O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir




Yüklə 0.98 Mb.
səhifə6/14
tarix10.04.2016
ölçüsü0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Bu zaman Zələb dəhşətə gəldi və huşdan gedib yerə yıxıldı. Ayılanda dedi: – Allaha and olsun, belə bir cavabı heç vaxt eşitməmişdim və gələcəkdə də eşitməyəcəyəm!

Sonra imam Əli (ə) yenidən buyurdu: – Məni əldən verməmiş istədiyiniz şeyi soruşun!

Bu zaman Əşəs ibni Qeys ayağa qalxıb dedi: – Ya Əmirəl-möminin! Məcuslardan hansı əsasla cizyə alırsan, halbuki onların nə peyğəmbərləri vardır, nə də səmavi kitabları?!

İmam Əli (ə) buyurdu: – Məcusların həm peyğəm-bəri, həm də səmavi kitabı var idi. Bir gecə onların padşahı şərab içib məst halda öz qızı ilə zina etdi. Sübh açılanda hamı bu hadisədən xəbərdar olub onun evini mühasirəyə aldılar və fəryad etdilər: "Ey padşah! Sən bizim dinimizi aludə etdin, ləkələdin. Evdən çıx ki, sənə şəri hədd vuraq (cəzalandıraq)!" Padşah qapıya gəldi, onları çağırıb dedi: "Mənim sizə sözüm vardır. Əgər sözümü təsdiq etsəniz, onda heç bir günaha mürtəkib olmamışam, əks halda mənim barəmdə nə istəsəniz edin."

Camaat hər tərəfdən axışıb oraya gəldi. Padşah qəsrdən çıxıb onlara dedi: "Bilirsinizmi ki, Allah heç bir məxluqu bizim atamız Adəm və anamız Həvvadan artıq əzizləməmişdir?" Hamılıqla dedilər: "Düzdür." Padşah dedi: "Məgər Adəm öz qızlarını oğlanları ilə evləndirmədimi?" Dedilər: "Düz deyirsən və haqq din də elə budur."

Məcuslar o zamandan bəri öz məhrəmləri ilə evlənməyi halal saydılar, Allah da onlara qəzəb edərək elm nurunu qəlblərindən çıxartdı, səmavi kitablarını onların arasından götürdü. Onlar kafir və cəhənnəm əhlidirlər. Ey Əşəs, bil ki, münafiqlərin halı bunlardan da pisdir.

Əşəs dedi: – Allaha and olsun! Heç vaxt belə bir cavab eşitməmişdim və gələcəkdə də eşitməyəcəyəm.

Bir nəfər Əli (ə)-dan soruşdu: – "Təkbirətul-ehram" deyən zaman əlləri yuxarı qaldırmağın mənası nədir?

İmam (ə) buyurdu: – Mənası budur ki, Allah böyükdür, yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk olunmaz.

Soruşdu: – Rüku halında boynu (yuxarı) dartmağın mənası nədir?

İmam (ə) buyurdu: – Mənası budur ki, Allaha iman gətirdim, hətta boynumu vursalar belə.

Soruşdu: – Birinci səcdənin mənası nədir?

İmam (ə) buyurdu: – Mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan"; başı səcdədən qaldırmağın mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan çıxartmısan"; ikinci səcdənin mənası budur ki, "Pərvərdigara! Sən bizi torpağa qaytaracaqsan"; başı ikinci səcdədən qaldırmağın mənası budur ki, "Pər-vərdigara! Sən bir daha bizi (Qiyamət günündə) yerdən çıxardacaqsan."

O kişi soruşdu: – Təşəhhüdü deyən zaman sağ ayağı sol ayağın üstünə qoymağın mənası nədir?

İmam (ə) buyurdu: – Mənası budur ki, "Pərvərdigara! Batili öldür, haqqı bərqərar et və möhkəm saxla."

Soruşdu: – Camaat namazında imamın "əssəlamu ələykum" deməsinin mənası nədir?

İmam (ə) buyurdu: – İmam Allah tərəfindən olan bir mütərcimdir ki, camaat əhlinə (namaz qılanlara) deyir: "Siz Qiyamət günündə Allahın əzabından amandasınız."

Həzrət Əli (ə) təkbirətül-ehrama qədər deyilən təkbirlərin mənası barəsində belə buyurmuşdur: "Birinci dəfə "Allahu əkbər" deyəndə öz qəlbindən bu mənanı keçirirsən ki, Allah hər şeydən böyükdür, heç vaxt oturmaq və durmaq kimi mənalarla vəsf edilməz. İkinci təkbiri deyəndə bunu nəzərdə tutursan ki, Allah hərəkət və sükunətlə vəsf edilməkdən uzaqdır. Üçüncü təkbiri deyəndə qəlbindən bunu keçirdirsən ki, Allah, Onun barəsində "O, cisimdir" - deyilməkdən, yaxud hansısa bir şeylə müqayisə olunmaqdan, ya da bir şeyin Ona oxşadılmasından çox-çox böyükdür. Dördüncü təkbirdə bunu fikirləşirsən ki, Allah, müəyyən şeylərin və xəstəliklərin Ona ariz olmasından böyükdür. Beşinci təkbirdə bunu deyirsən ki, Allah, Ona "cövhər və ya ərəzdir" - deyilməsindən, yaxud bir şeyi həml etməsindən (daşımasından), yaxud bir şeyin Onda hülul etməsindən böyük və uzaqdır. Altıncı təkbirdə deyirsən ki, Allah, zavala uğrama, nəql olunma, bir haldan başqa hala keçirilmə kimi hadis işlərin Onun barəsində fərz edilməsindən böyükdür. Yeddinci təkbirdə də deyirsən ki, Allah beşlik təşkil edən duyğu üzvlərinə sahib olmaqdan çox-çox böyükdür.

Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Allahı nə ilə tanıdın?

Buyurdu: – Mənim əzm və qərarlarımı pozması ilə. Mən bir işi görməyə dair iradə və əzm etdim, maneələr və qəzavü-qədər onunla məqsədlərim arasında fasilə salaraq onun həyata keçməsinə mane oldu. Başa düşdüm ki, (bu işi) tədbir edən və onun axırını fikirləşən başqa bir Kəsdir.

Soruşdu: – Hansı səbəbə görə Allaha həmd edirsən?

Buyurdu: – Məndən necə (böyük) bəlaları dəf etdiyini, həmçinin başqalarına bəlalar varid etdiyini gördükdə başa düşdüm ki, O mənə minnət qoymuşdur. Mən də Ona şükür etdim.

Soruşdu: – Nəyə görə Onunla görüşəcəyinə bu qədər şövq bəsləyirsən?

Buyurdu: – Öz mələklərinin və peyğəmbərlərinin ayinini mənim üçün seçdiyini, neməti mənə tamamladığını gördükdə bildim ki, məni bu qədər əzizləyən Allah heç vaxt məni unutmaz. Buna görə də Onunla görüşə müştaq oldum.

"Cəməl" müharibəsində Əli (ə) müharibə işlərini nizamlamağa məşğul ikən çöl ərəblərindən bir nəfər qalxıb dedi: – Ya Əmirəl-möminin! Allahın yeganə olduğunu deyirsənmi?

Bu zaman camaat hər tərəfdən ona etiraz edib dedi: – Görmürsən ki, Əli (ə) hansı vəziyyətdədir və onun fikri qarışıqdır?!

İmam (ə) onlara buyurdu: – Onunla işiniz olmasın, bizim düşməndən istədiyimiz şeyləri elə bu ərəb soruşdu. (Sonra ərəbə dedi:) Allaha yeganəlik nisbəti verilməsi ("Allah birdir" deyilməsi) dörd qisimdir: onun ikisi (Allah barəsində) rəvadır, ikisi isə rəva deyildir. Rəva olmayanların biri ("Allah birdir" deyib) ikinin müqabilində olan "bir"i nəzərdə tutumaqdır. Rəva olmamasının səbəbi də budur ki, Allahda iki yoxdur. Ədədlər bölməsində "iki"si olmayan "bir", ədədlərin sırasına daxil olmur və ona bir deyilmir. Rəva olmayan digər qismi isə "bir" deyib cinsdən olan bir növü nəzərdə tutmaqdır. Bu da rəva deyildir, çünki bu Onun məxluqata oxşadılmasıdır, halbuki, Allah belə şeylərdən pakdır.

Allah barəsində rəva olan iki qismin birincisi budur ki, Allaha yeganəlik nisbəti verməklə Onun məxluqatda və əşyalarda oxşar və mislinin olmaması nəzərdə tutulsun. Digəri də "Allahın əhədiyyul-məna olmasıdır" – məqsəd vücudda, təfəkkürdə və xəyalda bölgüyə məruz qalmamasıdır. Bizim Pərvərdigarımız, bax belədir!"

Nəcran tayfasının böyük alimi və dini rəhbəri Ömərin yanına gəlib ondan bir neçə sual soruşdu, amma Ömər cavab verə bilməyib onu Əli (ə)-ın yanına göndərdi. Yepiskop o həzrətin hüzuruna gəlib bir-bir sualları verdi. İndi onların bəzilərini qeyd edirik:

Yepiskop: – Mənə o şeydən xəbər ver ki, dünya əhalisinin əlindədir, ondan istifadə edirlər, amma behişt meyvələri kimi, onda heç bir azalma müşahidə olunmur.

Əli (ə) buyurdu: – O, Qurandır ki, dünya əhli ondan (istifadə edərək) bütün ehtiyaclarını təmin edirlər və onda heç bir nöqsan (azalma) əmələ gəlmir.

Yepiskop: – Yer üzündə axıdılan ilk qan hansı qan idi?

İmam buyurdu: – Siz məsihilərin inancına görə, o, Adəmin övladı və Qabil tərəfindən qətlə yetirilən Habilin qanı idi. Lakin belə deyildir; yer üzündə axıdılan ilk qan Qabili dünyaya gətirdiyi zaman Həvvanın bətnindən xaric olan qan olmuşdur.

Yepiskop "düz dedin!" - deyə cavab verdi.

Əli (ə)-dan "Əsaf" və "Nailə", eləcə də Qüreyş tərəfindən onların nə üçün pərəstiş edilməsi barəsində soruşulduqda buyurdu: – Onlar iki gözəl cavan idi. Onların birində qadınlıq haləti var idi və Kəbə evində xəlvət bir yerdə fəhşa əməlinə mürtəkib oldular. Allah da onları iki it şəklinə saldı. Qüreyş qəbiləsi nadanlıq üzündən dedilər: "Əgər Allah Ona oxşar olan bu iki cavanın pərəstiş olunmasına razı olmasaydı, onları bu şəklə salmazdı."

Malik ibni Dəhyə deyir: Biz bir neçə nəfər Əli (ə)-ın yanında idik. İnsanların əxlaq, rəftar və bədən quruluşları arasındakı fərqlərdən söhbət düşdü, Əli (ə) buyurdu: "Bu ixtilafların səbəbi onların yaradıldığı torpağın və zatın fərqli olmasıdır. Çünki onlar şirin və şor torpaqdan, iri dənəli və xırda dənəli torpaq parçalarından olmuşdular ki, onların (torpaqlarının götürüldüyü) yerlərin bir-birinə yaxın olmaları qədər yaxın, onların bir-birindən fərqli və aralı olduğu qədər də fərqli olmuşlar. Nə çox zahiri gözəl, ağlı az; qədd-qaməti uzun, himməti az; yaxşı əməl sahibi, amma eybəcər sifətli; boyu kiçik, lakin uzaqgörən; qəlbi vurğun və əqli pərişan, amma söz ustası və qəlbi güclü olan adamlar görmək olar."

Əli (ə)-dan "la hovlə və la quvvətə illa billah" - cümləsinin mənasını soruşduqda, buyurdu: "Mənası budur ki, biz Allahın hüzurunda, Onun bizə verdiklərindən başqa heç bir şeyə malik deyilik. Belə isə, hər vaxt, həqiqətdə Onun Özünün əsl maliki (bir şey) olduğu bir şeyi bizə əta etsə, bizi Onun barəsində müəyyən işləri yerinə yetirməyə mükəlləf edir və hər vaxt da onu bizdən alsa, onun mükəlləfiyyətini bizim üzərimizdən götürür."

Əli (ə)-dan "aqil şəxs kimdir?" - deyə soruşdular, buyurdu: – Aqil o kəsdir ki, hər şeyi öz yerində qərar versin.

Dedilər: – Cahilin də tərifini de.

Buyurdu: – Onun (da) tərifini dedim.

Müəllif: Yəni cahil aqilin ziddi olduğuna və hər bir söz də öz ziddi ilə tanındığına görə, cahilin də tərifi aqilin tərifi ilə eyni zamanda məlum olur.

Əli (ə) bir şəxsin "inna lillahi və inna iləyhi raciun" dediyini eşitdikdə, buyurdu: – "İnna lillah" deməklə bunu etiraf edirik ki, biz Allahın mülkiy-yətindəyik, "və inna iləyhi raciun" cümləsini deyərkən, dillə iqrar edirik ki, biz məhv olub, aradan gedəcəyik.

Zürarə imam Cəfər Sadiq (ə)-a dedi: – Rəbiətur-rəy deyir ki, "qur" iki heyz arasında olan paklıqdır və təlaq verilmiş qadın üçüncü dəfə heyz görməklə iddədən xaric olur. Rəbiə deyir ki, bu rəy onun öz rəyidir.

İmam Sadiq (ə) buyurdu: – Yalan deyir, onu Əli (ə)-dan əxz etmişdir.

Cüveyriyə ibni Müsəhhər deyir: Əli (ə)-ın ardınca qaçırdım, İmam (ə) bunu hiss etdikdə mənə buyurdu: – Bu axmaqlar (dünyapərəst xəlifələr) yalnız onların ardınca qaçan yaltaqların ayaqqabı səslərinə görə həlak olmuşlar. (Sonra buyurdu:) Nə üçün gəlmisən?!

Dedim: – Gəlmişəm ki, sizdən şərəf, mürüvvət və əqlin mənasını soruşum.

İmam (ə) buyurdu: – Şərəf: hər kəsi sultan şərif hesab etsə, o şərafətlidir. Mürüvvət: İnsanın öz həyatını islah edib məişətini bəzəməsidir. Əql: hər kəs Allahdan qorxub təqvalı olsa ağıllıdır.

Übeyy ibni Kəb Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in hüzurunda bu ayəni tilavət etdi: ”Allah sizin üçün Öz aşkar və gizli nemətlərini tamamladı."

Bu vaxt Peyğəmbər (s.ə.v.v) Əbu Bəkr, Ömər, Osman, Əbu Übeydə və Əbdürrəhmanın da iştirak etdiyi məclisdə buyurdu: – Deyin görüm, Allahın sizə verdiyi ilk nemət hansıdır?

Onların hamısı mal-dövlət, sərvət, qadın və övladdan söhbət açdılar. Sakit olduqları zaman Peyğəmbər (s.ə.v.v) Əli (ə)-a buyurdu: – Ya Əli! Sən də de.

Əli (ə) belə sadalamağa başladı: – Allah məni yoxluqdan varlıq aləminə gətirdi, məni cansız və ruhsuz bir şey yox, canlı bir varlıq, ağılsız və unutqan yox, mütəfəkkir və huşlu bir insan qərar verdi. Bədənimdə idrak qüvvələri və şüur qərar verdi ki, onların vasitəsilə istədiyim şeyləri dərk edirəm. Varlığımda ağıl kimi parlaq bir şam qərar verdi, məni Öz dininə hidayət etdi, azğınçılıqdan xilas etdi, əbədi həyata qayıdış yolunu mənim üçün qərar verdi, məni bir kəsin mülkiyyətində olan yox, azad və malik qərar verdi, asimanı, yerləri və onlarda olanları mənim üçün müti etdi. Bizi qadın deyil, halal qadınlarımıza hakim olan kişilər qərar verdi.

Peyğəmbər (s.ə.v.v) onun dediyi hər cümləni "düz deyirsən!" - deyə təsdiqlədi, sonra buyurdu: – Yenə say!

Əli (ə) bu ayəni tilavət etdi: "Və in təuddu nimətəllahi la tuhsuha – əgər Allahın nemətlərini saymaq istəsəniz, heç vaxt sayıb qurtara bilməzsiniz."

Peyğəmbər (s.ə.v.v) təbəssüm edərək buyurdu: – Elm və hikmət sənə halal olsun, ey Əbəl-Həsən! Sən mənim elmimin varisi və məndən sonra ümmətimin ixtilaflarını aradan qaldıransan.

Bir gün Ömər Həzrət Əli (ə)-a dedi: – Ya Əli! Mənim bir neçə sualım var, onları Peyğəmbərdən soruşmağı unutmuşdum. Sən onların cavabını verə bilərsənmi?

Əli (ə) buyurdu: – Suallarını soruş!

Ömər: – Bəzən insan yuxuda bir şeyi görür, amma ayıldıqdan sonra ondan heç bir əsər-əlamət görmür. Bəzən bir kəslə qarşılaşır və əvvəlcədən heç bir müqəddimə olmadan ona məhəbbət göstərir. Bunun əksinə olaraq, bəzən də tanımadığı şəxslərlə düşmən olur. Bəzən də bir şeyi görür, yaxud eşidir və uzun müddət onu zehnində saxlayır. Bəzən ehtiyac olmadığı surətdə onu unudur, ehtiyac duyduğu surətdə onu xatırlayır.

Əli (ə) buyurdu: – Sənin yuxu barəsində verdiyin sualın cavabı Allah-Taalanın Quranda buyurduğudur: "Allah, canları öldükləri zaman, eləcə də ölməyənlərin canlarını yuxuda ikən bədənlərindən ayırır. Ondan sonra Allah, ölməyinə hökm etdiyi nəfsi saxlayır (canını alır) və o nəfs ki, əcəli gəlib çatmayıbdır, müəyyən olmuş vaxta qədər (diri) saxlayır."

(Sonra buyurdu:) Yuxu ölümə bənzəyir. Ruhun insan bədənindən ayrıldığı zaman gördüyü yuxular düzgün və mələkuti yuxudur. Amma ruhun qayıtdığı zaman gördüyü yuxular batil və şeytanın rənglərindəndir.

Əvvəlcədən heç bir müqəddimə olmadan dostluq və düşmənçilik barədəki sualına gəldikdə isə, Allah ruhları bədənlərdən iki min il öncə yaratmış, onları havada və fəzada məskunlaşdırmışdır. Orada bir-birilə ünsiyyətdə olan ruhlar burada da bir-birilə ünsiyyətdədir, orada bir-birilə düşmən olan ruhlar burada da düşməndirlər.

Xatırlamaq və unutmaq barəsindəki sualına gəldikdə isə, elə bir qəlb yoxdur ki, onda bir örtük və pərdə olmasın. Hər qəlb pərdənin altında gizlənsə, gördüyünü və eşitdiyini unudur, pərdələr kənara çəkildiyi zaman gördüyünü və eşitdiyini isə yadında saxlayır.

Ömər dedi: – Düz deyirsən. Sənin olmadığın bir yerdə və ya şəhərdə Allah məni diri saxlamasın!

İbni Kəvva Əli (ə)-dan soruşdu: – Allah Həzrət Musadan qabaq insanlardan bir kəslə danışmışdırmı?

Əli (ə) buyurdu: – Bəli. Allah-Taala hamı ilə – istər yaxşı, istərsə də pis adam olsun – danışmışdır, onlar da Allaha cavab vermişlər.

Bu cavab İbni Kəvvaya ağır gəldi və mənasını başa düşmədiyi üçün dedi: – Necə yəni Allah hər kəslə danışmışdır və onlar da cavab vermişdir?!

İmam (ə) buyurdu: – Məgər Quran oxumamısanmı?! Allah Öz Peyğəmbərinə buyurur: "Ey Peyğəmbər! Yada sal o zamanı ki, sənin Rəbbin Adəm övladlarından – onların arxalarından (sülblərindən) nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq dedi: "Mən sizin Pərvərdigarınız deyiləmmi?!" Dedilər: "Əlbəttə ki, (bizim Pərvərdigarımızsan)!"

Buna əsasən, Allah bütün Adəm övladları ilə danışmış, onlar da Allaha cavab vermişlər. Başqa ayədə də buyurulur ki, onlar (zər aləmində) öz Rəblərinə müsbət cavab vermişlər, Allah da onlara buyurmuşdur: "Mənəm yeganə Allah, Mənəm bağışlayan və mehriban."

Əli (ə)-dan soruşdular: – Quranda öz adını bəyan edən bir surə varmı?

Buyurdu: – Bəli, bu, "Hud" surəsidir. Allah-Taala bu ayədə buyurur: "Ma min dabətin illa huvə axizun bi nasiyətiha" Çünki nasiyənin "huvə" kəlməsi, yəni "dab-bət" kəlməsinin birinci hərfini özünə alsa "Hud" olar."

Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – Yetmiş fərsənglik yoldan bura gəlmişəm ki, səndən yeddi sual soruşam:

1-Asimanlardan da böyük olan nədir?

2-Yerdən də geniş olan nədir?

3-Yetim uşaqdan da bacarıqsız olan nədir?

4-Oddan da çox yandıran nədir?

5-Şaxtadan da də soyuq olan nədir?

6-Dəryadan da daha çox ehtiyacsız olan nədir?

7-Daşdan da bərk olan nədir?

Əli (ə) buyurdu: – Nahaq yerə töhmət vurmaq (günah cəhətindən) asimanlardan da böyükdür. Haqq, yerdən də genişdir. Söz gəzdirən adamın söz gəzdirməsi yetim uşaqdan da zəifdir. Hərislik və tamahkarlıq oddan da yandırıcıdır. Paxıldan bir şey istəmək şaxtadan da soyuqdur. Qənaətlə dolanan şəxsin bədəni dəryadan da ehtiyacsızdır. Kafirin qəlbi daşdan da bərkdir.

Şafei "Mətalibus-sual" kitabında (səh.62) belə qeyd edir:

Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – De görüm vacib və ondan da vacib, qəribə və ondan da qəribə, çətin və ondan da çətin, yaxın və ondan da yaxın olan şeylər nədir?

İmam (ə) bir şer oxuyaraq onun cavabını verdi:

"Tovbu Rəbbil-vəra vacibun, və tərkuhum lizzunubi ovcəbu"

Tövbə ilə Allah dərgahına qayıtmaq insanlar üçün vacibdir,

Amma günahları tərk etmələri ondan da vacibdir.

Vəddəhru fi sərfihi əcibun, və ğəflətunnasi ənhu əcəbu

Ruzigarın gəlib getməsi qəribədir,

Camaatın ondan qafil olması isə daha qəribədir.

Vəssəbru finnaibati səbun, lakinnə fovtəs-səvabi əsəbu

Müsibətlər qarşısında səbirli olmaq çətindir,

Lakin onun müqabilində veriləcək mükafatı itirmək ondan da çətindir.

Və kullu ma yurtəca qəribun, vəl-movtu min kulli zakə əqrəbu.

Ümid bəslənən hər bir şey yaxındır, amma ölüm onlardan da yaxındır."

Bir nəfər Bəsrədə Əli (ə)-dan dini qardaşlar barəsində soruşdu. O Həzrət buyurdu: – Qardaşlar iki cürdür: etimadlı qardaşlar və təbəssüm qardaşları.

Etimadlı qardaşlar (insan üçün) qol-qanad, əhl və var-dövlətdir. Hər vaxt özün üçün belə bir qardaş tapsan, sən də onun köməkçisi ol, dostları ilə dost, düşmənləri ilə düşmən ol, eyiblərini və sirlərini ört, gözəlliklərini və yaxşılıqlarını aşkar et. Bil ki, bu cür qardaşlar "kibriti-əhmər"dən də (məqsəd xalis qızıldır, müt.) az tapılandır.

Təbəssüm qardaşları o kəslərdir ki, səninlə təbəssümdə dost olarlar. Sən də onlarla, onların səninlə şirin dillilik və açıq üzlülüklə etdiyi rəftar kimi rəftar et.

Əli (ə)-dan (Allah-Taalanın adlarından olan) "Hənnan və Mənnan"ın mənası barəsində soruşduqda, buyurdu: "Hənnan o kəsdir ki, ondan üz çevirənləri qəbul etsin. Mənnan da o kəsdir ki, (başqası) bir şey istəmədən (ona) əta etsin."

Əli (ə)-dan soruşdular: – Hansı qardaşlardır ki, bir gündə dünyaya gəldilər, bir gündə vəfat etdilər, amma onlardan birinin əlli, digərinin isə yüz əlli yaşı var idi?

Həzrət buyurdu: – Üzeyir və Əzrə idilər ki, bir gündə dünyaya gəldilər, Üzeyir yüz il ölü vəziyyətdə qaldıqdan sonra Allah onu diriltdi, bir müddətdən sonra hər ikisi eyni bir gündə vəfat etdilər.

Əli (ə)-dan soruşdular: – Hansı oğlan atasından böyük idi?

Buyurdu: – O, Üzeyir idi. Allah onu (100 ildən sonra) diriltdi. Onun 40 yaşı olduğu zaman oğlunun 110 yaşı var idi.

Əli (ə)-dan soruşdular: – Hansı saat nə gecədəndir, nə gündüzdən?

Buyurdu: – Günəşin çıxmasından qabaq olan saat.

Kumeyl ibni Ziyad Əli (ə)-dan nəfsin nədən ibarət olması barəsində soruşduqda, Həzrət buyurdu: – Hansı nəfs?

Kumeyl dedi: – Məgər birdən artıq nəfs vardırmı?

İmam (ə) buyurdu: – Dörd dənə nəfs vardır: 1-Bitkilərə məxsus olan nami nəfs 2-Heyvani nəfs, 3-Qüdsi-natiqə nəfs, 4-Külli-ilahi nəfs. Bu nəfslərdən hər birində beş qüvvə və iki xasiyyət vardır:

Bitkilərə məxsus olan nami nəfsin beş qüvvəsi aşağıdakılardır: 1-Masikə, 2-Cazibə, 3-Hazimə, 4-Dafiə, 5-Mürəbbiyə. Onun iki xassəsi də nöqsan və artımdır ki, qara ciyərdən qaynaqlanır.

Heyvana məxsus olan nəfsin beş qüvvəsi: 1-Eşitmə, 2-Görmə, 3-İy bilmə, 4-Dad bilmə, 5-Lamisə hissi (toxunmaqla hissetmə). Onun iki xassəsi: razılıq və qəzəbdir ki, qəlbdən yaranırlar.

Natiqə nəfsinin beş qüvvəsi: 1-Fikir (təfəkkür və idrak), 2-Zikr, 3-Elm, 4-Əməl, 5-İntibah (ayıqlıq). Bunun bədəndə mənşəyi yoxdur və mələkuti nəfsə çox oxşayır. Onun iki xassəsi isə nəzahət (paklıq) və hikmətdir.

Külli-ilahi nəfsin beş qüvvəsi: 1-Fənada əbədi qalmaq, 2-Zillətli halda izzətli olmaq, 3-Zəngin halda fəqirlikdə olmaq, 4-Bəlalarda səbir etmək, 5-Əzab-əziyyət və zəhmətdə xoşluqda olmaq. Onun iki xassəsi də helm və kərəmdir ki, onların da mənşəyi Allah-Taaladır ki, Quranda buyurur: "Və nəfəxna fihi min ruhina – Yəni ona Özümüzün müqəddəs ruhumuzdan üfürdük." Onun qayıdış yeri də Allaha tərəfdir. Belə ki, buyurulur: "Ya əyyətuhənnəfsul-mutməinnəh, ircii ila Rəbbiki raziyətən mərziyyəh: – Ey mütməin (qüdsi) nəfs və (Allahın zikri ilə) aram tapmış qəlb, bu gün Pərvərdigarının hüzuruna qayıt, elə bir halda ki, sən Ondan (Onun əbədi nemətlərindən) və O da səndən (sənin yaxşı əməllərindən) razıdır". Əql də bu nəfslərin hamısının arasındadır ki, heç kəs təfəkkür və əndişə olmadan bir söz danışmasın.

Bir kişi Əli (ə)-ın yanına gəlib dedi: – Mənə qədər barəsində məlumat ver.

İmam (ə) buyurdu: – Bu, çox dərin bir dəryadır, ora daxil olma...

O kişi dedi: – Qədər barəsində mənə məlumat ver!

İmam (ə) buyurdu: – Bu, qaranlıq bir yoldur, ora qədəm qoyma!

O kişi yenidən dedi: – Mənə qədər barəsində məlumat ver!

İmam (ə) buyurdu: – (Qədər) Allahın sirridir, Özünü zəhmətə salma!

O kişi dedi: – Mənə qədər barəsində məlumat ver.

İmam (ə) buyurdu: – İndi ki, israr edirsən, de görüm Allahın bəndələrə olan rəhməti onların əməllərindən qabaq olmuşdurmu? Yoxsa bəndələrin əməlləri Allahın rəhmətindən qabaqdır?

Kişi dedi: – Allahın rəhməti bəndələrin əməllərindən qabaqdır.

Bu zaman İmam (ə) oradakılara üz tutub buyurdu: – Ayağa qalxın və öz qardaşınıza salam verin! O, islamı indi qəbul etmişdir, halbuki bundan əvvəl kafir idi!

O, kişi bir qədər getdikdən sonra qayıdıb dedi: – Ya Əmirəl-möminin! De görüm, biz Onun iradə və məşiyyəti hesabına durub otururuq, qəbz-bəst oluruq (açılıb-yığılırıq; məqsəd hərəkət etməkdir)?

Əli (ə) buyurdu: – Sən məşiyyətdəsən, (eyni zamanda) onunla əlaqədar məsələlərdən uzaqsan. Bil və agah ol! Mən səndən üç məsələ soruşuram ki, Allah sənin üçün onlardan xaric olmaq üçün heç bir yol qərar verməmişdir. De görüm, Allah bəndələri yaradanda Öz istədiyi kimi yaratmışdır, yoxsa onların istədiyi kimi?

Cavab verdi: – Özü istədiyi kimi.

İmam (ə) buyurdu: – Allah bəndələri onların istədiyi səbəbə görə yaratdı, yoxsa Öz istədiyi səbəb əsasında?

Kişi dedi: – Öz istədiyi səbəbə görə.

İmam (ə) buyurdu: – Qiyamət günündə Onun hüzuruna, onların öz istədiyi kimi gələcəklər, yoxsa Allahın istədiyi kimi?

Kişi dedi: – Allah istədiyi kimi.

İmam (ə) buyurdu: – Qalx ayağa! Məşiyyət barəsində heç bir şey deyə bilməzsən və sənin buna ixtiyarın yoxdur.

Əli (ə)-dan "fələnuhyiyənnəhu həyatən təyyibəh (biz onu pak-pakizə həyatla dirildərik)" ayəsi barəsində soruşulduqda buyurdu: "pakizə və gözəl həyat – qənaət mülküdür."

Həmçinin Əli (ə)-dan "innəllahə yəmuru bil-ədli vəl-ihsan; Allah ədalətli olmağa və ehsan etməyə əmr edir" - ayəsi barəsində soruşulduqda buyurdu: "Ədl dedikdə məqsəd insaf və orta mövqedə (mötədil) olmaq, ehsan dedikdə isə lütf (mərhəmətli olmaq) və mehribançılıq etməkdir".

Əli (ə)-dan: "Ədalət üstündür, yoxsa səxavət?" - deyə soruşulduqda, buyurdu: "Ədalət işlərin öz yerində qərar-laşmasına, səxavət isə işlərin öz yerində olmamasına səbəb olur. Ədalət hamını saxlayır, esəxavətin isə yalnız şəxsi yönləri vardır. Buna əsasən, ədalət daha üstündür."

Əli (ə)-dan camaatın ən fəsahətlisinin kim olması barəsində soruşulduqda, buyurdu: "O kəsdir ki, ondan bir söz soruşduqda qənaətbəxş cavab versin."

Bəli! O Həzrətin tövhid və Allahın sifətləri ilə əlaqədar verdiyi cavablardan kəlam və ilahiyyat elmləri, digər mövzular barəsində verilən suallardan sair elmlər, o cümlədən Quran təfsiri, nəhv, fiqh və s. kimi elmlər yaranmışdır. Tövhid barəsindəki rəvayətlərin ayrıca bir fəsildə təqdim olunması daha yaxşı olardı, lakin başqa bir ünvan altında hamısı bir yerdə bəyan olundu.

Kəb Əhbar Əli (ə)-dan soruşdu: – Atası olmayan kimdir? Əhli-əyalı və qohum-əqrəbası olmayan kimdir? Qəbiləsi olmayan nədir?

Əli (ə) buyurdu: – Atası olmayan İsa (ə)-dır, qohum-əqrəbası olmayan Adəm (ə)-dır, qibləsi olmayan Kəbə evidir ki, Özü qiblədir.

Əli (ə) yenidən buyurdu: – Yenə də soruş!

Kəb Əhbar: – Hansı üç canlıdır ki, bətndə olmamış və bədəndən xaric olmamışlar?!

Əli (ə) buyurdu: – Musa(ə)-ın əsası, Səmud qövmünün dişi dəvəsi, İbrahim (ə)-ın qoçu. (Sonra buyurdu:) Yenə soruş.

Kəb Əhbar: – Bir sualım qalıb, əgər ona da cavab versən, sən elə özünsən.

Əli (ə) buyurdu: – Soruş.

Kəb Əhbar: – Hansı qəbir öz sahibini hərəkət etdirirdi?

Əli (ə): – O həmin balıq idi ki, Allahın əmri ilə Yunis (ə)-ı uddu, (sonra onu) dəryalarda gəzdirirdi.

İbni Kəvva Əli (ə)-dan soruşdu: – Ya Əmirəl-möminin! Mənə xəbər ver gecədə də, gündüzdə də görən, yalnız gecədə görən və yalnız gündüzdə görən şəxslər barəsində!

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə