Press-reliZ 10 May 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 26.25 Kb.
tarix24.04.2016
ölçüsü26.25 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
10 May 2011-ci il

Bakı, Azərbaycan



ELAN! 

11 MAY SAAT 11.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində bir qrup şəxs "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin qanunsuz əməlləri və hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



ELAN! 

11 MAY SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit müəlliflik hüququnun pozulması ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



BƏXTİYAR HACIYEV BARƏSİNDƏ HÖKM SABAHA QALDI

Bu gün (10 may) Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Bəxtiyar Hacıyevin  vəkili   Elçin Namazov  məlumat verib. 

Vəkilin sözlərinə görə, prosesdə ilkin olaraq, müdafiə tərəfi 2 vəsatətlə: gənc fəal Bəxtiyar Hacıyevin çıxışının videoyazıya alınması və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə çıxış etsələr də, hakim yerindəcə müşavirə edərək, vəsatətlərin təmin edilmədiyini bildirib.

“Müdafiə tərəfinin vəkilləri məhkəmə instansiyasına Bəxtiyar Hacıyev barəsində seçiləcək həbs-qətimkan tədbirinin hərbi qulluq kimi hesablanması üçün müraciət edib: “Çox güman ki, hakim 1 il 6 ay iş kəsəcək və bu da hərbi xidmətə bərabər müddətdir”,-deyə vəkil əlavə edib.

Vəkil Elçin Namazov onu da qeyd etdi ki, vəsatətlərin hakim tərəfindən təmin edilmədiyini görəndən sonra müdafiə tərəfi çıxış edərək, məhkəmənin ədalətli və qərəzsiz qərar çıxaracağına olan ümidlərinin itdiyini, bununla da məhkəmə prosesində iştirakdan imtina etdiklərini hakimə bildirərək, zalı tərk ediblər. Gənc fəal Bəxtiyar Hacıyevin özü də prosesdə çıxış etməkdən imtina edib.

Prosesdə iştirak edən Hacıyevin qardaşı Vüqar Hacıyevin “Turan” İnformasiya Agentliyinə verdiyi məlumata görə prosesdə çıxış edən dövlət ittihamçısı Aleksey Abbasov məhkəmədən  Bəxtiyar Hacıyevə  orduda xidmətdən yayınmaqda ittiham edərək  2 il həbs cəzası verilməsini istəyib.

Hakim Emin Axundov müşavirəyə gedib və daha sonra müdafiə tərəfinə hökmün 11 may saat 11:00-da oxunacağını bildirib.

 Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.   

atət-İn KİV azadlığı üzrə nümayəndəsİ Dunya Miyatoviç JURNALİSTLƏR VƏ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bu gün (10 may) Azərbaycanın jurnalist təşkilatlarının və müstəqil mətbuat nümayəndələri ilə görüşüb. ATƏT-in Bakı ofisində keçirilən görüşdə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlinski, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, «Yeni nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Rəsul Cəfərov, İREX beynəlxalq təşkilatının Azərbaycan layihəsinin hüquqşünası Ələsgər Məmmədli iştirak ediblər.

Jurnalist ictimaiyyətinin nümayəndələri Miyatoviçə Azərbaycanda KİV problemlərinin bütün aspektləri, o cümlədən mətbuata siyasi, iqtisadi, məhkəmə və fiziki təzyiqlər barədə məlumat veriblər.

Dunya Miyatoviç Azərbaycanın ATƏT üzvü kimi söz azadlığının təmin edilməsi sahəsində öhdəliklərini yerinə yetirməsi məsələlərini ölkə rəhbərliyi ilə müraciət etmək üçün Bakıya rəsmi səfərə gəlib. 

“Azadlıq ” radiosunun verdiyi məlumata görə Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bu gün 1 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan jurnalist Eynulla Fətullayevlə də görüşüb.

Qeyd edək ki, D. Miyatoviç hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.



HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (10 may ) Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılmış 2 may 2011-ci il tarixli qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hüquq müdafiəçisinin vəkili Akif Əlizadə məlumat verib.

Vəkil bildirdi ki, bu məhkəmənin yekun qərarıdır və bu qərardan Ali Məhkəməyə şikayət verilə bilməz.

 Xatırladaq ki, hüquq müdafiəçisi Vidadi İsgəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə “Sahil” bağında təşkil etdikləri mitinq zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi. Mayın 2-də isə ona qarşı ötən il keçirilən parlament seçkilərinə müdaxilə ittihamı ilə cinayət işi qaldırılıb, haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 Gündəm Xəbər qəzetİ Mətbuat Şurasını məhkəməyə verəcək
Mayın 10-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Gündəm Xəbər” qəzetinin kollektivi Mətbuat Şurasının qəzetlə bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etməsinə etiraz olaraq mətbuat konfransı keçirib.

“Mətbuat Şurasının Korrupsiyaya qarşı mübarizə idarəsinə hansı səbəbdən müraciət etməsi qəzetin kollektivinə bəlli deyil. Qəzetin kollektivi hesab edir ki, Mətbuat Şurasının sifariş yerinə yetirir. Çünki, nə Korrupsiya idarəsi hansı epizod üzrə araşdırma apardığını bildirir, nə də Mətbuat Şurası Korrupsiyaya qarşı Mübarizə İdarəsinə hansı səbəbdən müraciət etdiyini izah etmir. Mətbuat Şurasının baxışından belə çıxır ki, Azərbaycanda korrupsiyanı məmurlar deyil, qəzetlər edir”, -deyə qəzetin təsisçisi Şirin Cəfəri bildirib.

“Gündəm Xəbər” qəzeti Mətbuat Şurasının üzvü deyil. Qəzetin yaradıcı heyətinin çıxışlarından bəlli olub ki, mətbuat orqanı son dövrlər səhifələrində daha çox Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nəqliyyat naziri Ziya Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tənqidinə daha çox yer ayırıb. “Mətbuat Şurasının bizə hər hansı müraciət etmədən, tənqid obyekti ilə müzakirə təşkil etmədən prokurorluğa müraciət etməsi bir daha hansısa sifarişi yerinə yetirdiyindən xəbər verir”, - deyə qəzetin əməkdaşı Nəsimi Şərəfxanlı bildirib.

“Mətbuat Şurası tənqidin razı olmayan subyektindən irəli gedərək, istintaq orqanına müraciət edir. Halbuki, Mətbuat Şurası əməliyyat, axtarış və yas istintaq funksiyalarını yerinə yetirmir”, - deyə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı vurğulayıb.

Gündəm Xəbər qəzetinin mühasibat hesabatının tam şəffaf olduğu bildirilib. Qəzetin kollektivi Mətbuat Şurasına, Baş Prokurorluğa sorğu göndərəcəyini və Mətbuat Şurasını onlara böhtan atdığına, nüfuzlarına zərbə vurduğuna görə məhkəməyə verəcəyini bildirib.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə