O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir




Yüklə 0.98 Mb.
səhifə1/14
tarix10.04.2016
ölçüsü0.98 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
Həmd-səna yalnız o Allaha məxsusdur ki, ədalət və düzlük əsasında mühakimə edir, "o kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir"

Allahın salam və salavatı əziz Peyğəmbərimiz həzrəti Muhəmməd ibni Əbdüllah (s.ə.v.v)-in pak ruhuna olsun ki, onu Özünün haqq fərmanlarını və ədalətli qanunlarını icra etmək üçün seçmişdir. Allahın salam və salavatı onun pak və ismətli Əhli-beytinə olsun ki, onlar ədaləti bərqərar edənlər, yalnız Allahın hökm və qanunları əsasında hökm edənlərdir. Xususilə salam olsun həzrət Peyğəmbər (s.ə.v.v)-in əmisi oğlu Əmirəl-möminin Əliyyibni Əbitalib (ə)-a ki, buyurur: "Əgər qəzavət kürsüsündə əyləşsəm, Tövrat ardıcıllarına Tövrat əsasında, İncil ardıcıllarına İncil əsasında və Quran ardıcıllarına Quran əsasında elə hökm edərəm ki, hər biri nitqə gəlib "Əli eynilə bizdə olanların özü ilə mühakimə etmişdir!"-deyərlər."

Düşmən də dost kimi etiraf etmişdir ki, Əli (ə)-ın mühakiməsi ümmətin hamısının mühakiməsindən daha səhih olmuşdur. İkinci xəlifə (Ömər) üçün çox çətin hadisələr qarşıya çıxanda dəfələrlə deyirdi: "Əgər Əli olmasaydı Ömər həlak olardı" və "Əlidən başqa heç bir kəs onun (Ömərin) qəm-qüssəsini aradan qaldırmayıbdır."

Mərhum Şeyx Kuleyni "Kafi" kitabında, mərhum Səduq "Fəqih" kitabında, mərhum Müfid "İrşad" kitabında, mərhum Tusi "Təhzib" kitabında, mərhum Seyyid Rəzi "Xəsaisul-əimmə" kitabında və mərhum Sərvi "Mənaqib" kitabında o Həzrətin müxtəlif hadisələrlə əlaqədar yürütdüyü qəzavətlərdən bir qismini nəql etmişlər.

Qədim alimlərdən bəziləri də bu barədə ayrıca bir kitab yazmışlar. İbrahim ibni Haşim Quminin kitabından başqa bu barədə yazılan ədəbiyyatlar bizim əlimizə çatmamışdır. Lakin Şeyx Tusinin və Nəcaşinin "Fehrest" kitablarında, eləcə də İsmayıl ibni Xalid, Əbdüllah ibni Əhməd, Məhəmməd ibni Qeys Bəcli, Übeydullah ibni Əbu Rafenin kitablarında və s.-də bu mövzu barədə məlumatlar mövcuddur. Lakin son zamandakı alimlərdən heç bir şəxsin bu barədə ayrıca bir kitab yazmasını görməmişəm, onlar öz kitablarında mərhum Məclisinin "Biharul-ənvar", Şeyx Hürr Amilinin "Vəsailuş-şiə" kitabından yalnız bir bölməni qeyd etməklə kifayətlənmişlər.

Məsələ mühüm olduğuna görə sələf alimlərin səpgisinə tabe olaraq bu mövzuda ayrıca bir kitab yazmağı qərara aldım. Sərvinin nəql etdiyinə görə sünnü alimləri də bu xüsusda çoxlu kitablar yazmışlar. Onlardan Müvəffəq Məkkini qeyd etmək olar. Şeyx Müfid "İrşad" kitabında, Sərvi "Mənaqib" kitabında o Həzrətin qəzavətlərini zaman baxımından aşağıdakı ardıcıllıqla tənzim etmişlər: 1-O Həzrətin Peyğəmbər (s.ə.v.v)-in sağlığındakı qəzavətləri; 2-Üç xəlifədən hər birinin dövründəki qəzavətləri; 3-O Həzrətin öz xilafəti dövründəki qəzavətləri.

Lakin mən onu başqa bir tərtibdə tənzim etmişəm.

Bu fəsildə Əli (ə)-ın özünün ixtirası ilə həqiqəti kəşf etdiyi mühakimələr bəyan olunur, belə ki, inkarçı naçar qalıb haqqı etiraf etmişdir.

Bir cavan vahiməli halda Mədinənin küçələrində gəzir, səmimi-qəlbdən Allah dərgahına nalə edib deyirdi: "Ey ədalətlilərin ən ədalətlisi! Mənimlə anamın arasında hökm et!"

Ömər ona çatıb dedi: – Ey cavan! Nə üçün anana qarğış edirsən?!

Cavan: – Anam məni doqquz ay öz bətnində saxlamış, dünyaya gətirdikdən sonra iki il süd vermişdir. Böyüdüb tərbiyə etdikdən, yaxşını-pisi başa düşdükdən sonra məni inkar edib deyir: – Sən mənim oğlum deyilsən!

Ömər o qadına üz tutub dedi: – Bu oğlan nə deyir?

Qadın: – Ey xəlifə! And olsun nur pərdəsinin arxasında olan və gözlərin görə bilmədiyi Allaha! And olsun Məhəmmədə və onun Əhli-beytinə! Mən onu əsla tanımıram, hansı qəbilə və tayfadan olmasını da bilmirəm. Allaha and olsun ki, o, bu iddia ilə məni öz qohum-əqrəbam arasında rüsvay etmək istəyir. Mən Qüreyş qəbiləsindən olan bir qızam və indiyə qədər də ərə getməmişəm.

Ömər: – Dediklərinə şahidin varmı?

Qadın: – Bəli.

Qadın öz iddiasını isbat etmək üçün öz qohum-əqrəbasından 40 nəfəri şahid kimi çağırdı. Onlar Ömərin yanında şəhadət verib dedilər ki, bu oğlan yalan deyir. Qadına bu töhməti vurmaqla onu el arasında rüsvay etmək istəyir.

Ömər məmurlara dedi: – Şahidlər barəsində artıq təhqiqat aparılıncaya qədər cavanı tutub zindana salın. Onların şahidlikləri səhih olduğu təqdirdə cavana "iftira həddi" vurun.

Məmurlar cavanı zindana tərəf apardıqları vaxt Əmirəl-möminin Əli (ə) yolda onlarla qarşılaşdı. O cavanın nəzəri Əli (ə)-a sataşanda ucadan fəryad etdi: "Ey Rəsulullahın əmisi oğlu! Mənə zülm olunmuşdur, kömək et."

Sonra başına gələn əhvalatı danışdı. Əmirəl-möminin Əli (ə) məmurlara dedi: – Cavanı Ömərin yanına qaytarın.

Cavanı qaytardılar. Ömər onları gördükdə qəzəblənib dedi: – Axı mən əmr etmişdim ki, cavanı zindana salın. Nə üçün onu qaytarmısınız?!

Məmurlar dedilər: – Ey xəlifə! Əliyyibni Əbi Talib bizə belə fərman verdi. Biz sənin özündən belə dediyini eşitmişik: "Əlinin göstərişlərindən heç vaxt boyun qaçırmayın."

Bu zaman Əli (ə) daxil olub buyurdu: – Cavanın anasını gətirin!

O qadını gətirdilər. Sonra o həzrət oğlana üz tutub dedi: – Nə deyirsən?

Cavan başına gələn əhvalatları əvvəlki kimi bəyan etdi. Əli (ə) Ömərə buyurdu: – İcazə verirsənmi, onların arasında qəzavət edim?

Ömər: – Sübhanəllah! Necə icazə verə bilmərəm?! Halbuki, Rəsulullahın "Əliyyibni Əbi Talib sizin hamınızdan biliklidir"-deyə buyurduğunu eşitmişəm.

Əmirəl-möminin Əli (ə) qadına buyurdu: – Öz iddianı isbat etmək üçün şahidin varmı?

Qadın: – Bəli.

Sonra şahidləri gətirdi, yenidən şahidlik etdilər. Əli (ə): – İndi bunların arasında elə qəzavət edərəm ki, aləmin Yaradanı ondan razı olar. Elə bir qəzavət ki, onu həbibim Rəsulullah (s.ə.v.v) mənə öyrətmişdir.

Sonra qadına buyurdu: – Qəyyumun varmı?

Qadın: – Bəli, bu şahidlərin hamısı mənim qardaşlarım və qəyyumlarımdır.

Əli (ə) onlara buyurdu: – Mənim sizinlə bacınız barəsində etdiyim hökm qəbul olunurmu?

Hamılıqla dedilər: – Bəli!

Sonra buyurdu: – Mən Allahı və bu məclisdə olan müsəlmanları şahid tuturam ki, öz malımdan 400 dirhəm nağd pul (mehriyyə) ilə bu qadını bu cavanın əqdinə keçirdim! Qənbər! Ayağa qalx və dirhəmləri gətir.

Qənbər dirhəmləri gətirdi. Əli (ə) onları cavanın ovcuna töküb buyurdu: – Bu dirhəmləri arvadının ətəyinə tök və ikinci dəfə zifaf əlaməti olmadan (cənabət qüslü etməmiş) mənim yanıma gəlmə.

Cavan ayağa qalxıb dirhəmləri qadının ətəyinə tökdü və onun yaxasından tutub dedi: – Ayağa qalx!

Bu zaman qadın fəryad edərək dedi: – Od! Od! Ey Rəsulullahın əmisi oğlu! Məni öz oğlumun əqdinə keçirmək istəyirsənmi?! Allaha and olsun, o mənim oğlumdur!

Daha sonra oğlunu nə üçün inkar etməsini belə açıqladı: – Qardaşlarım məni pis, yaramaz və alçaq bir adama ərə vermişdilər. Bu oğlan da ondan dünyaya gəlib. O böyüdükdən sonra qardaşlarım məni təhdid etdilər ki, onu özümdən uzaqlaşdırım. Allaha and olsun ki, bu oğlan mənim mənim oğlumdur!

Sonra oğlunun əlindən tutub yola düşdü. Bu zaman Ömər uca səslə dedi: "Əgər Əli olmasaydı, Ömər həlak olardı."

Əli (ə)-ın xilafəti dövründə dağlı bir kişi öz qulamı ilə həccə gedirdi. Yolda qulam bir günaha mürtəkib oldu və ağası onu döydü. Qulam qəzəblənib ağasına dedi: – "Sən mənim ağam deyilsən! Mən sənin ağanam və sən də mənim qulamımsan."

Onlar bir-birini hədələyib deyirdilər: "Ey Allahın düşməni! Kufəyə çatınca sözünün üstündə dur, səni Əli (ə)-ın yanına apararam."

Onlar Kufəyə çatdılar və birlikdə Əli (ə)-ın yanına getdilər. Ağa (döyən) dedi: – Ya Əli! Bu şəxs mənim qulamımdır. Pis iş gördüyünə görə onu döymüşəm. Buna görə də mənə itaət etmir. Üstəlik məni də öz qulamı hesab edir!

Digəri dedi: – Allaha and olsun ki, yalan deyir. O mənim qulamımdır. Atam mənə yol göstərmək, həcc məsələlərini öyrətmək üçün onu mənimlə göndərmişdir. O isə mal-dövlətimə tamah salıb məni öz qulamı adlandırır ki, onlara sahib çıxsın.

Əli (ə) buyurdu: – Gedin, bu gecə bir-birinizi razı salın. Sübh mənim yanıma gəlib həqiqəti özünüz bəyan edərsiniz.

Sübh çağı Əli (ə) Qənbərə buyurdu: – Divarda iki böyük deşik aç!

O həzrət həmişəki adəti üzrə sübh namazını qıldıqdan sonra günəşin üfüqdə bir nizə qədər yuxarı qalxdığı vaxta qədər dua və təqibatla məşğul oldu. Hələ sübh namazının təqibatını qurtarmamışdı ki, həmin iki şəxs gəldi. Camaat onların ətrafına yığışıb deyirdilər: "Bu gün Əli üçün elə bir çətinlik yaranıb ki, onu həll edə bilməyəcək!"

İmam (ə) ibadəti qurtardıqdan sonra o iki nəfərə üz tutub dedi: – Nə deyirsiniz?

Onların hər biri and içib dedi ki, "mən ağayam, o isə qulamdır". Əli (ə) buyurdu: – Ayağa qalxın! Bilirəm ki, düz demirsiniz. Başınızı o deşiyə salın. (Sonra Qənbərə buyurdu:) Tez ol, Rəsulullahın qılıncını gətir, qulamın boynunu vurum!

Qulam bu sözü eşidən kimi bədəni titrəməyə başladı və ixtiyarsız olaraq başını içəri çəkdi. Amma o birisi başını həmin yerdə saxladı. Əli (ə) qulama buyurdu: – Məgər qulam olmadığını iddia etmirdinmi?

Dedi: – Bəli. Lakin bu kişi mənə zülm etdi, mən də belə bir günaha mürtəkib oldum.

Sonra Həzrət onun ağasından iltizam aldı ki, bir daha ona əzab-əziyyət verməsin, qulamı da ona təhvil verdi.

***

Bu hadisənin oxşarını Şeyx Kuleyni, Səduq və Tusi İmam Sadiq (ə)-dan nəql etmişlər ki, burada qeyd olunması yerinə düşərdi.



Ravi deyir: Mən Məscidul-həramda idim. Bir nəfər Abbasi xəlifəsi Mənsur Dəvaniqidən kömək istədi. Xəlifə təvaf edərkən o kişi dedi: – Ey xəlifə! Bu iki kişi qardaşımı gecə ikən evdən çağırmış və o, bir daha evə qayıtmamışdır. Allaha and olsun, onun başına nə iş gətirdiklərini bilmirəm.

Mənsur onlara dedi: – Sabah əsr namazı vaxtı burada olun, sizin aranızda hökm edim.

Münaqişə tərəfləri təyin olunmuş vaxtda hazır oldular və məsələnin həll edilməsini istədilər. Təsadüfən İmam Sadiq (ə) da orada idi. Mənsur o Həzrətə üz tutub dedi: – Ey Cəfər! Bunların arasında qəzavət et!

İmam (ə): – Özün onların arasında qəzavət et!

Mənsur israr etdi və o Həzrəti Allaha and verdi ki, onların hökmünü müəyyən etsin. İmam (ə) qəbul etdi. Sonra qamışdan toxunmuş bir palaz saldılar. İmam (ə) onun üstündə oturdu. Münaqişəli tərəflər də onun qarşısında oturdular. Sonra İmam (ə) iddiaçıya buyurdu: – Şikayətin nədir?

Kişi dedi: – Ey Rəsulullahın oğlu! Bu iki şəxs gecə vaxtı qardaşımı evdən çağırıb aparmışlar. And olsun Allaha ki, onu bir daha evə qaytarmamışlar. Bilmirəm ona nələr etmişlər.

İmam (ə) o iki nəfərə üz tutub dedi: – Siz nə deyirsiniz?

Dedilər: – Biz bu şəxsin qardaşı ilə söhbət etmək üçün onu evindən çağırdıq, söhbətimiz qurtarandan sonra o öz evinə qayıtdı.

İmam (ə) orada dayanan kişiyə buyurdu: – Yaz: Bismillahir-Rəhmanir-Rəhim. Rəsuli Əkrəm (s.ə.v.v) buyurmuşdur: "Hər kəs birini gecə ikən evindən aparsa, mənzilinə qaytardığına dair şahid gətirməyincə ona zamindir." Ey qulam! Onların birini o tərəfə aparıb boynunu vur!

Kişi fəryad edib dedi: – Ey Rəsulullahın oğlu! Allaha and olsun, mən onu öldürməmişəm! Mən onu tutdum, bu kişi onu qətlə yetirdi.

İmam (ə) buyurdu: – Allah Peyğəmbərinin oğluyam və göstəriş verirəm! Bunu burax, o birisinin boynunu vur.

Qətlə məhkum olunan o biri kişi dedi: – Yəbnə Rəsulillah! Allaha and olsun mən ona işkəncə verməmişəm. Təkcə bir qılınc zərbəsi ilə boynunu vurmuşam.

Bu zaman qatil məlum oldu və İmam Sadiq (ə) öldürülənin qardaşına göstəriş verdi ki, qatili öldürsün. Sonra buyurdu: – Digərini isə şallaqla tənbih edin. (Daha sonra onu əbədi həbsə məhkum edib buyurdu:) Hər il ona 50 şallaq zərbəsi vurun.

Ömərin xilafəti dövründə iki qadın bir uşaq üstündə dava edir və hər biri onun öz övladı olduğunun iddiasında idi. Bu münaqişəni Ömərə dedilər. Ömər bu çətin məsələni həll edə bilmədiyindən Əli (ə)-a üz tutdu. Əli (ə) əvvəlcə o iki qadını çağırıb onlara öyüd-nəsihət verdi. Lakin heç bir faydası olmadı.

Əli (ə) bunu gördükdə bir mişar gətirilməsini əmr etdi. Bu zaman qadınlar dedilər: – Ya Əmirəl-möminin! Mişarla nə etmək istəyirsən?

İmam (ə) buyurdu: – Uşağı iki yerə bölmək istəyirəm ki, hər birinizə yarısı düşsün!

Bu sözü eşitdikdə iki qadından biri heç bir şey olmamışdır kimi sakitcə dayandı. Lakin digəri fəryad edib dedi: – Allah! Allah! (Yəni Allaha pənah aparıram! ) Ya Əbəl Həsən! Əgər uşağı iki yerə bölmək əmrini verirsənsə, onda mən öz haqqımdan keçdim. Mən əziz balamın öldürülməsinə heç vaxt razı olmaram!

Bu zaman Əli (ə) buyurdu: – Allahu Əkbər! Bu uşaq səninkidir. Əgər onun uşağı olsaydı, o da balasına rəhm edib bu işə razı olmazdı.

Bu zaman həmin qadın da günahını boynuna aldı və öz sözlərini təkzib etdi. O həzrətin mühakiməsi ilə Ömərin qəm-qüssəsi aradan qalxdı və o həzrət üçün xeyir-dua etdi.

***


İbni Covzinin "Əzkiya" kitabında belə qeyd olunur:

Bir nəfər kəniz aldı. Müamilə qurtardıqdan sonra müştəri onun kütbeyin olduğunu iddia edərək müamiləni pozmaq istədi. Lakin satıcı inkar etdi. Bu münaqişəni Əyasa dedilər. Əyas kənizi yoxlayaraq ondan soruşdu: – Sənin iki ayağından hansı daha uzundur?

Dedi: – Bu ayağım.

Əyas: – Anadan olduğun gecəni xatırlayırsanmı?

Dedi: – Bəli!

Bu zaman Əyas müştəriyə dedi: – Onu qaytar, onu qaytar!

Qeyd olunmuşdur ki, bir nəfər bir qədər malı başqasının yanına əmanət qoyur. Bir müddətdən sonra o öz malını almaq istədikdə əmanəti saxlayan şəxs onun tələbini inkar edir. Bu münaqişəni Əyasa deyirlər. İddiaçı Əyasa deyir: – Mən bir qədər malı bu şəxsin yanında əmanət qoymuşdum.

Əyas soruşur: – O zaman yanında kim var idi?

Deyir: – Malı filan yerdə ona təhvil verdim. Həmin vaxt orada heç kəs yox idi.

Əyas deyir: – Orada nə var idi?

Deyir: – Bir ağac var idi.

Əyas deyir: – İndi o ağacın yanına get və ona bir qədər bax ki, bəlkə hadisənin necə baş verməsi məlum oldu. Ola bilsin malını o ağacın altında gizlədib sonra unutmusan. Bu zaman ağacı görməklə yadına düşər.

Kişi getdikdən sonra Əyas inkar edənə dedi: – O qayıdınca bir az otur.

Əyas özünün qəzavət işlərinə məşğul idi. Bir müddətdən sonra üzünü o kişiyə tutub dedi: – Səncə o kişi indi həmin ağaca çatarmı?

Kişi dedi: – Xeyr.

Bu zaman Əyas ona dedi: – Ey Allahın düşməni! Sən xəyanətkarsan!

O kişi günahını etiraf edib dedi: – Məni bağışla! Allah səni bağışlasın.

Əyas göstəriş verdi ki, o kişi gəlincə onu tutub saxlasınlar. Sonra ona dedi: – Düşmənin öz günahını etiraf etdi. Malını ondan al!

Ömərin xilafəti dövründə iki kişi bir qədər əmanəti bir qadının yanında qoymuş və ona tapşırmışdılar ki, yalnız hər ikisi birlikdə gəldikdə əmanəti təhvil versin. Bir müddətdən sonra onlardan biri qadının yanına gəlib dostunun öldüyünü iddia etdi və əmanəti istədi. Qadın əvvəlcə əmanəti qaytarmaqdan imtina etdi. Lakin o kişi çox ciddi şəkildə tələb etdiyinə görə əmanəti ona qaytardı. Bir müddətdən sonra ikinci şəxs də gəlib əmanəti istədi. Qadın baş verən hadisəni ona dedi. Bu zaman onların arasında mübahisə başladı. Məsələni Ömərə dedilər. Ömər qadına dedi: – Sən əmanətə zaminsən.

Təsadüfən Əli (ə) da orada idi, qadın Ömərə dedi ki, Əli (ə) onların arasında qəzavət etsin. Ömər dedi: – Ya Əli! Onların arasında qəzavət et.

Əli (ə) o kişiyə buyurdu: – Məgər sən də, dostun da bu qadına "əmanəti heç birinizə təklikdə verməsin" deməmişdinizmi?! İndi o əmanət mənim yanımdadır. Get dostunu da gətir, onu təhvil al.

Bu zaman Əli (ə) həmin qadını əmanətə zamin hesab etmədi və bununla da onların fırıldaqları aşkar oldu. Çünki o Həzrət bilirdi ki, onlar bir-biri ilə sözləşmişlər və istəyirlər ki, hər biri ayrılıqda əmanəti o qadından istəsinlər, qadın da hər ikisinə dəyən xəsarəti versin.

Fitnə əhli olan bir qadın ənsardan olan təqvalı bir cavana vurulmuşdu. Ancaq nə qədər çalışırdısa onu özünə cəlb edə bilmirdi. Buna görə də ondan intiqam almaq fikrinə düşdü. Toyuq yumurtasını sındırıb onun ağını paltarının iki budlarının arasındakı yerinə sürtdü və o cavanı müttəhim etdi. Onu Ömərin yanına aparıb dedi:–Ey xəlifə! Bu oğlan məni rüsvay etmişdir!

Ömər ənsardan olan cavanı cəzalandırmaq qərarına gəlir, amma o "mən heç vaxt zinaya mürtəkib olmamışam"-deyə and içir, Ömərdən onun işində daha artıq diqqətli olmasını istəyirdi. Təsadüfən Əli (ə) da orada idi. Ömər ona dedi: – Ya Əli! Bu barədə sizin nəzəriniz nədir?

Əli (ə) qadının paltarındakı ağlığa diqqətlə baxıb məsələnin nə yerdə olduğunu başa düşdü və buyurdu: – "O paltarın üstünə qaynar su tökün." Suyu tökdükdən sonra o ağlar (bişib) bərkidi. İmam (ə) orada olanları başa salmaq üçün bərkimiş yumurtadan bir qədər götürüb ağzına qoydu. Daddıqdan sonra çölə atdı. Sonra qadını məzəmmət etdi. Nəhayət qadın öz günahını etiraf etdi və bu yolla da onun hiyləgər məqsədi aşkar oldu. Bununla da ənsardan olan o kişi Ömərin cəzasından xilas oldu.

***


Başqa bir qadın da yumurtanın ağı ilə öz günüsünün yorğan-döşəyini bulaşdırdı və ərinə dedi: – "Başqa bir kişi onunla yaxınlıq etmişdir!"

Hadisəni Ömərə xəbər verdikdə dərhal onu cəzalandırmaq istədi. Əli (ə) "Qaynar su gətirin!" - deyə əmr etdi. Su gətirdilər. Əli (ə) suyun bir miqdarının o ağ yerin üstünə tökülməsini əmr etdi. Suyu tökdülər. Yumurtanın ağı dərhal (bişib) bərkidi. Həzrəti Əli (ə) paltarı qadının yanına atdı və buyurdu: – Bu, siz qadınların hiylələridir. Sizin məkriniz çoxdur! (Sonra onun ərinə buyurdu:) Arvadını saxla. Çünki bu iş sənin o biri arvadının vurduğu töhmətdir. Sonra buyurdu ki, töhmət vuran qadına "iftira həddi" vursunlar.

O Həzrət yalançı şahidlərin arasına təfriqə salmaq və iqrar almaqdan ibarət olan dəqiq və misli görünməmiş tədbirləri ilə müqəssirlərin məkrli hiylələrini aşkar etmişdir. Müasir dünyanın, xüsusilə, Avropanın məhkəmə sistemləri hal-hazırda bu misilsiz üslublardan istifadə edirlər.

Günahsız və iffətli bir qızı Ömərin yanına gətirib onun zina etməsinə dair şahidlik etdilər. İndi hadisəni ətraflı şəkildə nəql edirik:

O qız uşaqlıq çağlarında ata-anasını itirmişdi. Bir kişi onu himayəsinə götürüb saxlayırdı. Kişi daim səfərə gedirdi. Nəhayət qız böyüyüb ərlik ərsəsinə çatdı. Kişinin arvadı ərinin o qızı öz əqdinə keçirəcəyindən qorxurdu. Buna görə də belə bir hiylə qurdu. Qonşu qadınlardan bir neçəsini öz evinə çağırdı. Onlar qızı tutdular, qadın da öz barmağı ilə qızın bəkarət pərdəsini yırtdı.

Kişi səfərdən qayıtdıqda arvadı ona dedi: – "Bu qızcığaz fahişəliklə məşğul olur!" Bu hadisədə iştirak edən qonşu qadınlar da şəhadət vermək üçün gəldilər. Kişi hadisəni Ömərə dedi. Ömər hökm vermədən dedi: – Qalxın, Əlinin yanına gedin.

Onlar hamılıqla ayağa qalxıb Əli (ə)-ın hüzuruna getdilər və hadisəni ona dedilər. Əli (ə) o qadına buyurdu: – İddiana şahidin varmı?

Dedi: – Bəli, qonşu qadınlardan bəziləri şahiddir.

Qadın onları çağırdı. Həzrət Əli (ə) qılıncını qınından çıxardıb qarşısına qoyaraq buyurdu ki, qadınların hər birini bir hücrəyə daxil etsinlər. Sonra o kişinin arvadını çağırıb kamil istintaq apardı. Lakin o, əvvəlki kimi öz iddiasından əl çəkmək istəmirdi. Onu əvvəlki otağına apardı. Sonra şahidlərdən birini çağırdı, özü isə diz üstə oturub ona buyurdu: – Məni tanıyırsanmı? Mən Əliyyibni Əbi Talibəm. Gördüyün bu qılınc da mənim qılıncımdır. O kişinin arvadı haqqa qayıtdı. Ona aman verdim. Əgər düzünü deməsən boynunu vuracağam!

Qadın qorxudan titrəməyə başlayıb Ömərə dedi: – Ey xəlifə! Mənə aman ver, həqiqəti deyim.

Əli (ə) ona buyurdu: – De görüm!

Qadın dedi: – Allaha and olsun, hadisə belə oldu: O kişinin arvadı qızın gözəlliyini və camalını gördükdə ərinin onunla izdivac etməsindən qorxdu. Buna görə də bizi öz evinə çağırdı və qıza bir qədər şərab içirtdi. Biz onu tutduq, o da barmağı ilə qızın bəkarət pərdəsini yırtdı.

Bu zaman Əli (ə) buyurdu: – Allahu Əkbər! Mən Danyal peyğəmbərdən sonra şahidlərin arasına təfriqə salaraq həqiqəti kəşf edən ilk şəxsəm!

Sonra o qıza nahaq yerə zina töhməti vuran qadınların hamısına iftira həddini tətbiq etdi. O qadını isə qızın bəkarət diyəsini (400 dirhəm) verməyə vadar etdi. Daha sonra göstəriş verdi ki, kişi özünün cinayətkar arvadına təlaq versin və həmin qızı alsın. O qızın mehriyyəsini də Əli (ə) öz malından verdi.

Bu hadisə sona çatdıqdan sonra Ömər dedi: – Ya Əbəl-Həsən! Həzrət Danyalın hadisəsini bizə bəyan et.

Əli (ə) buyrdu: – Danyal yetim bir uşaq idi. Bəni-İsraildən olan qoca bir qarı onun məişət xərclərini və ehtiyaclarını təmin etməyi öz öhdəsinə almışdı. Dövrün padşahının iki xüsusi qazısı var idi ki, onların da padşahın yanına gedib-gələn bir dostları var idi. Onların dostunun arvadı çox gözəl idi. Bir gün padşah bir işi görmək üçün düzgün və əmanətdar bir şəxs axtarır, bu məsələ haqqında o iki qazı ilə məşvərət edir və deyir: – Bu işi yerinə yetirməyə layiqli olan bir adam tapın.

Hər iki qazı həmin dostlarını padşaha təqdim edir və onun hüzuruna gətirirlər. Padşah da həmin işi görməyi ona həvalə edir. O şəxs səfərə hazırlaşır. Lakin öz həyat yoldaşını daim o iki qazıya tövsiyə edirdi ki, onun məişət ehtiyaclarını təmin etsinlər. Kişi səfərə getdikdən sonra hər iki qazi onun evinə gedib-gəlməyə başlayırlar. O qadınla çox ünsiyyətdə olduqlarına görə ona aşiq olur və öz istəklərini bəyan edirlər. Lakin qadın ciddi şəkildə imtina edir. Nəhayət ona deyirlər: – Əgər dediyimizə razı olmasan, səni padşahın yanında rüsvay edəcəyik! Qoy səni daş-qalaq etsin.

Qadın deyir: – Nə istəyirsinizsə, onu da edin.

O iki qazı padşahın yanına gəlib onun zina etdiyinə şahidlik edirlər. Padşah bu xəbəri eşitdikdə çox kədərlənir və o qadının işindən heyrətlənərək qazılara deyir: – Sizin şahidliyiniz qəbul olunur, amma bu işdə tələsməyin. Üç gündən sonra onu daş-qalaq edərsiniz!

Bu üç gündə padşahın əmri ilə carçı şəhərdə car çəkib deyir: "Camaat! O abidin zina edən arvadını daş-qalaq etmək üçün hazır olun! İki qazı onun bu işinə şahidlik etmişdir!"

Camaat bu xəbəri eşitdikdə söz-söhbətlər başlanır. Padşah öz vəzirinə deyir: – Bu işə bir çarə edə bilərsənmi?

Deyir: – Xeyr.

Üçüncü gün vəzir istirahət etmək üçün evindən çıxır, təsadüfən yolda oynayan çılpaq uşaqlarla rastlaşır. Onlara baxmağa başlayır. Vəzir onların arasında kiçik yaşlı Danyalı tanımırdı. Danyal zahirdə oynayırdı. Həqiqətdə isə özünü vəzirə göstərmək üçün uşaqları öz ətrafına toplamışdı. Onlara deyirdi: – "Mən padşah, sizin biriniz abidin arvadı və o iki uşaq da iki şahid olan iki qazi olsun." Sonra bir qədər torpaq komalayır, bir qadından qılıncı alır və sair uşaqlara deyir: – Bu iki şahidin hər birinin əlindən tutun və filan yerə aparın.

Sonra o ikisindən birini çağırıb deyir: – Düzünü deməsən səni öldürəcəyik! (Vəzir bu səhnəni dəqiq şəkildə müşahidə edir və hər bir sözü eşidirdi.) O şahid deyir: – Şəhadət verirəm ki, o qadın zina etmişdir.

Danyal deyir: – Nə vaxt?

Deyir: – Filan gündə.

Danyal deyir: – Bunu o tərəfə aparın, o birisini gətirin.

Uşaqlar da onu əvvəlki yerinə aparıb digərini gətirirlər. Danyal ona deyir: – Sənin şəhadətin nədir?

Deyir: – Şəhadət verirəm ki, o qadın zina etmişdir.

–Nə vaxt?

–Filan gündə.

–Kim ilə?

–Filan kəsin oğlu filan kəslə.

–Harada?


–Filan yerdə.

O, əvvəlki şahidin dediyinin əksini deyir. Bu zaman Danyal buyurur: – Allahu Əkbər! Yalan yerə şahidlik etdilər!

Sonra uşaqlardan birinə göstəriş verir ki, camaatın arasında car çəkib belə desin: – "O iki qazı pak və iffətli bir qadına töhmət vurmuşlar, indi onları edam etməyə hazır olun!"

Vəzir bu hadisəni müşahidə etdikdən sonra dərhal padşahın yanına gəlib gördüklərini ona deyir. Padşah o iki qazını öz hüzuruna çağırır, eşitdiyi qayda üzrə onlardan xəbər alır. Onların şahidliklərinin bir-birinin əksinə olduğunu görür. Fərman verir ki, camaatın arasında car çəkib desinlər ki, o qadına bəraət qazan-dırılır. O, pakdır. Qazılar isə ona töhmət vurmuşlar. Sonra göstəriş verir ki, onları edam etsinlər.

Bu hadisənin oxşarını Mərhum Kuleyni "Kafi" kitabında belə nəql edir:

Əli (ə)-ın xilafəti dövründə iki nəfər bir-biri ilə qardaşlıq siğəsi oxumuşdular. Onlardan biri digərindən əvvəl vəfat etdi və vəfatından qabaq öz dostuna vəsiyyət etdi ki, onun yeganə qızını saxlayıb böyütsün. O, dostunun qızını öz evinə aparıb onu tam nəzarət altında saxladı və öz övladlarından biri kimi ona nəvaziş göstərdi. Təsadüfən o kişi səfərə getməli oldu. Qızı öz arvadına tapşırdı. Kişinin səfəri çox uzun çəkdi və bu müddət ərzində qız böyüdü. O çox gözəl idi, kişi də məktublarında həmişə qız barəsində tövsiyələr edirdi. Kişinin arvadı o qızın gözəlliyini və camalını gördükdə ərinin səfərdən qayıtdıqdan sonra onunla izdivac edəcəyindən qorxub hiylə işlətdi. Bir neçə qadını öz evinə çağırdı. Qadınlar qızı tutdular, arvad isə barmağı ilə onun bəkarət pərdəsini aradan apardı.

  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə