Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə8/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Sə­nin sev­gi cı­ğır­la­rın gülaçan


Ye­ti­şə­rəm o yol­la­ra mən ha­çan?

Ağa­cım­da so­nun­cu yar­pa­ğa­can

Apar mə­ni bu ümi­din da­lın­ca.
Heç aşi­qin işi düş­məz asa­na,

Mən nə de­yim bu ta­le­yi ya­za­na?

Bit­məz yo­lum üfüq bo­yu uza­na

Apar mə­ni bu ümi­din da­lın­ca.
Kor oca­ğım ya­nıb kü­lə dö­nün­cə,

Lap so­nun­cu işar­tı­sı sö­nün­cə,

Sən get mə­nim ta­le­yi­min önün­cə

Apar mə­ni bu ümi­din da­lın­ca.

On­da cü­rət, bun­da mür­vət ol­ma­dı,

Si­təm ol­du, bu mə­həb­bət ol­ma­dı.

Ya­nı­nla ki, get­mək qis­mət ol­ma­dı,

Apar mə­ni bu ümi­din da­lın­ca.
Sən zir­və­də, mən də­rə­nin di­bin­də,

Mən pa­yız­da, sən bir ba­har tə­bin­də.

Bir ağ yel­kən kü­lək­lə­nir gə­min­də,

Apar mə­ni bu ümi­din da­lın­ca.
Be­lə po­e­tik yük­lü, dərin mün­də­ri­cə­li şe­ir­lə­rin "atar da­ma­rı" bi­zə im­kan ve­rir - de­yək ki, Mu­sa Ya­qub­ po­e­zi­ya­sın­da ka­i­nat son­suz­lu­ğu, tə­bi­ə­tin və in­sa­nın əzə­mə­ti; mə­həb­bə­tin köv­rək­li­yi və hə­zin­li­yi - bun­lar şa­i­rə uzaq­dır - ya­xın­dır. İl­dı­rım sə­ma­nı doğ­ra­yır­sa, için­də sa­kit­lik ya­ra­nır. Ya­ğış ya­ğır­sa, ov­qa­tı yu­yur, tə­miz­lə­yir, şa­ir qəl­bi­ni alır.
Yol­lar,

Ye­nə yol­lar al­dı qəl­bi­mi.

Qu­laq ver ya­ğı­şın qə­rib sə­si­nə.

Dam­cı­lar qa­ran­quş dimdiyi ki­mi

Çır­pı­nır va­qo­nun pən­cə­rə­sin­ə.

Har­da qı­rı­la­caq öm­rün yol­la­rı...

Ya­ğış dö­yəc­lə­yir cı­ğı­rı, izi.

Bu ağ­ca­qa­yın­lar əs­gər qol­la­rı -

Uza­nıb qa­ta­ra sa­lam­lar bi­zi.
İn­sa­nın bir an­lıq, bir qa­tar­lıq özü­nə qa­pıl­ma­sı və bu yan­dan da ya­ğış dam­cı­la­rı­nın pən­cə­rə­lər­də özü­nü in­ti­har elə­mə­si.

İn­sa­nın iç dün­ya­sı, İn­sa­nın ya­şa­maq eş­qi, İn­sa­nın öl­məz­li­yi. Mu­sa Ya­qu­bun po­e­tik dün­ya­gö­rü­şü zən­gin­dir və ön­cə, onun sa­va­dın­dan, hə­ya­ta ba­xı­şın­dan və şəx­si-fər­di möv­qe­yin­dən irə­li gə­lir. Şa­ir nə na­sir­dir, nə də na­tu­ra­listdir; o, in­san qəl­bi­nə kos­mik sü­rət­lə da­xil olan qüv­və­nin da­şı­yı­cı­sı­dır. Bü­tün mə­nə­vi-so­si­al me­ri­di­an­lar on­dan ke­çir. O, ya­şam döv­rün­də Azər­bay­ca­nı gəz­miş, is­tər zəh­mət-əmək adam­la­rı ol­sun, is­tər­sə və­zi­fə, mən­səb sa­hib­lə­ri - otu­rub-dur­muş, du­ru­mu ilə ma­raq­lan­mış, dərd-sər­lə­ri­ni az-çox ya­şa­mış­dır. 70-80-ci il­lə­rin li­ri­ka­sın­da bu sa­da­la­nan­lar baş möv­zu idi və şöh­rət­li şa­ir­lər şe­ir­lə­rin­də, po­e­ma­la­rın­da tə­rən­nüm edir­di­lər. Nə giz­lə­dim. bu gün o əsər­lə­ri oxu­yan­da po­e­tik ifa­də tər­zi­nin as­so­si­a­tiv­li­yi, sa­kit in­to­na­si­ya­nın di­ri­li­yi it­mir, ün­va­nı­nı unut­mur. "Cə­sa­rət", "Tə­zə bi­na", "Ve­te­ran Ba­kı", "Açıq süf­rə", "İn­di de­səm na­ğıl­dır" (po­e­ma), "Bəs mən nə­yə bən­zə­dim", "Un işı­ğı" po­e­ma­sı­nı xa­tır­la­dar­dım.


...Də­mir bə­dən, po­lad si­nə,

Çi­çək sə­pin,

ul­duz ta­xın si­nə­si­nə -

Sa­lam Ba­kı!

Ey ko­man­dan şə­hə­ri­miz,

Da­ma­rın­dan alov-alov

Qan fış­qı­ran şə­hə­ri­miz,

sa­lam sə­nə!

Ey ve­te­ran,

Ey qəh­rə­man şə­hə­ri­miz,

sa­lam sə­nə!..
So­vet il­lə­rin­də əmək möv­zu­su şa­ir­lər­dən tə­ləb edir­di ki, ya epik, ya da li­rik tə­ma­yül­də əsər­lər ya­zıl­sın. Cə­miy­yə­tin apa­rı­cı - ya­şar qüv­və­si fəh­lə-kəndli sin­fi­dir və on­lar ən az hal­da li­rik qəh­rə­man­la­ra çev­ril­mə­li­dir. Bə­li, S.Rüs­təm, R.Rza, M.Dil­ba­zi, N.Xəz­ri, B.Va­hab­za­də, Qa­bil, X.Rza, Z.Ta­hir, N.Hə­sən­za­də, C.Nov­ruz, M.Araz və baş­qa şa­ir­lə­ri­mi­zin ya­ra­dı­cı­lı­ğın­da ək­si­ni tap­mış­dır. Ye­ni gə­lən nə­sil po­e­tik-fəl­sə­fi dün­ya­gö­rüş­lüy­dü­lər və li­rik qəh­rə­man da­ha çox po­e­tik his­sin sub­yek­ti idi. Tən­qid­çi, pro­fes­sor Şa­mil Sal­ma­nov "Po­e­zi­ya­nın yük­sə­liş il­lə­ri" mə­ru­zə­sin­də (Azər­bay­can Ya­zı­çı­la­rı­nın VII qu­rul­ta­yı) ya­zır­dı: "...Şe­ir ki­tab­la­rın­da tək­cə yax­şı, əla şe­ir­lər ilə üz­ləş­mi­rik, həm də ori­ji­nal, bən­zər­siz, tək­ra­ro­lun­maz şa­ir şəx­siy­yə­ti­lə qar­şı­la­şı­rıq. V.İb­ra­him, Y.Hə­sən­bə­yov, M.Ya­qub, Va­hid Əziz, İ.Tap­dıq, Ağa­sə­fa, V.Rüs­təm­za­də ki­mi şa­ir­lə­rin də var­lı­ğı son beş il­də öz şe­ir­lə­ri­lə can­lı po­e­tik pro­ses­də hiss olun­muş­dur".31

Mu­sa Ya­qub İs­ma­yıl­lı ra­yon zəh­mət­keş­lə­ri­nə "Açıq süf­rə" şe­i­riy­lə ca­vab ver­di. Zəh­mət­keş­lə­rin qa­dir əmə­yi­ni li­rik ton­da tə­rən­nüm et­di.


Bi­lin ki, əli­niz iş­də olan vaxt,

Sün­bül­lər açı­lıb tar­la do­lan vaxt,

Söz yo­la çı­xan­da, yer şum­la­yan­da,

Bi­lin ki, si­zin­lə du­rub üz-üzə,

Kön­lüm eş­qi­niz­lə nəğ­mə­lər ya­zır,

Bir şa­ir ürə­yi yol­daş­dır si­zə

Si­zin­lə se­vi­nib, gül­mə­yə ha­zır.
Po­e­zi­ya çox­cə­hət­li, za­ma­nın prob­lem­lə­riy­lə yük­lən­miş ədə­bi top­lu­dur. Po­e­zi­ya çe­vik və lən­gər­li, in­tel­lek­tu­al və pa­fos­lu ov­qa­ta ma­lik ol­du­ğun­dan, möv­cu pred­me­tə li­rik tə­fək­kür priz­ma­sın­dan çev­ri­lir. Hə­yat­da ge­dən so­si­al-mə­nə­vi də­yi­şik­lik­lər, gün­də­lik mə­i­şət qay­ğı­la­rı­nın mən­fi fak­to­ra çev­ril­mə­si, in­san ami­li və sa­ir po­e­tik faktlar şe­ir­də ay­rı-ay­rı əh­val­da ini­ka­sı­nı ta­pır.

Ame­ri­ka şa­i­ri Uil­yam Cey Smit bir də­fə de­miş­dir ki, şa­ir olan kəs da­im nə­sə ye­ni bir şey ara­yıb-ax­tar­ma­lı, tap­dı­ğı­nı öz hə­yat təc­rü­bə­si­nin süz­gə­cin­dən ke­çir­mə­li­dir. La­kin ekspe­ri­ment xa­ti­ri­nə ekspe­ri­ment də gə­rək­siz şey­dir: şa­ir des­til­lə ci­haz­la­rıy­la əha­tə olun­muş kim­ya­çı de­yil. Şa­ir da­i­ma ye­ni-ye­ni üs­lub­lar kəşf elə­mir, sa­də­cə ola­raq öz üs­lu­bu­nu ci­la­la­yıb də­rin­ləş­di­rir.32 Mu­sa Ya­qub­da­kı daxi­li po­e­tik tə­kan-ener­ji məz­mu­nu ri­to­ri­ka­dan çı­xa­rıb dər­hal "or­bi­tə" çə­kir. O, də­fə­lər­lə de­miş­dir ki, mən ya­zıl­ma­mış və­rəq­lər­lə üz­bə­üz qa­lan­da köv­rək hə­yə­can his­si ke­çi­ri­rəm və dər­hal da ötüb ke­çir. Gə­lir mis­ra­lar - ho­pur və­rəq­lə­rə. Bir mü­sa­hi­bə­sin­də be­lə de­miş, sa­kit­lik ov­qa­tı­nı itir­mə­mək şər­ti­lə.



Bir qa­ra bu­lud­dan so­yu­yub gə­lən,

Bir kü­lək ağ­zın­dan ço­vu­yub gə­lən,

Çə­mə­nə çır­pı­lan il­kin dam­cı­lar

Bir sol­ğun çi­çə­yi ayıl­dan ki­mi,

Dur­na öz gö­lü­nə qa­yı­dan ki­mi

Kön­lüm­də qə­fil­dən dol­du bu sev­da.

De­yə­sən si­nəm­də kö­züm alış­dı,

Bir üzün üs­tün­də üzüm alış­dı.

Pər­va­nə do­lan­dı çı­ra­ğın üs­tə,

Bir sa­rı dim­dik­li ba­la bül­bü­lün

Si­nə­si söy­kən­di yar­pa­ğın üs­tə...
Li­rik şe­ir­dir, sü­jet­siz ov­qa­tın ifa­də­si­dir, am­ma şa­ir "mən"in ya­şa­maq id­di­a­sı var. Ha­mı is­tər çox-çox ömür sür­sün, am­ma bir gü­lü, bir lə­çə­yi be­lə qo­par­ma­sın. Tə­bii ki, bu "əh­va­lat" bağ­da baş ve­rər, han­sı ki, ora­da bül­bül var­sa - ti­kan da ol­ma­lı­dır. Şa­ir öz tə­xəy­yü­lü­nün qur­du­ğu po­e­tik ha­di­sə­yə ta­be­dir, özü ne­cə an­la­mış­dır, qə­rar­laş­dır­mış­dır - elə də təs­vir et­miş­dir.

"Ağ­la­yan şeh­li əkin"dir şe­i­rin adı. Şa­ir ye­ni, oya­nan tor­pa­ğı, in­san nə­fə­si­ni sa­lam­la­yır:


Sa­lam, eş­qim, sa­lam, mu­ra­dım, sa­lam,

Tə­zə­dən açı­lan qa­na­dım, sa­lam.

Bu han­sı atəş­di yan­dı ca­nım­da -

Bar­ma­ğım göy­nə­di, ru­hum oy­na­dı,

Qə­lə­mim tit­rə­di qə­ləm­da­nım­da...
Və özü­nü sev­gi şe­i­ri­nə kök­lə­yir. Po­e­zi­ya­nın im­ti­yaz­la­rı ge­niş­dir və bəl­kə də ye­ga­nə janrdır, şa­i­ri ol­ma­zın his­si əzab­la­ra gə­ti­rib çı­xa­rır, içi­ni yan­dı­rır və sa­kit­cə çı­xıb get­mir, sön­mür, ək­si­nə yaz­ma­ğa təh­rik edir və bəl­kə də həzz alır. Bə­li, şe­ir can­lı­dır, gö­zə­gö­rü­nən­dir, di­ri­dir, şa­i­ri, hət­ta oxu­cu­nu "xəs­tə­lən­di­rir". Məş­hur İran ədə­biy­yat­çı­sı Sey­yid Əli Xam­nei ya­zır ki, şe­i­rin xü­su­si də­yə­ri var; ba­xın, bə­şə­rin ta qə­dim­dən mə­də­ni an­la­yı­şı şe­ir­dir. Bəl­kə rəs­sam­lıq da onun sə­viy­yə­sin­də ol­sun. Am­ma hü­nə­rin (şeirin – A.E.) baş­qa for­ma­la­rın­da bu­nu az gö­rü­rük – şe­i­rin di­li, onun ifa­sı, təq­dim edil­­mə­si çox qə­dim və ta­ri­xi­dir. Bu gös­tə­rir ki, bə­şə­rin lap əv­vəl­dən şe­i­rə eh­ti­ya­cı olub. Mən bə­şər de­yən­də həm şa­ir, həm hü­nər­mənd, həm də hü­nər­mən­din xi­tab et­di­yi şəxslə­ri nə­zər­də tu­tu­ram. On­la­rın ha­mı­sı­nın bu­na eh­ti­ya­cı var. Əgər be­lə ol­ma­say­dı, tez­lik­lə bu qə­dər şe­ir mey­da­na gəl­məz­di, tə­bi­ət­də, ta­rix­də bu qə­dər ya­şa­maz­dı.33

Sey­yid Əli­yə məx­sus qiy­mət­ver­mə bir da­ha onu gös­tə­rir ki, şa­ir hü­nər sa­hi­bi­dir və ilk şe­ir ya­zan­la­rı­mız­dan nə­sil­lə­rə ötü­rü­lə­rək ya­şa­maq­da­dır. Mən ay­rı-ay­rı ya­ra­dı­cı fərdlə­rin bir-bi­riy­lə mü­qa­yi­sə­si­nin tə­rəf­da­rı ol­ma­mı­şam, bu, ru­hu­nu də­yi­şən­lə­rə, ya­şa­yan­la­ra hör­mət­siz­lik­dir. Sa­də­cə, oxu­cu zöv­qü (his­si) və in­tel­lek­tu­al­lı­ğı (zeh­ni) bir şe­i­rin də qiy­mə­ti­ni ve­rə bi­lir, nə­in­ki is­te­dad­la is­te­dad­sı­zın fər­qi ol­sun. La­kin şəx­siy­yət və mü­hi­tin diq­tə­si də po­e­tik üs­lub ça­lar­la­rı­na tə­si­ri­ni giz­lət­mir. Mü­ha­ri­bə­dən son­ra­kı il­lə­ri: 45-55; 60-70; 80-90 (böl­gü əl­bət­tə, şər­ti idi) və bu dövrlə­rin po­e­zi­ya­sı­nı tu­tuş­du­ran­da cid­di po­e­tik dün­ya­gö­rü­şün, in­ki­şa­fı Za­ma­nın tə­zad­la­rı­na ye­ni ba­xışı, fi­kir ax­ta­rı­şı, li­rik ov­qa­tın tə­zə­li­yi, po­e­tik id­ra­kın hü­du­du və ila­xır mə­sə­lə­lə­ri se­çib fərqlən­dir­mə­li­yik. S.Rüs­təm, S.Vur­ğun, M.Ra­him, R.Rza, M.Dil­ba­zi nəs­li B.Va­hab­za­də, N.Xəz­ri, Qa­bil, H.Arif, S.Ta­hir nəs­li­ni qə­bul et­di. Bu ədə­bi şəx­siy­yət­lər M.Araz, N.Hə­sən­za­də, Fa­mil Meh­di, Ə.Kür­çay­lı, F.Qo­ca, Əli Kə­rim, Oq­tay Rza, C.Nov­ruz si­ma­sın­da və bu da öz növ­bə­sin­də Mu­sa Ya­qub, V.Əziz, R.Röv­şən, İsa İs­ma­yıl­za­də, Ə.Sa­lah­za­də, To­fiq Ab­din, S.Rüs­təm­xan­lı, Va­qif İb­ra­him, Çin­giz Əli­oğ­lu, Vaqif Bayatlı, Vaqif Bəhmənli... ar­tıq on­lar­da li­rik for­ma ax­ta­rı­şı, po­e­tik his­sin pred­me­ti, fə­al tə­fək­kür tər­zi ki­mi pro­ses­lər və ele­mentlər şüb­hə do­ğur­madı. İn­di bu şa­ir­lə­rin ya­ra­dı­cı­lı­ğı­nı araş­dı­ran­da sağ olan­lar hə­lə də po­ten­si­al im­kan­la­rı­nı qo­ru­muş­lar. Be­lə bir va­ris­li­yi pro­fes­sor Şa­mil Sal­ma­nov əda­lət zöv­qü ilə qiy­mət­lən­dir­miş­dir: "Mü­a­sir po­e­zi­ya­mız müx­tə­lif nə­sil­lə­rə mən­sub şa­ir­lə­rin bir­gə fə­a­liy­yə­ti­nin bəh­rə­si­dir. Po­e­zi­ya­da nis­bə­tən yaş­lı nə­sil­lə ya­na­şı, şe­i­ri­mi­zin son on beş il­də for­ma­la­şan nə­sil­lə­ri­nin fə­a­liy­yə­ti də apa­rı­cı­dır. On­la­rın şe­ir­lə­rin­dən, li­rik po­e­ma­la­rın­dan alı­nan li­rik tə­əs­sü­rat po­e­zi­ya­mı­zın bu və ya di­gər po­e­tik ax­ta­rı­şı, üs­lub müx­tə­lif­li­yi­ni sə­ciy­yə­lən­dir­mək ba­xı­mın­dan diq­qə­tə­la­yiq­dir".34 Bir mü­qa­yi­sə və vəs­sa­lam. Va­qif Sə­mə­doğ­lu­da:


Aman Al­lah, də­li qış ya­ğış­la­rı ya­ğan­da,

Yu­yan­da nə­dən­sə bez­miş bu şə­hə­rin ev­lə­ri­ni

ağ­la­yıb kü­çə­lə­rə axan­da

pas at­mış na­val­ça­la­rın ça­rə­siz tən­ha­lı­ğı

ya­dı­na sal mə­ni.

Ya­dı­na sal mə­ni qoy­du­ğun ye­ri,

tap mə­ni, tap mə­ni, Al­lah!

Və bil, və bil, və bil ki,

du­rub pən­cə­rə qa­ba­ğın­da, ba­xı­ram,

ba­xı­ram ya­ğış və ya­ğış sə­si altda

aya­ğı ya­lın, ba­şı­a­çıq qal­mış

bir in­san ta­le­yi­nə,

Və bu ta­le yi­yə­si

bu Al­lah­sız dün­ya­da da

ina­nır, ina­nır, ina­nır sə­nə.
Mu­sa Ya­qub­da:
De­mə çöl­də gü­lüm, dağ­da qa­rım­san,

Sev­gi­də son sö­züm, son ba­ha­rım­san.

Sən mə­nim bir ta­le gü­nah­ka­rım­san

Da­ha nə mər­hə­mət, nə in­saf ey­lə,

Çi­nar köl­gə­sin­də ya­sə­mən ki­mi

Əyil gü­na­hı­nı eti­raf ey­lə.
Mi­zan-tə­rə­zi­dir dün­ya­da sev­gi,

Gə­rək əyil­mə­sin o daş, o çə­ki.

Yox­dur bu böl­gü­də mə­nim sə­nin­ki,

Ba­rı, bir sö­zü­nü bur­da saf ey­lə

Atıb o pər­sən­gi yün­gül­ləş bir az,

Qal­xıb gü­na­hı­nı eti­raf ey­lə.

...Sə­nin sev­gi yo­lun yo­lun bo­zu­du,

Elə bil ürə­yin bu­laq du­zu­du.

Tə­bəs­sü­mün gü­lə çi­lən­miş su­du -

On­dan işıq düş­məz mə­nə bir gi­lə,

Sən ki, şeh de­yil­sən, düş o lə­çək­dən

Dü­şüb gü­na­hı­nı eti­raf ey­lə.
Mən qa­nad ve­rə­nəm, sən qa­nad yo­nan,

Kön­lü­mün için­də kön­lü­mü qı­ran,

Bir sev­da üs­tün­də min oyun qu­ran -

Özü­nü nə arif, nə sər­raf ey­lə,

Quq­qu qu­şu ki­mi öz­gə yu­va­dan

Çə­kil, gü­na­hı­nı eti­raf ey­lə.
Mu­sa Ya­qu­bun po­e­zi­ya­sın­da tə­ma­yül ax­tar­mı­ram, çün, şa­ir "plan­sız" yaz­dı­ğın­dan, yal­nız ona o qa­lır – möv­zu bü­tün "qo­hum-əq­­rə­­ba­la­rı" ilə yı­ğı­şıb şa­i­rin ürə­yi­nə axır, du­ru­lur və tor­pa­ğın üs­tü­nə çı­xır. Həmin tapılan mövzu Daş-Qaya; Ağac-Meşə; Torpaq-Su; Külək-Yel, Arı-Pətək; Dəyirman-Un və sair mövzu predmetinə çevrilir. Və real fiziki görümündən çıxıb, fəlsəfi məna, poetik assosiasiya, əxlaqi həqiqət kimi məna kəsb edir. İsveçrə alimi Karl Yunq bu cür əşyaları – predmetləri insan psixikası üçün arxetiplər (ilkin tiplər, formalar) adlandırmışdır; onun fikrincə, hər bir adamın daxili aləmində əzəli, ilkin strukturlar kimi arxetiplər vardır və insan qavradığı şeyləri çox vaxt bilmədən onların biçimində, əlamətlərində görür, dəyərləndirir. Musa Yaqub əsrimizin ilk «beşilliyi»ndən:
Bu dağ ətəyindən məktub almışam,

Bir görüm çiçəklər nə yazır mənə.

Arı pətəyindən məktub almışam

Görüm o pətəklər nə yazır mənə.

Görüm daş diliylə, torpaq diliylə,

Görüm ağac dili, budaq diliylə

Duyğumu ayılda biləcəyəmmi?

Özümə qayıda biləcəyəmmi?

Və ikinci «beşillik»də yazdığı bir şeirdən:


Nə tonqal qalanır, nə ocaq yanır,

Bizim ələyimiz burda ələnir.

Göydə xəlbirimiz burda fırlanır –

Daha söz deməyə tutarım gedib,

Dostları aparan qatarım gedib,

Bu daşı özümə yoldaş eyləyib,

Bəlkə elə mən də qurtarım gedim?!

Qalsın süfrə daşım mamır bağlasın,

Üstünə yağışlar yağsın, ağlasın…
Bütövlükdə hər iki şeirin sosial və mənəvi yükü bəlkə də o «daşdan» ağır gələr. Əgər sahib kəsildiyin maddi sərvətlərdə gözün qalırsa, gözün baxa-baxa şəxsi maraqlar üçün daşınırsa və «görüm o ağaclar bizimkidirmi? O qızıl taclar bizimkidirmi?» - suallara cavab tapılmayırsa. Bu, harasıdır; daha bir sual şairin içindən çıxır:
Eləcə alındı sığnaqlarımız,

Beləcə dağıldı yığnaqlarımız.

Torpağım alındı, daşım alındı,

Başım üstündən başım alındı.
M.Yaqubdan gətirdiyim şeir nümunələri məni sakit hövsələ ilə danışmaqdan çıxarır və… mən qulağımızı deşən definisiyanın - dizpozisiyasını düşünməyə bilmirəm. Axı, bizdə təbii dominantlıq var və buna layiqiq.Cəmiyyətin güzgüsü olan şairlər üçün belə yanaşma əxlaqi-katarzisliyin poetik mənası əxlaqi həqiqətə çevrilir. M.Yaqub yönlü şeirlərin poetik ümman sakitliyini ümumiləşdirməklə, bəzi məqamları xatırladacam. Katarzis (əxlaqi təmizlənmə) effekti qədim tarixə malikdir. Aristotel bu anlayışı «oxşar hisslərin» köməyilə təmizlənmə mənasında götürmüşdür. İncəsənət (geniş mənada), o cümlədən, poeziya insanı müxtəlif əxlaqi-fiziki situasiyalarda təsvir edərkən, qəhrəmanlar öz xarakter – görümlərini bədii obrazlarda təcəssüm etdirərkən, oxucusunu (tamaşaçısını) tərbiyələndirir və daxili aləmi təmizləyir. Sual çıxır: - Qəlbin təmizlənməsi üçün hisslər «bənzəyişi» lazımdırmı? Və belə də cavab alınır: - Çünki almaz yalnız almazla, insan qəlbi yalnız insan mənəviyyatının təzahürü olan yüksək işıqlı estetik ideallarla cilalanır. Deməli, şairdə, yəni onun şəxsi keyfiyyətində «elmi baqajı» dişə vurmaqda haqlıyıq. Bəli, bu gün savadsız, sinəsi açıq şairlərə rast gəlmək həsrətini yaşamırıq və belə niyyətə düşmürük. Musa Yaqub nəslinin və ondan sonra gələnlərin poetik yaradıcılığını izləyəsi olsaq, nikbinliyimə sevinirəm. Vacib deyil şair şeirini elm adamı üçün qələmə alsın. Görkəmli alim və vətəndaş Xudu Məmmədovun «Qoşa qanad»35 kitabını oxuyanda xeyli cavandım və çox heyranedici təsir oyatdı məndə. «Ədəbiyyat və incəsənət» qəzetində geniş məqaləylə çıxış etdim. Alim həqiqət naminə şairlərin elmi təfəkkürünü qiymətləndirir. Dahi Füzulinin beyti kifayətdir:
Zira ki, elmsiz şer əsası yox divar olur,

Və əsassız divar qayətdə bietibar olur.
Mətləbdən uzaqlaşmayaq. Şair «günah» işlətmir, amma imkansızlığını nəzərə alıb, xalqına, Vətəninə yararlı nəsə olmaq istəyir, arzulayır; bununla daxilində yüngülləşir, fikrini əxlaqi sərvətə çevirir. Katarzis belə aspektdə bədii yaradıcılığın sosial-ictimai funksiyasını ödəyir. Fransız Edqar Morenin fikrincə, incəsənət istehlakçısı bədii dünyaya öz şəxsi həyat təcrübəsinin aynasından baxaraq onunla oxşarlıq, bənzəyiş məqamları tapmaqla dünya ilə ünsiyyətə girir. Belə əxlaqilik oxucuya nə verir: əsəri oxuyan reallıqdan doğan faciəni, gərginliyi, əzabı… duyur və həyəcanını – stressini yüngülləşdirir.

Musa Yaqub cəmiyyətdə gedən proseslərin qara rəngini görür, onu da duyur ki, bu rəngi ağ, qırmızı, yaşıl kimi qələmə verirlər; əyrini düz sırıyırlar. Şair bunların «müəlliflərini» yaxşı görür, tanıyır. Lakin özünü vətəndaş olaraq «ittihamın» bir xeylisini üzərinə atır. Oxucu şairin yanan, sevən və ağlayan ürək çırpıntısını sezir. «Haray» şeirində olduğu kimi:


Qayamdan bir daşım düşdü başıma,

Öz əlim zəhərmi qatdı aşıma –

Bu nə xəyanətdi çıxdı qarşıma?

Xislətim, qeyrətim, millətim haray!

Bu yolda çəkdiyim zillətim haray!

Qoy qolum kəsilsin, əlim görməsin,

Qoy ağzım qurusun, dilim görməsin,

Daha bu günümü elim görməsin,

Yurd-yuvam, ay ev-eşiyim haray!

Haray, laylam haray, beşiyim haray!
Bir oxucu kimi düşünməyə, yozmaya bilmirsən ki, «haraylar»ın ömrü hansı sonuncu «haraya» qədərdir. Ötən əsrin 90-cı illərindən başlayan Vətəni, torpağı qorumaq hayqırtısı çoxmu çəkər?!

Musa Yaqubun poeziyasında insan haqqının pozulmasını yoluna qoymaq, günahın təmizlənməsinə cəhd hisslərini aşılayan bədii nümunələrində bəşərilik ovqatını duyuram. İnsanın yüksək amalla yaşamaq ehtirası mənəvi-fikri yönümdən tərənnüm olunur, şeirlərin daxili-emosional mənbəyi əxlaqi sərvətə - hər bir fərdin cavabdehlik üçün özünütəmizləmə funksiyasına yiyələnməsinə zəmanət verir. Məmləkətin keçmişi və indiki durumunda poeziya eyni amalla maariflənməyə, mədəni dəyərlər qazanmağa xidmət etməlidir, belə amal üçün şeir bir vasitə olmalıdır. Seyyid Əliyə istinad etməli oldum: «…Əgər siz bəşərin maarif və mədəniyyətində, onun inqilabi cərəyanlarında, mənəvi aləmində tədqiqat aparmaq istəsəniz, məsələn, bir ölkənin maarif və mədəniyyət tarixində onun şüurunun dərinliyini, inkişafını bilmək istəsənəz, bunun üçün ən yaxşı vasitələrdən biri onun şeirinə diqqət yetirməkdir».36 Belə bir aksiomda şair poetik kredosuna cavabdehlik daşıyır və poeziyası katarzis funksiyasının başlıca prinsiplərini ödəyir. Şair bəzən bu fikrini, könül sakitliyini qısa, şeiriyyətli misralarında verir:



Bu dünyada sevinc də var,

dərd də var.

Hərəsi bir yana çəkər

könlümü.

Yaxşı ki, namərd yanında

mərd də var –

Biri söksə, biri tikər

könlümü.
Poeziya öncə zövq aşılayan bədii təxəyyulun məhsuludur. Şair lirik ovqatından oxucu əhval-ruhiyyəsinə yönəlir. Şeir bütün siyasi-sosial məqsədlərini inkar etmədən poetik lövhələrin, təsvirlərin, şeiriyyatın və s. inikasıdır.
Deməyin qızıldır,

zərdir çiçəklər,

Günəştək nur verib

saçıla bilməz.

Torpaqtək bir çiçək

bitirə bilər,

Yarpaqtək bir daha

açıla bilməz.
Rus şairi E.Baqritski yazır ki,37 şeir həqiqətdir, poeziyada heç də daima qələmin uclarından işıqlı rənglə süzülmür; onun «qara üzü» də var. Bu ikinci «rəng» onda görünür, şairin gücü çatmır şeirə; yox əslində – misraya – sözə». Söz çəki daşlarıdı, qalaqlananda pud-pud olur və onun altına əllərini verən Şair – ağırlıq qaldıran çəkini sinəsində saxlamağı bacarmır. Əlbəttə, poetik yaradıcılıqda bu qənaətin müxtəlif yozumları şəksizdir. Amma bir həqiqət diridir, ölməzdir ki, şeirə məhəbbət olsun, bu müqəddəs və sirli hissin ahəngi özünü büruzə versin və bunun mərkəzində məhəbbət dayansın. Sevən və vurulan, can atan və geri çəkilən, vüsalın addımlığında və hicranın uzaqlığında dayanan Məhəbbət. Musa Yaqub bir də ona görə xoşbəxt şairdir, məhəbbət şeirlərində sünilik, əfəllik, hərəkətsizlik və sair atributlar önə keçməmişdir, hegemonluq etməmişdir. Bir lirik ovqatın səsini astadan eşidək:
Dünyadır o ala gözün mənası,

Çatmaz o mənaya sözün mənası.

Yaşa, şirin ömrün şirin dünyası,

Bu sevgi yenidən ayıltdı məni.

Bahara uzanmış ağac qoluyam,

Alça budağı tək çiçək doluyam.

Təpədən-dırnağa sevda yoluyam,

Bu sevgi yenidən ayıltdı məni.
Bu nikbinlikdə bir səmimilik, kövrəklik ümidi oxucunu incitmir. Şairlərə belə anlarında realist gözüylə baxmağa dəymir; bir şeirində belədir, başqa şeirində xasiyyətini dəyişir. Musa poeziyasında Məhəbbət özündə – əyləndirici – tənzimləyici – təmizləyici funksiyalarını – bu «üçlüyü» yaşadan hissdir.

Məhəbbətin həzinliyi bütün hisslərin hakimidir; çünki paklığa, saflığa, ürfana çağırışdır. Bu məfhum İnsanın daxili dünyasının sirlərini çözələyir, düyünləri açır, yaxud bağlayır. O, süniliyi xoşlamır; bioloji-fizioloji və mənəvi-sosioloji parametrlərə yad görünmür; yox, bu hissi ifrat həddinə çıxaranda, «dəlilik» dərəcəsinə qovuşanda İnsan başını itirir, əqli emosiyalarının nökərinə çevrilir. A.de Sent-Ekzüperi məhəbbətin mahiyyətinə belə nüfuz eləmişdir: «Sevmək bir-birinə deyil, hər ikisinin birgə eyni istiqamətdə baxmağıdır». Füzulidən başlanan məhəbbət, yaxşı olardı bunu «eşq» adlandıraq – poeziyanın əbədi mövzusuna baş qoysa da, yalnız «məhəbbət» anlamı ilə özünə haqq qazandırdı. S.Vurğun, S.Rüstəm, M.Rahim, O.Sarıvəlli, B.Vahabzadə, N.Xəzri görünür, Füzuli yanğısını kənara qoymaqda ədalətli iş görmüşlər. Və bir də klassik poeziyamızın araşdırılmasında hər bir zamanın, epoxanın ictimai-siyasi, etik-əxlaqi dünyabaxışında mülahizələr irəli sürülür. Lakin çağdaş poeziyamızda elə bu kontekstdə «məhəbbət» anlayışını sakit buraxmışlar. Niyə? Nə üçün? Bəlkə bizim müasirlərimiz məhəbbəti əbədi mövzu seçməmişlər, bəlkə məhəbbəti Eşq nüfuzunda başa düşməkdə çətinlik çəkmişlər, bəlkə də Füzuli dövrünün şairləri səviyyəsinə qalxmamışlar? Daha başqa hallar da istisna olunmur. Musa Yaqub nəslində məhəbbət özünü gizlətməmişdir və küsüb qaçmamışdır ki, sizlərin yazdıqları arifanə məhəbbətə oxşamır, alimlik və ruhanilik də yoxdur, professor Nəsib Göyüşovun yazdığı kimi: bu məhəbbətin kökü dünyəvidir, həyatidir; o, mikromühitdən – dar çərçivədən çıxarılıb makromühitə – genişliyə qovuşdurulur.



Məhəbbət – poeziyanın predmetinə təsadüfi çevrilmir; o, şairi iki yöndən «çaşdırır»: birisi şair mövzu üçün, populyarlıq naminə; o biri sevdiyi, içindəki hissləri vermək vasitəsi baxımından. Filosoflar məhəbbətə sırf məntiqi mənbə, material nöqtəsindən yanaşır və idrakın yedəyinə bağlayırlar. Bu cəhətə filosof, professor Səlahəddin Xəlilov daha geniş toxunmuş, «Məhəbbət və mənəviyyat» məqaləsini yazmışdır. Mən belə anladım ki, o da sələfləri Platondan, Əl-Qəzzalidən, Ş.Sührəvərdidən… irəli getmək fikrinə düşməmişdir. Ağıllı hərəkətdə bulunmuşdur ki, Füzulidən qabaq və sonra yaşayan hikmətçilər (filosoflar) Füzuli mahiyyətində bu məfhumun şərhini söyləməkdə acizdilər.
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi eşqdən etmə cüda məni.

Az eyləmə inayətini əhli dərddən

Yəni çox bəlalara qıl mübtəla məni.
Füzulinin bu qənaətini çağdaş poeziyamıza şamil etmək niyyətindən uzağam. Adətən, xüsusilə, «son nəsil» şairlərdə məhəbbət mövzusu bəsit alınır. Ah-nalə ilə başlayır, küsüşmə ilə qurtarır. Musa Yaqub şeirində məhəbbətdən danışıramsa bu, xeyli «qəliz» məsələdir. Təsadüfi deyil ki, şair məhəbbəti özünə daha yaxın görür, hətta yaxına buraxır, ona əliylə toxunur. Bəzən o qədər isinişir və darıxmağa başlayır, ricası ilə uzaqlaşmağı istəyir (görəsən ürəyiləmidir?), bəzən həsrətini çəkir, darıxır, hətta payızlaşmasından ehtiyatlanır, bəzən də… əsası ondadı, məhəbbəti özünə aşina sanır. Musa Yaqubun məhəbbət şeirlərində sərtlik, eqoizm, yanıqvermə və sair davranış yoxdur; bu da onu digər şairlərdən ayırır, fərdiləşdirir. «Öyrətmə özünə, öyrətmə məni» şeirinin adını başı «məhəbbət daşına» dəyən kimsə oxusa, öncə ona hər şey aydın olacaq: Mənim əzizim, nə olubsa getdi, qaldı arxada, barı, bundan sonra ayrılaq, yoxsa yenə alışacam. – Təxmini yalvarışdır. Amma şair təzə rastlaşıb yarı ilə, ümid verir ona. Lap yaxşı:
Taleyin qisməti rast saldı bizi,

Yolumuz hardasa qırılacaqsa,

İtirəcəyiksə bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Sən allah, özünə öyrətmə məni,

Hicran qoxusuyla göynətmə məni.
Məhəbbəti – yüksək fazada Eşqi məntiqi idraka bağlayan filosoflarla mübahisəyə girmək həvəsim yoxdu, fəlsəfənin lazımi qanunlarını tökəcəklər ortaya, necə ki, S.Xəlilov Əl-Qəzzalidən sitat gətirmişdir: «Məhəbbət yalnız idrakın nəticəsi ola bilər; belə ki, insan ancaq bildiyi şeyi sevir, ona görə də məsələn, daş sevə bilməz. Məhəbbət ancaq dərk edən canlının xassəsidir». Poeziya nöqteyi-nəzərindən şair üçün məhəbbətin tərənnümü sırf emosional faktdır. Elə şairsiz də belədir. Məhəbbət – sevgi aşiqi – insanı «dəli-divanə» eləyirsə, ağlını alırsa… onda idrak harada gizlətdi özünü? Əgər idrak – dərk etməksə, bəs niyə məhəbbət ipə-sapa yatızdırmır? Mümkünmü? Əgər İdrak məhəbbəti nəzarəti altında saxlayırsa, o, məhəbbət deyil, hansısa idraki subyektdir, materialdır. Məhəbbətin də ramedilməzliyi bundadır, ecazkarlığı da. O biri mənada sevən İnsan məhəbbəti ruhuna aparan aşiqə hər şeyi anladır: Gözəlliyi başa düşür, dərk edir, rəngin çalarını seçir, ilin fəsillərinin necə keçdiyindən xəbər tutur və ilaxır. Şair üçün məhəbbət ilhamı ilə hisslərinin qovuşmasıdır.
Əlimi saçına öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə,

Üzümü üzünə öyrətmə belə.
Bu son üç misra məhəbbətin impulsivliyinə: qızla oğlanın təmasının əsas üzvlərinə işarədir, əgər bunlar kişi (oğlan) tərəfindən mənimsənilibsə, o, heç vaxt məhəbbətə çevrilməz və qadının (qızın) özünü öyrətməyə ehtiyacı qalmır. Musa Yaqub «məhəbbət elmindən» xəbərdar olduğundan, istəyir sevgisi bakir qalsın, yoxsa tez yovuşar, isnişər, bu isə… özünü müqayisələrlə təqdim edir:
Mən bir az baharlı budaq kimiyəm,

Bir az da sadəlövh uşaq kimiyəm.

Bala anasına qovuşan kimi,

Leylək yuvasına qovuşan kimi,

Arı gül-çiçəyə yovuşan kimi.

Eh, mən də adama tez yovuşanam,

Sevgi atəşində tez alışanam.

Amma ki, sönməyim çox çətin olur –

Sevgidən dönməyim çox çətin olur,

Öyrətmə özünə, öyrətmə məni.
Şairin «inandırıcı» detalları xarakterikdir, istər canlı, istərsə cansız olsun – ayrılmazdılar, cütdülər, nəhayət «ikilik» bir hissdə birləşir!

Şair haqlıdır fəhmində: o qız özünü yaxınlaşdırmadı və oğlanı içində alışdırdı, söndürmədi. Və oğlan (şair) etiraf qarşısında qaldı: «Niyə gəlmisən?»i yazdırdı:


Sən adlı o xanım-xatını mənə,

Vermədin o şahlıq tacını mənə,

Qıymadın o gül-çiçək vaxtını mənə,

Qış olub üstümə niyə gəlmisən?
Haqlıdır!

Beləcə danışır əlimlə əlim,

Beləcə baxışır gözümlə gözüm,

Yandıran da özüm,

Yanan da özüm…
Musa Yaqub Məhəbbət anlamını platonik, əlçatmaz zirvədə axtarmır və «Mən»i Məcnunsayağı dayanmır. Ona görə ki, Məhəbbət onun içindədir, vücudundadır və hər şeir yazanda Məlakələr təkin çiyinlərinə qonur; Məhəbbətiylə üzbəüz qalır. Şeirlərində dialoqa – həmsöhbətə girir; küsür də, barşır da, gözdən itir də, ürəkdən qaçır da.

Məhəbbət ona görə də İdrakın «övladı» deyil, xəbərsiz gəlir, ürəyi yandırır, bircə ağıla, idraka qalxmır. Əks təqdirdə, müdrik adamlar üçün belə məhəbbət adi nəsə olardı. Akademik məhəbbəti aldadardı, yaxud Məhəbət akademiki şil-küt eləməzdi. O şey ki, icazəsiz-filansız İnsan hisslərinə axır, heç vaxt İdrakın nomenklaturasına düşməz:


Bağlayıb ömrünü qoşa budağa,

Budaq sevgisinə yarpaq nə deyir…

Od tutub alışan bir quraqlığa

Yağış çilənəndə torpaq nə deyir.
Bax, mən də eləyəm, ay iki gözüm,

Demə şirin sözlə könlümü dindir.

Mənim yarpaq sözüm, o torpaq sözüm

Qalıb ürəyimdə, amma sənindir.
Musa Yaqub nəbatət alimi olsaydı ağacların, yarpaqların və torpağın mübhəm məhəbbətini elmi dillə şeirin yozumu qədər «aça» bilməzdi.

Musa Yaqub fərqli poetik baxışla təbiətin nemətləriylə, deyək ki, laləsinin, bənövşəsinin görümünü, hansı ki insanda daxili bir yanğı, sevgi assosiasiyası doğulur – özünün məhəbbətini duyur və müqayisə aparır. «Lalə öz oduna alışdığı, sözlərin dillərə düşdüyü qədər»:


Bax mən də eləyəm, ay iki gözüm,

Demə şirin sözlə gəl məni dindir.

Mənim lalə dağım, bənövşə sözüm

Qalıb ürəyimdə, amma sənindir.

Nədir söz üstündə bu giley-güzar,

Bircə baxışım da sənə köməkdir.

Könlümdə hələ çox söz toxumu var,

Onlar da səninçin göyərəcəkdir.
Şair üçün Məhəbbət cismani və mənəvi kamilliyin harmoniyasıdı, subyektin zahiri gözəlliyilə daxili dünyasının xoş münasibətlərinin ehtivasıdı. Hərçənd, şairi «pak suya» çəkmək: yox, məni o gözəlin vücudu, ədası, danışığı maraqlandırmır – pıçıltısını eşitmək yalan olardı. Gözəlin görümü, onunla söz-söhbəti, əsası – saymazlığı (bilərəkdən) yandırıb-yaxır ki, Məhəbbət şeirləri hasilə gəlir, əslində, birbaşa doğulur! Və qəribəliyi odur ki, məhəbbətə dair onlarla şeir qələmə alır; belə çıxır – hər bir şeirin təsvir predmeti – gözəllər silsiləsidir, hamısını da sevir. Xeyr, gözəlin mənəvi zənginliyi, bakir duyğuları, zahiri çöhrəsinin ifadəliliyi həsrəti şeiri yazdırır. Bunları müşahidə edərkən, əlbəttə, qəfil şair psixi halı yaşayır, əhvalı dəyişir və əgər zərif stress keçirməzsə, şeir alınmaz. Şeir onun hakimi rolunu oynayır! Bu məqamlarda gözlə duymaq, əndamını, ədasını emosiyalarında yaşatmaq «nöqtəni» qoyur. Gözü gözəlin baxışlarıyla toqquşanda birbaşa sinirlərini oyadır və yaddaşına da əbədi ötürülə bilir. Filosof İbn Xəzm yazırdı: «İnsanın dörd hiss üzvünü onun qəlbinin qapıları, ruhi aləminin pəncərələri adlandırmaq olar ki, bunlardan göz öz göstərişlərində daha kəskin və həssas olduğuna öz təsirliliyilə daha geniş sahəni əhatə etdiyinə görə ən mühümüdür. Göz qəlbin onu düzgün yola aparan sədaqətli müşayiətçisi və sərbanı, şeylərin mahiyyətini mənimsəyən, keyfiyyətləri duyan, duyğuları idrak edən şəffaf güzgüsüdür». Şairin gözü və heyrəti; digər yozumu:

Bu nə möcüzədir, küçədən keçir,

Elə bil işıqdır gecədən keçir.

Göydənmi enibdir mələk sayağı,

Yerdənmi çıxıbdı çiçək sayağı.

Onu kim yaradıb,

Harda yaranıb?

Harda sığallanıb, harda yaranıb?
Məncə, Məhəbbətdən törəyən Sevgiyə ən ədalətli tərifdi bu son şair fikri…

Musa Yaqubun məhəbbət şeirlərində obyekt – gözəl-çirkin olmur, ürəyi qədər safdır, kamildir. Xüsusilə, intellektual zövqlə o, bəlkə də başqasının qiymətləndriməyi bacarmadığı (görmədiyi) bir ştrixə, ədaya, hansısa fiziki məkana (dar mənada) şair reaksiya verir. Budur. «Bir gözəl keçir»də gözəlin əlamətlərini sadalamır, belə olsaydı şeirə yox, həmcins üzvlərin yığımına çevrilərdi. Hər bir gözəllik mənbəyi oxşar əlamətlərlə müşayiət edilir, lakin gözələ, barı, bricə dəfə baxması ilə təsəlli tapacağına ümidlidir. Əgər bu, baş tutarsa…


Gözəl, bircə dəfə

bax mən tərəfə…

Bu nə ilahi göz, bu nə baxışdı!

Naxışlar içində bu nə naxışdı!

Toxun çiynin ilə o budaqlara,

Qoy o budaqlar da bəxtəvər olsun.

Lap heyfim gəlsə də gül barmaqlara,

Toxun o divara daşı zər olsun.
Məhəbbətdən söz açmır, «səni sevirəm» söyləmir, amma o görkəm ki var onda, şairin daxili-mənəvi zənginliyidir – elə özü sevər. Şair surətpərəstliyini əyaniləşdirmirsə… Onu özünə çəkən nəsə yox deyil. N.Q.Çernışevski deyirdi ki, solğun və xəstə bir gözəlliyə uymaq süni olaraq pozğunluğun əlamətidirsə, hər hansı bir həqiqi oxumuş adam hiss edir ki, həqiqi həyat ağılın və ürəyin həyatıdır. Bu həyat sifətin ifadəsində, daha bir aydın şəkildə isə gözlərdə əks olunur.

Böyük şəxsin qənaətidir, çirkin, solğun (rəng mənasında), xəstə bir gözəlliyi qəbul eləmir, bu fikirlə mən razılaşmıram. Gözəllikdən, qadındakı bu harmoniyadan söz gedirsə və orada sevən hiss varsa, məhəbbət qaçıb gizlənməz. Qadınlar, gözəllər kişilər üçün eyni təsir oyatmır, burada nisbilik var. Musa Yaqub məhəbbətə – sevgiyə asanlıqla təslim olmur, hisslərni söndürür – dözümlülük – tərəfmüqabilinə onun məhəbbətinə maraq olmadığını etiraf etməyə təşviq eləyir. Maraqlı münasibət deyilmi? Bir şeirində olduğu kimi:


Sənin sevgi yolun yolun bozudu,

Elə bil ürəyin bulaq buzudu.

Təbəssümün gülə çilənmiş sudu –

Ondan işıq düşməz mənə bir gilə.

Sən ki, şeh deyilsən düş o ləçəkdən

Düşüb günahını etiraf eylə.

Mən qanad verənəm, sən qanad yoran,

Könlümün içində könlümü qıran.

Bir sevda üstündə min oyun quran –

Özünü nə arif, nə sərraf eylə,

Quqqu quşu kimi özgə yuvadan

Çəkil, günahını etiraf eylə.
Oxucu şairin obrazlı, təşbehli, ilğımlı paralellər apardığına yalnız heyran kəsilə bilər. Çayın, dənizin buzunu görmüşük, oxumuşuq, amma «bulağın buzu» müqayisəsi poeziyada ilk dəfədir oxuyuruq. Eləcə də təbəssümün gülə çilənmiş su, məşuqun o ləçəkdən şeh təkin düşməsi. Onun üçündür Musa Yaqub heç bir şairin «cibinə» girməmişdir, hətta klassiklərin də!

Məhəbbət İdrak aktı ilə birbaşa əlaqəlidirsə, şair ilk növbədə Məhəbbətin qarşısında status qoymağa borcludur, necə ki, İdrak bizə realist yol göstərən təfək kür elementidir. Məhəbbəti eşq dəyərinə qaldırmaq da düzgün olmazdı. Qadın tərəf-müqabilinin diqqətini çəkirsə, başqa fərqləndirici fiziki əlamətlərdən söhbət gedə bilməz. «Ömrün» şeirini oxuyanda şairin məcazi mənada paradoks görünən sərlövhəsi tamam obyektiv fikri tamamlayır. Məhəbbət – qadına meyl yüksək ovqatdan başlayır, əqli yanaşmadan yox. O ovqatda heç nə gözə görünmür və belə də olmalıdır; yoxsa qadın məhəbbəti Ginnesin kitabına düşərdi. Budur, həmin ovqat; bir xeyli ritorikadan uzaq, amma lirik:


Çağlar bulağını qurutmayasan,

Yanar ocağını soyutmayasan.

Səni unutmazı unutmayasan,

Qoy dönsün məhəbbət yaşına ömrün.

Eh, yaşın nədir ki, şirin bir xəyal,

Hə bir az sevgidir, bir az da kamal.

Həmişə gördüyüm təravətdə qall,

Dəyməsin heç namərd daşına ömrün.
Bu şeir isə sakit, astagəl sevginin tərənnümüdür, şairin yalvarışıdır ki: gedib çatmayasan ömrün qışına – baharlı günlərin uzanması şərtiylə. Şeyirdə Musa Yaqubun öz yaşı (şeirin haçan yazıldığı məlum deyil) ilk gəncliyindədir – arzulayır: O mehr çırağı könlündə yansın, bir cənnət bağında sərv ağacı ol ki, ömrün həmişə yaşıla bürünsün…

Musa Yaqubun məhəbbət şeirlərini düzü, ələk-vələk eləmədim və buna ehtiyac da duymadım. Onda insana məxsus bu ali hissin mənbəyi özünün xarakterindən, insan varlığına təmənnasız məhəbbətindən irəli gəlir. Belə ruhlu şeirlər monoton motivlərdən çox-çox kənarda dayanır. Təsvirlərində kəpənək qanadı tək zərif və gücsüzdü, şəffaf və ilğımlıdı – bütöv lirik detalların harmonik obrazıdır.

Şair heç vədə ümidini itirmir, sevgisini də. Ən zəif durumunda, tənhalaşanda əllərini oxşamaq istəyir, vücudunu onun ixtiyarına buraxmaq istəyir. Könlünü etibar eləyir:
Bəlkə məlhəm oldu sevgi ağrıma,

Ver, ver əllərini basım bağrıma.

Sənindir ixtiyar, sənindir izin,

Gir mənim könlümə, könlümdə isin.

Sən özün rəva bil, könlümü oxşa,

Ömrümü, günümü, gülümü oxşa.

Oxşa əllərinlə, gülüm açılsın,

Oxşa dillərinlə, könlüm açılsın.
***

Mən belə bir fikrə gəldim – Musa Yaqubun məhəbbət lirikasının fövqəl gücü sevginin sadəcə tərənnümü yox – təbiətdən aldığı enerjini məhəbbətinə – tərəf müqabilinə ötürməsidir. Bu da bir qanunauyğunluqdu. Onun həyat fəlsəfəsindən yaranan şeirləri ona görə də daxili enerjilidi – Təbiətin bütün dinamik proseslərini yaşamağı bacarır, həyatla sevgilisi – subyekti arasındakı kəsişən və paralel xətləri duyur. Onun ürəyində və idrakında olan bu ağır yüklər sanki ağırlıq gətirmir və yolundan saxlamır; hər səhər doğulur, axşamlar şairlə birgə yuxuya gedir. Gedir ki, səhər bakir vücudu kimi oyansın – İnsanın içərisi təmiz, riyadan uzaq düşəndə poeziya da xəcalət çəkmir və hadisələrin, predmetlərin suqqestepdik yolunu yox, substansiyanı seçir və özünün predmetinə çevirir. Bu hissləri «Mən sənin könlündə» şeirində duyuruq və yaşamağı bacarırıq.


Mən sənin könlündə həyat ağacı,

Xatirəsi şirin, indisi acı –

Hicranlı günlərdə əzabındı o,

Sapsarı yarpaqlı kitabındı o,

Hərdən bu ağaca payız dolacaq,

Şirin xatirələr xəzan olacaq.

Səni ayıldacaq payızlarıyla,

Bir də sızım-sızım göynəyəcəksən…

Sonra bu qışa da öyrənəcəksən…

Daha bu ağacın nəyini bölüm,

O sənin könlündə budaq-budaqdı,

Eh, unutmaq olsa nə var ki, gülüm,

Dərddə unutmağı bacarmamaqdı.
Bacarmayacaqsan, yorma özünü

Bu ağac özünsən, qırma özünü.
Məhəbbət mövzusu kateqorial xarakteri daşımır, bütövdür və bu hiss haradan gəlir, bəlkə «qidalanır» deyək? Bir onu deyərdim ki, bu hiss kainat qədər sirdir, belə olmasaydı məhəbbətə mütləq tərif verərdilər. Müdriklər bu sirrin qarşısında öz acizliyini boyunlarına almışlar. Hərçənd, bu fenomenin növlərini fərqləndirmişlər: iztirab və ağılsızlıq. Sonuncu qənaəti «epotamatiya» - ağılsız məhəbbət, yəni məhəbbətdən ağılı itirməkdir – demişlər. İztirab – onun üçün (sevən) yaşamaqdı, fəaliyyətdi, nikbin arzulardı. Mənəvi (sosial yox) iztirab olan məqamlarda ağıllı düşüncəyə yol açılır, bir şərtlə: fiziki tamlıq potensialını qorumağı bacarsın. Amma bu iztirab ağılın itirilməsinə gələndə, Məcnunsayağı məhəbbəti xatırlayırıq. Unutmayaq ki, bu cür məhəbbətin başlıca spektri mənadır; deməli, məhəbbətin mütləq anlaması alınmır, sifarişə çevrilir. Məhəbbət eşqdən çıxıb, çoxmənalılıq xüsusiyyəti alır. Musa Yaqubun məhəbbət mövzulu şeirlərini hətta «təhlil» etmək həvəsinə düşdüm; çün, bura qədər haqqında yazdığım fikirlər məni dərinə çəkdi. Belə bir tezisə gəldim: Məhəbbət Təbiətin yeganə cəhdidir, insan varlığını, şəxsiyyətini, cəmiyyətdə mövqeyini başqasında tapır. Bu tezisə onu da əlavə edirəm ki, məhəbbət sevənin fizioloji instinktividir – hələlik onun üçün naməlum obyektdə – səndə (onda) özünü reallaşdırmaq istəyir. Konkret olaraq Musa Yaqub şeirində məhəbbətin tərənnümü ovqatdan başlayır və bü cəhəti bütün yaxşı şairlərə aid edirəm. «Onda biləcəksən», «Ürəyimin dərin bir guşəsində» şair həsrətdən ovqatlanır:
İndi nazın böyük, ürəyin aram,

Eh, mən də səninçin belə qalmaram…

Bir də görəcəksən, bir ərk yerin yox,

Qalmısan neçə yad baxışın altda.

Qəfil görəcəksən, çətrin də yoxdur,

Əsirsən bir qərib yağışın altda.
Günəşdə üzünə kölgə salan yox,

Tənhasan, amma heç yada salan yox.

Sönüb səndən ötrü o isti ocaq.

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən, o da çox gec olacaq…
Həsrət məhəbbəti alışdırır, yandırır və alovlandırır. Bu hissdə real bir şey yoxsa – daha möhkəm ovqata çevrilir, adilikdən çıxır, impulsvari təsirə malik olur. Ehtiras, coşğunluq və sair çəkisi maddi cəhətdən ölçüyəgəlməz hisslərsiz qeyri-reallıq doğurur.
Dilimdə şipşirin o adın yoxdur,

Bir nağıl, bir sevgi, həyatın yoxdur.

Gün keçib, vaxt ötüb, xatirəm uzaq…

Onda biləcəksən mənim sevgimi,

Biləcəksən, o da çox gec olacaq.
«Ürəyimin dərin bir guşəsində» şair içində yaşatdığı, qoruduğu hissin oyatdığı ovqatı təsvir edir. Belə bir formulə yaranır: əgər bu məhəbbət deyilsə, bəs hansı xəstəlik məni dinc buraxmır. «Sevgim yadıma düşəndə «ovçunun ovlaqda bir ocaq çatıb, sonra yana-yana qoyub getdiyi o ocaq kimi özüm yanıram» - şair reallığından çıxır.
Gözümə, dilimə keçəndə qəfil,

Bu sevgim özgə cür olur elə bil;

Dünyada tək səni axtarır gözüm.

Beçə balı kimi şandan süzülüb,

Sinədən qopulub, candan süzülüb

Gedir tərifinə ən şirin sözüm…
Lakin məhəbbət təması rədd etmir, şair də buna çalışır, xəyalında canlandırır, əlbəttə ki, streotipsiz:

Çırpınır, döyünür bir ürək kimi,

Çiçəyə tələsən kəpənək kimi.

Tək səni axtarır, istəyir ancaq,

Əlimə, üzümə – sənə toxunmaq…

Tələsir saçında tumar olmağa,

Çiynində dincəlib xumar olmağa.
M.Yaqub bu təsvirdə «təmiz məhəbbətə» gəlir. Antik filosof Platona görə, bu hissi – təmiz məhəbbəti insan həyatının fizioloji instinktdən fərqləndirmişdir. Mən o məhəbbət, sevgi şeirinin tərəfdarıyam: bu hiss cinsi instinkt statusu almasın!

Musa Yaqubda sevginin (məhəbbətin) ahəstəliyi, sakit çay surətinə malikliyilə bahəm, «dəli sevgi»si də var və bu sevgini dəlicəsinə arzulayır. Təzada bax ey!


Uğursuz yolu da uğurlandıran,

Qranit qayanı cığırlandıran,

Atəşində əhəng daşı yandıran

Ölürəm bir dəli sevgidən ötrü.
Bu dəli sevgidə xoşbəxtolma motivləri inandırıcı təsiri oyadır: aşiq-şair az qalır bunu mütləq formulə çevirsin. Çün:
Nə sərhəd, nə bir hədd, nə qanun qanan,

Eldə təndir, təndir qucağı yanan,

Sinə daşında da ocağı yanan –

Ölürəm bir dəli sevgidən ötrü,

Suda da, odda da yaşaya bilən,

Ən çətin əzabı daşıya bilən,

Vüsalda dirilən, hicranda ölən –

Ölürəm bir dəli sevgidən ötrü.
Belə şeirlərdə bəzən emosional ovqat rəngini və dadını dəyişir, acı təmi verir. Musa Yaqub bu anlarında da içindən peşimanlayır, səhvini etiraf eləyir, əlbəttə, şeir yazır!

Gör kimi bilmişəm özümə yaxın,

Eh, mənim bu sevgim nə bitməz oldu.

Ümid üfüq kimi gözümə yaxın

Nə qədər yol getdim, əlyetməz oldu.

Yox, daha könlümü açıb sabaha

Dan üzü bu yolu tutmağım olmaz.

Nə ümid sabahım açılar daha,

Nə də o üfüqə çatmağım olmaz.
Ümumiyyətlə, məhəbbət şeirlərinin poetik qaynağı arxada közərən xatirələrdir. Əgər şairin (adi insanın) bu hissə doğmalığı yoxsa – o, quruca bir müqəvvadır – nəinki quşlar, heç həşəratlar da ona yaxınlaşmaz, dayanmaz, heç o zəmiyə, bostana gəlməz. Musa Yaqubun ilk şeirlərindən başlayır bu əbədi hiss. Elə ona görədir – misraları istidir, hənirtisi son misrasınacan öləzimir. «Qəfil bir atəş», «Xeyli yaşadacaq bu ümid məni», «Baharın yarpaq tökümü», «Saxla həsrətini» və s. şeirlərini kövrəlmədən oxuya bilmirsən. Bunun bir səbəbi də şeirinin diri qalmasıdır, şeirin ömrüylə bəhsə girməsidir:
Mən sənə əlvida dedimmi?.. Dedim.

Dedimsə min dəfə öldüm, dirildim.

Sən getdin o həzin buludlar kimi,

Mən qaldım yanğılı torpaqlar kimi.

Sən axdın su kimi, bulaqlar kimi,

Mən yandım susamış dodaqlar kimi.

Sən getdin əl edən budaqlar kimi,

Mən qaldım kül olan ocaqlar kimi.

İstədim könlümü bir də ovudum,

Sinəmi dağlaya-dağlaya qaldım.

Gəncliyim gəlmişdi qapıma, qovdum

Dalınca ağlaya-ağlaya qaldım.
Şair heç vaxt ümidini itirməz – bu söz sənətinin yaşam qanunudur. Məhəbbət də ona görə əbədi qalır aşiq-məşuq görüşmək ümidini itirmir və bu, baş tutanda – hər bir olay, söhbət, maddiyyat vərəqlənir. Bu dəfə Musa Yaqubda bu görüş möcüzə doğurur, nikbin ovqat oyadır. Halbuki:
Fikrimə, duyğuma çökmüşdü duman,

Dumanda sozalan çıraq kimiydim.

Səhra günəşinin altında yanan

Qovrulub sızlayan torpaq kimiydim.

Bu yağış hayandan çiləndi, gəldi,

Közümün üstündə şeh gilələndi,

Xeyli yaşadacaq məni bu ümid.
Məhəbbətin bir ecazkarlığı da: hicrandan, bu uzun həsrətdən sonra ümidin oyanışıdı, cana ruhun gəlməsidir. Təbiət də elədir, baharın işığı torpağa, ağaca, çiçəyə, yarpağa hopanda – bu nəsnələr dirçəlir. Musa Yaqub yuxarıda xatırlatdığım kimi – məhəbbətin oyanışını insandan (şairdən) ayırmır. Necə ayırsın ki?
Kölgəm də dirçəlib göyərdi, qalxdı,

Xeyli yaşadacaq məni bu ümid.

Ey hicran dərdinə tapılan əlac,

Ey bahar töhfəsi,

Ümid şöləsi!

Balta yarasını sağaldan ağac,

Ey nakam kötüyün şumal pöhrəsi,

Xeyli yaşadacaq məni bu ümid.
Bax, şair ovqatı budur – haçansa o ümid qırılır – səbəbi bəlli olmur, bu anlar şairə şeir bağışlayır. «Baharın yarpaq tökümü» belə bir əhvalın həzinləşmə məhsuludur. Şair o anlarındadır – özü də çaşbaş qalıb: niyə dayana bilmir, gedə bilmir, ümidinin kövrək qanadı sınır. Özü də hansı vaxtda:
Yazın bu ilahi, bu xoş çağında,

Ümid cığırında, sevda bağında

Çiçəklər açılır, mən açılmıram,

Nə gözüm yığılır, nə könlüm aram,

Təkcə bu gün deyil səbrimi kəsən,

Yolumuz qırılar bu gün gəlməsən.
Amma dünən sevgi havası udurdu şair, özünü bəxtəvər sanırdı; çün, sevgi ümidi yavaş-yavaş ayaq açırdı, kəpənək kimi çiçəkdən-çiçyə qaçırdı. O gün təzə-təzə çiçəklənirdilər, təzə-təzə ləçəklənirdilər. Bax, baharın yarpaq tökümündə ürəyə payız nəfəsi dolur. Və şair baharda yarpaq tökümünü görür. Sevən insançin necə də ağır, həzinli bir görüm. Şairin şeirdə əbədiləşdirdiyi bir gün.
Bu gün… yaman ağır keçir bu günüm!

Sən dönə bilirsən, mən necə dönüm?!

Gəlmədin… gözləmək ümidim əbəs,

Kimə saxlayıram əllərimi bəs?

Kimə saxlayıram gözlərimi bəs?

Kimə saxlayıram ürəyimi bəs?..
Xatirənin uzaqlığı, yaxınlığı var. Uzaq adətən hər an, hər dəqiqə, hər gün… yada düşmür, onda oyanır – kövrək və şirin bir maddiyyat, təmas, ünsiyyətin kodu üzbəüz dayanır. Xəbərsiz o xatirəli yerdən keçəndə, o cığırdan ötəndə sevgi həsrəti «divan» qurur. Şair bu məqamla qoşalaşıb, indi tənhalaşıb; bircə xatirə qalıb.
Allah, necə donur çarxı məhvərin!

Aman, burda səni necə arardım…

Pəncərənə düşən qəfil kölgədə

Ümid axtarırdım, səs axtarırdım.

İndi pəncərəni tanımadım heç,

Biganə ayağım, durma, gəlib keç,

Min yol baxdığını heçə döndərən

İnsanın gözləri nə dönük olur.

İndi o sözləri pıçıldamıram,

İnsanın sözləri nə dönük olur.

Baxır, görməyi yox, alışmağı yox,

Biganə baxışlar nə sönük olur.

Musa Yaqub məhəbbəti əşyalaşdırır, erosdan qaçır, dönük çıxan məhəbbəti spektrləşdirir. Belə hiss aşılanır onun şeirlərində - iztiraba yoldaş olan bu hiss (məhəbbət) həvəsdən çıxır, instinkti rədd edir və düşündürür. Hətta işgəncələrdən çəkinmir. İtaliyalı şair F.Petrarka deyir ki, məhəbbət – bu işgəncələr, ilahi, qəzəbli alovdurmu? Bəs bu işgəncələrin şirinliyi necə? Nə yaxşı, Petrarka fikrinə son nöqtəni qoymamışdır! Musa Yaqub bütün eşqin macəralarından peşimanlasa da, sevgisiz, eşqsiz canının diriliyini təsəvvürə gətirmir; şairlərdə o eşq iztirabı bədənlərini tərk edəndə ruhsuz qalırlar, çabalayırlar – bir misra da gəlmir. Ona görə də xəyali suala tuturlar aşiqi; buna yalvarış demək olmaz, amma bir təsəlli, ümid paylarını əsirgəmirlər. «Sənə son şeirim» şeiri bu hissin məhsuludur:



Sən xəzan etdiyin çəmənim həşəm,

Mən quzey ağacı ayağı qarda.

Mən yoxam, canımı sənə vermişəm,

Harda saxlayırsan canımı, harda?

Əhəng sobasında güldü daşlarım.

Arada bir insaf, bir mərhəmət yox,

Getdi ayağında yalvarışlarım.

Harda soyudursan əhəng daşımı?
Və şairin etirafı: onsuz (eşqsiz) sınıq bir badaq, bu budağın yanıq körpüsü, sevgisinin sınıq körpüsü. Bu «olmuşlar» əbəs xatırlanmır, çox şey məcazi mənada – spektrdə itirilmişdir.
Bəs sənə uzanan qolum hardadır –

Hara döndərmisən cığırlarımı?

Nə yaman göyərtdin əvvəllərimi,

Nə yaman soldurdun axırlarımı?!
Və şairin son kövrək ricası – şeiri:
Darıxsan, yanında saxla mehrimi,

Mehrimin yanında bu son şeirimi,

Oxu, zümzümə et, əlvidam olsun,

Bircə yol oxuyan qu quşu kimi.

Bu, mənim son nəğməm, son nidam olsun!..
Musa Yaqubun məhəbbət şeirlərindən bir nikbin motiv duyulur: ayrılıqlar, görüşlər, intizarlar, həsrətlər – bütün bunlar aşiqi və məşuqu xoşbəxt etməyə borcludur, məhəbbət insanın səadəti naminə çox-çox vəzifələr qoyur, onların həllini arzular – sonda dünyaya övlad – insan gətirər. Məhəbbətdən doğulan cocuqlar fiziki və ruhi baxımdan sağlam olurlar. Mən məşhur fizioloq A.A.Uxtomskidən bir iqtibas gətirəcəyəm: Məhəbbət öz-özlü­yündə insanın qazandığı bütün xoşöəxtliklərdən ən ulusudur. İnsan üçün həqiqi sevinc, xoşbəxtlik və varlığın mənası yalnız məhəbbətdir. Lakin bu məhəbbət qorxuludur, çünki o, dünyanın heç bir başqa qüvvəsi kimi insanın boynuna çox vəzifələr qoyur, sevdikləri uğrunda ölümə belə getməyə hökm verən bu vəzifələr qarşısında qorxaqlıqdan insanlar özləri üçün sanballı motivlər axtarıb tapırlar ki, sükuta dalsınlar, məhəbbəti isə heç bir şey tələb etməyən surroqatla əvəz eləyirlər.


1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə