Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə12/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Allahverdi Eminov: - İstəyirəm ilk mətbu əsərinizdən başlayaq. Hərçənd, «İki qəlb, iki dünya»nız barədə bəzi açıqlamalarınız məlumdur. Öz səsində eşitmək canlıdır. Əsərin ayağı sayalı olub, elədirmi?

Musa Yaqub: - Hə, yazmışam. Bu kitabda da («Bu dünyanın qara daşı göyərməz»i əlinə götürdü) yazmışam. Konkret deyəcəyəm. «Azərbaycan gəncləri»nə dəftərə yazdığımı göndərdim. Kənd müəllimiydim, nə olacaq, səs çıxmadı. Gəldim Bakıya, redaksiyanı tapdım, mərtələbəlri çıxdım. Ədəbiyyat şöbəsinə girdim, tanışlıq verdim. Gəlişimin səbəbini çatdırdım. Aləm qarışdı, redaktor o vaxt İdris Qasımovdu, Allah rəhmət eləsin. Müavin Cəmil Əlibəyov. Uzun sözü qısa eləyirəm, dəftərdən soraq çıxmadı, dedilər ki, ikinci dəfə göndər. Kor-peşiman qayıtdım İsmayıllıya, yaddaşımın köməyilə poemanın bərpasına nail oldum. Çatır qəzetə, mərhum şairimiz Məmməd Rahimə, Komsomolun Mərkəzi Komitəsinə rəyə verirlər, yaxşı çıxır poema (Musa Yaqub gülümsünür), qərara gəlirlər çap olunsun… Məmməd Rahim rəyində yazmışdı ki, bunu çap eləsəniz, yaxşı olar. Cənubi Azərbaycan mövzusudur. O vaxt Sovetin İranla münasibəti pisləşmişdi. Rəhmətlik bu nüansı tutmuşdu. Unutdum, poemanı lap əvvəl Məmməd Rahimə göndərmişdim, oxuyub qaytarmışdı mənə. Yenidən işləyib qəzetə göndərmişdim. Cəmil Əlibəyov, Şamil Xurşud oxumuşdular. Danışdığım kimi. İkinci dəfə gəlmişdim redaksiyaya. Axtardılar, az qala divarlara baxsınlar. İdris Qasımov pərişandı, əlləri titrəyirdi. Tapdılar, oxuduqlarını dedilər.

1959-cu il idi, dörd nömrə getdi. Səs-küy saldı rayonda. Bir gün xalq maarif şöbəsinin müdiri dedi ki, Musa müəllim, bu poemanı yazanda mənə niyə deməmisən? Gülmək tutdu məni. Yaşlı adamdı, cavabını qaytarmadım… Deyim ki, bu poema məni əzablara, iztirablara saldı. Maraqlı odur ki, poemanı heç bir kitabıma daxil etməmişəm, sonuncuda ilk dəfədir.



A.E.: - Poemadan sonra adını unutmuşam, bir poemanız da çap olundu. Mövzusunu xatırlayıram.

M.Y.: - Hə, «Bu məhəbbət yaşadar məni» adlanır. İkinci kitabımda, «Bu məhəbbət yaşadar məni»nə daxil etmişəm. Bəzi yerlərini xatırlayıram? Yaddaşım üçün deyirəm, o keçmiş üçün deyirəm.

Belə başlayır:


Gecə yarı…

Sərvinazın duyğuları

Onu rahat buraxmadı.

Xəyalları açdı qanad,

Dəqiqələr oldu saat.

O, yatmadı,

Yatmağa da darıxmadı.

Elə bil ki, daralıbdır otağı da,

Adicə bir hənirtidən

Səsə düşür qulağı da

Ürəyində çırpıntılar…
Amma bu poema səs-küyə səbəb olmadı, bəlkə də mövzusu bəzi adamları sakitləşdirmişdi. Həmin maarif müdiri daha mənə sual vermədi…

A.E.: - Tənqidçi V.Şalamov deyib ki, şeir yazmaq öyrəniləsi şey deyil. Buna görə də şairin heç vaxt «ilk şeiri» olmur - fikrinə bir istedadlı şair kimi münasibətiniz?

M.Y.: - O kimdirsə düzgündür, «ilk şeir», «son şeir» məfhumlarını ədəbi tənqidə kim gətiribsə, yəqin şərti mənada işlətmişdir. Məsələn, «ilk şeir» yazılar, ancaq çap olunmaz, yaxud, əksinə, yazarsan çap edilər. Yaxşı, sual olur: Bunların hansını götürək? Qaydadır ki, şeirə başlayanda zəif, güclü – baxmırsan, qələmini işlədirsən. Nə qədərini cırıb tullayırsan, onlardan birisi qəzetdə çap edilər. Mən həmin şeiri necə «ilk» adlandırım? Ümumiyyətlə, şairə bu cür yanaşmağın tərəfdarı deyiləm. Özümdən götürüm. «İki qəlb, iki dünya» poemam ilk mətbu əsərimdir, amma onacan nə qədər şeirlər yazmışam.

A.E.: - 2005-ci ildə bir şeirinizdə yazırsız: «Öz doğma kəndimdə qürbətdəyəm mən». Çox yerə – məqamlara yozmaq olar: Kənddə darıxırsız, mikromühit sizi sıxır, şəhər tədbirlərində iştirak edə bilmir və sairə. Amma bir az açıqlama verirsiz:
Sifət göstərən yox, ayna bulaq yox,

Baxıb görüm hansı sifətdəyəm mən…

Sınıb dəyirmanım, qırılıb pərim,

Rəndədən çıxmışam yoxdu xəbərim. –
burda artıq Musa Yaqubun pessimizm motivləri nəzərə çarpır.

Bu, şairin tənhalığı deyilmi? O, əgər darıxırsa, təbii ki, kənd mühitinə sığışmır. Və təxminən 5 ildən sonra (2009) «Tənha bir gün» şeiri yarandı:


Görəsən, mən niyə tənhayam, təkəm,

Mən gərək yanımda bir ağac əkəm;

Əllərim isinsin budaqlarıyla,

Silim gözlərimi yarpaqlarıyla…
Bir sözlə, «tənhalıq» obrazı yaranıb, bəlkə şeir doğulanda şairdən qisas almaq üçün onu tənhalaşdırır?

M.Y.: - Sağ ol ki, bu şeirləri dedin, həm də məni tənhalığıma apardın. Mənim fikrimcə, şair tənha olmamalıdır, ancaq tənhalaşmalıdır. Düşmənimə də (pıçıldayır, yoxumdur) arzulamıram. Təbiətlə, ağaclarla, dağ-dərələrlə, çiçəklərlə üzbəüz qalıram. Əslində bu heç tənhalıq deyil, ancaq içimdir tənhalaşan. Duyğularımdır tənhalaşan. Baxıram, bahardır, ya da payızdır, bədənim üşənir, tüklərim biz-biz olur. Şeir süzülür içərimə, pıçıltısını eşidirəm. Eşidirəm.

Qoy bir az fikirləşim. Yadıma düşdü, ilk çap şeirlərimdəndir:


Novruz qədəm basdı daşa-torpağa,

Sular cuşa gəldi, sel təzələndi.

Meşələr oyanıb qalxdı ayağa,

Yazın nəfəsində yel təzələndi.

Mənim ilk baharım al günəş ilə,

Mənim ilk baharım od, atəş ilə,

Torpaqdan göyərib, buluddan yağıb,

Nərgizlə açılıb, otlarla çıxıb,

Bənövşə ətrinə bürünüb gəlib,

Dağlardan sellərlə sürünüb gəlib. –
Bu şeiri ancaq tənhalaşanda yazmaq mümkündür.

A.E.: - Sizdə lirik-epik intonasiya: təfərrüatın lakonikliyi, psixoloji ritm, lirik – əqli intellektuallıq – bu «triada» – «üçlük» güc­lüdür, bəlkə də həmyaşıdlarınızın təmsil olunduğu nəsildə yox ki­mi­dir – bu poetik mənbə haradan, nədən qaynaqlanır? Açığı, sizi oxu­yanda mən bəzən vahimələnirəm, sarsıntı keçirirəm, duyğulanıram və düşünürəm. Şeirin yazılmasından qorxuram: - Bəsit, ritorik şeirlər yazanlar özlərini başa düşürlərmi? Necə yəni: Şairlər bilmirlər ki, nəyi yazıram? Və nə üçün yazıram? Ən xarakterik, daha çox məşhurlaşmış şeirlərinizdən hansılarında bu hissləri yaşamısınız? Sizə bu cür şeirləri lirik təfəkkürmü, sosial təfəkkürmü, yoxsa obrazlı təfəkkür diqtə etmişdir, bəlkə də hər üçü?

M.Y.: - Allahverdi, getdikcə sualları qəlizləşdirirsən (gülür). Ədəbiyyatşünaslar əslində fikirlərini açmalıdılar də, yoxsa akademik mühakimə nəyə gərəkdir. Fikrimi belə cəmləşdirərdim ki, çox tərifləmə. Şairəm, ilhamıma güvənirəm. «Üçlük» deyirsiz, onları bir-birindən ayırıb şeir yazanda birtərəfli alınar. Əlbəttə, şeirdə təsvir, obraz, yaxud epiklik, lirika intellektuallıqdan uzaqda olmamalıdır. Şeir bütöv maddi bir şeydir, onun da üzvləri var, işləyirlər, bunlar da oxucular üçündür.

Şairlər bilmirsə ki nə yazır, nədən yazır - nə deyim onların ünvanlarına. Xatırlatdığınız faktların yerini görməlidir fəhmən. Bir də, gəlin həqiqəti deyək də: O şeir ki, ilahidən gəlir, sənə çatanacan hamısı öz yerini tutur, sanki ələkdən keçir. Keçən əsrin axırlarında bir elegiya yazmışdım, bəlkə də elegiya deyildi, ancaq ovqat eləydi, adını «Yemişan ağacı» qoymuşdum (Musa Yaqub qalın kitabı götürüb vərəqlədi). Budur, özün oxu, yox mən oxuyum. Diktofonu söndürək. (Fikrimiz dəyişdi.)


Yemişən ağacı, çox sızıldama,

Nə qaçıb durmusan bu tala yerdə?

De qal kirpiyindən qan dama-dama,

Kəsik budağınla çapala yerdə.

Ay meyvəsi əlac, çiçəyi dərman,

Dərman ağacında qismət belədi.

Sən dərman vermisən, o qırıb töküb,

Görürsən, insanda xislət belədi…
Haşiyə. Şeir mənə güclü təsir elədi. Verdiyim sualın «elmi tərəfini» unutdum, izahını istədiyim məqamlar vardı: sosial təfəkkür də, obrazlı təfəkkür də. Şeirin gücü nəydi? Şairi nəydi göynədən? İnsan ömrünü yaşadan, insana sağlamlıq gətirən dərman ağacını o insan dəhrələyir, baltalayır. Halbuki heyvanlar…
Çıxsaydı bir dəcəl çəpiş rastına,

Üç-dörd yarpağını qırıb gedərdi.

Allahın ayısı gəlsəydi əgər,

Bircə budağını çırpıb gedərdi.

Bir hündür pöhrəni əyərdi dəvə,

Onun yarpağını sıyrıb gedərdi,

Quşlar yuvasını hörüb gedərdi.
Əvəzində isə insan nə iş görür? Dərman ağacına nə üz göstərir? «Min-min budaq kəsmək; mişar doğrasın gərək; qılınc hey çapa-kəsə».
Hə, insan belədir, bir-birisinin

Ömür ağacını kəsir, a yazıq,

Üstündə durduğu budağı kəsir,

Daş kəsir, baş kəsir, ayağı kəsir…
Şeirin yazılma tarixi: 1997-ci il. Bu gün 2009-cu ildi. İnsan yenə öz eybəcər vərdişindən əl çəkmir. Bu gün nəinki dərman ağaclarını, çinarı da, palıdı da, söyüdü də… doğrayıb nəslini kəsir…

A.E.: - Musa Yaqub – mübaliğəsiz deyirəm – poeziyanızın mo­­deli öz fərdi üslubunuza əsasən qurulmuşdur: estetik və emosional hisslərin vəhdəti – təmin olunmuşdur. Və bu model bədii obrazda əksini tapır: poetik fikir və duyğu; rassionallıq və emosionallıq – istərdim bunu açasınız. Məsələn, mən ədəbiyyatşünas olaraq şairlərə üz tuturam, yeri gələndə onun adından uydururam da. O şair də yəqin utanıb «səhvimi» üzümə vurmur, razı qalmaya da bilmir – çün, şeir – poeziya birmənalı yozulmur, elə üstünlüyü də ondadır. Sözümün canı ondadır ki, bu nəzəri sxemi bir şair kimi, gözəl şeirlərinizin timsalında qurasınız. Deyim ki, barənizdə yazacağım kitabda tam sizinlə razılaşmaya da bilərəm, yaxud nəzəri postulatlara söykənə də bilərəm.

M.Y.: - Yenə təşəkkür edirəm. Ürəkdən dediyinizə görə inanıram. Vallah, bu «modeldi», «struktur»du – nə bilim, başqa şeylər ki, var – ədəbiyyat nəzəriyyəsindən məşğul olanların bir növ sənətidir, işidir. Şairlərinki ilhamdır, ağıldır, ürəkdir - bir-birləriylə dilə gələndə bax o modeldi – nədir – düzəlir. Qaldı estetikliyə, emosionallığa, hisslərin vəhdətinə – poeziya belə olmalıdır, başqa cür təsəvvür eləmirəm.

Sualın ikinci tərəfinə onu deyərəm ki, şeirin gücü ondadır – hər bir oxucu «özəlləşdirsin» yaxşı mənada, yeni məna çıxartsın. «Xarı bülbül» şeirində mətləblər vermişəm. Simvollaşmış xarı bülbülün timsalında həsrət də, nisgil də, öz vətənində sığınacaq tapmaq da… var, oxucu yozar. İlk misralarda «sözümün canı»na bir işarə:


Qovulmuşam, sınmışım,

Öz yurdunda yurd tapıb.

Sığınağa sığınmışam,

Çölümdə, çəmənimdə

Xoş gördük, xarı-bülbül!

Yarı gül, yarı bülbül.
A.E.: - Maraqlı şeirdir, oxuyacam onu. Mövzu qədimdi, məşhurdu.

Musa Yaqub təsdiqləyər ki, şair anadan xəlqi, demokrat doğulur və cəmiyyətdə mövqeyi, yeri əsasən möhkəm olmur, təzyiqlərə məruz qalır. Və xalqa, millətə eyni dildə müraciət eləyir, ayrı-seçkilik qoymur. Bunun üçün də Poeziya ilə Faciə yanaşı dururlar. Bu fikrimdə ziddiyyət, paradoks axtarmağa dəyərmi? Xüsusilə, son şeirlərinizdə bu problemi daha qabarıq qoyursuz. Elə isə bu, insani təbiətinizdən gəlir, yoxsa poeziyanın prinsiplərindən? O da var ki, heç də həmişə Xalq bir səslə danışmır!



M.Y.: - Hə, təsdiqləyə bilərəm, şairlər təbiətcə, varlıqca xəlqidirlər, humanistdirlər. Özünütəsdiqdən sonra cəmiyyət onu tanıyır, əliylə göstərir. Düz buyurursuz ki, millətlə eyni dildə danışır. Bu, məsələnin yaxşı tərəfidir, ancaq qara üzü heç zaman söz adamlarından aralanmamışdır. Tarixən hökmdarlar, tiranlar, şahlar şairləri sındırmağı bacarmayanda məhv ediblər. Ən bariz nümunə Nəsimidir. Hamımızı bu cəhətdən başımızı ağrıdıblar. Cavankən Bakıya gələndə dediyiniz o paradokslarla qarşılaşmışam. Uzun söhbətdir. Ancaq şair cəmiyyətdə öz sözünü poeziyanın diliylə deməyə borcludur. Sən «son şeirləriniz» dedin. Yəqin ki, şərti mənadadır. Varımdır. «Köhnə dərd», «Sonra gələcək», «İnsanlara məktub» və ilaxırda o motivlərə toxunmuşam. Bir yeri var şeirin, demişəm:
Ölkənin ovsarı kimin əlində?!

Dolanış bazarı kimin əlində?!

Nədir başçıların qəsdi-qərəzi,

Yox, mənimki deyil bu daş, tərəzi…
Axırda deyirəm ki:
Hələ bu ağalar mənimki deyil,

Belə nəfsi aclar mənimki deyil,

Mənim adamlarım sonra gələcək,

Durub mən yaşayan vaxta gələcək.
Allahverdi, sualda siyasətə işarə var, qoy qalsın bizim başqa ovqatımıza.

A.E.: - Ömür daima insanla – şairlə bir dildə danışmır: uşaq dili, gənclik dili və qocalıq dili. Mürəkkəb dildir. Lakin bir dil var – Sevgi, Məhəbbət dili, sadə və anlaşılmaz dil. Bu sonuncu dildə ilahi səs var. Məhəbbət şeirlərinizi hər dəfə yenidən oxuyanda bəzən göz yaşımı saxlamaqda çətinlik çəkirəm, xatirələr aparır məni uzaqlara. Məhəbbətdən ən aydın, çoxçalarlı, mübhəm, ehtiraslı, ləyaqətli şeirləri yazan mənim aləmimdə Musa Yaqub, Nüsrət Kəsəmənli, Vahid Əziz, Məmməd İsmayıldır Musa Yaqub. Siyahını böyütməyə lüzum görmürəm. İstərəm bu əbədi sirri bütün detalları, təfərrüatı ilə açasız. Olubmu, şeirdən sonra ağlamısız, barmaqlarınız titrəyib, özünüzü tərk eləmisiz? Şərhinizdə səmimi olmanıza şübhəm yoxdur.

M.Y.: - Düz tutmusan. Sevgi, məhəbbət dili bütün dünyanın, bütün sevənlərin dilidir. «Anlaşılmaz» deməzdim. Sevənlər bir-birini anlayanda çox sadə dildə danışmalı olurlar. Məhəbbət xatirələrdən süzülüb gəlir. Heyif ki, sonu hansınınsa günahında itirilir. 1988-ci ildə çıxmış kitabın adı «Mənim sevgi taleyim»dir. «Taleyin qisməti», «Son görüşdə», «Saxla həsrətimi» yazmışam. Məhəbbətdə həsrət, intizar aparıcı motivdir. Şair məhəbbətinin iztirabını çəkmədi – heç nə. Şeir alınmaz. Sevgi-məhəbbət oxucu üçündür, barı, qaytarsın ötmüş günlərinə:
Kirpiyindən ayrılacaq

Bir yanıqlı yaş kimi,

Yuvasından ayrılacaq

Bir köçəri quş kimi –

Ayırırsan belə ayır,

Söndürsən,

Belə söndür sevgimi.
A.E.: - Şeirdə «rəng» nədir sizin üçün? Məşhur türk şairi Cahid Sıtkı Tarançının (1910-1956) bir şeirini oxumuşdum vaxtilə, yazırdı:
Gündüzə alışan rənglər,

Hər gecə pərişan rənglər.

Əşyada baxışmısınız.

Zamanda axışmısınız.

Gözümdə xatirələrmi?

O yekparə varlığımı

Sizmisiz parçalayan,

Fərqsiz qırıq aynalardan?
Hansı rəngi daha çox xoşlayırsız və şeirinizdə obrazlaşdırırsız?

M.Y.: - Şeirin ətriylə rəngi olmalıdır, əlbəttə, həssas oxucuları nəzərdə tuturam duysunlar, görsünlər. Haşiyə çıxım ki, vaxtilə böyük şairimiz Rəsul Rzanın «Rənglər» silsiləsindən şeirləri çıxmışdı, başa düşməyənlər az deyildi. Halbuki, şair hər bir rəngin fəlsəfəsini təsvir etmişdi. Şeirdə rəng şairin müşahidəsindən doğur. Meşəçilər xoşbəxtdilər, gəzib-dolandıqca fəsillərin ilk gəlişini, yarpaqların, çiçəklərin ilk açılışını görürlər, rənglərini görürlər. Mən onlardan geri qalmıram, dururam üzbəüz, misralar vücudumda pıçıldayır. 60-cı illərdə «Meşəçilərin nəğməsi» şeirini yazmışam, belə başlayır:
Qar üstünə ilk ləpiri

Kimlər düzər – meşəçilər.

Baharda ilk bənövşəni

Kimlər üzər – meşəçilər.
Şeirdə rəng fikrin açılmasında vasitə rolunu oynayır. Yadıma düşür, «Gər ağacı ay işığında» şeirinin adını oxuyanda rəng qabaqcadan göz qabağında canlanır.
Yaşıl-yaşıl ağacların

qarğışında…

Bir doğranmış gər ağacı

ay işığında…

Bir doğranmış gər ağacı

səma nur çilər,

Yaşıl-yaşıl ağaclarda

xəfifcə bir səs…
Sarı rəngin öz fəlsəfəsi var… Qaldı hansı rəngi xoşlayıram – bir rəngin üstündə durmaq istəmirəm, şair üçün bir rəng, onun çaları qeyri-məqbuldur – poeziyaya qatılanda poetik mənaya çevrilir…

A.E.: - Böyük bəstəkarlar, şairlər olub. Eləsi olub, yuxuda musiqi eşidiblər, şeir səslənib qulaqlarında. Xarici bəstəkarlardan birisi (adını unutmuşam) yuxudan qalxıb və keçib piano arxasına. Axşam eşitdiyi, daha doğrusu, səhnədə Şeytanın rəqs elədiyi musiqini nota alıb; heç bir düzəliş etmədən və adını da qoyub «Şeytan sonatası». Siz belə bir halla qarşılaşmamısız ki?! Əlbəttə, söhbət şeirdən gedir.

M.Y.: - Başıma gəlib. Yuxudan yadigar qalıb mənə, özü də Bakıda. «Saxlamışıq» adlanır. Açıqca qeydim də var: «Yuxuda tanıdığım şeir». İlk bəndi belədir:
Qaçarı atları biz

Yollara saxlamışıq.

Uçarı durnamızı

Çöllərə saxlamışıq.
Sonuncunu da deyim. Oxucular maraqlansalar son toplu-kitabımda - «Bu dünyanın qara daşı göyərməz»də vermişəm:
Yapanlar yapdı düşdü,

Zəlilər qopdu düşdü,

Yumağa qanlı teşdi,

Sellərə saxlamışıq.
A.E.: - Sizin yaradıcılığınızı izləmişəm həmişə. Sərbəst şeirinizə demək olar ki, rast gəlməmişəm.

Təbii ki, istisnalar yox deyil. Sərbəst vəznin özü şeir növüdür. Dünya poeziyasında bunun mahir yazarları vardır. P.Neruda, Nezval, M.Mayakovski, N.Hikmət və Rəsul Rza. Tənqidçi Vaqif Yusifli Sərbəst vəzn barədə tədqiqatında yazır ki, sərbəst şeirdə fikir sərbəstliyi də mühüm şərtlərdəndir: fikrin özbaşına ifadəsi, yaxud qarma-qarışıq fikirlərin xaotik formada misralara səpələnməsi nəzərdə tutulur. Sərbəst olaraq şairin müəyyən bir fikri heç bir qəlibə, şablona sığışmadan sərbəst şəkildə ifadə etməsidir.



Mənim aləmimdə hecadan yayınıb sərbəst yazanlarda şeiriyyət ilhamı çatışmır. Şeirin ritmində poetik ahəng, səslər düzümü və sairə elementlər «aptek tərəzisində» olduğu kimidir, iynə ucundan görünən işıqdır. Mən istəməzdim zəif şairlər bu suala cavab versinlər.

M.Y.: - Mənim sərbəst şeirə öz münasibətim olub. Düzünə qalsa, heca ilə sərbəstə fərq qoymamışam. Amma mən bir-iki dəfə sınaqdan çıxarmışam. Sərbəst şeiri hekayə səviyyəsinə gətirəndə çox zəif alınır. Məsələn, «Uzun gecələr gəlir» adlı şeiri sərbəstdə yazmışam. Şeir uzundur, zahirən baxanda sərbəstə oxşamırsa, bunu hecada yaza bilməzdim:
Uzun gecələr gəlir,

Xatirələr işarır orda, burda -

İşıldaquş kimi

Somsoyuq bir şey

Yarı həsrət, yarı giley,

Xoş bir xatirə tutmaq –

Qaranlıqda qara bir pişik

Tutmaq qədər çətin…

Kiminsə yanır çırağı,

Hardasa işıq düşür

Süzülür bu qara sətin…

Uzaq işığın istisi yox,

Yaxın qaranlığın dayağı…
Şeirdə ritm, səs, heca və sairi qəbul edirəm. İnsanın necə ki, bütün əzaları yerindədir, şeir də beləcə sağlam olmalıdır ki, daha göyçək görünsün. O mənada mən sərbəstlə bağlı mübahisə etmək istəməzdim. Amma sərbəstə qarşı durmaq da istəməzdim. Sərbəst yaxşıdır, amma mücərrəddindən yox. Sərbəst o deməkdir, sözünü dürüst və sərbəst deyəsən. Qəlbdən çıxmalıdır, ona görə ki, qəlibdə sərbəstdir!

A.E.: - Bir misal çəkəcəyəm. Xalq şairi Rəsul Rzanın «Lenin» poeması sərbəstdə yazılmışdır. Mənim bir sualım var, bəlkə də söhbətimizə dəxli yoxdur, amma görkəmli şairimizdən eşitmək istərdim cavabı. Mənim fikrimcə, bu poemanı adına görə tədris proqramlarından çıxarıblar. Əsərə (şeirə, poemaya) onun formasından yox, poetikasından yanaşmaq ədalətli səslənir. Şeiri «içindən» duymaq, mənimsəmək gərəkdir. Adam var ki, zahirən yaxşı geyinib-keçinibdir, daxilən isə qulpdur, səs-küydür. Şeir – poeziyadır, axı.

M.Y.: - Həqiqət var fikrinizdə. Ada görə bir klassik əsəri proqramdan kənarlaşdırmağı düzgün hesab eləmirəm. Bilirsiz, ruslar, başqa xalqlar da tarixi abidələri saxlayırlar, biz isə vurub yıxırıq. Sərbəstə də münasibət təxmini bu cürdür. Pis çıxmasın, əvvəllər dərsliklərə xeyli şeirlərimi salmışdılar. Sonra gördüm onlar yoxdur. Görünür, bu məsələ də münasibətdən doğur. Ümumiyyətlə, şeirə, sənətə münasibətlə baxmazlar; bizim müxalifətimiz də, iqtidarımız da olmalıdır. Gözəl oxucu olmaq lazımdır. Qaldı, «Lenin» poemasına - vaxtilə orta məktəbdə bu əsəri tədris eləmişəm. Sərbəst vəznin ən yaxşı meyarı olacaq bir poemadır!

A.E.: - Sözün üstünə gəldiz, Musa müəllim. Sözünüzü təsdiq edirəm. Pedaqoji təhsiliniz var, şair əslində pedaqoqdur. Təəssüf ki, dərslik müəlliflərimizdə münasibət az rol oynamır, bu hissdən qaçmağı bacarmırlar. Mən uzun illər «Maarif» nəşriyyatında çalışmışam, çox şeylərin şahidiyəm. Bir məsələ var – ola bilər bir uşaq şeiri yazsın. Məsələn, M.Ə.Sabir «Uşaq və buz»u yazıb. A.Şaiq də, A.Səhhət də. Söhbət qüvvətli, əsrləri keçən şeirdən gedir. Dərslik müəllifləri həmin şeiri uşaqlara «hədiyyə» etməlidirlər. Bu gün bir şairdən 5-10 şeir salırlar dərsliklərə.

M.Y.: - Haqlısız. İdeal şeir o qədər asan yazılır ki, 5-10-nu birdən ibtidai sinif şagirdlərinin ixtiyarına verilir?

Mən uşaqları nəzərdə tutub «uşaq şeirləri» yazmışam, amma yeniyetmələr üçün bəzi şeirlərimdən istifadə eləmək olardı, bayaq dedim. Amma «Qırqovul» şeirim vəzncə də oynaqdır, lakonikdir:


Suyumuz şeh damcısı,

Dənimiz gül toxumu.

Meşə ətəkləriylə

Dəstə tutub qaçarıq,

İnsan bizi qorusa

Arxayınca uçarıq.
A.E.: - Mən şeirdə «inkişaf» məsələsinə toxunmaq istəyirəm, hansı ki, bu, böyük yaradıcılıq yoludur. Mən Sizin birinci və ikinci kitablarınızı adıyla, iliylə deyərdim: «Yarpaqlar oxuyur» - 1966-cı il, «Bu məhəbbət yaşadar məni» - 1970-ci ildə nəşrdən çıxmışdır. – Gətirmənizi istədim. Söhbətimizəcən vərəqlədim, bir sıra şeirlərinin adını oxuyanda xatırladım. Məsələn, «Burda hər meşənin min cür ağacı», «Təbiət yatır» ilk kitabınızdadır. Bir bəndlik şeiri əzbər bilirəm.
Bəlkə də borcundan çıxmadım, vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!
İkinci kitabdan «Payız duyğuları», «Dağlar çox qəribə olur gecələr» şeirləri də duyğulandırdı məni. Sanki bu poetik misralar bir gündə, bir saatda qələmə alınıbdır. Sağlıq olsun, bu sonuncusu barədə ayrıca yazacam. İndi kitabı açıb o şeirdən bir parçanı oxuyuram – tutuşdururam:
O nədir, üfüqə qar düşüb elə,

Bir cuna göylərdən asılıb qalıb.

Girib ünsiyyətə qaranlıq ilə,

Dərələr ucalıb, zirvə alçalıb.

Kahalar ətrafa qaranlıq ələr,

Dağlar çox qəribə olur gecələr.
«İnkişaf», əlbəttə məcazi mənada da götürmək olar. Musa müəllim, üzünüzə demirəm, şeirdə həmişə «kökdə» qalmaq asan deyil a! Poeziya ola bilsin sonacan şairə sadiq qalmasın.

M.Y.: - Yaradıcılıq aləmi çətin yoldur. I və II kitablarımda elə şeirlər var ki, bəlkə də zirvə sayıla bilər. Şairə bütöv halda baxılmalıdır. Əlbəttə, bir şeirlə, bir poema ilə də yaşamaq mümkündür. Hər halda Allahın verdiyi ömürdəyəm və şeirlərimi yazıram. Sən də sağ ol ki, söhbətə səbəbkar oldun.

Allahverdi Eminov: - Musa müəllim, iki saatdan çoxdur söhbətləşirik. Düzü, mən yorulmadım, ləzzət aldım. Haçandı bu görüş ürəyimdən keçirdi, ömürdü-gündü… Öncəsi, yaradıcılığınızın müəyyən məqamlarına toxundum, cavablarınız məni qane elədi – obyektivsiz, qondarma şeylərdən uzaqda dayanırsız. Çün, şəxsiyyətcə bütövsüz, təmənnasız, öz halal çörəyinizi yeyirsiz, halal da şeirlər qələmə alırsız. Qəti fikrimdir ki, qeyri-halallıqla çörək yeyən, peşəsiylə cibini dolduran söz adamları, hətta şairlər də var a! Başa düşə bilmirəm, beləsi necə halal şeirlər yazar?!

Kitabı bu gün-sabah başlayacam, bütün modeli beynimdə hazırdır, Allahın köməkliyilə o «enerji» gələcək, mütləq gələcək. Sənin «çevik» telefonundan istifadə eləyəcəm, müəyyən faktları dəqiqləşdirməkdən ötrü. Ədəbiyyatçının bir xoşbəxtliyi də ondadır ki, müasirindən yazırsa, ya görür, ya da səsini eşidir. Görəsən poeziyanızın səsini öz Sözümlə əbədiləşdirməyi bacaracammı?!


1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə