P.S. Bu bədii nümunədə fəlsəfəçilik axtarmaq iddiasına mən düşmürəm, lakin «Azadlığı halallıq gətirər və dünyanı fəsadlardan qoruyar» formulunu görməyə dəyər. Poeziya belə mənəvi qanunlara, harmonik elementlərə əsasən qurulur və insanı bu nəzərdə görmək istəyir. İnsan – şəxsiyyət konsepsiyası bəşəridir, daimidir, bu isə insanın yaşadığı dünyanın indiki halına konkret baxışdır. Marks xəbərdarlıq edridi ki, olan şərait insan məhsulu olduğu qədər insan da həyat şəraitinin məhsulu kimi özünü büruzə verir. Fəlsəfi ədəbiyatlarda belə bir fikir dolaşmışdı ki, şəxsiyyət – insan konsepsiyasına lokal, müstəqil yanaşmaq gərəkdir. Bu konsepsiya həyat, dünya konsepsiyası ilə əlaqələndirilirdi və xalis sosial parametrlərdən istifadə ilə səciyyələndirilirdi. Unutmamalıyıq ki, İnsan təkcə sosial deyil, psixoloji, əxlaqi, bioloji və s. fenomendir. Və bəşəri fəzilətlərlə fəsadların baisi kimi birinci – sonuncu yeri tutur!..
Poeziyada, eləcə də Musanın yaradıcılığında İnsan konsepsiyası yalnız poetik subyekt deyil: insanın mahiyyəti ictimai münasibətlərin məcmuunda təsvir edilir: insan şüuru və varlığının rəngarəng fərdi ifadəsi, səciyyəsi, əxlaqi katarzisi və sair kontekstdə. Poeziya mübaliğəsiz bu məsələlərə elə yanaşır – insan psixoloji, sosial, fəlsəfi simasını göstərir. İnsan əməlləri tarixi varlıq prosesinə əlavə ilə, insan taleyiylə xalqın taleyinin ayrılmazlığını estetik idealının bir komponenti gözündə təsvir edir. İnsan varlığını xərcləyə-xərcləyə, ürəyinin işığını közərdə-közərdə geriyə yolu seçir, ürəyi ümidsizləşir, sızlayır və geri çəkilir. Qəribədir, dünyanın ən mürəkkəb sirlərinə «açar» tapan İnsan ölümün qabağında təslim olur. İnsan son aqibəti beləmi başa çatır və bu həqiqəti dərk edərəkmi fəsadlara yol verir, xalqı zülmə düçar edir?
İş o yerə dirənib – şair onun görüşünə gələn el-obasını rəva görmür. Səbəbi? Mühit insanları dəyişdirib – bu ən doğma, xatirəli yerlər, ağaclar, çiçəklər, yamaclar – bunlar da başqalaşıblar. Həqiqətdir: İnsan əxlaqı – davranışı başqalaşanda fəhmlə o (insan) nəyləsə, kimləsə ünsiyyətə girirsə – başqalaşır. Həyatın fəlsəfəsi var: kimsə bu bəd xasiyyəti – özgələşməni təmizləməlidir, katarzis etməlidir, bunu şair qabaqcadan duyur və çalışacaq da, lakin.
Sığınıb uçuruma, söykənib dağa
Çıxmayın yoluma, kövrək ağaclar,
Çıxmayın siz məni salamlamağa.
Mənə budaq-budaq əl uzatmayın,
Könlümü almağa gül uzatmayın,
Mən sizi qoruya bilməyəcəyəm,
İndi yer yiyəsi başqadır tamam.
Sən a köhnə örüş,
Vadisi gümüş
Çəkmə cığırına ayaqlarımı.
Bulağım, özünə öyrətmə məni,
Öyrətmə suyuna dodaqlarımı,
İndi sular başqa, cuvar başqadır,
Yox, sizi qoruya bilməyəcəyəm,
İndi yer yiyəsi başqadır tamam.
Həyat mübarizədir – deyilib, unudulub ki, ayrılıqda həyat yoxdur, insan cəmidir bu «həyat»ı yaradan və gözəlləşdirən. Və öz növbəsində insanlara həyat verən təbiətin ümidi şairədir, axı, o(nlar), Allahın söz elçisidri. Şairin həzin bir etirafı, qələm çətinlik çəkir vallah yazmağa:
Bu nə səltənətdir, bu nə qiyamət!
Gəl məni özünə öyrətmə, cənnət!
Könlümə bu qədər nur ələməyin,
Girib ürəyimə rişələnməyin.
Bağrımın başında çatıb ocaqlar,
Sizi ürəyimdən qoparacaqlar,
Mən sizi qoruya bilməyəcəyəm,
İndi yer yiyəsi başqadır tamam.
Oxuyan qovaqlar, bu nə avazdı?
Narıncı yamaclar, bu nə libasdı?
Bənövşə gözlərlə baxmayın belə,
Könlümü qaldırıb gül məqamına,
Sonra o məqamdan yıxmayın belə,
Mən sizi qoruya bilməyəcəyəm,
İndi yer yiyəsi başqadır tamam.
Gözümdə bənövşə tükünü seçən
Gözdə tir yiyəsi başqadır tamam.
Mən özüm əlacsız qalıram, doğrumu, mən öz doğma yerimə, uşaqlığım qalan elimə-obama yol salsam və məndən kömək diləsələr, acizləşərəmmi? Dilim gəlmir, qoy şair Mussa Yaqub desin, mən axı, şair deyirəm!
Pis gözü qaytara bilmir dağdağan,
Pöhrə əsməcədə, kötük ağlağan.
Öyrətmə özünə, ay çinar məni,
Bir bəzək ağacı həddinə salıb
Daş-torpaq yeyənlər qayçılar məni,
İndi yer yiyəsi başqadır tamam.
Mən sizi qoruya bilməyəcəyəm.
Daha bu görüşə gəlməyəcəyəm,
Bu qəsdin içində neyləsin adam?..
İnsanın mənəvi aləminin «poetik mexanizm» böyük ictimai amala xidmət edir və şəxsiyyət statusunda mənəvi potensialını yüksək qiymətləndirir. Ona görə də bu məsələyə poetik yanaşmada şairlərin yaradıcılığında onun (məsələnin, problemin) ifadə özünəməxsusluğu arasında fərqlər yox deyil. Təəssüf ki, çağdaş ədəbi tənqid belə vəziyyətlərdə birtərəflidir, səthidir. Professor A.Boçarovun hələ 70-ci illərdə söylədiyi bir fikri xatırlamalı oluram: «Tənqid ədəbiyyatın məhz ümumi koordinatorlarını deyil, onlara həmahəng olası gözəllik rayihəsini müəyyən etməlidir».28 Biz insanı ictimai məxluq, varlıq kimi götürürüksə, ictimai quruluş onun azad yaşamasına zəmanət verməyə borcludur; istək və arzularının yerinə yetirilməsinə cavabdehlik daşımalıdır. Bunu görməyən şair öz poetik sənətiylə, bədii sözü ilə öz tənqidi mövqeyini aşkarlayır, bədii şüuru konseptuallıqdan belə yan keçmir, cəmiyyətin insandan qaçmasına dözümsüzlük göstərir. K.Marks vaxtilə məsələni işıqlandırmaqdan çəkinməmişdir: «Əgər insan öz təbiəti etibarilə ictimai məxluqdursa, deməli, o, həqiqi təbiətini ancaq cəmiyyətdə inkişaf etdirə bilər…»
Musa Yaqub poeziyasında – bütöv kontekstdə – bədii materialı fəlsəfi-estetik ümumiləşdirmələr məkanına çıxarır, bəzən fraqmentlər şəklində də verilirsə belə, bir bədii modeldə ifadəsini tapır. Maraqlısı odur ki, şairin belə bədii üslubunun özündə genetik ənənələr vardır, hələ 50-ci illərdən başlamış «açıq incəsənət» konsepsiyası olmuşdur və bədii prosesdə belə münasibət çox yaşamasa da, diqqəti cəlb etmişdir. Belə ki, romantik və ekspressionist poeziyanın praktikası ilə bağlı idi, çalışırdı ki, fəlsəfəni bədiiləşdirsin… Şair İnsan faktorundan danışarkən «Mən»ini qabarıq verir, özünü arxada gizlətmir, çünki «təhlükəli» fikirlər müəlliflərə həmişə təhlükə gətirmişdir! Sosial və mənəvi həyatın sadəcə tipikləşdirilməsi poetik fikrin ümumiləşdirilməsiylə əlaqədardır, yoxsa poetik məqamlar şeirin məkanında itər. Musa Yaqub bir şeirində sanki çiyinlərini çəkir və göydən, səmadan gələn yağış üzünü tutur və deyir; nə deyir? Hər şey misralara yüklənib, yağış da təmizləyən, torpağa ruzi-bərəkət gətirən ilahi nemətdir. Bəs, niyə istəmir bu yağışı? Amma şeirdə «sual» yoxdursa, bu da bir nəsnədir. Şair bilər, oxucu yozar:
Yuyunmağa saçım yox,
Ağlamağa bacım yox.
Meyvəli ağacım yox,
Bu yağışı neylərəm.
Vaxt varikən buludum
Su vermədi bir udum.
Nə sərim, nə qurudum,
Bu yağışı neylərəm.
Bir bayatı ağıdan
Sinəm küldü yanğıdan.
Payızım da ağlağan –
Bu yağışı neylərəm.
Nazilib ömrüm, yaşım
Aşınıb aşım-aşım.
Göyərməz qara daşım,
Bu yağışı neylərəm.
Qəm alıb, dərd sataram,
Könlüm hara, şad hara…
Ev uçuq, dam şadara –
Bu yağışı neylərəm…
Şair təsvir obyektinə gətirdiyi ziddiyyətləri poeziya vasitəsiylə dəyişdirmək kimi mənəvi-sosial tematikanı götürürsə, deməli, özünə inamı var, poeziya ilə sosial həqiqətlər arasındakı yanaşmanı hər halda humanist mövqedən həll etmək istəmişdir. Bəli, şeir çağdaş zamanın diaqnozunu vermək iqtidarını bəzi subyektiv səbəblərdən itirməməlidir. Təəssüf ki, titula, xoş güzərana, süni şöhrətə diz çökən istedadlı şairlərimiz yox deyillər. Əslində oxucu belələrinə «yox» deyir… Halbuki, estetik H.Zedlmayr real ictimai proseslərin dinamikasını nəzərə almışdı, müasir bədii və sosial böhranın köklərini «avtonom məxluq» kimi insana son dərəcə inam bəsləməyən maarifçilik dövründə axtarmışdı. İndi biz kapitalizmə yolumuzu salmaqdayıq və böyük bir sivil mərhələsini keçmədən «hər şeydə inqilab» məzəsindəyik. Bundan da bir ovuc inhisarçılar məharətlə yararlanmaqdadır və dövlət səviyyəsində də etiraf edilir. Lakin vaxt keçdikcə belə «istehsal üsulu» metafizik modelini alır, hətta şeylərin qiyməti onun real təbiətiylə deyil, eqoist, kortəbii maraqlarla, utilitar münasibətlərlə ölçülür. İnsanın simasızlaşdırılması təəssüf ki, proses kimi qarşısı alınmır. Şübhəsiz, gənc müstəqilliyimiz prizmasında bu əksliklər aradan qaldırılacaqdır. Əlbəttə, sənətkarlar bu məsələyə yardımçı mövqedə dayanmağa borcludurlar. Məhz Hans Zedlmayr belə bir mövqeyini gizlətməmişdir: «Sənətkarın nə təbliğat, nə də müvəffəqiyyətinin aradan qaldıra bilmədiyi dəhşətli şəkillərin təcridi heç də yalnız ictimai münasibətlərdən irəli gəlmir, onun səbəbi özündədir, özündənrazı incəsənət idealındadır».
Düşsün ayaqlarıma
Tapdansın dönə-dönə,
Heç vaxt payimal olmaz
İşıq işıqdı yenə.
İşıq zülmət deyil ki,
Hikkəsini yeridə –
O işıqla görürük –
Tapdalanmış yeri də.
Bu gün biz, eləcə də söz sahibləri İnsanın bütün fəaliyyət sferalarına bələdik. Xüsusilə, poeziyanın idraki və emosional funksiyası insanın münasibətlərin mənəvi-sosial və ictimai-siyasi dərəcəsindən çox asılıdır, hər bir sahəsi bir mövzudur; müqayisə aparmağa qalsa, estetiklər iki cəhətdən fərqləndirmişlər: Birincisinə o incəsənət növləri daxildir, idraki başlanğıc bu prosesdə böyük qüvvə kimi özünü göstərir. Deyək ki, bədii ədəbiyyat, konkret poeziya birinci növ incəsənətə şamildirsə… öz spesifik qanunları ilə davranır, şeir yazılır. İkincisinə gəldikdə incəsənətin təbiəti haqqında diskussiyaların ortaya çıxması müəyyən dərəcədə bədiiliyin həyatın müxtəlif sahələrinə nüfuz etməsiylə ölçülür…
Bütün bu mülahizələrin və reallıqların əsasında yaradıcılıq və onun daşıyıcısı şair Musa Yaqub durur. Başqa atributlar da nəzərə alınır. İngilis estetiki Maykl Çenenin fikri belədir ki, incəsənət yaradıcılığımı, yoxsa yenidən yaratmaqdımı, incəsənət yaradıcının şəxsiyyətinimi ifadə edir, yoxsa burada yaradıcının şəxsiyyəti incəsənətin sosial rolları yerinə yetirmə sisteminin sosial nəticəsidir? Poeziya da mənəvi istehsalın, yaradıcılığın bir növüdür, müəyyən ideologiyaya xidmət edəndir, spesifik, fərdi, obrazlı şüur tipidir, varlığın poetik inikasıdır. Poeziyanı spesifik ideoloji hadisə nəzərində görmək səhvdir, şeir nəinki «ölü», hərəkətsiz predmetləri danışdırır, öncə insan psixikasının ən dərin, intim qatlarına nüfuz edir, şüurun sferaları önündə sosial ideyaların, ovqatın bədii vasitəçisi rolunu oynayır. Və bir ovqatlı şeiriylə oxucunun ovqatını yüksəldək; ayrılaq hələlik mühakimələrimdən.
Bir əlin zorunda burulan siməm,
Dartınıb, dartınıb qırılan siməm.
Bir tar çanağında qıvrılan siməm,
Calama, calama, calama məni.
Kösövəm, yarı köz, yarı oduncaq,
Biri uduzacaq, biri udacaq.
Daha o pərdədə yanmaz o ocaq,
Qalama, qalama, qalama məni.
Dəryazda bir çiçək qırığıyam mən,
Qovrulan qarağac qabığıyam mən.
Yaralı bir ağac çapığıyam mən
Yamama, yamama, yamama məni.
Mən dözüm deyiləm, tab deyiləm ki,
Hər cürə ölçüyə bab deyiləm ki,
Mən cəhrə yivniə sap deyiləm ki,
Dolama, dolama, dolama məni.
Bir qırıq ürəyin şüşəsiyəm, ah,
Ağlar o aynada bir teli siyah.
Mən şaxta ayağı kəsik gülsabah,
Sulama, sulama, sulama məni.
4.
TƏBİƏTİN GÖRÜMÜ:
DUYUMUN QAVRAMANIN FƏLSƏFƏSİ
1. Duyumun sirri: Musa Yaqub poeziyasında təbiət və onun rəngi qeyri-adi dərəcədə harmoniya yaradır. Bu da səbəbsiz olmur; şair təbiətcə filosofdur və kainatın hərəkətli və hərəkətsiz proseslərini «görür», duyur, nəhayət, yozur – o şair qazanır – içərisindəki bədii informasiyaları, obrazı sözün vasitəsiylə əyaniləşdirir. Təbiətdə doğulduğumuz və təbiətə qovuşduğumuz həqiqətindən irəli gələn dəyəri şair sözlə dəyərləndirir və bu, iki cəhətdən seçilir: fiziki görümdən və mənəvi yozumdan. Şair tanımıram təbiətdən yazmasın, belə də olur ki, qələmə alır, sönük təsvir edir gördüyü rəngi: ağ-sarı, qırmızı-al, göy-yaşıl və ilaxır. Şair də tanıyıram – bu rənglərin fəlsəfəsini poetik dillə açır. Mən mətləbə keçməzdən əvvəl, iki məşhur fransız estetikin sözlərini xatırlayacam. Biri M.Dariberə məxsusdur: «Narıncı rəng insanlar tərəfindən közərti təkin qavranılır. O, insanı isidir, gümrahlaşdırır, fəaliyyətə çağırır. Göy işıq suyu, uzağı, soyuğu yada salır; şəffaf, təmiz və yüngül olduğu üçün fiziki gərginliyi azaldır, insan nəfəsinin ritminə belə təsir göstərir, onun nəbzini sakitləşdirir». Digəri Jak Vyenonundur: «Rəng ehtiras doğura bilir. O, harmoniya və sarsıntı, fəlakət yaratmağa qadirdir; ondan möcüzə gözləmək olar, lakin o, fəlakətə də səbəb ola bilir».
Diqqət yetirsək, fantom – təbiət zərrəciklərini: rəngi, dadı, sükunəti, səsi, hərəkəti – bütün bu və ya başqalarını özündə birləşdirən canlı qüvvədir. Həssas və anadan şair doğulan mütləq bu xaosun içərisində öz fikirlərini tapır və poetikləşdirir. Belə şeirlərdə İnsan və ona caiz xüsusiyyətlər: sevgi və nifrət, xoşbəxtlik və bədbəxtlik, təntənə və fəlakət, işıq və kölgə… obrazdır.
Musa Yaqubun 60-70-ci illərdə yazdığı şeirləri yadıma düşdü. Oxudum. Və nə vaxtsa oxumuşdum, duyğulanmışdım. Yoxsa bir oxucu ovqatımla kifayətlənmişdim? Sualımın ən doğru cavabını şeirlərində tapdım. Məsələn, dahi Üzeyir bəyə həsr etdiyi bir şeirində (1964) emosiya ilə savad qovuşur: duyğu və intellekt şeirin borcunu ödəyir:
Bir torpaq altında mat qalmışam mən,
Musiqi məclisi düzəldib nədir,
Elə bil torpağa getdiyi gündən
Üzeyir torpağa nəğmə öyrədir.
Dəhşət deyilmi?!
Gecə, ay işığı, axşam həzinliyi Musa Yaqubun poeziyasında müraciət olunan mövzulardır. Şair təbiətin bu görümlərinin zahiri təsvirini vermir, hər bir anlamın ruhunu tutur və danışdırır. Bir lövhəyə diqqət yetirək:
Bu gecə göylərdə durna sorağı,
Səma zolaq-zolaq zər içindədir.
Eyvanda bir kisə dibçək torpağı,
Gördüm ki, buğlanır tər içindədir.
Bildim ki, bu gecə torpaq da yatmaz,
Sığmaz qabığına tumlar bu gecə.
Çaylar da pərvazdır, daşlar da pərvaz,
Bəlkə rişələnir qumlar bu gecə.
«Bir yaz gecəsində» şeirindəndir. Bəli, yazın hənirtisi torpağa hopanda bütün canlılar oyanıb cana gəlirlər; yeni həyat başlanır. Bu yaz gecəsində torpağın bir əkin-bərəkət «məkanı» da var axı, o da «yaşıl kirpiyini hey qırpır», binalar, yollar altında yatan torpaqlar da diksinir. Kiçik detaldır, amma şairin nəzərindən qaçmamışdır. Bu yaz gecəsi şairin də ömrünü, hisslərini oyadır, yaşamaq üçün möhlət verir. Bu, təbiətin qüdrətidir.
İndi ki, nəfəsi isinib yerin,
İndi ki, gecəni göyərdir bu yaz,
Yəqin ki, beynimdə hüceyrələrin
Ölümü dayanıb, ləngiyib bir az.
Çiçəklənmək olar, gül açmaq olar,
Bu yaz gecəsində qocalmaq olmaz.
Biz şeirdəki biçimi, harmoniyanı bir yana qoyuruq, həyati fəlsəfəyə bax: İlahidən gələn nəfəs hətta insan qocalığını ləngidir. Deməli, hər yaz gecəsini (həm günü «doğur», həm də gündən «doğulur») insan bədənində duymalı, ruhu təzələnməlidir. Məhz yaz fəslinin ilk günlərində…
«Bu yazı da gördük» şeirində də ruhi yaxınlıq poetik dillə özünü ifadə edir. Şair bu yazı görməyə bilərdimi? Axı, bir yaz gecəsində bədənində həyat cərəyanını duymuşdu. Bu yaz da sadiqdir ilahi payına:
Selləndi çayımız, daşdı arxımız,
Üzü yaza durdu ömür çarxımız.
Açıldı yenə də cənnət bağımız,
Ölmədik, qaldıq, bu yazı da gördük.
Musa Yaqub şeirinə məxsus predmetin içərisini görmək intuisiyası, bu «görünməz» rənglərin obrazlı təsviri. Onun bir qeyri-adiliyi ondadır, hamımızın gördüyünü, lakin «oxuya» bilmədiyimizi canlandırır, nəfəs verir. Bu şeirdə həyat, canlılıq bənövşənin, yarpaqların, budaqların üzərinə köçürülür və insanla assosiasiya yaradılır: «Bənövşənin qanmı vurub beyninə» misrasında «qan» rəng olaraq bənövşəyə şamil edilir, bu bitkidə qan olmur, axı, şair inandırır var – deməli, qan hərəkət edəndə canlı mövcudat oyanır yenidər. Biz ya yaşıl, ya da qurumuş budaq görmüşük. Şair görün nəyə diqqətlidir: «Bir üzü qurumuş budaqlar kimi». Belə çıxır budaqlar da infarkt keçirir insanlar təkin. Canlı üzü yarpaq açır. Yaz isə əlini təbiətdən üzmüş ağacların, budaqların həyata qayıtmasıdır! Və Musa Yaquba da bu yazdan pay düşür, çün, şairin içi daima tərtəmizdir, yara-xoradan uzaqdır;
Bu yazdan birə də, yüzə də düşdü,
Köhnənin payına təzə də düşdü.
Nə yaxşı, bu qismət bizə də düşdü,
Ölmədik, qaldıq, bu yazı da gördük.
Diqqət yetirsək, Musa Yaqub yazı bir məfhum kimi şeirə gətirməmişdir, ondan bir bədii vasitə (real nəzərində) kimi bəhrələnmişdir.
M.Yaqubun təxəyyülü zəngindir, poetik söykəncəklidir; bu, səbəbsiz görünmür. Təbiətin bir predmetini müşahidə edərkən belə, ondakı sirri nəsə axtarmalısan, cavabsız suallardan çəkinməməlisən. Məhz alimlə şairin fərqi ondadır – birinci tip konkretləşdirir və səninlə haqq-hesabını çürüdür, ikinci tip neçə-neçə sualı dona büküb, fantaziyanı «qıdıqlayır». V.Q.Belinski deyəndə: təbiəti seyr edərkən onun (şairin – A.E.) qəlbi suallarla deyil, heyrət və məftunluq hissiylə dolur – haqlıdı. «Uzaqda, dənizdə bir işıq yanar» şeirinə empirik – təcrübi gözlə yanaşmağa lüzum yoxdur; lazımdır rasional-romantik hisslə baxasan:
Uzaqda, dənizdə bir işıq yanar,
Uzanar sahilə zər barmaqları,
Uzanar yollara, izlərə qədər,
Bir də ona baxan gözlərə qədər…
Telli ürəyimin telinə bağlı,
Bu qızıl telləri gəzən dalğanın
Dənizdə, uzaqda bir işıq yanar,
Uzanar yollara,
İzlərə qədər,
Bir də ona baxan gözlərə qədər…
İşığa bələnmiş həsrət. Sonsuzluğa qatışmış intizar. Və hissin dərinliyi…
Məşhur fransız filosofu Ş.Monteskyo yazırdı ki, o şey faydalıdır, biz ona «yaxşı» deyirik. O şey faydalanmaq nöqteyi-nəzərindən deyil, sadəcə baxmaq, seyr etməklə bizdə xoş duyğular oyadır, ona «gözəl» deyirik. Şair axır ki, poetik qiymətinə gəlib çıxır: sadəcə bir görüm – təsvir:
Çalalar, çuxurlar hamarlanıbdır,
Quşlar bir dən üçün qubarlanıbdır.
Qanadı altına salıb başını
Sərçələr keçirir qarlı qışını.
Baxıram, bu ağac nar armududur,
İndi nar armudu qar armududur.
Bəs bu ağacdələn kimi oyadır?
Təbiət yatır?..
Musa Yaqub Təbiətə hədsiz doğmadır, bu, güman ki, dünyaya gəldiyi torpağının əsrarəngiz təbiətindən irəli gəlmişdir. Şairin təbiətini daha da zənginləşdirmişdir. Adi müqayisə aparsaq, Təbiətin özü məna çalarları daşıyır. İctimai-sosial şüurun bir forması kimi incəsənət – poeziya da Təbiətin sirlərini duymaqda yardımçı olur. Əsər şair təbiətinin predmetlərini «öyrənirsə» və bunu poetik duyum səviyyəsinə qaldırırsa… oxucu üçün çətinlik qalmır. Belçika professoru Leopold Flam yazırdı: «İncəsənət (o cümlədən poeziya – A.E.) təbiəti açmağa yardımçı olur, Təbiəti izləyən sənət əsəri əvvəlcə onun təqlidi, sonra onun ifadəsi, nəhayət, incəsənətin texniki təkamülünə də uyğun gəlir» - həqiqətdir.
Musa Yaqub Təbiətin iki qütbünə Bahara (Yaza) və Payıza (Qüruba) daha çox üz tutur; o mənada yox ki, bu bahardır, havalar istiləşir, bu da payızdır, ağaclar yarpaqdan saralıb-solur. Musa Yaqubda hər iki fəsil İnsan duyğularını oyadır, insanın hisslərinə məlhəm qoyur.
Gölüm, gələn durnalara əl eylə,
Torpaq, göyərt bu çəməni gül eylə.
Bahar, məni bir əmici tel eylə
Bir qönçədə bir ləçəyi saxlayım.
Qoy əkinim toxum-toxum ayılsın,
Günə baxıb yaşıl gözüm qıyılsın.
Lalə-lalə xonçalarım qoyulsun,
Tel-tel olub sünbülümü bağlayım.
İki bəndi hələlik nümunə gətirdiyimiz şeirdə Baharla İnsan yaşamı arasında fəlsəfi ünsiyyət kodu vardır. Və eyni zamanda paradoksallıq. Bahar Təbiəti və onun əşrəfisi İnsanın varlığını oyadır, ruhunu təzələyir; onu yaşamağa ruhlandırır. Əksin-becərsin, dünyaya övlad gətirsin, ağaclara qulluq eləsin və sairə. Bahar öncə, torpağa güc və bərəkət gətirir – insan əliylə: yuxarıdakı misralarda isə insan cavabını verir. Lakin insana xas bir xüsusiyyət də ondadır – yaşamaq ehtirası – kədərini arxada qoymaq üçün bahar fəslini seçir və günahlarını yumaqda fürsət görür. Bütün buna – özünə qayıdışa inamıyla İnsan ümidini üzmür:
Kötüyümü göyərt bir də dirilim,
Bu baharla payızımı haqlayım, - pıçıldayır.
Təbiətin mütləq bir qanunu: Baharın da, İnsanın da payızı mövcuddur. Fərqi nədir? Bahar gələn il və hər «gələn illər» yenə qayıdacaq, Təbiəti oyadacaq. Lakin İnsan payızı ilə barışdımı – əbədiyyətə qovuşur. Şair isə nikbin ovqatını qoruyur, baxmayaraq özünə çox şeyləri rəva görmüşdür.
Min il əvvəl kim olmuşam, indi kim?
Sabah görən nə olacaq indikim?..
Bu baharla ya əkilim, ya əkim,
Bir tum olub son gücümü yoxlayım.
Bəli, şairdə həyat eşqinə bax: o, yaşayacaq, haçansa qayıdacaq; bir şərtlə, tum olaraq Bahar onu cücərtməli, yenidən həyata qaytarmalıdır. Yalnız bu kövrək hökmü şairlər verə bilər! Onun üçün şair baharın yenidən oyatdığı təbiət nemətlərini: laləsini, buludunu, çənini, hətta qarını da sıxsın vücuduna, daha Bahara nə lazımdır Musa Yaqubdan?
…Bu laləni elə sıxam köksümə –
Qarasıyla qoy bağrımı dağlıyam.
Eylə məni süddüyündən süd içən,
Məni bulud, məni duman, məni çən.
Quzeydə yaz gəlib çatsın mənəcən
Kirpiyimdə qar ərisin, ağlayım.
Pənrəcərəmi döyür qar,
Pəncərədə gülümsəyir
tər çiçəyim.
Qarla çiçək arasında
bir şüşə var…
Çiçək durub qara baxır
xumar-xumar,
Hirsli-hirsli diş qıcırdır
qar çiçəyə.
Deyir: - Çiçək,
Əllərimdə olasan kaş,
Qıram səni
vuram səni.
«Pəncərəmi döyür qar» misrası ilə başlanan şeirindəndir. Bədii təsvirin obyekti çiçək və qar olsa da… İnsan əli, insan qayğısı fövqəltəsir yaradır. İnsan əli qurumuş, amma ölməmiş, can verən yarpağa dəyərsə, o, açar, ətirlənər. Necə ki, qar hey cəhd edir soyuqluğunda soldura çiçəyi. Yox, əbəsdir qar soyuqluğu.
Amma çatmır qüvvəti,
Qar acizdir.
Qar duyur:
Bu çiçəyi
İnsan əli qoruyur.
Neyləyəcək qar ona –
Qar çırpınır şüşəyə
Əriyir gilə-gilə
Əriyir yana-yana.
Qar Musa Yaqubun başqa bir şeirində təmizlik rəmzidir. Rəngi ağ olan qar torpağa yağanda torpağa daraşan həşəratları öldürür – təmizləyir. Ağaclara yağanda, budaqlarda məskunlaşanda Sergey Yesenini xatırladır. Qarda ağlıq var ki, insanın da üzü ağ olmalıdır. Şair ürəyinə bax ki, onun soyuqluğunu təmizliyinə güzəştə gedir:
Ulduz tək üstümə
səpələnən ey qar,
Geydirdin əynimə
soyuq bir donu.
Sənin ki bu qədər
təmizliyin var,
Bağışlamaq olar
soyuqluğunu.
Ulduztək üstümə
səpələn, ey qar,
Belə təmizliklə
isinmək olar.
Musa Yaqub yazıb və onun poeziyasında Dağlar xüsusi yer tutur – bir o qədər yetərli səslənmirsə, hər halda Dağlar onun həm güvənc yeridi, həm zövq mənbəyidi, həm də əzəmət rəmzidi. Dağlar Azərbaycanımızın payına lazımınca düşüb. Savalan da, Murov da, Şahdağ da. Bunlar zirvə rəmzidir. Elə el aşıqlarımız da Dağlara qonaq gediblər, onlara üz tutublar. Dağlar qoynunda yaşayanlar və dağlar qucağında doğulmayanlar üçün «Dağ» nədir görən? Bəlkə, elə poeziyadan sualın cavabını alaq.
Mən dağlar qoynunda doğulmamışam, yuxuma dağlar da girmirdi. Gözümü aranda açmışdım, mənim üçün təbiətin ən kövrək və isti qoynu adamı qarsıdan Günəşin hərarətidir. Günlərin birində ədəbiyyat müəllimim Dürnəstə Eminova Aşıq Ələsgərin «Dağlar»ını tədris edirdi. Bu misraları elə həzin səslə dedi ki:
Bir ay yarım növbahardan keçəndə
Car olur köksündən sellərin, dağlar!
Çalxanır dəryalar, çağrışır qazlar,
Zəmzəm zümzüməli göllərin, dağlar
Hanı mən gördüyüm qurğu-büsatlar?!
Dərdiməndlər görsə, kişnəmir atlar
Mələşmir sürülər, kişnəmir atlar
Niyə pərişandı halların, dağlar?
Biz şagirdlər dahi aşıq soydaşımızın «Dağlar»ını ədəbi yaddaşımıza köçürdük. Bunlar məktəbli xatirələridir, amma ölməzdir. İllər öz atını səyirdi və gəlib çatdıq poeziya aləminə, şairlərin əzablı peşəsini duyduq, oxuduq – bəhrələndik… Musa Yaqubun zəngin və polifonik yaradıcılığını araşdırarkən toxunduğum bu anlamdan yan keçəmmədim. Müxtəlif illərdə qələmə alınan «Babadağ», «Dağlar», «Dağlara dəniz gəlib», «Dağlar çox qəribə olur gecələr», «Dağlar, məni qəbul edin» və sair şerilərini oxudum; düzü, bəzən vahimələnirdim, zirvəsindən nəsə sehirli bir qüvvənin üstümə yeridiyini duyur, bəzən təpəsindən üzü aşağı şığıyan qartalın ov həsrətli gözünün işığına dolaşır, bəzən də ayağımın altındakı torpağın yaşımızdan çox-çox irəli əlçim-əlçim üst-üstə yığdığı daşın-gilin qalaqlandığına inanırdım: Oxucu mənim səmimiyyətimə inanar:
Köksün su dayanmaz daş qayalarsa,
Dərəndə dumandan karvanlar gəzər.
Başında yüz illik bir cuna varsa,
Ətəyin qırçınlı al dona bənzər.
Səslər qəzəbindən çağlar ki, burda
Yusun dağ-daşı
Buludlar o qədər ağlar ki, burda
Əskilməz güllərin yanaqlarından
İnci göz yaşı.
Küləklər ətrini yayar hər yana,
Hüsnünə tay olmaz bir bağça, bir bağ.
Mən elə bilirəm Azərbaycana
Ətri sən vermisən, vüqarı Şahdağ.
Musa Yaqub və ümumən klassik janrlı və biçimli, həm əzəmət, həm də qəriblik ovqatı aşılayan «Dağlar» (mövzusu) tamam yeni fikir, deyim, müasir obrazlılıq baxımından maraqlıdır. Dağ – Babadağ obrazdır!
M.Yaqub klassik üslubda da «Dağlar» yazmış və şairdə alınmışdır, amma özgə bir ləngərdə.
Aranda bürküdən yorğun bir quşdum,
Fikrin qanadında uçdum ha uçdum.
Gəlib bir bulaqlı daşını qucdum,
Oldum torpağının qurbanı, dağlar!
Keçmə bu yerlərin şəlaləsindən,
Qayalar titrəşər qartal səsindən.
Polad əlləriylə göy qübbəsindən
Çəkər ağuşuna dumanı, dağlar.
…Musa, bu yerlərdən uzaq düşmə heç,
Təpə kölgəsində daldalanma, keç.
Arxa da seçəndə dağdan arxa seç,
Ram edər özünə zamanı dağlar.
Musa Yaqubun «Dağlara dəniz gəlib» şeiri tamam başqa bir ruhun pıçıltılarıdır; hansı ki, şeir bənzətmə, obrazlı ifadə ilə obrazlaşdırılıb. Dəniz mənzərəsiylə dağlar görümü bir-birinə assosiasiyadır.
«Dağların arasında
Dəniz olub ağ duman».
«Hər buluddan bir əlçim
Hər dəryadan bir içim
Yığılıb dəniz olub».
«Səhər şəfəqləriylə
Yanır dənizin üstü.
Dəyir sahil daşına
Doğranır əlçim-əlçim.
Burlub tüstü-tüstü».
«Hələ külək əsməsin,
Göyün bağrı sökülər.
Dəniz doluxsunmasın,
Suya dönüb tökülər».
Musa Yaqubun poeziyasında bu diri şeirlər şəhdini Təbiətdən sorur, həzm eləyir və bal toplayır. Hələ gəncliyində o, payızı xoşlamışdı, hətta bəzən bu fəsil gələndə bədəni sızlayırdı, sinirlərinə təsir göstərirdi. Belə hal bədənin nasazlığından adətən olur. Lakin M.Yaquba payızın ruhi-təsiri poetik təxəyyülünə birbaşa sirayət etdiyindən belə alınır. Mən ədəbiyyatşünas fantaziyamı kənara qoyuram, müşahidəmdən danışıram. Şair duyğusu milyon kilometrlərlə kosmik əlaqəni tutmaq qabiliyyətinə malikdir. Musa ilə söhbətlərimdə bu hissi bildirmişdir: - Bax, oradan gəlir, bir işıq yolu ilə, - demişdir: - İnanıram. Məqsədim yaradıcılıq psixologiyasından danışmaq deyil, sadəcə. Payız onun yaradıcılığından qırmızıya-sarıya çalan poetik motivdir. Mən «Poeziyamızda payız» adlı bir çap məqaləmdə yazmışdım; o vaxtdı, Salyanda – Kürün yaxınlığında yaşayırdım, duyğulandım və düzü, birnəfəsə qələmə aldım; beynimdə belə mövzu çırpınırdı, di gəl, hələ payız gəlməmişdisə, konturlarını cızmışdı. Təbiət onun gəlişinə hazırlaşmışdı, yamyaşıl donunu çıxarmışdı, sarımtıl libasını əyninə keçirirdi. Bəli, «keçirirdi» ki… Yazmışdım: «Səhər payızın idi və Muğanda saralmış yarpaqlardan çevrilmiş bom-boz torpağa süzülürdü. Salyan körpüsündən başlayaraq Xəzərə üz tutan Kür çayı Babazanı qəsəbəsində qıvrılıb sakitləşir, içərisindəki balıqları oyatmamağa çalışır. Xəşəmli, çəkili, nərəli Kürün gileyi ondadı, qiymətli balıqlar dənizədək brakonyerlərin əliylə tutulur, məmurların cibində həbs olunur… Payızda təbiətin özü göz yaşı verir, sakitliyini hələlik qoruyan sular da sarı-yaşıl yarpaqlara qoşulub axır. Bəzən də su quşları bunları dən-yem sanıb dimdikləyirlər, sonra peşimanlayıb uçurlar. Təbiətin qanununa bax: payızı ona görə Muğana, Şirvana, nə bilim, bütün Azəri torpağına göndərir ki, İnsan kövrəlməyi, lap kədərlənməyi bacarsın. İnsan elə xislətdi, ömrü boyu danışıb-gülər, ağır gün yadına düşməz, xüsusilə bizlər…»
Payız predmetdir, fiziki görümdədir, çəkisi üç əlamətlə (keyfiyyətlə) ölçülür: Rəng, Qoxu və Ovqat (Əhval-Ruhiyyə). Bu «üçlük» payızın estetik xassəyə malikliyini göstərir. Bu estetiklik – payızdakı gözəllik, həzinlik, ülvilik, faciəvilik və sair kateqoriyaları rəngdə, qoxuda və ovqatda təzahür etdiyindən, şair şeirinə «payızı» gətirir. Bu zaman payız fəslinin elmi xassələriylə maraqlanmır, lakin payızın oyatdığı hansısa kövrək və qərib duyğular təbiətin insana aşıladığı, təqlid elədiyi yozumları, düşüncələri… şərtləndirir.
Bu dərəyə döşənib,
O güneydən sallanıb,
Lapan xəzəlləriylə
Bəzədilib, xallanıb,
Sumağ yarpaqlarından
Qan çilənib, allanıb
Payızın göy xalçası.
Seçmədiyim, kitabı vərəqləyəndə rastıma çıxan bu şeir payız etüdüdür, amma insanda həzz oyadır, bədii duyğusunu qidalandırır, habelə estetik müşahidəsini zənginləşdirir. Payızı gözəllik xalçası kimi qəbul edirsə şair, deməli, onun mahiyyətində xeyir, şadlıq – bir sözlə – oyanış yox deyil. «Bu payız», «Payıza baxıram», «Yarpaqların payız söhbəti», «Bir vida nəğməsi…», «Payız işığı», «Payız duyğuları» və sair şeirlərində bu fəsil həyatın estetik keyfiyyətlərini özündə əks etdirməklə, mənəvi-ictimai xassələrin təzahürünü verir.
Dayan görüm,
Döndüm sarı bir simə,
Payız yeli, al könlümü çal bir az.
Geniş ikən, dünya, sığın qəlbimə
Daralanda bir darı da sığışmaz.
Yamaclar da geydi sarı kürkünü,
Dərə doldu qızıl yağış selindən,
Gümüş sular alıb qızıl yükünü
Yaman qaçır bu sükutun əlindən.
Bu misraları ömrün bir fəsli… hesab eləsək – təbiətin də elə «o…» fəslidir – düşünərik. Yox, bədbin notları «çalmaq» istəməzdim, qoy misralar payızın həzinlik oyatdığı ovqatı xatırlatsın. Biz ümumiyyətlə, «xeyir», yaxud «şər» anlamlarını düşünmək istəmirik – insan üçün dünyada ən əziz olan şeylərin ən ümumi və ən əzizi – həyatdır; əvvəlcə elə bir həyat ki, onu insan istəyir, sonra hansısa bir həyat, çünki hər halda yaşamaq yaşamamaqdan yaxşıdır: canlı olan hər bir şey öz təbiəti etibarilə ölümdən, yoxluqdan qorxur və yaşamağı sevir. Payız Musa Yaqub üçün canlı messajdır - elə bil hardansa onun səsi eşidilir. Təbiət onu bəlkə belə xislətdə yaradıb - ey insanlar, sizin də içinizdə payız vahiməsi səslənməlidir, yoxsa… Şair şükürlər ki, bədbin deyil – həqiqi söz adamları belə olur – payızın xəbəri olmadan payızı poeziyaya gətirir. Şair deyəndə ki, «otaqda yazmıram bu şeirimi mən» - bu dəfə üzünü oxuculara tutur:
Yapışıb titrək əlindən
Qızıl bədənini sıxıb köksümə,
Lap belə təpədən dırnağa kimi
Payıza bürünüb yazdım şerimi.
Geyib libasını, gördüm barını,
Atımı xəzana sürdüm bu payız.
Ömrümün saralmış yarpaqlarını
Gözümlə çox aydın gördüm bu payız.
M.Yaqub payızdan çəkinmir – daha varlığında yaşayırsa, bu, hələ onun payızlaşması deyil – qoy olsun və pıçıldayır bu dəfə, qışqırmaq olmaz, payız xəzəl yarpaqları kimi tökülər bir-bir, yel əsər, sovrular. Və şair özünün xəbərdar olduğunu da gizlətmir:
Gizli gəlişini
Pünhan işini,
Dağda yerişini gördüm payzın.
Özümdə, ocaqda, torpaqda, suda
Çıxış-girişini gördüm payızın.
Ovcuma da baxdım,
bir xəzələ də.
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.
Adətən, payız barədə yazılan şeirlərdə daha çox onun görümünü duyuruq; qızıllaşan yarpaqları insan ayaqları altında xışıldayır, yaxud dəli külək bu gücsüz, aciz yarpaqları elədən-beləyə, belədən-eləyə qovur-qovur və bir çökəyə, bir çalaya doldurur – dəfn eləyir. Musa Yaqubda payız şəxsləşir, dilləşir və söhbətləşir. Bu dəfə əksinə, şair «Yarpaqların payız söhbəti»nə qulaq asır, nədən danışır payızın sonbeşiyi yarpaqlar?
- Yol üstündə o tək vələs,
Nə tez şabaşlandı?
- Bizimki də bu yerəcən…
- Başlandımı?
- Hə, başlandı…
- Heç bu da bir ömür deyil,
Quş da bilir yaşımızı.
- Gəlin, bir də nəğmələyək
Bu ağacı budaq-budaq.
Bəli, yarpaqlar da canlılaşır şair yozumunda və hətta nəğmələr pıçıldamalarını istəyir. Poetik ovqat güclü, həssas olanda şair üçün real akademik bir predmet belə cana gəlir, yollar arayır.
- Dayan bir az günəş içək,
Dayan bir az hava udaq –
Əsmə, əsmə xəzan yeli
Saplağımız yarıcandı.
- O da getdi.
- Bu da getdi…
Bir gün gələn bir gün də gedəsidir. Bu, hələ həyatla tələm-tələsik vidalaşma deyil a! Bir zərrəcə ümidə də bel bağlamaq mümkündü:
- Bir budaqda üz-üzədir
Yaşıl sevinc, sarı kədər.
- Eh, hələ ki, yaşayırıq
Bəlkə solan bir də bitər…
Mən «payız»ın üzərində (quru səsləndi deyəsən) xeyli gəzişdim, davamı da olar. Amma mənim özümü də təsirləndirdi: İnsan baharda doğulur – payızda öz borcunu qaytarır. Başqa müqayisələr də tapardım. Bir şeyi düşündüm ki, Musa Yaqubun payız şeirlərindən beləcə ümidsiz ayrılmayım; axı, onun özü başdan-ayağacan hissdir, emosiyadır və bunların cəmindən yaranan intellektdir. Həyat eşqi yetərincə güclüdür. Bu istəkdən M.Yaqubun «Payıza baxıram» və «Vaxt növbəsi» şeirləri barədə özüm həqiqətində yazacam. Bu əsərlərdə mən üç şeyi, yəni fiziki anlayışı götürdüm. İşıq (günəş), Rəng (sarı) və İnsan (şair). Mən «insan»ı səslə əvəzləyə bilərdim, istəmədim. Səs elə şairin içindən, beynindən gələn şeirdir. İşıq günəşdən süzülür, rəng təbiətdən doğulur, şeir isə ilahidən göndərilir. Bu «üçlük» - «triada» insanın psixi əhvalını özünə qaytarır və ahəngi tamamlayır. Ona görə də işıq və səsi şairlər adi adamlardan fərqli olaraq payızdan, dağdan (eləcə də daşdan), ağacdan və ilaxırdan tamam özgə əhvaldan alırlar. Şairə xarici aləmin predmetlərini, olaylarını görüb duymaq, mənalar çıxarmaq (yozmaq) imkanı yaradır. Musa Yaqub bunu payızda axtarır, bir növ özünü hazırlayır; «özünü» deyəndə ilhamını nəzərdə tuturam.
Bu gün duyğum oyaq, düşüncəm oyaq,
Bu gün çox arxayın, çox soyuqqanlı,
Bir az dərdi-sərdən, qayğıdan uzaq
Dayanıb beləcə payıza baxdım. –
Şair payızla birgə «dilə» gəlir, onu tamam başqa ruhda sezir. Bəs başqa payız da var ki, şair nigarandır, nə üçün?
Bu payızın bir balaca
ayaqları ağırdır.
Yaşıllığın beli sınıb –
sarı ləpirlərində.
Bu payızın bir balaca
yarpaqları ağırdır,
Xəzəllər də daş kimidi
düşüb qalar yerində. –
İki ovqat, bir predmet. Müxtəlif yozumlar. Amma yozumda işıq və rəng duyğusu şairə mütləq bir həqiqəti pıçıldayır: Mən də cavandım baharda, təbiət yamyaşıldı, indi payızam, özümdən uzaqlaşıram, bax mənə, buyam:
Ələnən ələyi,
Solan çiçəyi,
Soyuyan torpağı,
Düşən yarpağı
Ayaqlar altında xəzəl o ki, var,
Tapdayır adamlar, keçir adamlar
Hə, bax, o gedəndi, o da gələndi…
Bu, niyə belədir? Təbiətdən yaranan və təbiətin günəş işığından bol-bol vücuduna sıxan, bol-bol ondan (işıqdan) istifadə edən insan israfçılığa yol verir (buna məcburdur) və tədricən günəş işığı ona lazımınca çatmır. Daha doğrusu, orqanizm doyur və ilbəil həyat enerjisi – «libidosu» tükənir; bu olmayanda insan vücudu sanki saralır, közərir – rəngini də dəyişir. İnsan bunu hiss edir və istər-istəməz payızlaşdığına acıyır. Bəlkə buna görədir ki, bu üçüncü fəsli «payız» adlandırmışdır insanlar. Təbiətdə insan bir növ bitkidir, canlı və danışandır. Doğulur torpaqdan və gedir torpağa – bitkilər kimi. Amma insan – şair bu həqiqəti içərisindən keçirir, ömründə axtarır; bəs necə?
İki cavan baxır bir-birinə,
Bir də belə baxa bilməyəcəklər.
Necə ki, mən durub baxıram indii.
Yəqin ki, indiki vaxtın yerinə
Heç vaxt belə baxmaq olmayacaq, yox.
Paradoks bundadır: payız günəş enerjisindən məhrum olanda insanı özününküləşdirir. Digər tərəfdən insana poetik ruh verir; beləliklə, insan onu sənətdə əbədiləşdirir, insan özü isə fiziki varlıq kimi torpağa qarışır. Məşhur rus alimi K.A.Timiryazev yazırdı ki, günəş şüası sayrışan bir şüacıqda da, elektrikin gözqamaşdırıcı qığılcımında da yanır; Günəş şüası həm rəssamın fırçasını, həm də şairin qələmini hərəkətə gətirir.29 Musa Yaqub da bir insan olaraq payızı duyanda insan xislətini, sərvətpərəst (zər-ziba toplamaq azarkeşləri) məxluqun payızlaşan ömrünü düşünür və əxlaqi-davranış instinktinə təəssüflənir, acıyır, qəzəblənir, bir şərtlə ki, qoca dünyanın nə günahı? İnsanı – bəşər övladını yaratmaqda günah işlətməmişdir.
Dayanıb baxıram, bu qoca dünya
Doğrudan heç günah dünyası deyil.
Zər-ziba, nə bilim yığıb toplamaq,
Bu dünya heç tamah dünyası deyil.
Bu əsəb, bu qəzəb, bu nifrət, bu kin,
Bu döyüş, bu silah dünyası deyil,
Yamanlıq eləmək dünyası deyil…
Musa Yaqub payızı xatırladır, heç bir misrasında onun rəngini müəyyənləşdirmir, halbuki, payızın da rəngi var; çün, dünyada rəngsiz heç bir nəsnə yoxdur. Rəng bir tərəfdən estetik zövq verir, o biri yandan kədər, qəm bəxş edir. Lakin şair rəng hissini duyur. Ümumiyyətlə, şairlər rəngi daha həssas qavrayırlar. Və rəng taleyin konturlarını cızır. Musa Yaqub payızın rənglər çalarını ovqatına bələyir və assosiativ-xatirələrə qayıdır - qəfil şairə xanım - Nizami əsrinin kövrək söz sahibinə və bir də.
Budaqlar içindən çıxıb qəfləti,
Yox, çinar yarpağı deyil o düşən;
Məhsəti xanımın tanış surəti
Gördüm ki, payıza baxır pərişan.
Bəlkə də o, baxır, mənəm sehrdə,
Onun da payıza baxdığı yerdə,
«Fələyin damından ucaldı bir səs –
Bu dünya bir saman çöpünə dəyməz».
Musa Yaqub başqa ovqatda «vaxt növbəsi»ni də payızın «günahı» sayır, həyatın fəlsəfəsinə tabe olmaya bilmir: Xoşbəxtlik və bu səadətin ömrün payızına qoşulub getməsi. İnsan ömrü sakitliyi, ahəngdarlığı sevir, şair ömrü bütün bunları qəbul edir, amma fərqli şəkildə, narahat məqamları maqnitsayağı özünə rəva görməklə. Antik filosof Demokrit (e.ə. 460-370) bu həyati gedişlərin mənasına toxunmuş, «evtümiyə» anlayışında əks etdirmişdir: Evtümiyə halına nail olmaq – həyatın əsas məqsədidir, məzmunudur və sakitliyi, ruhi ahəngin tarazlığını, müvazinəti saxlamaq və sairi ehtiva edir. Əgər bunu insan özündə tapırsa, ölüm qorxusundan vahimələnmir, dünyadan həzz alır. Musa Yaqubda «payız» anlayışı fəlsəfi nəticələr üçün poetik vasitədir və qanrılıb özünə də baxır. Bu dəfə (ikinci şeirdə) o, müdrikcəsinə payızı təqdim edir, qınayır da: «Bu payızın bir balaca dəyirmanı tələsir», eyni zamanda «Növbə çəkən dənçilərə deyir verin dən udum» - pıçıldayır. Şairin gəldiyi qənaət öz vücudundan keçir və nigarançılıqdakı «şübhəyə» salır, poetik proqnozunu sonuclayır:
Bu daşların fırramından
qəlb titrəyir, can əsir.
Bəlkə elə bu fırramın
növbə dəni mən oldum.
Vaxt növbəsi, vaxt növbəsi,
ölüm, doğum növbəsi,
Dəyirmanda dən növbəsi,
şumda toxum növbəsi.
Payızın üzünü dəyirmana tutmasında böyük hikmət axtarır şair. Dəyirman dən üyüdür, bərəkət üyüdür, insanı yaşadır – yaşamaq isə əhval-ruhiyyədir, səadətdir; nə olsun payızdır, ömrün adekvatı ola bilir. Məhz Demokrit insanın belə bir ovqatını onun (insanın) səadətinin mühüm meyarı sanır. Unutmayaq ki, şair, xüsusilə Musa Yaqub kimi poetik vüsətli şair realist deyil, romantik ruhludur. Təbiətin yaratdığı insanlar arasında ən həssası və möcüzəlisidir. Axı, təbiətin özü də bir möcüzədir. İnsana təslim də olur, insanı məğlub da edir. Əhatəsində olanı özünə çəkir, onda məftunluq hissi oyadır, istəyir dərindən nüfuz edək, bütün mahiyyətinə nəsib kəsilək. Və həm də sirrini qorumağı bacarır, hər şeyi belə tezliklə açıb-tökmür və ilaxır. İ.Höte deyirdi ki, təbiət daima bizimlə danışır, lakin sirlərini açmır. Biz müntəzəm şəkildə ona təsir göstəririk, amma onun üzərində bizim heç bir hökmranlığımız yoxdur. Onda dil və nitq yoxdur, ancaq minlərlə danışan və hiss edən dillər və ürəklər yaradır…
Təbiətin açarı məncə poeziyadadır; bircə onun şirin ləhcəsinə təslimlik edir və yaxşı anlayır ki, yalnız poeziyadır, üzüntülü, fərdi yaradıcılıq prosesinə qan-can verir (Y.N.Pavlovski). Budur, qeyri-adi duyumun poeziyası.
2. ÜMMAN SAKİTLİYİ: Musa Yaqubun yaradıcılığı 50-ci illərin sonlarına təsadüf edir və o illərin ədəbi mühitində poeziyaya gəlişi sakit məcrası ilə seçildi.
Poeziyada ideoloji təfəkkür mənəvi-azadlıq motivlərini arxa plana keçirmişdi. Estetik-fəlsəfi düşüncələr lirik-epik ovqatı sıxışdırmaqda idi. Fikrət Qoca, Vaqif Səmədoğlu, Musa Yaqub, Məmməd İsmayıl, Vahid Əziz, Ramiz Rövşən, Ələkbər Salahzadə və başqa gənc şairlər didaktik motivləri dağıtmaqla, daha gənc nəslin yaradıcılıq istiqamətlərinə yol açmaqla faydalı addımlar atırdılar. Belə bir keçidi gənc ədəbiyyatşünas İradə Musayeva bu cür səciyyələndirmişdir: "Altmışıncı illərin şeirində üslub polifonizmi xüsusilə diqqət cəlb edirdi. Fərdi üslublar get-gedə püxtələşir, poeziyada rəngarənglik yaradırdı".30
Poeziya sərhədsiz dəyər olduğundan cəmiyyətdə gedən proseslərə biganə qala bilmirdi, insanın azadlığını, iç dünyasını, fəlsəfi düşünmək qabiliyyətindən doğacaq həqiqətləri predmetinə çevirirdi. Hərçənd, bu varisliyin kökləri S.Vurğuna, R.Rzaya, B.Vahabzadə, Hüseyn Arifə, Qabilə, Ə.Kürçaylıya və b. çıxırdı, lakin gənc şairlər həyatın əxlaqi-etik normalarının pozulmasına, vicdan sərbəstliyinin dözümsüzlüyünə şeirləriylə cavab verirdi. Artıq bu cür üslub çalarlı, poetik ilhamlı şairlərin səsi eşidilirdi. Yuxarıdakı siyahıya Çingiz Əlioğlu, Zəlimxan Yaqub, Tofiq Abdin, İsa İsmayılzadə, Ələkbər Salahzadə və başqalarını əlavə etsək, oxucu modelini formalaşdırmaq inamını poetik tələbata çevirdilər. Musa Yaqub ilk şeir kitablarını "Yarpaqlar oxuyur", "Bu məhəbbət yaşadır məni", "Mənim kainatım"ı təqdim etdi və tənqidçilər müsbət fikir söylədilər. Hərçənd, adət naminə, xəsisliklə, intizarla. Halbuki, Musa Yaqub poeziyaya "İki qəlb, iki dünya" poeması ilə gəlmişdi. Əsas (o dövr üçün) şeirlərini 60-cı illərda çapa vermişdi. "Burda meşənin min bir ağacı", "Güllə gəzdirən maral", "Meşələrə bahar gəlir", "Babadağ" və s. şeirləri oxucularla "dil" tapdı, təbiətin poetik mahiyyətinə və fəlsəfəsinə yaxınlaşdırdı.
Təbiətdən yazılıb Musa Yaqubacan və yazılacaq da. Sözümüz yoxdur, lakin Musa bir mənzərəni "sökür", ona görə ki, öyrənsin və göstərsin ki, bu möhtəşəmlikdəki ən xırda naxışlar da üzə çıxsın, Allahın nemətləri təbiətin qismətinə düşüb - baxın, görün və duyun. Daha dəqiqi, şair "aşkara" çıxarır. "Burda hər meşənin min cür ağacı" misrası ilə başlanan şeiri oxuyaq:
Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.
Sadəcə, sözün hər bir görümünün silsilə təsviri: ağac və ağacın tacı; tac və tac üstə sarmaşıq saçı; saç və saçın küləkdən darağı.
Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.
Sadəcə, sözün bir-birinə dayaq olan gözəllik predmetlərinin təsviri: budaq və onun bülbülü; bülbül və onun qönçə gülü; qönçə və onun yaşıl tülü.
Burda hər yamacın çiçəkdir daşı,
Burda çiçəklərin şehdir göz yaşı,
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.
Sadəcə, sözün çəkib gətirdiyi təsvir nəsnələri: yamac və onun daş çiçəyi; çiçək və onun şehdən göz yaşı; şeh və onun bir damlasının üzük qaşı; qaş və onun qızıl qurşağı. Bu "üçlüklə" kifayətlənirəm.
Başqa bir lövhədə təzadlı, lakin isti görüm, lirik ovqatın yadigarı.
Yay çağı bulaqda buz olmaz, olarmış,
Dağların belində düz olmaz, olarmış.
Mən dedim lalədən köz olmaz, olarmış,
Çiçəklər yol boyu araqçın düzəldir,
Yaylaqlar gözəldir!
Guya bir ovçuyam, durmuşam bərədə,
Marallar cüt keçdi, keçə bir kərə də.
Qar uçub günəşdən gizlənib bərədə,
Üstünün örtüyü sapsarı xəzəldir,
Yaylaqlar gözəldir!
Bu şeirdə həzin ovqat, insan sümüyünü qıdıqlayan mənzərənin inandırıcılığı və qavranılması ümid doğurur və oksigenlidir bu hava. Belə ruhlu şeirlərində M.Yaqub insan amilini unutmur; gözəlliyi çəkir içinə, vücudu təzələnir. İnsan nədənsə mənzərədən ötəri də uzaqlaşır, lakin bunun təbiətə dəxli yoxdur. Gah yatır, gah da oyanır. Yatışında da, duruşunda da ümman sakitliyi gözəldir: "Təbiət yatır" şeirində iki qütb görürük. Bu dəfə də yalnız şairin seçə bildiyi zərif və işıqlı predmetlərin obrazlaşması. Birinci qütbdə:
Çalalar, çuxurlar hamarlanıbdır,
Quşlar bir dən üçün qubarlanıbdır.
Qanadı altına salıb başını,
Sərçələr ötürür qarlı qışını.
Baxıram bu ağac nar armududur,
İndi nar armudu qar armududur.
Bəs bu ağacdələn kimi oyadır
Təbiət yatır.
İkinci qütbdə:
Görəsən ürəyim kimi soraqlar..
Əyilib yollara qarlı budaqlar,
Keçir yollarımız ağ bir tuneldən,
Sökülür bu tunel adicə yeldən.
Qardan papaq qoyur papaqlarımız,
Üşüyür maşında ayaqlarımız,
Adamlar mənzilə tələsir, çatır,
Təbiət yatır.
Belə silsiləli şeirlərdə fərəh hissinin mənəvi yaşantısı estetik həzzi əyaniləşdirir. Poetik fantaziya xoş ovqatın "açarına" yol açır. A.S.Puşkin yazırdı ki, xəyala göz yaşlarımla məftun oluram, ahəngdən həzz alıb xumarlanıram! Əsl Puşkin obrazı!
Ürək-vicdan-mən bunları ayrı təsəvvür etməzdim, elə ən optimalı "defislə" yazmaqdır. Bunlardan ürək maddiyyatdır, fiziki çəkilidir və ürək "vicdanı" doğur. İnsan bu "ikiliyin" həm cəfasını çəkir, həm də səfasını. Və "ürək-vicdan yaşamaq cəfakeşi insan" deyir şair...
M.Yaqubun poeziyasına bir ümman sakitliyi və tufanında, rəng çalarında və kövrək çəkilmədə baxdıqda ülvilik payı duyuram. Mənim şəxsi qənaətimdi və deyimimdi. Bunu onun tərənnüm fərdiliyində, obrazların "çevrilməsində", fantastik tapıntısında və poetik möcüzələrində aydın görürəm. Ümumiyyətlə, "ülviliyi" nədənsə poeziyamızda axtarmamışlar, yazan ədəbiyyatşünas - tənqidçilərimiz birbaşa şeirin "görümündən" yapışmışlar. Xüsusilə, çağdaş şeirimizdə bu estetik kateqoriyanı görməliyik. Bir qədər tarixinə vardıqda, ülvilik təsadüfi olaraq (!) ritorikanın üslubiyyat fiquru kimi götürülürdü; nəzəri ədəbiyyatlarda natiqlikdə "ülvi üslubun" ayrıca qaydaları, texniki imkanları nəzərdə tutulurdu. Şeir yazılır və oxunur: Ya Oxucu-Natiq, ya da Müəllif tərəfindən. Gəlin, şeirin ülviliyini – mahiyyətindəki poetik elementlərə diqqət yetirək: qeyri-adi fikirlər, ehtiraslı pafos, ləngərlik məqamları, deyimin çalarları - bütün bunlar fiziki-mənəvi nemətlərdir. Öncə, ülvi şeirlərdə əzazillik, şöhrətpərəstlik, sərvət çarpışmaları, pessimist nəticə çıxarmalar və s. özünü tapmır. Şair səadət, intəhasız ömür, həzzalma kimi ülvi hissləri aşılayır. Heyrət və heyranlıq bir amalda birləşib oxucunu düşündürür. Və şairin intellektuallığı ilə emosionallığı məqam tapırsa, dərin fəlsəfi nəticələr çıxarmaq yoluna oxucusunu dəvət eləyir. Şair istedadı üzdə olur, xırdalıqlara varmır, adi predmetlərdə belə böyüklük, nəhənglik görür və ülviliyin əzəmətini göstərir.
Musa Yaqubda fərqli baxımdan təbiətdən gəlir və təbiətə də qayıdır. Bu poetik təfərrüatın lakonikliyi sayəsində baş tutur. Məşhur "Dağlar çox qəribə olur gecələr" şeirində ülvilik insanın mənəvi hesabatını pıçıldayır - əslində şairin dilində kövrək çağırışa dönür - səslənir!
Mən şeiri müxtəlif könül çağımda oxumuşam, hər dəfə özüm də qəribə hisslər yaşamışam. Şairin poetik qüdrətinə bax: gecələrin özünəməxsusluğunda qeyri-adilik görür, mübhəm səslə rəng qovşağında: birrəng! İşıq yoxdur, işıq vardır. Amma dağ, üfüq görünür, dərələr öz-özünə səslənir - sükutu yaxına buraxmırlar - bir-birləriylə ünsiyyətə girdikləri üçün.
O nədir, üfüqə qar düşüb elə,
Bir cuna göylərdən aslıb qalıb.
Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar çox qəribə olur gecələr.
Musa Yaqub aldığı bədii informasiyanın sosial-elmi mahiyyətinə varmır (buna ehtiyac da yoxdur), görümün - dağların gecələr sükutu yarıb insanı heyrətləndirdiyinin kommunikativliyinin mənasını açmır, insanın mənəvi və təbiətlə qarşılıqlı təmasına diqqətli olur və gecənin ponoramını təsvirə gətirir.
Bircə qarışıqlıqda zülməti qırıb,
Bir şırım qar tutub dağ yarğanını.
Sanki çadrasını ildırım cırıb,
Pambığı çıxıbdır qaş yorğanının.
Caylar qaranlıqda bəyaz küçələr,
Dağlar çox qəribə olur gecələr.
Maraqlı və qüdrətlidir obrazlılıqda - qaranlıq sanki çəkilib gedib, ancaq mənzərəni qoyub ki, işıqda hər şey görünsün - şairlə təbiətin informatik təması baş tutsun. Poeziya estetik zövq sistemində əvəzsiz vasitədir, insanın varlığa münasibətinin bədii formada inikasıdır, gerçəkliyə estetik münasibətdir. Musa Yaqub bu fantomu - mənzərəni danışdırır və eşitdiyini oxuculara çatdırır:
Nə aydan, nə ildən hesab götürməz,
Min belə yatışla vaxtı ötürməz.
Göyün soltanlığı, yerin xanlığı,
Dünyanın ən böyük arxayınlığı,
Ömrün sonsuzluğu yatır elə bil.
Deyirəm, belə bir daş yuxuyla
Bəlkə çay laylası heç gərək deyil.
Bu şeir mənzərə - ponoramın mənəvi dünyaya birbaşa təsir atributudur, eşqin qüdrətinin əks-sədasıdır, həyatla təbiətin qüdrətli vüsətidir, şeirdə təzahürüdür. Poeziyasında ülviliyi təbiətdə görməklə bərabər, o, insanın daxilində, mənəviyyatında axtarır. Adətən, elə şeirlər yazılır, ülvilik yalnız təbiətin təsviriylə məhdudlaşır; görünür, o müəlliflər ülviliklə gözəlliyi fərqləndirirlər, bir duyğu bucağında birləşdirmirlər. Əlbəttə, bu cür şairlərin öz yaradıcılıq üslubundan irəli gəlir. Lakin İ.Kant demişkən: "Ülvilik təbiətdəki hər hansı bir şeydə (nəsnədə) yox, bizim qəlbimizdədir". Təbiətdəki xoşagəlməz hadisə zahirən insanı riqqətə gətirir, qəzəbləndirir, diqqəti məşğul edir və s. Şairsə bu proseslərdə qeyri-ülvi çalarları oxucusundan uzaqlaşdırır, müsbət həzz mənbəyi yaradır; möhtərəmlik hissi oyadır: beləliklə, mənfi emosiyanı aradan qaldırır - çün, "nəhənglər belə dincələr, ucalıq belə dincələr".
"Nəyi bizimdir...", "O dedi, bu dedi" şeirlərində ülvilik subyekt timsalındadır və şairin fikrinə şəriklidir:
Qarabağ bizimdir, - deyib dəf çalan,
Yatan qılıncımı, intiqamımı,
Sən ey nifrətimi arxayın salan,
Axı, Qarabağın nəyi bizimdir?..
Bağrımın başında qara dağ yatır,
Sinəmdə çarmıxa çəkilmiş çadır...
Qarabağ ülviliyindən nə qalıb ki: ağaclar doğranıb, qayalar çapılıb, İsa bulağı qara yazıdır. Dil-dil ötməklə Qarabağımızı kim verər özümüzə.
"Bizik Qarabağın dərdinə şərik,
Sizdən kömək əli əsirgəmirik", -
dedilər və süfrədə yeyib-içib getdilər.
Biri neftimizdən aldı payını,
O biri itirdi haqqı-sayını.
...Qarabağ inləyə-inləyə qaldı,
Vədləri dinləyə-dinləyə qaldı.
Müqayisə aparsaq "ülvilik" kateqoriyası ilə - bir zaman öz Məkanında olan Qarabağ əzəmətliydi, sonsuzdu. Musiqiliydi: şırıltılı, sakit, şirin səslər, sevgililərin pıçıltısı - Üzeyir bəyin musiqisi, Bülbülün zənguləsi. Musiqisizdir: narahatdır, yabançılıqdır, qapalıdır, darıxandır - Üzeyir bəysizdir, Bülbülsüzdür, "Bülbüllərsizdir"!
Qarabağ günbəgün bizdən uzaqlaşırsa - faciəvilik yaranır: Ümidlər ölür, təntənə fəlakətlə əvəzlənir, sevincdən kədərə gedir. Əvəzsiz itki ola bilər Qarabağ, kədərli nəğməyə dönər Qarabağ. Faciəviliyin daxili təbiəti kədər hissinin sevinclə, ölümün ölməzliklə həlli məqamında təzahür edir, ortaya çıxır.
İtalyan yazıçısı A.Savvinov (1891-1952) yazır ki, poetik dilin mənşəyi sadəlik dərsidir; bu səbəbləri, necə deyərlər, "poetik aləm" yaddaşında təzələyən başa düşür ki, bu zaman dumanlı hüdudlar aradan qalxır və o, yeni aydın formalar, dərin sərhədlər əldə edir. - Bu fikir axarında Musa Yaqub ürəyi sonsuzlaşır, kainata sığışmır; real ümidin məcrasından qeyri-adi genişliyə çıxmaq istəyir. Orda nə gözləyir onu, oralardamı azadlığı, sərbəstliyi kəsib-doğrayır? O ülvi hissəcən ümidlidir, "ağacından sonuncu yarpağacan o ümidin dalınca" getməyə hazırdı. Buracan şair istəyini gizlətmir, əgər ki:
O qaranquş yuvası ki, soyuyub,
O köldəki qərib durna uyuyub,
Könlüm sənin ümidində çox uyub,
Apar məni bu ümidin dalınca.
Şeirdə şair Məkanından çıxır, laməkanlaşır şair babası Nəsimitək. Kainat onun yeni məkanı ola bilər; bəlkə də İlahinin göndərdiyi şeir yoluna düşmək və mənbəyinəcən getməkdir diləyi. Belə niyyətlər şeirdə "yozumsuz" qalanda şeir müqəddəsləşir. Bircə sevgini gizlətmirlər, etiraf edirlər şairlər. Musa Yaqubda:
|