Redaktor: Günal Ayqar




Yüklə 1.31 Mb.
səhifə1/16
tarix10.04.2016
ölçüsü1.31 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Güntay Gəncalp

Sezənin sevgisi

Güntay Gəncalp

Sezənin Sevgisi

Redaktor: Günal Ayqar
Çapa hazırlayan: Rasim Qaraca

İçindəkilər


Sezənin sevgisi.........

Zirvələr yolçusu.......

Elçibəylə üz-üzə.........

Eldar Muğanlı.............

Araz Elsəs çağdaşlaşan ozan sənəti...................

Eşşəyimiz............................................

Həsən Bəy Dəmirçiyə məktub................

Sarı köpək.......................................

Rüstəm....................................

Turan xanım Cavid..............................

Yerlə göy arasında........................

Aşıq Həsən...............................

İlk məhəbbət..........................

Türlü düşüncələr...................

İsfəndiyar Coşğun..................

Kölgəmlə söhbət................

Sənin xatirələrin...................

Sirli məclis..............

Məzar səsləri................

Zindandakı dostuma məktub................

Yiyəsiz qalmış ev..........................

Köpəklərin sevişməsi....................

Dil və milli kimlik................

Qadın və azadlıq..................

Dil- qulaq və dil-göz

Ozan kimliyi üzərinə fəlsəfi təhlil.........

Milli kimliyin yüksəlişi və Babək Xürrəmdin........

Milli hərəkətin evrim və devrim fenomenleri........

Finlandiya və Azərbaycan tarixində modernləşmə dalğaları...............................................................

Hind mədəniyəti üzərinə düşüncələr.......................

Güney Azərbaycan gerçəklər və hədəflər..........

Siyasi və inteqrasion söylləmlərimiz................

İbni Rüşd................................................

Müsavatçılıq üzərinə tənqidi baxış................

Güneydə şəhərləşmə və milli hərəkət..........

Etiraz kültürü...................

Nədən türk-islam tarixində türkcə aşağılanmışdır?......

Azərbaycan ulusal kimliyində Ü. Hacıbəyli örnəyi.....

Modern mədəniyət və milli hərəkət.............................

Özət düşüncələr..................................



Sezənin sevgisi

I

1991-ci ildə taleimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə getmək, təhsilimi davam etdirmək idi. İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir. Bəzən dünyada baş verən böyük tarixi hadisələr fərdin özəl həyatına müdaxilə edir. Hələ Ərdəbildə ikən Quzey Azərbaycandan gələn xəbərlər məni dərindən etkiləmişdi. İçimdən bir qüvvə oradakı hadisələrə müdaxilə etməmi istəyirdi. Bakıdan bir səs məni çağırırdı sanki. Ankarada olduğum zaman Sovetlər Birliyinə necə gedə bilərəm haqda bilgi əldə etdim. Öyrəndim ki, Sovetlər Birliyinin Trabzondaki konsulluğundan viza almaq mümkünmüş. Trabzona getdim və orada 100 dolara viza verdilər. Pasportuma Sovetlər Birliyinə giriş vizası vurulmuşdu artıq. Trabzon, dənizin kənarında yerləşən əski və gözəl bir şəhərdi. Hər tərəfi də ormanlıq. Trabzonun küçələrində Sovetlər Birliyindən gəlmiş bir sürü qadın-kişi gətirdikləri əşyaları satırdılar. Mən də Azərbaycanlı axtarırdım bu gələnlər içərisində. Ancaq tapdığım Azərbaycanlılar da bir-birləri ilə rusca danışırdı. Bu da məni çox üzürdü. 10 gün müddətinə qaldığım Trabzonda şəhərin küçələrini gəzir, günbatan çağı da şəhərdən xeyli kənarda olan sahildəki qayalığın üstünə çıxıb çox yüksək səslə ya mahnı oxuyur, ya şeir söyləyirdim, ya da elə-belə bağırırdım. Bəzi günlər Qara dənizin dalğalarının səsi elə güclü olurdu ki, özüm də öz səsimi zorla duyurdum.



Bir gün yenə də günbatan çağı idi, eyni qayalığın üstündə üzümü dənizin dalğalarına tərəf tutub yüksək səslə öz-özümlə danışmağa gedirdim. Hər gün çıxdığım qayalığın üstündə bir qız var idi. Dənizdən əsən küləklər uzun saçlarını arxasında fəzaya dağıtmışdı. Dənizdəki dalğaların səsi hər tərəfi sarmışdı. Yalnız tərs tərəflərdən gəlib bir-birinə çarpışan dalğaların səsi duyulurdu. Qızın saçları fəza boşluğunda dalğaların ritmi ilə rəqs edərək ayrıca bir gözəllik yaratmışdı dənizin, dağın və ormanlığın bir-birinə qovuşduğu o mühitdə. Çəkingən halımla mən də onun arxa tərəfində, 20 metr kənarda başqa bir qayalığın üstünə çıxıb, həm dənizi, həm də o qızı seyr edirdim. Bəzən əllərini daraq edib və uzun saçlarını darayırdı. Mənim üçün maraqlı olan bu idi ki, onun davranışları Türkiyənin yayğın dinçi psikolojisi ilə örtüşmürdü. Hətta zənn etdim ki, bəlkə Sovetlərdən gələn gürcü, rus ya da erməni qızı ola bilər. Qız dənizi seyr etməkdən doyub şəhərə dönmək istərkən gözləri mənə sataşdı. Qızın üzünü gördüyümdə gözəlliyinə heyran qaldım. Iri qara gözləri, dirsəyinə və dizlərinə qədər açıq olan bəyaz vücudundan əks olunan günəşin şüaları adamı heyran buraxırdı. Yaxınlaşdıqca köksünün bəyazlığı da açıqca gözə çarpırdı. Əmin oldum ki, bu qız islam kültürünə mənsub birisi deyildir. Önümdən keçərkən “mərhəba”,— dedi. Şirin İstanbul ağzı ilə bu ədəbli davranışı onu mənim gözümdə mələk kimi göstərdi. Sanki mənim yabancı olduğumu anlamış kimi sordu:

- Neredensin?

- İrandanam.

- Biz də yeni gəldik, ancaq Trabzon çox gözəlmiş.

- Hardan gəldiniz ki, Türkiyəli deyilsiniz mi?

- Türkiyəliyəm. Ancaq Almaniyada dünyaya gəlib orada böyüdüm. Babamla Bakıya gedəcəyik. Babam əski bir kommunist və Sovetlər Birliyini görməyi qafasına taxmış. Kaç günə Bakıya gedəcəyik.

- Mən də Bakıya gedirəm.

Qız gəlib mən dayandığım qayalığa arxasını dayayıb durdu və sordu:

- Öylə mi, sən də mi kommunistsən?

- Mən çox gəncəm, nə olduğumu bilmirəm, sadəcə bilirəm ki, içimdə hissən böyük bir vətən duyğusu var, ancaq bu duyğunun düşüncə və tarix planında nə olduğunu bilmiş deyiləm,— dedim və davam etdim:

- Sənin adın nə?

- Adım Sezən.

Həyatımda ilk kəz idi bu qədər gözəl bir qızı öz yanımda hiss edirdim. Tam olaraq dönüb üzünə baxa bilmirdim, gözəlliyinin məni əfsun etməsindən və bir xəta yapmağımdan çəkinirdim. “Baban hardadır?”— deyə, sordum.

- Babam hoteldə, tanışmaq istər misin?

- Bilmirəm.

Öyləsinə dedim, çünkü babası ilə nə danışacağımı bilmirdim. Hətta ağlımdan keçdi ki, babası məni qızının yanında gördüyündə qıza da bilər.

- O zaman mən gediyim.

- Mən bir neçə gündür sizin bir az öncə üzərində durduğunuz o qayalığın üstündə durub üzü dənizə tərəf şeir oxuyuram. Mən də gedim o qayalığın üstündə bir az düşünüm.

- Düşünəsən mi?

- Əvət qaliba bu dəfə düşünməm də gərəkəcək.

-Tamam, görüşürüz,— dedi və getdi.

Mən də qayalığın üstünə tərəf addımladım. Bu dəfə qayalığın üstündə nə şeir oxuya bildim, nə mahnı, nə də bağıra bildim. Dənizdə dəli dalğaların bir-birləri ilə çarpışmasının tam tərsinə olaraq içimdə dərin bir səssizlik və susqunluq var idi.

II

Avqust ayının günbatan çağının qızmar günəşı altında müsafirlər sıraya durmuş gəmiyə minmək üçün bəkləyirdik. Məndən 20-30 kişi arxada Sezən də atasının qoluna girmiş quyruqda (səfdə) bəkləyirdi. Atası çox yaraşıqlı və zahirən gənc görünən birisi idi. Çox böyük bir gəmi sahildə durmuş və musafirlər minməyə başlamışdı. Pasport kontrolundan sonra böyük bəyaz gəmiyə girilirdi. Müsafirlərin çoxu qadın idi. Ən çox da gürcü, rus və erməni qadınları idi. Bəzi Türkiyə vətəndaşları da var idi. Mən də pasport kontrolundan keçdikdən sonra gəmiyə girdim. İlk dəfə idi gəmi ilə müsafirət edəcəkdim. İlk dəfə idi bu qədər böyük bir gəmiyə minirdim. Gəminin içində hər tür xidmətlər var idi. Bar, müxtəlif alkoqol və qeyri alkoqol içkilər və... Trabzondan Sovetlər Birliyinin Gürcüstan Cümhuriyətinin Poti liman şəhərinə qədər gəmi ilə gədəcəkdik, ordan oyanasını da o şəhərdə bəlli edəcəkdik. Gəmi yola düşdüyündə öncə hər kəs öz yerində oturmuşdu. Daha sonra özəlliklə gürcü xanımlar başladılar çantalarındakı vodkalardan içib rəqs etməyə. Bəm-bəyaz geyinmiş bir gürcü gözəli mənə yaxınlaşıb və ingilis dilində “mənimlə dans etmək istərsən mi?”—deyə, sordu. Mən də “Mən milli danslarımızı başarıram, sizin kimi oynayamam”,—dedim. Qadın əlimdən yapışıb və “gəl Qafqaz dansı oynayalım”,—dedi. Sonra da barmenə “Bir Qafqaz dans havası qoyun lütfən”,— söylədi. Barmen də bir oyun havası qoydu. Bir yerdə oynadıq, çox oynadıq. Mən də həvəslənmişdim, oynamaqdan yorulmurdum. Bir zamanlar Bakı televizionundan seyr etdiyim dansları təkbaşıma məşq edərdim evimizdə. Başqa xanımlar da bizə qatılmışdı. Musiqi bitdikdən sonra bəyaz paltarlı qadın əlimdən yapışıb məni oturduğu yerə tərəf çəkdi. “Mənim bolluca gürcü şarabım var, gəl bir yerdə içəlim”,—dedi.



“Tamam, içəlim”,—dedim. Ancaq çox içməkdən çəkinirdim. Çünkü bir dəfə Ərdəbildə və bir dəfə də Təbrizdə kamançaçı Əli Fərşbafın evində içib, sərtcə keflənmişdim. Bağırdığımı, yüksək səslə Füzulidən, Nəsimidən şeirlər söylədiyimi, İran-İraq savaşında dəstə-dəstə gözümün önündə ölənləri xatırlayıb və uca hönkürtülərlə ağladığımı söyləmişdilər ağlı başında qalmış dostlarım.

Bəyaz əlbisəli gənc xanım bardaqları qırmızı gürcü şarabı ilə doldurdu. Əllərini boynuma salıb “Sən yaxşı kişisən, yaxşı oynayırsan, sənin sağlığına içəlim”,— dedi. Həm də onunla oynadığım üçün yarım-yamalaq türkcəsi və gürcü tələffüzü ilə minnətdarlığını bildirirdi. Hər kəs bir tərəfdə içməklə, rəqslə məşğul idi. Mən bəyaz paltarlı xanımdan “Sənin işin nə?”—deyə, sordum. “Gürcüstan Dram Teatrının aktrisasıyam”,—dedi. Buna çox sevindim. Bir aktrisa ilə həmsəfər olmaq arzularımdan biri idi əslində. Bir neçə bardaq içdikdən sonra içimdəki İslam Şərqinə məxsus olan utancaqlıq kompleksləri də yox edilmişdi. Xanımın əlindən tutub, bu dəfə də mən onu dans etməyə dəvət etdim. Ancaq bu dəfə onun istədiyi kimi oynamalı idiq. O, “Başarmasan da önəmli deyil, sən kəndini mənə burax və mənim kimi hərəkət elə”— dedi. Gənc qadın başını mənim çiynimə qoyub, əlləri ilə də boynuma sarılmışdı. Böyləcə bu rəqs haqqında heç bir təcrübəm olmasa da, mən də onu bir şəkildə əllərimlə tutmuşdum. Gənc xanım yavaş-yavaş gürcü dilində sanki şeir pıçıldayırdı qulağıma. Nə söylədiyini anlamasam da cümlələrin musiqisindən, vəznindən və səsinin titrəməsindən şeir olduğunu hiss edirdim. Qadının nəm nəfəsləri boynuma, dodağıma toxunduqca təhrik olurdum. Sanki gözlərimə zillənmiş onun xumar gözləri məndən dərin bir istəkdə bulunmaqda idi. Özümdən asılı olmayaraq dodaqlarını öpməyə başladım. Gözlərini yumub dodaqlarını mənə buraxmışdı. Bir az öncə içdiyimiz şərabın dadı dodağından təkrar ağzıma dolurdu. Qadın əsrarəngizliyi ilə qarışımış şərabın dadı bədənimi titrədirdi. Əllərimin titrəməsini gizlətmək üçün onu daha da bərk-bərk bağrıma basıb sıxırdım...

İzdihamın içində birdən gözlərim Sezənin atasına sataşdı. Bir neçə xanımla bir yerdə şarab içirdi. Sezənin harda olması ilə maraqlandım. Kalabalığın dışında, salonun dibində bir türk gənclə söhbət edirdi. Get-gedə artıq dans hərəkətliliyi azalırdı. Bəzi müsafirlər oturduqları yerdə yatmaq istəyirdilər. Gürcü aktrisası, bəyaz paltarlı Amana ilə də bizim bir-birimizə sarılmağımız uğurla bitmişdi. İlk kəz bir qadınla öpüşmənin ləzzətini bütün ruhumla yaşamışdım. Nə onun, nə də mənim ingilizcəmiz yetərli deyildi. Amananın da gözləri yorğun görünürdü artıq. Yatmaq istəyirdi sanki, ancaq kültürlü bir insan olduğu üçün birdən-birə ayrıla bilmirdi. Sanki uyğun an axtarırdı ki, xətrimə dəymədən ayrılıb istirahət etsin. “Hər kəs yatır, bəlkə siz də dincələsiniz”,— dedim. O isə türk dilində “Çox təşəkkür edərim”,—deyib, ayrılıb yerində oturdu. Üzündə dadlı bir gülüşlə mənə baxa-baxa və sanki bu şirin gülücükləri ilə təşəkkür edə-edə yerində oturmuşdu. Mən də öz yerimdə oturdum. Sezənin atası gənc xanımlarla bir yerdə şarab içməsinə davam edirdi. Şarab və sevişmə məni öz etkisi altına almışdı. Yuxum gəlirdi. Həm də çox dadlıca yuxum gəlirdi, çünkü həm rəqs etməkdən, həm də şərabdan qaynaqlanan bir yorğunluq canımı sarmışdı. Yatmaq üçün də artıq uyğun zaman idi. Musiqi səsi durmuşdu, çevrədə çoxları da uyumuşdu. Məni də yuxu apardı.
III
Təqribən iki saatdan sonra yuxudan oyandım. Hər kəs yatmışdı. Altı saat daha yolumuz var idi. Sezənin də atası başını gənc bir xanımın çiyninə qoyub yatmışdı. Sezənlə gənc türk oğlan yox idi. Canım sıxılmağa başlamışdı. Gəminin üstünə çıxıb dənizi seyr etmək istədim. Pillələrlə qalxıb gəminin üstünə çıxdım. Dənizin qaranlığı başqa cür olurmuş. Qaranlıq, dənizdə iki qat olur. Çünkü qaranlıq özü də suda əks olunduğu üçün daha da qatılaşır. Uzaqların qaranlığı çox fərqli görünürdü. İlk dəfə belə qatı qaranlıq görürdüm. Gəminin üstündə çıraqlar yanırdı və gəminin çevrəsi görünürdü. Gəmi suları yarıb irəli getdikdən sonra arxasındaki su izləri çıraqlarının işığında görünürdü. Uzaqlar isə inanılmaz qaranlıq idi. Sanki gəmi, sadəcə suları deyil, həm də o sərt qaranlıqları öz işığı ilə yarıb irəli gedirdi. Daha uzaqlarda suyun var olduğu hiss olunmurdu, sadəcə qaranlığın var olduğu hiss olunurdu. Dəniz ancaq özünəməxsusluğu və havası ilə mövcudluğunu göstərirdi. Gəmi, suları yarıb irəli getdikcə, dənizin varlığı gözlə də hiss edilə bilirdi, yoxsa fəza, sağ-sol hər tərəf qaranlıq idi. Bəlkə də gəminin səsi olmasa bu qaranlıq qorxuducu kabusa da dönüşə bilərdi. Bu qaranlığın qorxuncluğunu önləyən bilgi idi. Bilirdik ki, səfərdəyik, qaranlığın içində hərəkətsiz deyilik, hərəkətdəyik. Bu hərəkət haqqında bilgi, insanı rahatladır, yoxsa bu qatı qaranlıqda insan boğula bilər. Gəmilər batdığında və bu batışı insan fərq etdiyində qorxu o zaman başlayır. Qorxu o zaman başlayır ki, insanın hərəkət haqqında bilgisi bilgisizliyə dönüşür. İnsan bilir ki, artıq istənilən hədəfə doğru hərəkətdə deyildir.

Gəminin üstündə bu şəkildə duyğular, düşüncələr içimdən keçirdi. Hava bir az soyuq idi. Gəminin irəliyə tərəf sürətli hərəkəti adamı üşüdürdü. Ancaq buradan dənizi seyr etmək çox ilginc idi. Geriyə dönüb isti paltar geyinib, yenə də geri döndüm. Gəminin digər başında Sezən, türk gənclə durmuş, söhbət edirdilər. Onlara tərəf gedib, “İyi axşamlar!”,— demək istədim. Söylədikdən sonra hər ikisi də mənə “iyi axşamlar!”,— dedilər. Sezən isə “Bizim qonuşmaya qatıla bilirsən”,— dedi. Mən də onlara qatıldım. Gənc adam ədəbiyat həvəskarı və Nəcib Fazil Qısakürək heyranı imiş. Sezənə “məncə sən Qısakürəyi diqqətlə oxumalısan”,— söylədiyini duydum. Sezən də “Dəqiq oxumadığımı hardan bilirsən. Qısakürək, sadəcə şairliyi ilə deyil, başqa əsərləri ilə də tanınan birisidir. Onun, cümhuriyəti quranlar haqqında görüşünə qatılmıram. Ona görə cümhuriyəti quranlar milləti maddi planda qurtarmış və mənəvi planda qaranlığa gömmüşlər. Əvvəla maddi planla mənəvi planın sınırlarını kəndisi də bilmir, bəlli etmir. Yəni maddənin harda bitib, mənanın hardan başladığı. Digər tərəfdən İzmirin, İstanbulun, Qarsın və... işğaldan qurtarışı qurtuluşun, sadəcə maddi planını mı oluşdurur? Qısakürək, Osmanlı dönəmini idealizə edən Sultan Həmid cəhalətinin heyranı olan bir şairdir. O, cümhuriyəti quranların hamısını saxta qəhrəman adlandırır və Türk millətinin tarixi missionunu da bu saxta qəhrəmanları tarixdən silmək kimi görür. Öz gericilik dolu baxışlarını bu misralarla bəyan edir:

“Bizə qalan əziz borc əsrlik zamanlardan

Tarixi təmizləmək, saxta qəhrəmanlardan”

Qısakürək Türkiyədəki hizbullah teror örgütünün ideoloqudur. Onun “Böyük doğu” projesi də Türkiyəni islam ölkələrinin qaranlığına gömmək üçün ortaya atılmışdır. Türkiyə islam orta çağından qurtulmağa özənirkən, o, Türk millətinin bu qaranlıqda qalmasına israr edir. Mən onun fikirlərinə qətiyyən qatılmıram. Qısakürəkçilik Türk millətinin zehnini təkrar Osmanlı qaranlığına sövq etmək istəyir.”— dedi. O zaman mənim milli məsələlərlə bağlı bilgim çox-çox az idi. Ancaq öyrənmək istəyirdim. Türkiyə və Quzey Azərbaycanın son 80 illik tarixi ilə bağlı az bilgim var idi. Bakida yazılmış və daha sonra Moskvada “Proqress” nəşriyatı tərəfindən fars dilinə tərcümə edilmiş bir neçə roman oxumuşdum. Bu romanlarda da M.Ə. Rəsulzadə kimi şəxsiyətlər ingilis casusları kimi tanıdılmışdı.

Gənc adam “Sovetlər Birliyi dağılacaq və islami dəyərlər əsasında Türk Dünyası birləşəcəkdir”,— fikrini irəli sürürdü. Sezən isə “pəki nədən bu zamana qədər islam, Türk Dünyasını birləşdirmədi də, bundan sonra birləşdirəcəkmiş? Heç düşündünüz mü ki, Türk Dünyasının param-parça oluşunun nədənlərindən biri də islam və islamı fərqlı alqılamalar olmuşdur? Türk-islam tarixində öylə bir dönəm var mi ki, türklük şüurlu şəkildə islami dəyərlər əsasında birləşmiş olsun? Osmanlı şüurlu bir birlik deyildi. Zatən Osmanlıda şüur deyə bir anlayış yox idi. Şüur bir biolojik məsələ deyildir, eyitim məsələsidir. Osmanlıda bir eyitim sistemi var mı idi? Varıydısa, nədən Osmanlı çökdüyündə, yalnız yüzdə yeddi olaraq insanlar yazıb-oxumaqdan bərxurdar idi? Bu yazıb-oxumağı başaranların da çoxu ermənilər, yəhudilər və devşirmələr idi. Müsəlman olmayanların yazıb-oxumağa sahib olmaları Osmanlı təşəbbüsünün nəticəsi deyildi. Ermənilərin kilsaları, yəhudilərin sinaqoqları onları eyitmişdi. Birlik şüurunu türk tarixinə islam gətirmiş mi, gətirmişdi isə, nərəyə batıb getdi o birlik fəlsəfəsi, birlik zehniyəti?”,— deyə şirin İstanbul ləhcəsi ilə danışırdı. Və davam etdi: “Türk Birliyi modern bir məfhumdur. Bu birliyi ancaq və ancaq modern Türk zehniyəti sağlaya bilər. Əski dəyərlərə dayanacaq olsanız birlik sağlanamaz. Birlik məfhumu çağdaş dünyanın ortaya qoyduğu bir olqudur. Çağdaşlığı yaxalaya bilməzsək Türk Dünyasını birləşdirmək bir yana dursun, Türkiyəni də şəriətin, dinçiliyin qorxunc qaranlıqlarına gömərik. Bu üzdən də Qərb metodolojisinə ehtiyacımız var. Hətta islamı da elmi şəkildə anlaya bilməmiz üçün Batının bilimsəl metoduna möhtacıq. İslam üzərinə yazılmış əski təfsirlərlə heç bir yenilik və gəlişmə əldə ediləməz. Osmanlının son xaini Sultan Vahdəddin idi. Siz Türk-İslam ülküçüləri onu xain olaraq görmürsünüz. Ölkəni qorumaq yerinə ingilislərə sığınan xain deyil də nədir, pəki? “Türk-islam ülküçülüyü” biliyor musunuz nədir? Türk dünyasının uzun və´dədə birliyini pozmaq üçün ortaya atılmış ideolojidir. Güya Türklər daha öncə geri zəkalı imiş, islamiyətlə şərəf qazanmışlar. Bütün Türk-islam tarixinin milli-mənəvi dəyəri bir Göytürklər dönəminə eşit olmazkən, nasıl islam öncəsi türk kimliyini görməzlikdən gəlirsiniz? Türk-islam ülküçülüyü atatürk ulusçuluğuna qarşı Türk düşmənləri tərəfindən ortaya atılmışdır.”—söylədi. Gənc adam çox pərişan görünürdü. Bəlkə də qarşısındakı bir erkək olsaydı dalaşa da bilərdi. Ancaq Sezənin qarşısında sanki yenik bir psikoloji ilə “Sən həddindən artıq Batılılaşmışsan. Fikirlərinizlə kəsinliklə razılaşmıram. Bizim birlik istəyimizin arxasında dərin bir mənəviyat olmalıdır. Olmazsa olmaz. O əxlaqi və mənəvi dəyərləri də ancaq islamiyət bizə verə bilər. Türk milləti islamiyətlə şərəfləndikdən sonra böyük dövlətlər qurmuş və mədəniyətlər inşa etmişdir. Sənin görüşünə sayqı duyuram, ancaq qəbul etmirəm.”,— dedi. Sözlərini bitirdikdən sonra da müsaidə istəyib ayrıldı.

Gəminin üstündə bir mən, bir də Sezən qalmışdıq. Sezəni ilk gördüyümdə gözəlliyi məni başqa cür etkiləmişdi. Lakin indi onun fikirlərini bu qədər dərin bilgi ilə söyləmə cəsarətindən qorxar kimi olmuşdum.

“Maraqlı fikirləriniz var. Bu qədər gənc olmanıza baxmayaraq, elminiz çox yüksək. Nə yaziq ki, mən türk tarixi ilə bağlı heç bilgim yox. Bizim ağlımızı qaranlıqda saxlamışlar İranda. Əslində mənim bu səfərim də həqiqətimi kəşf etmək amacı daşıyır”,— dedim.

“Yox, mən də yenicə başlamışam. Mənim babam kommunist olduğu üçün ta çocuqluqdan mənə həp kommunist ədəbiyatı oxutmuşdu. Insanlığa gərək olmam üçün babama görə marksist olmam gərəkirmiş”,—dedi.

Sezənin atası da gəminin üstünə çıxmış bizə tərəf gəlirdi. Yaxınlaşdı və tanış olduq. Ərdəm bəyin söhbət tərzi mənə çox tanış idi. Bir kommunistin olaylara necə yanaşdığı haqda həm bilgim, həm də təcrübələrim var idi. Ərdəm bəy mənim İrandan olduğumu bildikdən sonra Səməd Behrəngini oxuyub-oxumadığımı sordu. Mənim də kommunizm təlimatı haqqında bilgimin var olduğu və o hissiyatla tanışlığım Ərdəm bəyi məmnun etmişdi. Ancaq mənim o anda kommunizmlə heç bir bağlantım qalmamışdı. Bir boşluq içində idim. Bilirdim ki, kommunizm bizə ihanət etmiş. Ancaq bunun elmi-məntiqi səbəbini izah edə bilmirdim, bunun üçün zaman lazım olacaqdı. Dini tərəfimin zəif olması məni Sezənə tərəf sövq edirdi. Səfər sürəsincə İranda bizim üzərimizə uyqulanan islam zülmündən Sezənə çox danışacaqdım. Ərdəm bəyin qızının mənimlə tanışlığından bir məmnunluq hiss etdiyini anladım. Sezən almancanı, ingiliscəni mükəmməl bilirdi. Bakıya çatana qədər həmyaş olduğum Sezənlə bir çox mövzu haqqında söhbət edəcək, bir çox şeylər öyrənəcəkdim. Sezənlə mənim ortaq bir yönümüz var idi: hər ikimiz Quzey Azərbaycanın iqtisadi, siyasi, mədəni durumu haqda az bilgiyə sahibdik. Hər ikimiz də bu haqda maraqlanırdıq. Mən, yalnız Azərbaycan musiqisi haqqında nisbətən bilgi sahibi idim. Sezən Azərbaycan musiqisini sevirdi.


IV
Səhər çağı Potiyə çatdıq. Ərdəm bəy gəmidə tanışdığı qadınlardan ayrılmaq istəmirdi. Onlarla səmimiləşmişdi. O xanımlardan birisi Ərdəm bəyi evinə qonaq dəvət etməkdə qərarlı idi. Gənc və gözəl xanım, Ərdəm bəyin əlindən yapışıb gülə-gülə “Sizi evimdə görmədən buraxmayacağam, gəl mənim eşimlə də tanış ol, daha sonra eşim öz arabası ilə sizi ya avtovağzala, ya da demiryoluna çatdırar”,— deyirdi. Ərdəm bəy dəvəti qəbul etdi və qızını da yanına alıb getmək istərkən, Ərdəm bəylə əl sıxışıb ayrılmaq istədim. “Hər halda Bakıda buluşacağıq yəqin ki”,— söylədim. Bu an Sezən, babasına “Yol arxadaşımızın bizimlə gəlməsinə bir sakınca yoxsa, bərabər gedilim”,— dedi. Bərabərcə Potidə dəvətçi gürcü xanımın evinə yola düşdük. Bu an Amana mənə yaxınlaşıb, “Sizə iyi yolçuluqlar, gəmidəki eşliyin üçün təşəkkür edərim”,—deyib vidalaşdi. Amananın incə və bəyaz əlini sıxıb, “Əsən qal, sənə mutluluqlar diləyirəm, kim bilir, bəlkə bir zaman başqa bir yerdə yenə də qarşılaşdıq və bir yerdə rəqs etdik”,— deyib ayrıldım. Evinə yollandığımız gürcü xanım çox sevincli idi. Mən belə hesab edirdim ki, bu qədər gözəl olan, aristokratca davranan bir xanımın gözəl bir evi olmalıdır. Ancaq evinə çatanda bütün düşüncələrimiz alt-üst oldu. Həm özü, həm də əri universitet bitirmiş bu xanımın evi ümumi bir həyətdə yerləşirdi. Ümumi həyətə girdiyimizdə həyətin bütün adamları başımıza toplaşıb bizə baxırdılar. Sanki ömür boyu həyatlarında yabancı insan görməmişdilər. O zaman Sovet cəhənnəminin qapıları xarici dünyaya yavaş-yavaş açılırdı. Gürcü xanımın əri də gəldi, bizimlə görüşüb evə dəvət etdi. Evə girdiyimizdə sanki zindana daxil olduq. O yoxsulluğu mən yazmaqla anlada bilmərəm. Sezən üzünü babasına tutub “Baba, sənin qürur duyduğun kommunizm insanları böyləsinə mutlu etmiş!”— söylədi. Ərdəm bəyin gözləri heyrətdən bərələ qalmışdı. Tualetə getmək ehtiyacı oldu. 10-15 ailənin yaşadığı bir həyətdə yalnız bir tualet var idi. Tualetə girdiyimizdə isə qorxunc iyrəncliklə rastlanırdıq. Bu qədər gözəl və nəcib insanları sosializm bədbəxt etmişdi. Almaniyanın mürəffəh həyatının içində böyümüş Sezən üçün bütün bu görüntülər bir fəlakət kimi gəlirdi. Evdən vağzala zəng edib Poti-Tiflis qatarının zamanını öyrəndilər.

Qatarın bir kupesində yalnız üçümüz idik. Ərdəm bəylə də münasibətimiz dərinləşmişdi. Müxtəlif mövzulardan söhbət edirdik. Sezən sözü hər dəfə “İrandakı türklər” mövzusuna gətirib çıxardığında babası, “Qızım, bu aşırı milliyətçiliyi nə zaman buraxacaqsan?”— deyə Sezəni susdururdu. Mənim də milli şüurum o zaman yox dərəcəsində idi. Ümumdünya məsələləri haqqında öz vətənimin keçmişindən, bu günündən daha çox bilirdim. Sezənin maraqlarına cavab verə bilmirdim. Azərbaycanı görməyə, oranın iqtisadi-ictimai durumundan xəbərdar olmağa tələsirdim. Ancaq Gürcüstanın vəziyyəti məni çox üzmüşdü. Azərbaycanın da vəziyyətinin aşağı-yuxarı elə olacağını zənn edirdim.

Oxuduğum bəzi romanlarla bağlı Sezənə danışırdım. O zamanlar, özəlliklə Romen Rollanın “Jan Kristof” və “Heyran ruh” əsərləri məni çox etkiləmişdi. O kitablarda və digər oxuduğum romanlardakı şəxsiyətlərin ruh halları haqqında danışırdım. Sezən isə alman ədəbiyatından söhbət edirdi. Ancaq daha çox modern türk ədəbiyatı haqqında ləzzətlə danışırdı. Nazim Hikmətin şeiriyətini sevirdi, ancaq onun rusçuluğunu qəbul etmirdi. Babası qızının bu tərz yanaşmasına etiraz edirdi. Ərdəm bəy üçün Nazim Hikmət sanki bir peyğəmbər kimi şair idi. Yol boyunca daha da dostlaşmışdıq. Sezənin könülləri viran edən gözəlliyi də artıq mənim üçün doğmalaşmışdı. Sezənə aşiq olmaqdan qorxurdum. Çünkü aramızda dərin kültür, dünyagörüşü fərqliliyi və digər dərin fərqliliklər var idi. Ancaq Sezən həm gözəlliyi, həm də zəngin düşüncələri ilə artıq qəlbimin bir yerlərində özünə yer etmişdi. Düşünürdüm ki, mənim şeir təbim üçün yaxşı bir fürsətdir Sezəni sevmək. Onun eşqi yolunda gözəl aşiqanə şeirlər yazaram. Türk yazarı Pəyami Səfa haqqında danışdığında, sifətindəki gözəl mimikalarla düşüncələri elə ahəngdarlıq oluşdururdu ki, söylədikləri sadəcə ağlımı deyil, bütün hissiyatımı və ruhumu etkiləyirdi. İllər sonra Sezənin şərəfi xatirinə Peyami Səfanın əsərlərini ləzzətlə oxudum.

Tiflisdə ayrılmalı olduq. Ərdəm bəyin Tiflisdə arxadaşı var idi və iki gün orada qalmağı düşünürdü. Ayrıldığımız zaman hiss etdim ki, içimi bir ağrı sardı. Qəlbimin dərinliyindən qaynaqlanan məchul bir enerji vücudumu titrətdi. Sezəni bir daha görməyəcəyimi düşünürdüm. Onlarla əl sıxışıb ayrıldığımızda Sezən “Sanırım, Baküdə buluşacağız”,— dedi.

Mən bir taksiyə oturub avtovağzala getdim. Tiflis-Bakı yolunda Sezənin surəti və söylədikləri gözlərimin önündən, ağlımdan çəkilmirdi. Sovetlər Birliyinin dağılacağını heç xəyalıma belə gətirmirdim. Yalnız bir şeyə qərar vermişdim: artıq Ankaraya geri dönüb Birləşmiş Millətlər Təşkilatı yolu ilə Avropaya getməyəcəyəm. Bakıda universitetə girib, həm təhsilimi davam etdirməyi, həm də Azərbaycanı dərindən öyrənməyi qərarlaşdırmışdım. Hiss edirdim ki, çox bilgi əksiyim var və bir şəkildə bu əksikliyi ortadan qaldırmalıyam.

Bakıya ilk girdiyimdə neft qoxusu diqqətimi cəlb etdi. İlk gecəni sahildə yerləşən böyük gəmi müsafirxanasında qaldım. Sabahısı Azərbaycanın məşhur şəxsiyətləri ilə görüşüb onlardan universitetdə oxuya bilməm üçün yardım istəməyi qərarlaşdırdım. “Azərbaycan” qəzetinin baş redaktoru Sabir Rüstəmxanlı ilə tanış oldum. Orada bir gənc oğlan kirayə ev tapmağıma yardımçı oldu. Şərq bazarının arxasında təkotaqlı bir ev kiraladım. Lakin vizamın vaxtı az olduğu üçün ən qısa müddətdə universitet məsələsini həll etməyə çalışırdım. Azərbaycan böyük bir təlatüm içində idi. Bu təlatümün, hərəkətliliyin səbəbini və fəlsəfəsini bilmirdim. Hər kəsdən bir söz eşidirdim. Lakin eşitdiklərim ağlımın suallarına cavab verə bilmirdi. Hiss edirdim ki, dərin bir mütaliə lazımdır. Azərbaycanda ermənilərə və ruslara qarşı dərin antipati var idi. Bunun tarixi səbəbini anlaya bilmirdim. Anlamam lazım idi. Hiss etdim ki, böyük bir məsuliyət üzərimə yüklənir. Təfəkkürümün qarşısında uzun bir yol açılırdı. Lakin heç bir hərəkətə qatılmadan ilk öncə Bakıda qala bilməm üçün təhsil məsələsini mütləq həll etməli idim.


V
Bakıya gəldiyim iki həftə müddətincə bir çox yerlərə uğramışdım. Bakı Tibb Universitetində oxumaq istəyirdim. Avqust ayının 23-də universitetin rəktoru ilə görüşüm var idi. Səhər yuxudan qalxıb, 28 Aprel (daha sonra 28 May oldu) xiyabanında hər gün səhər yemək yediyim kafeyə uğradım. Gördüm, şəhərdə çox qarışıqlıq və hay-küy var. Polislər hər tərəfə dolmuş və şəhərin böyük meydanlarında da tanklar yerləşmişdi. Dəstə-dəstə adamlar şəhərin yuxarısına tərəf axın edirdi. Bir ağsaqqal kişidən soruşdum:

- Əmi, nə olub, şəhər niyə belə qarışmış, bu insanlar hara axın edir?

- Ay oğul, haralısan?

- Ərdəbildənəm.

- Ərdəbil!?

- Bəli, Ərdəbil.

- Nə zaman gəlmisən?

- İki həftədir.

- Ona görə bilmirsən demək.

- Nəyi, nəyi bilmirəm?

- Biz ayrılıb müstəqil dövlət olmaq istəyirik. SSSRi dağılırdı. Başda Yanayev olmaqla hərbçilər hərbi çevriliş etmişlər. Qorbaçovu tutuqlamışlar. Qorbaçovdan indi xəbər yoxdur. Camaat da axın edir Xalq Cəbhəsinin önünə. Sovetlər Birliyinin hər tərəfində millətlər ayağa qalxmış. Ruslar özü də hərbçilərə qarşıdır. Yeltsin indi bu saat Moskvanın Qızıl Meydanında camaatı qiyama çağırır.

Xalq Cəbhəsinin önünə tərəf dırmaşan insan selinin axını məni öz içinə alıb toplantı mərkəzinə doğru apardı. İnsanların əlində müxtəlif bayraqlar var idi. Bu bayraqların nə anlam daşıdıqlarını bilmirdim. Gənc xanımlar və oğlanlar “Heyratı” muğamında səs-səsə verib oxuyurdular:

“Yad qılıncı ilə doğrandıq, yetər!

Zülmə qarşı qalx-qalx, qul olduq, yetər!

Biz ayağa qalxsaq əgər, ayrılıq bitər!

Qalx ayağa, millət, boğmasınlar səsimizi,

Bir bayraq altında birləşdir bizi!”

Bu fəryadlar, ana dilimizdə yüksələn bu fəryadlar ruhumu dərindən təsirləndirirdi. Hiss edirdim ki, ruhumun dərin qatlarında bir şeylər oluşur. Bir şeylər içimdə var olurdu. Hiss edirdim ki, fikrən dərinliyinə qədər bilmədiyim bu milli mübarizə bütün duyğularımı sarmağa başlamış. Öz ana dilimdə insanların “İstiqlal!” bağırtılarını eşidərkən gözlərimin yaşı durmadan axırdı. Bu milli marşlar sanki mənim suçlu olduğumu ifşa edirdi. Gerçəkdən də özümü günahkar sayırdım, çünkü öz millətim və kimliyim haqqında heç bilgim yox idi. Yavaş-yavaş mən də “Ya istiqlal, ya ölüm!” şüarını bağırmağa başlamışdım. Bu şüarın doğru olduğunu vicdanımda millətin hayqırışları təsdiqləyirdi. Ancaq istiqlal fəlsəfəsi haqqında məlumatım yox idi.

Nəriman Nərimanovun çox böyük heykəlinin yanında Xalq Cəbhəsinin qərargahı yerləşirdi. Meydan adamlarla dop-dolu idi. Xalq Cəbhəsi qərargahının önündə uzunboylu çalbaş, çalsaqqal bir kişi mikrofonla yüksək səslə deyirdi: “Azərbaycan xalqı digər millətlərlə bir yerdə hərbçilərin bu qanunsuz hərəkətlərinə qarşı mübarizə aparacaq. Azadlıq və demokrasi yolunda digər millətlərlə bir yerdə mübarizəmizə davam edəcəyik. Biz, söz azadlığı, fikir azadlığı, demokrasi istəyirik. Yaşasın demokrasi, yaşasın azadlıq!”

Polis və ordu milləti çevrələmişdi. Camaatın “A-zad-lıq!” fəryadları şəhəri başına almışdı. Birdən polis mikrofonlarından “Dağılın!” səsi yüksəldi. Ancaq izdiham dağılmırdı. Kimsə yerindən tərpənmirdi. Polisə və orduya “İzdihamı dağıdın!” əmri verilmişdi. Birdən hər tərəfdən polis və ordu camaatı döyüb dağıtmağa başladı. Bir az əvvəl Xalq Cəbhəsi qərargahının eyvanından xalqa xitabən danışan uzun boylu, çalsaqqal kişinin başına polis dəyənəklə elə vurdu ki, adam eyvandan yerə düşdü. Polis və ordu, qabağına gələni amansızca vururdu. Bir neçə gənc xanımı vurdular, başları dəlindi, qolları qırıldı. Qaça-qaç başlamışdı. Mən də qaçmaq istərkən, birdən gözüm Sezənə sataşdı. Sezən də izdihamın içində idi. Əlində üç rəngli bir bayraq, hara qaçacağını bilmirdi. Sezəni gördüyümdə qaçıb ona yaxınlaşmaq istədim. Bu an bir polis əlindəki dəyənəklə Sezənin belinə möhkəm vurdu. Sezən əlindəki bayrağın sapını yerə dayayıb ona söykənmişdi ki, yıxılmasın. Digər bir polis təkrar Sezəni vurdu. Polislər vurub keçirdilər. Eyni polis mənə də çatdı və buduma möhkəm bir dəyənək vurub keçdi. Yeriməkdə çətinlik çəkdim. Lakin mərəkədən tez çıxmalı və Sezənin də çıxmasına yardımçı olmalı idim, çünkü adamları polis davamlı döyürdü. Özümü Sezənə çatdırdım:

-Sezən, sən burda nə edirsən? — sordum. Sezən danışmaqda çətinlik çəkirdi. Yıxılmamaq üçün sağ qolunu mənim boynuma doladı və sol əlində möhkəmcə tutduğu bayrağa işarə edərək dedi:

-Tut bu bayrağı, qoyma yerə düşsün, buraxma bu bayraq ensin, — dedi.

-Bu nə bayraqdır?

-Bu bizim bayrağımız imiş, türkün bayrağıdır, Azərbaycanın istiqlal bayrağıdır.

Bayrağı əlimə alıb, digər əlimlə də Sezənin qoltuğuna girdim. Üzü aşağı tərəf Sezəni arxama alıb meydandan uzaqlaşmağa çalışdım. Sezən ayaq üstə dura bilmirdi. Bakı Soveti deyilən yerdə bir taksiyə oturub, mənim evimə getdik.
VI
Sezən artıq mənim üçün gözəl, düşüncəli bir qız olmaq səviyəsindən çıxmış və vətənimin istiqlalı uğruna savaşan bir qəhrəman kimi olmuşdu. Bu gözəl vücud, Azərbaycanın istiqlalı yolunda kötəklənmişdi. Həm də çox sərt döyülmüşdü. Evə çatar-çatmaz onu yatağın üstünə uzatdım. Başını yasdığa qoyarkən, dedi:

-Elçibəyi vurdular.

-Elçibəy kimdir?

-Elçibəy bu hərəkətin öndəridir. Onun başına bir iş gəlsə, Azərbaycan istiqlalını qazanmaqda zorlanacaq.

-Elçibəy, o uzun boylu saqqallı kişi mi idi?

-Əvət, o idi.

-Sən hardan tanıyırsan onu?

-İki gün öncə getmişdim görüşünə. 2 saatdan fazla konuşmuşduq.

Əlimi alnına qoydum. Qızdırması artmağa başlamışdı. Soyunmasına yardımçı olmamı istədi. Beli və budu qap-qara olmuşdu.

-Bəlkə səni doktora aparım? — dedim.

-Yox, gərəkməz. Doktor baxsa, biləcək, polis vurmuş. KQByə xəbər verə bilərlər. Başımız daha da dərdə girər. Gərəkməz doktora uğramaq, —söylədi.

Dəsmalı isti suda yuyub, bədənindəki dəyənək izlərinə sürtdüm. Öz canım da bərk ağrıyırdı. Ancaq Sezənin dərdi, öz dərdimi unutdurmuşdu. Sezən tam dəlilər kimi əsəbi şəkildə öz-özünə pıçıldayırdı:

“Ben ezelden beridir hürr yaşadım, hürr yaşarım

Hangı çılğın bana zincir vuracakmış, şaşarım!”

Hiss etdim ki, yuxusu gəlir. Yatsaydı, yaxşı istirahət edərdi. Sezən dərin yuxuya daldı. Mən də axsaya-axsaya mağazadan yeyəcək almağa çıxdım.
VII
Mən də yerdə uzanıb yuxuya dalmışdım. Sezənin hərəkətləri məni yuxudan oyatdı. Gecə saat iki idi. Yaxşıca yatmışdıq. Ancaq Sezən çox çətin yeriyirdi. Mənim yaşadığım tək odalı evə bir daha diqqətlə baxdı. “Nə qədər yoxsulluq və fəqr var bu ölkədə...”,— dedi. Çox dalğın və düşüncəli idi.— “Ancaq çox ilginç ki, kəndimi bu yoxsul odada nə qədər ruhən güvəndə hiss edirəm”, — deyə, davam etdi.

- Niyə güvəndə hiss edirsən kəndini?— sordum.

- Çünkü ilk kəzdir ki, həyatımda inancım və bilgilərimin icabınca yaşamaqdayam.

- Daha öncə fərqli mi idi yaşayışın?

-Çox fərqli idi, Almaniyada çox rifah var. Orada həyatın maddı idealları fərqlidir. Sovetlər Birliyi o səviyəyə çətin çata bilir.

- Canın çox mu ağrıyır?

-Əvət, ama keçər gedər. Döyülənlərdən artıq deyildim ki.

- Baban nərdə, baban duysa nə deyəcəksən?

-Babam evləndi. Bakıdan Almaniyaya bir ailə gəlmişdi kaç il öncə. Babam onlarla tanışmışdı. Evləndiyi qızın ailəsində kəsinliklə milli hiss yox. Həpsi rusca konuşur. Bizim türkcədə, İstanbul ağzında konuşmayı sevirlər, kəndi dillərində konuşmaqdan utanc duymaqdadırlar. Bezmişim o mühitdən. Azərbaycanda böyük bir aşağılıq kompleksi var. Rusları üstün və mədəni görmə kompleksi. Əlbətdə, bunun tarixi nədənləri olsa gərək. Şimdi babam da böylə aşağılıq kompleksinə batmış bir ailə ilə tanışmış, rusca danışmaqdan zövq alan gənc bir xanımla evlənmiş. Ancaq babama xəbər verməm lazım. Babam kötü adam deyil, sadəcə gerçək bir kommunist. Hər tür millətsevərliyi faşizm olaraq görməkdədir. Bakı səfərimiz babamla mənim aramı çox açacaq. Babamın kommunistliyinə artıq təhəmmül edəməm.

- Əvət, Bakı səfəri mənim də həyatımı, düşüncələrimi alt-üst etdi. Ancaq mən sənin kimi çox oxumuş birisi deyiləm. Ağlımda bir sürü sorular var, onlara cavab bulmam lazım. Sənin təcrübələrin daha artıq, səncə nə olacaq? Bu durum dəyişəcəkmi? Gerçəkdən Sovetlər Birliyinin dağılacağına inanırsan mi?

- Buraya gəldikdən sonra Sovetlər Birliyinin dağılacağına tam inandım. Bu sistem çağdaş dünya ilə irtibata keçdiyində dağılmağa məhkumdur. Böylə həyat mı olur?! Bu qədər yoxsulluq mu olur?! İnsanlar ən bəsit bilgilərdən də məhrum buraxılmışdır. Bu sistem dağılmasına dağılacaq, ancaq ola bilsin, onu Qorbaçov deyil, bir başqası dağıtsın. Geriyə dönüş olamaz. İrəliyə addım atılacaqsa, bu sistem dağılmalıdır.

-Azərbaycanın aqibəti necə olacaq, bağımsız ola biləcək mi?”



- Azərbaycanı istiqlala götürəcək zehniyət və teknik mövcud deyildir. Ancaq Azərbaycan hər halda bağımsızlaşacaqdır. Azərbaycanın bağımsızlığı ən çox Baltik ölkələrindən əsinlənəcək. Bu gün onlar şüurlu şəkildə bağımsızlıq istəyirlər. Bu, Azərbaycanı çox olumlu yöndə etkiləyəcək. Lakin Azərbaycanı bağımsızlığa aparacaq kadr mövcud deyil. Şimdi bu hərəkətin lideri Elçibəy olaraq görünür. Ama Elçibəyin yanında bir tək əməkli hərbçi yoxdur. Hərbçilər olmadan Azərbaycanın bağımsızlığı çətin olacaq. Bir Atatürk karakteri əksikdir bu hərəkətdə. Azərbaycan, tarixi və coğrafi status etibarı ilə Baltik ölkələrinə bənzəməz. Onların bir-birləri və qonşuları ilə xüsumətləri yox. Lakin Ermənistan şimdidən Azərbaycana qarşı savaş açmağa hazır. Bu kritik dönəmdən Azərbaycanı çıxaracaq kadrlar yox dərəcəsindədir. Digər tərəfdən, 70 il müddətində xalq özünə milli istəklər bəlli etməmiş, edəməmişdır. Xalq özündən, soyundan xəbərsiz saxlanılmış. Ulusal bilincin gəlişməsi önlənmiş, milli təfəkkür çökdürülmüşdür. Bu hərəkətin adı nədir və ya necə olmalıdır? Bu hərəkət türklük hərəkətidır. Ancaq insanlar özünə türk deməkdən çəkinirlər! Azərbaycan müstəqil olduqdan sonra da dünyaya uyum sağlaması zaman alacaq. Yeməkxanalara filan diqqət etsəniz, görərsiniz ki, insanların süfrə mədəniyyəti də pozulmuş. İgidlik daha çox vodka içməklə ölçülür. Bu insanlar bağımsızlıq şüurunu yaxalayamazlar. Azərbaycandakı qıpırdanış (hərəkətlənmə) Sovetlər genəlində olan hərəkətliliyin bir parçasıdır. Sovetlər Birliyi dağılacaq, ancaq Azərbaycan ulusçuluq evrəsini (mərhələsini) keçməkdə zorlanacaq. Azərbaycan millətçilik mərhələsini keçə bilməzsə, bu qədər yayğın olan aşağılıq kompleksi ortadan qalxmayacaqdır. Bəlkə rus ordusu-filan Azərbaycandan çıxa bilər, ancaq ruslara heyranlıq duyğusu bu millətin düşüncəsindən və dünyaya baxışından çətin çıxacaq. Əsl istiqlal isə ruhlarda, duyğularda və vicdanlarda olmalıdır, yoxsa dünya şərtləri öz-özünə Azərbaycanı istiqlala götürəcəkdir. Bu baxımdan ermənilər və gürcülər azərbaycanlılardan daha şanslı. Çünkü onların milli inancları var, azərilərin yoxdur. Azərilərdə şiəlik, köləlik sistemindən başqa bir şey deyildir. Bütün qaynaqları farsca və ərəbcədir. Ermənilərin və gürcülərin kilsələrı onların ruhlarında bağımsızlıq işığının sönməsini əngəlləmişdir. Ancaq Azərbaycanda, hətta Türkiyədə də bizim inancımız istiqlal işığını daima söndürməyə çalışmış. Türkiyənin də istiqlalı inanc sistemindən doğmadı. Türk-islam tarixi olaraq bilinən irticai inancın dışına çıxan Atatürk, istiqlal zehniyətini silah gücünə bu izdihama qəbul etdirdi. Yəni bugünkü Türkiyə Osmanlı mirası deyildir, bir dahinin tarixi və toplumun gerici dəyərlərini zorlamasının nəticəsidir. Osmanlı zehniyəti sekolarizmin düşməni idi. Hələ də bu zehniyət çağdaşlığa uyum sağlaya bilməmişdir. Bütün Osmanlı dönəmində bircə saat belə, Türkcəyə önəm verilməmişdir. Osmanlılar Türkcəni sevimsizləşdirmişdilər. Türkcənin günümüzdə yüksəlişi Cümhuriyət dönəmindən başlamışdır. Bu yüksəliş isə Atatürk zehniyətinə borcludur.

- Elçibəy bu hərəkətin lideridir, onun da dövlət adamı olmadığı qənaətindəsən, deyilmi?.

- Elçibəylə uzunca qonuşduq. Məncə, Xalq Cəbhəsi söyləm yanılqısı içindədir.

- Nasıl?


- Şöylə ki, bunlar topluma yanlış mesaj verməkdədirlər. Bunlar demokrasi söyləmindən tutdurub durmuşlar. Qərbin 500 illik təcrübəsini özümsəmək istəyirlər. Əslində bu gözəl bir istək, lakin Azərbaycanın şərtlərinə görə qeyri-mümkün. Çünkü nə Xalq Cəbhəsinin bu haqda qapsamlı bilgisi var, nə də əhali bu söyləmi qavraya biləcək durumdadır. Bu gün Azərbaycana lazım olan güvənlik söyləmidir. Milli güvənlik olmadan demokratikləşmə mümkün deyildir. Görəcəksin, bunların bu yanlış söyləmləri Azərbaycana çox zərər verəcək. Milli iradənin örnəyi olan milli diktatorluğun təlimindən keçməyən bir toplum millət ola bilməz, milli mənafeyini sezə bilməz. Bütün Qərb ölkələrində də böylə olmuşdur. Təsəvvür et ki, Osmanlı cəhaləti içində yaşayan bir ulusa Atatürk demokrasi haqqı tanısaydı nə olurdu?

- Nə olurdu?

- Xilafət yenidən xortlar, Osmanlı qaranlığı fərqli şəkildə davam edərdi. Bu üzdən də Atatürk topluma ilətəcək doğru söyləmlər gəlişdirdi. Milli güvənlik, sadəcə sınırların təhlükəsizliyini qorumaq deyildir, həm də iç təhdidləri önləmək anlamındadır. Azərbaycanda köz altında saxlı olan şiə fanatizmi zaman içində yenidən baş qaldıracaq. Bu, milli varlığı təhdid edən ən qorxunc təhlükədir. Bəlkə də bu təhlükəni ruslar və farslar daha da hızlandıracaqlar. Elçibəy zehniyətində bu təhlükəni önləyəcək, strateji dərinliyi olan bir proje yoxdur, ola da bilməz, çünkü o bir hərbçi deyildir. Özətlərsək şöylə söyləyə biliriz: Azərbaycan kəsinliklə bağımsız olacaq, amma Azərbaycanı təhdid edən təhlükələri öncədən sezəcək, onlara qarşı önləm alacaq kadrlar mövcud deyildir. Xalq Cəbhəsinin söyləmlərində irtica da barınmaqdadır. Onlar belə hesab edirlər ki, keçmişdə çox böyük olmuşlar, ancaq şimdi kiçilmişlər. Oysa bu doğru deyildir. Türk tarixində milli zehniyət türklər olmadığı üçün daima ərəb-fars milliyətçiliyi din anlayışına yem edilmişlər. Hər bir irticai davranışın tərkibində tarixə fərar duyğusu var, ölülərdən imdad diləmə miskinliyi var. Bu istək Xalq Cəbhəsinin də əsas söyləmini oluşdurmaqdadır, nə yazıq ki!

- Azərbaycanda bağımsızlıq zehniyətini doğuracaq heç bir mədəni hadisə söz konusu deyildir, deyirsiniz.

Azərbaycanın musiqisi istiqlal çağrışdırır. Çünkü Azərbaycanın musiqisi moderndir. İstiqlal zehniyətini də ortaya qoyan modernizmdir. Azərbaycan musiqisi yenidir və yenilikçidir. Azərbaycan musiqisində olan istiqlal zehniyəti digər dəyərlərdə mövcud deyildir. Bunun əsas səbəbi odur ki, Azərbaycan musiqisinin tarixiyəti gələcək tarix yönümlüdü, təmayüllüdür. Keçmişin çürük və türkləri yabancılara bağlayan inancsal dəyərlərlə ilintisi, əlaqəsi yoxdur. Azərbaycanda heç bir sahə musiqi qədər gəlişməmişdir. Milli-siyasi şüur, hərbi təcrübə musiqi düzeyində olsaydı, Azərbaycan başarılı olur və böyük tarix yarada bilərdi.Azərbaycan musiqisindəki özünə məxsusluq dünyada olumlu bir fenomen kimi görünməkdədir. Azərbaycan musiqiqsi ulusal əxlaq anlayışını və bağımsızlıq məfkurəsini hayqırmaqdadır. Bunun nədən bu şəkildə gəlişdiyinin səbəbini bilmirəm, ancaq böylə bir gerçəklik ortada.

-Böylə anlaşılır ki, bu əksiklikləri göz önündə bulunduraraq Azərbaycan öz istiqlalı uğruna mücadilə etməməlidir?

-Öylə söyləmədim. Əksiklikləri ortaya qoymaq istiqlaldan vaz keçmək anlamında deyildir. Lakin Azərbaycan müstəqil olsa da, bu gün meydanlarda görünən milli öncüllər uzun zaman iqtidarda qalamazlar. Onlar nə Qərbi yaxşı tanıyırlar, nə dövlətçilik təcrübəsinə sahibdirlər. Rusiya özünü toparladıqdan sonra İranla bir yerdə yenə də əski kommunistləri Azərbaycanda iqtidara gətirə bilər. Belə xaotik bölgədə Azərbaycanı bu kritik dönəmdən çıxara biləcək kadrların olmayışı haqda qonuşuram.

- İranın Azərbaycanı işğal etmə kimi bir niyyəti olar mı?

- Niyyəti ola bilər, ancaq niyyətini həyata keçirəməz. Türkiyə və NATO buna izn verməz.

- Türkiyənin rolu nə ola bilər bu ortamda?

- Türkiyə Sovetlərin dağılacağına inanmadığı üçün heç bir hazırlığı yoxdur. Ayrıca Türkiyədə dövlət qurumlarında Osmanlı irticasının qalıqları tam məhv olmamışdır. Onların dərdi başqa. Onların türk birliyi kimi istəkləri yox. Onlar islam birliyindən yanadırlar. Dağılmaqda olan Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarına Türkiyənin verə biləcəyi biricik məsaj var: türkçülük. Lakin onu da verəməz durumdadır. Atatürkdən sonra Türkiyədə durum dəyişmişdir. Ancaq yenə də bölgədə söz sahibi olan ölkələrdən biri də Türkiyədir. Bu gün meydanlarda görünən hərəkətin öncüllərinin siyasi ixtisaslarına və təcrübələrinə Türkiyənin güvənəcəyini sanmıram.

- Onların siyasi ixtisaslarının və təcrübələrinin olmaması bir suç mu?

- Deyil, suç deyil. Ancaq bir millətin qurtuluşu həssas məsələdir. Orada siyasi və hərbi təcrübələrin olmayışı zorluqlar doğura bilər. Atatürk niyə başardı? Heçdən bir dövlət qurdu. Çünkü o, gerçək bir lider idi.

- Atatürkün savaşları və qələbələri haqqında mənim bilgim yox. Ancaq söylədikləriniz məndə Atatürkə qarşı simpati oyadır. Qaliba çox oxumam lazım olacaq. Çox bilgi əksikliyim var.

- Əvət, Atatürkün zamanında ulusçuluq çox önəm daşımışdır. Türk ölkələri bağımsız olarsa, yenə də bu yurdlardan yüksələn millətçilik dalğaları Türkiyəni də sarar, orada da ulusçuluq dalğaları yüksəlməyə başlar və bu çox önəmlidir.

O gecə sübhə qədər Sezənlə bu kimi mövzular ətrafında danışdıq. Onun bu qədər bilgin olması, bilginliyi ilə fədakarlığı məni heyran qoymuşdu.

VIII
Sezənlə bərabər axsaya-axsaya şəhərə çıxdıq. Qorbaçovun buraxıldığını söyləyirdilər. Sezən babasının qaldığı evə telefon etdi. Babası yüksək səslə danışırdı. “Azərbaycan” hotelinin qarşısında görüşməyi planlaşdırdılar. Ərdəm bəyin qoluna çox gözəl və gənc bir xanım girmişdi. Hər halda bu qız Sezənin dediyi babasınin xanımı olacaqdı. Ərdəm bəyin davranışları çox aristokratca idi. Bir az fərqli səs tonu ilə qızına dedi:

-Yavrum, sən nərələrdəsən, niyə axsayırsan?

- Baba, dünkü göstəridə vuruldum, ancaq iyiyim.

- Sezəncim, mən xəta mı etdim səni bu ölkəyə gətirdim?

- Yox babacım, sən mənə çox böyük xidmət etdin. Mən milli bilincimin geniş coğrafiyası ilə tanış oldum. Lütfən, babacım, sən canını sıxma. Ayrıca səni bu gözəl xanımla bu qədər mutlu görmək mənim üçün böyük bir mutluluqdur.

- Qızım, bu təxribatçı millətçilərlə sənin nə işin var?

- Baba, lütfən! Sən, hər şeyi rus kommunistlər tərəfindən yağmalanmış bu insanlara təxribatçı deyəməzsən. Bunlar öz haqları uğruna mücadilə edən şərif insanlardır. Mənim millətimə təxribatçı deyəməzsən, baba. Sən təməlsiz kommunizm inancına bu millətin varlığını fəda edəməzsən, babacım. Bu qədər bədbəxtlikləri görmürsən mi baba? Kommunistlərin memarisidir gördüyün bu viranəliklər. Nədən bu millətin kəndi milli haqları uğruna mücadiləsini təxribat olaraq tanımlayırsan? Nazim Hikmət də ihanət etmiş. O da Bakıda olmuş, kommunizmin bu rəzalətini görmüş və səsini çıxarmamış.

- Lütfən, qızım! Nazimla işin olmasın. O böyük bir insan.

Sezən çox yüksək səslə danışdığı üçün ətrafdan keçənlərin diqqətini cəlb edirdi.

- Olmamış, baba! Nazim nasıl böyük bir insanmış ki, kəndi soyuna Sovetlərdə edilən zülmə göz yummuş, sadəcə göz yummamış, həm də bu zülmü təqdir etmişdır. Mən burda ıyrəndim ki, Krım türklərini tamamən yurdlarından etmişlər. Nədən bu olaylara səssiz qalmış? Nədən Hüseyn Cavidin öldürülməsinə bir tək şeir belə yazmamış? Bu nasıl ədalət anlayışıdır babacım? Mən çıldırmaq üzrəyəm babacım. Öyrəndiyim gerçəklər məni dəli etmək üzrədir.

Ərdəm bəy qızının başını bağrına basıb alnından öpdü və “Sakin ol, qızım”,— dedi. Sezən yüksək səslə hönkür-hönkür ağlayırdı. Başı babasının köksündə ağlaya-ağlaya “Mən bu milləti sevdim, baba”, — söylədi. Ərdəm bəy və yanındakı gənc xanımın da gözləri dolmuşdu. Mənim isə içimdə tufan var idi. Sadəcə gözlərim dolmurdu, ruhum təlatüm içində idi. Ərdəm bəy “Üç gündən sonra evimizə dönürük. Keçmiş olsun qızım!”— söylədiyində mənim içimə qaranlıq çökdü sanki. Sezənin Azərbaycandan ayrılacağını heç düşünməmişdim. Sezən də babasının “gedəcəyik” sözünü eşitdiyində susdu. Sanki üç gün sonra Azərbaycandan ayrılacağından rahatsızlıq duymaqda idi. Ərdəm bəy “Evə gedilim mi?”— söylədiyində Sezən, “Yox, babacım, lütfən mənə izn ver bu üç gün həyatımı Bakıda verimli keçirim”,—dedi. Ərdəm bəyin yanındakı gənc xanım “Xahiş edirəm, izn ver rahat olsun”,— dedi. Ərdəm bəy qərblilik kültürünü sanki gənc xanımına da göstərmək üçün, ya da gerçəkdən də Qərb mədəniyətinə sahib olan bir kişi olduğu üçün etiraz etmədi. Yalnız “O zaman kəndinə diqqət et, Sezən!”— dedi. Son cümləsini həm də üzünü mənə tutaraq söylədi. Mən də “Rahat olun, Ərdəm bəy, mən şəhəri yaxşı tanıyıram və qalacaq yerimiz də güvənlidir”,— dedim.

XI

Şəhərdə dolaşırdıq. Haraya uğrayacağımızı bilmirdik. Həm Sezən, həm də mən dərin bir səssizlik içində idik. Sanki öz içimizdə öz-özümüzlə qarşılaşmışdıq. Düşüncə həyatımız alt-üst olmuşdu. Özümüzdən asılı olmayaraq böyük tarixi bir hadisənin içinə girmiş, millətlə bir yerdə azadlıq deyə bağırmışdıq, döyülmüşdük. Ancaq artıq döyülmənin ağrıları unudulmuşdu. İçimizi saran ruh ağrıları var idi. Böyük bir imperatorluğun əlindən qurtulmaq istəyən Azərbaycanın gələcəyi necə olacaq? Bəzi heykəllərin önündən keçərkən mən səssizliyi pozurdum: “Bu M. Ə. Sabirin heykəlidir.” Sonra da heykəllərin kimlikləri haqqında Sezəni bilgiləndirirdim. Sezən susqunca dinləyirdi. Bilmirəm, necə oldusa Şəhidlər xiyabanına yetişdik. 20 yanvarda şəhid edilən insanlar burada dəfn edilmişlər. Şəhidlər xiyabanının girişində bir gəlin və bəyin məzarı bulunurdu. İlham və Fərizə bir məzarda dəfn olunmuşlar. İlham 20 yanvarda şəhid olmuş və İlhamın ölüm xəbərini eşidən gənc xanımı Fərizə intihar etmişdir. Sezənlə bir yerdə məzarları bir-bir ziyarət etmək istədik. İlk məzarın başında dayanıb durduq. Sezən səssizcə ağlayırdı. Səssizcə gözlərindən yaş durmadan axırdı. Bu növ ağlamaq zəiflikdən olmur. Böyük ideallara bağlılıq səbəbi ilə olur. Sezən, çantası çiynindən asılı, əlləri qoynunda Fərizə ilə İlhamın məzarı başında durmuşdu. Yavaş-yavaş bir şeylər pıçıldamağa başlamışdı. Gözlərinin yaşını tuta bilmədən şeir oxuyurdu:



“Basdığın yerləri torpaq deyərək keçmə, tanı!

Düşün, altındakı minlərcə kəfənsiz yatanı,

Sən şəhid oğlusun, incitmə, yazıqdır atanı,

Vermə, dünyaları alsan da bu cənnət vatanı.


Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal!

Olsun artıq dökülən qanlarımız həpsi həlal.

Əbədiyən sənə yox, irqimə yox izmihlal:

Haqqıdır, hür yaşamış bayrağımın hürriyət,

Haqqıdır, haqqa tapan millətimin istiqlal”

  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə