Press-reliZ 11 iyul 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 18.2 Kb.
tarix20.04.2016
ölçüsü18.2 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
11 iyul 2011-ci il

Bakı, Azərbaycan



  • JURNALİSTİN “LİDER” TELEVİZİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI

  • İŞ ADAMININ BAŞ REDAKTORA QARŞI XÜSUSİ İDDİASI İCRAATA GÖTÜRÜLMƏDİ

  • VYANADA İFADƏ AZADLIĞI İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB


JURNALİSTİN “LİDER” TELEVİZİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLANDI
İyulun 11-də Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Qan Turalının “Lider” televiziyasına qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi Fariz Namazov iştirak etdiyi halda cavabdeh tərəfdən heç kim prosesə qatılmayıb. Prosesdə iddiaçı tərəfin nümayəndəsi Fariz Namazov Milli Televiziya və Radio Şurasının məhkəməyə cəlb olunması barədə vəsatət qaldırdı və eyni zamanda bir neçə vəsatətinin də olduğunu bildirdi. Lakin hakim vəsatətlərə məhkəmə baxışında baxılacağını bildirdi.

Daha sonra hakim Anar Rzayev məhkəmə baxışını 19 iyul saat 10:00-a təyin edib.

Xatırladaq ki, Qan Turalı və Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı gizli çəkilmiş videosu Lider Televiziyasında yayımlanmışdı və Qan Turalı gizli yolla çəkilmiş video görüntülərin yayılmasının qanunsuz hesab edilməsi, şərəf və ləyaqətin ləkələnməsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə “Lider” televiziyasına qarşı iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.



İŞ ADAMININ BAŞ REDAKTORA QARŞI XÜSUSİ İDDİASI İCRAATA GÖTÜRÜLMƏDİ

İyulun 8-də Nəsimi rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə Türkiyə vətəndaşı,   iş adamı Mustafa Tayatın “Polit-press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyliyə qarşı  xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi  keçirilib. “Polit-press” qəzetinin baş redaktoru Ədalət Nəbibəylinin vəkli Elçin Sadıqovun bu gün (11 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, prosesdə iddiaçı tərəfin hüquqlarını müdafiə edən vəkil Vüsal Dadaşov və cavabdeh   “Polit –press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyli iştirak edirdilər.

Prosesdə müdafiə tərəfi işdə cinayət tərkibinin olmamağını bildirərək, şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə vəsatət qaldırıb. Müşavirədən qayıdan hakim E. Hümbətov vəsatətin təmin edildiyini, işin icraata qəbul edilməsindən imtina barədə qərarını elan edib.

Vəkil E. Sadıqov bildirdi ki, qarşı tərəf bu qərardan apellyasiya şikayətini veriləcəyini bildirib.

Xatırladaq ki,  Türkiyə vətəndaşı iş adamı  Mustafa Tayat  “Polit-press” qəzetinin 18-23 iyun 2011-ci il  tarixli sayının 1-ci və 3-cü səhifəsində gedən  “Mustafa Tayatı Bakıda hansı nazir himayə edir?” başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir edildiyini, işgüzar nüfuzuna xələl gətirən ifadələrin olmasını əsas gətirərək, “Polit –press” qəzetinin baş redaktoru Ə. Nəbibəylinin CM-nin 147.1  ( Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməsini tələb etmişdi.
 VYANADA İFADƏ AZADLIĞI İLƏ BAĞLI KONFRANS KEÇİRİLİB
İyulun 7-8-də Vyanada ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Myatoviçin təşkilatçılığı ilə yeni mediada plüralizmin təbliğ edilməsi ilə bağlı konfrans keçirilib. Konfransın ilk günündə yeni medianın plüralizmin inkişafında problemləri və imkanları mövzusu ətrafında müzakirələr aparılıb. Sessiya çərçivəsində əsas diqqətdə saxlanılan mövzu ATƏT-ə daxil olan keçmiş postsovet dövlətlərində internetdə ifadə azadlığının ürəkaçan olmayan durumu və bundan irəli gələn problemlər olmuşdur.

Konfransın ikinci günündə rəqəmsal yayıma keçidin tənzimləmə aspektləri mövzusunda sessiya keçirilib. Burada bu mövzu ilə yanaşı müzakirə olunan əsas məsələlərdən biri televiziya və radio yayımında plüralizm, peşəkarlığın və ən başlıcası isə lisenziya verilməsi ilə bağlı mövcud olan problemlər olmuşdur.

Nəhayətin 3-cü sessiyada ATƏT ölkələrində internetin tənzimlənməsi mövzusu ətrafında müzakirələr aparılmışdır. Bu sessiya zamanı internetin ATƏT ölkələrində bloklaşdırma praktikası, internetdə senzuranın tətbiqi və bu kimi mövzular müzakirə edilib.

Tədbirə ATƏT-ə daxil olan dövlətlərin nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Azərbaycandan isə tədbirdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov və jurnalist, “Azadlıq” radiosunun müxbiri Xədicə İsmayılova iştirak edib.

Tədbir çərçivəsində Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberqin təşkilatçılığı ATƏT ölkələrində ifadə azadlığının durumu ilə bağlı müşayiətedici tədbir event keçirilib. Bu zaman ATƏT-in KİV azadlığı üzrə keçmiş xüsusi nümayəndəsi Mikloş Haraşti məruzə ilə çıxış edib.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat aktiv olan qaynar xətt: (+ 99 450) 2828797

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə