Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə9/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

Qanunçuluq prinsipinə: a) konstitusiyanın başqa hüquqi aktlardan üstünlüyü; b) insan və vətəndaşın hüquq və azadlıqlarının prioritetliyi; v) yuxarı orqanın və vəzifəli şəxslərin qanunu qərarlarının məcburiliyi daxildir. Demokratizm prinsipinin mühüm təzahürlərinə a) qulluqçuların fəaliyyətinin vətəndaşların, cəmiyyətin, dövlətin maraqlarına tam və daimi uyğunluğu; b) dövlət qulluğuna vətəndaşların bərabər şərtlərlə girmək hüququ; v) dövlət qulluğunun həyata keçirməsində aşkarlıq; g) dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətlərinə bölgüsü daxildir.

Professionalizm prinsipinə şərti olaraq aşağıdakılar daxildir: a) İşçilərin səriştəliliyi; b) funksiyaların, əməliyyatların siste­matik, müntəzəm yerinə yetirməsi, qulluq münasibətlərinin sabitliyi; v) öz əməyinə görə müntəzəm məvacib alması; q) dövlət qulluğunun siyasi neytrallığı; d) dövlət qulluqçusunun loyallığı; e) vəzifə borclarının yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə, qərarların keyfiyyətsiz hazırlanması və qəbul edilməsinə məsuliyyət.

Sosial və hüquqi müdafiəsi prinsipinə: a) onların əməyinin nüfuzunun artırılması; b) ixtisasın, stajın artırılmasına uyğun əmək haqqının artırılması; v) normal əmək şəraitinin yaradılması; g) yüksək təqaüdə təminat verən dövlət sığortası; d) qulluq perspektivinin təmin edilməsi daxildir.

Başqa müəlliflər dövlət qulluğunun prinsiplərinin təsnifatını elmi məqsədlə ümumi (konstitusion), təşkilati (xüsusi), terminoloji (professional)1 və ya konstitusion, təşkilati və yardımçı2 növlərə ayırırlar. Dövlət qulluğunun prinsiplərinin əsasını konstitusion prinsiplər təşkil edir.

Təşkilati (xüsusi) prinsiplər dövlət aparatının və onun bölmələrinin yaradılması və funksiya göstərmə mexanizmini əks etdirən prinsiplər; professional (texnoloji) prinsiplər dövlət qulluğunun, qulluq fəaliyyətinin və məmurların davranışı mexanizmi və proseduraya aid prinsiplər; yardımçı prinsiplərin çox hissəsi müxtəlif normativ sənədlərdə göstərilir.

Azərbaycan Respublikası dövlət qulluğunun prinsipləri dövlət qulluğu haqqında qanunvericilikdə, konstitusiyada, qanunlarda, AR Prezidentinin fərmanlarında və Nazirlər Kabinetinin qərarlarında öz əksini tapır.

«Dövlət qulluğu haqqında» AR qanununda göstərilən prinsipləri dörd qrupa: 1) qanunçuluq; 2) demokratikləşmə; 3) nəzarət və məsuliyyət; 4) sosial hüquqi müdafiəyə bölmək olar. Qanunda göstərilən on bir prinsipdən dördü qanunçuluğa, dördü demokratizmə, ikisi nəzarət və məsuliyyətə, biri sosial-hüquqi müdafiəyə aiddir.

Qanunçuluq prinsiplərinə: icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi; yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxsləri tərəfindən yerinə yetirilməsinin məcburiliyi; bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması daxildir. Qanunçuluq prinsipi dövlət qulluqçuları vəzifə borclarını icra edərkən və onların hüquqlarının təminatında konstitusiyanın aliliyi, qanunların normativ hüquqi aktlardan, vəzifə təlimatlarında üstün olmasını şərtləndirir. Bu prinsipə görə dövlət qulluqçusu konstitusiya və qanunların tələblərinə sözsüz əməl etməlidir.

Demokratizm prinsiplərinə: dövlət qulluğuna girməyin şəffaflığı; vətəndaşların öz qabiliyyətinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi; irqindən, milliyyətindən, dinindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidə­sindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə daxil olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi; vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi daxil edilir. Burada insan və vətəndaş hüquq və azadlıqları ön plana keçir. Dövlət qulluqçuları öz fəaliyyətində bu müddəaları rəhbər tutur. Vətəndaşların qanunu tələblərini təmin etməklə hüquq və azadlıqlarının qanunvericilikdə müəyyən edildiyi kimi, tam həcmində yerinə yetirməyə və onların dövlət idarəetməsində fəal iştirakı üçün şərait yaratmağa borcludur.

Nəzarət və məsuliyyət prinsiplərinə: – dövlət orqan­la­rında və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi; qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluq­çusuna cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətinə görə dövlət orqanlarının cavabdehlik daşıması daxildir.

Sosial və hüquqi müdafiə prinsipinə: dövlət qulluq­çu­larının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi aiddir.

İnkişaf etmiş dövlətlərin dövlət qulluğu prinsiplərindən peşəkarlıq prinsipi prioritet yer tutur. Dövlət qulluqçularının peşəkarlığı və səriştəliliyi dövlət qulluğunun təşkili və funksiya göstərməsi üçün xüsusi əhəmiyyət daşıyır. Dövlət qulluğunun effektivliyi dövlət siyasətinin həyata keçirilməsini təmin edən inzibati hakimiyyətin daşıyıcısı olan dövlət qulluqçularının peşəkarlığı ilə ölçülür. Müasir dövlət qulluğu vətəndaşların peşəkar qulluq fəaliyyəti peşəkar əməyin müxtəlif növüdür. İnzibati vəzifələrinin tələblərinə qulluqçuların biliyinin, bacarı­ğının və səriştəsinə uyğun olmasının vacibliyi peşəkarlığın əhəmiyyətini daha da artırır. Peşəkarlıq prinsipi dövlət qulluğunun kadr korpusunun peşəkarlığının inkişafının təşkilatı şərtlərini: – müsabiqə yolu ilə qəbul, attestasiya, ixtisas imtahanlarının köməyi ilə peşəkar təhsil səviyyəsi artırılması və qulluq üzrə irəli kəçilmə və s. ilə realizə olunur. Dövlət qulluğunun prinsiplərinin hüquqi təminatı dövlət orqanlarının funksiya göstərməsinin, qulluqçuların fəaliyyətinin, dövlət-qulluq münasibətlərinin tənzimlənməsinin davamlılığını, dövlət qulluğu ilə əlaqədar qanunvericilik ənənələ­rinin möhkəmləndirilməsini şərtləndirir.

«Dövlət qulluqçularına etik davranış qaydaları haqqında» AR Qanunu (31 may 2007-ci il qəbulu ilə) dövlət qulluğu prinsipləri daha da zənginləşdirilmiş, möhkəmləndirilmiş, onların həyata keçirilməsi mexanizminin təsirliliyini artırmışdır. Qanunda davranış qaydalarına: vicdanlı davranış, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət, mədəni davranış, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz yolla əldə edilməsinə yol verilməməsi, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, əmlakdan və məlumatlardan düzgün istifadə və s. məsələlər daxildir.

Dövlət qulluqçularının qulluq-etik davranışı prinsiplərinin pozulmasına görə intizam məsuliyyəti, əgər hüquq pozuntusunda cinayət tərkibi əlamətləri aşkar edildikdə bu barədə müvafiq orqanlara məlumat verilməsi nəzərdə tutulur.

Fikrimizcə, dövlət qulluğu anlayışı «dövlət hakimiyyəti orqanlarında qanunvericiliklə təsis edilmiş inzibati vəzifəni tutan, dövlətin məqsəd və funksiyalarını həyata keçirən, əməyi dövlət büdcəsindən ödənilən vətəndaşların peşəkar fəaliyyətidir.

Dövlət qulluğu anlayışında keçmiş sovet respublikalarında iki yanaşma formalaşıb. Birinci yanaşmada əsas diqqət: dövlət qulluğu, dövlət orqanlarında təsis edilmiş dövlət vəzifəsinin icrası yolu ilə dövlətin məqsəd və funksiyalarının yerinə yetirilməsinə yönəldilir. İkinci – dövlət qulluğunun təyinatı dövlət orqanlarının, vəzifəli şəxslərin səlahiyyətlərinin icrasını təmin etmək olduğu vurğulanır. Bu yanaşmaya görə dövlət qulluğu dövlətin məqsəd və funksiyalarından ayrı təzahür kimi nəzərdə tutulur və dövlət orqanları çərçivəsində dövlət orqanı rəhbərinin iradəsini və maraqlarını təmin edir.

Birinci yanaşma əksər MDB respublikalarında, o cümlədən «Azərbaycan dövlət qulluğu» haqqında Qanunda təsbit edilmişdir. Bu baxışın müəlliflərindən biri Q.V.Atamançukdür. İkinci yanaşma Rusiya Federasiyasının «Dövlət qulluğunun haqqında qanunvericilik»də öz əksini tapmışdır. Bu yanaşmanı əksər rus alimləri qəbul edirlər.

Beləliklə, dövlət qulluğu institutu mürəkkəb fenomen olduğundan müəyyən aspektlərdə tədqiq edilməli, daim modernləşdirilməli, islahatlar aparılmalı və ardıcıllıqla öyrənilib təkmilləşdirilməlidir.



2.3. Dövlət qulluğunda rasional bürokratiya əlamətləri
Bürokratiya (fr. bureou – büro dəftərxana + krotos hakimiyyət, hərfi mənası dəftərxana hakimliyi) feodal mütləqiyyəti və kapitalist dövlətlərində ali məmur təbəqəsini ifadə edir. Vladimir Dalin izahi lüğətində büro sözünü: yazı işləri üçün siyirtməli şkaf; hərəkət edən üst taxtası və yeşikləri olan ayaqlar üzərində şkaf; bürokratiya isə məmurluğun hakimlik etdiyi idarə; rütbə asılılığı; çox yazı işləri olmadan qulluqçu şəxsin ali şəxsdən asılılığı; çoxrəhbərlik və çox yazışma.

Dövlət qulluğunun sinonimi kimi inkişaf etmiş kapitalist ölkələrdə bürokratiya və ya bürokratik qulluq anlayışı istifadə olunur. V.Leninin dövlət hakimiyyətinin ilk günlərindən yazırdı: «Dövlət maşını kapitalist dövlətlərinin əksəriyyətində (hazırda, 1917-ci ildə demək olar ki, hamısında) bürokratik maşındır»1. I Pyotrun imperatorluğu dövründə adətlərə – təbii proseslərə əsaslanan orta əsrlər idarəetmə sistemi yeni yaranmış bürokratik maşınla əvəz olunur. Bürokratiya – dövlət strukturunun zəruri elementi olur. Rusiya şəraitində heç kimin tərəfindən məhdudlaşdırılmayan monarxın iradəsi hüququn yeganə mənbəyi idi. Məmur öz rəisindən başqa heç kəs qarşısında hesabat vermirdi. Bürokratik maşın yaratmaq özünəməxsus bürokratik inqilab idi. Bunun tətbiqi nəticəsində daimi işləyən bürokratik mühərrik işə düşür. Hakimiyyətdə kimin – ağıllı və ağılsız, işgüzar və ya fəaliyyətsiz olub-olmamasından asılı olmayaraq bürokratiyanın mövqeyi möhkəmlənir. Bürokratik prinsiplər bürokratik kastanın birləşməsinə səbəb olmuşdur.2

Bürokratiya – tarixi təzahürdür. Onun təşəkkülü dövlətin və cəmiyyətin siyasi təşkilatının yaranması ilə əlaqədardır. Təsadüfi deyil ki, bürokratiya sosial, siyasi və hüquq elmləri üzrə klassik əsərlərdə təhlil obyektinə çevrilmişdir.

Hegel «Hüquq fəlsəfəsi» əsərində ümumi maraqların iyerarxik qurulmuş bürokratik strukturlara uyğun dövlət məmurları tərəfindən realizə olunduğunu göstərir. Bürokratiya hakimiyyət orqanlarında vəzifələrdən və müvafiq prosedur­lardan kənar mövcud olmur. Hegel dövlət bürokratiyasını, onun mahiyyətini, strukturunu, funksiyalarını hərtərəfli təhlil edir, dövlət idrakının cəmləşdiyi cəmiyyətin əsas hakimlik edən tərkib hissəsi kimi baxır. O, məmurluğun ümumi maraqlar hüdudundan çıxmasına təminat verən üç faktora ayırır: a) hakimiyyət sisteminin iyerarxikliyi; b) ayrı-ayrı sosial qrupların maraqlarını həyata keçirən və müdafiə edən müstəqil korporativ və yerli qurumların müstəqilliyi; v) bürokratik təhrifə barışmazlıq, ədalət və fədakarlıq ruhunda qulluqçuların xüsusi peşə hazırlığı.1

Hüquqi ədəbiyyatda bürokratiyanın imperiya (Asiya modeli), rasional bürokratiya (Veber-Vilson konsepsiyası), Marks tipləri olduğu göstərilir2.

İmperiya tipi Asiya imperiyasının klassik forması Çin bürokratiyasında tətbiq olunduğundan «Çin», «Asiya» və ya «Şərq» modeli adlandırılır. Bu modelə görə bürokratiyanın vəzifəsi imperator maraqlarına qulluq etməklə, onun haki­miyyətinin səmərəliliyini təminat etməkdir. Çin bürokratiyasının formalaşmasında Konfusi təliminin böyük təsiri olmuşdur. Konfusinin (b.e.ə. 551-479) təlimi qədim Çin cəmiyyətinin inkişafının mürəkkəb və dəyişiklik dövründə meydana gəlmişdir. Konfusilik və Leqislər bürokratik dövlət idarəetməsi sisteminin yaradılmasının ideoloqları idilər. Onlar iki müxtəlif inkişaf ənənəsini təmsil etməklə birinci mülayim mühafizəkar olduğu halda, digəri radikal, despotik idi. Konfisiçilikdə patriarxal-qəbilə cəmiyyətinin etik və mədəni ənənələrini, ən əsas sosial nəzarətin əxlaqi-etik metodlarına istinad edilir. Leqislər isə Konfisiçilik məktəbinə alternativ olmaqla Çinin birləşməsi və mərkəz­ləşməsində qanunvericilik, idarəetmə yolu və metodları ilə kiçik dövlətlərin arasında mübarizəni ləğv etmək və daxili quruluşu möhkəmlətmək tərəfdarı idilər. Leqislər «küt və avam xalq – böyük gücdür», «Zəif xalq – güclü dövlət» prinsiplərinə əsaslanan mərkəzləşdirilmiş dövlət yaratmaq və gücləndirmək istəyirdilər. Onlar inzibati təlim və qanunlar sisteminin köməyi ilə dövlətin cəza vermək funksiyasını tətbiq etməyi irəli sürürdülər1.

Konfusi təlimində əks olunan normativ etika (məşhur «Çin mərasimi» kultu; qədim əcdadlara pərəstiş etmək; böyüklərə hörmət, ailə tellərini möhkəmlətmək), qədim müdriklərə pərəstiş, əbədi abidələrə, kanonlara hörmət, bürokratik administrasiya sistemində təcəssüm olunan sosial ədalət ideyası; ali dövlət vəzifələri tutmaq hüququ verən yaxşı düşünülmüş müsabiqə imtahanları ilə möhkəmlənmiş meritokratik prinsipi, sosial etik və mənəvi dəyərlərə hörmət və b. ideyalar Çində iki min ildən artıq müddətdir ki, ictimai şüurun müəyyən edilməsində fəlsəfi və etik əsas olmuşdur2.

Çin bürokratik modelində tətbiq olunan vəzifə tutmaq üçün namizədlərin qabiliyyətinin yoxlanmasına imkan verən imtahan sistemi tarixi şəraitin dəyişməsindən asılı olmayaraq sistemin sabitliyini, möhkəmliyini təmin edirdi. Bunun nəticəsidir ki, uzun müddətdə XX əsrə qədər Çində hakimiyyət və idarəetmə sistemi dəyişilməz olaraq qalmışdır. Bu sabitliyin əsas sirlərindən biri də məmurluq sisteminin funksiya göstərməsində məmurun müstəqil düşünmək imkanının olmaması idi. Bu isə bürokratiyanın avtomatlaşması prinsipinə dəqiq əməl olunmasına xidmət edirdi. Burada məmurların bürokratik hakimiyyət strukturuna, bürokratik elita maraqlarına yox, yalnız imperator maraqlarına xidmət edirdilər. Bu bürokratik mexanizm aşağıdakılarla xarakterizə olunurdu:

1) məmurlarla bir-birini əvəz etməsinə imkanları verən məhdud ixtisaslaşmanın olmaması; 2) eyni məqsəd daşıyan vəzifəyə həddən artıq namizədlərin olması; 3) qulluq karyerasının perspektivinin məhdudluğu, məmurların çox halda bir vəzifədə uzun müddət, bəzi halda bütün qulluq müddətində qalması; 4) bütün məmurların imperatordan şəxsi asılılığı; 5) baş verə biləcək koalisiyanın qarşısını almaq üçün məmurlar arasında qeyri-formal əlaqələrə imkan verilməməsi. Çin bürokratiyasının əxlaq kodeksində bu cür tədbirlərə: şəxsi dostluq, bir ailə klanına məxsus adamların bir əyalətdə işləməsinə, işlədiyi yerdə yerli qadınlarla ailə qurmağa qadağa qoyulması daxil idi; 6) məmurun maliyyə asılılığı imperator məvacibindən yox, əhalidən yığılan vergi hesabından ödənilməsi. Bu isə məmuru qanunları pozmasına görə həmişə qorxu altında olan şəxsə çevrilməsini şərtləndirirdi; 7) məmurların işdən azad olunmamasına, vəzifəsinin aşağı salınmamasına və yerdəyişməməsinə təminatının olmaması. Bütün qanunlar elə formalaşdırılır ki, məmur sadəcə onu pozmağa məcbur idi, odur ki, həmişə ifşa olunmaq, ya cəzalanmaq qorxusu altında olurdu. Bu hal isə onu ali hakimiyyətdən asılı və müdafiəsiz edirdi (Çin məmurluğunu «Veber» bürokratiyasından fərqləndirən əsaslardan biridir); 8) hakimiyyət üçün potensial təhlükəli olan ali və orta bürokratiyanın fəaliyyətinə şaxələnmiş məxfi polis (senzorlar) vasitəsilə xüsusi nəzarətin olması, imperatorun, bürokra­tiyanın aşağı eşalonu ilə birbaşa təmasda olması təcrübəsi; bütün vəzifələrə təyinat sistemində imperatorun özünün iştirakı1.



Ümumilikdə Çin bürokratik sistemi aşağıdakı kimi xarakterizə olunur: 1) aparat sistematik yeniləşdirilir; 2) bütün məmurlar üçün bərabər imkanlar verilir; 3) hakim sinfin özünün daxilində dəqiq dərəcələrə bölməklə aparılır; 4) məmurların təfəkkürünün unifikasiyası; 5) senzor nəzarəti; 6) məmurun ciddi şəxsi məsuliyyəti1. Göründüyü kimi bu sistem həmişə qapalı saxlanılır. Bu bir daha onu göstərir ki, bürokratiyanın nəzarətdən kənarda qalarsa nə qədər təhlükəli ola bilər. Qeyd etmək lazımdır ki, Çin bürokratik modeli bəzi dünya ölkələrinə transformasiya olunmuş, Çində mövcud anlayışlar sinonim kimi başqa adlarla müxtəlif ölkələrə yayılmışdır. Məsələn, xanlıq çarlıqla, sultanlıqla və dövlətlə; silahdaş nazirlə; vəzir konsula, strateq baş nazirlə, nəzarətçi və müşayiətçi qulluqçu və ya məmurla əvəz edilmişdir.

Rusiyaya «İmperiya» modeli Qızıl Orda vasitəsilə gəlmişdir.


I Pyotrun islahatları ilə ona Avropa mütləqiy­yətindən götürülmüş elementlər, yəni «yarımimperiya» variantı əlavə edilib. XIX əsrin ikinci yarısında II Aleksandrın islahatları dövründə rasional bürokratiya elementləri inkişaf etməyə başlayır. 1917-ci ildən sonra bürokrativa, Stalin tərəfindən başqa adla, başqa qiyafədə «partiya nomenklaturası» kimi inkişaf etdirilir.

M.Veberin rasional bürokratiya modeli. Dövlət qulluq­çularına – məmurlara pul ödənişinin köməyi ilə dövlət hakimiyyətinin həyata keçirmək üsulu kimi bürokratiya ideyasını XVIII əsrin ortalarında ilk olaraq Fransa iqtisadçısı Vinseita Quriye irəli sürmüşdür. O vaxtdan başlayaraq V.Quriyenin bu baxışları Almaniyada böyük maraqla qarşılanmış və bürokratiyaya pozitiv aspektdə baxılmağa başlanılmışdır. Kapitalizmin inkişaf dövründə qərb sosiologi­yasında bürokratiyaya pozitiv aspektdə baxış alman iqtisadçısı və sosioloqu M.Veberin, alman-italyan mənşəli sosioloq K.Mixelsin adı ilə bağlıdır. Bu aspektdə Veberin rasional bürokratiya konsepsiyası klassikliyi ilə seçilir. Veberin fikrincə bürokratiyanın yaranması insan sivilizasiyasının inkişafında, həmçinin feodalizmdən kapitalizmə keçiddə mühüm mərhələdir.

Orta əsrlərdə feodal pərakəndəliyi, patriarxal admi­nistrasiyası dövründə sıravi insanların qaldırdığı məsələlərin rüşvətsiz və əlaqəsiz ədalətli həllinin mümkünsüzlüyü, işlərə baxılmasına müddət qoyulmaması, qeyri-müəyyənlik və özbaşınalıq, obyektiv şərtlərlə yox, insanın cəmiyyətdə statusu, var-dövləti, çevikliyi, lazımi adamların rəğbətini qazanmaqla ləngitmə olmadan hətta belə qanunsuz işləri aşırmaq əsas prinsiplər kimi formalaşmışdı.

Maks Veber Q.Hegelin tədqiqatlarına əsaslanaraq bürok­ratiyanın müasir nəzəriyyəsinin nüfuzlu sahələrindən birinin – rasional bürokratiyanın əsasını qoymuş və bürokratiyanın cəmiyyətdə sosial-siyasi rolunu göstərmişdir. O hesab edirdi ki, rasional qurulmuş dövlət bürokratik maşını sənaye cəmiyyətinin müvəffəqiyyətli və dinamik inkişafının əsas şərtidir. O inanırdı ki, yaxşı bürokrtiya – əsl demokratiyanın əsası, siyasi liderlərin və dövlət xadimlərinin müvəffəqiyyətinin rəhnidir.

Kapitalizm dövründə cari işlərin baxılmasında qanun­çuluğa və qaydalara uyğun aparılan, sui-istifadə hallarının qarşısını alan M.Veberin bürokratiyanın rasional tipi aşağıdakılarla səciyyələnir.

1) qulluqçuların müstəqilliyi və tabeçiliyi yalnız rəsmi vəzifələrə görə aparılır; 2) vəzifələrin dəqiq müəyyən edildiyi iyerarxiyanın mövcudluğu; 3) vəzifə funksiyalarının aydın müəyyənləşməsi; 4) müqavilə yolu ilə vəzifənin tutulması; 5) vəzifəyə namizədlərin ixtisasına uyğun diplom təqdim etməklə təyin olunması; 6) məvacibin pul formasında verilməsi və təqaüd hüquqlarının olması, əmək haqqının məbləğinin iyerarxiyadakı yerinə uyğun verilməsi və istənilən vaxt işdən azad olmasının mümkünlüyü; 7) məmurların yeganə və əsas işinin vəzifələrin icrası olması; 8) karyera üzrə irəliləyiş yuxarı instansiyanın qərarından, onun staj və xidmətindən asılılığı; 9) məmurun vəzifəni mənimsəsinin mümkünsüzlüyü; 10) vəzifəli şəxsin intizama ciddi əməl etməsi və vəzifəsinin icrası zamanı ona nəzarət olunması1.

Veber konsepsiyasına görə: 1) bürokratiyanın hər bir səviyyəsinin səlahiyyətləri dəqiq reqlamentləşdirilir – normativ müəyyən edilir: 2) bürokratiya sərt müəyyən edilmiş vəzifə subordinasiyasına əsaslanmış iyerarxik strukturdur: 3) təşkilat daxili fəaliyyətin bütün formaları (məlumatın yığılması, qərarların qəbulu, əmr və direktivlərin hazırlanması və s.) yazılı sənədləşdirmə formasından həyata keçirilir və mühafizə olunur; 4) bütün vəzifəli şəxslər administrasiya sahəsində yaxşı mütəxəssis olmalıdır, yəni öz peşə vəzifələri sahəsində ixtisası olmaqla yanaşı bütün bürokratik təşkilatın fəaliyyətinin normaları, qaydaları və proseduru bilməlidir; 5) nəzarət hüquqları dəqiq müəyyən­ləşdirilir; administrasiya istehsalat vasitələri üzərində mülkiyyət hüququna yol verilmir, vəzifəli şəxs vəzifəni mənimsəyə bilməz2.

M.Veberin inamına görə rasional bürokratiya:

1) sosial orqanizmin sabit və dinamik inkişafını təmin edir, dövlət sisteminin əsası və əsəb sistemidir;

2) dövlət qulluğuna seçimdə demokratizmi və sosial bərabərliyi möhkəmlədir, peşəkar və daha hazırlıqlı insanlar arasından «universal cəlb edilmə» maraqlarında insanların arasında nivelirləməni təmin edir;

3) dəqiqliklə və sürətlə hər hansı təsirə cavab verilməsi qulluq münasibətlərinin aydınlıq və subordinasiyalıqla xarakterizə olunur;

4) qənaətliyi ilə fərqlənir;

5) müqavilə ilə professional səriştəliliyin, diletantlıq və siyasi dəvət olunmuşların obyektivliyin subyektivlik üzərində üstünlüyünü təmin edir;

6) təhsil və mədəniyyətin nüfuzun qaldırır, diplom və elit təhsil müəssisələrinə böyük tələbat yaradır, keyfiyyətlə və effektiv əməyin nüfuzu yüksəlir, plütokratizm ənənəsi aradan qaldırılır;

7) elm, qanun və vəzifə borcları əsasında məsuliyyətlə qulluq etmək prinsipini təsdiq edir. Odur ki, bürokratiya üçün məvacibin, imtiyazın, iş yerinin nüfuzunun müvafiq olaraq artırılması ilə karyer-vəzifə irəliləyişməsi məntiqi qurulmuş sistemi xarakterikdir.1

1887-ci ildə Amerikanın hüquq professoru, gələcək prezidenti V.Vilsonun «Administrasiyanı öyrənmə adlı klassik nəzəriyyəsinə əsasən hər bir idarəetmə sistemində səmərəliliyinin və artırılmasının zəruri şərtləri kimi: vahid idarəetmə mərkəzinin və bütün hökumətlərin oxşar strukturda olması; idarəetmənin siyasətdən ayrılması; qulluqçuların peşəkarlığı; maliyyə və inzibati səmərəlilik şərtləri kimi təşkilati iyerarxiyanın mövcud­luğu; insan sivilizasiyası və xoşbəxtliyi üçün modernləşmənin olması. Göründüyü kimi Veber və Vilsonun konsepsiyaları oxşardır. Bu konsep­siyalarda üç əsas ideoloji müddəa ayırır: l) bürokratiya siyasətə qoşulmadan hər bir siyasi «rəhbərə» eyni səmərə ilə qulluq edir; 2) mümkün təşkilati formalarının ən yaxşısıdır; 3) onun mühüm üstünlüyü qəbul olunacaq qərarda subyektiv-insan təsirinin, belə olmamasıdır2.

Bürokratik təşkilatda qulluq professional ixtisası və dövlət qulluğunda stajına uyğun işçilərin ixtisaslaşmasını əsaslan­dırmaqla M.Veber seçilmə yolu ilə vəzifə tutan məmurları «bürokratiyaya» daxil etmir.

Bütün bunlarla yanaşı o yaxşı başa düşürdü ki, heç bir normativ akt, heç bir rasionallıq qulluqçuları karyerizmdən, korrupsiyadan, dövlət qulluğunu deqradasiyadan qoruya bilməz. Hətta ən savadlı, professional hazırlıqlı və vicdanlı insana zəiflik, irrasional əmələ meyillik yad deyil. İdarəetmə sisteminin mürəkkəbləşdiyi, daha çox reqlamentləşdiyi və sənədləşmənin artdığı şəraitində təbii olaraq insan hakimiy­yətdən istifadə etməyə səy göstərir.

M.Veberin rasional bürokratiyanın konsepsiyası kapitalist ölkələrində, xüsusən ABŞ-da geniş yayılmışdır. 1946-cı ildə M.Veberin bürokratiya nəzəriyyəsindən bəhs edən kitabı ingilis dilinə tərcümə olunur. Hazırda xarici ölkələrdə bürokratiya problemləri müxtəlif elmi sahələrinin, o cümlədən hüquq nəzəriyyəsinin mərkəzi bölmələrindən biridir. Qərbdə uzun müddətdir ki, bu istiqamətdə geniş spektrdə müstəqil elm kimi inkişaf edir, kitablar yazılır, tədqiqatlar aparılır, sərbəst fənn kimi tədris edilir.

1952-ci ildə K.Martonun redaksiyası ilə qərb sosioloqları və politoloqlarının bürokratiya problemlərinə aid tədqiqat işləri «Bürokratiyanın sosiologiyası üzrə xrestomatiya» kitabında çap olunmuşdur. Amerika sosiologiyasının struktur-funksional istiqa­mətin əsasını qoymuş K.Mertonun bu kitabı 8 fəsildən ibarətdir. Onlar: 1) bürokratiyanın nəzəri konsep­siyası; 2) bürokratiyanın inkişafına səbəb olan əsas əlamətlər; 3) bürokratiya və hakimiyyət münasibətləri; 4) bürokratiyanın strukturu; 5) qulluğa cəlb edilmə və artırılma; 6) bürokrat; 7) bürokratiyanın tədqiqi üçün metodlar1.

Xrestomatiya kitabında K.Bendiksin «Bürokratiya və hakimiyyət problemi» məqaləsində hökumət funksiyalarının genişlənməsinin şəxsi azadlıqların boğulmasına səbəb olduğu göstərilir. O, M.Veberin ideal tip bürokratiyasında hakimiyyət və bürokratiyanın üç aspektini ayrılır. 1. Müasir dövlətdə bürokra­tiyanın «avtomatik sistemlə» işləmək ənənəsi yaranır, çünki o vəzifələri peşəyə çevirir, hissiyyat və düşüncədən asılı olmadan məmurların aparatına çevrilir; 2. Siyasi hakimiyyət yuxarıdan müəyyən edilir və bürokratik aparata buraxılır və siyasi qərarlar bürokratik nərdivanın hər pilləsində müvafiq qaydada yerinə yetirilir: 3. İnzibati hakimiyyət bürokratiyanın yurisdiksiyasından kənarda olduğundan hakimiyyətdən istifadə etmək mümkün olmur.1

«Dövlət qulluğu haqqında» normativ aktların təhlili göstərir ki, dövlət qulluğu çox meyarlara görə ideal bürokratiyada modelindən o qədər də fərqlənmir. Odur ki, müasir cəmiyyətdə dövlət idarəetməsi və dövlət qulluğu bürokratik prinsiplər üzərində qurulur. Bürokratiya problem­ləri üzrə görkəmlı mütəxəssis A.Obolonskiy M.Veber və Vilsonun rasional bürokratik konsepsiyasını qəbul etməklə göstərir ki, müasir dövlətin inkişafını bürokratik sistem olmadan təsəvvür etmək mümkün deyildir.2 Hüquqi ədəbiyyatda rasional bürokratiyanı ədalətli olaraq siviliza­siyanın sosial kəşflərindən ən mühümlərinə aid edirlər. Bununla belə bizim ölkədə heç bir dövlət institutu bürokratiya qədər daimi, sərt və ədalətsiz tənqidə məruz qalmamışdır. Bu paradoksal vəziyyətin sosial, siyasi və psixoloji səbəbləri daha çox predmetin mahiyyətini bilməməkdən və başa düşmə­məkdən yaranır.

1   ...   5   6   7   8   9   10   11   12   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə