları, yaxşıları, dəqiqləri, qiymətliləri çox olduğu kimi, bir-birini təkzib edənləri, upotizmə və dini təsirə məruz qalanları da olur. Burada vahid pedaqoji mərkəzin olmamasını, adsız xalq pedaqoqlarının çox zaman bir-birindən aralı məsafələrdə yaşadıqlarını, müstəqil və bir-birindən xəbərsiz olduqlarını, onların arasında əlaqənin olmadığını və s. səbəbləri də xatırlasaq, onda bu sahədəki vəziyyət daha aydın olar. Elmi pedaqogika sahəsində isə belə vəziyyət yoxdur. Burada vahid pedaqoji mərkəz olur. Həmin mərkəz pedaqoji aləmdəki, nəzəriyyə və baxışlardakı ziddiyətləri tənzim edir, pedaqogika elminin özü də əhəmiyyətsiz, yararsız, utopik və dini bilikləri qəti rədd edir, burada hər bir fikir, ideya və sair dəlillər və faktlar əsasında elmin süzgəcindən diqqətlə keçirildikdən sonra qəbul edilir.

8.Bütün tarix boyu xalq pedaqogikasının xidmət sahəsi, əhatə dairəsi elmi pedaqogikanınkından xeyli geniş olmuşdur. Və indi də genişdir. Xalq pedaqogikası çoxluğun, kütlələrin pedaqogikasıdır. Onun yaradılmasında yüz minlərlə müdrik insanlar, xalq filosofları, adsız pedaqoqlar, psixoloqlar, aşıqlar və s. iştirak etmişdir.

9.Fəlsəfi və təbii-elmi əsası, həmçinin mənbələri və üsulları cəhətdən də xalq pedaqogikası ilə elmi pedaqogika arasında müəyyən fərqlər vardır. Məlum olduğu kimi, bütün pedaqoji nəzəriyyələr və pedaqogika elmi müvafiq fəlsəfi sistemlə, ideologiya ilə, siyasi-ictimai görüşlərlə bağlı olur, ona istinad edir. Sinifli cəmiyyətlərdə hakim siniflərin pedaqogikası metadoloji cəhətdən həmin fəlsəfəsinə, ideologiyasına əsaslanmışdır və əsaslanır.

10.Akademik pedaqogikaya nisbətən xalq pedaqogikası əməklə, həyatla daha sıx əlaqədardır. Xalq tərbiyəsi xalqın ehtiyacı, həyat tələbləri və əmək fəaliyyəti ilə ayrılmazdır, o, həmin zəmində yaranmış və zənginləşməkdədir.

11.Xalq pedaqogikası çoxluğun, kütlələrin pedaqogikasıdır, onun xidmət sahəsi, obyekti akademik pedaqogikanınkından müqayisəedilməz dərəcədə genişdir. Lakin onun akademik pedaqogikada olduğu ixtisaslaşma kimi dəqiqlik, konkretlik yoxdur, yaxud yox dərəxəsindədir. Bu baxımdan akademik pedaqogika xalq pedaqogikasının fövqündə durur.


Nəticə.

  1. Xalq pedaqogikası – təlim-tərbiyə sahəsində kütlələr tərəfindən empirik yolla gündəlik yaşayış şəraitinin təsiri altında əldə edilən təcrübələrin, fikirlərin, ideyaların, adətlərin, ənənələrin, qayda və qanunların məcmusudur.

  2. Xalq pedaqogikasının obyekti yaşından və cinsindən asılı olmayaraq insandır, mövzusu isə tərbiyədir; tərbiyə hamı üçün lazımdır: ona gənc nəsil də, yaşlılar da, qadınlar da, kişilər də möhtacdır; başqa sahələrdə olduğu kimi, tərbiyədə də kişilərlə qadınlar arasında hüquqi baxımdan fərq olmamalıdır.

  3. Xalq pedaqogikasını akademik pedaqogikadan fərqləndirən cəhətlər vardır, lakin onları bir-birinə yaxınlaşdıran cəhətlər daha çoxdur. Xalq pedaqogikasının ümumi əsasları müasir elmi pedaqogikanın ümumi əsaslarına uyğun gəlir. Bu həmin elmin düzgünlüyünü, həyatiliyini, xəlqiliyini bir daha sübut edir. Xalq pedaqogikası akademik pedaqogika ilə əsas məsələlərdə, məqsədlərdə birləşir və o, elm qanunlarının obyektiv mahiyyətini bir daha sübut etmək üçün ən sanballı material verir.

  4. xalq pedaqogikası metadoloji cəhətdən xalq hikmətinə – xalq fəslsəfəsinə əsaslanır; bu fəlsəfə isə realist, demokratik səciyyə daşısa da, seyrçilikdən və utopizmdən azad edilir.

  5. Zəhmətkeş kütlələrin həyat tərzi, tərbiyə sahəsindəki təcrübəsi, adət və ənənələri, xüsusilə folklor materialları və sair – bütün bunlar hamısı xalq pedaqogikasının həm qiymətli mənbələri – məxəzləri, həm də vasitələridir.

  6. Əməkçi kütlələrin tərbiyəsi sahəsindəki təcrübəsi tarix boyu ən çox müşahidə, nümunə, müsahibə və sınaq yolları – vasitələri ilə əxz edilmiş, toplanmış, zənginləşdirilmiş və yayılmışdır. Xalq pedaqogikasında bu yolar, vasitələr öz rolunu indi də davam etdirir və akademik pedaqogikanın elmi-tədqiqat üsullarına çevrilir.


Ədəbiyyat:
1. Həşimov Ə.-Azərbaycan Xalq pedaqogikasının bəzi məsələləri. Bakı, Maarif-1970
2. Həşimov Ə.-Pedaqogika kursunun tədrisində xalq xidmətlərindən istifadə. Bakı, Maarif-1991
3. Həşimov Ə, Sadıqov F.-Azərbaycan xalq pedaqogikası. Bakı-1973
4. Həşimov Ə, Sadıqov F.- Azərbaycan xalq pedaqogikası antalogiyası. Bakı-1993
5. Bayramov Ə.S-Etnik psixologiya məsələləri. Bakı-1993
6. Əlizadə Ə.Ə-Müasir Azərbaycan məktəbinin psixoloji problomləri-Bakı. “Ozan” nəşr-1997


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə