Press-reliZ 17 sentyabr 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 33.71 Kb.
tarix22.04.2016
ölçüsü33.71 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
17 sentyabr 2009-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • BAKI SƏRNİŞİN NƏQLİYYATI”NIN ƏMƏKDAŞLARI JURNALİSTƏ TƏZYİQ ETDİLƏR

  • SABAH VALİDEYNLƏRİN İDDİASINA ƏSASƏN QƏTNAMƏ ELAN OLUNACAQ

  • AZƏRBAYCANDAKI QALMAQALA GÖRƏ “EUROVİSİON”A YENİ QAYDALAR TƏTBİQ EDİLMƏSİNƏ QƏRAR VERİLİB

  • BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI İSTƏYİR

  • ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

  • GÜRCÜSTAN-RUSİYA MÜNAQİŞƏSİNDƏN BƏHS EDƏN FİLMİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB


ELAN!
SABAH – 18 SENTYABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Ayan” qəzetinin təsisçisi və baş redaktoru Cavid Ələsgəroğlu (Şirəliyev) sentyabrın 13-də naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, diplomatik korpusların və hüquq-müdafiə təşkilatlarının nümayəndələri dəvətlidirlər.

BAKI SƏRNİŞİN NƏQLİYYATI”NIN ƏMƏKDAŞLARI JURNALİSTƏ TƏZYİQ ETDİLƏR
Bu gün (17 sentyabr) səhər saat 10:30 radələrində Nəqliyyat NazirliyininBakı Sərnişin Nəqliyyatı MMC-nin “Elit” Ticarət Mərkəzinin yaxınlığında yerləşən cərimə meydanında polis və adı çəkilən təşkilatın əməkdaşları tərəfindən “Ayna” və “Zerkalo” qəzetlərinin müxbiri, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasova təzyiq edilib.

İdrak Abbasov RATİ-yə bildirdi ki, təxminən bir saat qanunsuz saxlanılıb. “Sentyabrın 15-dən, yəni yeni dərs ilinin başlanması ilə bağlı gündəlik planın artırılmasına etiraz olaraq, dünən 156 A saylı marşrut üzrə işləyən bir-neçə sürücüsü tətil təşəbbüsü ilə çıxış ediblər. Həmin sürücülərin idarə etdiyi avtobusların cərimə meydanına aparılması ilə bağlı araşdırma aparmaq üçün cərimə meydanında oldum. Saxlanılmış avtobusların şəkilini çəkən zaman polis çavuşu və Nəqliyyat Departamentinin 2 əməkdaşı mənə hücum etdi. Onlar fotoaparatımı, jurnalist vəsiqəmi, əl telefonumu məndən aldılar və əllərimi burub məni bir otağa apardılar” – deyən jurnalist vurğuladı ki, bütün bunlar sürücülərin gözləri qarşısında baş verib. İ.Abbasov onu da bildirdi ki, aparıldığı otaqda əvvəl ona qarşı psixoloji hücum edilib.

“Məni icazəsiz çəkiliş aparmaqda ittiham edən Bakı Sərnişin Nəqliyyatıtexniki nəzarət şöbəsinin müdiri Niyazi Rüstəmov haralarasa zəng edərək mənim “reket” jurnalist olub-olmadığımı araşdırdı və bu araşdırmadan sonra mənə qarşı münasibəti dəyişdi. Belə ki, mənə qarşı etdikləri kobudluğa görə həm özü, həm də məni saxlayan şəxslər məndən üzr istədilər” - deyən İ.Abbasov baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarına da şikayət etməyəcəyini bildirdi: “Məndən sürücülərin yanında da üzür istədiklərinə və verdiyim sualları cavablandırdıqlarına görə şikayət etməyə lüzum görmürəm”.
SABAH GƏNCLƏRİN VALİDEYNLƏRİNİN İDDİASINA ƏSASƏN QƏTNAMƏ ELAN OLUNACAQ
Bu gün (17 sentyabr ) Səbail rayon Məhkəməsində  hakim  Elnur  Həsənovun sədrliyi ilə Adnan Hacızadənin atası Hikmət Hacızadənin  və Emin Millinin (Abdullayev) atası Paşa Abdullayev, anası Natella Abdullayevanın şəxsi və ailə həyatına hörmət hüququnun pozulması  ilə bağlı Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevə qarşı qaldırdıqları iddia üzrə məhkəmə prosesi  keçirildi.

Prosesdə iddiaçıların hər üçü iştirak etsələr də, cavabdeh tərəfdən heç kəs prosesə gəlməmişdi.

Hakim E.Həsənov valideynlərin Səbail rayon Polis İdarəsinə müraciət edib-etməməsi ilə bağlı göndərilən sorğunun cavabını H.Hacızadəyə təqdim etdi. H.Hacızadə isə sənədin notariusda təsdiqlənmədiyini deyərək, onu əsassız hesab etdiyini bildirdi.

Daha sonra məhkəmədə H.Hacızadə və P.Abdullayevin çıxışları dinlənildi. Onlar iddialarının təmin olunmasını məhkəmədən xahiş etdilər.

Hakim E. Həsənov bildirdi ki, qətnamənin elan olunması üçün növbəti prosesi 18 sentyabr saat 14:30-a təyin etdi.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanılan gənclərə valideynləri ilə görüş verilməyib.



AZƏRBAYCANDAKI QALMAQALA GÖRƏ “EUROVİSİON”A YENİ QAYDALAR TƏTBİQ EDİLMƏSİNƏ QƏRAR VERİLİB
Sentyabrın 11-də Osloda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə – Nəzarət Qrupu Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti müzakirə edib. Qərara gəlinib ki, müsabiqənin qaydalarını dəyişsin. Bu barədə Avropa Yayım Birliyinin (EBU) “Azadlıq” radiosuna göndərdiyi bəyanatda deyilir.

Avropa Yayım Birliyinin “Eurovision” mahnı müsabiqəsi üzrə məsul komitə - İstinad Komitəsi qərara gəlib ki, səsvermə ilə bağlı anonimliyi poza biləcək, məlumatların hər hansı şəkildə açılmasına görə iştirakçı yayım şirkəti ciddi məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi həyatına hörmət olunduğuna təminat verməyə yönəlib. Əgər bu baş verməzsə, EBU qaydanı pozan televiziyaya müvafiq sanksiya qoya bilər.

Əvvəlki qaydalara görə “Eurovision” mahnı müsabiqəsi səsverməni keçirən televiziya şirkətlərinin üzərinə səsverənlərin şəxsi həyatına hörmət etmək öhdəliyi qoymuşdu. Bununla belə EBU onlara qarşı sanksiya qoya bilmirdi, bu səbəbdən də qaydalar dəyişdirilib.

Xatırladaq ki, Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılması barədə mətbuata məlumat vermişdi. Həmçinin politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu da eyni səbəblə avqustun 6-da telefon vasitəsilə MTN-in Nəsimi rayon şöbəsinə çağırılmış, lakin rəsmi çağırış gəlmədiyinə görə, politoloq oğluna şöbəyə getməyə icazə verməmişdi.




BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI İSTƏYİR
ABŞ Dövlət Departamenti Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konqresmen Ceyms Moranın sorğusunu cavablandırıb.  “Turan”ın Vaşinqtondakı müxbirinə istinadən yaydığı məlumatda bildirilir ki, cavabda ABŞ-ın əvvəlki kimi gənc bloqçuların həbsdə saxlanılmasından narahat olduğu vurğulanır. Dövlət katibinin hüquq məsələləri üzrə köməkçisi Maykl Polt tərəfindən imzalanmış məktubda bildirilir ki, bu narahatçılıq bloqçuları azad etmək çağırışı ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb. Daha sonra məktubda Dövlət Departamentinin bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qoyacağı qeyd olunur.

Qeyd edək ki, konqresmen Ceyms Moran avqustun 24-də dövlət katibi Hillari Klintona müraciət edərək Adnan Hacızadə və Emin Millinin işində pozulmuş ifadə azadlığını müdafiə etməyə çağırıb”.

“Sərhədsiz reportyorlar” təşkilatı isə Adnan Hacızadə və Emin Millinin cinayət işinə baxan hakim Araz Hüseynova müraciət edərək, gəncləri azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millini azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq. Onlar siyasi səbəbdən həbs edilib və onlar qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır - deyə müraciətdə bildirilir. Müraciəti http://www.rsf.org/Court-confirms-pre-trial-detention.html linkində tam oxuya bilərsiniz.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaqın yekununda gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Dünən (16 sentyabr) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Bizim Yol” qəzetinin müxbiri, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Behbudovun özü məlumat verib.

“Müşfiq Hüseynov saxlanma şəraitindən və səhhətindən narazılıq etməyib.” – deyən hüquq müdafiəçisi bildirdi ki, jurnalist əfvlə bağlı dövlət başçısına müraciət etmək üçün ondan kömək istəyib.

Xatırladaq ki, M. Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi isə M. Hüseynovun cəzasını 1 il azaldıb.



GÜRCÜSTAN-RUSİYA MÜNAQİŞƏSİNDƏN BƏHS EDƏN FİLMİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
Bu gün (17 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Humanitar Tədqiqatlar Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın "Studio RE" təşkilatının rəhbəri Mamuka Kuparadzenin müəllifi olduğu və Gürcüstan-Rusiya münaqişəsinə həsr olunmuş “İradənin yoxluğu” filminin təqdimat mərasimi keçirilib. Mamuka Kuparadze bildirdi ki, film Gürcüstandakı konfliktlər və onların həlli yollarının araşdırılmasından bəhs edir. “Film bu sitiqamətdə səy göstərən iki gəncin düşüncələrini özündə əks etdirir”.

“İradənin yoxluğu” filmi tədbir nümayiş etdirildikdən sonra və tədbir iştirakçıları filmlə bağlı müzakirələr apardılar.



Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,318/lang,az/

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə