Prof dr. Qulamrza Səbri Təbrizi London, Böyük Britaniya




Yüklə 45.79 Kb.
tarix08.04.2016
ölçüsü45.79 Kb.
Prof.dr.Qulamrza Səbri Təbrizi

London, Böyük Britaniya

AZƏRBAYCAN MİLLİ HÖKÜMƏTİ

TARİX VƏ MÜASİRLİK İŞIĞINDA



Xalqımızın iyirminci yüz il tarixində müstəsna yeri olan Azərbaycan Milli Höküməti (1945-1946) böyük tarixi-siyasi əhəmiyyət daşımaqdadır. Aradan keçən altmış beş illik bir zaman kəsiyi arxasından dönüb geriyə baxarkən bu tarixi hadisənin məğzini, mahiyyətini bütün yönlərilə müşahidə etmək mümkündür.

Bilindiyi kimi, İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi.

Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.

Azərbaycan Milli Hökümətinin qurucusu Seyid Cəfər Pişəvəri “Azərbaycan” qəzetinin 11 sentyabr 1945-ci il tarixli sayında yazırdı: “Hər xalqın müqəddəratı öz tərəfindən təyin edilməlidir. Milliyyət azadlığı və hər bir xalqın öz müqəddəratını təyin etməsində azad və muxtar olmasının əsas prinsipləri dil azadlığı, milli mədəniyyət azadlığı və sair iqtisadi, siyasi və ictimai azadlıqlardan ibarətdir. Azərbaycan milləti dünyanın ən qədim və mədəni xalqlarından biridir”.

Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir.

Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Milli Hökümətin qısa bir dönəmdə yaratdığı dəyişikliklər geniş xalq kütlələri tərəfindən dəstəklənirdi. Hətta Azərbaycan Milli Hökümətinin düşmənləri belə onun qısa zaman ərzində siyasi, iqtisadi və mədəni sahələrdə görülən işləri inkar edə bilməmişlər. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq bir irəliləyiş əldə etmişdi.

Amerikalı hüquqşünas Uliyam Duqlas 1950-ci ildə Güney Azərbaycana getmiş və yerli camaatın Milli Hökümətin və onun Baş Naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.

“1.Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;

2.Hökümət iri bankları milliləşdirdi;

3.Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;

4.Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı;

5.Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;

6.Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;

7.Güney Azərbaycan Milli Ordusu yaradıldı”.

Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya bölmək mümkündür.

1) Siyasi islahatlar;

2) Mədəni islahatlar;

3) Sosial-iqtisadi islahatlar.

Şübhəsiz ki, birinci yerdə Hökümətin siyasi islahatları dayanırdı. Ilk növbədə hökümətin kadr baxımından milliləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edirdi. Inzibati vəzifələrin bütün mümkün səviyyələrdə yerli kadrlar, özəlliklə demokratlar, siyasi cəhətdən güvənilən adamlar tərəfindən tutulmasına cəhd göstərilirdi. Qərb diplomatlarının yazdıqlarına görə, İran Pəhləvi rejimi məmurlarının bəzi cəhətləri bu kadrlarda olmasa da, milli hökümətə mənsub kadrların malik olduqları keyfiyyətlər bu məmurlarınkından heç də aşağı səviyyədə deyildi.

Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın sevimlisinə çevrilən fədailər Milli Hökümətin möhkəmlənməsində, onun hərbi qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın formalaşmasında əhəmiyyətli rol oynamışlar. Fədai dəstələrinin özlərindən qat-qat güclü olan İran Pəhləvi rejimi qarşısında dayanması, Milli Azərbaycan dövlətini müdafiə etməsi yüksək vətənpərvərlik və qəhrəmanlığın təkrarsız örnəyidir.

Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular.

Azərbaycan Milli Hökümətinin apardığı islahatların ikinci qismi ölkədə həqiqi mənada inqilabın həyata keçirilməsini təmin etmiş oldu.

Bu inqilab İran pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin güclü şəkildə nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu. Həmçinin bir neçə ictimai – Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tutmaqdadır.

Sovet hərbi hissələrinin tərkibində Güney Azərbaycana getmiş olan Azərbaycanın yazıçı, şair ədəbiyyatşünas və publisistləri – Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Əvəz Sadıq, Cəfər Xəndan, Abbas Zamanov, Qulam Məmmədli, İsrafil Nəzərli və başlqalarının fəaliyyəti sayəsində Təbriz ədəbi mühitində böyük bir canlanma yarandı.

Azərbaycan Milli Höküməti dövründə aparılan mədənin islahatların mühüm bir qanadını ana dili mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümü tapmışdır.

Qeyd edək ki, hələ İkinci dünya müharibəsi dövründə SSRİ hərbi qüvvələrinin İrana girməsi ilə Təbrizdə nəşrə başlayan “Vətən yolunda” qəzeti mətbuatın, o cümlədən ana dili mətbuatın inkişafına, canlanmasına təkan vermiş oldu. Görkəmli yazıçı-dramaturq Mirzə İbrahimovun redaktorluğu ilə dərc olunan qəzetin Azərbaycan dilində çıxması İran dövlətinin farslaşdırma siyasətinə qarşı yönəldiyi üçün hökümət bununla bağlı SSRİ-nin İrandakı səfiri Smirnova özünün etirazını bildirmişdir. “Vətən yolunda” qəzetinin Təbrizlə yanaşı, Urmiya, Xoy, Zəncan, Ərdəbil, Mərənd, Miyana, Həmədan, Maku, Qəzvin, Sərab kimi şəhərlərdə, hətta Tehranda yayılması onun nüfuz dairəsinin genişliyini göstərməkdədir.

Azərbaycan Milli Höküməti dövründə dərc olunan “Azərbaycan” qəzeti Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı kimi fəaliyyət göstərmişdir. 1942-1945-ci illərdə Əli Şəbüstərinin redaktorluğu ilə dərc olunan bu qəzet Milli Hökümət dönəmində həmin firqənin rəsmi orqanına çevrilmişdir. “Vətən yolunda” qəzeti kimi “Azərbaycan” qəzeti də Azərbaycanın Güneyində nəşr olunan ən ciddi mətbuat orqanlarından biridir.

Xatırladaq ki, “Azərbaycan” qəzetində dərc olunan yazılara Seyid Cəfər Pişəvəri özü şəxsən diqqət yetirir, qəzetin ideya istiqamətini formalaşması üçün yeri gəldikcə məqalələrlə çıxış edirdi. Seyid Cəfər Pişəvərinin Azərbaycan xalqının milli-azadlıq hərəkatına, siyasi-azadlıq hərəkatına, siyasi-ideoloji məsələlərə həsr olunmuş yazıları ciddi əhəmiyyət kəsb edirdi.

Onu da qeyd edək ki, Azərbaycan qəzetinin dövrün bir çox tanınmış jurnalistlərini öz ətrafında birləşdirilməsi bu mətbuat orqanının nüfuz qazanmasını şərtləndirirdi. Bu mənada Firudin İbrahimi, M.Turabi, Həmzə Fəthi Xoginabi, İsmayıl Şəms, Qəhrəman Qəhrəmanzadə, Abbas Makulu, Əhməd Musəvi kimi qələm sahiblərinin fəaliyyəti təqdir olunmalıdır.

Qəzetin redaksiyasında Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqaları kimi şairlərin olması qəzetin fəaliyyətini canlanmasına ciddi təsir göstərirdi. Qəzetin səhifələrində adı çəkilən şairlərlə yanaşı M.C.Çavuşi, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan və başqa sənətkarların poetik axtarışları davamlı şəkildə çap olunurdu. Burada bədii əsərlərlə yanaşı, elmi tədqiqatlara, ədəbi tənqid və ədəbiyyatşünaslıqla bağlı araşdırmalara yer verilməsi qəzetə olan oxucu marağının artmasına səbəb olurdu. Xüsusilə, Mirzə Əli Möcüz, Məhəmmədli Tərbiyət, Şeyx Məhəmməd Xiyabani haqqında tədqiqatlar elmi-nəzəri səviyyəsi ilə maraq doğururdu.

Azərbaycan Milli Höküməti dövründə nəşr olunan qəzetlərdən biri də “Azad millət” adlanır. Cəmi 114 sayı nəşr olunmuş bu qəzetin səhifələrində Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrə, habelə elm, ədəbiyyat, mədəniyyət və incəsənətlə bağlı yazılara yer verilmişdir.

1945-1946-cı illərdə Məhəmməd Biriyanın redaktorluğu ilə “Qələbə” qəzeti dərc olunmuşdur. Həftədə bir dəfə dərc olunan bu qəzetin cəmi 29 sayı çapdan çıxmışdır. “Qələbə” qəzeti ictimai-siyasi məzmunlu məqalələrlə yanaşı, ədəbi-bədii yazılara da yer vermişdir.

Azərbaycan Milli Höküməti dövründə çıxan “Yeni Şərq” qəzeti Mahmud Turabinin redaktorluğu ilə dərc olunmuşdur. 1941-ci ildə “Xavəre-no” adı ilə fars dilində nəşr olunan bu qəzet Milli Hökümət dövründə “Yeni Şərq” adı ilə ana dilində çıxmağa başlamışdır.

Azərbaycan Milli Höküməti dövründə satirik məzmunlu “Azərbaycan ulduzu” qəzeti də nəşr olunmuşdur. Qəzetin nəşri Hilal Nasiri olmuşdur.

“Azərbaycan ulduzu”nun səhifələrində dövrün ictimai-siyasi hadisələrinə aktiv münasibət bildirilmiş, mövcud qüsur və nöqsanlar satirik qələmlə işıqlandırılmışdır.

Sovet İttifaqı ilə Mədəni Rabitə Cəmiyyətinin Təbriz şöbəsinin çıxardığı “Şəfəq” məcmuəsinin nəşrindən əsas məqsəd istər Təbrizdə, istərsə də Güney Azərbaycanın ayrı-ayrı bölgələrində Mədəni Əlaqələr Cəmiyyətinin şöbələrinin fəaliyyətini canlandırmaq, təşkilatın qarşısında duran vəzifələrin həyata keçirilməsinə çalışmaq idi. “Şəfəq” məcmuəsi öz səhifələrində ədəbi-bədii məsələlərə də geniş yer verirdi. Məcmuədə istər Azərbaycan, istərsə də dünya yazıçıları haqqında ədəbi-tənqidi yazılara müəyyən qədər yer verilirdi. Maraqlıdır ki, məcmuə Təbrizin ədəbi-mədəni həyatını əks etdirən yazılara, məlumatlara, teatr tamaşaları ilə bağlı məqalələrə yer verirdi. Seyid Cəfər Pişəvəri “Şəfəq” məcmuəsinin nəşr olunmasının bir illik yubileyi ilə bağlı redaksiyaya ünvanladığı teleqramda yazırdı:

“Bu məcəllə bir tərəfdən mədəni Rabitə Cəmiyyətinin işlərinin canlandırılmasına kömək etmiş, digər tərəfdən isə İran Azərbaycanın uzun illər boyu xalqa lazımi surətdə tanıtdırılmamış Məhəmmədəli Tərbiyət, Şeyx Məhəmməd Xiyabani, Mirzə Əli Möcuz, Şeyx Mahmud Şəbüstəri və bir çox bu kimi tarixi simaları oxuculara təqdim etmiş və onların xüsusunda məqalələr çap etmişdir...

“Şəfəq”in dəyərli xidmətləri tək bunlarla qurtarmır, bu məcəllə eyni zamanda İran Azərbaycanın görkəmli müasir yazıçı, şair və mətbuat işçilərini öz ətrafına toplamış, onların işlərinə kömək etmişdir”.

Mədəni Rabitə Cəmiyyətinin nəşrləri içərisində “Azərbaycan” dərgisi də xüsusi yer tuturdu. Ərəb əlifbası ilə, Azərbaycan türkcəsində çıxan bu dərgi Bakıda çap olunaraq Təbrizə göndərilirdi. Dərginin baş redaktoru Rəsul Rza, redaktor müavini isə Mehdi Hüseyn idi. Jurnalın ilk sayında onun nəşr olunmasının məqsəd və məramı belə açıqlanırdı:

“Azərbaycan” məcmuəsi xalqımızın qədim mədəniyyəti və ədəbiyyatı, tarixi və azadlıq mübarizəsilə oxucularımızı müntəzəm surətdə tanış edəcək, istər Sovet Azərbaycanında və istərsə də Cənubi Azərbaycanda yaşayan yazıçı və alimlərimizin elmi, ədəbi məqalələrini öz səhifələrində dərc edəcəkdir”.

“Azərbaycan” dərgisi bilavasitə Güney Azərbaycan üçün hazırlandığından jurnalın səhifələrində gedən yazılarda sovet ideologiyası qabarıq hiss olunmurdu. Burada ana dili ilə bağlı yazılara xüsusi diqqət yetirilirdi. Tənqidçi-ədəbiyyatşünas Məmməd Arif Dadaşzadənin “Ana dilimiz” adlı məqaləsi bu baxımdan maraq doğurur: “Təəssüf etmək lazımdır ki, Azərbaycan millətinin bir hissəsi hələ öz ana dilindən lazımi qədər azad bir surətdə istifadə edə bilməyirlər. Xalqın ana dilini şərtsiz və qeydsiz olaraq azad etmədən, xalqa ana dilində hürriyyəti-kəlam vermədən insaniyyətdən və demokratiyadan danışmaq boş və mənasız olur”.

Qeyd edək ki, Azərbaycan Milli Hökümətinin dövründə Təbrizdə nəşr olunan dərgilər içərisində “Günəş” məcmuəsi də xüsusi yer tuturdu. “Azərbaycan şairləri və yazıçıları” cəmiyyətinin orqanı kimi dərc edilən bu dərgi də milli ədəbiyyatımızın təbliği və tədqiqində mühüm rol oynamışdır. Məcmuənin məqsəd və məramı redaksiya heyəti tərəfindən belə səciyyələndirilmişdir: “Azərbaycanın əzəmətli və şanlı tarixini bütün cameəyə tanıtdırmaq və Azərbaycan xalqının keçmiş mədəni və qəhrəmanlıq tarixinə aid məqalələr tohid etməklə xalq kütlələrinin tərəqqisi və azadlığı yolunda sədaqətlə çalışan qəhrəmanların ... keçmiş və hazırda yadelli qəsbkarlara qarşı apardığı mübarizələri, xalq və vətən haqqında elədiyi xidmətləri aydınlaşdırıb nəzm və nəsr vasitəsilə təqdir və nəşr edəcəkdir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Höküməti illərində ana dilli mətbuat ciddi inkişaf mərhələsi keçmişdir. Məhz bu dövrdə nəşr olunan qəzet və jurnallar sonrakı dövrdə milli mətbuatın inkişafında və bütövlükdə milli ədəbi dilin formalaşmasında mühüm və istiqamətverici rol oynamışdır.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, həmin illərin mətbuatı kifayət qədər öyrənilməmişdir. Ona görə də bu istiqamətə ciddi araşdırmaların aparılmasına və bəhs olunan mətbuat orqanlarının yeni əlifba ilə təkrar nəşr edilməsinə ehtiyac duyulmaqdadır. Yalnız bundan sonra Azərbaycan Milli Höküməti dövründə yaranan mətbuat haqqında dolğun təsəvvür əldə etmək mümkün olacaqdır.

Mətbuatın diqqətlə öyrənilməsinə bir də ona görə ehtiyac duyulur ki, Azərbaycan Milli Hökümətinin tarixi əsas etibarı ilə mətbuat səhifələrində yaşamqdadır.

Azərbaycan Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.

Fəhlələr üçün əmək qanunu, qadınların kişilərlə bərabər hüquqlu olduğunu tənzimləyən qanunların həyata keçirilməsi cəmiyyətdə ədalətin bərqərar olmasını şərtləndirirdi.

Azərbaycan Milli Höküməti dövründə ölkədə misli görünməmiş əmin-amanlıq, bu vaxta qədər həyata keçirilməmiş, yaxud həyata keçirilməsinə cəhd olunmamış qanunçuluq hökm sürürdü.

Ölkədə abadlıq işləri elə bir sürətlə aparılırdı ki, bu, xalqa öz dövlətinə, bu dövlətin rəhbərlərinə qarşı inam və etibarı gücləndirir, düşmənləri vahiməyə salırdı. Iran Pəhləvi rejimi nə yolla olursa-olsun Azərbaycan Milli Hökümətin aradan qaldırmaq üçün vasitələr arayır, beynəlxalq imperializm qüvvələri ilə işbirliyinə girirdi.

Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.

Qeyd edək ki, bir qədər öncə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etmiş və Milli Hökümətin mövcudluğuna son qoymuşdur. Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü ya qətl edilmiş, ya da sürgünə göndərilmişdir.

Məlum olduğu kimi, 1945-ci ilin 12 dekabrında qurulan Azərbaycan Milli Höküməti yalnız qısa bir zaman kəsiyində fəaliyyət göstərmiş, bir il sonra eyni tarixdə irticanın qanlı əlləri ilə süquta uğradılmışdır. Lakin xalqın yaşadığı bu bir illik tarixi millətin əbədi olaraq hafizəsinə hopmuş, onun milli-etnik şüurunun formalaşmasında həlledici rol oynamışdır.

Milli Hökümət dövründə Azərbaycanın Quzeyi ilə Güneyi arasında əlaqə və rabitələr güclənmiş, xalqımızın ədəbi-mədəni və ictimai-siyasi baxımdan yaxınlaşması üçün mühüm işlər görülmüşdür. Aradan keçən bir əsr yarımlıq ayrılıq və parçalanmanın xalqın milli-etnik şüuruna gətirmiş olduğu ciddi fəsadların aradan qaldırılması sahəsində müəyyən addımlar atılmışdır. Bu əlaqələr sonrakı illərdə bədii ədəbiyyatda yeni mövzuların, problemlərin işlənilməsinə imkanlar yaratmışdır. Qarşılıqlı əlaqələrin güclənməsi millətin azadlıq həsrətini yenidən oyandırmış, onun bütövlük, vahid mövlətçilik əzmini gücləndirmişdir.



Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarının ədəbi olaraq tarixə yazmışdır.

Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Vətənimizin Güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər Güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə