Press-reliZ 13 Aprel 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 14.74 Kb.
tarix20.04.2016
ölçüsü14.74 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
13 Aprel 2011-ci il

Bakı, Azərbaycan



  • SATİRİK JURNALİST YOXA ÇIXIB

  • DAXİLİ İŞLƏR NAZİRLİYİ XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI JURNALİST BARƏSİNDƏ AXTARIŞ VERİB

  • BAŞ REDAKTORUN  HƏBSXANADA ÖLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ YENƏ TƏXİRƏ SALINDI



SATİRİK JURNALİST YOXA ÇIXIB
Tanınmış jurnalist, satirik yazar Mirzə Sakit (Zahidov) aprelin 12-dən naməlum səbəbdən yoxa çıxıb. Bu barədə bu gün (13 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin həyat yoldaşı Rəna Zahidova məlumat verib.

Rəna Zahidova bildirdi ki, satirik yazar barəsində dünəndən bu vaxta qədər hər hansı bir məlumata malik deyillər: “Səhər saatlarından ona dəfələrlə zəng etsəm də, zənglərimə cavab verilməyib. Biz ailəliklə çox narahatıq. Bu gün saat 17.00 radələrində isə özünü təqdim etməyən bir şəxs evimizə zəng edib Mirzənin harada olduğunu bildiyini və onu özü evə gətirəcəyini bildirdi. Həmin şəxsin hansı nömrədən zəng etməsi də məlum deyildi”, - deyə R. Zahidova bildirdi.

Xatırladaq ki, Sakit Zahidov 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunaraq üç il müddətinə azadlıqdan məhrum edilmiş və 2009-cu ilin mart ayında Amnistiya aktı ilə azadlığa buraxılmışdır.
DAXİLİ İŞLƏR NAZİRLİYİ XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI JURNALİST BARƏSİNDƏ AXTARIŞ VERİB
Fransada yaşayan azərbaycanlı mühacir jurnalist Elnur Məcidliyə qarşı Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar) cinayət işi açılaraq, barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. APA informasiya agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Elnur Məcidli "Facebook" sosial şəbəkəsində "11 mart - Böyük Xalq Günü" və "2 Aprel - Böyük Qəzəb Günü" səhifələrinin yaradıcılarındandır.

Elnur Məcidli Fransada jurnalist fəaliyyəti ilə məşğuldur və Fransanın AFP agentliyi, Türkiyənin “İxlas” Xəbər Agentliyi və “Türkiyə” qəzeti və BBC ilə əməkdaşlıq edir.

Avropa Şurası, Avropa Parlamenti, UNESCO, Fransa Məclisi və Senatına akreditasiyası olan jurnalist hələ də beynəlxalq media qurumları ila əməkdaşlığını davam etdirməkdədir. Avropa Jurnalistlər Asossasiyasının üzvüdür. O, Fransanın müxtəlif şəhərlərində (Əsasən Strasburq, Lyon, Paris və s.) Azərbaycanla bağlı müxtəlif tədbirlərin və aksiyaların təşkilatçısı olub.


BAŞ REDAKTORUN  HƏBSXANADA ÖLMƏSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ YENƏ TƏXİRƏ SALINDI

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədovun Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə  prosesi təxirə salınıb. Belə ki, tərəflərin prosesə gecikməsi səbəbindən məhkəmə təxirə salınıb və hakim İlqar Dəmirov növbəti prosesi 20 aprel saat 14:15-ə təyin edib.

            Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

  Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun xəstəlik nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə