5.
ŞAİRLİK İDDİASI:
ŞEİRİN DƏQİQLİK ƏLAMƏTLƏRİ
Bu intəhasız yolu seçənlərin ürəyindən bir duyğu keçir. Mən qəlbimi, ürəyimi oxucularıma etibar edirəm, bircə, hisslərimi qurban vermirəm. Ədəbiyyatın digər növlərindən fərqli, tamam başqa qütbdə dayanan elmi, publisist, etnoqrafik, tarixi və s. yaradıcı sahələr yox deyil və bunlar da müəllifdən istedad, düşüncə, gərginlik istəyir və əzabsız ötüşmür. Bircə, bədii, poetik hisslərsiz başa gəlir. Emosiyalar köçəri quşlara bənzəmir, oturacaqdılar. Halbuki, hər bahar, yeni fəsil gələndə qonaq-quşları həsrətlə gözləyirik. Poeziya da bir qəribə, köçəri, ötəri quşdu, hansısa ənginliklərdən uçub qonaq gəlir, yeni torpaqda gəzir, havanı udur və uçub əbədiyyətə yol alır. Bəlkə də bunun üçündür, poeziyaya "zərif ədəbiyyat" desək - yanılmarıq. Ədəbiyyatşünas Ç.Yuxan Borgen deyirdi ki, əksər insanlar əksər hallarda başa düşür ki, "zərif ədəbiyyat"ı işlədəndə nəyi anlayırıq. - Onun axırına çıxmağa ehtiyac yoxdur. Bu mənada şeir bədii gizlinlərini etibar eləyir - bu, oxucu üçün xoşbəxtlikdi. Poeziya olub-keçənləri onu görənlərdən daha iti və tez görür, hafizəsində qoruyur. İnsanlar da həmin "olub-keçənləri" haçansa müşahidə eləmişdi, ancaq əhəmiyyət verməmişdir - seyrçi olmuşdur. Budur, təsadüfən o, olub-keçənləri" şeirdə oxuyur, çiyinlərini çəkir: - Axı, o qədər də real deyil, elə isə mən nə üçün görməmişəm, durmamışam. Yox, diqqət yetirsəydim mən də bu cür yazardım. Tənqidi irad deyil, səmimi yanaşmadı şeirə. Belə əsərlər həqiqi nümunələrdir mahiyyətcə, poetikası isə üzdə görünmür, alt qatdadır, misraların içindədir. Aristotelə görə, incəsənət ona görə deyil ki, təkcə olan şeyi insanlara çatdırsın, həm də şeyin ola biləcəyini də söyləsin, hətta həqiqətən olan bir şeydən danışsa belə, yenə onu mümkün ola bilən şey və ya zəruri olan bir şey kimi göstərsin.38 Bax, çətinlik də, sadəlik də bu nüanslardadır; çünki aparıcı sima müəllifdir, onun şəxsiyyətidir.
Bu ağır proses birdən baş vermir, burada ədəbi şəxsiyyətin formalaşması kontekstində onun fərdi yaradıcılıq üslubu (dəsti-xətti) təkamül yolu ilə baş verir; ona görə ki, belə gedişə təsir göstərən amillər mövcuddur: mədəni, iqtisadi-sosial, bədii-estetik tələblər, ictimai-fərdi mühit və sairə. Lakin başda istedad durur.
Baharı mən də duyuram, onun qar yorğanını necə də titrək, isti nəfəsiylə əritdiyini görmüşəm, hətta bədənimdə oyatdığı hənirti-enerjidən diksinmişəm haradasa, lap bir sevgi payımı da xatırlamışam. Uzağı, lirik düşüncələrimin "qonağı" olub. Amma şair Musa Yaqub mənim, sənin, onun gördüyü baharı "baharlıqdan" çıxarıbdır:
Könlüm, gələn durnalara əl eylə,
Torpaq, göyərt bu çəməni gül eylə.
Bahar, məni bir əmici tel eylə,
Bir qönçədə bir ləçəyi saxlayım.
Qoy əkinim toxum-toxum ayılsın,
Günə baxıb yaşıl gözüm qıyılsın,
Lalə-lalə qönçələrim qoyulsun,
Tel-tel olub sünbülümü bağlayım.
...Min il əvvəl kim olmuşam, indi kim?
Bilməm sabah nə olacaq indikim?..
Bu baharla ya əkilim, ya əkim,
Bir tum olub son gücümü yoxlayım.
Mənim dərdim eşidilməz zümzümə,
Nə etdimsə, etdim özüm-özümə,
Bu laləni elə sıxım köksümə,
Qarasıyla qoy yaramı dağlayım.
Eylə mən süddüyandan süd içən,
Məni duman, məni bulud məni çən,
Quzeydə yaz gəlib çatsın mənəcən,
Kirpiyimdə qar ərisin ağlayım.
Bax, ona görə də şairləri barmaqla sayırıq...
Şair üçün poetik fakt zəruri materialdır, onun qələmindən çıxacaq əsərə əzələ, sümük verir, lakin can, qan və ruh gətirməkdə acizdir. Və bunları kompleks halda əsərinə səpələyir. Bu poetik toxumlar - informasiyalar dəmyə torpağa da, yağışın köməyilə cücərən torpağa da düşə bilər. Lev Tolstoy yazırdı ki, sifarişlə yox, səmimiyyətlə yazılmış ədəbi əsər yalnız o zaman yaradıla bilər - onun əsası üçün seçilmiş faktın (fərqləndirmə bizimdir) özü həll edilməmiş bir məsələdir və müəllif onun həlli üzərində düşünür. Şairin, şübhəsiz, müşahidəsi faktı içərisindən keçirməsi, xatirələrə qayıtması və üslubi çalarlara söykənməsi əsas poetik motivlərdir. Tarixən belə olmuşdur. F.Stendal faktı, hadisəni (əhvalatı) xatırlayanda çətinlik çəkmədən, çox rahat yazırmış. Emil Zolya isə bunlarla əsla maraqlanmırmış və etiraf edirmiş ki, mən faktları təsvir etmirəm, bu cür təxəyyül növü məndə yoxdur. A.Çexov naturanı - əsili təsvirə yaxın buraxmırmış, xatirəni, təəssüratı, yaddaşı nəzərə alırmış.
Ədəbi şəxsiyyətin sosial-ədəbi mühitdə mövqeyi, təması barədə danışan Lessinq yazırdı ki, fərdi yaradıcılıq axtarışı, düşüncə tərzi yalnız sənətkarın özünü zənginləşdirmir, eyni zamanda bədii dəyəri artırır, oxucuya təsirini yüksəldir. Professor Abbas Hacıyev bir analitik məqaləsində bu məsələyə toxunarkən, ingilis yazıçısı və tənqidçisi D.Lindseyin formulunu xatırladır: XX əsr incəsənətinin inkişaf istiqamətini fikir və düşüncə axını şərtləndirmişdi. D.Lindsey bunu dövrün ədəbi şəxsiyyətlərinin dünyagörüşünün zənginliyi, varlığı duymaların dərinliyi, böyük amal uğrunda mübarizə aparmaları və sairlə əlaqələndirmişdi. Bədii əsərdə bu baxımdan ədəbi şəxsiyyətin özü dayanır.
Bədii faktsız poeziya yoxdur və bu, mücərrəd, fiziki ölçülü ola bilər. Elə isə "fakt" nədir? Fakt - öyrənilən predmetə aid olan empirik bilik, kateqoriya isə ümumiliyə malik olub, gerçəkliyin müəyyən sahəsinə daxil olan bütün predmetlərə aid nəzəri bilikdir. Bu, "faktın" fəlsəfi-məntiqi yozumudur. Bədii idrakda fakt əvvəlcə intellektuallıq, intuisiya "kənara çəkilir" və fakt bədii təxəyyülün predmetinə çevrilir. Faktın poeziyada böyük-kiçiyi yoxdur, əsası, şairin ondan həyatın insanlara bağışladığı, yaxud zorən qəbul etdirdiyi "yaxşı" və "pisi" poetik səviyyədə hansısa bir ideya ətrafına "fırlatmasıdır". Musa Yaqub poeziyasında bədii fakt fiziki ölçülü, təbiətdə mövcud olan, məsələn, "daş"dan doğur. «Daş» poeziyamızda şeirlərə çox "qonaq" gəlmişdir və hətta fəlsəfi mənaya da salınmışdır, müxtəlif assosiasiyalar doğurmuşdur. M.Yaqub ilk dəfə "daş"ı insan taleyi rəmzində təsvirə gətirmişdir. "Bu dünyanın qara daşı göyərməz", "Gördüyüm yol ayrıcında", "Bu daşın altından nələr çıxacaq", "Əhəng daşı" və sair şeirləri xatırlamaq kifayətdir. O, mənimlə söhbətində bu fikri dedi. Mən də israrlıyam ki, daş adətən, qərib əşya kimi harayasa atılır və qərinələrlə, əsrlərlə, eralarla daşlaşır. Zəlzələ, tufan qopanda o daş yerindən qopur, kor-koranə harayasa gedir. Daş bənna əlində insan evinə, sığınacaq yerinə, kəşanələrə material olur. Bu "üçlük" - triada bir-biriylə əskiklik yaradır, əslində bu, daşların qəribə taleyidir. Daş fərdin əlində, məişət çərçivəsində "canlana" bilir, gərəkli əşyaya çevrilir. Lakin bəşərilik kəsb edəndə insan taleyini özündə ehtiva edir və hətta insanın özü daşlaşır - heykəlləşir. O daş qəhrəmanın simasında əyaniləşir; baxır, görür, igidliyi simvollaşdırır, nəhayət, insanın əbədilik keşiyini çəkir - ölümündə başdaşın olur. Əlbəttə, zamanların çovğunu - qarı, istisi-soyuğu o daşı əridir və məzarda uyuyanın torpağına qarışır. "Bu dünyanın qara daşı göyərməz" və "Gördüm yol ayrıcında..." şeirlərində fəlsəfi fikir poetik fakta çevrilmiş daşdan irəli gəlir. Qara daş - dünyanın qarma-qarışığını rəmziləşdirir; bu dünyanın özü bir taledir, təəssüf ki, Allahın verdiyi İdrak və Bilik sahibləri bəzi idarəçi insanlar gərdişin koordinatorlarını - harmoniyasını hələ də pozmaqdadılar; anlamaq istəmirlər ki, ali, yüksək niyyətli, pak və ilahi istiqamətli olmalıdır bu dünyanın taleyi, halbuki, idrakın və biliyin doğurduğu mənfi emosiyalar, pis nəticələr insanlığa, insan rifahına, onunla Allah arasındakı bağlılığa xələl gətirir. Yuvalar, ocaqlar, evlər kimsəsizləşirsə - boş qalırsa, deməli, əsil İdrak və Bilik Allahın razı qaldığı idrak deyil, dağıdıcı ehtirasdır:
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub bir humanist, bilikli şair olaraq həyata, insan taleyinə bəşərilik nöqtəsindən baxır, öz poetik fikrini, düşüncələrini çatdırır və tale oyunlarına rəvac verənləri əxlaqa - fəzilətə çağırır. Cəmiyyətin spesifik, özəl xüsusiyyətləri inkaredilməzdir; etiqadın, fikrin və baxışın - bu "triada"nın yayılması, tətbiqi üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu problem son dərəcə gərəklidir, ona əməl edilməlidir və belə məqamlarda şair katarzisə əl atır.
Nə bu ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz -
artıq şair şərtilikdən uzaqlaşır və sevgilisini (əgər belə demək caizsə), yaxud onu başa düşəni əzizləyir, gülyanaqlının xarakterinin cizgilərini çəkir.
O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz. -
amma bir balaca şair pessimizmə qayıdır və poeziyanın qloballığından uzaqlaşır, bu, ola bilsin onun itirdiyi sevginin pozulmaz təsiridir.
Ot göyərib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.
Şeir insan taleyini hissi idraka - bədii fakta çəkdi və əqli-idrakı nəticəni elə dünyanın haqsızlığından biri olan bir milləti iki yerə bölən Araza gətirib çıxardı. Bir həqiqətdir ki, bu ağrı hər bir azəri-türkünün bağrında ağır daşdır. Bu qara daşın göyərmək şansı absurddurmu?!
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.
Qayıdıram dünyanı orbitindən çıxaran mənfi, qeyri-insani hissə, belələri Allahı, Peyğəmbəri tanımır. Yəqin Musa Yaquba da xoş gələr ki, mərhum şairimiz Hüseyn Kürdoğludan bir nümunə gətirəcəyəm. Bu paralellik bir-biriylə səsləşir.
Neçin məhvərindən çıxır bu dünya,
Əyridir bəlkə də, ərzin təməli.
Ya imam Əli!
Mənimdir sinəsi yaralı millət,
Yoxdur ünsiyyət, yoxdur ədalət.
Düşünən varmı ki, nədir bu vəhdət,
Dərdindən dəliyəm, dəliyəm, dəli,
Ya imam Əli.
İblisin torundan çıxa bilmirik,
Fəndgiri güləşib yıxa bilmirik.
Göz açıb dünyaya baxa bilmirik,
Bizi nişan alır namərdin əli,
Ya imam Əli...
Qara daş zahirən gözəldir, təbii ki, sənətkarın və adi insanların zövqü baxımından. Lakin folklorumuzda və bu gün də qara daş mənfi emosiya doğurur; deməli, bu suxur parçasından estetik zövq (həzz) almaq çətindirsə güman ki, mümkünsüzdür. Musa Yaqubun poetik qüdrəti ondadır, o, "qara daş" məfhumuna nəinki fərdin tale missiyasını, habelə dünyanın taleyini özündə ehtiva edir. Bu isə o deməkdir - Qara daş gözəldir, harmoniyaya xidmət edir. Taledə həm gözəllik, həm də eybəcərlik elementləri (daha geniş) mövcuddur. Qara daş, ümumiyyətlə, daşı həndəsi fiqur, cism kimi səciyyələndirmək riyaziyyatçı, geoloq üçün mümkündür. Antik filosof Platon gözəlliyi həndəsi cisimlərdə, mütənasiblikdə görmüşdür; onun üçün gözəllik estetik baxımdan xüsusi ideyadır ki, divanəlik, coşğunluq vəziyyətində, əbədi ruhun cismə daxil olmadığı və ideyalar aləmində dolaşdığı məqamlarda başa düşmək mümkün olar. Bu hissi proseslər insan taleyində həm müsbət, həm də mənfi rol oynaya bilir. Musa Yaqub şeirdə insan taleyilə oynamamağa çağırır və "əxlaqi təmizlənmə" prinsipini ortaya atır. Yuvalar boş qalırsa, çəməndə ocaq yanıb daş qalırsa, bir sözlə, tarazlıq pozulursa... Qara daşdan nəyi ummalıyıq? Qara daşı nankor insanlar (tiranlar, başçılar, ixtiyar sahibləri və s.) göyərdə bilməzlər! Lakin şair iddiasında israrlıdır: Daşı (bu, artıq bütöv fenomendir) götürmək, beləliklə, mənfiliyi, rəzaləti insan taleyindən kənarlaşdırmaq mütləqdir.
Maraqlı poetik fabula ilə başlanan şeirdə şair yalnız zahiri gözəlliyi xatırladır.
Gördüm yol ayrıcında bu nə süfahi daşdı.
Yəqin yol gedən deyib daş yoldaşla adaşdı.
Dünyanın bir ucu toy, bir ucu da savaşdı.
İlahi, mən bu daşı götürüm, götürməyim?
Şair sifahi daşla barışır, həyatın isti və soyuqluğunu da dilinə gətirir. Daş gərəkli ola bilər, hələ ki gözəllik çalarlıdır. Axı, Aristotel deyirdi ki, müəyyən hissələrdən ibarət gözəllik istər canlıda, istərsə hər hansı əşyadı, gərək nəinki müəyyən bir nizamda, həmçinin, münasib həcmdə olsun: gözəllik müəyyən həcmdə və nizamdadır.39 "Hər hansı əşya" - daş taledir, şairin qabağına çıxıb. Və bu, ona (ümumilikdə insana) köməkdar da olar; belə halda daş ona lazım gəlməyəcək. Deməli, dünyanın, ömrün davamı (mövcudluğu) normaldır, ahəngdardır, xoşbəxtlikdir, bir sözlə, gözəldir:
Bir dərya sularında yüküm olacaq isə,
Bir səhra küləyində çəkim olacaq isə,
Şeytan üçün tüfəngim, cəngim olacaq isə,
İlahi, mən bu daşı götürüm, götürməyim?
Burada - "daş" məsələsində oxucu (biz) hər şeyi bütövlükdə görə bilməz, necə ki insan həyatı da birdən-birə firavanlaşmır, gözəl qurulmur. Bunu şair fəhmsiz pıçıldayır və təxmin edir ki, gözə görünən, canlıların bütün növünə rahatlıq, ruzi... gətirən nəsə mövcuddursa təbiətin qismətidir, daşa ehtiyac qalmır, bu məqamlarda "daş" tale funksiyasını itirir. İnsan ruhu barədə düşünür:
Bir əl yetməzliyində bəlkə mənə köməkdi.
Budaqda ruzum olsa bir qarış boy deməkdi,
Yerim cənnət bağısa daş nəyimə gərəkdi,
İlahi, mən bu daşı götürüm, götürməyim?
Bütün məqamlarda Musa Yaqub həyatda yaxşılıq, ruhi rahatlıq, xoşbəxtlik görür, "daşı" bir növ poetik mənadan kənarlaşdırır. Gözəllikdə ruhun: ideyanın, proqnozun bəşəri proseslərini axtarır, poetik fikrində (ideyada) ruh özünün maddi forması ilə harmonik vəhdət yaradır. İdeya (fikir) formada (təsvirdə) tam adekvat ifadəsini tapır - bu isə gözəllikdir. Bunlarla razılaşan şair sakitləşir, hərçənd, keçmişə qayıdır, dünənsə geri qayıtmır.
Özümlə nə döyüşüm, özümlə nə vuruşum?
Burda köhnə izlərin cığırı ot, yeri şum,
Daha bu yoldan geri dönən yox ki, soruşum,
İlahi, mən bu daşı götürüm, götürməyim?
Musa Yaqubda daş yaranışca predmetdir, sonra bu suxur parçası, hətta əhəng daşına, tale daşına çevrilir - poetik davranışında. Və yenə də gözəllik kimi qavranılır; bu isə xalqın, konkret insanın xarakterindən, həyat tərzindən birbaşa asılıdır. Daş - tale - mövcuddiyyat sosial inkişafla, onun səviyyəsində insan tələbatları ilə uyğunlaşanda - həyat gözəl təsiri oyadır. Şair düzgün qənaətə gəlir ki, tale - ümumibəşəri dəyərdir, bu tarazlığı saxlamaq çətindir, inkişafa aparmaq ondan da çətindir. Ona görə ki, taledə yaşamaq ehtirası əbədi tələbatdır. Məşhur rus şairi A.Blok əbəs yazmamışdır:
Ah, mən dəlicəsinə yaşamaq,
Bütün varlığı - əbədiləşdirmək,
Cansızları - insanlaşdırmaq,
Xəyalları həyata keçirmək
İstəyirəm!
Musa Yaqub daha romantik və bir o dərəcədə realist demişdir, tale oyunlarında "bilməcələrsiz" görmək istəmişdir; sonda poetikasına sadiq qalaraq ömrün-həyatın-yaşamağın estetik dəyərinə önəm vermişdir, nəinki onun ictimai spektrinə. Çün, M.Yaqubda həyat iksiri həmişə canlıdır, ruhidir, azadlıq təmsilçisidir. "İctimai" konsepsiya haçanacan insan taleyilə oynamalıdır - bu qədər? Yaşamaq gözəldirsə və hər gün, hər dəqiqə ömürdən bir kərpic (o da daşdır) düşürsə, poeziyanın estetik idealını şair gözləməlidir, şeirin özünü gözəllik meyarına çevirməlidir.
Saxlamaq da çətindi, aparmaq da azardı,
Tale bu bilməcəni görən necə yozardı?
Bu necə gəl-getdi bəs eh, bu necə bazardı.
İlahi, mən bu daşı götürüm, götürməyim?
"Ömrümün sarayından gündə bir kərpic düşər".
Min belə kərpic düşə, torpağa nə güc düşər?
Ömrün karxanasında bəlkə bir az gec bişər.
İlahi, mən bu daşı götürüm, götürməyim?
Musa Yaqubun "Bu daşın altında nələr çıxacaq" şeirini başqa bir ovqatda oxudum. Bəlkə də onun təsiri payızın bir səhər bəxtinə düşmüşdü, bəlkə də mənim payıza tələsən əhvalımın qismətiydi?! Nə deyim, Musa Yaqub. Bu "nəhəng daş"ı da hansı əsrdəsə payız qanunu altını-üstünə çeviribdir, üstünü altına - hər ikisi bədbəxtlik gətirir: bir insan nəsli bir mədəniyyət, bir sivilizasiya altında qalır. Doğulacaq bir körpə, açılacaq bir qönçə, yarpaqlanacaq bir ağac, övladının nübarına tələsən ata... arzuları yarımçıq kəsilib torpağa qovuşur. Deməli, bütöv bir gözəllik itir! Axı, təbiət hadisələrinin estetik xassələri ictimai həyat olaylarının gözəllik elementlərindən elə də fərqləndirməyə adət etməmişik. Vay bu günə, xalqın yaddaşı daşın altında qala və itə. İstisna deyil, nə qədər belə mənəvi-maddi dəyərlərimizi itirmişik. Musa Yaqub fərqli olaraq poetik meyarı ilə yanaşır:
Kim salıb talaya bu nəhəng daşı,
Altında torpağın itib yaddaşı.
Bu daşın üstündə başqa mənzərə,
Birtəhər yol tapıb yaşayır hərə.
Bu daşın beli var mamırı məxmər,
Yaşayır üstündə necə bəxtəvər.
Daşın çalasında quş yuvaları,
Keçir güneyinin xoş havaları.
Musa Yaqub şeirində həyatın, əski dövrün formal, ehtirassız görümünü təqlid etməmişdir. Daşın altında əbədi sükuta qalmışları (indi onlar da daş parçasıdırlar), ölü, nəfəssiz gerçəkliyi poetik şəkildə yenidən canlandırır, ülviləşdirir. Müqayisə edəndə bu canlıların keçmişiylə - indi onlar gözəllikdən çox-çox uzaqdılar, halbuki, gözəldilər, yaşayırdılar, artıb çoxalırdılar... Bəs nədir şairin fikri? Hələlik poetik şərhini verir:
Bu daşın altına sürüşüb düşüb,
Məxmər mamırına ilişib düşüb,
Daşın bərkliyinə girişən düşüb.
Bəlkə bilməyən də, bilən də gedib,
Daşın çopuruna gülən də gedib.
Onu bir balaca çevirmək olsa,
Dövrüı bir balaca devirmək olsa,
Bu daşın altından nələr çıxacaq.
Şair bu ricətindən sonra "nələri" sadalayır:
Əzilmiş çiçəklər, saralmış otlar,
Sahibsiz ocaqlar, qaralmış odlar...
Bu kədərləndirici predmetlər oxucuda sızıltı, anti ülvilik hissi oyatmır, çün şair bütöv "ülvilik obrazı"nın predmetinə çevirmişdir. Axı, ölümün özündə bir gözəllik vardır. Ölmüş adamın sifətində əzəmət, çiçəyin ləçəyində çəkilməmiş şeh, ağacın budağında yarpaqların rəngi... qalıbsa, bir estetik görüm duyulur.
Bu daşın altından palıd kökləri,
Pələng pəncələri, şir biləkləri -
şair ən əzəmətli, qüvvətli predmetləri görür, cılız, qorxaq, müti olan canlılardan kənarda dayanır. Musa Yaqub daşlaşmış əşyalarda belə, ülvilik görür, əhsən! Məşhur alman filosofu N.Hartman güman edirdi ki, ülvilik elə gözəllikdir - insanın böyüklüyünə, üstünlük ehtiraslarına uyğun gəlir; hər cür əzəmət, nəhəng qüvvə insanı vahimələndirir, lakin ülvi hisslər keçirəndə bu təsirə qarşı çıxır, özünün lazımsız hissini aradan qaldırır. Filosof "nəhəng qüvvə" sözünü əbəs işlətməmişdir, necə ki, Musa Yaqub "nəhəng daşı" şeirinə gətirmişdir.
Bu daşın altından lağım çıxacaq,
Cığırları dağım-dağım çıxacaq -
demək bu daş min, milyon illərin yadigarlarını saxlamışdır, bu günlərə yadigar gətirmişdir, baxmayaraq:
Çənənin əziyi, dilin yanığı,
Cələ dolaşığı, tələ sınığı,
Nə bilim, çürüyüb bəlkə bir qatı,
Qırğı dimdiyilə, qartal qanadı.
Bu daşın altında zülüm çıxacaq,
Sərsəri, xəbərsiz ölüm çıxacaq.
Onu bir balaca dəbərtmək olsa,
Dayaq tutanını gəbərtmək olsa,
Aşkar görünəcək qıfılbəndləri,
Əyri lağımları, qara fəndləri...
Bu deyimdə bir nüansla qarşılaşırıq. Və xeyli ülvilikdən uzaqlaşırıq - faciəviliklə rastlaşırıq. Bu, təbii ki, insan xislətiylə bağlıdır, tiranların, padşahların, başçıların insan taleyinə verdikləri rəzalətli müharibələrdir. Şair daşın altında sanki məzarıstan tapmışdır, poetik təxəyyülü ilə görür: həyat eşqli bu insanlar miskin vəziyyətdədilər, onları "oyatmaq" olarsa, nələr aşkara çıxacaq. Hətta bu faciəni yaradan da "simasını" gizlədə bilməyəcəkdir. Bir həqiqətdir ki, insan ölür - faciə və ölüm dirilərdə dərin kədər doğurur, eyni zamanda ölməzliyin rəmzidir, bir himndir. Musa Yaqub şair təbiətinə xas məmnunluqla belə ölümləri məhkumluq əlaməti kimi qəbul etmir və haqlıdır. Alman filosofu Hegelə görə, faciəvi ölmək təkcə məhkum olmaq deyil; o, müəyyən formada həlakı vacib başqa bir şəkildə yaşamaq ideyasını da ifadə edir; İntəhasız inkişaf ideyasını başa düşmək (qavramaq) qabiliyyəti insan şüurunun ən mühüm səciyyəsidir. Şair bu əksi insan, zaman faciəsini poeziyaya gətirsə də, ruhları "divana" çəkmir, əksinə, həyat işartısının poetik təsdiqini təsvir edir:
Bu daşın altında qarışqa komu,
Qızılgül rişəsi, çinar toxumu.
Bu daşın altından nələr çıxacaq.
Alıb dövranını devirmək olsa,
Onu bir balaca çevirmək olsa,
Bu daşın altından nələr çıxacaq...
Bəlkə belə yaxşıdı; torpağa-daşa qovuşanların ruhunu oyatmaq, keçmişi mənəvi istintaqa çəkmək lazım gəlmir. Ruhları salamat buraxmaq insan qüdrətinə hörmət deməkdir. Dünya başdan-başa sirdir - müəmmadır. Təbiətin bir zərrəciyi olan Daş da istisnalıq yaratmır, alt qatlarında nələrisə qoruyur. Heç bir idrak sahibi dilinə gətirməz - dünyanın, kainatın sirri açılacaqdır, belə fikrə düşənlər (Qaliley, Freyd, Dekart və b.) dünyanın sadə mexanikaya əsaslandığını zənn edirdilər. Onlara elə gəlirdi ki, yaxın gələcəkdə heç bir sirr qalmayacaqdır. Məsələn:
|