Press-reliZ 13 aprel 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 27.36 Kb.
tarix16.04.2016
ölçüsü27.36 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ

13 aprel 2009-cu il

Bakı, Azərbaycan


  • MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI MƏHKƏMƏYƏ VERİLİB

  • SUMQAYITDA MƏTBUATA DƏSTƏK MƏQSƏDİ İLƏ AKSİYA KEÇİRİLİB

  • HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

  • "GÜNDƏLİK BAKI"-NIN MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLDİ

  • RÖVŞƏN KƏBİRLİ VƏ YAŞAR AĞAZADƏNİN İDDİALARI TƏMİN OLUNMADI

  • MİRZƏ SAKİT ANDRES HERKELLƏ GÖRÜŞÜB



MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI MƏHKƏMƏYƏ VERİLİB

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" (SGHM) İctimai Birliyi Milli Televiziya və Radio Şurasını, (MTRŞ) Sumqayıt şəhərində regional telekanalın açılması üçün lisenziya verməməkdə ittiham edərək məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) SGHM-nin prezidenti Elçin Məmmədli məlumat verib. Onun sözlərinə görə ötən ilin sonlarında Sumqayıtda yeni televiziyanın açılması ilə bağlı SGHM tərəfindən MTRŞ-a müraciət edilib. MTRŞ isə SGHM-a göndərdiyi cavab məktubunda bildirib ki, yeni regional telekanalının açılması üçün əsas ehtiyac meyarlarından biri, əhalinin tələbatının olmasıdır: “Biz isə Sumqayıt şəhərində ikinci bir telekanalın açılmasını istəyən 5 min şəhər sakininin  imzasını topladıq və MTRŞ-a təqdim etdik. MTRŞ-dan isə bizə bildirdilər ki, Sumqayıtda yeni telekanalın açılmasına ehtiyac yoxdur”.

E. Məmmədli yerli instansiya məhkəmələri iddianı təmin etmədiyi halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini də qeyd edib

Sumqayıtda yeni telekanalının açılması üçün MTRŞ-a çoxdan müraciət edildiyini bildirən MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov, qanunvericiliyin tələblərinə uyğun olaraq yeni televiziyanın açılmasını yalnız müsabiqə yolu ilə həyata keçirdiyini qeyd edib: “Sumqayıtda “Dünya” TV fəaliyyət göstərir. MTRŞ regionlarda balanslı siyasət aparır, yeni telekanal yalnız müsabiqə əsasında və telekanal olmayan ərazilərdə açıla bilər”.



SUMQAYITDA MƏTBUATA DƏSTƏK MƏQSƏDİ İLƏ AKSİYA KEÇİRİLİB
Dünən (12 aprel) Sumqayıt şəhərində "168 saat" qəzeti, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və "Fərdi İnkişaf və Karyera Mərkəzi"nin birgə təşkil etdiyi "168 saat oxumasaq da, 1 saat oxuyaq" adı altında aksiya keçirilib. Bu aksiya qəzet oxumaq və mətbuata maraq yaratmaq məqsədi daşıyıb.

İki hissədən ibarət olan aksiyada ilk olaraq 50 nəfərə yaxın gənc oturaraq qəzet oxuyub, ikinci hissəsi isə yürüş formasında davam etdirilib. "168 saat" qəzetinin baş redaktoru Vüsal Məmmədov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna verdiyi məlumata görə aksiyanı keçirməkdə məqsədləri ictimaiyyətin diqqətini mətbuata cəlb etməkdir: "Mətbuatda müzakirə olunan məsələlər ictimaiyyətdə az yer almaqdadır. Xüsusilə regionlarda mətbuata maraq birtərəfli deyil. "168 saat" qəzeti ictimai marağı daha çox cəlb etmək iqtidarındadır".

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri, Sumqayıt şəhər ziyalıları, əsasən isə gənclər iştirak edib.
HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB
Bu gün (13 aprel) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ayəndə Mürsəliyeva özü məlumat verib. Onun sözlərinə görə, baş redaktorun səhhəti normaldır və saxlanma şəraitindən heç bir şikayəti yoxdur. O, həmçinin Q.Zahidin “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitin (Sakit Zahidov) azad olunmasından çox sevindiyini söyləyib.

A.Mürsəliyeva bildirib ki, Q.Zahid Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfərini səbirsizliklə gözləyir və onunla görüşmək arzusundadır. A.Mürsəliyeva həmçinin baş redaktora “Azadlıq” və digər qəzetləri apardığını vurğuladı.

Xatırladaq ki, Q.Zahid CM-in 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay , CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətində azadlıqdan məhrum edilib.
"GÜNDƏLİK BAKI"-NIN MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLDİ

         Bu gün Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə "Əşrəfi" MMC-nin təsisçisi və direktoru Əşrəf Zeynalovun həm hüquqi, həm də fiziki şəxs qismində "Gündəlik Bakı" qəzetinə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi iddiaları üzrə məhkəmə hazırlıq iclası keçirlidi. Prosesdə iddiaçı tərəfdən vəkili Tofiq Aslanov, cavabdeh tərəfdən isə vəkil Zaur İbadov və "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev iştirak edirdi.  

Hakim F.Talışinski hər iki iddianın eyni iddiaçı tərəfindən eyni cavabdehə qarşı verilməsini nəzərə alaraq, tərəflərin razılığı ilə işlərin bir icraatda birləşdirilməsi barədə qərar qəbul etdi və növbəti məhkəmə prosesini 30 aprel saat 15-00-a təyin etdi.

Xatırladaq ki, iddialara səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və hər iddia üçün mənəvi zərərə görə qəzetdən  1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.


Video: http://www.irfs.az/content/view/2157/31/lang,az/

RÖVŞƏN KƏBİRLİ VƏ YAŞAR AĞAZADƏNİN İDDİALARI TƏMİN OLUNMADI
10 aprel Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və 1 saylı İstintaq Təcridxanasına qarşı, həbsdə saxlanma şəraitinin qanunsuz hesab olunmasına dair qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində hakim jurnalistlərin iddiaları təmin eləmədi.

Y.Ağazadə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verildiyi məlumata görə, qətnaməni alan kimi məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, iddiaçılar istintaq təcridxanasında saxlandıqları zaman yataq dəstlərinin dəyişdirilmədiyini, qida rasionunu qanunda göstərildiyindən az olduğunu, bəzən yemək verilmədiyini, çox kiçik ölçülü kameralarda saxlandıqlarını bildirmişdi.

İddiaçı tərəf dəymiş mənəvi ziyanın əvəzində 40 min AZN ödənməsini iddia ərizəsində göstərmişdi.

Xatırladaq ki, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar  Ağazadə 2007-ci ildə Cəlal Əliyevin iddiası ilə 5 ay 1 saylı İstintaq Təcridxanasında saxlanılmışdırlar.


MİRZƏ SAKİT ANDRES HERKELLƏ GÖRÜŞÜB
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkell “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitə (Sakit Zahidov) zəng vurub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən M. Sakit, A. Herkelin onu azadlığa çıxması münasibəti ilə təbrik etdiyini və hətta Avropaya dəvət etdiyini də bildirib. M. Sakit də ona bu günə qədər etdiyi işlərə görə minnətdarlığını bildirib: “Mən hələ 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən A. Herkel iki dəfə mənə baş çəkmişdi. Onda demişdim ki, Avropa Şurasının keçmiş Azərbaycan üzrə həmməruzəçisi Andres Qrossa böyük hörmətim var, hətta buna görə ona şer də yazmışdım. O da şeri özü ilə Avropaya aparmışdı.”

A. Qrossa yazdığı şerdən A. Herkelə də yazacağını qeyd edən M. Sakit hesab edir ki, siyasi məhbuslar üzrə həmməruzəçinin ayrılmasında onun böyük rolu oldu.

Azadlığa çıxdıqdan sonra “Azadlıq” qəzetində ilk şeiri çap olunan jurnalistin sözlərinə görə, növbəti şerləri də elə bu qəzetdə mütəmadi olaraq dərc olunacaq. Həmçinin “Bizim Yol ” qəzetində yazarın felyetonu çap olunacaq. Gələcək planlarından danışan M. Sakit yaxın müddətdə 3-cü kitabı nəşr edəcəyini də bildirdi. Hələ kitabın başlığını müəyyən etmədiyini deyən yazar vəsaitin olmaması üzündən çapın gecikəcəyini də inkar etmədi. Daha sonra türmə xatirələri adlı kitabın nəşrini də nəzərdə tutduğunu əlavə etdi.

Əsəbləri ilə bağlı problemləri olduğundan M. Sakit, təxminən 15-20 günlük müalicəyə ehtiyacı olduğunu bildirdi. Müalicəsini Azərbaycanda etməyə ehtiyatlanan M. Sakit, müalicəni xarici ölkələrin birində etmək istəyir. Ən əsası Norveçdə müalicə olunmasının istəyən jurnalist, vəsaitlə bağlı problemin olduğundan şikayət etdi. Bununla bağlı öz yaxın bildiyi insanlara müraciət edəcəyini əlavə etdi.




*MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə