O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir




Yüklə 0.98 Mb.
səhifə8/14
tarix10.04.2016
ölçüsü0.98 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Bu zaman Əbu Bəkr kafirlərə tərəf gedərək dedi: – Bu hadisədən çox da sevinməyin. Allah bizim Rəsulumuza xəbər veribdir ki, əlbəttə, romalılar farslara qələbə çalacaqlar.

Müşriklərdən olan Übeyy ibni Xələf ayağa qalxıb "sən yalançısan!" - deyə Əbu Bəkrin sözünü təkzib etdi. Əbu Bəkr ona dedi: – Ey Allahın düşməni! Sən məndən də yalançısan! İndi səninlə şərt etməyə hazıram: mən on dəvə gətirirəm, sən də on dəvə gətir. Əgər üç il müddətində romalılar farslara qələbə çalsalar, dəvələr sənin olsun. Əgər farslar romalılara qələbə çalsalar, dəvələr mənim olsun.

Übeyy ibni Xələf bu şərtlə razılaşdı. Sonra Əbu Bəkr Peyğəmbər (s.ə.v.v)-in yanına gəlib hadisəni bəyan etdi, həzrət buyurdu: – Gərək belə deməyəydin. Çünki, "biz" kəlməsinin mənası üç ildən on ilə qədər müddəti əhatə edir. İndi get, həm malın miqdarını, həm də müddəti artır.

Əbu Bəkr gedib Übeyylə görüşdü, Übeyy dedi: – Deyəsən, peşman olmusan?!

Əbu Bəkr dedi: – Xeyr. Həm malın miqdarını, həm də bu müddəti artırıram. Malı yüz dəvə qərar ver, müddəti isə doqquz il.

Übeyy də qəbul etdi.

On birinci fəslin əvvəlində qeyd olundu ki, həzrət Əli (ə) bir dəfə əlifi olmayan, bir dəfə də nöqtəsi olmayan, eyni zamanda çox dəyərli və yüksək məzmunlu moizələri əhatə edən xitabə buyurmuşdur. Halbuki, əlif hərfi ərəb dilinin tərkib kəlmələrində başqa hərflərə nisbətən daha çox işlənir. Eləcə də ərəb ədəbiyyatında nöqtəli hərflərin işlənməsi çox zəruri və lazımdır.

Qeyd olunanlardan məlum olur ki, həzrət Əli (ə) bütün ərəb dili və ədəbiyyatının ixtiraçısı olmuşdur. Deyirlər ki, nəinki bir elmi özündən ixtira edənlər, hətta müəyyən bir mətləbi deməkdə başqalarından qabağa keçənlər belə, imtiyazlı hesab olunur!

Mərhum Seyyid Rəzi "Nəhcül-bəlağə"də qeyd edir ki, Həzrət Əli (ə) Bəsrə əhlini məzəmmət edərək buyurdu: "Sizin torpağınız suya yaxın, asimandan uzaqdır."

İbni Əbil Hədid birinci cümlənin təfsirində demişdir ki, Bəsrənin yeri dəryanın suyuna çox yaxın olduğuna görə Fars körfəzinin sularının tüğyan etməsi nəticəsində iki dəfə – birincisi Əl-qadir Billahın, ikincisi isə Əl-qaim Biəmrillahın dövründə suya qərq olmuşdur.

O Həzrətin qeybdən verdiyi xəbərlərdən biri kimi bunu qeyd edirik: "Bəsrə şəhəri qərq olacaq, onun məscidi gəminin göyərtəsi kimi qalacaqdır." Elə İmam (ə)-ın buyurduğu kimi də olmuşdur.

İbni Əbil Hədid sonra qeyd edir ki, Bəsrənin asimandan uzaq olmasının mənası budur ki, rəsədxana və astronomik vasitələrlə məlum edildiyi kimi, yer üzərində nisfun-nəhar dairəsindən ən uzaqda olan abad nöqtə Bəsrə nahiyəsində yerləşən Əblə diyarıdır. (Sonra deyir:) Bu dəqiq və incə mətləbləri yalnız Əmirəl-möminin Əli (ə) bəyan edə bilər. Çünki, o həzrət elə məsələlərdən xəbər vermişdi ki, ərəblər ümumiyyətlə, o barədə məlumatsız olmuşlar, tədqiqatçılar və alimlərdən başqa bir kəs də onu dərk edə bilməzdi. Bu da Əli (ə)-ın bədii və sirli elm xəzinəsini göstərir.

İki nəfər birlikdə səfərə gedir. Yemək vaxtı gəlib çatanda onlardan biri süfrəyə beş, digəri isə üç çörək qoyur. Bu zaman onların yanından keçən bir nəfəri də yeməyə dəvət edirlər. Hər üçü birlikdə çörəkləri yeyib qurtarırlar. Yoldan ötən üçüncü şəxs qayıtmaq istəyəndə yediyi çörəklərin əvəzi olaraq səkkiz dirhəm verir. Pulu bölüşdürmək istəyəndə onların arasında münaqişə yaranır. Üç çörək sahibi beş çörək sahibinə: "dirhəmləri yarıbayarı bölməliyik" - deyir, beş çörək sahibi isə deyir: "Bu, ədalətli bölgü deyildir. Süfrəyə qoyduğumuz çörəklərə mütənasib olaraq mənə beş dirhəm, sənə üç dirhəm çatmalıdır." Amma o birisi razılaşmır. Nəhayət, məsələni Əli (ə)-a deyirlər, həzrət buyurur: – Gedin, bir-birinizlə razılaşın. Bu kimi əhəmiyyətsiz məsələ barəsində bu qədər ixtilaf etməyin.

Onlar deyir: – Hər halda, siz haqqı bizim üçün bəyan edin!

Əli (ə) dirhəmləri götürüb yeddi dirhəmi beş çörək sahibinə, bir dirhəmi isə üç çörək sahibinə verir və onlara buyurur: – Məgər sizin hər biriniz iki çörək və çörəyin üçdə-ikisi qədər yeməmisinizmi?! (Bu da səkkizdə üç edir.)

Deyirlər: – Bəli.

İmam (ə) buyurur: – Deməli, yoldan keçən şəxsin yediyi çörəyin yeddidə üç hissəsi beş çörək sahibinin, üçdə bir hissəsi isə üç çörək sahibinindir. Pullar da bu əsasda bölüşdürülməlidir.

Üç nəfər on yeddi dəvənin bölüşdürülməsində ixtilafa düşdülər. Birincisi onların yarısını, ikincisi üçdə-birini, üçüncüsü isə doqquzda-birini iddia edir və hər yolla olursa olsun, kəsir qalmamaq şərtilə bölmək istəyirdilər. Lakin bunu bacara bilmirdilər. Məsələni Əli (ə)-a dedikdə həzrət onlara buyurdu: – İstəməzsinizmi ki, mən öz malımdan bir dəvəni onlara əlavə edim və onları sizin aranızda bölüm?!

Dedilər: – Əlbəttə.

Sonra bir dəvəni əlavə etdi və onların sayı 18 oldu, onların ikidə-birini (doqquzunu) birinciyə, üçdə-birini (altısını) ikinciyə və doqquzda-birini (ikisini) üçüncüyə verdi. Qalan bir dəvəni də özünə götürdü.

Bir yəhudi İmam Əli (ə)-ın yanına gəlib dedi: – Mənə elə bir ədəd de ki, ikiyə, üçə, dördə, beşə, altıya, yeddiyə, səkkizə, doqquza və ona qalıqsız bölünsün.

Əli (ə) ona dedi: – Əgər cavabını desəm, islamı qəbul edəcəksənmi?

Dedi: – Bəli.

Əli (ə) ona buyurdu: – Həftənin günlərini ilin günlərinə vur, istədiyin ədəd alınacaqdır.

Yəhudi onun düzgün olduğunu gördükdə islamı qəbul etdi.

Mərhum Şeyx Bəhai "Xülasətul-hesab" kitabının 136-cı səhifəsində belə qeyd edir: Əgər ayların sayını ayın günlərinin sayına və onun hasilini də həftənin günlərinə vursan, elə bir ədəd alınar ki, qeyd olunan ədədlərin hamısına qalıqsız bölünər.

Əgər "eyn" hərfi olan ədədlərin məxrəci, yəni rub, səb, tis və əşr (4, 7, 9, 10) bir-birinə vurulsa onların hasili elə bir ədəddir ki, qeyd olunan ədədlərin hamısına qalıqsız bölünür.

Əli (ə) Cəməl müharibəsində düşmənlərə qələbə çaldıqdan sonra özünün mühacir və ənsardan olan köməkçiləri ilə Bəsrədəki beytül-mal saxlanan anbara daxil oldu, dinar və dirhəmlərin kənarında dayanıb onlara xitabən buyurdu: "Ey ağ dirhəmlər! Ey sarı qızıllar! Məndən başqasını aldadın!"

Bir neçə an sükut etdikdən sonra dostlarına buyurdu: – Bunları mənim səhabələrimin və mənimlə birgə olanların arasında beş yüz-beş yüz bölüşdürün.

Bu göstərişi icra etdikdən sonra bir dirhəm belə, az gəlmir. Halbuki, o həzrətin köməkçilərinin sayı on iki min nəfər idi.

Aydındır ki, bu hadisə o zaman bu fəsildən hesab olunar ki, altı milyona qədər olan sikkələrin miqdarı o həzrətə məlum olsun. Əks halda isə, o həzrətin möcüzəli və qeybi xəbərlərindən hesab olunmalıdır.

Bunun oxşarını Sərvi "Mənaqib" kitabında (1-ci cild, səh.419) belə qeyd edir: Həzrət Əli (ə) öz xilafətinin əvvəllərində Mədinədə minbərə çıxıb öz köməkçilərinə və dostlarına xitabən buyurdu: – Cərgələrin arasında gəzin və camaata deyin: bir kəs mənim xilafətimdən narazıdırmı?

Bu zaman camaatın səsi ucaldı, hamı bir səslə dedi: "Pərvərdigara! Biz Sənin Peyğəmbərindən və onun əmisioğlundan razıyıq, onun fərmanını cani-dildən qəbul edirik!"

Əli (ə) bu zaman Əmmara buyurdu: – Ey Əmmar, qalx ayağa! Beytül-malın saxlandığı yerin qapısına get və hər nəfərə üç dinar (qızıl pul) ver, mənim üçün də üç dinar gətir.

Əmmar Əbul-Heysəm və müsəlmanlardan bir dəstə ilə birlikdə beytül-mala tərəf getdi. O Həzrət də minbərdən enərək, Quba məscidinə yollandı. Orada namaz qılıb dua etməyə başladı. Əmmar öz yoldaşları ilə beytül-mala daxil olduqda orada üç yüz min dinar olduğunu gördülər. Camaatın da sayı elə yüz min nəfər idi. (Hər adama üç dinar düşürdü). Bu zaman Əmmar orada olanlara dedi: – Allaha and olsun! O həzrət nə camatın sayını bilirdi, nə də dinarların miqdarını. Bunun özü də onun haqq olmağına bir sübutdur. Sizə vacibdir ki, onun əmrlərinə itaət edəsiniz.

Onların içində Təlhə, Zübeyr və Əqil dinarı almaqdan imtina etdilər.

Əli (ə) minbərdə xütbə oxuyarkən bir kişi ondan soruşdu: – Bir nəfər vəfat etmişdir, onun arvadı, atası, anası və iki qızı qalmışdır. Arvadının payı nə qədərdir?

Həzrət buyurdu: – Onun payı səkkizdə-birdən doqquzda-birə çevrilir.

Bu da "minbər məsələsi" adı ilə məşhurlaşdı.

Sərvi "səkkizdə-birin doqquzda-birə çevrilməsi" barəsində belə deyir: Ata ilə ananın mirasdan olan payı üst-üstə üçdə-bir, iki qızın payı üçdə-iki, arvadın payı da səkkizdə-birdir. Bu halda payların məcmusu birdən (səkkizdə-bir qədər) artıq olur. Deməli, məxrəc iyirmi yeddidən bölünür və tərtiblə iyirmi yeddi paydan üçü qadın üçün, on altısı iki qız üçün, səkkizi də ata-ana üçün bərabər şəkildə paylanır.

Aydındır ki, bu cavab sünnülərin əqidəsinə uyğun şəkildə verilmişdir. Onlar tərəkənin (mirasın) əslindən artıq gələn payı və çatışmayan hissəsini bütün vərəsələrə bölürlər ki, buna "ovl" deyilir. Ovl şiə məzhəbində düzgün olmadığına görə İbni Şəhraşub bu rəvayətin izahında demişdir ki, Həzrət Əli (ə)-ın cavabı ya sual şəklində, ya da (təqiyyə etdiyinə görə) sabiq xəlifələrin dediyi əsasda olmuşdur, yaxud da sual edən şəxs məsələnin cavabını ovla etiqad bəsləyənlərin istəyi əsasında olmasını istəmişdir.

Bir qadın İmam Əli (ə)-ın yanına gəldi. O Həzrət bir ayağını üzəngiyə qoyduğu halda belə bir məsələ soruşdu: – Qardaşım vəfat edəndə altı yüz dinar pulu qalmışdı. Onun varisləri zülm edərək mənə yalnız bir dinar verdilər. İmam (ə) buyurdu: – Məgər qardaşının iki qızı yox idimi?!

Qadın cavab verdi: – Bəli.

İmam (ə) buyurdu: – Onların payı tərəkənin üçdə-ikisidir ki, dörd yüz dirhəm edir. Ölənin ana tərəfdən bir olan qardaşı var idi ki, onun payı tərəkənin altıda-biridir ki, o da yüz dinar edir. Onun arvadının payı tərəkənin səkkizdə-biridir ki, o da yetmiş beş dinardır. Onun on iki qardaşı da var ki, hər birinə iki dinar çatır. Tərəkənin yerdə qalan bir dinarı da sənin payındır.

Sonra o biri ayağını da üzəngiyə qoyaraq öz məqsədinə doğru hərəkət etdi. Bu məsələ də "dinariyyə məsələsi" adı ilə məşhurlaşdı.

Əli (ə) minbərdə xütbə oxuyarkən belə buyurdu: "Səluni qəblə ən təfqiduni; Məni əldən verməmiş istədiyiniz şeyləri soruşun."

Bu zaman bir kişi ayağa qalxıb dedi: – Ya Əli! Mənim başımda və üzümdə nə qədər tük var?

Əli (ə) buyurdu: – Allaha and olsun! Həbibim Rəsulullah (s.ə.v.v) sənin bu sualının cavabını mənə vermişdi. Əgər onun isbat olunması çətin olmasaydı, cavabını verərdim. Sənin bu sualının cavabını bildiyimi biləsən deyə, səni başqa bir məsələdən agah edirəm: Sənin evində bir uşaq vardır ki, Peyğəmbərin qızının oğlunu öldürəcəkdir.

Bir yəhudi Əli (ə)-dan Əshabi-Kəhfin nə qədər yatması barəsində soruşdu. İmam Əli (ə) "Kəhf" surəsinin 24-cü ayəsini tilavət etdi: "Və ləbisu fi kəhfihim səlasəmiətin sininə vəzdadu tisən; Onlar mağarada üç yüz il yatdılar və doqquz il də artırdılar."

Yəhudi dedi: – Bizim səmavi kitablarımızda üç yüz il qeyd olunmuşdur!

İmam (ə) buyurdu: – Sizin iliniz şəmsidir, bizim ilimiz isə qəməri.

Müəllif: Şəmsi il 365 gün olduğuna görə, üç yüz şəmsi il, qəməri illə üç yüz doqquz ilə bərabər olur. Bu barədə Əhli-beyt ¢-dan da bəzi rəvayətlər nəql olunmuş-dur. Belə ki, İmam Sadiq (ə)-dan soruşdular ki, bir kişi başqası ilə bu əsasda müqavilə bağlayır ki, on insan boyu qədərində quyu qazıb on dirhəm alsın. O şəxs də yalnız bir insan qədərində quyu qazıb öz haqqını almaq istəyir. İmam (ə) buyurur: – On dirhəmi əlli beş yerə bölün. Birinci qamət bir pay, ikincisi iki paydır ki, birinciyə əlavə olunduqda üç pay olur. Üçüncü qamət üç paydır ki, birinci və ikinci ilə cəm olduqda altı pay olur və s...

Bu bölgünün səbəbi budur ki, yer nə qədər çox qazılsa, iş də bir o qədər çətinləşir. İmam (ə) onun zəhmət haqqını yerin çətinliyini nəzərə alaraq bölmüşdür.

Bəli, hesab və fərizə elmində Əli (ə) hamıdan öndə gedir. Dost-düşmən də bu elmləri ondan öyrənmişdir. "Tarixi-Təbəri"də qeyd olunur ki, Haris Həmdani o həzrətin fiqh, fərizə və hesab elmlərində iştirak edən görkəmli tələbələrindən olmuşdur. Şəbi deyir: "Mən bu elmi Harisin yanında öyrənmişəm."

Əli (ə) "Siffeyn" müharibəsinə getmək istəyəndə asimanların və yerin necə yaradılması, dağların necə inşa edilməsini göstərən bu duanı tilavət etdi: "Pərvərdigara! Ey uca asimanların Pərvərdigarı! Yayılmaqdan qorunub saxlanan cəvvin (atmosferin) Pərvərdigarı! Sən onu (cəvvi) gecə və gündüzün gəlib-getmə yeri qərar vermisən"

Şəhristani "Əl-heyətu vəl-islam" kitabında (səh.51) belə qeyd edir: Bu duada "cəvvin məkfuf" - dedikdə məqsəd budur ki, yeri əhatə edən hava təbəqəsi özü-özlüyündə pərakəndə olmağı tələb və yayılmağa səy etdiyindən, onları müəyyən bir yerdə saxlamaq Allah-Taalanın qüdrət nişanələrindəndir.

Eləcə də "əlləzi cəəltəhu muğizən lilləyli vən-nəhar" cümləsinin şərhində belə deyir: "Muğiz" kəlməsi suyu udan və onu özünə cəzb edən yer mənasınadır. Sanki o Həzrət (istiarə şəklində) gündüzü nur və gecəni qaranlıq mənasına bəyan etmiş və belə demişdir: "Pərvərdigara! Sən işığı və zülməti hava qatlarında – cəvvdə batırmısan və nurun cəvvdə batması nəticəsində gecə, qaranlığın da cəvvdə batması nəticəsində gündüz əmələ gəlir." O Həzrət belə fərz etmişdir ki, hava həm nuru, həm də zülməti udur. Hal-hazırda, uzun əsrlər keçdikdən sonra astronomlar spektroskop cihazının vasitəsi ilə kəşf etmişlər ki, atmosfer qatı öz tələbinə uyğun olaraq günəş şüalarının müəyyən miqdarını udur və qalanını bizim üçün buraxır. Bu elmi kəşf fizikada onlar üçün minlərlə elm və sirri açmışdır. Lakin elm şəhərinin qapısı – Əli (ə)-dır. Peyğəmbər (s.ə.v.v)-dən nəql olunan səhih rəvayətlərə əsasən, o Həzrət Əli (ə)-a min elm babı öyrətmişdir ki, hər birindən də yenidən min elm babı açılır. Bəlkə də o həzrətin bu möcüzəli kəlamı həmin elm bablarından biridir ki, mühəqqiqlər və alimlər ondan minlərlə məsələni öyrənirlər.

Allaha and olsun! Fəlsəfə fənlərini dərindən mənimsəmiş hər bir kəs o həzrətin nurani kəlamlarına diqqət yetirsə, onun üçün hikmət və elm çeşmələri axmağa başlayar və Əli (ə) barəsində deyilən "Əlinin kəlamı Xaliqin kəlamından aşağı, məxluqun kəlamından yuxarıdır" deyənlərin sözünün doğruluğunu dərk edər.

Əli (ə) "Nəhcül-bəlağə"nin 202-ci xütbəsində dağların yaradılmasının hikməti barəsində buyurur: "Yer özünün malik olduğu hərəkətlərlə birlikdə – özünün yumşaq və o əşyaların ağır olmasına görə – öz əhlini iztiraba salmadan, yaxud onları udmadan, yaxud da öz mövqeylərindən (orbitindən) kənara atmadan sakin oldu."

"Əl-heyətu vəl-islam" kitabında belə qeyd olunur: Xütbənin bu iki cümləsi yerin günəş ətrafında fırlanma hərəkətinə dair iki aydın dəlildir. Halbuki, birinci cümlədəki "əla" kəlməsi "məə" mənasınadır. "Ov təsixə bihəmliha" cümləsinin mənası budur ki, yer üzərində ağır dağların mövcud olması onun öz əhlini udmasının qarşısını alır.

"Ov təzulə ən məvaziiha" cümləsinin izahında qeyd olunur ki, bu kəlamın zahiri yerin öz orbiti ətrafında müxtəlif hərəkətlərə malik olduğunu göstərir. Çünki, son əsrin alimlərinin inancına görə Yer müxtəlif hərəkətlərə malikdir ki, onların hamısı da on ikilik təşkil edən bürclərin qarşısında müəyyən orbitə malikdir. Buna əsasən, "əla hərəkatiha" cümləsi günəş ətrafında illik fırlanma hərəkəti ilə özünə düzgün məna alır. Dağlar və onların kökləri yerin daxili quruluşunun qorunub saxlanmasına kömək edir, onların parçalanıb dağılmasının, eləcə də yerin öz məxsus orbitində olan xüsusi mövqeyindən çıxmasının qarşısını alır. Bu cümləyə əsasən, o həzrət yer üçün müəyyən mövqelər bəyan edir. Aydındır ki, bu hikmətli kəlam yerin mərkəziyyətinə və sükunətdə olmasına inanan qədim heyətə (astronomiyaya) əsasən, doğru sayılmazdı. Çünki, sükunətdə olan bir şeyin çoxlu orbitləri yox, yalnız bir orbiti və mövqeyi ola bilər.

Əli (ə) "Nəhcül-bəlağə"nin 90-cı xütbəsində buyurur: "Və əddələ hərəkatiha birrasiyati min cəlamidiha: Pərvərdigari-aləm yerin hərəkətlərini dağların və ağır cisimlərin vasitəsi ilə mötədil vəziyyətə salır."

Şəhristani bu cümlənin şərhində deyir: Bu kəlamın zahiri mənası budur ki, ağır dağlar yerin, müxtəlif hərəkətlər səbəbi ilə titrəyişlərə düşməsinin, eləcə də cazibə və dafiə qüvvələrinin bir-biri ilə çarpazlaşması nəticəsində öz mötədilliyini itirməsinin qarşısını alır. (Sonra əlavə edir:) Bizim əsrimizin alimləri yer üçün müxtəlif hərəkətlər olduğuna inanırlar ki, onların ən məşhuru da beş hərəkətdir. Fransa alimi Feliks Verne yerin on bir hərəkətə malik olduğunu demişdir. Mən onların səkkizini burada qeyd edirəm:

1-Gecə-gündüzdə mehvəri (öz oxu ətrafındakı) hərəkət;

2-Yerin günəş ətrafındakı illik hərəkəti;

3-İqbali hərəkət;

4-Yer kürəsinin həziz və ovc nöqtəsinin hərəkəti;

5-Payızda və yazdakı etidal təqdim hərəkəti;

6-Ayın irtiaşi (vibrasiyalı) hərəkəti;

7-Günəşin irtiaşi (vibrasiyalı) hərəkəti;

8-Təbi hərəkət.

Əli (ə) "Əşbah" xütbəsində günəşin və ayın yaradılışının hikməti barəsində buyurur: "(Allah-Taala) Asimandakı günəşi gündüzün aydınlıq gətirən bir nişanəsi, ayı da (gecədəki zülmətli qaranlığı aradan aparmaq üçün) kəmrəng bir nur qərar verdi."

İmam Cəfər Sadiq (ə) Müfəzzələ buyurdu: Ey Müfəzzəl! Günəşin gecə-gündüzü əmələ gətirməsi üçün doğub-batması barədə yaxşı fikirləş. Əgər Günəş saçmasaydı, aləmin bütün işləri batil və əbəs olar, insanlar kəsb-ticarətlə məşğul ola, (işgüzar) fəaliyyət edərək özlərinin məişət həyat ehtiyaclarını təmin edə bilməzdilər, dünya başdan-başa zülmətə qərq olardı. İnsanlar nurun səfa və gözəlliyindən istifadə etmədiklərinə görə həyatdan ləzzət almazdılar. Bu məsələ hamıya gün kimi aydındır. İndi Günəşin qürub etməsində də diqqətlə fikirləş: əgər bu iş olmasaydı, insanların bədənlərinin istirahətə olan şiddətli ehtiyacı aradan qalxmaz, bədənin yorğunluğunu almaq, qüvvələrini yeniləşdirmək, həzm orqanlarını gücləndirmək, qidanı həzm etmək və həzm olunduqdan sonra bədən üzvlərinə çatdırılması üçün asudəliyi, asayişi və rahatlığı olmazdı. Bundan əlavə, yer günəşin ardıcıl saçması nəticəsində şiddətlə qızar, onun üzərində olan heyvanlar və bitkilər məhv olub aradan gedərdi.

Nəhayət, buyurdu: – Qaranlıq gecədə ayın saçmasında dərindən fikirləş və bunun ardınca gələn mənfəətləri gözlərin önündə canlandır. O cümlədən, insanlar yeri əkib şumlamaq, ağac kəsmək və s. kimi bəzi işləri və məşğələləri vaxtın azlığı, günün qızmar olması və sair səbəblərə görə gündüz görə bilmədiyi işləri gecələr görürlər. Eləcə də (Allah-Taala) ayın saçmasını gecədə və onun işığını günəşin işığından az qərar verdi ki, gecənin yaranması üçün nəzərdə tutulan hikmət qorunub saxlansın. Xüsusilə, ayın təsərrüfündə (vəziyyətinin dəyişməsində), hilallarında, muhaqında, artıb-azalmasında və tutulmasında insanlar üçün Allah-Taalanın qüdrətinə dair qəflət yuxusundan bir növ ayıltma vardır. Belə ki, dünya işlərinin islah olunması (sahmana salınıb tənzim edilməsi) məqsədi ilə ona belə təsərrüflər vermişdir. Onda elə dəlalətlər vardır ki, (yalnız) ibrət əhli ondan ibrət alarlar.

Mərhum Seyyid Rəzi "Nəhcül-bəlağə"nin 76-cı xütbəsində belə qeyd edir: Əli (ə) xəvariclə müharibəyə gedəndə o həzrətin dostlarından biri gəlib dedi: – Ulduzlar vəziyyəti pis göstərir. Sənin üçün (bu vaxt hərəkət etməyindən) qorxuram. Əgər bu gün hərəkət etsən, öz məqsədinə çataraq düşmənə qələbə çala bilməzsən!

Əli (ə) onu tənbih edərək buyurdu: – Yoxsa sən güman edirsən ki, yaxşı və pisi bilirsən və nəticədə camaatı yaxşılıqlara və pisliklərə doğru hidayət edirsən?! Hər kəs bu (puç) təsəvvüründə səni təsdiq etsə, Quranı təkzib etmiş olar, istənilən şeylərə çatmaq və xoşagəlməz şeyləri dəf etmək yolunda Mütəal Allahdan kömək istəməkdən ehtiyacsız olar! Yaxşı olar ki, sənin sözünə əməl edənlər Allaha yox, sənə həmd-səna edələr! Çünki, onları yaxşılıqlara və xoşluqlara çatdıran sənsən, onları xəsarətlərdən və ziyanlardan sən amanda saxlamısan! (Sonra camaata üz tutub buyurdu:) Nücumu (belə məqsədlər üçün) öyrənməkdən həzər edin! Onu yalnız quru və dərya yollarında istifadə etmək üçün öyrənin. Çünki bundan qeyri hallarda onun öyrənilməsi insanı kahinliyə tərəf çəkir. Münəccim kahin kimidir, kahin də sehrkar kimidir, sehrkar da kafir kimidir, kafir də cəhənnəm odundadır. (Sonra buyurdu:) Ey insanlar! Allahın adı ilə məqsədə doğru hərəkət edin!

Müəllif: İmam Əli (ə)-ın, eləcə də məsum Əhli-beyt ¢-ın sözlərindən məlum olur ki, ulduzlar bəzi hadisələr və fenomenlər üçün əlamətdir, onlar müəyyən hadisələrin baş verməsində heç də müstəqil olaraq təsirli deyildirlər. Əlbəttə, onların pis təsirlərini sədəqə vermək, dua etmək və Allah dərgahına yalvarmaqla aradan qaldırmaq olar.

Belə ki, İbni Əsbat İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: Mən münəccim bir şəxs ilə bir torpaq sahəsində şərik idim. O, torpaq sahəsini bölməyi təxirə saldı, öz gümanına əsasən, yaxşı bir saatda xaric oldu və məni pis bir saatda çölə apardı ki, yaxşı pay ona düşsün. Sonra onun gümanı ilə belə bir saatda xaric olduq və yeri böldük. Təsadüfən torpağın yaxşı hissəsi mənə qismət oldu. Münəccim heyrətlə başına vurub deyirdi: – Mən indiyə qədər belə bir gün görməmişəm! Mən münəcciməm, səni pis saatda, özümü isə yaxşı saatda çıxartmışam. İndi görürəm ki, torpağın yaxşı hissəsi sənə qismət oldu!

İmam Sadiq (ə) ona buyurdu: – İndi sənin üçün bir hədis nəql edim. Atam Rəsuli Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu rəvayət edir: "Hər kəs Allahın gündüzün pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, günün əvvəlində fəqirlərə sədəqə versin. Hər kəs Allahın gecə pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, gecənin əvvəlində sədəqə versin." Mən evdən çıxmaq istəyəndə sədəqə verdim. Bil ki, mənim bu hədisim sənin münəccimliyindən qat-qat yaxşı və faydalıdır.

Bəli, əgər Allah bir kəsin barəsində müəyyən bir şeyi təqdir edibsə, münəccimin xəbər verməsi və o xətərin özündən dəf etməsi üçün gördüyü tədbirlər ona heç bir fayda və müsbət nəticə verməyəcəkdir. Bu xüsusda Firon və Nəmrudun hadisəsini qeyd edirik: Fironun xüsusi münəccimləri ona xəbər vermişdilər ki, Bəni-İsraildə dünyaya gələcək bir körpə sənin taxt-tacını məhv edəcəkdir. Firon bu təhlükənin qarşısını almaq üçün günahsız körpələrin başını kəsir, cinayətdə ifrata varırdı. Lakin görəsən, kim və hansı düşüncə Allahın qüdrətli tədbirinin qarşısını ala bilər?! Elə oldu ki, ona vədə verilən yeganə düşməni onun öz evində böyüyüb boya-başa çatdı: "Fironun əhli-beyti (Asiya) Musanı dəryadan tutdu ki, bu da Fironun düşməni və onun qəm-qüssəsinə səbəb oldu."

Tarixdə bu xüsusda çoxlu qəribə hadisələr qeyd olunmuşdur ki, onların nəql olunması bu kitab ilə uyğun deyildir.

1-Əli (ə) buyurur: "Balıq əti yeməyə müdavimət etməyin. Çünki bu, bədəni əridib arıqladır."

2-"Qızmar havada qoz yemək bədəndaxili hərarəti qaldırır, bədəndə çiban əmələ gətirir. Onu qışda yemək böyrəkləri isidir və soyuqluğu dəf edir."

3-"Müsəlman hər vaxt zəif olsa, ət və süd yesin."

4-"Bənövşə yeməklə qızdırmanın hərarətini aşağı salın."

5-"Axşam yeməyi yeməmək bədənin zəifləməsinə və xarab olmasına səbəb olur."

6-"İnək südü dərmandır." Həmçinin buyurdu: "İnəyin piyi dərd-bəla gətirən, onun (südündən alınan) yağı və südü isə şəfa bəxş edəndir."

7-"Hər kəs günün əvvəlində iyirmi bir dənə kişmiş yesə, heç vaxt xəstə olmaz."

8-"Alma yeyin, bu, mədəni cilalayar."

9-"Armud yemək zəif qəlbi güclü, mədəni də pakizə edər."

10-"Sətər (mərzə; kəklikotu) mədə üçün kürk olur, dəsmalın kürkləri kimi."

11-"Hamamda arxası üstə yatmayın, çünki bu iş böyrəklərin piyini əridir. Ayaqlarınızın dərisini kuzə ilə qaşıyıb yığmayın, (çünki) bu, cüzam damarlarını təhrik edir."

12-"Yeməkdən qabaq azacıq duz yeyin. Əgər insanlar duzun xasiyyətini (xeyrini) bilsəydilər, onu sınaqdan keçirilmiş təryakdan (zəhərin qarşısını alan maddədən) önə salardılar."

13-"Təxəlli vaxtı çox oturmaq babasil yaradır."

14-"Vəziləri ətin içindən çıxardın, çünki onları yemək cüzam damarını təhrik edər."

15-"Günəşin qarşısında (həddindən artıq) qalmayın, çünki, sizin bədəninizin dərisini dəyişər, libası çürüdər və gizli xəstəlikləri aşkar edər."

16-"Rəngarəng və növbənöv yeməklər yemək qarını böyüdər, xayaları süstləşdirər."

Həmçinin İmam Sadiq (ə) qabaq dişləri düşdüyünə görə düzgün danışa bilməyən qoca bir kişiyə buyurdu: "Çox tirid (sulu yemək) ye. O çox yaxşıdır. Yağlı yeməkdən də uzaq ol, çünki bu, qocalıqla uyğun gəlməz."

Rəvayət olunmuşdur ki, o həzrət tibb elmi barəsində belə buyurmuşdur: "Əl-elmu elmani: elmul-ədyan və elmul-əbdan; Elm iki cürdür: Din elmi və bədən elmi (yəni tibb)."

Əli (ə)-dan sənət barəsində soruşduqda buyurdu: "O, nübüvvət cərgəsindədir. Camaat onun zahirindən danışırlar. Allaha and olsun! Mən onun zahirindən də, batinindən də agaham. Allaha and olsun! O qurumuş su, rakid (donmuş) hava, hərəkət edən atəş və rəvan (axıcı) yerdən başqa bir şey deyildir."

1   ...   4   5   6   7   8   9   10   11   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə