Press-reliZ 19 İyul 2012-ci IL Bakı, Azərbaycan




Yüklə 25.53 Kb.
tarix27.04.2016
ölçüsü25.53 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
19 İyul 2012-ci il

Bakı, Azərbaycan


  • ELANLAR!

  • MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ - AZAD MƏTBUAT YÜRÜŞÜ

  • ALİ MƏKTƏBDƏN QOVULAN TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • ANAR BAYRAMLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • XƏYAL” TV-NİN ƏMƏKDAŞLARI HAQQINDA SEÇİLƏN HƏBS QƏTİ İMKAN TƏDBİRİ DAHA İKİ AY MÜDDƏTİNƏ ARTIRILIB


ELANLAR!

20 iyul, 2012-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində aşağıdaki tədbirlər keçiriləcək:

Saat 12:00-13:00

Məcburi köçkün Bakir Bayramov yaşadığı Nəsimi rayon, M.Qaşqay küçəsi 42 ünvanında yerləşən yataqxananın birinci mərtəbəsində olan restoranda qaz sızması nəticəsində xəsarətlər alması ilə bağlı və məhkəmə orqanlarının ona maddi kompensasiya ödənilməsi barəsində çıxardığı qərara baxmayaraq kompensasiya almaması haqqında mətbuat konfransı keçiriləcək.



Saat 13:00-14:00

Hüquq müdafiəçisi, vəkil Elçin Sadıqov və “Korrupsiya və Cəmiyyət” jurnalının birgə təşkilatçılığı ilə “Murphy Shipping & Commercial Services Azerbaijan” Birgə Müəssisəsinin səhmdarları arasında baş verən mülkiyyət problemləri ilə bağlı mətbuat konfransı keçiriləcək. 



MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ - AZAD MƏTBUAT YÜRÜŞÜ
22 İyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri və azad media tərəfdarlarının iştirakı ilə “Milli Mətbuat gününə həsr olunmuş - Azad mətbuat yürüşü” keçiriləcək.

Yürüş saat 11.00-da iştirakçıların 1-ci Fəxri Xiyabanın qarşısında toplaşması ilə başlanacaq.

Saat 11.10-dan 11.30-a qədər 1-ci Fəxri Xiyabanda uyuyan Azərbaycanın Milli Mətbuatının banısı Həsən bəy Zərdabinin məzarı ziyarət olunacaq.

Sonra iştirakçılar piyada 2-ci Fəxri Xiyabana yola düşəcəklər.

Saat 11.45 2-ci Fəxri Xiyabanda uyuyan “Monitor” jurnalının baş redaktoru, 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarı ziyarət olunacaq.

Saat 12.00-da 2-ci Fəxri Xiyabanda uyuyan çağdaş Azərbaycan Mətbuatının banilərindən biri olan Nəcəf Nəcəfovun məzarı ziyarət olunacaq.

Daha sonra Şəhidlər Xiyabanına yürüş olacaq.

Saat 12.30-da Şəhidlər Xiyabanında uyuyan - Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Arif Hüseynli və digərlər media nümayəndələrinin məzarları ziyarət olunacaq.

Yürüş saat 13.00-da bitəcək.
ALİ MƏKTƏBDƏN QOVULAN TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (19 iyul) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Qurban Abbasovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist  Elmin Bədəlovun adı çəkilən təhsil müəssisəsinə qarşı qarşı “İddiaçının akademiyanın tələbələr sırasına bərpa edilməməyinin qanunsuz hesab edilməsi və iddiaçının tələbələr arasına bərpa edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması”na dair iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçı Elmin Bədəlov və onun nümayəndəsi Fariz Namazlı, cavabdeh tərəfdən isə ADNA-nın neft-mexanika fakültəsinin prorektoru Qasım Məmmədov, eləcə də ADNA-nın neft-mexanika fakültəsinin dekanı Sakit Həsənov iştirak edirdilər.

ADNA –nın neft-mexanika fakültəsinin prorektoru Qasım Məmmədov iddiaya etiraz etdiklərini bildirdi. Hakim də ondan iddia ilə bağlı mövqeyini yazılı şəkildə təqdim olunmasını xahiş etdi və məhkəməni 1 avqust saat 10:30-a tətin etdi.

Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib. ADNA və onun rektoruna qarşı  ikinci məhkəmə iddiasını   Nəsimi rayon Məhkəməsi 2 fevral 2011-ci ildə təmin etməyib. 2 iyun 2011-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. 8 dekabr 2011-ci il tarixdə Nəsimi rayon Məhkəməsi iddia ərizəsini geri qaytararaq, iddia tələbinə inzibati iqtisad məhkəməsində baxılmalı olmasını göstərib.
ANAR BAYRAMLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının Binəqədi rayon məhkəməsinin 11 iyun 2012-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə proses keçirilib. Hakim Abid Abidinbəyovun sədrliyi ilə keçirilən prosesdə işin baxışa təyin edilməsi ilə bağlı qərar qəbul olunub. Proses 2 avqust saat 11:00-da davam etdiriləcək.

Xatırladaq ki, Anar Bayramlı bu il fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham irəli sürülüb.


XƏYAL” TV-NİN ƏMƏKDAŞLARI HAQQINDA SEÇİLƏN HƏBS QƏTİ İMKAN TƏDBİRİ DAHA İKİ AY MÜDDƏTİNƏ ARTIRILIB

İyulun 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevin Nəsimi rayon Məhkəməsinin 11 iyul 2012-cil tarixli qərarından verdikləri apellyasiya şikayətini təmin edilməyib. Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, vəkil Elçin Sadıqov Quba hadisələri üzrə cinayət işlərinin üç qisimdə məhkəməyə göndəriləcəyinin  gözlənildiyini deyib:

“Jurnalistlərin işi, Cinayət Məcəlləsinin 186-cı cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi üzrə həbs edilənlərin işi və Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə həbs edilənlərin işi ayrılıqda məhkəməyə göndəriləcək. 

Qeyd edək ki, iyulun 11-də Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hüseynov Quba hadisələri ilə bağlı həbs edilmiş “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddətini daha iki ay - sentyabrın 17-dək uzadıb.

    Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev həbs ediliblər və hər iki jurnalist barəsində  2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Habelə onu da qeyd edək ki, Vüqar Qonaqov istintaqın təhriki ilə vəkili Elçin Sadıqovdan imtina edib.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30



e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə