Natəvan Dəmirçioğlu




Yüklə 15.66 Kb.
tarix14.04.2016
ölçüsü15.66 Kb.
Natəvan Dəmirçioğlu-yaddan çıxmayan imza

Elə imzalar var ki əbədi olaraq adamın yaddaşına hopur. Məsələn, Əlağa Bakir imzası. Nə zamansa bu müəllifin “Tirdə” adlı kiçik həcmli bir hekayəsini oxumuşam. İdeya-məzmun baxımından dəyərli və yığcam bir hekayə. Eləcə də Nurəddin Ədiloğlu, Usuboğlu, Şiringül Musayeva, Natəvan Dəmirçioğlu, Rövşən Yerfi və başqa imzalar var ki, oxucu yaddaşında qalmaq üçün onun xarakterik bir əsərini oxumaq kifayətdir.

Bu imzalardan biri haqqında danışmaq istəyirəm. Natəvan Dəmirçioğlu imzası “Azərbaycan” jurnalından oxuduğum “Yetim”povesti ilə qəlbimə köçüb. İki dəfə oxumuşam bu əsəri. Hər dəfə də təzə bir fikir tapmışam. Üstündən aylar keçsə də, “Yetim”dən aldığım təəssürat məni tərk eləmir. “Yetim” mənim üçün yazıçı istedadının hüdudsuzluğunun göstəricisi olub. Arzu eləmişəm ki, kaş belə bir əsər ortaya çıxaran müəllif qələmi yerə qoymaya, bizi çörəklə imtaha çəkən dövürdən bezməyə. Kaş ki, “Yetim”in müəllifi yeni-yeni əsərləri ilə oxucu qəlbinə işıq sala. Nə yaxşı ki, arzum çin oldu. Natəvan Dəmirçioğlunun “Birinci kitab” adlı povestlər və hekayələrdən ibarət kitabını redaksiyamızda görəndə sevindim. Yəqin ki, Natəvan xanımın oxuculara ərmağan etdiyi bu kitab hələ neçə-neçə oxucu qəlbini də sevindirəcəkdir. İstər-istəməz sual yaranır; kimdir Natəvan Dəmirçioğlu? Əlbəttə, yazıçını tanımaq üçün onun əsərlərini oxumaq lazımdır. Ancaq əsərlərə keçməmişdən bu əsərlərin sahibini də tanıtmaq mümkündür. Zənnimcə, elə bu yerdə yazarın çox sadə ömürlüyündən bir parça yerinə düşər: “1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşam, noyabrın 1-də. Həyatımda ilk itki on iki yaşımda olub.Anamın itkisini-ölümünü tez görsəm də, gec dərk etmişəm. Ata evindən gəlin köçəndə. İkinci dəfə dərdin soyuq üzünü bacım Vəfanı itirəndə gördüm. Gördüm və tez tanıdım onu. Gec ovuna bildim. Həyatımda yaxşı günlərim də az deyil. BDU-nun jurnalistika fakültəsinə qəbul olmuşam. Tələbəlik illərində Zaqafqaziya Universitetləri tələbələrinin elmi konfransında birinci yeri tutmuşam. Ürəyimə yaxın insanla ailə qurmuşam. Universiteti qurtardığım il Teleradio Verlişləri Komitəsində jurnalist kimi iş həyatıma başlamışam. İki dəfə övlad sevinci yaşamışam. Şöbə müdiriyəm. Çap olunan povestlərimə görə gənc, istedadlı yazarlarla bərabər 1999-cu ildə böyük dövlət xadimi Heydər Əliyevin fərmanı ilə Prezident Təqaüdü almışam. Yaradıcılıq uğurlarıma görə “Məhsəti Gəncəvi” adına diploma, “Qılınc və Qələm” mükafatına layiq görülmüşəm.

Ən böyük amacım-Atamı sevindirmək. Həyacanım-Elmi Dissertasiyamın müdafiə ərəfəsindəyəm. Sevincim-bir vaxt tələbəsi olduğum Universitetin müəllimi olmağım. İstəyim-Övladlarım özümdən qabaqda olsun. Arzularım, onlar çoxdu... Tanrım yardımçı olsun! ”

Elə mən də Natəvan xanımı jurnalist kimi tanıyırdım. Düzü jurnalistikadan keçib nəsrlə məşğul olmaq bir qədər çətindir. Birincisi, ona görə ki, jurnalistika adamın yaradıcılıq imkanlarını oğurlayır. İkincisi çətinlik odur ki, belə adamlar çox zaman həyatı görə bilmirlər, həyat onlar üçün kitablardan gəlir. İstər-istəməz yazdıqları nəsr əsərlərində publisistik notlar üstünlük təşkil edir. Yalnız təbii, anadan gəlmə istedadın gücü ilə bu çətinlikləri aradan qaldırmaq mümkündür. Natəvan xanımın xoşbəxtliyi ondadır ki, bu təbii istedad onun qanında və canındadır. Deyiblər ki, “hec kəs anasının qarnında öyrənməyib”. Bununla biz də razı. Müəllimliyi, həkimliyi, mühəndisliyi və digər peşələri heç kəs anadan doğulanda öyrənmir. Gərgin zəhmət və elmin hesabınadı bunlar. Ancaq insanın xarakteri ana bətnində formalaşır. Eləcə də yazıçılıq və şairlik ana bətnində öyrənilir. İnsan anadan doğulanda ya yazıçı, ya da şair kimi doğulur. O başqa məsələdir ki, sonra əlinə qələm götürüb yazacaq, yoxsa yox.

Məncə, Natəvan Dəmirçioğlu anadan yazıçı kimi doğulub. Hətta onun özü istərsə belə, başqa peşəyə meyl sala bilməz, başqa bir işin dalınca gedə bilməz. Bunu onun povestləri və hekayələri sübut edir. Bir-birindən gözəl və dəyərli olan bu əsərləri oxuduqca tamam ayrı bir aləmə düşürsən. Bu əsərlər səni özündən alıb-aparır və təkrarsız, bir-birinə bənzəməyən obrazlarla baş-başa qoyur. Nədir bu obrazlar? Səbət obrazı, Yetim obrazı, Üç noöqtə obrazı, Dözüm obrazı, Avey və Kəlağayı obrazı. Təəccüblü heç nə yoxdu. Natəvan xanım Səbətin, Yetimin, Dözümün, Avey dağının, Kəlağaynın, hətta Üç nöqtənin canlı, həyati obrazını yaradıb. Bu, onun povest və hekayələrini birləşdirən məqamlardan biridir. Eyni zamanda, aydın təhkiyyə, canlı danışıq forması, lakoniklik də bu əsərləri bir-birinə yaxınlaşdırır. Povestlərin üçü də eyni üsulla başlayıb eyni üsulla da qurtarır. Yazıçı hər üç povestdə əsas fikrini, onu düşündürən problemi başlanğıcda və sonda deyir. Dediyi və inandığı fikrin üstündə durur və bunun mahiyyətini misallarla-süjet xətti ilə, həyati obrazlarla açmağa müvəffəq olur. Ancaq bu yaxınlıqlar əsas vermir, deyək ki, N.Dəmirçioğlunun povest və hekayələri oxşardır. Çünki, bu əsərlərin hər biri müstəqil süjet xəttinə malikdir, müxtəlif problemlərə həsr olunub. Ən başlıcası, hər bir əsərin yalnız özünə xas olan gerçək məzmunu və estetik idealı var.

Bu da onunla bağlıdır ki, yazıçı sözə çox ehtiyyatla yanaşır, sözü canlı təsəvvür edir, sözü zorlamır. Onun sözə münasibəti belədir; “elə bil sözlə naxış salırsan, ev tikirsən. Sözün başının üstündə dur, qoy sənin istədiyini bir-bir desin. Sözlə işləməkdən yorulma, amma bağrını yarma onun. Bir də görürsən üzə durub getmir. Onda dəymə, qoy nəfəsini dərsin, özünə gəlsin. Sonra bir də yaxınlaş. Deynən, “atam-anam gəl bunu belə edək”.

Natəvan Dəmirçioğlunun “Birinci kitab”ında məni ən çox çəkən elə bu amillərdir. O, sözü boş yerə demir. Onun hər cümləsi doludur. Onun hər cümləsində məna yükü var. Əlbəttə, başa düşənə. Belə demək mümkünsə, onun hər cümləsi adamla söhbət edir. Bir cümləsinin üstündən adlayıb o birisinə keçmək olmur. Fikrimizi izah etmək üçün bir-iki misala müraciət edək: “...Biz böyüdükcə təmizliyimizi, heyrətimizi itiririk...”, “...Göylərin ağappaq sinəsindən süd süzülür...Dünya süddən kəsilmiş uşaq kimi südə baxmır...”, “...Dərd odur ki, bir millət Allahdan yetim qala...”, “İnsan həmişə itirdiklərinin arxasınca gəzir...” və s.

Məlumdur ki, mənaca bir-birinə bağlı cümlələr mətn yaradır. Ancaq Natəvan xanımın ayrıca bir cümləsi mətin yaratmaq qüdrətinə malikdir və onun bir çox cümlələrini belə xarakterizə etmək olar; cümlə-əsər. Bəli, onun tək bir cümləsi aforostik məzmun kəsb edərək gözümüzün qabağında əsərə çevrilir.

İndi çoxlu kitablar çıxır. Oxuyub qurtardıqdan sonra deyirəm ki, nə olsun? Ancaq “Birinci kitab”ı oxuduqdan sonra bu sualı özümə verə bilmədim. Və bu sualın yerinə “halal olsun” sözü dilimə gəldi. Sonda onu da demək istəyirəm ki, ədəbiyyatımızın taleyi necə olacaq?-Sualına Natəvan Dəmirçioğlunun povestləri ən tutarlı cavabdır.

Elçin Kamal

“ Kredo” qəzeti



09.12.2006.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə