Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə7/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   32

II FƏSİL
DÖVLƏT QULLUĞU

SOSİAL-HÜQUQİ İNSTİTUT KİMİ

2.1. Dövlət qulluğu institutunun mahiyyəti və strukturu
İnstitut (lat. institutum - idarə, təşkilat) 1) hüquqda - hüquq institutu hər hansı həmcins, xüsusiləşmiş ictimai münasibətləri tənzimləyən hüquqi normaların məcmusu, 2) sosiologiyada - sosial institutu - cəmiyyət həyatının iqtisadi, siyasi, hüquqi, mənəvi normaları və həmçinin insanların həyat fəaliyyətinin, onların davranışının sosial qaydalarında təmsil olunan ictimai fəaliyyət və sosial münasibətlər kimi baxılır.1

Hüquq nəzəriyyəsində institut anlayışına müvafiq sahənin tənzimlənməsinin zəruri məqamlarını tam əhatə edən, öz аrаlаrında müstəqil xüsusi qrup keyfiyyətində əlaqələnən, hər hansı həmcins ictimai münasibətləri tənzimləyən hüquqi normaların məcmusu kimi baxılır.2 İnstitut termininə sosioloqlar müxtəlif mənalarda: 1) sosial funksiyanı yerinə yetirən şəxslərin müəyyən qrupu; 2) ictimai tələbləri təmin edən təşkilat; 3) insan həyatı üçün xüsusi mühüm olan sosial rol kimi baxılır.3 Hər bir hüquq təzahürlərin əsasında ilkin reallıq kimi hüquqi normalar oturur. Hüquqi münasibətlər və institutular insan tərəfindən yaradılan real həyat normalarının nəticəsidir.

Beləliklə, hüquq institutu hər hansı bir hüquq sahəsi daxilində ayrılmış hüquq normaları qrupu olub, burada nizamlanan həmcins ictimai münasibətlər növü ümumi əlamətlərinə görə birləşdirilir. Onu təşkil edən hüquq normalarının vəhdəti həmin hüquq sahəsinin əhatə etdiyi ictimai münasibətlərə xas olan xüsu­siy­yət­lərlə deyil, yalnız onların bir növünə aid xüsusiyyətlərlə müəyyən edilir və bu ictimai münasibətləri müstəqil surətdə nizamlayır.1

Dövlət qulluğu institutu ilkin, ayrı-ayrı əsas hüquqi vəziy­yətlərin - dövlət-qulluq münasibətlərin xarakter və mənasına görə çoxluğunu və müxtəlifliyini müəyyən edən hüquq normalarından təşkil olunur.

Atamançuk Q.V. ictimai institutları, o cümlədən dövlət institu­tunu səciyyələndirən aşağıdakı əlamətləri göstərir: a) onlar konkret insanlar və ya institutlar (onlarda fəaliyyət göstərən insanlar vasitəsilə) tərəfindən yaradılır, onlardan törənir və abstrakt xarakter kəsb edir, öz-özündə dəyərlərə malik olur;

b) onlar başqa insanlara istiqamətlənir və öz həyat fəaliyyətinin aktuallığı şəraitlərində onların tələb və maraqlarını ödəyə bilən və onlar üçün istehlak dəyərləri kimi çıxış edir;

c) birlikdə onlar müəyyən ictimai münasibətlər sistemini formalaşdırır, müdafiə edir və təminat verirlər;

ç) özünün praktiki həyata keçməyində onlarda funksiya göstərmələrini təmin edən və ya ona ehtiyacı olan insanların fəaliyyətini (aktiv səylərini) tələb edir;

d) onlarda başqa insanlara təsirdə böyük potensialın olması, onların şüuruna və davranışına, fəaliyyətlərinin təşkili və tənzimlənməsinin qanunauyğunluğu. Dövlət qulluğu institutu dövlət və onun aparatının mahiyyətində özünü göstərən və təcrübədə realizəsi vasitəsilə təşkilatı və hüququ tənzimlənən müəyyən münasibətlər sistemidir.2

Manoxin V.M. dövlət qulluğu institutuna «dövlət qullu­ğunun təşkili prosesində və dövlət qulluqçusunun üzərinə qoyulmuş məsələləri həll edən zaman yaranan münasibətləri tənzimləyən hüquqi normaların məcmusu kimi baxır. O, bu institutun tənzimlədiyi ictimai münasibətləri xarakterizə edərək iki qrupa bölür: birinciyə dövlət qulluğunun təşkili gedişində yaranan münasibətlər daxildir. Bura a) dövlət qulluğunda hər bir vəzifəyə hüquqi status müəyyən edilərkən yaranan münasibətlər, b) dövlət qulluğunda vəzifələrin tutulması üsulları müəyyən edilərkən və dövlət qulluğuna girməyin müxtəlif şərtləri və qaydaları təyin edilərkən yaranan münasibətlər; c) dövlət qulluğunun hazırlığı, seçilib yerləş­dirilməsi və bu və ya başqa vəzifələrə işçilərin təyin olunması ilə əlaqədar yaranan münasibətlər; İkinciyə dövlət qulluğunu praktiki həyata keçirmək prosesində yaranan münasi­bətlər aid edilir. Bura a) dövlət qulluqçusunun vəzifə tutduğu dövlət təşkilatı daxilində fəaliyyəti prosesində yaranan münasi­bətlər; b) dövlət qulluqçusunun vəzifə tutduğu təşkilatdan kənar fəaliyyəti prosesində yaranan münasibətlər daxildir»;1

Son illərdə inzibati hüquq və dövlət qulluğu dərsliklərində inzibati hüquq sistemi haqqında məsələyə baxılarkən dövlət qulluğu institutuna ayrıca və sərbəst bir institut kimi baxılır və bu institutun əhəmiyyəti qeyd edilir.2

Müasir dövlət qulluğu hüquqi institutu «dövlət qulluğu sisteminin təşkili, dövlət qulluqçularının statusunun, təmi­natının və onun həyata keçmə prosedurası və dövlət qulluğunu keçmə prosesində yaranan münasibətlərin hüquqi normalar sistemi»3, və ya «cəmiyyətin əsas tələblərini təmin etmək üçün insan fəaliyyətlərini istiqamətləndirən və nəzarət edən əlaqələrin təşkilatlanma sistemini ifadə edən dəyərli-normativ kompleks»4 kimi başa düşülür.

Beləliklə dövlət qulluq sistemində üç böyük sahə hüquqi tənzimlənir: birinci - dövlət qulluğu sisteminin formalaşması (dövlət vəzifələri, onların növləri, dövlət vəzifələri və qulluq­çularının reyestrinin yaradılması). İkinci - dövlət qulluq­çusunun statusunun və onun həyata keçirilməsinin təminatı; üçüncü - dövlət qulluğu keçmə mexanizmi (burada dövlət qulluğu institutunun strukturuna daxil olan müxtəlif yarıminstitutlarda işləyən çoxlu prosessual normalar ola bilər).

Dövlət qulluğu institutu dövlət-qulluq hüquq münasibət­lərinin formalaşmasını, dövlət adından onun funksiyalarını həyata keçirən qulluqçuların tutduqları dövlət vəzifələrini; qulluğun prinsiplərini; dövlət qulluqçusunun hüquqi statu­sunu; qulluq keçmə; dövlət qulluq münasibətlərinin ləğvini müəyyən edən hüquqi normaları özündə birləşdirir.

Azərbaycan Respublikasında dövlət qulluğu institutunun yaranmasının məntiqi başlanğıcı «Dövlət qulluğu haqqında» AR qanununun qəbul olunması ilə əlaqəlidir.

Bu institutunun əsas elementləri bu Qanunda, ona edilmiş əlavə və dəyişikliklərdə və digər normativ aktlarda öz əksini tapmışdır. Dövlət qulluğu haqqında AR qanununda aşağıdakı yarıminstitutlar müəyyən edilmişdir: dövlət qulluğu vəzifələri; dövlət qulluğu vəzifələrinin təsnifatı; inzibati vəzifələrin təsnifatı; dövlət qulluqçusu anlayışı və onun əsas hüquqi vəziyyəti; dövlət qulluğu keçmə.

Ümumi sosial-hüquqi institut keyfiyyətində dövlət qullu­ğunun yaranması dövlət və cəmiyyət həyatının institutlaş­masının üsullarından biri olmaqla, öz növbəsində normal və davamlı iqtisadi inkişafın şərtləri kimi çıxış edir.

İnstitutlaşdırma ümumi hüquqi münasibətlərin nizamlan­ması prosesi, müvafiq normaların, statusların və rolların müəyyən edilməsi və təsbit olunması, qaydaların və sabitliyin möhkəmlən­dirilməsində onların cəmiyyətin tələblərini təmin edən sistemə gətirilməsidir. Dövlət qulluğunun institutlaşması prosesi bir neçə mərhələdən keçir: birinci mərhələdə dövlət funksiyalarını həyata keçirməyə qadir peşəkar dövlət aparatına ictimai tələbat yaranır; ikinci mərhələ dövlət qulluğunun institutlaşması prosesi müvafiq norma və dəyərlərin inteqrasiyası və məmurların davranış kodeksinin qəbul edilməsini nəzərdə tutur; üçüncüdə – bu qulluğu tam əhatə edən status – rolu sükan strukturunun yaranmasının təşkilati rəsmiləşdirilməsi nəzərdə tutulur.1

Dövlət qulluğu institutu mürəkkəb, kompleks və çoxşaxəli sosial-təşkilatı, hüquqi institut olub, möhkəm hüquqi, iqtisadi, sosial və təşkilatı kökləri, əsasları və təməli var.



Sosial institut kimi dövlət qulluğunda cəmiyyətin müəyyən elementləri var. Onun əsas əlamətləri: 1) formal təşkilatın olması; 2) ictimai münasibətləri tənzimləyən üsulların məcmusu; 3) ixtisas­laşmış idarələrin olması; 4) ictimai münasibətləri tənzim­ləyən normalar sisteminin olması. Normalar həm rəsmi, həm də qeyri-rəsmi, yəni adətlər, ənənələr və s. ola bilər; 5) insanlara müəyyən rol verilməsi.

Sosial institutun anlayışı sosioloqların fikrincə insan fəaliyyətinin müxtəlif formalarını tənzimləyən qaydalar, prin­siplər, normaların məcmusudur. Sosial institut dövlət qulluğunda olan şəxslərin birgə fəaliyyətinin möhkəm təşkilatı formasıdır. Sosial institut kimi dövlət qulluğuna mövcudluğu obyektiv tələbatlarla şərtləndirilir; 1) cəmiyyətin idarə­olunmasında rasional təşkilata tələbat; 2) cəmiyyətin idarəolunmasını həyata keçirmək üçün dövlət hakimiyyət funksiyalarının realizəsinə və təmin edilməsinə tələbat; 3) ümumdövlət və özəl sektor arasında maraqları ödəmək üçün balans yaratmağa tələbat.



Təşkilatı institut kimi dövlət qulluğu müəyyən təşkilat tələb edir. Təşkilat üç mənada istifadə olunur: 1) daxili nizamlıq, qarşılıqlı təsirdə ahənglik; 2) tamın hissələri arasında qarşılıqlı əlaqələrin yaranmasına və təkmilləşməsinə aparan proses və hərəkətlərin məcmusu kimi; 3) müəyyən prosedur və qaydalar əsasında fəaliyyət göstərən bəzi proqram və ya məqsədlərin birlikdə realizə edən insanların birliyi kimi.

Təşkilatı institut qismində dövlət qulluğu aşağıdakı kimi özünü göstərir: 1) koordinasiya fəaliyyəti və xüsusi hazırlıq tələb edən dövlət maraqlarına çatmağa yönəlmiş idarəetmə funksiya­ların yerinə yetirən ayrıca ixtisaslaşmış şəxslərin qrupu; 2) dövlət qulluqçularının birgə fəaliyyətinin nizama salınması, tənzimlən­məsi və koordinasiyası, təşkilatı norma­larının, üsulla­rının, prose­dur­larının, qaydalarının, standart­larının və ənənələrinin məcmusu; dövlət qulluğunun məqsədinə çatmaq üçün onun komponentlərinə qarşılıqlı təsirin verilməsi; 3) dövlət qulluğunun məqsədlərinin realizəsi naminə dövlət qulluqçularının fəaliyyə­tinin birləş­dirilməsi və reqla­mentləşməsi vasitəsi.1

Dövlət qulluğunun təşkili aspektlərinə:

1) dövlət qulluğunun qaydaya salınması. Bu aspektdə vəzifələrin təsnifatı, müasir dövlət qulluğunun normativ-hüquqi bazasının yaradılması, karyeri prinsipi üzrə irəli kəçilmə qaydalarının, kadrların peşəkarlığının yüksəldilməsi prosesinin normalaşdırılmasının müəyyən edilməsi başa düşülür;

2) dövlət qulluğunu təşkil edən hissələrin birgə qarşılıqlı təsiri. Bu qulluqçuların əmək bölgüsündə, vəzifələrin və biliyin dərəcələrə bölünməsi, qulluqçuların fəaliyyətinin koordina­siyası və ona nəzarət, idarəetmə - informasiya mübadiləsi, rəhbər və tabeçilikdə olanlar, dövlət qulluqçuları və siyasətçilər arasında münasibətlərin normalaşdırılması yolu ilə əldə edilir;

3) dövlət qulluğu məqsədlərinə çatmaq üçün onun yönüm­lülüyü. Bu xarakterik əlamətlər dövlət qulluğunun tənzimlənməsi çərçivəsini, dövlət hakimiyyət orqanlarının fəaliyyətini təmin edən qulluqçuların təşkilatı statusunun artırılması, vəzifə səlahiy­yət­lərinin, dövlət qulluğuna qəbul, qulluqçulara qoyulan tələblər, onların işinin effektivlik meyarlarının müəyyən edilməsi, fəaliyyətinə nəzarət təmin olunur. Dövlət qulluğu təşkilati institut kimi: 1) dövlət qulluğu üçün kadrların seçilməsi; 2) qulluqçuların peşəkarlığın artırıl­ması üçün şəraitin yaradılması; 3) qulluqçuların hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sisteminin effektiv­­liyinin təmin edilməsi; 4) əməyin stimullaşdırılması sisteminin yaradılması; 5) dövlət qulluqçularının davranışının qaydalarını tənzimlənməsi; 6) dövlət orqanlarının fəaliyyətinin maddi, təşkilati, texniki təmin etmək, texniki xidmətlə məşğul olan işçilərin hüquqi vəziyyətini müəyyən edilməsi.1



Hüquqi institut kimi dövlət qulluğunun əsas məqsədi onun qanunvericilik bazasının yaradılmasıdır. Dövlət qulluğu hüquqi institutu xarakterik xüsusiyyətlərə malikdir:

1. Dövlət qulluğunun əsas vəzifə və məqsədləri Konsti­tusiya və qanunların həyata keçirilməsi, ölkədə hüquq qaydalarının və qanunçuluğun təminatı və s. Burada hüquqi prioritet əsasdır. Bu funksiyaları yalnız hüquqi cəhətdən yüksək peşəkar, sabit, rasional qurulmuş və yaxşı hazırlanmış dövlət orqanları aparatı yerinə yetirə bilər.

2. Dövlət qulluğu yalnız dövlət qanunu əsasında, yəni öz mənbəyi (forması) olan xüsusi qanunvericiliklə, həmçinin dövlət qulluğunun təşkili ilə əlaqədar münasibətləri tənzimləyən hüquqi normaların, qaydaların məcmusu kimi hüquqi tənzimləmə mexanizm əsasında həyata keçirilir. Beləliklə, dövlət qulluğu hüquqi əsasda yaranır və onunla tənzimlənir.

3. Həm dövlət qulluğunun, həm də dövlət qulluqçularının hüquqi statusu vardır. Dövlət qulluqçusunun statusunda – şəxsiyyət, peşəkarlıq, vəzifə, mənəvi hüquqi statuslar əsasdır.

4. Dövlət qulluğunda olan şəxs dövlətə qulluq edir, onun tapşırıqların yerinə yetirir, dövlət funksiyalarını yerinə yetirdiyinə görə əmək haqqı alır. Bu fəaliyyətin siyasi-hüquqi aspektidir.

5. Konstitusiyaya müvafiq olaraq dövlətin o cümlədən dövlət qulluğunun təyinatı insan və vətəndaşın hüquq və azadlıqlarına əməl edilməsi və müdafiəsidir.

6. Dövlət qulluğunda olan şəxs xüsusi hüquqi rejim altına düşür. Qulluqçu vəzifə, hüquq və sosial müdafiəsi ilə yanaşı dövlət qulluğu ilə əlaqədar daha ciddi məsuliyyət və məhdudiy­yətləri vardır.

Bütün bunlar dövlət qulluğunu hüquqi institut kimi başqalarından fərqləndirir.1

Dövlət qulluğu institutunun əsas məqsədi ölkənin qanun­vericiliyinin yerinə yetirilməsini təmin etmək, dövlət orqanlarının normal funksiya göstərməsi üçün əlverişli hüquqi, təşkilatı və sosial-iqtisadi şərait yaratmaqdır.

Dövlət qulluğu hüquqi institutuna, həmçinin vətəndaşların maraqlarını, onların hüquq və azadlıqlarını, qanunvericiliyə uyğun hakimiyyət səlahiyyətlərinin realizəsinin peşəkar təminatının normativ müəyyən edilmiş mexanizmi kimi baxılır.2

Dövlət qulluğunun hüquqi əsası dövlət qulluğunun forma­laşması qaydasını və praktikasını tənzimləyən hüquq normaları, prinsipləri təşkil edir. Dövlət qulluğu institutu inzibati hüququn tərkib hissəsi olduğundan onun tənzimlədiyi dövlət-qulluq müna­si­bətləri mahiyyətcə inzibati hüquq normaları ilə tənzimlənən idarəetmə münasibətlərinə aiddir.

Dövlət qulluğu institutunun xüsusiyyətlərindən biri maddiprosessual hüquqi normaları özündə birləşdirməsidir.



Maddi normalar. Bu, hüquqi institutun prinsipial əlamət­lərini xarakterizə edən status müddəaları müəyyən edir. Maddi normalara: dövlət qulluğu anlayışı, prinsipləri, inzibati vəzifələr, onun statusu, dövlət qulluqçusu anlayışı: onların hüquqları, vəzifələri, hüquqi məhdudiyyətləri, imtiyazları, təminatları; dövlət vəzifələrinin reyestri; sınaq müddəti; attestasiya; intizam məsuliyyəti və b. aiddir.

Prosessual normalar göstərilən maddi normaların reallaşması qaydalarını müəyyən edən məsələləri tənzimləyir. Prosessual normalara dövlət qulluğu institutuna daxil olan hər bir konkret yarıminstitutda spesifik prosessual müddəalar və prose­du­ralar daxildir. Məsələn, dövlət qulluğuna girmək qaydaları; dövlət qulluqçusunun yerdəyişməsi və qulluğun keçil­məsi proseduru; xüsusi ad və dərəcələrin verilməsi, attestasiyanın keçirilməsi qaydaları; intizam məsuliyyətinin tətbiqi; işdən azad edilmə prosedurası və s. «Dövlət qulluğu öz təyinatına görə ictimai proseslərin idarə olunmasında dövlət hakimiyyəti funksiyalarının icra qaydalarını müəyyən edən prosessual normalardan ibarətdir».1 Öz konkret məqsədlərinə görə dövlət qulluq müna­si­bət­ləri daxili (təşkilat daxili, sistemdaxili) icra hakimiyyəti or­qanlarının daxili fəaliyyət çərçivəsində yaranan qulluq - asılılıq və xarici - icra hakimiyyəti orqanı sisteminə daxil olmayan idarəetmə obyektlərinə bilavasitə təsiri ilə yaranan münasibətlərə bölünür.

Daxili münasibətləri bu dövlət qulluğuna vətəndaşların qəbulu, qulluğu keçmə, qulluq və qulluqdan kənar vaxtın təşkili, imtiyaz və təminatların müəyyən edilməsi, qulluqdan istefa və azad olması ilə əlaqədar baş verən əlaqələr. Bu münasibətlər yalnız inzibati hüquq normaları ilə yox, həm də əmək, maliyyə, mülki və digər hüquq sahələri tənzimlənir. Daxili münasibətlər dövlət qulluqçusunun vəzifəyə təyin olunduğu andan vəzifə təlimatı və ya müvafiq normativ aktlarda müəyyən olunmuş işin təşkili, vəzifələrin icrası, mükafatlandırma, məsuliyyət və başqa məsələləri yerinə yetirməsi zamanı yaranır.

Xarici münasibətlər dövlət aparatını və dövlət qulluqçularını vətəndaşlarla, vətəndaş cəmiyyəti institutları ilə, dövlət orqanları ilə, özünü idarə orqanları, müəssisələr və idarələr ilə əlaqələri əhatə edir. Bu əsasən inzibati hüququn predmetidir. Xarici münasibətlər dövlət qulluqçuları qanun­vericilik əsasında öz vəzifə səlahiyyətlərini həyata keçirməklə əlaqədar onlara tabeçilik əlaqəsi olmayan vətəndaşlar, dövlət və qeyri-dövlət təşkilatlar arasında yaranan dövlət-qulluq münasibətlər kimi baxılır.

Dövlət qulluğu institutu üçün yalnız formal münasibətlər yox, eyni zamanda qeyri-formal münasibətlər – aparatın məmurları arasındakı əlaqələr xarakterikdir. Formal tabeçilik prin­sip­lərindən fərqli olaraq, qeyri-formal - uzlaşdırılmış qulluq əla­qələri idarəetmə subyektlərinin daha sıx əməkdaşlığını təmin edən şəxsiyyətlər arasında münasibət­lərdir. Qeyri-formal əlaqə­lərə, həmçinin ailəvi-qohumluq, yerliçilik, eyni vaxtda bir insti­tutu qurtarmışlar arasında şəxsi sədaqət, himayəçilik əlaqələri daxildir.

Bundan başqa iştirakçıların qarşılıqlı fəaliyyətinin hüquqi xarakterinə görə şaquliüfüqi inzibati-hüquqi münasibətlərə ayrılır:

Şaquli inzibati-hüquqi münasibətlər inzibati-hüquqi tənzim­ləmənin mahiyyətini bilavasitə xarakterizə edir. İdarəetmənin subyekti və obyekti arasında subordinasiya əlaqələrinin dövlət-idarəetmə fəaliyyəti üçün səciyyəvidir. Bu münasibətlər həmişə bərabər olmayan tərəflər, tabeçilik tərəfləri arasında yaranır, yəni bir tərəf başqa tərəfdən hüquqi asılılığında hakimiyyət-tabeçilik formasında özünü göstərir.

Üfüqi inzibati-hüquqi münasibətlər tərəflər arasında hüquqi bərabərlik çərçivəsində yaranır, yəni bir tərəfin hüquqi-hakimiyyət göstərişi başqa tərəf üçün məcburi deyil. Məsələn, icra hakimiyyəti orqanlarının işində vəzifə səviyyəsi eyni olan, müxtəlif dövlət qulluqçuları – eyni dərəcəli iştirakçılar arasında materiallar, arayışlar, hesabatlar, qərar layihəsi və s. hazırlayanlar arasında üfüqi münasibətlər yaranır. Manoxin V.M. bu münasibətləri «qulluq və ya üfüqi, inzibati-hüquqi münasibətlər» adlandırır. Əlbəttə, bu münasibətlər öz hüquqi təsvirini almır.

Vətəndaş dövlət qulluğunda vəzifəyə təyin olunarkən müvafiq hüquqi münasibətlər yaranır. Hüquqi ədəbiyyatda hüquq münasi­bət­­lərinin yaranmasında vətəndaşın vəzifəyə təyin olunması haqda «aktın» və ya «əmək müqaviləsinin» hüquqi əsas olması haqda müxtəlif baxışlar vardır. Bir qisim «bir tərəfdən dövlətlə, digər tərəfdən vəzifəli şəxsin və hakimiyyət nümayəndələrinin arasında münasibətləri təyin olunma haqqında birtərəfli inzibati aktı»;1 başqaları - əmək münasibətlərinin yaranmasında əmək müqavi­ləsini əsas sayırlar.2

Bir qayda olaraq vəzifəyə təyin olunma tərəflərin razılığı ilə həyata keçirilir. Vətəndaşın vəzifəyə təyin olunması haqqında razılığı yalnız şərtidir, burada müvafiq orqanın rəhbərliyinin iradəsi əsasdır. Odur ki, dövlət qulluğunda hüquqi münasibətlər vəzifəyə təyin olunma haqda birtərəfli aktla yaranır. Fransa inzibati hüququnda dövlət qulluğuna qəbul təyin olunma haqda birtərəfli aktla həll olunur. Ştatlı işçilər üçün dövlət qulluğunda müqavilə konsepsiyasından tam imtina olunub.3

Dövlət qulluq münasibətlərinin hüquq münasibətlərində olduğu kimi məcburi elementlərdən təşkil olunmuş strukturu var. Bu struktura hüquq münasibətlərinin tərəfləri: idarəetmə subyekti və obyekti, onların subyektiv hüquq və vəzifələri, hüquqi faktlar daxildir.

İnzibati-hüquq elmində və dərsliklərdə ənənəvi olaraq dövlət qulluqçusuna inzibati hüququn subyektləri haqqında məsələnin təhlili ilə əlaqədar baxılır. Dövlət qulluqçusu dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsində idarəetmə və başqa dövlət funksiyalarının subyekti keyfiyyətində çıxış edir.

İnzibati-hüquq elmində fərdi və kollektiv subyektlərə ayrılır. Dövlət qulluqçuları inzibati fərdi subyekt sayılır. Dövlət-qulluq münasibətlərində fərdi subyekt (idarəedən tərəf) keyfiyyətində inzibati vəzifələrə təyin etmək səlahiyyəti olan orqan və ya vəzifəli şəxs çıxış edir.

Qulluq funksiyalarını yerinə yetirərkən dövlət qulluqçuları arasında yaranan inzibati-hüquqi münasibətlər zamanı dövlət qulluqçuları ümumi maraqlardan kollektiv subyekt kimi çıxış edir.

Bu cür hüquq münasibətlərinin obyekti dövlət qulluğuna qəbul edilən vətəndaş və ya başqa dövlət vəzifəsinə irəli çəkilən dövlət qulluqçusu ola bilər.

Hüquq münasibətlərinin başqa iştirakçısı obyektinə dövlət qulluğu sahəsində hüquq və vəzifə verilmiş idarə olunan tərəf keyfiyyətində vətəndaşlar, dövlət və qeyri-dövlət orqan və təşkilatları (müəssisə, idarə və administrasiyası) daxildir.

Qeyd etmək lazımdır ki, ictimai münasibətlərin inzibati-hüquqi tənzimlənməsinin təsiri əksər hallarda onun subyektlərinin hüquqi bərabərliyini şərtləndirmir.

İnzibati-hüquqi vasitələr spesifik olub ən əvvəl inzibati hüququn əsas subyektlərinə – dövlət qulluqçularına istiqa­mətləndirilir. Burada səciyyəvi hal odur ki, birinci, dövlət qulluqçuları özləri inzibati-hüquqi vasitələr həyata keçirir; ikinci, onların özləri inzibati-hüquqi rejimin metod və formalarını müəyyən edirlər1.

Dövlət qulluğunun funksiya göstərməsi üçün ənənəvi inzibati-hüquqi metodlardan istifadə olunur. Bunlar aşağıda­kılardır:

1) müxtəlif hüquqi normalarında nəzərdə tutulan müvafiq şəraitdə hərəkətə göstəriş verilmiş konkret fəaliyyət qaydalarının müəyyən edilməsi;

2) müəyyən hərəkətlərin qadağan olunması. Əgər dövlət qulluqçuları bu hallara əməl etmirsə, o zaman onlara qarşı dövlət məcburi tədbirlər - intizam, inzibati, cinayət cəzası tətbiq edir;

3) hüquqi normalarda nəzərdə tutulan müəyyən edilmiş vəzifə davranışı variantlarından birini seçmək üçün dövlət-qulluq münasibətlərinin subyektinə - dövlət qulluqçusuna imkan verilir;

4) nəzərdə tutulmuş inzibati hüquq normasının müəyyən etdiyi şəraitdə özünün hesab etdiyi kimi hərəkət etmək və ya etməmək imkanları verilir2.

Dövlət qulluğu institutu spesifikası onun funksiyalarında ifadə olunan fəaliyyətin istiqamətləri ilə müəyyən edilir. Dövlət qulluğu institutunun fəaliyyəti ikili xarakter daşıyır. Birinci, o dövlətə xidmət etməli, onun orqanlarının səlahiyyətlərinin icrasını təmin etməli, qanunverici orqanın qəbul etdiyi qanunları və icra hakimiyyətinin hazırladığı siyasəti həyata keçirməlidir. İkinci, cəmiyyətə xidmət etməli, sosial sahədə qayda yaratmağı səmərəli təşkil etməli, insan hüquq və azadlıqlarını təmin etməli, əhalinin həyat şəraitini yüksəltməlidir.

Beləliklə, ümumi-hüquqi əlaqələrdə inzibati sistemə tabeçilik yerinə dövlət və vətəndaş aralarında tərəfdaşlıq münasibətləri gəlir. Bu isə dövlət qulluğunun ümumixüsusi funksiyalarını müəyyən edir. Sosial strukturun elementi kimi dövlət qulluğu institutu dövlət və cəmiyyət arasında əlaqələndirici rolunu yerinə yetirir, ümumi hüquqi müna­sibətlər yaradır. Dövlət qulluğu institutunun əsas funksiyası olan idarəetmənin prinsiplərinə əsaslanaraq dövlət qulluq­çuları strateji, sosial, maddi-texniki, maliyyə, kommunal, qeydiyyat və həmçinin idarəetmə siklinin tam mərhələsini həyata keçirmək işlərini, yəni proqnozlaşdırma, planlaşdırma, qərarların hazırlanması, nəzarət və s. ümumi funksiyaları yerinə yetirir.

Xarici inzibati funksiyaları uğurla həyata keçirmək üçün dövlət qulluğu institutu dövlət qulluqçuları ilə əlaqədar daxili, yardımçı funksiyalar da yerinə yetirir. Bu funksiyalar vəzifəli şəxslərin fəaliyyətinin hüquqi, maliyyə, təşkilati, məlumat təminatına istiqamətləndirilir.

Dövlət qulluğu institutu aşağıdakı yardımçı funksiyalar həyata keçirir:

1. Təşkilat funksiyası. Dövlət qulluğu institutu bürokratik təşkilatının yaradılması, vəzifə strukturunun balanslaş­dırılması, onun bütün bölmələrinin uyğunlaşdırılması, idarəetmə prose­du­runun və texnologiyasının optimallaş­dırılması, məmurların birgə fəaliyyətinin nizamlanması, səmərəli yanaşma həyata keçirir;

2. Tənzimləyici funksiya - Dövlət qulluğu institutu hazırlanmış davranış qaydaları əsasında vəzifəli şəxslər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsini təmin edir;

3. Birləşmə funksiyası - Dövlət qulluğu institutu hüquqi normalar, qaydalar və sanksiyalar vasitəsilə insanların birliyi, qarşılıqlı asılılığı, qarşılıqlı məsuliyyəti üçün şərait yaradır;

4. Translyasiya funksiyası - məmurların dəyişməsi ilə əlaqədar dövlət qulluğu institutunda sosial və professional təcrübəni başqalarına ötürmək mexanizmi nəzərdə tutulur;

5. Kommunikativ funksiya - Dövlət qulluğu institutu həm xidməti istifadə, həm də başqa institutlarla kənar münasibət üçün məlumatlar hazırlayır1.

Dövlət qulluğu hüquqi institutu mürəkkəb olmaqla inzibati hüququn normaları ilə yanaşı başqa hüquq sahələrinin də normalarını özündə birləşdirir.

Dövlət qulluğunun normativ hüquqi əsaslarını yaratmaq dövlət qulluğunun islahatlarının əsas istiqamətlərində biridir. Qeyd etmək lazımdır ki, dövlət qulluğu haqqında AR qanunu qəbul edilənə qədər dövlət qulluğu həyata keçirilən zaman yaranan münasibətlərin əksəriyyəti bir qayda olaraq əmək hüququ normaları ilə tənzimlənirdi. Əmək hüququ, əmək qanunvericiliyi dövlət-qulluq münasibətlərinə o halda tətbiq edilir ki, o dövlət qulluğu haqqında qanunvericiliklə tənzimlənməsin. Dövlət qulluqçusu dövlət orqanı ilə əmək müqaviləsi yox, qulluq kontraktı bağlayır. Qeyd etmək lazımdır ki, dövlət qulluğu haqqında qanunvericilik və əmək qanunvericiliyinin tənzim­lənməsi sədləri tam həll olunmayıb.

Əmək qanunvericiliyi üçün xarakterik olan müddəaların çoxu bu gün dövlət qulluğu haqqında qanunvericilikdə öz əksini tapmışdır. Məsələn, intizam cəzası, mükafatlandırma, attestasiya və s. Beləliklə, dövlət qulluğunun əmək qanunvericiliyi ilə tənzimlənməsi sahəsi əhəmiyyətli dərəcədə azaldılıb və bu ənənə davam edir.

Hüquqi ədəbiyyatda yaxın gələcəkdə dövlət qulluğu institutunun əmək hüququ normalarının təsir dairəsindən azad edilməsi məqsədəuyğun sayılır1. Güman edilir ki, əmək qanunvericiliyi normaları tədricən özəl bölmədə qeyri-dövlət təşkilatları qulluqçularının, həmçinin dövlət qulluğunda hüquqi əhəmiyyəti az olan bəzi mütəxəssis kateqoriyalarının və texniki işçilərin hüquqi münasibətlərini tənzimləyəcək.

1   2   3   4   5   6   7   8   9   10   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə