Prezidentin fərmanı Qəbul edildiyi tarix




Yüklə 51.22 Kb.
tarix10.04.2016
ölçüsü51.22 Kb.

Aktın növü:

Prezidentin fərmanı

Qəbul edildiyi tarix:

16.02.2011

Qeydiyyat nömrəsi:

386

Adı:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında

Rəsmi dərc edildiyi mənbə:

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 02 Dərc olunma tarixi 28-02-2011 Maddə nömrəsi 90, Azərbaycan Qəzeti № 39 Dərc olunma tarixi 19-02-2011, Respublika Qəzeti № 37 Dərc olunma tarixi 17-02-2011

Qüvvəyə minmə tarixi:

 

Azərbaycan Respublikasının Vahid 
hüquqi təsnifatı üzrə indeks kodu:

 

Hüquqi Aktların Dövlət 
Reyestrinin qeydiyyat nömrəsi:

13201102160386

Hüquqi aktın Hüquqi Aktların 
Dövlət Reyestrinə daxil edildiyi tarix:

 

 Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Əmək və əhalinin

Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Məşğulluq Xidməti haqqında

Əsasnamə

I. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (bundan sonra – Xidmət) işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır.



1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları ilə, mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün işəgötürənlərlə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Xidmət Bakı səhərində yerləşir.
II. Xidmətin fəaliyyət istiqamətləri

 

2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:



2.1.1. Azərbaycan Respublikasında əhalinin məşğulluğunun təmin olunması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir;

2.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir;

2.1.3. qanunvericiliyə uyğun olaraq işsizlik müavinətinin təyin olunmasını və ödənilməsini təmin edir;

2.1.4. qanunvericiliyə uyğun olaraq müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;

2.1.5. işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplayır və bu məlumatı istifadə edir;

2.1.6. işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə aktiv məşğulluq tədbirləri (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirir;

2.1.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Xidmətin vəzifələri

 

3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:



3.1.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək;

3.1.2. Xidmətin illik fəaliyyətini müəyyən edən respublika məşğulluq proqramının layihəsini  müvafiq qaydada hazırlayıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək;

3.1.3. əmək bazarında mövcud vəziyyəti öyrənməklə, iş qüvvəsinə olan tələb və təklifləri təhlil etmək, əmək ehtiyatlarına, işçi qüvvəsinin hərəkətinə dair proqnozlar hazırlamaq, təkliflər vermək;

3.1.4. işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə dair proqnozlar hazırlamaq və müvafiq proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.1.5. vətəndaşlara münasib işin seçimində və işə düzəlmələrində müvafiq qaydada köməklik göstərilməsini, işaxtaranların peşə hazırlığı və əlavə təhsili ilə bağlı tədbirlərin görülməsini təmin etmək;

3.1.6. məşğulluğa kömək məqsədi ilə işaxtaran və işsiz vətəndaşların qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmasını və işsiz statusunun verilməsini təmin etmək;

3.1.7. işaxtaran və işsiz vətəndaşlar üçün реşəуönümü və məsləhət xidməti, regional tədris mərkəzləri tədris kabinələri və əmək birjaları yaratmaq;

3.1.8. yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq  müəssisələrdə həmin şəxslərin müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təmin etmək;

3.1.9. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işsizlik müavinətinin ödənilməsinin dayandırılması və işsizlik müavinətinin ödənilməsinə xitam verilməsi ilə bağlı tədbirlər görmək;

3.1.10. əhalinin məşğulluğu və əmək bazarının vəziyyəti barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc etdirmək;

3.1.11. qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş hallarda təyinatı üzrə müvafiq vəsaitin köçürülməsinə nəzarəti təmin etmək;

3.1.12 əhalinin məşğulluğu haqqında statistik hesabatlan aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim etmək;

3.1.13 Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, о cümlədən müasir informasiya texnologiyaları ilə təmin edilməsi barədə təkliflər vermək;

3.1.14. vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;

3.1.15. qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

 

IV. Xidmətin hüquqları

 

4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:



4.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş hallarda təyinatı üzrə müvafiq vəsaitin köçürülməsi ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;

4.1.2. məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair müvafiq təklifləri Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək;

4.1.3. işəgötürənlər tərəfindən təqdim olunmuş məlumatların uzlaşdırılmasını həyata keçirmək;

4.1.4. öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.5. öz səlahiyyətləri daxilində məşğulluğa dair yerli və beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyini təmsil etmək;

4.1.6. qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli ekspertləri, məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;

4.1.7. öz səlahiyyətləri daxilində digər dövlət orqanları ilə əməkdaşlıq etmək;

4.1.8. işəgötürənlərdən məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq hesabatların vaxtında təqdim edilməsini tələb etmək;

4.1.9. öz səlahiyyətləri daxilində fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

4.1.10. öz işçilərinin peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, о cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təmin etmək;

4.1.11. məşğulluq sahəsində beynəlxalq təcrübəni öyrənmək, qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumlan) ilə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq;

4.1.12. nəşr, reklam-informasiya fəaliyyətini həyata keçirmək;

4.1.12. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətin aparatı, şəhər, rayon, məşğulluq orqanları (bundan sonra - yerli orqanlar) və Naxçıvan Muxtar Respublikasının Məşğulluq xidməti və Xidmətin fəaliyyətini təmin edən digər qurumlar (tədris mərkəzləri və s) Xidmətin vahid sistemini təşkil edir.



5.2. Xidmətə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

5.3. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyalarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Xidmətin rəisinin, təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini vardır.

5.5. Xidmətin yerli orqanlarının rəhbərləri Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.6. Xidmətin aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.

5.7. Xidmətin rəisi:

5.7.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.7.2. Xidmətin yerli orqanlarının və fəaliyyətini təmin edən digər qurumların fəaliyyətini əlaqələndirir, onlara əməli-metodiki köməklik göstərilməsini təşkil edir;

5.7.3. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;

5.7.4. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və yerli orqanlarının strukturunu, xərclər smetasını və ştat cədvəlini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir;

5.7.5. öz səlahiyyətləri daxilində Xidmətin işçilərini işə qəbul edir;

5.7.6. Xidmətin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

5.7.7. Xidmət üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

5.7.8. Xidmətin rəis müavinləri və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsünü aparır;

5.7.9. Xidmətin aparatının və yerli orqanlarının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin aparatının və yerli orqanların işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;

5.7.10. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;

5.7.11. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqı və işəgötürənlər birlikləri, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə vəkalətnaməsiz təmsil edir;

5.7.12. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflər verir;

5.7.13 Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə mütəmadi olaraq hesabat verir;

5.7.14. dövlət büdcəsindən Xidmətə ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatları Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir;

5.7.15. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilmiş şikayətlərə baxır və əsas olduqda, onları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;

5.7.16. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.8. Xidmətin fəaliyyətinin təşkil edilməsi məqsədilə Xidmətdə şura yaradılır. Şuranın tərkibinə Xidmətin rəisi (şuranın sədri), Xidmətin rəis müavinləri və Xidmətin digər rəhbər işçiləri daxil edilir.

5.9. Şura üzvlərinin sayı və tərkibi Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq edilir.

5.10. Şurada Xidmətin əsas fəaliyyəti və işinin təkmilləşdirilməsi ilə bağlı məsələləri baxılır, Xidmətin aparatının struktur bölmələrinin və yerli orqanlarının fəaliyyəti müzakirə edilir və müvafiq qərarlar qəbul edilir.

5.11. Şuranın qərarları protokolla rəsmiləşdirilir və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

5.12. Xidmətin fəaliyyəti ilə bağlı şuranın üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, şuranın sədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinə yaranan fikir ayrılıqları haqqında məlumat verərək öz qərarını həyata keçirir.

5.15. Şuranın iş qaydası Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən müəyyən edilir.





Aktın növü:

Prezidentin fərmanı

Qəbul edildiyi tarix:

01.07.2011

Qeydiyyat nömrəsi:

462

Adı:

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə:

"Azərbaycan" qəzeti № 142

Qüvvəyə minmə tarixi:

03.07.2011

Azərbaycan Respublikasının Vahid 
hüquqi təsnifatı üzrə indeks kodu:

010.180.020

Hüquqi Aktların Dövlət 
Reyestrinin qeydiyyat nömrəsi:

13201107010462

Hüquqi aktın Hüquqi Aktların 
Dövlət Reyestrinə daxil edildiyi tarix:

15.07.2011

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə"nin 5.5-ci bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə