Natəvan Dəmirçioğlunun yaradıcılığında Türkün mifoloji düşüncə tərzi




Yüklə 70.89 Kb.
tarix22.04.2016
ölçüsü70.89 Kb.
Natəvan Dəmirçioğlunun yaradıcılığında Türkün mifoloji düşüncə tərzi
Türkün mifoloji düşüncə tərzi, türkün etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki ilkin türk dini – Tanrıçılıq görüşləri, aydın dil və yaddaşda qalan obrazlar: 90-cı illər ədəbi nəslinə mənsub olan Natəvan Dəmirçioğlunun yazılarında bunları gördüm. Bir qədər böyük görünsə də ən yaxşısı odur ki, bu deyimlərin maddi sübutu (əsası) Natəvanın əsərlərində var. Əvvəllər bir neçə povestini («üç nöqtə», «Səbət») oxusam da fikirlərimi yalnız bir əsərin – «Yetim» povestinin üzərində əsaslandıracam. Mənə elə gəlir bu yetərli olacaq.

Öncə sonuncudan başlayaq:

Yaddaşlarda qalan obrazlar.

Bildiyiniz kimi neçə min illik ədəbiyyatımızda çox sayda bütöv, tam və bənzərsiz obrazlar yaradılmışdır. Ümumiyyətlə ədəbiyyatın ən böyük missiyalarından biri (bəlkə də birincisi) obraz yaratmaqdır. Bu insanlığı özünə oxşamağa yönləndirəcək xarakter də ola bilər, hər kəsin ibrət götürəcəyi bir obraz da, bütün zəif və qüvvətli (mənfi və müsbət) cəhətləri özündə birləşdirən həyatı (real) bir insan surəti də. Ən əsası odur ki, bu obraz canlı olsun.

«Yetim» povestində Yetim obrazı. Natəvan obrazı təsvir yolu ilə, özü istədiyi kimi təqdim etmir. O, bütün surətlərə imkan verir ki, onlar sərbəst hərəkət etsinlər və öz yaşam tərzləri ilə özlərini ifadə etsinlər:

«…Bir az toxtayıb:


  • Sən kişi oğlusan, ay oğul! - dedi – Mən kişilik eləyə bilmədim. Nə onda, nə də indi. Amma vallah, Billah sənin atanı mən öldürməmişəm. Mən bunu eliyə bilməzdim…».

Epizodda iyirmi beş il günahsız həbsdə yatan qoca özünü təmizə çıxarmaqda, yetim isə onu ittiham etməkdədir. Epizodun sonu qoca üçün də, oxucu üçün də gözlənilməz olur.

«… Birdən soruşdu:

  • Ay Söyün əmi, deyirlər Sən yaxşı saz çalırsan. Sazın evdədimi?

Qoca qəfil:


  • Hayyy ??? – dedi…»

Hər kəs üçün gözlənilməz olan bu sonluğun müəllifin yox, obrazın qərarı olduğuna tam əminsən. Bəs yazıçının burada xidməti nədir? Belə bir xarakter yaratmaq və onu bu mənəvi yüksəkliyə qaldırmaq. Bu məsələnin görünən tərəfidir.

Görünməyən tərəf isə psixoloji bir məqamdır: İnsanın ruhi gərginliyinin, kədərinin, müsibətinin son nöqtəsindən özünü mənəvi dincliyin vakumuna atması.

Natəvan ilk yazılarından («Dözüm», «Avey əfsanəsi») göstərir ki, insan psixologiyası ilə işləməyi bacarır.

Natəvanın obraz yaratmaqda daha bir (bəlkə də birinci) uğuru. «Yetim» əsərində – Qarı obrazı.



«…hardansa uşaq səsi eşidildi. Davakar, inadcıl, höcət uşaq səsi:

  • Yaxşı, ay bibi, yaxşı! – Kişi tələsik dilləndi. Tez yorğanı xeyli aşağı çəkdi.

Allah. Allah! Bu nədi?!

Ağappaq yorğan-döşəyin içində qupquru qol boyda arvad! Çox şeyin qurusunu görmüşdü. İnsan qurusudu bu, durmuşdu qabağında.

Qarını büküb beş yaşlı uşağın qucağına vermək olardı…


.Qurumuş səs yenə eşidildi. Bunun adamdan gəldiyinə inanmaq olmurdu…. «səni görüm ölmüyəsən, quruyub-quruyub quşca ətinə dönəsən»… Adam belə quruyub quş ətinə dönərmiş. Ya da bir quşa yem olacaq şəklə düşərmiş. Ona elə gəldi ki, yorğanı üstündən götürsələr, bu arvad quş kimi uça bilər. Ağır yorğan basıb yataqda saxlayır Onu. Qarını padvalın alçaq tavanında uçan təsəvvür eləyib eyməndi…»

Qarı ədəbiyyatın tanıdığı qarı obrazlarından xeyli fərqlidi. Bu Natəvanın uğurlarından biridi. Həm də 90-cı illər ədəbiyyatımızın. Ədəbiyyatımızın bu zaman kəsiyi çox maraqlıdır və lazımınca araşdırılmayıb. Ədəbi cərəyanların sıxlaşdığı, ədəbi meyarların itdiyi bu dövrün öz maraqlı eksperimentləri və yenilikləri var. Natəvan bu nəsl nasirlərin seçilmişlərindən biridir.

Aydın dil – ədəbiyyatın nəfəsi. İnsanın nitqi onun digər canlılardan üstünlüyü olduğu kimi, ədəbiyyatın dili də onun digər elm və sənət növlərinin çoxundan üstünlüyüdür. Ədəbiyyatda dili aydın və təmiz, rəvan və axıcı, zəngin olan yazıçılar öndə gedir. Natəvan Dəmirçioğlu belələrinin sırasındadır. (Yeri gəlmişkən ədəbiyyatda yaş bölgüsü şərtidir, dövrlərə bölmək də həmçinin).

«Arx aşağı, arx yuxarı gedirdi. Arx aşağı getməkdən xoşu gəlmirdi. Su arxadan itələyir, tələsdiyindən barmaqları daşa ilişir, ağrıyırdı. Arx yuxarı getməyin xatirinə arx aşağı gedirdi. Təzədən ləzzətlə arxyuxarı «çapırdı». Dizindən yuxarı çıxan su, baldırlarına güc gəlir, qırçın-qırçın ləpələnirdi…. Bəs deyincə oynadı: Üzünü suya salıb açıq gözlərlə arxın dibinə baxdı, hardansa axıb gələn bir əlçim yunu çubuğa keçirib bayraq kimi havada yellədi, qızlara verməyə beş dənə yumru, sığallı «beşdaş daşı» tapdı, suyun kənarında dəvədabanı yarpağının üstünə qoydu, palçıqlıqda dalbadal gedən on adamın ayaq izini düzəltdi, otlardan yolub suda axıtdı – «kef elədi». Birdən yadına düşdü ki, nənəsi onu gözləyir…»

Uşaq dünyasını bu qədər real, dürüst, aydın dillə rəsm etmək peşəkar yazıçılıqdır.

Natəvanın nəsrdə dil uğuru bir də dialoqların lokanikliyində, təbiiliyində özünü göstərir:

- «Az, öldümü gədə?



- Yox

- Dururmu?

-….

- Bə qulağıma səs gəlir, nə səsdi o? Get bir bax, gör öldüimü, qaldımı?

-Eeeh… özün get.

- üzünə Daş yamansın. Nə olar gedəndə. Çaşdımmı görən mən. Niyə qulağıma səs gəlir?..».

İlkin türk dini – Tanrıçılıq-Təkallahlıq görüşləri. Biz əslində ona qayıtmalıyıq. Türk özünə qayıdanda böyük olur. Təsadüfi söz deyil. Natəvan Dəmirçioğlunun yaradıcılığında bunun güclü meylləri hiss olunur. «Bir olan Taprım! Adı yüz bir, özü bir olan Taprım! Özündən yetim qoyma məni

Etnoqrafik yaddaş. Milləti, xalqı saxlayan əsas amillərdən biri. Natəvan xanımın yaradıcılığında əsas keyfiyyətlərdəndir. Yalnız bir-iki ştırıx: «… burada necə hər şey doğmaydı. Uzaq-uzaq keçmişləri yada salırdı. Bir tərəfdə araba təkəri atılıb qalmışdı, qoyun-quzu bir-birinə qarışmasın deyə xalxal kəsilmişdi quzulara, ocağın üstündə mis qazanda su buxarlanırdı, ağsaqqal bir kişi aqac kötüyünün üstündə oturub təsbehini dizinə keçirmişdi, bir az aralıda xoruz toyuqları başına yığıb, eşələnirdi…».

Azərbaycan türk etnoqrafiyasında çox detalların fəlsəfi mahiyyəti var:



«Kəlağayı… Neçə yas görmüşdü bu baş örtüyü, yiyəsinin ağladığı qədər duzlu göz yaşı udmuşdu ucları. Rəngi qara, üstündə ağ xalları. Tayı da vardı. Ağ üstündə qara xalları. Bu nə qədər yas götürmüşdüsə, o da bir elə toy görmüşdü. Yiyəsi hər ikisindən. Nə ağ kəlağayı bilirdi üstündəki qara xallar nədi. Nə də qara kəlağayı bilirdi üstündəki ağ xallar nədi. Yiyəsi də, bildi-bilmədi, ağ örtüyü ağça-ağça günlərdə örtüb, yolun ağına düşüb, ağ günlü bir bəxtəvərin toy-düyününə gedəndə bilirdi ki, hər ağ günlünün ömründə qara günləri də var.

Qara günlərin qara örtüyünü başına atıb, yolun kələfini əlinə dolayanda bilirdi ki, bu getdiyi yolun qara dərdinin ağ nöqtələri var. Amma indi yol gedəndə heç nə bilmirdi qarı, çünki bu yol axırıncı yoldu. Bu yolu gedənlər heç bilmir. (Biz də yaşadıq, öldük, amma bu dünyadan heç nə bilmədik…)».

Türkün mifoloji düşüncə tərzi. Türk varlığının, mənəviyyatının ən zəngin və dolu qatı mifoloji düşüncə ilə bağlıdı. Bu da Natəvanın yaradıcılığını küll hallında əhatə edib. Əvvəlki əsərlərdə «Üç noqtə» və «Səbət»-də xüsusi olaraq diqqəti çəkən mistik anlayışlar, ölum-həyat, bu dünya – o dünya, yerüstü və yeraltı yaşam həqiqətləri, Yer və Göy əlaqələri çox orjinal şəkildə özünü göstərirdi. (Hətta ilk qələm təcrübələrindən olan «Avey əfsanəsi»ndə), hələlik Onun sonuncu əsəri olan «Yetim» də isə mifoloji düşüncəsi yeni, sferalarda «gəzişməyə başladı». Povestə İnsan və (Allah lənət eləmiş) Şeytan qarşılaşması, İnsanın mənəvi gücü, dolayısı ilə elə yazıçının öz gücü deməkdir. qarının həm bu dünyada, həm o dünyada yaşaması əslində iki dünya arasında insanlığın gözlə görüb, şüurla dərk etmədiyi güclü və birbaşa rabitənin olduğuna əsaslanır. («Bir ayağı burda, bir ayağı gorda» xalq deyimi də var).

Bir maraqlı cəhət də əsərdə diqqəti çəkir. İti mifoloji düşüncəyə əsaslanaraq obraz şəklində yaratmaq: «Evlə üzbəüz, daş hasarın dibində, talvarın altında, zəncirli bir köpək başını yana əyib, gözlərini qırpa-qırpa elə yazıq, elə faqır baxırdı ki, ….Qonağın gəlişinə quruyub yerində qalan qoca ilə qarı düşünürdü, onu bir Allah bilir. Bütün kəndin qorxudan tük saldığı it, qara gözlərinin dərinliyindən dərd yağa-yağa, qonağa baxıb fikirləşirdi, bunu isə (yalançılar sözü) heç Allah da bilmirdi».

Ortaq Türk dili probleminin həllinə çalışdığımız, Türk dövlətlərinin mənəvi birliyini yaratmaq istədiyimiz bir vaxtda belə yazarların qarşılıqlı oxunması, çap edilməsi gərəklidir.

«Yetim» əsəri ümumi rəqibimiz olan ermənilərin tarixi simasını, xarakter cizgilərini açıb göstərmək baxımından da, qiymətlidir. Bundan əlavə, personajların dili ilə və yazıçı təhkiyyəsində bir çox həyatı məsələlərə orjinal münasibət maraq doğurur. Tələbə oğlanların qızlar haqqında fikirləri, professorun xoşbəxtlik haqqında mülahizələri, yazıçının xeyir və şər qüvvələrə psixoloji baxışı-bunlar hamısı Natəvanın potensial gücünün yazıçılıq üçün yetərincə olduğunu göstərir. Dəmirçioğlunun povestləri ədəbiyyatımızın bu günü ilə bağlı bədbin və bədxah olanlara dəyərli cavabdır.


Nizami Cəfərov

AMEA-nın müxbir üzvü, f.e.doktoru,

professor, Milli Məclisin Mədəniyyət

komissiyasının sədri, Atatürk mərkəzinin

direktoru, BDU-nun kafedra müdiri “Birinci kitab”a ön söz, Bakı, 2006.

*****

“Nitqi və təfəkkürü çox çevik olan Natəvan Dəmirçioğlu”.

Natəvan Dəmirçioğlu jurnalistikamızda, ədəbiyyatımızda, eləcə də nəsrimizdə tanınan yazıçı xanımlardandı. O, BDU-nun jurnalistika fakültəsində oxuduğu illərdə bir sıra Beynəlxalq konfranslarda iştirak edib, yazıları dərc olunub. Hələ ona qədər hekayələri də rayon qəzetlərində çap olunub.Natəvan xanım yaradıcı düşüncəli, ədəbiyyatı, mədəniyyəti, ana dilinin gözəlliklərini bilən bir xanımdır. Universiteti bitirəndən sonra bütün həyatını, fəaliyyətini Teleradio ilə, xüsusən də rad io ilə bağladı. Artıq 30 ilə yaxındır ki, bu sahədə çalışır, şöbə müdiridir.

Natəvan Dəmirçioğlunun hekayələri, povestləri, elmi məqalələri vaxtaşarı olaraq həm Azərbaycanda, həm də Azərbaycandan kənarda-Türkiyədə, Rusiyada, İranda çap olunub və haqqında dəyərli rəylər söylənilibdir. Natəvan xanım müasir həyatı dərindən bilən, ictimai-siyasi prosesləri özünə məxsus məntiqlə dərk edən, hadisələrin təhlilini analtik bir şəkildə verməyi bacaran istedadlı ziyalıdır. Natəvan Dəmirçioğlu günün, dövrün ideoloji münaqişələrini nəinki yaxşı bilən, həm də o proseslərdə iştirak edən, çox güclü bir Azərbaycançılıq ruhunun daşıyıcısı olan yaradıcı xanımdır.

Natəvan Dəmirçioğlunun elə povestləri var ki, onlar roman gücündədir. Hekayələri haqda onu deyə bilərəm ki, onlar 90-cı illərdə ədəbiyyata gəlmiş nasirlərimizin əhvali-ruhiyyəsini əks etdirən əsərlərdəndir. Yəni elə əsərlərdir ki, bunlar 90-cı illərdə, 2000-ci illərdə, bizim günlərdə çox da unutmadığımız yaxın tarixdə insan taleləri, ictimai proseslər, mənəviyyat məsələləri, milli ruh- bax bu istiqamətləri kifayət qədər dərindən təhlil edən əsərlərdir və burada müəllifin öz obrazı görünür. Yəni tam aydınlığı ilə görünür ki, bəli, bu məhz Natəvan Dəmirçioğlunun əsərləridir. Bu əsərlərdə qarşılıqlı əlaqələr var, bir üslub özünəməxsusluğu var. Bu əsərlərlə tanış olanda dərhal bilirsən ki, bəli bu yaradıcıdır və özü də bizim günün, müasir dövrün yaradıcısıdır.

Natəvan Dəmirçioğlu jurnalistikanı yaxşı bilən və jurnalistika proseslərində iştirak edən bir qələm əhlidir, düşüncə adamıdır, publisisdir. Onun Güney Azərbaycanla bağlı verlişlərindəki yaradıcı bir şəxs kimi xidmətləri də həddən artıq çoxdur. Uzun illərdi o bu sahədə fəxr olunacaq bir şəkildə çalışır. Özünəməxsus, hətta belə deyərəm ki, bir məktəb, bir üslub yaradıb.

Natəvan Dəmirçioğlunun yaradıcı fəaliyyətində ən çox tanış olduğum və diqqətimi cəlb edən onun Güney Azərbaycanda mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq radiosunun rolu ilə bağlı tədqiqat əsəridir. O, küllü miqdarda faktaları - özünə birbaşa məlum olan, içərisində olduğu, dəfələrlə təhlil etdiyi, araşdırdığı,ümumiləşdirdiyi materialları bir elm səviyyəsində, elmi mülahizələr səviyyəsində,elmi qanaətlər səviyyəsində tədqiq edə bildi. Mən Natəvan xanımın mudafiəsində iştirak etmişəm və onun şahidi olmuşam ki, Natəvan Dəmirçioğlu yüksək səviyyədə fəlsəfə doktoru, dessertasiyası müdafiə etdi.

Natəvan Dəmirçioğlu nitqi və təfəkkürü çox çevik olan ziyalı xanımdır. Məntiqi kifayət qədər güclü olan bir yaradıcıdır, düşüncə adamıdır. Bu məntiq onun bədii əsərlərində də, elmi əsərlərində də var. Bu gün dünyada baş verən proseslərə çevik münasibət, aktiv təhlil etmək və nəticələr çıxartmaq qabiliyyəti, polemikaya girmək məharəti, yəni mən onun müdafiəsində də, gördüm ki, nə dərəcədə əsaslı, məntiqli bir şəkildə öz opponentləri ilə polemikaya girirdi, necə cavablar verirdi. Cavablar verə-verə o eyni zamanda, yeni ümumiləşdirmələr aparırdı. Bu mənada Natəvan Dəmirçioğlunun ən mühüm xüsusiyyətlərindən biri də budur ki, o ortaya çıxan, bu gün təzahür edən hadisələrə, mülahizələrə öz münasibətini, özü də kifayət qədər mükəmməl münasibətini bildirməyə qadir olan bir xanımdır.

Natəvan Dəmirçioğlu 50 yaşına çatdı. O, Azərbaycanlı xanıma, təbii ki, yaradıcı ziyalı xanıma xas olan daha böyük işlər görəcək. Elmi araşdırmalarını, bədii sənətkarlığını, publisistik yaradıcılığını daha da genişləndirəcək. Bu sahələrin hər birində Natəvan xanım yeni-yeni uğurlar qazanacaq.



AzTV “Qobustan” verlişi.
Natəvan xanımın müəllifi olduğu dissertasiya dil-üslub cəhətdən mükəmməldir, müəllifin elmi yaradıcılıq imkanlarının son dərəcə geniş olduğundan xəbər verir.
Elmi işinə rəydən


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə