Rzayev əLİ heydəR oğlu DÖVLƏt qulluğunun hüquqi Əsaslari




Yüklə 2.56 Mb.
səhifə5/32
tarix20.04.2016
ölçüsü2.56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

4. Dövlət hakimiyyəti və dövlət qulluğu
Dövlətin və cəmiyyətin funksiya göstərməsi hakimiyyət olmadan mümkün deyil. Hüquqi ədəbiyyatda hakimiyyət anlayışından çox istifadə olunmasına baxmayaraq, geniş şəkildə tədqiq olunmamış və ümumi kateqoriya kimi elmi dövriyyəyə daxil edilməmişdir. Hakimiyyət anlayışına ümumi tərif olmadığından bu təzahürə çoxlu anlayış verilmiş, müxtəlif metodoloji məktəblər bu fenomeni başa düşməyə və izah etməyə səy göstərir.

Vladimir Dalin izahı lüğətində «hakimiyyət» anlayışını kiminsə üzərində hüquq, güc və iradə, hərəkət və sərəncam vermək azadlığı, rəislik etmək, idarəetmə kimi1. Böyük Sovet Ensiklopediyasında hakimiyyət - «öz iradəsinə tabe etmək, başqalarının hərəkətlərini idarə etmək, yaxud onlara sərəncam vermək imkanlarına malik olan nüfuz»2 S.İ.Ojeqovun rus dilinin izahlı lüğətində hakimiyyət sözü üç mənada göstərilir: 1) kiməsə və ya nəyəsə sərəncam vermək, öz iradəsinə tabe etdirmək hüquq və imkanı; 2) siyasi hakimlik, dövlət idarəetməsi və onun orqanları; 3) hökumət, inzibati səlahiyyətlər verilən şəxs3 kimi göstərilir.

Hakimiyyət universal kateqoriya kimi ictimai münasibətləri (əlaqələr, qarşılıqlı təsir) xarakterizə edir. Hakimiyyət fenomenini dərk etmək və araşdırmaq qədim zamanlardan başlayaraq filosof və mütəfəkkirlər, müxtəlif elm sahələri səy göstərmiş və haki­miyyət anlayışına çox saylı təriflər vermişlər. Onlardan xarakterik olan bir neçəsinin üzərində dayanmaq məqsədə uyğundur.

M.Veberin dövlət hakimiyyəti anlayışı müəyyən dəqiqləşmə ilə elmə daxil olmuşdur. O, Hegelin hakimiyyət konsepsiyasında subyekt və obyekt, təsir, avtoritet, məcburetmə və zor aspektlərini qəbul edərək, ona başqa insanların davranışını öz iradəsinə tabe etdirmək imkanları kimi baxır. Onun fikrincə, hakimiyyət hətta belə müqavimətə qarşı da öz iradəsini göstərmək imkanlarıdır. Veber hakimiyyəti iki tipə ayırır. Onlardan biri formal azad bazarın maraqları üzərində; ikinci – biri sərəncam verir və digərlərindən onları icra etməsini tələb edən idarəetmə səlahiyyətləri üzərində qurulur. Bu hakimiyyət tipini M.Veber iradi münasibətləri ifadə edən avtoritar məcburetmə hakimiyyəti – hökmranlıq adlandırır. Bunun üçün hökmranlıq edən fərd və ya qrup, tabelikdə fərq və qrupun; hökmranlıq edənin iradəsi; hakimlik iradəsini ifadə edən əmr; hökmranlığı təsdiq (əmri obyektiv idarəetmə dərəcəsi); tabeliyin təsdiqi (vətəndaşların əmri yerinə yetirmənin zəruriliyinə subyektiv inamın dərəcəsi). Hər iki hakimiyyət tipinin əsasında iradə durur1.

Hegel hakimiyyətin mahiyyətini təhlil edərək göstərirdi ki, hakimiyyət instinkti insanların əməlinin, psixologiyasının, əxlaq, hüquqi, ideoloji, dini və digər münasibətlərinin, siyasi hərə­kətlərinin təməlində oturub. Hər kəs öz təbiətinə görə qeyri-iradi olaraq başqaları üzərində hakimliyə meyl göstərir, qarşı tərəflərin iradəsini sındırmağa çalışır, özünü təsdiq etmək və bu və ya başqa dərəcədə hakimlik etmək istəyirlər: valideynlərin uşaqlar üzərində, kişi qadın üzərində (və ya əksinə), müəllim şagirdlər üzərində, rəis ona tabe olanlar üzərində, monarx təbə üzərində, prezident ölkə üzərində, çox qüdrətli dövlət – qalan dünya dövlətləri üzərində1. Beləliklə, Hegel hakimiyyətə ailə, cəmiyyət və dövlət arasında təbii əlaqə kimi baxır. Bu təbii əlaqəni o hakimiyyətin maddi maraqla əlaqəsi, maraqları isə ailə, cəmiyyət və dövlətdə fərdlərin arasında münasibətlərin əsas xüsusiyyəti kimi göstərir. Maddi maraq hakimiyyət iradəsinin bazisidir. O dövləti – xalqın atası, hakimiyyət və idarəetmə aparatının fəaliy­yətini bu atalığın ifadəsi hesab edirdi2. Hakimiyyət insanlar arasında ümumi institutlar vasitəsilə qarşılıqlı əlaqədə, prosesdə bir şəxsiyyət müxtəlif səbəblərdən – maddi, sosial, intellektual, informasiya və s. öz xoşuna (şüurlu) və ya məcburi olaraq başqasının tələblərinə uyğun olaraq bu və ya başqa əməli və hərəkəti edir, öz həyatını qururlar3. Hakimiyyət insanlar tərəfindən və insanlar üçün yaradılan mürəkkəb ictimai münasibətlərdir. Hakimiyyət iqtisadi, ideoloji və təşkilati-hüquqi mexanizmlər vasitəsilə insanların, sosial qrupların, siniflərin fəaliyyətinə və davranışın xarakterinə və istiqamətinə təsir imkanları ilə xarakterizə olunan sosial münasibətlər formasıdır4.

E.Toffler «Hakimiyyətin metamorfozu – XXI əsrin astanasında bilik, var-dövlət və güc» əsərində yazır, dünyanı hakimiyyət uğrunda qlobal mübarizə gözləyir. O, hakimiyyətin yeni konsepsiyasında bilik, zor işlətmək, var-dövlət və onlar arasında qarşılıqlı əlaqəni cəmiyyətdə hakimiyyət kimi müəyyən edilir və biliyi ön plana keçirir. Müasir hakimiyyət strukturu əzələ gücünə, var-dövlətə və ya zora istinad etmir. Onun parolu ağıldır. O hesab edir ki, biliyə əsaslanmış yeni iqtisadiyyatın inkişafı üçün sürətləndirmənin yeni mərhələsini təmin edən partlayıcı dalğadır. Bekon göstərirdi ki, bilik – bu gücdür. Tarixdə bilik pulla və zorakılıqla birləşirdi. Zorakılıq, var-dövlət və bilik hakimiyyətin atributunu ifadə edirdi. Xüsusən bilik var-dövlət və güc toplamağa xidmət edə bilir. Hakimiyyətin ən demokratik mənbəyi bilikdir.

E.Toffler göstərir ki, bugün bütün dünya yeni üsullar axtarışındadır. Hamı bilir ki, bürokratiya heç zaman yox olmayacaq. Lakin bu gün yeni təşkilat strukturu yaranır. Bu günkü təşkilatı maşın timsalında modernləşdirilmək mümkün deyildir. O daha sürətli sima tələb edir. Rəqabət fasiləsiz innovasiya, biliyə əsaslanan yeni iqtisadiyyata keçid kommunikasiyasını kəskin gücləndirməyi tələb edir. Onun fikrincə hakimiyyət metamorfoz erasına daxil olmuşdur. Metamorfoz hakimiyyəti sadəcə dəyişmək deyil, bu transfor­masiyadır. Ən yüksək hakimiyyət biliyinin tətbiqidir. Biliyin inqilabi xüsusiyyəti ondadır ki, onu zəiflər və kasıblar da əldə edə bilir1.

Hakimiyyət hər bir insan birliyinin baza xüsusiyyətlərini müəyyən edir. Hər hansı bir cəmiyyət və dövləti hakimiyyətsiz təsəvvür etmək olmaz. Bu fenomenə demək olar ki, insanın həyat fəaliyyətində bu və ya başqa formada rast gəlinir2. Bütün alim və siyasətçilər hakimiyyəti tabeçilik yaranan yerdə başlandığını göstərirlər. Bir insanın başqasına tabeçiliyi əsasında təbii (fiziki, intellektual) və sosial bərabərsizliklə (status, iqtisadi) yaranır.

R.Qrin «Hakimiyyətin 48 qanunu» kitabı hakimiyyətin qno­seoloji kökləri, onun əldə edilməsi və saxlanılmasının mexa­nizmini Makiavellinin «Hökmdar» əsəri xarakterində yazmağa çalışmışdır. O yazır: hakimiyyət bir oyundur, bu oyunda niy­yətlərə görə yox, hərəkətlərin nəticələrinə görə mühakimə edirlər. Hakimiyyət sosial oyundur. Onu təkmil mənimsəmək üçün insanları öyrənib və başa düşmək qabiliyyətinə malik olmalısan1.

Ədəbiyyatda hakimiyyət anlayışına bir neçə aspektdən baxılır: 1) bixeviorist hakimiyyət - başqa insanların davranışının dəyişil­məsini şərtləndirən davranışın xüsusi tipidir; 2) teleoloji - nəzərdə tutulan nəticələri almaq üçün xüsusi məqsədlərə çatmaqdır; 3) instrumentalist - hakimiyyət müəyyən vasitə, xüsusilə gücdən istifadə etmək imkanlarının olması; 4) strukturalist, idarəedici ilə idarə olunan arasında xüsusi növ münasibətdir; 5) hakimiyyət başqalarına təsir göstərmək kimi müəyyən olunur; 6) konfliktli hakimiyyətin – konflikt şəraitlərdə maddi nemətlərin bölgüsündə tənzimləyici qərarlar qəbul etmək imkanları2. «Hakimiyyət subyektinin niyyətinə uyğun obyektin özünə tabeçiliyini təmin etmək bacarığı». Obyektin subyektiv tabeçilik mənbəyində altı növ hakimiyyət tabeçiliyi var. Onlar: güc, məcburetmə, təhrik­etmə, inandırma, manipulyasiya, avtoritet hakimiyyət imkanlarını göstərir.3

Hər bir insan cəmiyyəti onda hakimiyyətin olmasını istəyir. Odur ki, hakimiyyət problemi ilə bütün sosial-humanizm elmləri məşğul olur. Xarici ölkələrdən sosiologiyasında hakimiyyət anlayışına müxtəlif variantda konsepsiyalar təklif edilir. Onlar şəxsiyyətin, insan qrupunun, təşkilatının, partiyanın, dövlətin öz iradəsini başqa iştirakçılara sosial təsirini zorla qəbul etdirmək, onların fəaliyyətinin zor və qeyri-zor vasitə və metodlarla idarə etmək kimi baxılır.4 Politologiyada «hakimiyyət» əsas kateqoriya olub siyasətin, bütün siyasi təzahürlərin və institutların mahiy­yətini başa düşməyə açardır. Odur ki, politologiya ümumi hakimiyyət haqqında elm adlanır. Siyasətdə ən əsası dövlət hakimiyyətidir.5 Dövlətin və siyasi elitanın əlində siyasi haki­miyyət dövlət hakimiyyətinə çevrilir. Dövlət hakimiyyətinin əsas əlaməti dövlətin qəbul etdiyi qərarların bütün cəmiyyət üçün məcburi olmasıdır.

Hüquqi hakimiyyət ideyası başqa şəxslərin davranışını, hakim subyektə tabe etdirmək imkanları keyfiyyətində fəlsəfə, psixologiya, antropologiya elmlərində baxılır.1

Ümumiyyətlə hakimiyyət anlayışına əsasən dörd element daxildir: 1) hakimiyyət münasibətlərində ən azı iki tərəfin (hakim və tabeçi) olması; 2) ikinci tərəfin birinci tərəfə tabeçiliyi; 3) hakim tərəfin məcburetmə metodundan istifadə etmək hüququnun olması; 4) hakim tərəfin verdiyi sərəncam, göstəricilərin tabeçi tərəfindən yerinə yetirilməli olduğunu tənzimləyən hüquq normalarının mövcudluğu. Beləliklə, hakimiyyət iradi münasibət olub bir istiqamətdə əmr, tələb, qanun, norma və qaydaları verən subyektin, digər tərəfdən tabeçilik, riayət etmək, icra etmək funksiyası daşıyan obyektin olmasını şərtləndirir.

Hakimiyyətin yaranması və mövcudluğu bəzi obyektiv əsaslarla əlaqəlidir. Onlar: a) insanların fiziki, intellektual və psixi əlamətlərinin, onların keyfiyyət və inkişaf səviyyəsinin müx­təlifliyinə görə təbii fərqləri; b) insanların həyat fəaliyyətində daimi birləşmək, qarşılıqlı təsir etmək, böyük və balaca qruplar halında yaşamaqda kollektivlik üsulları; v) insanların koor­di­na­siya və subordinasiya vasitəsilə davranış və fəaliyyətinin çox­müx­təlif forma, üsul, vəsait və texnologiyaları. Q.V.Atamançuk hakimiyyətin (onun bütün növlərinin və səviyyələrinin) təhlili zamanı onun mövcudluğu prosesinin üç qarşılıqlı əlaqəli mərhələsini nəzərdə saxlamağın vacib olduğunu göstərir: haki­miy­yətin for­malaşması (meydana gəlməsi, inkişafı, möhkəm­lənməsi); hakimiyyətin funksiya göstərməsinin (aparatın saxlan­ması, xidmət, kommunikasiya, atributlar və s.) təmin edilməsi; hakimiyyət tərəfindən idarəetmə (təsir, nüfuz, bu konkret haki­miyyəti yaradan və ya himayə edən insanların və ehtiyatların inkişafının təminatı)1.

Hakimiyyət öz zənginliyini və inkişafını dövlət formasında alır. Bir tərəfdən dövlətin bütün vətəndaşlarının maraqlarına, məqsədlərinə və iradəsinə söykənir, digər tərəfdən hər bir vətəndaşa şamil edilən davranış və fəaliyyət üçün ümumi qayda və normalar müəyyən edir. Hakimiyyət ən əvvəl öz təzahürünü dövlət orqanının fəaliyyətində göstərir. Bu fəaliyyətin hansı istiqamətdə həyata keçirilməsi ilə müəyyən edilən güclə yox, onun qarşısında qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verən səlahiyyətlərlə müəyyən edilir.

Dövlət hakimiyyəti hər şeydən əvvəl, ictimai istehsalın təşkili (bütün iştirakçıları vahid iradəyə tabe etmək), insanlar arasındakı digər qarşılıqlı münasibətləri nizamlamaq üçün zəruridir. N.M.Korkunovun fikrincə dövlət hakimiyyətini ictimai həyatda özünə məxsus ikili təzahürlü güc olmaqla vətəndaşların dövlətdən şüurlu asılılığını şərtləndirir. Birinci, hakimiyyət vətəndaşları asılı olduğu dövlət üçün lazım olunanları yerinə yetirməyə təhrik edir; ikinci, …vətəndaşlar dövlət hakimiyyəti orqanlarının etibar etdiyi ayrı-ayrı şəxslərin idarəsinə tabe olur2. Rus ədəbiyyatında dövlət hakimiyyətinin iki elementdən - hüquq və onun tələblərini yerinə yetirmək üçün vasitələrdən ibarət olduğu, dövlətdən asılı təfəkkürə əsaslanmış ali, hüquqi təşkil olunmuş məcburi güc kimi göstərilir3.

Dövlət hakimiyyəti mürəkkəb təzahür olduğundan konstitu­siya anlayışına – dövlət institutları arasında münasibətlər və səlahiyyətlərin funksional bölgüsü və digər tərəfdən dövlət nəzəriyyəsinin anlayışı isə – dövlətin quruluş forması kimi özünü göstərir. Y.Tixomirovun fikrincə, hakimiyyət məqsəd deyil, məqsədli birgə fəaliyyətin təşkilat vasitəsidir. Onun funksiyasının bir hissəsini bilavasitə xalq, başqa hissəsini dövlət orqanları və institutlar həyata keçirir1.

Müasir ədəbiyyatda dövlət hakimiyyəti anlayışına müxtəlif baxışlar vardır. Dövlət hakimiyyəti «dövlətin həyata keçirdiyi siyasi, ümumi hakimiyyət; dövlətə, cəmiyyətə siyasi rəhbərlik, hakim sinfin, yaxud bütün cəmiyyətin ümumi-məcburi iradəsinin həyata keçirilməsi vasitəsi»2; «ictimai münasibətləri təmizləmək, insanların və onların yaratdığı təşkilatların davranış və fəaliyyət qaydalarını (normaları) müəyyən etmək üçün suveren ərazidə əhalinin dövlətə verdiyi ixtiyar»3; «… müəyyən şəxsin, kollek­tivin, başqa subyektin arzu olunan davranışını təmin etməkdə müəyyən iradi və psixoloji təsir»4. Ümumiyyətlə dövlət hakimiyyəti anlayışına dörd mövqedən baxılır: 1) iradi münasibət kimi; 2) dövlət orqanı kimi; 3) funksiya kimi; 4) səlahiyyətlərin məcmusu kimi5. Hakimiyyət anlayışına funksional baxışı da geniş yayılmışdır. Bu nəzəriyyəyə görə hər bir hakimiyyət, o cümlədən dövlət hakimiyyəti insanların iradi hərəkətinə rəhbərlik, idarəetmə və koordinasiyası üzrə xüsusi funksiyadır. Hakimiyyət hər hansı bir iradə, avtoritet, hüquq, zor vasitəsilə insanların fəaliyyətinə, davranışına müəyyənedici təsir göstərmək imkanı və iqtidarın olmasıdır6.

Ədəbiyyatda hakimiyyəti ictimai, dövlət və siyasi hakimiy­yətlərə bölürlər: İctimai hakimiyyət politologiyada müxtəlif mövqelərdən: teleoloji mövqedən (məqsədlərə çatmaq nöqteyi-nəzərindən), psixoloji (motivasiya), bixevioristik - (davranış), subyektiv-obyektiv (münasibətlər), sistemli-kibernetik (müxtəlif təşkilatların xüsusiyyətləri), hüquqi (konstitusiya, hüququn müəyyən institutları) və b. baxılır1.

Ümumi qaydalara görə siyasi hakimiyyət dövlət hakimiyyəti kimi dövlət formasında təsvir olunur. Bununla belə siyasi hakimiyyət təzahür kimi dövlət hakimiyyətindən fərqlənir. Birinci, hər bir siyasi hakimiyyət dövlət hakimiyyəti sayılmır. Lakin sosial qrupların münasibətlərini tənzimləyən hər bir dövlət hakimiyyəti siyasi hakimiyyət hesab olunur; ikinci, dövlət hakimiyyəti cəmiyyətdə arbitraj rolunu yerinə yetirdiyi halda, siyasi hakimiyyətdə lazım olan vəsait və vasitə olmadığından bu rolu oynaya bilmir; üçüncü, siyasi hakimiyyətin və dövlət hakimiyyətinin həyata keçirilməsi üçün mexanizmlər müxtəlifdir; Dövlət hakimiyyəti rəsmiləşdirilir, o xüsusi dövlət aparatı ilə həyata keçirilir. Siyasi hakimiyyətdə belə mexanizmi yoxdur; dördüncü, yalnız dövlət hakimiyyətinə bütün cəmiyyət adından rəsmi olaraq məcburetmə, zor tətbiq etmək səlahiyyəti verilir; beşinci, dövlət hakimiyyəti suveren olmaqla cəmiyyətdə həmişə faktiki, hüquqi hakimlik mövqeyində olur2.

Dövlət hakimiyyətinin həyata keçirməsinin hüquq mühüm vasitəsidir. Cəmiyyətin dövlət formasında təşkili bir tərəfdən dövlətin hakim göstərişlərinin həyata keçirilməsinin həlledici vasitəsi kimi hüquqdan istifadə edilməsini, digər tərəfdən isə dövlət hakimiyyətinin özünün, onun orqanlarının və idarələrinin hüquqi forma almasını nəzərdə tutur. Dövlət hakimiyyəti xüsusi məcburiyyət aparatının köməyi ilə hüquq normalarının əməl olunmasını təmin edir. Dövlətin yaranmasınadək hakimiyyət ictimai xarakter daşımadığından cəmiyyətə rəh­bərlik edən apa­ratın, xüsusi məcburiyyət iradəsi yox idi. İbtidai icma cəmiy­yətində bütün hakimiyyət icma başçısı seçməklə birgə həyata keçirilirdi. Siniflərin və dövlətin yaranması ilə qan və icma əlaqələri pozulur, icma başçısının mənəvi nüfuzu əvəzinə ümumi hakimiyyət yaranır ki, o da cəmiyyətdən ayrılır və ona hakim olur.

Qədim dövrlərdə hakimiyyət teoloji xarakter alır. Yunan dövlətlərində filosoflar hakimiyyəti ilahinin iradəsindən dövlət hakimiyyətinə keçirirlər (Platon, Aristotel). Orta əsrlərdə dövlət hakimiyyəti kilsə və çoxsaylı patrimonial başçıların hakimiyyətinə qarşı qoyulurdu. Dövlət hakimiyyəti bu mübarizədən qalib çıxmış, hər hansı hakimiyyətdən asılı olmayan suverenlik əlamətləri əldə etmişdir.

Dirçəliş dövründə qədim dövr üçün xarakterik olan avtoritar hakimiyyətin bərpası ilə səciyyələnir. Bunun əsasları «müqavilə nəzəriyyəsinin despotik növü meydana gəlməsi» ilə bağlıdır. Müqavilə nəzəriyyəsinə görə hamı öz iradəsindən, təbii hüqu­qundan dövlətin xeyrinə imtina edir və dövləti hakimiyyətin subyekti edir. Bu müqavilənin müəllifi T.Hobbs hesab edirdi ki, cəmiyyətin məhv olmasına imkan verməmək, insan ehtiraslarını cilovlamaq, müəyyən çərçivədə mü­barizə aparmaq, ictimai xaosu nizamlamaq üçün dövlət lazımdır. Elə hakimiyyət gərəkdir ki, insanları xarici işğalçılardan, bir-birinə qarşı ədalətsizlikdən qorusun, bununla da onların təhlükəsizliyini təmin etsinlər. Dövlət çoxsaylı insanlar arasında qarşılıqlı müqavilə yolu ilə insanların hərəkətinə məsuliyyət daşıyır, onların gücünü lazımi bildiyi kimi istifadə edə bilir1.

Mütləqiyyətin süqutundan sonra nümayəndəlik təsisatına uyğun yeni dövlət quruluşu, müqavilə nəzəriyyəsinin başqa – liberal növü meydana gəlir. Bu nəzəriyyəyə görə ali hakimiyyətin əsasını müqavilə bağlayan tərəflərin qarşılıqlı öhdəçiliyi ilə hüquqi təşkilatın yaranmasıdır. C.Lokkun fikrincə ictimai müqavilə əsasında təbii vəziyyətdən vətəndaş vəziyyətinə keçid yalnız çoxluğun iradəsi və qərarı ilə baş verə bilər1.

Burjuaziya inqilabının yetişdiyi və mütləqiyyətin iflasa uğradığı dövrdə müqavilə nəzəriyyəsinin radikal növü meydana gəlir. Hakimiyyətin xalqa məxsus olunduğu, bölünməzliyi göstə­rilir və dövlət insanların fərdi hüquqlarından asılı edilir. J.J.Russo göstərir ki, əgər hakimiyyət xalqın razılığı olmadan qərar qəbul edərsə, xalqın müqaviləni pozmağa hüququ olmalıdır2. Müqavilə nəzəriyyəsi konstruksiyasında şəxsiyyət – substansiya, dövlət funksiya, şəxsiyyət ilkin, dövlət ikinci olur.

Dövlət hakimiyyəti və dövlət qulluğunun qarşılıqlı əlaqəsi konstitusiya və normativ-hüquqi aktlarda müəyyən edilir. Dövlət cəmiyyətin leqal və legitim hakimiyyəti olduğundan o öz məqsəd və funksiyalarını dövlət rəhbərliyində və dövlət idarəetməsi vasitəsilə həyata keçirir. Dövlət qulluğu dövlətin rəhbərlik-siyasi hissəsinə yox, idarəetmə hissəsinə aiddir. Dövlət rəhbərliyin siyasi vəzifələri tutan siyasi elita, idarəetməni isə onun əsas mexanizmi olan dövlət qulluğu vasitəsilə həyata keçirir. Bütün bunlar siyasi hakimiyyətin, dövlət idarəetməsinin və dövlət qulluğunun əlaqələrinin və qarşılıqlı təsirinin məntiqi nəticəsini göstərir. Odur Ki, dövlət qulluğunun hakimiyyət sistemində yeri və rolundan asılı olaraq cəmiyyətin effektivliyi təmin olunur. Dövlət qulluğu dövlətin məqsəd və funksiyalarını həyata keçirmək üçün ona hakimiyyət (güc, məcburetmə, təhrik etmə, avtoritet) verilir və nəticədə dövlət-qulluq münasibətləri yaranır, dövlət bu münasibətlərin subyektinə çevrilir, iradı xüsusiyyətlər ön plana keçir, imperativlik yaranır, məcburetmə aparatı fəaliyyətə başlayır.

Beləliklə, dövlət qulluğu dövlət hakimiyyətini yerinə yetirən sosial-hüquqi və təşkilati institut olmaqla – dövlət hakimiyyətinin digər institutlarının formalaşması, realizəsi və təkmilləşdirilməsi mexanizmi kimi çıxış edir.

4.1. Dövlət aparatı və dövlət qulluğu
Dövlət hakimiyyətinin həyata keçirilməsində onun realizə mexanizmi rolunu oynayan vertikal iyerarxik struktura malik dövlət aparatı* yaradılır. Dövlətin tarixi inkişafı əhəmiyyətli dərəcədə dövlət aparatı ilə əlaqədardır. Tarixi faktlar təsdiq edir ki, vergi hesabına formalaşdırılan dövlət hakimiyyətinin vəzifə funksiyaları genişləndikcə idarəetmə mürəkkəbləşmiş monarx sarayından funksional imperativ iqtisadi modernləşməyə daha yaxşı cavab verməyi bacaran müasir dövlət aparatının yaranmasına qədər bir yol keçmişdir.

M.Veber belə hesab edirdi ki, hər bir inkişafın əsasında hakimlik və tabeçiliyin zəruri şərti kimi idarəetmə aparatı çıxış edir. Əgər təşkilat böyük ölçülü deyilsə, inzibati funksiya sadədir və qrupun üzvləri onu yerinə yetirə bilir. Bu qrup böyüdükcə idarəetmə funksiyası mürəkkəbləşir, hakimiyyət və idarəetmə bürokratikləşir və sərbəst, müstəqil fəaliyyətə səbəb olur. Dövlət ideyasını və onun hakimiyyətini təmsil edən məmurlar təbəqəsi meydana gəlir1. Beləliklə, dövlətin və hakimiyyətin tarixi tipinə uyğun idarəetmə aparatı yaranır. Dövlət aparatı dövlət mexa­nizmini möhkəmlətməyə və təkmilləşməyə yönəlmiş iqtisadi, elmi-texniki, sosial və mədəni tədbirlər həyata keçirir. Dövlət aparatı dövlət mexanizmin tərkib hissəsi olmaqla dövlətin məqsəd və funksiyalarını həyata keçirmək üçün Konstitusiyada təsbit olunan hakimiyyətlərin bölgüsü prinsipi əsasında yaradılmış orqanlar (qanunverici, icra və məhkəmə) sistemidir.

Dövlət aparatının üç əsas modeli mövcuddur: mərkəz­ləşdirilmiş seqmental; manasefal (yun. «baş»); monoteokratik. Mərkəzləşdirilmiş seqmental hakimiyyət bölgüsü konsepsiyası həyata keçirilən vətəndaş cəmiyyəti olan ölkələrə xasdır; monosefal sistemdə hakimiyyət bölgüsü qəbul edilmir, dövlət hakimiyyətinin yuxarıdan aşağıya vahidliyi prinsipi, təkha­ki­miyyətlik çıxış edir. Bu sistemin başında bütün hakimiyyət səlahiyyətləri verilmiş bir orqan (vəzifəli şəxs) durur, orqanların vertikal tabeçiliyi xarakterikdir. Bu model sosialist ölkələrinə xas idi; monoteokratik sistemə dinin rəsmi elan edildiyi dövlətlərə xasdır. Bu sistem özündə iki elementi birləşdirir: dinə əsaslanan tək hakimiyyətlilik və müəyyən dəyişilməyə məruz qalmış icra qaydaları.

Dövlət aparatı aşağıdakı əlamətlərlə xarakterizə olunur: dövlətin müəyyən etdiyi qaydada yaradılması; dövlət-hakimiyyət səlahiyyətlərinin verilməsi; fəaliyyət qaydasının dövlət tərəfindən müəyyən edilməsi; vahid dövlət sisteminə məxsusluğu.

Qanunvericilikdə dövlət aparatının formalaşması bir neçə mərhələdən keçir:

1) Konstitusiyada dövlət aparatının, onun orqanlarının, yaranması və hakimiyyətlərin bölgüsü prinsipinin təsbit olunması (maddə 7).

2) dövlət hakimiyyəti orqanları – qanunverici, icra və məhkəmə orqanlarının təşkili və onların arasında səlahiyyətlərin və fəaliyyət məsələlərinin dəqiq müəyyən edilməsi (AR Konstitusiyası, maddə 95, 109 və 125).

3) AR Prezidentinin icra səlahiyyətlərini həyata keçirmək üçün Nazirlər kabinetinin (maddə 114), mərkəzi və yerli icra hakimiyyəti orqanlarının (maddə 109.7), prezidentin icra aparatının yaradılması (maddə 109.13).

4) hər bir dövlət orqanının aparatının daxili strukturunun formalaşması, onlar arasında səlahiyyətlərinin bölünməsi, onların koordinasiya və subordinasiya məsələlərinin həlli.

5) dövlət aparatında büdcədə nəzərdə tutulan xərclər və say tərkibi1 çərçivəsində dövlət qulluğu vəzifələri təsnifatına uyğun ştat cədvəllərinin hazırlanması.

6) dövlət qulluğunun formalaşması, müsabiqə və yüksəlmə yolu ilə vəzifələrin kompleksləşməsi.

Dövlət aparatının yaranması məzmununa və fəaliyyət istiqamətlərinə görə bir-birindən kəskin fərqlənən iki dövrə bölmək olar: birincisi, SSRİ Kommunist Partiyasının hakimlik etdiyi Sovetlər dövründə fəaliyyət göstərən dövlət aparatı; ikinci, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra demokratik hüquqi dövlətin, vətəndaş cəmiyyətinin quruculuğu və bazar iqtisadiyyatına keçid dövründəki dövlət aparatı.

Birinci dövrdə dövlət aparatının təşkili və fəaliyyəti prinsipləri, kadr tərkibi, iş formaları və metodları ilk növbədə dövlətin sinfi mahiyyəti ilə müəyyən edilirdi. Sosializm qu­ru­culuğunun ilk vaxtlarında dövlət aparatı dövlətlə eyni­ləş­di­rilir, dövlət termini yerinə dövlət aparatı ifadəsi işlədilir. Dövlət termini ilk dəfə SSRİ-nin yaranması haqda Müqavilənin preambulasında və SSRİ-nin ilk Konstitusi­yasında (1924) istifadə edilir.

V.Lenin «Dövlət və inqilab» əsərində göstərdiyi «dövlət bir sinfin digərini əzmək aparatı, mexanizmi», «bir sinfin başqası üzərində hakimliyini saxlamaq, köhnə dövlət maşınını sındırıb və yeni dövlət aparatı yaratmaq» ideyasının tətbiqi dövlət aparatına böyük səlahiyyət verilməsinə səbəb olmuş və onun vasitəsilə proletar diktaturası həyata keçirilmişdir. Odur ki, sovet dövlət aparatı yarandığı gündən sinfi mübarizədə mühüm alət kimi proletar diktaturasının əsas vasitələrindən biri kimi baxılırdı. Konstitusiyada, qanunvericilik aktlarında, hüquqi ədəbiyyatda sovet dövlət aparatının burjuaziya aparatından fərqini, onun sinfi mahiyyətində, məqsəd və vəzifələrində, gələcəkdə sinifsiz kommunist cəmiyyətinin qurulmasında görürdülər. Burjuaziya dövlətində ölkəyə rəhbərlik edən «parlamentarizmə» V.L.Lenin belə qiymət vermişdir. «Xüsusi sistemi kimi parlamentizm qanunverici və icra hakimiyyəti əmək bölgüsünü, həmçinin deputatlar üçün imtiyazlı vəziyyəti göstərir. Deputatlar yalnız qanunların qəbulunda iştirak edir. Qanunların icrası ilə xalqdan ayrı düşmüş, onun üzərində dayanan bürokratiya məşğul olur»1.

Sovet dövründə dövlət aparatı qarşısında cəmiyyətin və dövlətin inkişafını üç mərhələdə həyata keçirmək vəzifələri qoyulmuşdur: birinci mərhələdə proletar diktaturasına uyğun sosializ­min əsaslarını qurmaq; ikinci, proletar diktaturasından inkişaf etmiş sosializmə keçmək; üçüncü, ümumxalq dövləti yaratmaq. SSRİ-nin birinci konstitusiyasında (1924) sosial əsaslarının qurulmasını, SSRİ-nin yaranmasını, ikinci konsti­tusiyada (1936) fəhlə və kəndli sosialist dövlətinin, üçüncü konstitusiyada (1977) sosialist ümumxalq dövlətinin yaranması elan edilmişdir. O dövrdə dövlət aparatı dövlət hakimiyyətindən, idarəetmə, məhkəmə və prokurorluq orqanlarından ibarət idi.

Sovet dövlət aparatının yarandığı ilk gündən dövlət hakimiyyətinin nümayəndəlik orqanlarının – Sovetlərin tam haki­miyyətini təmin edirdi. Nümayəndəlik orqanları qanunvericilik fəaliyyəti və qanunların icrası ilə məşğul olmaqla, dövlət mexanizmində və vahid idarəetmə sistemində mərkəzi yeri tuturdu. Dövlət hakimiyyəti həyata keçirərkən sovetlər başqa orqanlarla hüquqi münasibətlər yaradır, dövlət idarəetmə orqanlarının təşkilati və fəaliyyəti prinsiplərini müəyyən edirdi. Dövlət aparatının bölməsi kimi qeyd olunan orqanların öz strukturu, vəzifələri, funksiyaları və səlahiyyətləri olmaqla müstə­qil idilər. Ümumiyyətlə, dövlət aparatının təşkili və fəaliyyəti formal olaraq siyasi-hüquqi prinsiplərlə - demokratik mərkəziyyət, xəlqilik, planlılıq, qanunçuluq, milli bərabərlik, aşkarlıq, ictimai fikrinin nəzərə alınması və s. aparılırdı.

Sovetlər dövründə dövlət aparatında olan çatışmamazlıq haqqında partiya və dövlət qərarlarında, hüquqi ədəbiyyatda mütəmadi göstərilmişdir. Əsas çatışmamazlıqlara: dövlət orqanlarında dəftərxana - bürokratik rəhbərlik; konkret rəhbərlik əvəzinə direktiv və çoxsaylı qərarlar qəbul edilməsi; icranın yoxlanılması və kadrların seçilməsi və yerləşdirilməsində səhvlər; sovet və təsərrüfat orqanlarında ştatların şişirdilməsi, dəftərxana işlərinə həddən artıq diqqət yetirilməsi; aparatın funksional qurulması, onlarla şöbə və sektorların arasında funksiyasının bölünməsində nöqsanlar və operativ rəhbərliyin və şəxsi məsuliyyətin olmaması; dövlət və partiya intizamının pozulması; rəhbər işçilərlə icraçıların arasında say tərkibi nisbətinin pozulması və hər üç-dörd işçisinə bir rəisin düşməsi və s. daxil edilirdi. Dövlət aparatının sadələşdirilməsi, onun saxlanmasına sərf olunan xərclərin azaldılması, artıq ştatların ləğv edilməsi, bürokratizm və formalizm, idarəçilik və yerliçilik təzahürlərinin kökünün kəsilməsi, işin daha yüksək səviyyəyə qaldırılması, rəhbərliyin yaxşılaşdırılması, qənaətçilik rejiminə ciddi əməl edilməsi haqda tapşırıqlar dekloratik xarakter daşıyırdı. Dövlət aparatı ilə məhdudlaşan təkmilləşmə, modernləşməyə – keyfiyyətcə bütün parametrlər üzrə yeniləşməyə, radikal dəyişikliyə gətirməmiş, əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlməsinə səbəb olmamışdır.

Ədəbiyyatda göstərilir ki, «tez-tez və uzun müddət cəmiyyətin dövlətdə obyektiv tələbatı özəlləşdirilmiş, hətta sadəcə olaraq dövlət aparatı və onun rəhbər bölməsi tərəfindən dövlətə qəsb edilmişdir. Xalqa mənsub olan dövlət aparatı və hakimiyyətdə olan bir qrup tərəfindən özəl lokal maraqlara və məq­sədlərə uyğun bilərəkdən dəyişdirilmiş və onun potensialından istifadə edilmişdir». Bütün bizim bəlalarımız, əzablarımız, yoxsul­luğumuz, geri qalmağımız, daimi böhranlar və başqa təzahürlərin əsas daxili mənbəyi, səbəbləri və hərəkətverici qüvvəsi dövlət aparatıdır… 1.

Beləliklə, sovet dövründə dövlət hakimiyyəti dövlət aparatında cəmləşmiş, o isə öz növbəsində kommunist partiyası tərəfindən idarə edilmişdir. Odur ki, Sov.İKP-nın ləğvi dövlət aparatının dağılmasına və sovet dövlətinin iflasına sə­bəb oldu və nəticədə SSRİ tərkibində olan 15 respublika, o cümlədən Azərbaycan öz suverenliyini elan etdi və bir-birinə oxşar dövlət hüquq institutları yaradıldı.

İkinci dövr. Azərbaycan Respublikasında suverenlik əldə etdikdən sonra dövlət aparatında köklü dəyişikliklər baş verdi. Müstəqil Azərbaycan Respublikasının yaranması, cəmiyyətin demokratikləşməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi dövlət vəzifələrinin artmasına, iqtisadiyyat, sosial, hüquqi və digər sahələrdə onun funksiyalarının genişlənməsinə səbəb olurdu. Bu isə öz növbəsində dövlət aparatının bu dəyişikliklərə uyğunlaşmasını şərtləndirirdi. İqtisadi islahatların yeni inkişaf mərhələsinə keçməsi sosial-iqtisadi proseslərin normal tənzimlənməsini, dövlət aparatının bütün həlqələrində - ali və yerli hakimiyyət, sahəvi və funksional idarəetmə orqanlarında təşkilati strukturların yenidən qurulmasını tələb edirdi.

İnzibati amirlik üsullarına və mərkəzləşdirilmiş planlı təsərrüfat sisteminə əsaslanan idarəetmə sistemi artıq yeni iqtisadi şəraitdə özünün ənənəvi funksiyalarını yerinə yetirə bilmirdi. Belə bir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsi yeni mexanizmin yaradılması ilə yanaşı, qeyri-səmərəli fəaliyyət göstərən və idarə olunan dövlət sektorunun yenidən formalaşdırılması və xüsusi sektorun dinamik bir şəkildə inkişaf etdirilməsi tələb olunurdu. Bunlar isə dövlətin daxili və xarici, obyektiv və subyektiv xarakterli funksiyalarına uyğun olaraq dövlət aparatının təkmilləş­dirmə problemini qoyurdu. Dövlət aparatının təkmil­ləşdirilməsi dedikdə daha da optimal struktura, daha da məqsədəuyğun fəaliyyətin forma və metodlarına çatmağa yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, idarə olunan obyektinə ideal təsiri yaxşılaşdırmaq üçün dövlət aparatının bütün potensial imkanlarından praktiki istifadə olunması başa düşülür1.

Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra dövlət aparatının yenidən qurulması dövrü başlandı. Keçid dövründə keçmişlə yeni arasında mübarizə şəraitində ictimai münasibətlər keçmiş, yeni və gələcək ictimai quruluşun elementlərini özündə əks etdirir. Bu əlamətlər özünü hüquqda da göstərir: müstəqilliyə qədər qəbul edilmiş qanunlar qüvvədə olur və hüquqi demokratik dövlət və bazar münasibətlərinin yaranması ilə əlaqədar yeni normativ aktlar qəbul edilir. Qadağan olun­mayan, icazə verilir prinsipi qüvvədə olur2. Dövlət təzahürlərinin qanunvericiliklə rəsmiləşdirilməsi əvvəlcə konstitusiyaya, qanunlara müəyyən düzəliş, dəyişiklik və əlavələr edilməsi ilə rəsmiləşdirilir. Onlardan: AR Ali Sovetinin qərarı ilə Prezident vəzifəsinin təsisatı haqqında qərarı, 18 may 1990-cı il tarixli Konstitusiya qanunu3; Azərbaycan Respublikası Konstitusiyasına (əsas qanuna) dəyişiklik və əlavələr haqqında 31 may 1990-cı il tarixli qanunu4; AR iqtisadi müstəqilliyi əsasları haqqında 17 may 1990-cı il tarixli qanunu1; dövlət idarəetmə sisteminin təkmilləş­dirilməsi ilə əlaqədar AR Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında 5 mart 1991-ci il tarixli qanunu2; AR dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannaməsi (30 avqust 1991-ci il), AR Milli Şurasının yaranması haqqında (17 may 1990-cı il) qanunu3 və s. göstərmək olar.

Müasir dövlət aparatının formalaşmasında «Dövlət idarəetmə sisteminin təkmilləşməsi ilə əlaqədar AR Konstitusiyasına dəyişiklik və əlavələr haqqında» 5 mart 1991-ci il tarixli qanunu4 xüsusi əhəmiyyət daşıyır. Bu qanunla Prezident institutu legitimləşmiş, icra hakimiyyətinin AR Prezidentinə mənsub olduğu təsbit edilmiş, Nazirlər Soveti Nazirlər Kabineti ilə, dövlət idarəetmə orqanları dövlət icra hakimiyyətləri orqanları ilə dəyişdirilir, ilk dəfə qanunvericilikdə dövlət hakimiyyəti bölgüsü aparılır.

İslahatların nəticəsində dövlət aparatının bütün hissələrinin məzmunu və mahiyyətində, strukturunda keyfiyyət dəyişiklikləri edilir, demokratik hüququ dövlət, hakimiyyət bölgüsü tətbiq edilmiş ölkələrin təcrübəsi və «modelini» bazar münasibətləri prinsipi əsasında Azərbaycan xüsusiyyətlərinə uyğun transfor­masiya prosesi gedir5.

Dövlət orqanlarını başqa orqanlardan fərqləndirən əsas əlamətlərdən biri onda dövləti - hakimiyyət səlahiyyətlərinin olmasındadır. Dövlət hakimiyyət səlahiyyətləri AR Konsti­tu­si­yasında, qanunlarda, AR Prezidentinin fərmanı və sərəncam­la­rında, nazirlər kabinetinin qərarlarında, orqanlar haqqında əsasnamələrdə və başqa hüquqi aktlarda təsbit olunur.

Səlahiyyət (kompetensiya - latın sözü) hər hansı orqanın və ya vəzifəli şəxsin səlahiyyət dairəsini1 göstərir. Səlahiyyət ictimai həyatın müvafiq sahələrində orqanın funksiyaları və hüquq və vəzifələrin məcmusu kimi hüququ təsviridir2. Hər bir dövlət orqanının səlahiyyəti - onlar arasında «əmək bölgüsünə» uyğun spesifik rolu nəzərə alınmaqla müəyyən edilir. Dövlət orqanlarının səlahiyyətləri həyata keçirilərkən dövlət bilavasitə hüquqi normalarla üç növ münasibəti tənzimləyir: birinci, dövlətlə onun orqanı arasında daim davam edən münasibətlər (orqan dövləti təmsil edir və verilmiş həddə onun iradəsini ifadə edir); ikinci, idarəetmə orqanları ilə idarə olunan obyektlər arasında münasibətlər; üçüncü, idarəetmə orqanı ilə başqa orqanlar arasında, müxtəlif idarəetmə orqanları arasında münasibətlər3.

Qeyd olunduğu kimi dövlət adından hərəkət edən dövlət aparatı struktur vahidi kimi dövlət orqanına hakimiyyət səlahiyyətləri verilir. Onlar səlahiyyətləri daxilində qanuna müvafiq müəyyən məsələlər barədə qəbul etdiyi normativ aktların icrası məcburi xarakter daşıyır. Qeyd etmək lazımdır ki, dövlət hakimiyyəti bölünməzdir, hakimiyyət yalnız dövlətə məxsusdur. Hər bir dövlət orqanının müxtəlif elementlərdən təşkil olunmuş hüquqi statusu olur. Orqanın səlahiyyəti - onun hüquqi statusunun mühüm elementidir.

Konstitusiyada və qanunlarda yalnız əsas orqanların səlahiyyətləri müəyyən edilir. Hər bir orqanda səlahiyyəti operativ həyata keçirmək üçün struktur bölmələr sistemi (idarə, şöbə, bölmə və s.) yaradılır və hər biri hüquqi formada həmin orqanın səlahiyyətinin bir hissəsini yerinə yetirir. Dövlət qulluğu haqqında Qanunun ilk variantında dövlət orqanları səlahiyyətlərinə görə üç kateqoriyaya bölünürdü. Birinci, əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən dövlət orqanları; ikinci, əsas səlahiyyətləri Azərbaycan Respublikasının Preziden­tinin fərman və sərəncamları ilə verilmiş dövlət orqanları; üçüncü, əsas səlahiyyətləri Nazirlər Kabinetinin qərarı ilə verilən dövlət orqanları*. Qanunvericilikdə dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinin təşkilati-hüquq formaları (qərarların qəbulunda təkbaşına və kollegial) göstərilir. Dövlət orqanı özünün daxili strukturu, müəyyən səla­hiyyətləri olan, özünəməxsus metodlarla fəaliyyət göstərən qanun əsasında yaradılan dövlət aparatının bir hissəsidir1.

Hər bir dövlət orqanı əvvəlcədən öz təyinatı, məqsədyönlüyü, konturu, struktur quruluşu, hüquqi tənzimlənməsi, maliyyələşməsi və funksiya gös­tər­məsinin forma və metodları, qəbul etdiyi hüquqi aktların növləri və onların praktiki həyata keçməsini təmin edən üsullarla xarakterizə olunur, bir-birindən yerinə və səviyyəsinə, səlahiyyətlərinə, müvafiq təşkilati strukturunu əks etdirən hüquqi statusuna görə fərqlənir.

Müasir dövrdə dövlət aparatından və onun qulluqçularından cəmiyyətin həyat fəaliyyəti, insan taleyi və onun rifahının artırılması, ictimai münasibətlərin humanistləşməsi, insanların mənəvi zənginləşməsi, dövlət və ictimai institutların təkmilləş­məsi və cəmiyyətin maraqlarına uyğun konstruktiv dəyişikliklər edilməsi tələb olunur. Dövlət aparatının cəmiyyət qarşısında duran məsələlərin həlli üçün dünya sisteminə transformasiya məsələsi aktuallaşır.

Prinsipcə planetin hər yerində dövlətçilikdə, istehsalatda yeni texno­logiyanın, yeni iqtisadi və demokratik şəraitə, ictimai həyat fəaliyyətinin yeni forma və mexanizmlərinə, insanların yeni ümidlərinə və sorğularına cavab verən xüsusiyyət və əlamətlər əldə etməklə transformasiya olunur.

Hazırda dövlət aparatı yeni mahiyyət kəsb edir və müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Bir istiqaməti qanunvericilik fəaliyyəti, qanunların icrası və vətəndaşların məhkəmə müdafiəsi, digər istiqamət daxili qaydaları, təhlükəsizliyi, xarici əlaqələri möhkəmlətmək, dünya birliyi ilə qarşılıqlı münasibətləri genişləndirməkdir. Dövlət aparatı bütün dünyada qəbul olunduğu kimi üç istiqamətdə: idarəetmə; daxili və xarici təhlükəsizlik və hüquq qaydalarının qorunması sahəsində fəaliyyət göstərir. Bu funksiyaların yerinə yetirilməsində seçilmiş idarəçilik formaları – monarxiya (mütləq, dualist, parlament monar­xiyaları) və respublika (prezident, parlament, yarımprezident respublikaları); dövlət quruluş formaları (unitar, federativ, konfederativ) xüsusi əhəmiyyət daşıyır. Belə ki, hər bir idarəçilik və dövlət quruluş formasına uyğun dövlət aparatı, dövlət idarəetməsi və dövlət qulluğu seçilir.

Dövlət aparatı dövlət hakimiyyət səlahiyyətlərini həyata keçirmək üçün dövlət hakimiyyət orqanlarında qanunvericiliklə yaradılmış inzibati vəzifələri tutan vətəndaşların peşəkar fəaliy­yətini təmin edən dövlət qulluğu formalaşdırır, ona dövlətin məqsəd və funksiyalarını yerinə yetirmək üçün səlahiyyətlər verir, dövlət-qulluq münasibətlərini tənzimləyən qanunvericilik aktları qəbul edir. Peşəkar dövlət qulluqçulardan ibarət dövlət aparatı dövlət təzahürlərinin həyat fəaliyyətini və effektivliyini təmin etmək üçün mövcuddur. Odur ki, o tək və bütövdür, şaquli xətt üzrə subordinasiya, horizontal üzrə koordinasiya olunur. Dövlət hakimiyyət orqanları sistemindən təşkil olmuş dövlət aparatının alt sistemi olan hər bir dövlət orqanının az təyinatı, məqsədəyön­lülüyü, konturu, təşkilati quruluşu, hüquqi tənzimlənməsi, maliyyələşməsi, fəaliyyət forma və metodları, qəbul etdiyi müxtəlif normativ aktların praktiki realizəsini təmin edilmə üsulları var. Alt sistem kimi hər bir dövlət orqanının öz statusu, səlahiyyətləri, rəhbər bölməsi daxil olmaqla icra strukturunda və xidmət bölmələrdən ibarət təşkilatı strukturu var.

Dövlət qulluğu dövlət orqanının vasitəsilə bütün dövlət aparatının səlahiyyətlərin praktiki həyata keçirilməsini təmin edir. Dövlət qulluğu dövlət orqanı – dövlət vəzifəsi – dövlət qulluqçusu – vətəndaş elementləri sistemində dövlət vəzifəsi – dövlət qulluqçusu – vətəndaş elementlərindən ibarətdir. Beləliklə, vəzifə dövlət qulluğu ilə dövlət orqanını əlaqələndirir. Vəzifə bir tərəfdən dövlət orqanının struktur vahidi, digər tərəfdən dövlət qulluğunun əsasıdır. Vəzifə kompleksləşəndən sonra dövlət qulluğu yaranır və fəaliyyətə başlayır, dövlət aparatı statik vəziyyətdən dinamik vəziyyətə keçir, dövlət mexanizmi işləməyə başlayır.


1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə