Press-reliz bələdiyyələrin İnkişafı Naminə qht alyansı 14 noyabr 2012-ci IL




Yüklə 28.51 Kb.
tarix11.03.2016
ölçüsü28.51 Kb.
PRESS-RELIZ

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı 14 noyabr 2012-ci il
Azərbaycan Yerli özünüidarə haqqında Avropa Xartiyasının müddəalarına riayət etmir

Avropa Şurası Azərbaycanda bələdiyyə institutunun zəifliyindən və onun real inkişafı üçün hökumətin yetərli addımlar atmamasından narahatdır
Bu fikirlər Bələdiyyələrin inkişafı naminə QHT Alyansının (BİNA) 2012-ci il noyabrın 14-də “Avropa Şurasının 326 saylı Tövsiyələri Azərbaycanda yerli özünüidarənin inkişafına hansı töhfələri verə bilər?” mövzusunda keçirdiyi dəyirmi masada səsləndirilib.

Dövlət orqanları, bələdiyyələrin milli assosiasiyaları, beynəlxalq təşkilatlar, bələdiyyələr, siyasi partiyalar, yerli QHT və media təmsilçilərinin qatıldığı dəyirmi masanı giriş sözü ilə Alyansın koordinatoru Azər Mehtiyev açdı. O, məlumat verərək bildirdi ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Kongresinin bu il oktyabrın 16-18-də keçirilən 23-cü Sessiyasında Konqresin Monitorinq Komitəsinin hazırladığı “Azərbaycanda yerli və regional demokratiya” Məruzəsi müzakirə edilmiş və müzakirələr nəticəsində 345 saylı Qətnamə və 326 saylı Tövsiyələr qəbul edilmişdir. A.Mehtiyevin dediyinə görə, məlum məruzəni hazırlamaq üçün Konqresin Monitorinq Qrupunun üzvləri (həmməruzəçilər Yos Viene (Niderland) və Qudrun Mosler-Torstrem (Avstriya)) bu ilin aprelində Azərbaycana səfər etmiş, burada yüksək vəzifəli hökumət rəsmiləri, Milli Məclis rəhbərliyi və deputatlar, bələdiyyə assosiasiyaları, bələdiyyə sədrləri, QHT və KİV təmsilçiləri və müstəqil ekspertlərlə görüşlər və müsahibələr aparmaq, milli qanunvericiliyi öyrənmək əsasında hazırlanmışdır. Bu prosesdə Monitorinq Qrupunun BİNA ilə davamlı əməkdaşlıq etdiyini qeyd edən Alyansın koordinatoru xatırlatmışdır ki, Alyans ötən il ölkəmizdə yerli özünüidarənin inkişafı üçün yaradılmış qanunvericilik bazasının və formalaşmış bələdiyyə institutunun fəaliyyət çərçivələrinin Avropa Xartiyasının prinsip və tələblərinə uyğunluğunun monitorinqini aparmış və hesabat hazırlamışdı. O qeyd etdi ki, Konqresin Monitorinq Qrupu öz məruzəsini hazırlayarkən Alyansın həmin hesabatından da yararlanmışdır.

A.Mehtiyev vurğuladı ki, bu, Avropa Şurasının ölkəmizdə məlum sahədə apardığı ikinci monitorinqdir. Birinci monitorinq 2003-cü ildə aparılmışdı və o zaman Konqres Azərbaycana 126 (2003) saylı Tövsiyələr ünvanlamışdı. Bu dəfəki məruzədə 2003-cü ildə aparılmış əvvəlki monitorinqdən sonra ötən dövr ərzində Azərbaycanda yerli özünüidarənin inkişafı sahəsində vəziyyətə qiymət verilib. Məruzədə xüsusi olaraq vurğulanıb ki, Azərbaycan hakimiyyəti hələ 2003-cü ildə vəziyyətin dəyişdirilməsi məqsədilə onlara ünvanlanmış tövsiyələrin əksəriyyətinə məhəl qoymayıb. Məruzədə Azərbaycanın Yerli özünüidarə haqqında Avropa Xartiyasının müddəalarına riayət edilməməsindən, habelə Azərbaycan hökumətinin bu vəziyyətin dəyişdirilməsinə yönəlmiş planlarının olmamasından xüsusi narahatlıq ifadə olunur.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev “Azərbaycanda yerli özünüidarənin durumu: Avropa Şurasının yeni islahat çağırışları” mövzusunda təqdimatla çıxış etdi. R.Ağayev bildirdi ki, Konqresin Monitorinq Qrupunun məruzəsində Azərbaycanda yerli özünüidarənin inkişafı sahəsində mövcud problemlər əks olunmuş, Tövsiyələrdə isə həmin problemlərlə bağlı narahatlıq ifadə edilmiş və bunların aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinə təkliflər verilmişdir.



R.Ağayev qeyd etdi ki, Avropa Şurası Azərbaycanda yerli özünüidarə ilə bağlı aşağıdakı problemlərdən narahatlıq ifadə edir:

  1. «Bələdiyyələrin statusu haqqında» qanunda «yerli özünüidarə anlayışı» Xartiyanın tələblərinə uyğun və dəqiq müəyyən edilməyib;

  2. yerli idarəetmə sistemində paralelizm mövcuddur - ölkədə yerli idarəetmə həm yerli icra hakimiyyət orqanları tərəfindən, həm də son dərəcə məhdud rola malik bələdiyyələr tərəfindən həyata keçirilir;

  3. təcrübədə yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında, faktiki olaraq, tabeçilik münasibətləri mövcuddur;

  4. bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında vəzifə və səlahiyyətlər dəqiq bölünməyib;

  5. bələdiyyələrin mailiyyə potensialı zəifdir (bələdiyyələrə verilən dotasiyaların məbləği azdır, habelə bələdiyyə vergilərinin toplanma mexanizmləri səmərəsizdir);

  6. bələdiyyəlrə aid məsələlər üzrə planlaşdırma və qərar qəbuletmə zamanı bələdiyyələrlə və milli bələdiyyə assosiasiyaları ilə lazımi vaxtlarda və müvafiq qaydada məsləhətləşmə prosedurları yoxdur;

  7. bələdiyyə qulluqçularının statusu və səlahiyyətlərini, habelə onların hüquq və vəzifələrini tənzimləyən qanunvericilikdə boşluqlar var;

  8. bələdiyyələrin əmlakı azdır, bələdiyyələrə verilməli olan əmlakın, xüsusilə torpağın ötürülməsində ləngimələr var;

  9. Bələdiyyələrin statusu haqqında Qanunda bələdiyyələr üzərində nəzarət proseduru, xüsusilə bələdiyyələrin öz fəaliyyətləri barədə parlament qarşısında hesabat vermək öhdəliyi ilə bağlı aydınlıq yoxdur;

  10. mərkəzi hakimiyyət orqanları tərəfindən yerli özünüidarəetmə sahəsinə aid qərarların qəbulu prosesində milli bələdiyyə assosiasiyaları ilə zəruri məsləhətləşmələr aparılmır;

  11. ölkənin paytaxtı Bakı şəhərinin demokratik yolla seçilmiş və bütün ərazini əhatə edən vahid şura tərəfindən deyil, yalnız prezidentin qarşısında hesabatlı olan və üzərində heç bir demokratik nəzarət aləti olmayan icra hakimiyyəti orqanı tərəfindən idarə edilməsi;

  12. paytaxt şəhəri kimi Bakının statusuna münasibətdə qanunvericilikdə olan boşluqlar.

Daha sonra R.Ağayev Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı aşağıdakı tövsiyələr barədə danışdı:

  1. bələdiyyələrin ümumi dövlət idarəçiliyi orqanları qismində dövlət hakimiyyətini həyata keçirən əksmərkəzləşdirilmiş qurumlar kimi tanınması;

  2. ən vacib yerli dövlət idarəetmə səlahiyyətlərinin əksər hissəsinin demokratik yolla seçilmiş və siyasi baxımdan hesabatlı bələdiyyələrə ötürülməsi, yerli idarəetmə səviyyəsində paralel strukturlar arasında vəzifə və səlahiyyət bölgüsünə yenidən baxılması və dəqiqləşdirilməsi;

  3. təcrübədə bələdiyyələri yerli dövlət hakimiyyəti orqanlarının tabeçiliyinə salan subordinasiya münasibətlərinə son qoyulması;

  4. bələdiyyələrə səlahiyyətlərinə uyğun dayanıqlı maliyyə resurslarının ayrılması;

  5. dövlət transfertlərinin və xüsusi qrantların yerli idarəetmə orqanlarının maraqları nəzərə alınmaqla şəffaf və proqnozlaşdırıla bilən qaydada bölünməsi;

  6. bələdiyyələrdə vergi yığımı mexanizmlərinin səmərəliliyinin artırılması;

  7. birbaşa bələdiyyələrə aid bütün məsələlər üzrə qərarların planlaşdırılması və qəbul edilməsi prosesində onları təmsil edən milli bələdiyyə assosiasiyaları ilə məsləhətləşmələrin aparılması prosedurlarının yaradılması;

  8. bələdiyyələrin hər cür inteqrasiyası zamanı bunların müvafiq bələdiyyələrlə və bələdiyyə assosiasiyaları ilə müzakirə edilməsi;

  9. bələdiyyə kadrlarının qabiliyyətlərinin və hazırlığının artırılması üçün xüsusi təlim proqramları üzrə səmərəli tədbirlərin işlənilməsi;

  10. mümkün qədər tez bir zamanda bütün bələdiyyələrin inzibati binalarla təmin edilməsi və mülkiyyət sənədlərinin verilməsinin başa çatdırılması;

  11. qanunvericilikdə dəqiqləşdirmə aparılması və bələdiyyələr üzərində hüquqi nəzarəti həyata keçirmək səlahiyyəti verilmiş inzibati orqanların konkret rolunun müəyyənləşdirilməsi;

  12. yerli idarəetmə orqanlarının öz fəaliyyətləri barədə parlament qarşısında hesabat vermək öhdəliyinin ləğv edilməsi, habelə bələdiyyə aktlarının qanunauyğunluğuna nəzarət funksiyasına münasibətdə mərkəzi hökumətin nəzarət səlahiyyətlərinin məhdudlaşdırılması;

  13. bələdiyyələrin milli assosiasiyalarına milli səviyyədə bələdiyyələrin maraqlarını təmsil etmək imkanı vermək üçün onların nümayəndələrinin yerli özünüidarə ilə bağlı qərarların qəbulu prosesində iştirakının gücləndirilməsi;

  14. Bakı şəhərinin yerli hakimiyyətinin (idarəetmə orqanlarının) demokratik seçilməsi sisteminin yaradılmasının nəzərdən keçirilməsi;

  15. Bakı şəhəri haqqında qanunun qəbul edilməsi.


AXCP-nin təmsilçisi Nurəddin Məmmədli çıxışında Konqresin tövsiyələrinin reallığı əks etdirdiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyə sistemi formal fəaliyyət göstərir. O, bunun səbəbini yerli özünüidarə qurumlarlının statusunun düzgün müəyyən edilməməsində, seçkilərin demokratik keçirilməməsində və bələdiyyələrin maliyyə imkanlarının zəif olmasında görür. N.Məmmədli hesab edir ki, yerli özünüidarənin inkişafının bir üstünlüyü də yerlərdə mövcud olan inhisarların dağıdılması ola bilər.

Tövsiyələrin müsbət qiymətləndirən ADP təmsilçisi Təliyət Əliyevin sözlərinə görə, Avropa Şurasının əksmərkəzləşmə tələbinə həmişə hakimiyyət mərkəzləşmə addımları ilə cavab verir.



İqtisadçı Nazim Məmmədovun sözlərinə görə bu gün icra hakimiyyətləri ilə bələdiyyələrin münasibəti sovet idarəetmə sistemində olduğu kimi katib-kolxoz sədri münasibətlərini xatırladır. İqtisadçı parlament idarəetmə sisteminə keçid təmin olunmayınca dövlət büdcəsindən bir sıra qurumlara, o cümlədən bələdiyyələrə maliyyə yardımlarının ayrılmasının əleyhinə olduğunu bildirib.
Avropa Şurasının Bakıda mer seçkisi tələbinə toxunan REAL hərəkatının üzvü Natiq Cəfərli bildirdi ki, bu məsələ geci-tezi həllini tapacaq. O, siyasi partiyalara məsləhət gördü ki, bu sahədə hazırlıq işləri görsünlər, namizədlərini müəyyənləşdirsinlər. N,Cəfərli həmçinin Azərbaycanda regional idarəetmənin vacibliyini də vurğulayıb.
Musavat partiyasının təmsilçisi Arif Hacılı təmsil etdiyi partiyanın yerli özünüidarənin inkişafı ilə bağlı konsepsiyasının olduğunu qeyd edib. O, Azərbaycanda yerli özünüidarənin inkişaf etməməsini ilk növbədə, siyasi iradənin olmamasından qaynaqlandığını bildirib.
İqtisadçı Zöhrab İsmayıl bələdiyyələrin dövlətin investisiya layihələrində iştirak etməməsindən narahatlığını bildirərək bunun vacibliyini bildirdi.
İqtisadçı Sabit Bağırov diqqəti tövsiyələrin yerinə yetirilməsi proseduruna, Qafqaz Universitetinin müəllimi Xanlar Heydərov dindən və milli ənənədən doğan amillərin yerli özünü idarəyə problem yaratdığını qeyd etdi.
Avropa Şurasının eksperti Aydın Aslanov əvvəlki tövsiyə ilə müqayisədə son tövsiyənin daha sərt olduğunu vurğulamaqla vətəndaş cəmiyyətinin konkret fəaliyyət planı quraraq cəmçiyyətin diqqətini bu məsələyə yönəltməyin vacibliyini vurğuladı.
BİNA eksperti Samir Əliyev Avropa Şurasının tövsiyəsinin əvvəlki kimi diqqətdən kənarda qalamamsı üçün bütün vətəndaş cəmiyyətinin və siyasi partiyaların qüvvələrinin səfərbər olunmasını təklif edib.
Daha sonra Lyudmila Xəlilova, Cavid Qurbanlı və digər iştirakçıları da müzakirələrə qatılaraq ölkəmizdə yerli özünüidarənin mövcud durumuna və Avropa Şurasının Tövsiyələrinə münasibət bildirdilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə