Prezidentliyə namizədlərin televiziya çıxışlarının başlıca cəhətləri




Yüklə 45.45 Kb.
tarix24.02.2016
ölçüsü45.45 Kb.
Elçin Əlibəyli
Prezidentliyə namizədlərin televiziya çıxışlarının başlıca cəhətləri
Kütləvi informasiya vasitələrinin cəmiyyətdə rolu və xüsusən də televiziyanın aparıcı mövqeyi siyasi proseslərin içində olmaqla təkcə informasiyanı və siyasi maarifləndirməni həyata keçirməsini deyil, həmçinin də ölkənin ictimai-siyasi həyatında böyük yer tutan və demokratik cəmiyyəitlərin ayrılmaz tərkib hissəsini təşkil edən seçkilərdə olduqca mühüm təbliğatçı rolunu oynamasına imkan verir. Televiziyanın istifadəçi tərəfindən daha tez əldə olunması şərti və onun vizuallığı, həmçinin çap mətbuatından fərqli olaraq yüksək operativliyi tamaşaçının seçim etməsi və yekun qərarın verilməsində təsiredici element kimi seçkilərdə daha effektiv rol oynamasına imkan verir. Ekran qarşısında oturan tamaşaçı siyasətçinin nitqini dinləməklə bərabər onun görünürşünü, özünü aparmaq qaydalarını izləyir və onun haqqında özündə müəyyən təsəvvürü biçimləndirir. Əgər radio çıxışda namizəd özünün rəvan və qətiyyətli nitqi ilə seçicini riqqətə gətirə bilirsə, televizorda bunu etmək daha çətindir. Burada mimika, jestikulyasiya, artikuliyasiya və bir sıra digər şərtlər önə çıxır.

İndiki demokratik cəmiyyətdə də natiqdən eyni vaxtda bütün əhaliyə üz tutub danışması tələb olunur. Televiziyasız və radiosuz bunu etmək sadəcə mümkün deyil. Vətəndaşların isə namizədlə ünsiyyəti Qədim Yunanıstanda olduğu kimi mümkün olmasa da, «interaktiv sorğular», «azad mikrofonlar» və «studiya zəngləri» bu canlı ünsiyyəti əvəz edir.

Çağdaş həyatda televiziya həm də siyasətçinin obrazını yaradaraq onu tamaşaçıya «istədiyi» kimi təqdim edir. Namizədin oxunuş yorğunluğu gətirən kifayət qədər rəsmi yazılan və cansıxıcı platformasını divarlarda asmaqla seçicilərin ona səs verməsinə nail olmaq olmaz. Hər bir tamaşaçı seçəcəyi adamı tanımaq istəyir: ailədə, iş başında, xalqla ünsiyyətdə və s. Məhz bu cür yerlərdə davranış, qətiyyətli nitq tamaşaçıda müsbət reaksiya yarada bilər. Ona görə də televiziyanın cəmiyyətdə rolunun artması ilə siyəsətçilərin kameraya oynamaq vərdişi də onların fəaliyyətinin ayrılmaz tərkib hissəsi oldu.

Müxtəlif ölkələrin təcrübəsi televiziya çıxışlarının həlledici olmasını və yekun qələbəyə böyük təsir göstərdiyini sübut edir. «Lakin namizəd daha çox studiyada deyil, verilişin mətbuatda və qruplar arasında müzakirsində qazanır» (bax.KuzneüovQ. TV-jurnalistika: kriterii professionalizma.). Deməli təkcə verilişdə çıxış etmək azdır, namizədin komandası həm öncə, həm də sonra teleçıxışın müzakirəsini təşkil etməlidir. Bunun üçün teleçıxışın siyasi və ictimai əhəmiyyətini artıra biləcək hazırlıq aparmalı və müxtəlif qəzet səhifələrində namizədin mühüm fikirlər açıqlayacağı təbliğ olunmalı və digər kütləvi metodlardan ustalıqla istifadə edilməlidir.

Demokratik cəmiyyət iki qarşıduran qrupdan və bir də bunların təsiri ilə seçim edən üçüncüdən ibarətdir. Əslində siyasətçilərin seçki öncəsi məqsədi əks tərəfdən özünə tərəfdaş toplamaq deyil, məhz həmin üçüncünün səsini yığmaqdır. Kütləvi mədəniyyətin istehlakçısı olan bu qrup insanlar adətən çoxluğu təşkil etməklə, cəmiyyətin nizamlayıcısı rolunu oynayırlar. Qərb ölkələrindən siyasi mübarizə zamanı daha çox ideyalarla deyil, görünüş, davranma yolu ilə tamaşaçıları cəlb edirlər. Tamaşaçılar namizədin fikirlərindən daha çox geyimini, əl hərəkətlərini müzakirə edirlər. Qalstukun rəngi və onun bağlanma tərzi belə səsvermənin nəticələrinə təsir edir.

O zaman siyasətçi bu maraqdan məharətlə istifadə etməli və ekran qarşısında müəyyən müsbət obrazın yaranması üçün çalışmalıdır. Siyasi lider eyni zamanda hamıdan fərqlənməli və hamıya bənzər olmalıdır. Hamıdan fərqlənmək üçün ilkin əlamət güclü, iradəli görünməkdir. Baltasar Qrasianın təbirincə deyilsə «hökmdarın comərd olması vacib deyil, əsas odur ki. bu cür görünsün» Yəni siyasətçi iradəli və kəskin obraz yaratmağı bacarmalıdır. Azərbaycan təcrübəsində bunu prezident Heydər Əliyevin şəxsində müşahidə etmək olar. Xalqın ağır günlərdə böyük inamla ona bağlanması və etibar etməsi məhz onun şəxsi iradə və qətiyyəti ilə bağıldır. Ən çətin məqamlarda və çıxışlarda iradəlilik və güclülük ona qarşı bütün vasitələrlə aparılan təbliğata rəğmən qələbə çalmasını, xalqın inamını qazanmasını zəruri etdi. 2003-cü il seçkilərində və ya digər seçkilər zamanı namizədlərin ekrandan danışarkən səslərinin titrəməsi, duyulan gərginlik və kəsginliyin olmaması onlara qarşı inamı zəiflədirdi. Bir çox halda qəzet səhifələrində «savaşan» liderlərin meydanlarda öndə getməkdən qorxmaları və ya kütləvi aksiyalarda inamsız nitqləri onlara qarşı həm də etibarsızlıq hissi yaradırdı. Bir çox siyasətçilərin nitqində həqiqətən də dövləti idarə etmək məsuliyyətinin xofu açıq duyulurdu.

Lakin bu o demək deyil ki, sərtlik aqresiya, qəzəb və dəlilik müstəvisində görünməlidir. Namizədin qələbə şansını artıran digər amil onun inkişaf etmiş intellektidir. Bütün sahələrdən məlumatlı olması və ağıllı görünməsi mühümdür. Azərbaycan misalında Heydər Əliyevin yüksək intellekti və bütün sahələrdə maksimum məlumatlı olması ona qarşı seçici inamını artırdı. Bütün sahələrdən eyni dərəcədə mükəmməliklə danışmağı bacaran H.Əliyev bu xüsusiyyəti ilə də oponentlərini hər zaman çox-çox geridə qoymuşdur.

Namizədi fərqləndirən digər mühüm əlamət onun vicdandı, mənəviyyatlı olmasıdır. Seçici səs verdiyi adamın vicdanla və ədalətlə idarə etməsinə inanmalıdır. Məsələn Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi vaxtdan ölkədə ədaləti bərqərar etmək sahəsində apardığı fəaliyyət və özünün hərəkətlərində, çıxışlarında duyulan daxili zənginlik və yüksək mənəviyyat onun «ədalətli rəhbər» imicini qazanmasına səbəb oldu. Ölkə rəhbərliyinə qayıdışı zamanı insanlar məhz onun ədaləti bərpa edəcəyinə inanırdılar. Lakin bir çox siyasətçilərin teleıxışlarında, müsahibələrində ədalətli və vicdanlı görünməkdən daha çox qisasçı obrazları insanları qorxudur.

Amerikalı professor Qoldhaber siyasətçinin tele obrazının üç tipini müəyyən edir və onları qruplaşdırır. Birinci qrupa –qəhrəman, cəsarətli obrazı, ikinci qrupa- sadə adam, bizdən biri obrazı, üçüncü qrupa-mistik, hərəkətlərini öncədən proqnozlaşdırmaq mümkün olmayan obraz. Lakin hansı qrupa aidiyyatına baxmayaraq professor Qoldhaber siyasi liderin ekran qarşısında 5 başlıca keyfiyətinin görünməsini vacib sanır. Professorun fikrinci birincisi zahiri görkəm, namizədin nə qədər cazibəli olmasıdır. Psixoloqların apardığı tədqiqatdan bəlli olur ki, insanda qarşı tərəf haqqında ilk təssürat zahiri görkəmlə biçimlənir. Bir çox halda zahirən cazibəli adam haqqında olduqca müsbət rəy formalaşır. Digər tərəfdən cazibəli və ya sadəcə görkəmi gözəgəlimli olan şoxs insanda- tamaşaçıda müsbət emosiyanı artırır. Azərbaycan təcrübəsində siyasətçilərin teleçıxışlardan sonra yaranmış rəylərə nəzər yetirək. Azərbaycan tamaşaçısı Heydər Əliyevin hündürboylu, şax qamətli və cazibəli görünüşünü xüsusi qeyd edir. Lakin Etbar Məmmədovun boyunun balacalığı, Əli Kərimlinin olduqca soyuq görkəmi, Lalə Şövkətin böyük gözlük arxasında gizlətdiyi siması, İlyas İsmayılovun yorğun görkəmi, tamaşaçıda mənfi emosiyalara səbəb olur. Buradan belə bir nəticə çıxır ki, ekran qarşısında duran siyasətçi operatorlandan və rejissorlardan onun görkəm qüsurlarını ortadan götürəcək rakursların seçilməsini tələb etməli və bir sıra mənfi emosiya yaradan cəhətləri (soyuqluq, yorğunluq və s) aradan götürməlidir.

Amerika professorunun fikrincə ikinci cəhət seksuallıqdır. Birinci cəhətin davamı olan seksuallıq daha çox kişinin kişiliyini, qadının isə incəliyini əks etdirməlidir. Sözsüz ki, bu obrazın yaranmasında işıq, qrim və bir də kameranın rakurs seçimi əhəmiyyətlidir. Məhz düzgün qurulmuş işıqla üzdə olan problemləri gizlətmək və çəkiliş zamanı obyektiv qarşısınıda yaran sonrakı qüsurları aradan götürmək olar. Həmçinin rakurs seçərkən yuxarıdakı iki cəhətə nail olmaq üçün kameranı mümkün qədər uzaqda quraraq eninə yox uzununa olan obyektivi seçməli və uzaq məsafədən «yaxınagetmə» kadrdan istifadə etmək lazımdır. Yaxın məsafədən kameranın «yaxınagetməsi» sifəti eybəcər hala sala bilər. Ən yaxşı məsafə adətən 10 metrdən uzaq olan məsafə hesab edilir. Buna əməl etməklə namizədin yuxarıda olan cəhətlərə cavab verməyən nöqsanlarını gizlətmək olar.

Üçüncü cəhət professor Qoldhaberin fikrincə namizədin auditoriya ilə, tamaşaçı ilə fikir, məqsəd yaxınlığıdır. Bu sözsüz ki, cəmiyyətin qəbul etdiyi prinsiplərə sadiqlik və yeniliyi nəsə qeyri-müəyyən sahələrdə tətbiq təklifi deməkdir. Bu zaman namizəd tamaşaçının onunla həmfikir olmasını düşünməsi üçün kamera qarşısında qətiyyətlə, nitqini qırmamaqla, sərrast danışmalıdır. İstənilən mızıldama və göz yayınması, «ilişmələr», oynayan baxışlar, əsəbiliyi, inamsızlığı göstərən jestlər və qabarıq mimikalar tamaşçını namizəddən, eləcə də onun fikirlərindən uzaqlaşdırar. Canlı yayım vaxtı namizədin nümayəndəsi bu məsələyə xüsusi fikir verməlidir ki, onun lazımsız hərəkətini tamaşaçılar görməsin.

Dördüncü cəhət kimi təqdim olunan hərəkət-qətiyyət, cəsarət və iradə yuxarıda qeyd etdiyimiz keyfiyyətlərdə göstərilib. Ekran qarşısında namizədin inamlı görünməsi vacibdir. Bir çox halda siyasətçilər kamera qarşısında, böyük işıqların altında gərginliyə düşür və nəticədə özlərini itirirlər ki, bu da namizədin cəsarətsiz nitqinə və inamsız hərəkətlərinə rəvac verir. Belə bir imic isə namizəd üçün böyük uğursuzluqdur. Əksinə namizəd kameraya çeçici kimi baxmaqla iradəni və cəsarəti əks etdirən jestlərdən daha çox istifadə etməlidir.

Sonuncu, beşinci cəhət özlüyündə yuxarıdakıların məntiqi nəticəsi kimi ustalıq-televiziya ifadə vasitələrindən effektiv istifadəni əks etdirir. Namizəd hər zaman göz önündə olmağı bacarmalıdır məntiqi ilə baxsaq televiziya bunun üçün ən gözəl vasitədir. Namizəd eyni bir vaxtda milyonlarla insana müraciət etmək imkanı qazanır. Lakin bu müraciət təkcə sözlərlə kifayətlənməməli eyni zamanda müvafiq görüntü yəni vizual effekt yaratamaqla onu tamamlamalıdır. Ən xırda mimikanı belə göstərmək iqtidarında olan kameranın bu imkanından məharətlə istifadə etməyə bacarmaq və «nur bəxş» etməklə seçiciyə təsir etməyi bacarmaq lazımdır. Yalnız bundan sonra teleçıxışın uğurundan danışmaq olar.

2003-cü il prezident seçkilərində namizədlərin teleçıxışlarını təhlil etdikdə bir sıra sırf televiziya peşəkarlığından irəli gələn və həmçinin namizədlərin təcrübəsizliyindən doğan ciddi nöqsanlar qeyd olunmalıdır. Məsələn, prezidentliyə namizəd Hafiz Hacıyevin tele çıxışında olduqca böyük qüsurlar nəzərə çarpırdı: düzgün fonun seçilməməsi nəticəsində namizədin arxa tərəfində olan divardakı qüsurlar nəzərə çarpırdı; işıqların düzgün qururlmaması nəticəsində sifətində və başında lazımsız kölgələr və qaranlıq kadrı «çirkli» edirdi; kameranın düzgün rakurs seçməməsi və «yaxınagetmənin» olduqca yaxan məsafədən olması namizədin sifətini daha dolu, özünü isə olduğundan kök göstərirdi; oturarkən kostyumunun əzilməsi və lazımsız qırışlar cazibəli görkəmi dağıdaraq tamaşaçını ekran qarşısından itələyirdi; namizədin danışarkən əlini bir-birinə sıxaraq barmaqlarını bir-birinə keçirməsi «müdafiə» mövqeyi yaratmaqla tamaşaçıda onun özünə qarşı olan inamsızlığın, qətiyyətsizliyini aydın tərzdə göstərirdi; aramsız telefon zənginin səsi isə ümumiyyətlə tamaşaçının fikrini yayındırırdı. Bununla da Hafiz Hacıyev Amerikalı professor Qoldhaberin müəyyən etdiyi beş əsas cəhətləri pozmuş oldu. Sonrakı çıxışlarında deyilən qüsurların qismən aradan qalxması və daha çox radikal müstəvidə çıxışını quran Hafiz Hacıyevin konkretləşmiş hadisələri dəfələrlə təkrarlaması ilə tamaşaçıların yadında qala bildi.

Prezidentliyə digər namizəd Lalə Şövkət studiya çıxışından imtina edərək görüşlərin video çarıxını göstərməklə əslində uğurlu tapıntı etmiş oldu. Lakin çəkilişlərin qeyri-peşəkarlığı, operatorun düzgün olmayan rakursları təsir effektini azaldırdı. Həmçinin həddən ziyadə bahalı və nəzərə çarpan geyim, ziynət əşyalarını taxaraq qaçqınlarla görüşə gedən Lalə Şövkət lazımsız təzadın ekrana gəlməsinə imkan verdi. yuxarıda qeyd olunan bizdən biri obrazının əksinə olaraq «qəhrəman» obrazını seçən namizəd olduqca böyük səhv addım atdı. Çünki qadın siyasətçi daha çox gözəlliyi, ailəcanlığı və mərhəməti ilə nüfuz qazana bilər. Qəhrəmanlıq obrazı sadə tamaşçıda heç vaxt qadınla asossiasiya etmir. Ona görə də namizədin bu cür imici tamaşaçıda yalnız təbəssüm yaratmış olur. Liberal partiyanın lideri olan Lalə Şövkət seçkilərdəki çıxışların liberalizmə dəxli olmayan daha çox millətçiliyə yaxın çıxışlar etməklə siyasi cəhətdən səbatsız olduğunu nümayiş etdirdi. Bütün bu amillər onun reytinqinə öldürücü təsir etdi.

Lalə Şövkətin studiya çıxışlarında saysız «yanıb-sönmə»lərin olması 10 dəqiqəlik nitqin bir neçə dəfə montaj olunduğu göstərən amildir. Bü cür çıxışlarda montajın yolverilməzlyini və tamaşaçıda namizədin natiqlik qabiliyyətinə şübhə yaratdığını nəzərə alıb deməliyik ki, Lalə Şövkətin tele təşviqat işini zəiflətmiş oldu.

Qüdrət Həsənquliyev siyasi səhnəyə yenicə qədəm qoysa da onun iddiaları maraq doğurub. Lakin prezident seçkilərində onun teleçıxışlarında yaranan obraz tam fərqli fikir söyləməyə imkan verir. Həddən artıq kamera qarşısında həyacanlanan Q.Həsənquliyev gərgin idi və bu gərginlikdə olduqca sıxılmış vəziyyətdə durmuşdu. Onun baxışlarında və mimikasında duyulan gərginlik qətiyyətsizlik və inamsızlıq rəyini yaratdı. Özünün qələbəsinə şübhə onun istər qətiyyətsiz və qeyri-müəyyən, həmçinin xaotik platformasında namizədin obrazından daha çox sözünü deyib yaxa qurtarmaq istəyən rəyi göz önünə gəldi. Namizədin haqqında danışdığımız 5 cəhətin hər birini ustalıqla pozması ona qarşı inamsızlıq hissini təlqin etdi.

Ümumiyyətlə AzTV namizədlərə qarşı olduqca qeyri-peşəkar və biraz da qeyri-ciddi yanaşmanı göstərmiş oldu. Beləki seçilmiş göy fon göz yorğunluğu və soyuq, yorucu atmosferi yaratmaq bərabər, namizədlərin görkəminə də mənfi təsir edirdi. Üstəgəl də işıq quruluşunun qeyri-peşəkar olması olduqca cansıxıcı bir əhval yaratmış olurdu. Bu isə namizədin çıxış təsirini yarıbayarı azaltmış olurdu. Bu baxımdan istər rejissor işi, istər işıq işi istərsə də operator işi ciddi tənqid olunmalıdır. Bir çox halda fərdin siyasətçiyə münasibəti kadrın quruluşuna təsir edir ki, bu da yekunda teleçıxışın uğursuzluğuna və ya namizədin uğursuz telegörünüşünə yol açır. Bəzən adicə kamera hündürlüyünün düzgün seçilməməsi insanın çirkin görüntüsünə imkan verir. Ona görə də quruluşçu operator və efir rejissoru özlərinin peşə məsuliyyətini dəqiq anlamalı bu cür neqativ məqamlara yol verməməlidirlər. Lakin 2003-cü il prezident seçkiləri deyilənin əksini göstərdi. Namizəd Etibar Məmmədovun teleçıxışında kameranın olduqca yuxarıdan (kamera boyu insan boyundan hündür olduqda görünüş bucağı dəyişir vuə real görünüşlə obyektiv görünüşü mənfiyə doğru dəyişir) qoyuluşu onun şişkin və kiçilmiş tərzdə görünməsinə imkan verdi ki, bu da nə peşə etikasına, nə də prezidentliyə namizədə qarşı münasibətə uyğun gəlmirdi. Digər tərəfdən işığın da düzgün qurulmaması həm namizədə mane olurdu, həm də onun üzündə lazımsız kölgə-çöküntülərin yaranmasına imkan verirdi. E.Məmmədovun üzünə tuşlanan işıq onun danışarkən gözünü qıymasına səbəb olurdu. Bu isə siyasətçinin seçici ilə «göz-gözə rabitə»sini dağıdır və onun nitqini maraqsız edir. Həmçinin Etibar Məmmədovun özündə olan daxili gərginlik və həyacandan doğan təngənəfəslik nitqi yorucu, maraqsız edirdi. Bir neçə seçki və teleçıxış təcrübəsi qazanmış E.Məmmədovun jestlərinə gəldikdə onların ifadəli olmasını və nitqlə uzlaşmış tərzdə yerinə yetirilməsini qeyd etmək lazımdır. Onun ən böyük uğursuluğu nitqlərin birində ən elementar rəqəmləri tələffüz edə bilməyərək ölçü vahidlərini çaş-baş salması oldu.

İsa Qəmbərin teleçıxışında da çəkiliş bağlı problemlər nəzərə çarpsa da onun nitqindəki temp bu qüsurları bir o qədər də qabartmadı. Lakin onun gərginliyi açıq duyulurdu. Gərginlik və səsində həyacandan titrəyiş çıxışın təsir gücünü azaltdı. İsa Qəmbərin ekran qarşısında olduqca qəzəbli duruşu da seçici ilə vizual mərhəmi əlaqənin yaranmasına imkan vermədi. Onun qisasçı və dağıcı obraz yaratmaqla güclü rəhbər obraz yaratmaq cəhdi alınmadı. İsa Qəmbər daha çox populist tənqidçi kimi yadda qaldı.

Teleçıxışda videoçəkilişdən istifadə edən Sabir Rüstəmxanlı daha inamlı görünürdü. İşıq və görüntü həllinin kifayət qədər peşəkarlıqla qurulması çıxışın plastik həllini effektiv etdi. Çıxışlarını qətiyyətli tənqid üzərində quran digər namizədlərdən fərqli olaraq S.Rüstəmxanlı namizəd kimi özünün səmimi bir tərzdə üstüörtülü təqdimatına və təbliğatına yer verdi. Ziyalı və yazıçı kimi cəmiyyətdə tanındığını bilən namizəd məhz bu obrazı ziyalı-prezident obrazı ilə birləşdirmək üçün simvoldan da istifadə etdi. Bütün çıxış boyunca əlində olan qələm onun bu obrazını tamamladı. Həmçinin arxa fonda kitab rəfi də bu obrazın təsdiqinə xidmət etmiş oldu. Kifayət qədər özünə inamlı görünən namizədin sərt ifadələri və onu tamamlayan jestləri «qələmi süngüyə çevirmək» obrazı ilə daha da qüvvətləndi. Bu fakt bir daha AzTVnin studiyasında canlı çıxışın heç bir effekt vermədiyini göstərmiş oldu. Digər namizədlər də peşəkar çəkiliş heyəti tərəfindən çıxışı öncədən çəkdirsəydilər daha ifadəli görünərdi və namizədin bütün diqqəti və baxışı saata yönəlməzdi.

Əli Kərimlinin teleçıxışında da dinamika və özünə inam dərhal duyulurdu. Jestlərdən və mimikadan ümumiyyətlə istifadə etməməsi onun çıxışı yorucu edirdi. Lakin rəvan nitqi və titrəməyən səsi onun imicini müsbətə doğru dəyişdi.

Digər namizəd İlyas İsmayılov isə ümumiyyətlə təşviqat işini tamam fərqli müstəvidə qurub ki, bu da siyasi mübarizədə o qədər də uğurlu metod sayılmır. Divar rəsmlərində və teleçıxışlarında niskilli və bədbin obraz alan namizəd lirik-sentimental təəssüratını yaradır. Onun danışıq tempində sentimental, kədər notlarının və avazın olması həmçinin mahnılar, şerlərlə müşayiət olunan çıxış onu siyasətçidən çox uğursuz adamın kədər etirafına bənzətdi. İlyas İsmayılovun çıxışlarını isə ümumiyyətlə orta səviyyəli publisistik verilişdən başqa heç nə adlandırmaq olmaz. Namizəd çıxışından daha çox kədərli jurnalistin dərdləşməsinə bənzəyən bu 10 dəqiqəlik efir vaxtı İlyas İsmayılovun stend-up-ları, kadrarxası mətni ilə eybəcər bir biçim aldı. Statistika Komitəsinin, Cavid heykəliin önündə stend-up edən namizəd daha çox kədərli və çox danışan aparıcı imicindən başqa heç bir xoş təəssürat yarada bilmədi. Bu çıxışda ən böyük uğursuzluqsa operatorun namizədi «altdan» çəkməyi oldu. Aşağıdan yuxarı baxış daha çox əyləncəli verilişlərdə bir gülüş metodu kimi və bir də Mussolini vaxtı diktator imici yaratmaq məqsədi ilə edilirdi. Çıxışda istifadə olunan görüntü baxımdan savadsız sayılan rakursun hansı məqsəd daşıdığını təyin etmək isə çətindir.

İlham Əliyevin teleçıxışında fonun və kameranın məsafəsinin uğurlu seçilməməsi təsir effektini azaldırdı. Lakin onun toxunduğu məsələrin miqyası və bununla bağlı nitqində inam, cəsarət müsbət emosiya yaradırdı. Onun qələbəsini təmin edən məhz bu etibarlılıq, inam amili idi.

Yunus Oğuz teleekranlarda ən az görünən siyasətəçilərdən olmasına baxmayaraq kifayət qədər sərbəst və inamla danışması ona qarşı maraq yaradır. Lakin çıxışın başlamasından əvvəl uzun-uzadı tirla və kadr arxası səslə platformanın oxunması tempi öldürməklə bərabər teleeffekti də azaldaraq onu qəzet və radiounun eybəcər sintezinə yaxanlaşdırırdı. Ekranda görüntüyə gələn şəkillərində (həmçinin divar şəkillərində də) özündən müştəbeh görünüşü tamaşaçıda mənfi emosiya yaradırdı. Namizədin nitqində görəcəyə işlərdən daha çox məktublara və şikayətlərə yer ayırması bu çıxışı şikayətlər mövuzusunda olan verilişə, namizədi isə uğursuz aparıcıya çevirirdi.

Prezidentliyə digər namizəd Abutalıb Səmədovsa daha çox xatirə söyləməyi ilə yadda qaldı. O da özünü teleaprıcı kimi təcrübədən keçirmək niyyətinə düşüb və janr kimi yada düşər xatirələri seçmişdi. Onun görünüşün isə aparıcılığa ümumiyyətlə yaramaması tamaşaçının heç bir halda diqqətini cəlb edə bilmirdi.

Namizədlərin 2003 prezident seçkilərində teleçıxışlarını müzakirə etdikdən sonra belə bir qənaətə gəldik ki, onlardan bir çoxu seçici ilə ünsiyyəti düzgün quru bilməmişlər. Çıxışda ünsiyyət yaratmaq, inamı qazanmaq üçün televiziyanın ifadə vasitələrindən səmərəli tərzdə istifadə olunmayıb.



Namizədin teleçıxışı vacib və olduqca təsirli olduğu və təsir gücünü artırmaq üçün insan şüurlarına təsir edəcək elementlərdən istifadə etməyin vacibliyi qənaətinə gəldik. Azərbaycan praktikasında təhlil edincə kifayət qədər qüsurların olması yekunu önə çıxdı. Bunun qarşısının alınması üçün siyasətçilərin peşəkarlarla görkün biçimlənməsinə daha effektiv nail olmaqdan ötrü ciddi iş aparılmalıdır.
Ədəbiyyat


  1. Борецкий Р. Осторожно: телевидение. Москва 2002.

  2. Demokratik dövlətlərin seçki prosesində Televiziya və Radionun rolu- Bakı, 2001.Голядкин Н. Тв информация в США. Москва 1995.

  3. Грасиан Бальтасар. Карманный оракул. Москва. 1982

  4. Кузнецов. Г.ТВ-журналистика: критерии профиссионализма. Москва. 2002


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə