Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə5/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Allahlıq iddiasına düşməmişdir, çünki Allah özü yaradan qüvvədir, eləcə də İnsanı. Musa Yaqub deyir ki, insanlar Allah qədər səxavətli olsalar, bizdə heç bir problem olmaz. Allah bizə çox şey verib: düşünmək istedadı, sevmək qabiliyyəti və bizim ən böyük nöqsanımız, naqisliyimiz ondadır ki, biz insan olaraq hansı üstünlüklərə yiyələndiyimizi anlamırıq… Şübhəsiz, yaradıcı adam allahlaşa bilməz, Allah dərgahına yaxınlaşa bilər. Çünki şeir yazanda mən, şəxsən mən olmuram, hər şeydən uzaqlaşıram. Mən şeirlərimi mahnı kimi oxuya-oxuya yazıram, ürəyim həmin predmetə yaxınlaşır, üzbəüz qalırıq. Qoşalaşırıq. Lap zərif çiçək olsun.

Şeir yazmaq Allah vergisidir – mənim öz qənaətimdir. Ona görə də onun ölçü-biçisini, rəngini, havasını dəqiqləşdirən bir qüvvə – adam hələ ki, tapılmamışdır. Nəzəriyyəsini açmaq bu deyil əsla. Böyük şairimiz Vahid Əziz mərhum şairimiz Səyavuş Sərxanlı ilə söhbətində yerində demişdir. Və mən bunu Musa Yaqub barədə kitabımda gətirməklə həm də qürur duydum: İki nəhəng şair, poeziyaları ruh qədər pak və əbədi: Poeziya – həqiqətən, çox çətin, zülm bir əhvalatdır. Əgər bu Allah vergisidirsə, onda onun paklığını da Allah verən kimi qoruyub saxlamağa borclusan. Poeziyanın ilahi qanı süni məqsədlər yolunda axmamalıdır. Bu olmaz, xəyanətdir əslində… Poeziya son dərəcə intim hadisədir – insanın özüylə kağız-qələm arasında çox gizlin, məxfi ünsiyyətdən yaranan bir aləmdir.

Musa Yaqub ürəyi dolanda, əzabları və ülviyyəti içərisinə çəkəndə şeirə hazır dayanır, əlbəttə, «şeir oyununa». Bu «oyuna» necə baxacaq, şeir alınacaqmı? Zahirən məşğuliyyət gözüylə baxmaq da olar, çün, alınmaya bilər. Hətta ən məşhur şairlər demişlər ki, şeir mənim üçün ciddi məşğuliyyətdir. Söhbət «ciddi» ədəbiyyatdan gedir. Şeir çox aldadıcıdır, olduqca cazibədar bir şeydir. O, çox gözəl və zəhərli bir çiçəkdir. O çiçəyi ovucların arasına alıb qoxulayırsan. Amma unudursan ki, onun əlinə çıxan zəhəri səni öldürə bilər. Şeir belə bir möcüzədir. Şeir əhval-ruhiyyədən doğulduğu üçün hər bir insan şeir yaza bilər (bü təvazökarlıqdır – A.E.). Şəxsən mənim üçün şeir bütün həyatım, varlığım deməkdir. Ümumiyyətlə, şeirə qeyri-ciddi münasibəti qəbul edə bilmirəm. Bəlkə də bu, ona görədir ki, mən saysız-hesabsız şeirlərimi cırıb atmışam. «Şeir əgər ürəyimə yatmırsa, içərisində gözəl misralar olsa belə, mən onu saxlamıram, cırıb atıram. O şeirlərə şikəst doğulmuş övladlar kimi baxıram. Fikirləşirəm ki, hərdən Tanrı niyə görə uşaqları doğulan vaxt məhv edir? Sonra düşünürəm ki, yəqin o özü də zay məhsul yaradır və onu saxlamağı məsləhət bilmir».

Şeirə belə bir prizmadan yanaşmaq həyata başqa bir bucaqdan baxmaqdır. Poeziya yaradıcılığın bir qolu kim, adi predmetin də poeziyasını tapmaqdır: bütün ədədlər, rəqəmlər, cəmlər orta bir məxrəcə bölünsün, hərəsinin də öz yazılma – hesablama düsturu olsun. Poeziya bütün bu müqayisələrə bənzəmir, məxsusi düstura malikdir.

Şairin yaradıcılıq enerjisinin mənbəyini haradasa, haradansa, hansı varlıqdan gəlməsini müəyyənləşdirmək poeziyanın bir sirri olaraq qalmaqdadır. Şair masa arxasında hissləriylə «rinqə» çıxarkən böyük həcmdə enerji itirir. Musa Yaqub bu fikirlə razılaşır və əxlaqi tərəfə çəkir ki, bu hiss olunanda, hətta ailədə narahatçılıq yaranır.

Mən təxminən 90-cı illərdə bir qəzetdə Aynur İmamverdiyeva adlı müəllifin «Aura» adlı məqaləsini oxumuşdum, maraqlı yazıydı. Aynur xanımın yozumunca, şeirdən enerji süzülür, guya insan Auraya düşür. Bu anlayışı B.Volter işlətmişdir sənətdə. Aynur xanımın yozumu: «Böyük sənət əsərlərində bizi cəlb edən, şoka salan nədir? Mənim düşüncələrimlə doğmalaşmış bir fəlsəfi konsepsiya bunu belə izah edir: Unikal əsərlərlə ünsiyyətdən sonra insan özünü zənginləşmiş hesab edir. Nə ilə? Axı, proses çox vaxt şüurdan asılı olmur. İnsanın iç dünyasını zənginləşdirən həmin əsərlərə qoyulmuş (bəlkə hopmuş? – A.E.) böyük energetik potensialdır. Və ümumiyyətlə, dahi əsərləri fərqləndirən başlıca keyfiyyət onunla kontaktda olan sərbəstcəsinə keçən enerjidir… Dahilərin energetik potensialı nəyə cəmlənir: konkret obrazlara». Əslində bu qənaət yozumdan daha çox həqiqətdir. Enerji böyük sənətkarda tədricən toplanır, birləşir və güclü şəkildə enerji kütləsinə çevrilir – bu Auradır, əsərin qatı emosional qavrama atmosferi yaratmaq qabiliyyəti. Şair şeirə hazır olanda emosional sakitlik, yaxud gərginlik keçirir; birlikdə lirik, aydın, səmimi, ülvi, ikincidə sərt, gərgin, dağıdıcı, öldürücü əsərlər hasilə gəlir. Tarixə qayıdanda Tiranların əhatəsində olduğu Aura yalnız müharibə, dəhşət törətmişdir. Peyğəmbərlərin yaratdıqları Aura fəzilət yaratmışdır.

Bir azca analitik mühakimədən uzaqlaşaq (bu, mənim elmi yaradıcılıq prosesində əl atdığım bir vərdişdir, oxucumu niyə yormalıyam, özü də söhbət poeziyadan gedirsə). Musa Yaqubun «Bu sevgi yenidən ayıltdı məni» şeirini bu sətirləri yazanda (19.09.09), havanın payıza əl uzatdığı bir ovqatda oxudum, qayıtdım sevgi günlərimə, nə yaxşı yaşım «ekvatoru» keçibdir, yoxsa hissiyyata qapılıb sevə bilərdim!
O hansı bulaqdır gözündən içdim,

İçibən bir sevda yoluna keçdim.

Guya ki, dünyanı dərk eləmişdim,

Bu sevgi yenidən ayıltdı məni.
Bir yaz çəmənin küləyi oldum,

Bir açar qönçənin gərəyi oldum.

O şehli bədənin köynəyi oldum,

Bu sevgi yenidən ayıltdı məni.
Nə qədər oxusan kitabı bitməz,

Sınağı, günahı, səvabı bitməz.

Nəşəsi qurtarmaz, əzabı bitməz,

Bu sevgi yenidən ayıltdı məni.
Hardan uçub gəldi payız durnası,

Mürgülü bir gölün sındı aynası.

Torpağım oynasın, daşım oynasın,

Bu sevgi yenidən ayıltdı məni.
Dünyadır o ala gözün mənası.

Çatmaz o mənaya sözün mənası.

Yaşa, şirin ömrün şirin dünyası

Bu sevgi yenidən ayıltdı məni.
Bahara uzanmış ağac qoluyam,

Alça budağı tək çiçək doluyam,

Təpədən dırnağa sevda yoluyam,

Bu sevgi yenidən ayıltdı məni.
Məncə, fikrimizə davam etsək yaxşıdır. Öncə, peyğəmbərlərin əshabə (səhabə) adı ilə məşhur olan tərəfdarları şeirə ayrıca maraq göstərmişlər. Peyğəmbərdən (s) savayı bütün Abdu Mütəllim övladları şeir yazmışlar, tərbiyəvi məqsəd güdmüşlər. Ömər bir əl-Xəyyab oğlu Abdu-r-Rəhmana vəsiyyətində demişdir: «Oğlum, şeirlərdən ən yaxşısını, ədəb artıranını öyrən. Yaxşı şeir bilməyən haqqı başa düşməz. Şeiri bilməsən nəslini dəqiqləşdirə bilməzsən. Şeir deyəndə ən yaxşısını, hədis deyəndə ən dəyərlisini de».

Ömər şeir mütaliə etməyi xoşlayırdı və valisi Əbu Musa əl Əşariyə tapşırırdı: «Şeirin öyrənilməsinə xüsusi fikir verin. Yaxşı şeir yüksək əxlaqa, doğru rəyə dəlalət edir və əsil nəcabəti dəqiqləşdirməyə kömək edir».

Poeziya ani qığılcımların əks-sədasıdır; fikir bir andaca yanıb-sönür; tutdu şair, onundur, əksinə, bəxt ulduzu təkin uçub yanacaq – Səməndər quşu kimi. Şairlərin təbiətində sanki dağıdıcılıq təkanı – enerjisi olur və standart çərçivələri uçururlar. Əgər onlar vahid sənət qaydalarına əməl etsələr, müəyyən – mütləq formaları və nəzəriyyələri, obrazları qəbul etsələr, oxucular onların axırına çıxmış olarlar. E.Hemenquey nasirdi, amma vahid, standart prinsiplərin tərəfdarı deyildi: «Əsərlərinizi gərək qəlibdən çıxarasız və mübahisələri kənara qoyasız». «Qəlibdən çıxarmanı» deyəndə ənənəviliyin inkarını nəzərdə tuturdu. Şair yazmağı, tərənnüm eləməyi sevməlidi, baxmalıdı əsəri çap olunub, yoxsa yox; yaradıcılığa yaxşı müsbət iş kimi baxmalıdı. Empini Dikenson yazmağa gərgin iş kimi başlayanda, özünü ən xoşbəxt adam sayırmış. Şairdə yazmaq fərdi fəaliyyətdir, cansıxıcıdır və s. Amma bu cəhəti bütün şairlərə aid eləmək səhvdi. Şair var şeirli anlarında halı özündən çıxır, tərki-dünyalığa qovuşur. Musa Yaqub istisnalıq yaratmır: Əvvəlcə Təbiət bütöv halda fantomlaşır, nəhəngləşir, bütləşir, dünyanın ona yaxın predmetinə çevrilir. Sonra o dünyanın ona yaxın mənzərəsi şairin göz və ürək mikroskopuna gəlir: çiçək də, yarpaq da, ot da… nəyi var gizlətmir, bacarmır. Daha sonra şeir doğulur, amma birbaşa yox ey, söz-söz, misra-misra, bənd-bənd. Və öz adını istəyir ki, məni dünyaya gətirmisən, adımla çağırsınlar. Amma bu «yalvarış» əlüstü ödənilmir ey. Hətta qorxur, çəkinir də. Musanın ən səmimi etirafı: «Qorxuram şeir yazmağa», razılaşaqmı şairlə?

Hərdən tüstülənir, göynəyir sinəm,

Hərdən dediyimi deyə bilmirəm.

Qorxuram könlümə qulaq asmağa,

Qorxuram söz tutub şeir yazmağa.

Taleyin verdiyi bəlkə acıqdı,

Özümdən didərgin saldım ilhamı.

Elə bilirəm ki, könlüm açıqdı,

Onu görüb hamı, oxuyub hamı.

Açılmış sirrimin nəyini yazım

Yazılmış şerimin nəyini yazım?
Razılaşaq şairlə!

Şairin poetik ovqatı – davranışı. Şair könlü dolub duyğuları ilə, amma «Bu otaqda yazmıram şeirimi», - deyən M.Yaqub «Yapışıb payızın titrək əlindən», «Qızıl bədənini sıxıb köksünə», «Bir yaz gecəsində» hansı ki, «göylərdə durna sorağındadı», «səma zolaq-zolaq zər içindədi», «o meşə talası döşündə çiçək, çıxacaq sabahı qarşılamağa». Və:


Bu yaz gecəsində çöl-bayır oyaq,

Bu gecə baharla könlüm şərikdir.

Bu gecə bir ağac, bir yamac olmaq,

Bu gecə çöl olmaq bəxtəvərlikdir.

Bu gecə baharla qol-boyun olub

Sabaha yol almaq bəxtəvərlikdir…
Bəs dağlar, şair unudubmu? «Dağlar» şairi «çəkib ağuşuna», hətta «gözətçi götürün məni» - deyir, «olum bu günlərin bağbanı» - yalvarır. Bu rica sözgəlişi deyil, şeir xətrinə də həmçinin, «olum zirvələrin soltanı» - pıçıldasa belə:
Musa, bu yerlərdən uzaq düşmə heç,

Təpə kölgəsində daldalanma, keç.

Arxa da seçəndə dağdan arxa seç,

Ram edər özünə dövranı dağlar!

Şair qəlbinə bax, dağlarla həmsöhbəti özünə rəva görən Musa Yaqub ən zərifcik və zəif bir çiçəyə poetik ovqatını əsirgəmir. Şairi fövqəlləşdirən bu əzablı, lakin xoş təbiət nemətciyini şeirə gətirməkdir.


Utancaq gəlintək çəkinib əvvəl,

Bürünür bir yaşıl duvağa lalə.

Yırtıb köynəyini baş qaldıranda,

Bənzər təbəssümlü dodağa lalə.

Yel əsib duvağı salar üzündən,

Görərsən xal qoyub yanağı lalə.

Yağışlar yuyanda ləçəklərini

Çəkər saçlarını darağa lalə…
Təkrar kimi çıxmasın: Anna Axmatovanın «Melxola» şeirini xatırlamırmı? Rus şairəsinin keçirdiyi xoşbəxt ruhi rahatlığı – ovqatın bağışladığı şeir Musa Yaqub üçün də doğmadır.

Poetik yaşantının öz sirri də var a!

Ən zərif «sirr» bir şeirin doğuluşudu, ilhamın ovcunda bənövşə utancaqlığıdır, başlarını kol dibində gizlədir. Bəli, ovqatı yalnız şairlər qazanır:
Bənövşələr gör necə aldandılar,

Çərşənbədə qar altında qaldılar,

Başlarını kol dibinə saldılar,

Titrədilər, üzüşdülər, dözdülər,

Elə bil ki, susdurulmuş sözdülər.

Üstlərinə torpaq xəzəl atırdı,

Bənövşələr büzüşürdü, yatırdı.

Başlarında kollar bir ağ çadırdı,

Dibçəklərdi pəncərədən yıxılmış,

Körpələrdi yeddi aylıq doğulmuş

Ana torpaq öz adın, öz soyundur,

Bu bənövşə körpələri ovundur.

Vallah, dünya başdan-başa oyundur,
Gecikənin topuqları çomaqda,

Tələsənin zərbə daşı qabaqda.
Bu lirik, lakonik şeirin məqsədi sadəcə təsvirlə məhdudlaşsa idi – bu da şairin hünəridir əgər onda alınırsa – mənim üçün adiləşərdi və «bənövşələr»dən biri olardı. Musa Yaqub belə boynubükük, yazıq, gəlişində-doğuluşunda təzələnən Varlığın taleyini düşünür. Bir çiçək də taledirsə, niyə insana şamil olunmasın?!

Məncə, ilhamlı şeir müəllifini əvvəlcə «qətlə» hazırlayır, sonra peşimanlayıb yaralayır - əvəzində göz yaşını oxucularına ərməğan eləyir.

İlham – istedad bir-birini tamamlayan anlayışlardır. Bunlarsız, xüsusilə birincisiz ən ali əsəri, hansısa yaradıcı işi həll etmək çətindir, olsa da orta səviyyəlidir. A.S.Puşkin əbəs deməmişdir ki, ilham şeirdə lazım olduğu kimi, həndəsədə də gərəklidir. Alman alimi Veyerştrass şairə bir qədər də ilhamla qiymət vermişdir: «Əgər riyaziyyatçıda müəyyən qədər şairlik təbiəti yoxdursa, o, kamil riyaziyyatçı deyildir».

Şair ilhamı anadangəlmə olduğu üçün ona zir-zibil qarışmır, tər-təmizdi, bulanıq deyil, dupduru suda ağ balıqlar tək üzür, asta-asta nəfəs alır. Şairin bəllidi bir vəzifəsi də: ruhlanmaq, ona ruh vermək, amma xəbər alsan ki, yazdığında nə həqiqətdi, nə yalandı – bir fikir gəlib durur ortada: poetik həqiqət! Deyək ki, Dantedə cazibədar bir nəsnə Mallermedə eybəcərdir. Hər ikisini oxucu qəbul eləyir, çünki poeziya sevdirən möcüzədir, işıqlıdır, nurludu. Oxucu o nəsnəyə «qara» deyir, amma şair bunu «ağ» görür və inandırır. Bu «çevrilmələrin» ilk mərhələdə payı bədii təxəyyüldü, fantaziyadı, şair üçün bu ona ötürülmüş kəşfdi. O, müxtəlif forma və ölçüdə imkanlarını büruzə verir. Gerçəkliyin fraqmentlərini həyatla, əslində «poetik həqiqət»lə birləşdirir. Belədə şair obrazı, detalı tapır, məcazlardan yararlanır: «Metafora hissetmənin uzun həyəcanından işıqlanan, intuisiyanın bir anlıq partlayışından doğulan təxəyyülün doğma övladıdır» - sözləri nasirə məxsus olsa da, inandırıcıdır. Gerçək təxəyyüllə bədii fantaziya fərqli gücə malikdilər.

Birincisi, gerçək varlıqla məhdudlaşır, olmayan bir şeyi təsəvvürə gətirmir, ondan qaçır: əşyalar, görüntülər, ədədlər və s. gerçəkdir, nə alınacaqsa elə o cürdür.

İkincisi, ərköyün uşaq kimidi, elə «şuluq»luq üçün bəhanə axtarır, anası deyir ki, əlini yanan oda – şeyə vurma. Uşaq fikirləşir: odda – şeydə başqa nəsə var ki, mənə qadağan eləyir anam. Hər halda əlini toxundurmasa (amma yaxşı ki, əlini basır) da, başqa bir şeyin mövcudluğunu düşünür. Bədii təxəyyülü olmayan «həqiqət» görür, planetlər arasında məntiqi «həqiqəti» axtarır, əlaqə tapır. Beləliklə, bədii təxəyyül topladığı hər şeyi qavramağa, şeirdə onun (şeyin - təsvirini) «kərpiclərini» qoymağa nail olur.

Bədii (poetik) təxəyyül gəzəridi, əşyaları dəyişdirəndi və onları mənalandırır, gümana gəlməyən əlaqələri aşkara çıxarır, son məqamda, insafən, gerçək vasitələrlə əməliyyat aparandır. Bədii təxəyyül poeziyanın ilk pilləsidir, sözdən qala ucaldır. Və o, məğlubedilməz qüruru ilə fəlakətləri silib-süpürür, əvəzində oxucusuna bir yığın «sirr» qoyur; gəl oxucu, aç bunları, hər kərpicin haradan, hansı divardan qopduğunu anla. Amma başqa yerə qoy, öz «yuvasına» yapsan, olacaq əvvəlki divar. Poeziyada təxəyyül belə reallıqdan qaçan hissdi, şair fantaziyasının ikinci mərhələsində ondakı təkanı, gücü bir anlıqda təsəvvür eləyir; fantaziyası əşyanı, hadisəni real və məntiqi baxımından «ayırır», «birləşdirir» - ortaya nəsə çıxarır. Şair duydu, hiss elədi bu payızdı, bu dağdı, bu dənizdi, nə bilim, bu isnandı və onun bu da ürəyidir… Şeirə sığışır, şeirin predmetinə çevrilir. Ancaq məkan lazımdı, gəlib özünü yetirməsə o duyduqları və hiss elədiklərindən intellektual bir şey ortaya gələcəkdir: Payızı görmürsə, payız özünü solmuş gül-çiçəkdə, saralmış yarpaqda, sönmüş ocaqlarda… gözə dəyir. Musa Yaqubun «Quzey»ində Təbiət və İnsan baxışları qovuşanda şair quzeydə tamam başqa nüanslar görür; deyək ki:
Nəmli xəzəlləri titrəyib əsən,

Taledən kölgəli, üstü çən quzey.

Həmişə gəlməyə qışı tələsən,

Həmişə baharı gecikən quzey.

Quzeydəki soyuqluq insan taleyinə də şərikdir, fərqi nə? Əgər biz yüz illərdir «Quzey Azərbaycan, Güney Azərbaycan»ı fərqləndiririksə, öz azəri-türklərimizin taleyilə öz taleyimizi qoşalaşdırmaq imkanından məhrumuqsa, quzey nəyə yarayır, Günəşdən qarı qorumağamı? Əgər «quzey doyunca qar əmə» bilmirsə, «bütün ömrü boyu Günəş görmürsə» açılmaz üzü.


Yarıqaranlıqda açılmaz kefi,

Eh, üzü kölgəli yaşamaq çətin.

Quzey ağacının quzey tərəfi –

Doğmadı günəşi bu məmləkətin.
Mən şeirdə nikbinlik notlarını duyuram, baxmayaraq, təbiətən soyuqdur quzey. Amma şairin bu əhvalı dəyişir sonda. Bədbinliyə qapılmadırmı? Sualı təsdiq etməzdim. Şairlər ki, Dünyanın quzeyini görür və içərisinə çəkir – bax belə anlarında gecikir. Nəyə?
Bir div nəfəsindən titrəyib əsən,

Əjdaha kölgəli, üstü çən mənəm.

Həmişə gəlməyə qışı tələsən,

Həmişə baharı gecikən mənəm.
Şair də, şeir yazmayan biz də təbiəti, həqiqəti görürük, zövq alırıq, mahiyyətinə də varırıq. Təbiətin «dilinin» Morze əlifbasayağı səslənməsinə etinasız deyilik, bu dili oxumaq istəyirik. Ancaq şair bacarır ilhamın intuitiv gücüylə, bizsə həsəd aparmaqla təsəlli tapırıq. Heç təbiət olmasın; sevgi, məhəbbət bəslədiyimiz Yar olsun. Ayrılası da olarıq, həsrət də qalarıq. Lap sevgisinin, məhəbbətin fəlsəfəsindən yazan alimin – insanın başına gəlsin bu əhvalat nə istəyəcək? Sevgidən doğan sualı cavablandırmağı mən günah sayardım, sevgi sifarişlə gətirilmir ki, «mehmanxanada» yerləşdirəsən, onun bir yumruq xanəsi var – ürək – gəl sığındır görüm də! Musa Yaqubun «Həsrət adası» şeirinin yaşı məni maraqlandırmır və yazılma tarixinə də baxmadım. Amma bu şeiri siyasətə yönəltsən (Allah eləməsin), dahi Napoleonun Siciliya adasında hakimiyyət həsrəti keçirdiyini xatırlamaq olar. Napoleon axır ki, qaçır – sonuncu olmur, yenidən qaytarılır və ömürlük məhkumluğunu yaşayır. «Həsrət adası»ndan qaçan şair nəhayət ki, qəribsəyir, bir zərif «xətasını» pərişan qoyduğunu xatırlamaqla poeziyaya əbədiyaşar şeir bəxş etmişdir.
Mən səni pərişan qoyub gəlmişəm

Payız günəşinin şüası kimi.

Yəqin çatmaz sənə yalvarışlarım

Bəndənin Tanrıya duası kimi.
Mən səni pərişan qoyub gəlmişəm

Sahibsiz bir kəklik yuvası kimi.

Ruhumda bir qərib nida sızıldar

O ana kəkliyin nəvası kimi.
Mən səni pərişan qoyub gəlmişəm

Buludlu göylərin havası kimi.

Mənim sinəm dolub, gözlərim dolub

Daşacaq səbrimin kasası kimi.
Mən səni pərişan qoyub gəlmişəm

Yaylağın boş qalan obası kimi.

Tərki-dünyalıqda könlüm darılıb

O şair Lələnin koması kimi.
Mən səni pərişan qoyub gəlmişəm

Bir gölün sonuncu sonası kimi.

Könlümün köz düşən xalı saralmış

Daşda ildırımın xınası kimi.
Mən səni pərişan qoyub gəlmişəm

Sən orda bir həsrət adası kimi.

Mən burda könlümü söküb-tökmüşəm

Baharda bir daşqın xatası kimi.

Şair üçün – Musa Yaqub poeziyası üçün poetik məhdudiyyət görmürəm, şair bir yarpağı, bir çiçəyi – təbiətin zərif (zəif) bitkilərini ali dərəcədə poetik obrazlara çevirirsə, daha nə qalır?

Şair poetik sərhədləri keçmək istəyir, tərənnüm obrazlarıyla yoldaşlıq eləyir, xəyala dalır və sonra bunların reallığından qaçır, uzaqlaşır; sanki qorxur. Axı, birdən şairliyindən çıxar, alimləşər, adiləşər. Yalnız M.Yaqub ruhi azadlığını qəbul eləyər və həyatı ilə razılaşır. Bax, bu psixoloji məqamlarında bədii təxəyyülü (konkret poetik fantaziyası) onun özünə xas olur, ilhamı poetik məntiqə tabe olur. Və bütün texniki imkanlar mənasızlaşır, olan-qalan estetik amillər dağılır, yerinə bir hədiyyə – ilham gəlir!

Oxucum, bu uzun-uzadı (azca kəsə elədim fikrimi) mülahizələrin subyekti Musa Yaqubdur. O ilhamın – istedadın varlığına iman gətirir, gücünü, yenilməz «libido»sunu duyur. Ən yaxşı, inandırıcı şairin dediyidir, hansı ki, bir suala cavabında demişdir: «Açıb demək çətindir ki, mən daşdan, yaxud ağacdan yazanda təbiətə qovuşuram. Amma mən həmin anda, həqiqətən, ağaca ağac kimi, daşa daş kimi baxıram. Yəni onlar elə bil ki, onlar mənim tay-tuşlarımdı, mənim ömür-günümdür, ömrün yollarını onlarla birgə gedirik».12

Poeziya yalnız nikbin notlardan yaransaydı, bəlkə də oxunmazdı, yalnız toy-bayramlarda səslənərdi, yubileyinin mövzusuna çevrilərdi. Həmişə belə olmur, M.Yaqub içində kövrələn, kükrəyən şairdi, çöldən ona vurulan işıqlı gözləriylə, ilğım cizgilərin ülviliyilə axan sifətində gizlədir. İtgiyə ağlayan şairdi, bu boyda Qarabağı içərisində sağalmaz yaraya döndəribdi, hey göynəyir, sızıldayır. Musa Yaqubun bir şeiri var; vaxtsız itirdiyi bir dostuna həsr etmişdir. Şair fərqli olaraq ictimai mənadan yanaşır, lakin bu, itkinin yönümünü sərtləşdirmir:
Mənim süfrə daşım, mənim daş masam,

Gəlmişəm bir misra xatirə yazam.
Hədəf seçdiyimiz hədəfimizdən,

Bir görüm nə qalıb qədəhimizdən,

Bir görüm necədir daş meyxanəmiz,

Sağlıq dediyimiz sözdən nə qalıb?

Sən belə qalmısan, bizdən nə qalıb?
Gedən dostlarım var, xoş xatirədir,

Qalan dostlarım var, mənə qalmayıb;

Baxdım, süfrə daşım mamır bağlayıb,

Üstünə göz yaşım damır, ağlayır.
Nə tonqal qalanır, nə ocaq yanır,

Bizim xəlbirimiz burda ələnir:

Göydə xəlbirimiz burda fırlanır –

Daha söz deməyə tutarım gedib,

Dostları aparan qatarım gedib,

Bu daşı özümə yoldaş eləyib,

Bəlkə elə mən də qurtarım gedim?!
Qalsın süfrə daşım mamır bağlasın,

Üstünə yağışlar yağsın, ağlasın…



3.

ESTETİK İDEAL:

ZAMANIN SÖZLƏ VURUŞU



Poetik pafos: Şairin içindən gələn bu səs ideal insan axtarışındadı; burda təsadüflik yoxdu. Əslində biz daima bitkin həyatda kamil insan barədə düşünmüşük və bu iki anlamın bədii əsərdə təcəssümünü təsəvvürümüzə gətirmişik. Ona görə ki, duyduğumuz və qavradığımız estetik ideal tarixi şəraitin məhsuludur, ictimai quruluşa xidmət göstərən ideyalar dəyişdikcə ideal da onun ardınca gedir. Bu prosesi hər bir sosial sferalı sənət, peşə sahibləri öz estetik zövqü müqabilində başa düşür, icrasına nail olurlar. Söz sərrafları, o cümlədən şairlər fərqli şəkildə tamamilə seçilirlər; eyni zamanda onların özü hansısa işin – diqqətin icraçısıdır. Əslinə qalsa, şairlər ədəbiyyat adamlarıdır və cəmiyyətin yaxşılığa doğru dəyişməsində israrlıdır. Adekvat olaraq ictimai quruluş (cəmiyyət) bədii sənəti özünün aynası qədərində ona sığınır. V.Q.Belinski yazırdı ki, cəmiyyət ədəbiyyatı güzgüsü sanır və onun köməyilə öz-özüylə tanış olur, özünü, öz mahiyyətini, xüsusiyyətlərini şüurlu şəkildə dərk etmək kimi böyük bir iş görür.13 Həqiqətdir ki, ədəbiyyat xalqın təmsil olunduğu böyük epoxanın sərvətidir və milliliyindən ta bəşəriliyə qədər dəyərlənir, gedib qədim Yunanıstana çıxır. Fəlsəfi ədəbiyyatda göstərildiyi kimi: burada mütəfəkkir-filosof ideal insan hesab edilirdi, feodal Avropasının zadəganları cəsur cəngavəri və müti monaxı, xalq kütlələri isə sənətkarı özlərinə ideal gözündə qiymətləndirirdi. İntibah dövrünün humanistləri alim müdrikliyini, rəssam istedadını, döyüşçü şücaətini özündə cəmləşdirən ahəngdar inkişaf etmiş şəxsiyyət idealını irəli sürmüşlər. Sənətkara (şairə həmçinin) belə bir prizmadan və kateqoriyadan qiymətvermə dərin axtarışın, bədii konfliktin, əxlaqiliyin (bədii) mənalığı və ifadəsi, bir sözlə, fəal təfəkkürün nəticəsi olaraq irəli sürülmüşdür. Şairin ilk növbədə estetik qavrayış tərzi mümkünləşməlidir. Böyük yazıçı və ədəbiyyatşünas Mehdi Hüseynin dediyi kimi: yazıçılar insanları bədii obrazlarla – insan obrazı ilə tərbiyələndirirlər; onlar təqlid edilmək üçün parlaq, canlı, təsirli nümunələr yaradaraq oxucuları öz arxalarınca aparırlar. Onlar müasir həyatı, bu həyatının qəhrəmanlarının obrazı ilə təsvir edirlər, nəinki ictimai fəaliyyətdə, həmçinin məişətdə, ailədə, intim həyatın özündə qabaqcıl səviyyəyə qaldıran böyük əxlaqi-etik xüsusiyyətləri özündə birləşdirən obrazlar vasitəsiylə göstərirlər.

Bu sadalanan predmetlər və fikirlər sənətkarın bədii yükünün ağırlığına işarədir. Əlbəttə, zahiri, görünən tərəfi nəzərdə tuturuq. Lakin estetik idealın bədii materiallarının tərənnümünün psixoloji prosesləri daha çətindir, ilahidir və fərdidir. Belələri sırasında estetik qavrayış məncə ilkin pillədir, çün, xüsusi, spesifik qabiliyyətdir. Əgər şairdə bu, yoxdursa, zəifdirsə – güclü, mündəricəli əsər yazmaqdan özünü məhrum etmiş olacaqdır. N.A.Dobrolyubovun qənaətincə, sənətkarda qavrama daha canlıdır, güclüdür, ətraf aləmindən ona təsir edən faktdan güclü şəkildə heyrətlənir: O, faktın özünə acgöz maraqla baxır, onu mənimsəyir, onu öz qəlbində əvvəlcə tək təsəvvür kimi daşıyır, sonra ona digər, eyni cinsli fakt və obrazları birləşdirir, nəhayət sənətkarın bu qəbildən əvvəllər gördüyü bütün ayrı-ayrı hadisələrin bütün mühüm əlamətlərini özündə ifadə edən tip yaradır.14

Bu estetik qavrayışı şairdə digər psixoloji və sosial xüsusiyyətlərdən fərqləndiririksə, bu, o deməkdir ki, sənətkar (şair) duyduğu predmetlərin, əhvalatların gözəlliyini, estetikasını qavrayır, yaxşı və pisi, ağı və qaranı, xoşbəxtliyi və faciəni, ülviliyi və rəziləti… fərqləndirir və hər birisinə öz poetik-bədii ölçüsündə yanaşır. Şair elə-belə bu proseslərə yanaşmır, düzdür, görüm əsas amildirsə, hissiyyatla nüfuz etmək, mahiyyətə varmaq yaradıcı qavramaya impuls verir. Psixoloqlar hissi qavrayışı estetik qavrayışın «atası» hesabında görürlər. Oxucuda bəzən bir bitkin şeir çox asan məhsul kimi başa düşülür və unudulur. Mahiyyətə gəldikdə o şeirin predmeti bütün zahiri və daxili, səciyyəsi və sairlə qavranıldıqdan sonra hasilə gəlmişdir. Şair şeirin predmetinin formasını, ölçüsünü, rəngini, dadını, xarakterik ölçülərini, canlıdırsa, məqsədini və ilaxırı beynində, ürəyində yaşatmasa, natural təsvirdən kənara çıxmağı bacarmaz. Xalq şairi Rəsul Rza haqlıdır bu məsələdə: «Şairlik çətin peşədir. O, insan qəlbinin bir hissəsini deyil, hamısını tələb edir, həris bir varlıq kimi əqlin, zehnin, hissin töhfələrindən doymaq bilmir». Musa Yaqubun «Çörək pulu» şeirini oxudum. Adında çox mətləblər açılıbdır. Bu sosial və mənəvi yalvarışa biz müstəqilliyimizdə əl açmışıq. Bu sözdə bir neçə məna çaları axtarmaq mümkündür: İnsanlar çörək pulu üçün çalışırlar və birtəhər dolanmaq üçün «çörəkpulu» çıxarırlar. Taleyimiz bir həqiqətdir ki, məmurların (bir qrupunu keçiblər, artıq kütləviləşiblər) ucbatından camaatı (xalqı) bir qarın çörəkpuluna möhtac etmişlər:
Məmləkətə neyləyibsə,

Məmurlara

Müftə gələn pul eylədi,

Dolanışın üzü döndü,

Bu milləti qul elədi

çörək pulu.

Bu duzlu və şirin şeirdə Zamanla Söz qarşılaşır və birinci çəkilir, ikinci sərtləşib irəli çıxır. Çörəkpuluna insanların böyük bir təbəqəsini həsrət qoymaq, axşamı ötürmək – varlanmağa meyl ehtirası dərin sosial önəm təşkil edir. «Çörəkpulu» məsələsi insan əxlaqında – davranışında şəxsi ləyaqətə laqeydlik hissini formalaşdıra bilir. Şair messajı:


Eldən gələn, çöldən gələn

Bəla olsa dözmək olar,

Var-dövləti qamarlanmış

bir millətin

Dərd yoludur çörəkpulu.

Həyatın çox sərt yoludur,

Arvad-uşaq qabağında

Ataların xəcil yolu,

Pərt yoludur çörəkpulu.
Çörəkpulu dalısınca düşən millətin sənətə, şeirə də həvəsi azalır; bu bir yana: «məsləki də, qeyrəti də gözdən salır». Çinar boylu cavanın beli əyilir, «dili əyilir», son məqamlarda «kişini namərd edir». «Bu torpağın bizə qalan qəpik-quruş kirayəsi». Günahkar çörəkpulu axtaranlardımı? Sual içimdən ağır çəkiylə gəldi, epitet axtardım, lakin ən yerində səslənəni şairin ağrısıdır, hayqırtısıdır:
Neyləsin ki, yetim-yesir,

Bu cəlladlar ruzi kəsir.

Çörəyindən çörək kəsir,

Bu nakəslər, başkəsənlər

arasında

Çörək pulu qazan görüm!

Tərki-Vətən olub də gəz,

Bez canından usan görüm.
Bu başkəsən məmurlar, adi vəzifəsiz maqnatlar, onlardan azca balacalar şəxsi ləyaqətlə varlanmırlarsa, mülkiyyətə sahib olmaq meyli də əxlaqi şüurdan kənardırsa… şəxsiyyətin ənənəvi tərifini belə şübhə altına alırlar. Və çörək pulunu bu millət «gözdən axan daşdan çıxarır». Bəs «çörəkpulu tələsini kim qurdu?» – sualına şairin cavabı:
Əllər pərsəng işi gördü,

Pərsəng əydi tərəzini,

Gəldi haram çörək pulu.

Yonur çəki daşını da

Qram-qram çörək pulu.
«Çörək pulu» şeirindən bir fikir də hasil olur ki, bu mənfi, qeyri-insani hiss əxlaqi soyuqluğa rəvac verir və sərvət ehtirasının bətnindən cəmiyyətə gəlir, öz mənfur addımlarını atır, iqtidara inamsızlığı formalaşdırır, tədricən bu əhvalı aşılayır. Əxlaqi soyuqluq - birmənalı, açıq-aşkar yadlaşma - insanın və cansız əşyanın münasibətlərini eyniləşdirir.

Musa Yaqubun «Apar məni bu ümidin dalınca» şeirində ictimai motivlər öz yerində; burda da şair narazılığı, nigarançılığı yox deyil. Lakin şeirin bədii mayasında təmiz, ləkəsiz poetik pafos estetik qavrayışın yolunu açır, sönməz ümid doğurur:


O qaranquş yuvası ki, soyuyub,

O göldə ki, qərib durna uyuyub,

Könlüm sənin ümidinə çox uyub,

Apar məni bu ümidin dalınca.
O ümid hardadır görən? Bir parçası güneyə uzanır (Şair dəfələrlə «güney-quzey» probleminə toxunmuşdur):
Mən quzeyin «gün çıx», «gün çıx» naləsi,

Çatmaz mənə günəşin bir haləsi.

Ey güneyin qanad açan laləsi,

Apar məni bu ümidin dalınca.

Kor ocağım yanıb külə dönüncə,

Lap sonuncu işartısı sönüncə,

Sən get mənim, taleyimin önüncə,

Apar məni bu ümidin dalınca.
Şair ümidini hələlik söndürmür, baxmayaraq bir sevgi ümidini də ürəyində yaşatmışdır, «sitəm oldu, məhəbbət olmadı, yanıyca getmək qismət olmadı»- istəyir aparsın o ümidə sarı. Sonda şair etirafını nədənsə dilə gətirir; başa düşmədim Musa Yaqubu. Etirafa ehtiyac varmı?
Sən zirvədə, mən dərənin dibində,

Mən payızda, sən bir bahar təbində.

Bir ağ yelkən küləklənir gəmində,

Apar məni bu ümidin dalınca.
Estetik qavrayışın təminatında şair gözəllik qanunları ilə təsvir (tərənnümlər), obraz yaradır – bu amillər estetik həzz üçün faktora çevrilir. Təbiətin və xarakterin bir predmetidir, olayıdır – şair üçün yeni nəsə bir möcüzədir, nigarançılıqdır, həsrətdir, diqqətə şayən nəsə bir nəsnədir (şeydir). Belə situasiya estetik qavrayışın hissi qavrayışla bağlılığı, bir-birini tamamlaması nəticəsində eyni obyektin, predmetin dərkində, mənimsənilməsində şairlə alimin düşüncə və yaratma tərzi seçilir, intellektuallıqla emosionallıq özünü büruzə verir; biri obrazlılıqla, digəri akademizmlə, əslində naturalizmlə yaradır. Musa Yaqubda olmayan bir şey! Böyük rus fizioloqu İ.P.Pavlov yazırdı: «Həyat adamların iki kateqoriyasını – sənətkarları və mütəfəkkirləri aydın şəkildə göstərir: Onların arasında kəskin fərq vardır. Bəziləri – bütün qəbildən olan sənətkar, yazıçılar, musiqiçilər, rəssamlar və başqaları canlı gerçəkliyi bütövlükdə, tamamilə, bütünlüklə, heç bir xırdalama, heç bir bölünmə olmadan götürürlər. Digərləri – mütəfəkkirlər onu məhz bölür və bununla da onu bir növ öldürür, ondan müvəqqəti skelet düzəldir, sonra isə tədricən sanki onun hissələrini yığır və onları bu sayaqla canlandırmağa çalışırlar ki, bu da onlara hər halda, tamamilə müyəssər olmur».15 Alimin fikri məncə kəskindir, görünür, onun poeziyaya dərindən bələdliyi, şeirin yazılma sirrinin sirli qalması inamı ilə əlaqədardır və tamamilə haqlı qənaətdir. «Qarağaclar» şeirini mən bu nəticə çıxarmaqla yozmaq istəməzdim. Çün, şair üçün Qarağac bitkisi – ağacının bioloji xüsusiyyətləri maraqsızdır. Əslinə qalsa dağ-dərə, eniş-yoxuş, çöl-çəmən, ağac-meşə əhatəsində doğulan və böyüyən Musa Yaqub bu elmdən də konkret məlumatlıdır. Lakin şair qarağac obrazını yaratmaq, bu cür ağacların məcazi taleləriylə insanın həqiqi ömrü ilə bir ahəngmi, ziddiyyətmi yaratmağın «açarını» poeziyaya gətirmək istəmişdir. Və ilk sualı fabuladır şeir üçün:
Görən nədən bezar düşüb

Bu ağaclar?!

Yoxsa elə azar düşüb

Qırılırlar ucdantutma

Qarağaclar?
Bu, ilk görüm qavramasıdır; zahiri görkəmi dərk etmədən «daxili» proseslərə varmaq mümkün deyil. Şair də sualı təsadüfən vermir:
Bəlkə elə

Biz pəhləvan saydığımız

palıd, çinar

Köklərindən suyu alır,

Onlar susuz qalır bəlkə.

Göy çinarlar

Qarağaca qara deyib

Qidasını alır bəlkə.
Bu, görüm deyil, şübhələrin cavabını axtarmadır: həqiqətənmi nəhənglər xırdalar hesabına yaşayır, gözlərini bir damcı sularına dikirlər? – Sualı obyektiv səslənir. Və daha bir şair sualı:
Bəlkə elə

Gövdələri qubarlanıb

Özəyində açıb yara?

Bəlkə elə

Nəğmə deyib yarpaqları,

Xoş gəlməyib

Bəzi-bəzi ağaclara.
Qarağacların ömürləri başqa ağaclarda qısqanclıq doğurur, axı, onlar çox həssasdılar, hətta birləşmək də istəmişlərsə Qarağac meşəsində, baş tutmamışdır. Səbəbi?
Ola bilsin

Dünyadakı ağacların

Qarağaclar ən həssası,

Atomlarla bir dünyada

Müşkül olub yaşaması, -
buna dözmək olar, bəs «nə vaxtdır budaqarı görməyibdir nə bir yarpaq, nə bir çiçək», «çoxdan olub yarpaq dili ağacların», deməli, «nəğməsi də o zamandan olub demək». Quşlar isə vəfalıdır meşədə­ki ağaclara, onlar qırıq-qırıq budaqlarına gəlib-gedirlər. Daha baş çək­məsinlər quşlar; gəlib yuvalarını köçürsünlər…

Musa Yaqub şei­rində zahirən nəzərə çarpmayan cəmiyyətdə gedən qlobal proses­lərə toxunur: balacalar – böyüklər; tənhalar – birləşmələr, ölülər – dirilər. Cəmiyyətdəki insanlar təbəqələşirsə, bölünürsə məhvə, ölü­mə məhkum olurlar, əllər bir-birindən yapışmadı – ayrı-ayrı­lıq­da qırılacaqdır. Qlobal auranı ləkələmək, parçalamaq yaramaz, ne­cə ki, Qarağacların taleyini insanlar: insan cəmiyyəti, insan fərdi ya­­şaya bilər:


Yaşıl taclı ağaclarla

Qarağaclar ölüb gedir.

Əyilməyib son nəfəsdə,

Quruyurlar ayaq üstə

bu ağaclar.

Bəlkə yaxın olsaydılar,

Arxa durub bir-birinə

Qurumazdı

Qarağaclar, qarağaclar.
Vəssalam. Oxucu meydanında «Qarağaclar» adlı fiziki görümlü ağac yoxdur. Bəlkə hansısa mütəxəssisin fikrini öyrənək? Hacət görmürəm. O, bizə ixtisasına xəyanət etmədən «dərs» deyəcəkdir və buna borcludur. İnsafsızı isə dodaq büzəcək, şairi duymamaqla Qarağacın «təhrifindən» əsəbiləşəcəkdir. Olur belə şeylər, olur belə oxucular. Cek London gileylənirdi ki, ümumiyyətlə, özləri yazıçı ola bilməyən adamlar əsil yazıçılar haqqında həddindən çox hökm verirlər.

Şairin yaradıcı əzabı nəhayətsizdir, daşlara çırpıla-çırpıla ömür yaşanır və hər qopan zərrə parça onun ürəyini sızıldadır. Ona görə də şairlərdə imperiativlik xüsusiyyəti olmur, səmimi, ülvi ürək olur: «Sizdə o şey var ki, onun adı ilahi qığılcımdır, - Qorki M. Yartsevaya yazırdı: «Gözəllik hissi vardır, görmə və eşitmə həssaslığı vardır, başlıcası isə yaxşı, düşüncəli qəlb». Bəs M.Yaqub necə, o qəlbə toxunubmu? Kiminsə xətrinə dəyibmi? Olubmu bir gözəlin «Qəlbinə dəymişəm» etirafıyla? Peşimançılığı necə? Sevgi necə, şair?


Gör kimi bilmişəm özümə yaxın,

Eh, mənim bu sevgim nə bitməz oldu.

Ümid üfüq kimi gözümə yaxın

Nə qədər yol getdim, əlyetməz oldu.

Yox, daha könlümü açıb sabaha,

Dan üzü bu yolu tutmağım olmaz,

Nə ümid sabahım açılar daha.

Nə də o üfüqə çatmağım olmaz.
Şeir o zaman həqiqi sənət əsəridir, şairin nar kimi sıxdığı və hər bir dənəsinnən süzülən al-qırmızı şirə onun misralarından axsın. Misralar şair vücudunun qan damarıdır və bu qan poetik pafosa çevrilir. Baxırsan, bu oxuduğun şeirdir, poetik əsərdir. Şiller deyirdi ki, poetik əsər ümumini ifadə etməlidir, çün, hər bir poetik əsər tipik olmalıdır; əks halda o, poetik əsər sayıla bilməz; kamil şairsə bütün insani olan hissləri ifadə edir. Məhz bu hisslər əsərin pafosuna hopur, təsir dairəsini genişləndirir, məzmun çalarlarını əlvanlaşdırır, məna yükünü artırır. Bunlar birinci elementlərdir. Və hər bir şeirin orqanizmində bunlar mümkün atributlardır. Musa Yaqubun ümumən poeziyasının təsir əhatəsi dərhal özünü hiss etdirir, «İsgəndər quşları», «Məni aparma», «Tənhalıq», «Payız», «Buynuza qar yağır», «Yeraltı çaylar» və ilaxır şeirlərini oxucu ünvanı yax­şı xatırlayır.

Bu şeirlərin mündəricəsinə yanaşsaq, həyatın müxtəlif məqamları, güzəranın dolayları, insan taleyinin mənəvi «sərgüzəştləri… oxucunu düşündürür. Maraqlısı ondadı, Musa Yaqub şeirin zahiri strukturunu «seçmir» – özü-özünə yaranır və ictimai hisslə fərdi-mənəvi hissin bir-birini tamamlaması ödənilir. «İsgəndər quşları» 60-cı illərdə yazılmışdır (Bəli, 40 ildən çox.). Lakin misralar o qədər dolu, barlı və poetikdir ki, sanki uzaqdan misralar ayaqlarını basa-basa oxucuların üstünə gəlirlər. Birinci bəndi oxuyaq:


Al günəş qayaya çilər nur, tökər zər…

Baharda uçarlar bəxtəvər-bəxtəvər.

Bir kimsə bilməz ki, ömr edir nə qədər,

Qartaldan asılı günləri, yaşları –

İsgəndər quşları.
Bu quşlar gözütoxdular, dağlar da, daşlar da onlar üçün hamardı, beləcə halal yemlərini taparlar: axı, elə iddiaları da yoxdu – qamarlamaq niyyətləri də olmamışdır.
Qanadlı quşlara dağ hamar, daş hamar…

Nə buğda zəmisi, nə müftə dəni var.

Nə əldən-ayaqdan minnətli dən umar,

Ot ilə, qum ilə qarışar başları

İsgəndər quşları.
Şeir bu ləngərlə gedir, quşların dağ xasiyyətini görürük, nəğmələri dağları, daşları dindirmişdir. Quşların da taleyi var, qaynarı bala çıxarıb salamat uçurmaqdır. Əks halda gəl qulaq kəs dağquşunun amalına:
Yuvası haradır – bir daşın çalası,

Uçqudan qırılsa bir yuva balası,

Bir anda düşərlər taledən narazı,

Yığışıb, çığrışıb tökər göz yaşları –

İsgəndər quşları.
Musa Yaqubun poeziyasında məzmun yükü fəal humanizmlə müşayiət olunur, sosial-mənəvi sərvətə çevrilir. Bir «Ah, insan…» şeirini qələmə alıb. Birbaşa Allaha müraciət yoxsa da, şairin iltiması humanizm axtarışıdır, bəlkə də insanlığın riyakarlıqdan xilası yalvarışıdır, qoy oxucu özü düşünsün:
Ürəyin ən uca məqamları var,

Bu qönçə məqamlar, incə məqamlar –

Duyğulu, uyğurlu, bir az qayğılı,

Belə nur məqamda, büllur məqamda

Bu dünya nə gözəl olur Allahım!

Əriyir nifrətim, ölür tamahım,

Gözümdə ən çopur daş da sifahi:

Bir çiçək, bir mələk, göy məqamında

Bu dünya nə gözəl olur, ilahi!
Dünyanın nizamını pozanlar yad planetlərdən gəlmirlər, soydaşlardır, fərdiyyətçilərdir, bir sözlə, patoloji azara tutulanlardır. Şairin poetik harayına sadə nəzər yetirmək çox az qənaətdir; Ay insan oğlu, çağırışı bəşər övladının bəşəriyətin inkişafını ləngitməsi xəbərdarlığıdır; qlobal məsələyə münasibətdir. Xatırladaq ki, dünya xalqları mədəniyyətinin inkişafına aid ilk Qərb alimlərindən biri Eduard Teylor «İbtidai mədəniyyət» əsərində yazır ki, hələ ondan xeyli əvvəl Arnold Toynbi 600-dən artıq insan birliyinin həyat tərzi və dünyabaxışının inkişaf tarixini araşdırmışdır. Yalnız 28-nə sivilizasiyanın aidiyyatını göstərmişdir. XIX əsrin II yarısına kimi onlardan beşi qalmaqda idi. Və bunlardan biri də «müsəlman sivilizasiyası» adlanırdı. A.Toynbinin bu fikrini fəxarətlə oxuculara çatdırıram: Avropada incəsənətin və mədəniyyətin tərəqqisi üçün şəxsən müsəlman millətlərinə təşəkkür edilməlidir.

Belə bir ekskursiya bir daha təsdiqləyir ki, elə özümüzdən başlayaq, başqa əcnəbilərin yaxasını silkələməyək. Bir qrup sərvətpərəstlər, bazarbazlar yuxarıların yardımı ilə bizneslərini xarici ölkələrə çıxaranlardır - insan kapitalını ucuzlaşdırır, sözün qiymətini puldan asılı edir, payçı nəfəsini ideallaşdırır, bəli, Məmləkəti «girişmələrə», «bölüşmələrə» düçar etmişlər. Bax, şairin insanlara müraciətinin eşidilməz səsidir:


Dilin tələsinə, işin tərsinə,

Sözün qəzəbinə, hökmün hirsinə,

Yer üstə, yem üstə paylaşmalarda

Əllərin bəhsinə, payçı nəfsinə,

Sözün hərisinə gülməyin gəlir

belə məqamda.

Hiylə qırasında ilişmələrə,

Bu girişmələrə, bölüşmələrə –

Adamın özünə gülməyin gəlir.

O paxıllıqlara, dar qılıqlara,

Üzün min üzünə gülməyin gəlir

belə məqamda.
«Ah, dünya» şeirində Musa Yaqub insanları əxlaqi təmizliyə çağırır, özünüseyrə səsləyir. Və sualı özünə tuşlamalıdır: Mən nə üçün bu dünyanı məhvərindən çıxarmağa cəhd göstərirəm? Bu qara fikirləri də insan beyni ortaya atırsa, mən nə üçün sol yarımkürəmlə düşünmürəm: ağıllı, məntiqli mühakimə yürütmürəm. İnsan mənəviyyatında oyanma cəmiyyətin nizamını pozmağa xidmət etməməlidir. M.Yaqub ürəyini sakitləşdirir, dünyanı şair duyğusu ilə görür, harmoniyanı alqışlayır:
Misal, cüt durnanın işıqlı göldən,

Uçub dan yerinə qalxmağı kimi.

Bir həzin yağışın sübhün gözündən

Baharlı çəmənə yağması kimi.

Dünyanın ən ülvi məhəbbətiylə

Sevginin sevgiyə baxmağı kimi.

Belə gül havalı, bülbül yuvalı,

Belə xoş məqamda, sərxoş məqamda

Bu dünya nə gözəl olur, Allahım,

Əriyir nifrətim, ölür günahım…
M.Yaqubda poetik pafos poetik yükün çəkisindən asılıdır və bir-birlərini şərtləndirir. Şeirlərində Dünya-Kainat, İnsan-Vətəndaş, Torpaq-Vətən, Məhəbbət-Sevgi kimi bəşəri anlayışlar poetik məzmunun materiallarıdır. «Dünya», «Ağlamayan uşaqlar», «Tənhalıq», «Tərəzi», «Yaşamaq və həyat», «Bir günah sənin, bir günah mənim» və digər şeirləri müxtəlif mövzularda qələmə alınsa da, bir motiv – insan amili, vətəndaş mövqeyi, torpaq məhəbbəti – humanizm, intəhasız ömrün yaşantısı, bir sözlə, poetik təfəkkür şairin dünyagörüşünün məhsuluna çevrilib şeirin predmetini işıqlandırır. Və bir ideya – məzmunda birləşir. V.Q.Belinski israrında qalırdı ki, dünya və həyatın əsil hərəkət qüvvələri olan bütün ümumi, bütün substansial şeylər, hər cür ideya, hər cür fikir lirik əsərin məzmununu təşkil edə bilər, ancaq bir şərtlə ki, bu ümumi şeylər subyektin qanına-canına hopmuş olsun, onun duyğularına çevrilmiş olsun, onun bütöv halda varlığı ilə deyil, yalnız hər hansı bir cəhətlə əlaqədar olsun. M.Yaqub şeirlərinin çoxyaşarlığına bir səbəb də budur: O, hadisələri müşahidə edərkən, xırda detalları da ümumiləşdirib, şeirin məzmununda «kərpiclərə» çevirir, bütövün bünövrəsini möhkəmləndirir. Və şair cəsarətində gizlənmir, əksinə, birbaşa sözünü göyərdir. Məsələn, «Dünya» bədii nümunədə fərqinə varsaq, «Ah, dünya» şeirindən (1998) iyirmi il əvvəl (1978) qələmə alınmışdır. Sovet dönəmi və bu dönəmin ideologiyası ilə dünyaya oxunan meydan. Etiraf edək ki, biz ziyalılar da bu «meydanda» həmin «mahnıları» oxumuşuq. Amma dünyanın işini qarışdıranlar, bir ovuc partiyadaşlar öz işində bulunmuşlar: Şəxsiyyət yetişdirilməsinə nail olan tərbiyə sistemi, xüsusilə incəsənət anlamı ayrı-ayrı təzahür məqamlarında, sən demə, heç də belə deyilmiş, dünyanı harasa əyirlərmiş. İdeologiyanın daşıyıcıları vətəndaşlarının həyatı və bədii təcrübəsilə kontaktda olub, onun (vətəndaşının – insanın) şüur və fəaliyyətinin bütün strukturuna təsir göstərmişlər. Zahirən yox, həqiqətən, söz-sənət sahibi öz oxucusunun, tamaşaçısının, dinləyicisinin estetik qavrama tipologiyasını nəzərə almışlarsa da, ideoloji metaformaza başqa bir ruhla dünyanın ahəngini pozmuşlar. Beləliklə, həyatın obrazı varlığı tam və izomorf şəklində canlandırmaqda maraqlı deyilmiş halbuki, həyatın, cəmiyyətin realist incəsənətdəki – bədii obrazlı modeli gerçəkliklə izomorfdur. Musa Yaqubun XX əsr bədii proqnozundan çıxmayan Dünyanın obrazı.
Dünya öz yerində tutubdur qərar,

Dağ da yerindədir, duman da, çən də.

Dünyanın işini qarışdıranlar

Qayıdıb dünyadan gileylənəndə,

Cəllad da özünü haqlı biləndə,

Ağır yaraların ağrısı canda,

Vəfasız dünyadan vəfa umanda,

Dünyaya adamın yazığı gəlir.

Günahsız yaranmış dərəyə, çaya,

Qayaya adamın yazığı gəlir.
Dünyanı yerindən pis mənada oynadan, dünyanın içində olan bir ölkəni, respublikanı öz iradəsinə tabe edən İnsan iki qrupa (xislətə) ayrılır: fəzilət sahibləri və fəsad törədənlər. Hər ikisində dünyanın estetik qavramaq imkanı mövcuddur. Hər iki tip konkret yanaşsaq, poeziyanın obrazıdır. Və bu tipləri şair modelləşdirərkən, varlığın əsasən o cəhəti və əlaqələri şeirə gəlir – bu tiplər müsbət və mənfi emosiyaya malik olurlar. Birincilər üçün torpaq var, bu torpağın dəyərlərinə havadar çıxmaq var:
İnsanın ümidi bu torpaq ki, var –

Dağına, düzünə bizik havadar.
İkincilər üçün torpaq: Vətən, onun təbiəti və bu təbiətin nemətləri (dağı-dərəsi, ağacı, görü – dənizi… də) yaddır:
Nə vaxt ki, hörümçək torları artar,

Hiylə oxlarının ağrısı canda –
dünyaya yazığı gəlir adamın:
Durmaq olmayanda pisliyə qarşı,

Yurd-yuvan önündə naçar qalanda,

Sevmək olmayanda bu dağı, daşı,

Nə desən bitirən, nə desən verən

Torpağa adamın yazığı gəlir.
Mənfi emosiyalar daima kütlədən qidalanmışlarsa da, məqamında onlara qarşı çevrilmişlər. Çün, onlarda əxlaqi soyuqluq şəxsi maraqlara söykənmişdir. Onların devizi beləydi: «Pullar iy vermir». Halbuki, hər şeyimiz vardı, indi də vardır! O vaxt cüzi olsa da inam görünürdü, indi az qala həsrətə dönsün! Bəlkə bu günün sələfidir o «Dünya»?!
Bu qədər yaxşılıq,

İşıq içində

İxtiyar verdiyin düzü əyəndə,

Etibar etdiyin sözü əyəndə,

İtəndə arada vəfa, etibar,

Güvəndiyin dağa ələnəndə qar,

Ürəkdə od tutub yananda inam,

Bir söz: dönüklərin əməllərinə.

Bəzi atalara baxanda adam,

Alıb gələcəyə aradığımız

Uşağa adamın yazığı gəlir.

Baba mirasımız müqəddəs oda –

Ocağa adamın yazığı gəlir…
Musa Yaqubun bu şeiri barədə tənqidçi Vaqif Yusifli maraqlı fikir demişdir: «Dünya» şeirində diqqəti müxtəlif biçimdə və müxtəlif rəngdə nəzərə çarpan təzadlara yönəldir, yaxşıyla yamanın, həqiqətlə yamanın, mərdliklə namərdliyin, inamla bədbinliyin, işıqla zülmətin yanaşı yaşadığını, bəzən birincilərin qəhətliyini, qıtlığını göstərir, öz daxili yanğısını, dünya üçün məsuliyyət daşıdığını şeirin ümumi ruhuna, ahənginə hopdurur».16

Poetik pafosda şairin əzabı və iztirabı, yaratmaq eşqi və ehtirası, struktur-texniki bacarığı lazımi şərtlərdən sayılır. Şair şəxsiyyətinin mahiyyətində bu psixoloji-fizioloji amillər olsun və yalnız əsərə xidmət göstərsin. F.Engels Laplasa məktubunda deyirdi ki, şəxsiyyət təkcə nə etdiyilə yox, eyni zamanda necə etdiyilə səciyyələnir. - Şair də vurğundur və bu hiss ona yalnız əzab – iztirab gətirir, başqa heç nə; ancaq şeir uğurlu alınanda özündənrazı qalır. Musa Yaqub deyir ki, (bir dəfə konkret) şeirlərimin sayı qədər yox ey, misraların sayınca əzablar çəkmişəm; məsələ ondadı, bunları aşkara çıxarmaq, açıqlamaq qeyri-mümkündü. Bəlkə də qorxursan ki, ilahi xəbər tuta, daha «şeir payını» göndərməyə...

Musa Yaqubun poeziyasında yaradıcılığa məxsus proseslər şeirin tam məzmununu verir və istedad, səriştə şeiri tam hasilə gətirir. Şeirin qiymətində mövzunun yetərliyi bir o qədər əhəmiyyət daşımır, əsas poetik pafosun yaz havası kimi şairin içərisindən necə püskürməsidir, misraların qönçəsindən çıxarmasıdır, ətir saçmasıdır. Bəziləri isə şeir naminə mövzunu «bişirmədən» çiy-çiy oxucu süfrəsinə gətirir - dadsız, duzsuz. Bu dəfə də Şillerə üz tutdum: «Şair əhəmiyyətsiz işləri qələmə alıb, əhəmiyyətsizlər üzərində yalnız qısaca dayandıqda, öz predmetini bayağı təsvir edir. Onun təsviri böyük işlərlə bağlı olduqda, biz həmin təsviri böyük adlandırırıq. Homer Axillesin qalxanının təsvirini dolğun fikirlərlə verə bilib, halbuki qalxanın hazırlanması öz-özlüyündə tamamilə adi bir işdir».

M.Yaqubda bir detal: «Torpağa sitayiş» silsiləsindən olan şeirlərində bir «poetik kəşfə» diqqət kəsilək:


Adı qara torpaq, mənası min-min,

O, bir rəng üstündə min rəng yetirmiş…

Ömründə bir çiçək bitirməyənin

Məzarı üstündə çiçək bitirmiş.
Bax, şeirin ən gözəl, qiymətli, eyni zamanda düşündürücü misralarıdır. M.Yaqubda çox yox, dörd misra poetik kəşflə analoq yaradır.
Dünya da belədir, bax, bu çəmən tək,

Kefi kimə, işi kimə qalıbdır.

Kəpənəklər üçün oyuncaq çiçək

Arını gör necə işə salıbdır.
Poeziyada pafos şairin daxili enerjisidir, xarici qüvvələrlə reaksiyaya qoşulub, vahid qüvvəyə çevrilməsidir. Professor Abbas Hacıyevin fikriylə razılaşmağa dəyər: «Pafosun müxtəlifliyi, dərinliyi və təsirinin genişliyi söz ustasının varlığı obyektiv duyumundan, faktları sərrast seçmək və ümumiləşdirmək bacarığından, bədii təsvirin canlı olmasından asılıdır». Mən bu fikirdən belə qənaətə gəldim ki, «pafos» bədii yaradıcılıqda, təbii ki, söhbət şairdən gedir, yaranacaq şeirin «hamilə» «kədərindən» və doğulma «sevincindən» gedir. Və bu hissi çox hörmət bəslədiyim professor Abbas Hacıyev yerində müqayisə etmiş, V.Q.Belinskidən sitat gətirmişdir. Olduğu həcmdə professorun kitabından mənbəni verirəm: «…Şair əmək sərf etmək və yaratmaq kimi bir igidlik göstərmək qərarına gəlirsə, deməli, onu böyük bir qüvvə, yenilməz bir ehtiras hərəkətə gətirib buna sövq edir. Bu qüvvə, bu ehtiras pafosudur».

«Hara gedir bu karvanım?»17 şeirini oxuyan intellektual və emosional adam ilk növbədə incəsənətdə (poeziyada o cümlədən) funksiyanı: müşahidə olunan predmetləri İdeyaya çevirmək gücünü görür. M.Yaqub nəsnələrlə oxucusunu qarşılaşdırmır; şeirdə bir obraz var – karvan. Ən qızmar günləri, ayları dözümlü bədəni və sərt ağzı ilə çeynəyə-çeynəyə uzaq diyara daşıyan dəvələr. Mən də, Musa da bu karvanı görməmişik, ekranda baxmışıq, əslində mənzilə çatdığını da. Bax, bu «məchulluq», mənzilə yetişməyin qeyri-konkretliyi şeirin ilk misralarını yaradır və düşünməyə ilkin əsas verir:


Yuxularda karvan sürüb gedirəm,

Hara gedir bu karvanım, nə deyim?

Nə dururam, nə mənzilə yetirəm,

Buradımı son məkanım, nə deyim?
İstər-istəməz oxucu intellektuallaşır, gerçəkliyin sonunu təsəvvür etməyə çalışır, hətta müəllifin əxlaqi-sosial problemlərə münasibəti… üzərində fikirləşməli olur; baxmayaraq dünyanın sistemi, fiziki hadisələrin insanda təcəssümü və sairlə üzləşmirik və buna ehtiyac da görmür. Lakin şair – Musa Yaqub həmin dünyada harayasa baş alıb gedən karvanın sərbanı olmaq iddiasındadır – daha nə mümkündür?
Bu ovsarı kim bağlayıb dilimə?

Bu əsanı kimlər verib əlimə?

Dəvə yükü yüklənibdir belimə,

Mən sərbanam, bəxt sərbanım, nə deyim?

Mən şeirə fəlsəfi baxışla yanaşmaq istəməzdim, hərçənd, hər bir poetik fikirdə (ideyada) fəlsəfəçilik toxumları vardır. Tit Lukretski Karın «Şeylərin təbiəti haqqında» poeması fəlsəfənin bədii ifadəsidir. Musa Yaqub insanın karvan yükündən də ağır qayğı çəkdiyinə və bunun əvəzində «əhsən» yox, «dərd» qazandığına intellektuallıq verir; bədii təfəkkürün imkanlarını gözləyir. Həyat materialından irəli gələn, bu gün də abstrakt, həlli qeyri-mümkün insan ömrünün su kimi axıb harayasa (?) getməsi problemini şair öz varlığına köçürür:


İnsan dərdi, insan dərdi deyiblər,

Dağ bu dərdlə yeriyərdi deyiblər.

«Dağ olsaydım əriyərdim» deyiblər,

Torpaq olub mən dayanım? – nə deyim?
Şair artıq gəlir «Dünya»nın fəlsəfi konsepsiyasına. Mən şeirdə «metafizik»lik axtarmazdım, dünyanın təhlilini vermək cəhdinə düşməzdim. Lakin şairin dialektik qanunlardan irəli gələn subyektiv əsaslara müəllifin emosional – intellektual münasibətindən yan keçə bilmərəm; burada fikrin fakt üzərində üstünlüyünü vurğulamaya bilmərəm.
Qoca dünya bu ünvanlı, bu adlı,

Alıb-gedər karxanası kahadı.

Karvanından karvansara bahadı,

Deyən varmı, ol mehmanam, nə deyim?
M.Yaqub qoca dünyanın fiziki məkanını simvollaşdırır və ideyanın bədii sübutunu əyaniləşdirir; ustalığı ondadır – hisslə fikrin harmoniyasını pozmur, əlbəttə, azca da olsa ideya (fikir) dünyanın insana qarşı kəsərliliyini gizlətmir. Lakin şair nikbin ruh yaşayır, Kainatı (dünyanı) vücudunda duyur, görür və nəhayət başlanan, uzaqlaşan və yenidən başlanan fəlsəfi «triada»ya gəlib çıxır.

Üfüq mənəm, dəniz mənəm, kürrə mən,

Dünya keçdim bu karvana görə mən.

Gəlib çıxdım yenə həmin yerə mən,

O, bu yanım, bu, o yanım, nə deyim?!
Pafos fakt kimi də səciyyələndirilir. Əlbəttə, «fakt» bütün Dünya proseslərinin predmetidir və buna görə «fakt»la müqayisələrə qoşulmaq çətindir. Lev Tolstoy «bədii fakta» münasibətdə «gəzişsə» də məqsədə yaxınlaşır: «Sifarişlə yox, səmimiyyətlə yazılmış bədii əsər yalnız o zaman yaradıla bilər ki, onun əsas üçün seçilmiş faktın özü həll edilməmiş bir məsələdir və müəllif onun həlli üzərində düşünür».18 Əgər pafos faktla ölçülürsə və hadisə (əhvalat) həyatın müşahidə nəticəsidirsə, estetik ideala şair daxili gerçəkliyilə, mənəvi duyumuyla vurulmalıdır. Hegel vaxtilə - ilahi iki əsri beləcə «vaxtilə» adlandırırıq – ətrafında elə güclü şairləri yoxuydu – inamla deyirdi ki, pafosu varlığı duymaqdan, təsirlənməkdən «onu inkişafda qiymətləndirməkdən, insanın hiss və duyğusunun, mənəvi-psixoloji dünyasının bədii ifadəsindən ayırmağa ehtiyac duymuram. Belinski vaxtilə - ehtirası hissə, pafosu mənəviyyata şamil etmişdir - və bu iki hissin bir-birini tamamlamasını zəruri saymışdır.

Musa Yaqub «Cavanşir Qalası» şeirini görkəmli sərkərdəmiz Cavanşirin adını əbədiləşdirən qalaya həsr etmişdir. Bu günlərdə gənc nəslin o qədər də tanımadığı məşhur dövlət xadimi barədə vaxtilə xalq yazıçısı Mehdi Hüseyn eyniadlı dram əsəri və mərhum şair Davud Nəsib roman yazmışdır. Unutmayaq ki, bu şeir qələmə alınanda (1966) Qarabağ müharibəsinin izi-tozu yoxuydu. Lakin yaşadığımız respublika əsrlərlə dövlət statusunda məşhurdu. İgid sərkərdələrimiz, dövlət başçılarımız sayəsində bərqərar olmuşdu. Demək, şairin qidalandığı, o zamanlar unudulduğu Cavanşirin obrazını şeirə gətirmək ehtiyacı vardı. Şeirdə konkret Cavanşirin fəaliyyəti təsvir edilmirsə, onun qılınc çaldığı doğma torpağını gəzdiyi yerlər xalqı, milləti tərəfindən əbədiləşdirilmişdir. Təbii ki, əsrlər öz işini görmüşdür:



Cavanşir Qalası… üstü duman, çən,

Küləklər şəninə nəğmələr qoşar.

Tarix kitabında yazıya dönən,

Torpağın üstündə qalatək yaşar.
«Əsrlər üstündən adlayıb keçibsə», «torpaqla darvazaları qapansa», «daşını şimşəklər odlayıb keçibsə»… vüqarını qala qoruyubdur, nəsildən-nəslə ötürübdür. Şair təxəyyülü Cavanşirin ayaq basdığı, qılınc oynatdığı, hətta dincini aldığı məqamları poetik ştrixlərlə, sərbəst obrazlı təsvirlə verir. Cavanşir Şirvan torpağına gəlib bir səhər, bu qalanın başına qalxıb bir qəhrəman kimi. Nə etməli, Dünya adi kimsəsizi də, yenilməzi, igidi də aparır bir gün. Və nə qalır onlardan? Musa Yaqub suala cavabı Vətən torpağını qoruyanların, onun keşiyini son nəfəsinəcən çəkənlərin ruhundan alır. Bu qala da əsrlərin üzünü görüb, mamırlaşıb, amma onun daşları ölməyib, gələcək zamanlar üçün yaşayır.
Divarı mamırlı, daşlar qapqara,

Daşlar əsrləri vecə almayıb.

Yaxşı ki, qartallar qonub divara

Bu qartal qalası sara qalmayıb.
Musa Yaqub şeirin təsvir dairəsini poetikləşdirməklə məzmun çalarını əyaniləşdirmişdir. Cavanşir qalası indi arxasını dağa, palıd ağacına söykəmişdir. Başı üstə buluddur; sanki bir zaman əsgərlər – döyüşçülər ona arxayındılar, indi ağaclardı bir əsgər kimi onun yadigarını, ruhunu qoruyurlar. Musa Yaqub şeiri nikbin, vətənpərvərlik pafosu ilə bitirir və ibrətli nəticə çıxarmağa çağırır:
Bu qədim qalanın üstü duman-çən,

Küləklər şəninə nəğmələr qoşar.

Tarix ktabında yazıya dönən –

Torpağın üstündə qalatək yaşar.
Vətənpərvərlik ruhlu şeirlərində belə, Yaqub ritorikadan qaçmışdır, zəif detalları yaxına buraxmamışdır; hətta ən qısa şeirlərində böyük mətləbləri ifadə etmişdir. Şairin bir bəndlik şeirilə fikrimi tamamlayıram:
Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən

Çürüyüm bir ovuc torpağın artsın.
Mən mübaliğəsiz konkret biçimli vətən himni barədə, vətənpərvərlik intellekti haqda yazılan bu şeiri şedevr adlandırıram!

Pafos poetik statusunda həyatın mənəvi-sosial proseslərini təhlil etmək hüququna yiyələnir, İnsan varlığına məftunluğu əyaniləşdirməyə meyilli olur, nəhayət, ideyanı məqsədəçatmada toxdayır. Belədə, ideya-məzmun şairin məhəbbətini coşdurur, məcrasından çıxarır, Elmi idrak baxımından götürəndə ideya cansızdır, quru mühakimənin qoyuluşudur. İdeya şeirdə qoyulursa, şairdən «bilik» umulmur; amma bu o demək deyil, şairdə bilik – informasiya yoxdur. İdeya konkret biliyə öz inkişafı gedişində, yalnız nəzəriyyə olduqda çevrilir. Belə halda ideya nəzəriyyənin elementidir, onun əsasıdır.19 Şair ideya-məzmuna gerçəkliyin inikası kimi yanaşır və yazılma prosesində təşəkkül edibsə, bədii təfəkkürün yaradıcı əlamətinin təzahürüdür. Şairdə bədii-idrak yaradıcı təfəkkürdə həm empirik biliyi qəbul edir, həm də estetik kateqoriya ilə şərtlənən fəaliyyəti. Burada şair intellektual və emosional intuisiyanın daşıyıcısı, poetik ötürücüsü rolunu oynayır. İdeya-fikir artıq cilalanır, hazır misralarda gəlir. Qəribədir, empirik və nəzəri bilik, informasiya məftunluğu, kövrəkliyi əyaniləşdirir; görünür, bu cəhətdir, poeziya qəlbi ehtizaza gətirir. Poetik fakt şeirin predmetinə aid olan bədii informasiyaların məcmuuna çevrilir. Bədii idrakda poetik ideya-fakt intuisiya vasitəsilə təmin olunur. V.Q.Belinski «pafos»dan danışarkən daha asan yolu – təhlili nəzərdə tutmuşdur: «Pafos həmişə insan qəlbində ideya ilə alışıb-yanan və həmişə ideyaya doğru can atan ehtirasdır, deməli, sırf ruhi, mənəvi ehtirasdır. İdeyanın zehni tərəfindən, sadəcə olaraq, dərkini pafos bu ideyaya, məhəbbətə, qızğın və coşğun həvəslə dolu bir məhəbbətə çevirir… Öz mahiyyəti etibarilə ən pafoslu poeziya olan dramatik poeziya barədə ən çox işlədilən patetik sözü də pafos və ya patos sözündən əmələ gəlir. Beləliklə, hər bir poetik əsər pafosun məhsulu olmalıdır, pafosla dolu olmalıdır. Pafos nəzərə alınmazsa, şairi əlinə qələm almağa nə vadar etdiyini və ona bəzən çox böyük əsəri başlamağa, bu əsəri qurtarmağa mətin qüvvə və imkan verdiyini anlamaq olmaz». Musa Yaqubun poeziyasında bədii pafos şairin varlığından qidalanmaqla sosial-mənəvi sferanın təzadlarını – həqiqətlərni və yalanlarını əks etdirir.



«Ümidin ölümü» şeiri fikrimizə nümunədir; oxucu, bir şərtlə, bədbin nəticəyə gəlməsin şairin «Mən»indən. Burada haradasa ötəri toxunmuşam – şair şəxsiyyətinin mövzuya və buradan çıxan fikrə – ideyaya subyektdən kənarda deyil, subyektin daxilinə istiqamətlənən dəyərlənmədən gedir. Və bu, şairin kədərdən, iztirabdan xali olmasıdır – əgər belə qəbul ediriksə – hansı məqamlarında? Şairin şəxsiyyətinin bir təzahürü – «Mən»i fəaliyyət tipinin ikisini: bədii idrakını və emosional yanaşmasını özündə ehtiva edir. Şair deyir ki: «Qurumuş ağacın nə dərdi-səri; əzilmiş xəzəlin nə ağrısı»; «bir küləş kömürünün yanğısı nə?» - demək - əsası var, poetik impulsa cavab verir. Nədir bu?
Çoxdan köçürülüb bülbülü ölmüş

Taxtası ovulmuş qəfəsəm indi,

Heç nəyəm, heç kiməm, heç kəsəm indi.
M.Yaqub hər iki tipli insanın subyektiv qüvvələrinin ondan kənarda mövcudluğu ilə razılaşmır və o subyektiv qüvvələrdir – şairi, vətəndaşı cəmiyyətlə üz-üzə qoyur ki, sözünü desin, yəni estetik idealını şeirlə çatdırsın. Şair ictimai əlaqələrlə həmişə ünsiyyətdədir; mənfiliklər, haqsızlıqdan doğan mənəvi-sosial zərbələr varlığını proseslərə yönəldir – bu mənfi emosiyaları poetik biçimdə tərənnüm edir:
Qurumuş dəyirman arxında otum,

Elə bil yüz ildir kül olub odum.

Gözümdə gözümün yaşı sükutda

Yazısı pozulmuş, tini əyilmiş

Mamırlı bir məzar daşı sükutda…

Bir acıq əlində didilmiş şəkil,

Yoxdu qonum-qonşu, yoxdu aşnagil

Ki, gedib-gəlməyə tələsəm indi… -
amma bu parçada şairin daxili ünsiyyətində nikbinlik çalarını duymaya bilmərik; estetiklər də göstərirlər ki, bu (daxili ünsiyyət), mürəkkəb problemlərin içəridən götür-qoy edilməsidir, şairin daxili monoloqudur və idrakın məxsusi dərketmə ilə şüuraltı qavramanı şərtləndirən münasibətdir. Şair fövqəl olmayan predmetlərin taleyilə paralellik aparır. Təbiətdə bu nəsnələr vardırsa, hər birinin öz yeri müəyyənləşibsə əzəldən və insanlarla «ünsiyyətə» giribdirsə – bunlara laqeyd qalmaq şairə yaddır. Və Z.Freydə çıxır.
Bir taxta körpünün seldə taleyi,

Bir əlçim buludun yeldə taleyi,

Dəryazda suvaqlı yuvası utmuş

Küskün bir torağay ahı kimi lal,

Bir uçqun daşından sinəsi para

Quzğun həlqəsindən sonuncu zaval –

Güzgüdə tərləmiş nəfəsəm indi… -
İsveç psixoloqu daxili ünsiyyətdən doğan monoloqu - elementi fəaliyyətin ümumi strukturundan ayırmır, Musa Yaqub bu «bədii üsulla» özünün cəmiyyətə fəal münasibətini təsdiqləmişdir. «Sağlıqlar», «Ölən gəmilər», «Yanğı», «Göydən yerə» və s. şeirlərində həmin motivlər mövzuların canına hopmuşdur. Məsələn: sonuncu – «Göydən yerə» şeirində M.Yaqub birbaşa ünvanlayır estetik amalını və bunu poetik ehtirasa çevirir. Şeirin ilk misralarını oxuyaq:

Allahım, bu ruzi əkinimizdə –

Nədir alaq-alaq artan adamlar?!

Şeytandan əlaltı ənam alırmış

Bu şeytan adamlar, böhtan adamlar. –

diqqət yetirsək, bu adamları «şeytan», «böhtan» epitetlərilə yox, birbaşa «şeytan adam», «böhtan adam» kimi obraza çevrilmişdir. Cəmiyyətin müəyyən təbəqəsini təmsil edən bu kəslərə şair sinfi şüur prizmasından baxır və «qapalı aləmdən» gətirmir şeirə; yəni çəkinmədən sosial maraqlar baxımından yanaşır ki:


Yalmana-yalmana tikə qazanan,

Ah, bu it payına ortaq olanlar

Tülküyə ayrılmış ruzidən yeyir

Bu hiylə adamlar, yaltaq adamlar. –
daha bir «hiylə adamlar», «yaltaq adamlar» obrazları da yarandı. M.Yaqub təbii ki, ürək ağrısı ilə onları şeirə gətirmişdir, baxmayaraq onun müdrik poeziyasına belə tiplər gəlməyə də bilərdi, ülvi poeziya belələrindən diksinir. Neyləmək! Mənəvi dəyərlərdən uzaq olan bunlar başa düşmək istəmirlər ki, indii antoqonist siniflər yoxdur – cəmiyyətin aşağı, orta və elitar təbəqəsi bir-birini tamamlamalıdır, yardımçıya çevrilməlidir. Şairdə, ümumiyyətlə, sinfi və tarixi məhdudiyyətin təkrarlanmasını istəmir. Nəzarətdən çıxan belə qruplar (onları təmsil edirlər, axı) az qala milləti üsyana çağırır, əvəzində günbəgün çoxalırlar, hətta idarəetmə strukturlarına soxulurlar, hədlərini aşırlar:
İnsan həddən çıxıb, ilan cızıqdan,

O vurar, bu yıxar, o çalar bizi.

Qurd payı yedikcə qurd xislətlilər

Dönüb canavara, parçalar bizi.
Əgər Yerdə bu adamcıqlar şakərlərindən qalmırsa, əlac Tanrıya – Allaha qalır:
Allahım, düz çəkmir bu daş-tərəzi

Çəkini, bölgünü yerbəyer eylə,

Ölçünü, ülgünü yerbəyer eylə…
Belələrini ilk öncə gözəlliyi duymağa gətirmək lazımdır – bu, insanlıq üçün yüksək bəşəri estetik dəyərdir…

Pafos bədii əsərin məzmun və formasını tamamlayır, poetik təsir gücünü əlvanlaşdırır; bədii yaradıcılığın bir prinsipidir və şair tərəfindən gözlənilir. Lakin bütün şairləri eyni qəlibə salmaq qeyri-mümkün həqiqətdir, fərdi yaradıcılıq manerasıdır, daxili-emosional mənbəyidir. M.Yaqubun poeziyasında bədii pafos emosionallığı ilə dərin fikrin, poetik konfliktin istiqamətni təşkil edir. «Şair əmək sərf etmək və yaratmaq kimi bir igidlik göstərmək qərarına gəlirsə, deməli, onu bir qüvvə, yenilməz bir ehtiras pafosdur». – Obyektiv və səliqəli qiymət Belinskiyə məxsusdur!

Bir qoşmasında şairin «iki ömrünün» lirik notlarını sezirik: yaşamaq ehtirasına nikbin bir cavabın sədası:
Gül ovcunda ümid verdi bir sıxım,

Bu sıxımı nə dağıdım, nə yığım?!

Güvəndiyim, boylandığım, baxdığım

Allah, məni allahımdan ayırma.
Bu sevda bir ümidgah, bir vədəgah,

Saldı məni sevincə gah, dərdə gah.

Bəxt yolumda fərəh yatıb, dərd agah,

Yatanımı agahımdan ayırma.
Ahım Habil kamanında dügahım,

Bu sevdada uyumaqdır günahım.

Ey dərgahım, bircə sənsən pənahım,

Öldür məni, dügahımdan ayırma.
Bir çiçəyi nə qoxlayım, nə üzüm,

Qoy yolunda ömür qoyum, can üzüm.

Açıl görüm, dan ulduzum, dan üzüm,

Açıl, məni sabahımdan ayırma.
Lirizmin içində həzinlik notlu pafos!..

Pafos ziddiyyətlərsiz ötüşmür və zamanın dolaylarını özündə əks etdirir; lirik, dramatik, tragik, komik və qəhrəmanlıq tərzində, üslubunda meydana çıxır. Lakin bunları bir ümumi pafos – romantik pafos birləşdirir. Poeziyada bu keyfiyyət çatışmırsa, humanizmin, vətənpərvərliyin, əxlaqiyilin mənalılığı və ifadəliliyi olmur. Misralar texniki-struktur ölçülərə cavab verir. Musa Yaqub belə bir poetik meyarı gözləmişdir; çünki onun özü vətəndaşdır, xəlqi düşüncəlidir, dar məhəlli psixologiyadan uzaqdır. N.A.Dobro­lyubov haqlıdır: «Biz xəlqiliyi məhəlli, təbiət gözəlliyinin ifadəsi, xalq arasında işlənən sözlərdən istifadə etmək, adətləri, qaydaları və sairəni düzgün göstərmək kimi başa düşmürük. Əsil xalq şairi olmaq üçün daha artıq şey tələb olunur: xalqın ruhunu başa düşmək, onun həyatı ilə yaşamaq, onun səviyyəsində dayana bilmək, kitab təlimi, silki təsəvvür qalıqlarını və sairəni kənara atmaq, xalqın sahib olduğu sadə hisslə bir şeyi duymağı bacarmaq lazımdır».20 Musa başdan-ayağa xalqın istək və arzusunu, düşüncəsini, gələcəyə münasibətini yaşamaqda olan şairdir. Bu gün müasir poeziyaya qiymətvermədə – əlbəttə – elitanı nəzərdə tuturam – o kəslər «Xalq şairi» rəsmi tituluna nəsiblik alır - qoşma, gəraylı yazır, məddahlıqda səsini və şeirini kökləyir. Xalqın şairinin isə siyasi-sosial ab-havaya münasibəti obyektiv olaraq sərtdir, dünyaya gələn İnsana mənəvi həmlələrin mövcudluğuna etirazını gizlətmir. Professor Abbas Hacıyevevin dediyi kimi: «Xəlqilik xalqın həyatını milli spesifik konkretliyində tipik və səciyyəvi boyalarla, ictimai-siyasi və mənəvi-psixoloji müəyyənliyində təsvir etməkdir, həyata öz xalqının gözü ilə baxmaq, obrazı milli cizgilərlə – arzuların böyüklüyü, düşüncəsinin genişliyi, vətənpərvərlik duyğularının dərinliyi və hisslərinin təmizliyilə canlandırmaqdır».21



Musa Yaqubun «Köhnə dərd» şeiri kifayət edər ki, deyək: şairin ovqatı daha dərində köklənir və bəşəri etirazı şərtləndirir: itiririk, dəyərlərimiz balıq kimi əlimizdən sürüşüb «balıqyeyənlərin» qamətinə düşür:
Yəqin ki, o şövqlər,

Zövqlər dəyişib –

Bu köhnə binanın təzə yiyəsi

Daha bundan sonra nələr deyəsi,

Qədim şəbəkələr sökülüb gedir.

Pozulur yazısı möhür daşının,

Qazılır quyruğu tovuz quşunun.
Tökülüb yol boyu qədim bər-bəzək,

Ya daş ol, ya divar, ya da bir çiçək

Nə böyük dərd imiş bəyənilməmək.

Oymalı naxışlar verilib bada,

Qalıb divar boyu ağzı havada.

Hərə öz dərdini çəkir içində,

Bir qədim divaram bəyənilməyən,

Baxıram, keçirəm fikir içində.
İş o yerə çatıb «sevgilər dodaqda gül yarpağıdır – onu bir külək də apara bilər». Bu, səbəbsiz deyil: gur saçlar dəyişib, burnu dəyişib; «üzü dəyişibsə sözü də dəyişib», «sanki adamlar da təmirdən çıxır».
Gülüşlər rəqs edir üzdən an kimi

Gözlərdə atəş var yanan, alışan

Amma bu gözlərdə ay işığından,

Səhər şəfəqindən yoxdur bir nişan.
Mən də eşidirəm pıçıltıları,

Dodaqlar, nəfəslər tələs-tələsdə.

Bri gül pıçıltısı, su şırıltısı,

Yarpaq xışıltısı yoxdur o səsdə.
Estetik zövqün korlanması əsridirmi XXI yüzillik? Oxşayır. Qadın estetika mənbəyidir və hendonik elementləri özündə ehtiva edir. Gözəllik insanlar üçündür; hətta o, hipnozedici təsirə də malikdir. Əks vəziyyətlərdə insan həmin subyektdən uzaqlaşmağa can atır – Musa Yaqub istisna deyil və haraya getdiyini də kəsdirmir!
Yox, burda bilən yox mənim mehrimi,

Bir qədim mahnını salıram yada.

Güneydə qar kimi, küldə qor kimi

Əriyib gedirəm bu tamaşada.

Bəlkə elə deyil, bəlkə belədi,

Eh, ömür qəribə bir silsilədi.
Bu yumaq vurulur o yumaq üstə

«Məndə», «Mən» deyiləm özümdə özüm.

Kiməsə, nəyəsə oxşamaq üstə

Millətim dəyişkən – özümdən küsüm.
Həmin bəyənilməz qədim daş-divar

Elə bir yük olub çiynimdə gedir.

İçimdə çox köhnə sızıltılar var,

Təzə libasım da əynimdə gedir,

Gedirəm, gedirəm,

Hara bilmirəm…
Bədii obraz varlığı əks etdirən və estetik-ideal səviyyəsində konkret-hissi, birbaşa qavranılan formada ümumiləşdirməyin incəsənətə məxsusi üsuludur; incəsənətin məzmunlu formasıdır, təfəkkür formasıdır: bir hadisəni başqası ilə aşkarlayan məcazi, metaforik fikirdir, sənətkar sanki hadisələri də çaxmaq daşı kimi, baş-başa, üz-üzü gətirir və onlardan həyatı təzə nurla işıqlandıran qığılcımlar alır.22 Filosoflar bədii obrazı daha geniş kontekstdə götürmüşlər. Doğrudur ki, bədii obraz deyəndə oxucu nəzərində iki yanaşma canlanır. Birisi bədii qəhrəmanlardır: Fərhad və Şirin (Nizami), Leyli və Məcnun (Füzuli), Babək və Aqşin (Cabbarlı), Cəlal və Humay (S.Vurğun), Cahandar ağa (İ.Şıxlı); digər obrazlar sistemi olmaqla bir lövhə, detal, hisslərni ifadəsi (tərənnümü), obrazlılıq və sair bədii-yaradıcılıq prosesinin məhsulları nəzərdə tutulur. Bədii obraz, görünür, poeziyanın varlığını, hissi əzalarını təminat verdiyinə görədir, bir çox cəhətləri şərtləndirir və estetik kateqoriyadır. Obraz, ümumiyyətlə, əksetdirmə xüsusiyyətlidir, idraki-tərbiyəvi funksiyalıdır, estetik təbiətlidir: Obraz bizi əhatə edən dünyanın, ictimai-siyasi həyatın, meyl və münasibətlərin qavranılmasını asanlaşdırır, ağıla, hissə və iradəyə təsir göstərir; oxucuda yaşamaq əhval-ruhiyyəsi oyadır, yaşatmaq həvəsi oyadır – fikri düzgündür:
Xəzəllər torpaqda,

Yarpaq budaqda.

Biri son mənzildə, biri səfərdə,

Baxın yarpaqların həyat yoluna.

Bir ucu ağacda, bir ucu yerdə.

Heyf, xəzəllərin həyatı bitdi,

Yarpaq bu həyatı yaşatsın gərək.

Xəzəllər bir pöhrə yaratdı getdi,

Yarpaq bu pöhrəni uzatsın gərək.
Varlığın obrazlarla dərki – idrakı elmi təfəkkürdən fərqli şəkildə bədii forma və üslubda verilir. Lakin bu, o demək deyil ki, bədii obraz məntiqdən, mühakimədən məhrumdur; onda – obrazda hiss olunan fikir vardır. M.Qorki belə bir cəhətə səmimi yanaşmışdır: «Alimin, filosofun, sənətkarın təfəkkürü idrakın ümumi qanunlarına tabedir və öz əsası etibarilə bir-birinə uyğundur; yalnız təfəkkür prosesinin ifadə üsulu müxtəlifdir».23 Poeziyada bədii obraz inikas (əksetdirmə) metodunu xarakterizə edir və şərti olaraq iki qismə ayrılır: Birincisi təsviridir, ikincisi ifadəlidir.
Bənövşə!

Vaxtsız gəlmiş qonaq kimi

Peşiman baxdın üzümə.

Səni gördüm inanmadım gözümə –

İndii xəzan çağıdır, ay bənövşə.

Axı, xəzan çiçəklərə

Yağıdır, ay bənövşə!

Bəs nə əcəb indi üzə çıxmısan?

Yoxsa çox darıxmısan?

Ey baharı xəzan ilə görüşdürən

Torpağımın gül nəfəsi.

Sən ey payız bənövşəsi,

Sən ey bahar nişanəsi!
M.Yaqubda obraz quru, fiziki görümlü deyil və bu təsvirdə eyni zamanda poetik assosiasiya vardır.
Çiçəklərin başını qoy salmasın aşağı,

Bircəsini dərmərəm.

Bənövşəyə, laləyə yaman üz göstərmərəm.

Yarpağı qoparıb, budağını əymərəm,

Əymərəm, ay meşələr!

Cüyürlərin qaçmasın daha məndən aralı,

Dizlərimin üstündə yatsalar da, dəymərəm,

Dəymərəm, ay meşələr!
Bu lövhədə təsvirdən daha qabarıq fikrin bədii ifadə sistemidir. Şairin həssaslığı bütöv obrazı onu doğmalaşdırır və poetik deyim sanki əsəb ucları ilə dərk edilir – deyən necə də haqlıdır! Bədiiliklə – obrazlıqla bir-birini tamamlayır məzmunca da, formaca da. N.Q.Çernışevski bu cəhəti qiymətləndirmişdir: «Bədiilik formanın ideyaya uyğun olmasından ibarətdir; əgər ideya qəlpdirsə, o zaman bədiilikdən danışmaq əbəsdir, çünki forma da qəlp olacaqdır». Musa Yaqub poeziyasının üslubi və təsviri spesifikliyi ondadır, hər iki bədii amil bir-birini tamamlayır. O, həyatın, yaxud predmetin poeziyada poetik şərhini ifadə edir, emosional çalara büküb oxucuya qaytarır. Lakin məna yükü ilə:
Ağacların üstünə

Duman düşür, çən düşür.

Heyif bu meşələrdən –

Saçlarına dən düşür!

Ətirli yaz yelləri

Budağa muncuq kimi

Düzər bu yarpaqları.
Tökülür asta-asta,

Tökülür yollar üstə.

Səslənir həzin-həzin –

Tökülüb səslənir ki,

Ömrünü bitirməsin…

Budaqda nəğmə deyən

Torpaqda da oxuyur

Oxuyacaq yenidən

Göyərib bitmək üçün,

Gələcək yarpaqlara

Nəğmə öyrətmək üçün.
Çernışevskinin dediyi bədiiliklə ideyanın – fikrin vəhdəti; özü də qısa və lakonik formada. Lakin V.Q.Belinskinin daha sərrast dediyini xatırlamaya bilmədim: «Bədiilik bundan ibarətdir ki, hər bir söz nəinki öz yerində işlənsin, habelə sözün işlədilməsi zəruri olsun və mümkün qədər az işlənsin, yığcamlıq olmasa, bədiilik də olmaz. Beş-on səhifədə bir şəxsin surətini təsvir etməyi və onun bütün əlamətdar sifətlərini verməyi ən zəif nasir də bacarar. Yox, siz o zaman sənətkarsız ki, predmet haqqında oxucunun xəyalında belə bir dolğun təsəvvür yaratmaq üçün sizə cəmi beş sətir lazımdır».

Bualonun məşhur bir əsəri – «Poeziya sənəti»ndə «obrazı» geniş planda verir və insanı, dünyanı özündə əks etdirən, daha dəqiq desək, hər iki predmetin zənginliyini də, pisini də özünə məxsusluğu ilə bədii ifadə üsulu kimi götürür: «Qoy bu obrazlar şair tərəfindən yenidən səhnədə bizim gözümüz qarşısında canlandırılsın, qoy bu surətlər sadə və parlaq boyaları ilə bizi məftun etstn, əyləndirsin. Təbiət öz tükənməz səxavətilə insanların həsrətinə bir xüsusiyyət, hər birinə başqa bir sifət və cizgi bəxş edir, lakin çox iti və nüfuzedici şair nəzərlərinə malik olmaq lazımdır ki, həmin cizgiləri və xüsusiyyətləri adamların yerişindən, duruşundan və baxışından duyasan və göstərəsən».24



1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə