MÜNDƏRİcat redaksiya şurasindan




Yüklə 1.9 Mb.
səhifə7/11
tarix21.04.2016
ölçüsü1.9 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Modernleşme Sürecinde İslam Hukuk Düşüncesinin Yenilenmesi ve Çağdaş Meselelerin Çözümünde Maslahat Kavramının Rolü ve Yeri

(Özet)

Makalede modernleşme sürecinin İslam dünyasındaki yansımasına ve İslam hukukçularının ortaya çikan yeni meselelere çözüm arayışlarına girme ihtiyacına genel olarak değinilmiştir. Onların toplumun talebini karşılayabilmek için maslahat anlayışı üzerinde durdukları görülmektedir. Çünkü İslam hukukunun en önemli gayesi, insanların düzenini korumak ve ümmetin menfaatini onu oluşturan insanların menfaatini sağlayarak devam ettirmektir. Bu nedenle, maslahat düşüncesi şeri hükümlerin amaçlarını belirleme ve şeri-ameli meselelerin çözülmesinde odak noktasını oluşturmuştur.

İslam alimleri de bu kavramın bütün dini-hukuki hükümlerin ortak dokusunu oluşturduğunu kabul etmektedirler. Maslahat mahiyeti itibariyle müstakil bir kaynak olmayıp, şer’i delillerin içerdiği ilke ve hükümlerin tümevarım yöntemine göre incelenmesi sonucunda ulaşılan ve bütün bu hüküm ve ilkelerde kulların dünya ve ahiretteki yararlarının gözetilmiş olduğu şeklinde özetlenebilecek olan kapsamlı bir düşünceyi ifade eden bir üst kavramdır.1
­

Axtarış və yaradıcılıq



Könül Bünyadzadə

Cavanlığın xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə onun bol enerjisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail ol­maq iddiası vur­ğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik ener­jisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların aparıcı qüv­vəsinə çevrilir. Bu baxımdan, Puşkinin Bayron haqqında de­diklərini yəqin ki, bütün gəncliyə aid etmək olar:


Dəniz, o sənin nəğməkarındı,

Üzərində sənin surətin vardı,

O, sənin ruhunla yaradılmışdı,

Sənin kimi: qüdrətli, dərin, zəhmli

Sənin kimi: ipə-sapa yatmayan.1

Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına tez düş­məsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm də təbiətin qəribə bir təzadıdır ki, enerji nə qədər çox olursa, tə­fək­kür bir o qədər passiv olur, yerini his­s­lə­rə daha tez verir. Baş­qa sözlə de­sək, bu, nəinki təsadüf deyil, əksinə, az qala qa­nu­nauyğun­luq­dur ki, bir ideyanın real­laş­masında fanatik qüv­və­yə ehtiyac ya­ra­nan­da məhz ca­van­lardan istifadə edirlər. Ca­va­nın təfəkkürü hələ ki­fa­yət qə­dər formalaşmadığına görə, yə­ni onun gücü, imkan­ları enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şü­urlu-şüursuz şəkildə güclü təfək­kür, is­ti­qa­mətve­ri­ci qüv­və axtarır. Şel­linq dediyi kimi, «fəallaşmış mən­­lik hə­yat gücü üçün lazımdır; on­suz yalnız ölüm, xe­yi­rin mür­­güləməsi olardı; çünki mübarizə ol­ma­yan yerdə hə­yat da yox­dur».1 Məhz burada cəmiyyətin rolu və əhəmiyyəti özünü gös­tərir: cavanların həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin quruculuğamı, yara­dı­cı­lı­ğamı, yoxsa dağıdıcılığamı yö­nəlməsi bir bələd­çi ola­raq cəmiyyətdən çox asılı olur. Bu­ra­da dağıdıcı deyəndə biz yalnız cə­­miy­yə­tə, bəşəriy­yə­tə deyil, həm də cavanın özü­nə, öz mən-inə yönələn əməl­lərini, fəa­liy­yə­tini nəzərdə tu­turuq. Söhbət on­dan gedir ki, cə­miy­yətin tə­si­ri ilə yalnış ye­rə isti­qa­mət­lən­miş cavanın yüz cür işlərlə məşğul ol­­ma­sına bax­ma­ya­raq, onun əsl potensialı bir növ reallaşma­mış, özü ola­raq təs­diqlən­mə­miş qalır, o, öz mən-indən xə­bər­siz, özünə yad bir şəx­siyyət kimi yetişir. Ülvinin sözləri ilə de­sək, ca­vanlar «bütün olma­mış» «sökülüb, uçulur» və bunun ilk və başlıca səbəbi cəmiyyət olur.

Bu gün terror qrupların toruna düşən cavanların sa­yı han­sı isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə ge­dən­lərin sa­yından qat-qat çoxdur. Kimlərinsə məna­fe­lə­ri­nə xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, ya­ra­dı­­cılıq istedadının ax­tarışına sərf edilən enerji­dən tərəziyə gəl­­məyəcək qədər ağır­dır. Bu gün maddi is­tək­lər üçün qa­la­­nan od mənəviyyatın nu­ru­nu söndürəcək qədər gur yanır.

Cavanlığın keyfiyyətindən biri də onların bütün ax­ta­rış­la­rı­­nın, is­tək­lərinin kökündə hisslərin, duyğuların dur­masıdır. Yə­ni on­ların təq­dim etdikləri bütün problem­lər­də də, onların həll yol­la­rında da lirika, ro­mantika üs­tün­lük təşkil edir. Bəlkə də elə bu sə­bəb­dəndir ki, onların təq­­dim etdiyi yol təhlükəli, də­li-dolu olsa da, ca­zibəli, can­lı və al-əlvan olur.

Müəyyən missiya daşıyıcısı olan cavan da bu xü­su­siy­yət­lə­­rinə görə di­gər həmyaşıdlarından çox elə seçilmir. La­kin on­la­rı fərq­ləndirən, sözün həqi­qi mənasında ta­le­lərini mü­əy­yən­ləş­dirən, şəxsiyyətlərinin formalaş­ma­sın­da məhək daşı qədər əhə­miyyətli olan bir cəhətdir – onların reallığı düz­gün qiy­mət­lən­dirmək baca­rı­ğı. Əlbəttə, bu, ilk növbədə missiyanın ver­di­yi bir gözaçıqlığı, ze­hin ay­dın­lığı, müəyyən mənada da …bəd­bəxt­likdir. Zahiri pa­rıl­tı­ya aldanmayıb hər şeyi öz rəngində gör­mək «bədbəxtliyi». Onların romanti­ka­­, lirikasını gözəl­ləş­dirən, gücləndirən qüssə, qəm notları acı reallığın ­za­hür­­ri­dir. Bəli, bu ca­van­lar romantikdir, ancaq onlar sərt reallığa göz yum­ma­yan, əksinə onu təsvir edə-edə, onun acılarını ya­şa­ya-ya­şa­ya, onun üzərində, bəlkə də elə düz içində öz ro­man­tik dün­­yalarını qururlar. Deməli, Kyerkeqorun dediyi kimi, «mən – münasibət deyil, öz-özünə münasibətə qayı­dış­dır».1 Ma­raqlıdır ki, cavan yalnız öz dünyasını dü­şü­nən­də, Şellinq ki­mi, «mən – azadlıqdır»,2 – deyə bilir. Lakin bu, təcrid olun­muş bir aləmdə var olmaq deyil. Hər hal­da, cavan bu «azad­lı­ğı iki ka­teqoriyanın – mümkün və zə­ru­rinin dialektikası»3 ki­mi dərk et­mə­yi bacarır. Bu­nunla ya­naşı, o, öz dünyası ilə real hə­­ya­tın nis­bətini də unutmur və hər birinin hansı gücə və niy­yə­tə sahib ol­du­ğunu çox yax­şı anlayır. Bunu nəzərdə tutaraq Kyer­keqor «xə­bər­dar­lıq edir»: «Mən, əlbəttə, dünyanın böyük əhə­miyyət ver­diyi bir şey deyil, məhz ona maraq azdır, onun səndə ol­duğunu göstərmək riskli bir şeydir».4

Cavanlığın bütün bu «nöqsanları» – enerjinin bol­lu­ğu, hiss və əqlin tez-tez çarpışması, hissin bir çox hallarda ida­rəni öz əlinə alması ilə yanaşı, onun böyük bir üstün­lü­yü də var: ca­van cəmiyyətin öz daxili dünyasına yad ol­du­ğu­nu anlayıb ax­tarışlarını çox tez öz mənəvi dünyasına, öz mən-inə yönəldə bi­lir. Onun həmsöhbəti də, hökm ve­rib, cəza alanı da öz mən-i olur. Bu, onlara öz ruhları va­si­tə­silə sonsuzluğa, əbədiyyətə keç­­, Allahla bilavasitə ün­siyyətdə olmağa imkan yaradır. Ler­mon­tov «Mənim evim» şeirində yazır:


İnsanın ürəyində əbədiyyətin

Toxumu var – həqiqət hissi deyildir.

Əsrlər axınını, ənginlikləri

İnsan ancaq onunla qavraya bilir.5
Qəlbinin səsi yağışın pıçıltısına qarışan Ülvi isə belə deyir:
Ürəyinə bir xoş duyğu,

Bir naməlum

hiss çiləyən yağışı.



Ancaq onu bilirəm ki,



Bu səs

mənim ciyərimə

təzə nəfəs gətirir.

Ürəyimə sirli həvəs gətirir.1
Bura yeganə məkandır ki, insan orada azad və ilahi aləm­­lə əlaqəli olduğunu hiss edir. Bura – sonsuzluğa çı­xış­dır. Bu­ra Şel­linqin yazdığı kimi, «… bizim mülkümüzdür, bizim var­lığımızdır – bu, həm də əbədiyyətin insana bö­yük güzəşti, ona inamıdır».2

Mən – real və idealın, məhdud və sonsuzluğun qar­şı­­laş­dı­ğı, çarpışdığı bir məkana dönür. Cavan öz güc­süz­lü­yünü, aciz­liyini gör­məklə yanaşı, ruhunun sonsuz bir qüv­və, tü­kən­məz bir mənbə­dən qaynaqlandığını da hiss edir. Eyni za­man­da, mən – bir andır, məh­dud bədəndə ilahi başlanğıcın ara-sı­ra özünü büruzə verdiyi an. Kyer­keqor bu anı belə təsvir edir: «An – elə bir ikimənalılıqdır ki, burada zaman və əbədiyyət bir-birinə toxunur və bu­nunla da mü­vəqqətilik anlamı yaranır ki, burada zaman dönə-dönə əbə­diyyəti ayırır, əbədiyyət isə dö­nə-dönə z­a­ma­na nüfuz edir, içindən keçir».3 Bu anın ver­dik­ləri gözəl şeirlər, ecazkar tablolar, dərin hikmətli əsərlər şək­lində or­taya çıxır. Bu anın hökmüdür ki, 20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə bilir. Bu anın in­san hə­yatındakı əhəmiyyətini hiss edən Ülvi yazır:


İnsan ömrü –

dəqiqələr, saniyələr…

Bu anların biri boşsa,

İnsan ömrü

bu boşluqdan,

soyuq çəkər.4
Bu anın sehridir ki, ona bənd olan cavan bir daha on­­dan aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, cavanda bəşəriyyət qarşısında bir ca­vab­­dehlik yaradır – ca­van özündə bəşəriyyəti xilas edə b­i­­cək bir güc, yenilik gətirə bi­ləcək bir əzm hiss edir.

İki hiss qarışır bir-birinə: güclü enerji və sonsuzluqla əla­qə im­kanı. Ziddiyyətin dialektikasının tələbi, hökmü ilə ca­van ax­ta­rı­şa çıxır – bu ikisini birləşdirən, hər ikisini tam əhatə edə bi­lən bir şeyin axtarışına. Bu, naməlum, so­nu görünməyən bir ax­tarışdır və ilk addımını atan ca­van əvvəlcə qarşıda duran bu yo­lun uzun­lu­ğundan qorxur. Ülvi yazır:



Yollara baxıram gözüm qaralır,

Görəsən hayana gedir bu yollar?

Vallah, qınamayın, sona çatınca

Ayağı demirəm, ürək yorular.

Hayanadı bu yollar?1
Lakin axtarış toxumu cavanın qəlbinə düşəndən cü­cər­­mə­yə başlayır və onun rahatlığını əlindən alır. Bu sə­bəb­dəndir ki, Şi­ha­bəddin Sührəvərdi 37 ya­şına kimi yaz­dı­ğı 52 əsərində döv­­rü­nün az qala bütün fəlsəfi cə­rə­yan­la­rı­na toxunur, hər biri haq­qında öz fik­rini bildirməyə ça­lı­şıb. Şellinq 37 yaşına ki­mi yara­dıcılığında artıq üç mər­hə­lə keçir. Bu axtarışlar idi ki, Bay­ronu, Müşfiqi rahat yat­ma­­ğa qoymur, Lermontovu bu söz­ləri deməyə məcbur edir:
Vaxtdır, qoy şəfəqlər rişxənd edərək

Sükut dumanını qovsun, zamandır.

Dərdsiz şair ömrü, de, nəyə gərək?

Tufansız okean nə okeandır?2
Müş­fiq də içindəki sakitlikdə dənizdə tufandan ön­cə­ki əla­məti hiss edir:
Fikrim qasırğalı dəryalar kimi

İstənilən qədər dalğalanmamış,

Könlüm uzaq gedən xülyalar kimi

İncə buludlarla çulğalanmamış.3
Bu elə bir axtarış odudur ki, cavanın bütün anlarını dol­du­rur. Ülvi də öləziyən közün sakit həyatını istəmir:
Bilirəm: qığılcım, alov tək deyil,

Alovun peşəsi şəfəq saçmaqdır.

Düz yolda çarpışmaq igidlik deyil,

İgidlik balaca cığır açmaqdır.1
Bu axtarışın, «alovlanmağın» tələbi ilə cavan hər sa­hə­yə, hər məkana, …hər zamana baş vurur və bir çox hal­lar­da ax­tar­dığını keçmişdə tapır – onu indi kimi in­cit­mə­yən, gələcək ki­mi məchul olmayan keçmişdə. Təbii ki, on­la­rın tapdıqları doğ­ma ruhlardır. Məsələn, Eynəlqüzat Mi­yanəci, Şihabəddin Süh­rəvərdi, Nəsimi kimi neçə ca­van öz həyat yolunda – həm dü­şüncələrində, həm ta­le­lə­rin­də Mənsur Həllaca üz tutur, onun qismətini bö­lü­şür­lər. Lermontov özünü Bayrona bən­zə­dərək yazır:
Onun kimi boş yerə sakitlik arayıram,

Bir düşüncə qovur məni hər yerə,

Geriyə baxıram – keçmiş dəhşətdir,

İrəli boylanıram – doğma ruh yoxdur.2
XIX əsrdə dekabristləri ruhlandıran Puşkindən XX əsrin sonlarında Ülvi də «dərs alır»:
«Həyat quran nə yorular, nə durar»,

Budur mənə öyrətdiyin ilk şüar.

Budur mənim idealım, inamım:

«Qığılcım alışar alov doğurar».3
Bəli, onlar keçmişdə kimə isə baxırlar, ancaq öz yol­la­rını ge­­dirlər. Cavan keçmişdən cə­miy­yə­tin qorxunc hə­də­lərindən qorx­­ma­mağı, min bir yol arasında öz cığırını aç­maq istəyini, bu arzu­la­rın ya­nında ölümün nə qədər aciz olduğunu və …ölüm­dən qorx­mamağı öyrənir. Dü­şün­cələrinə görə cid­di tə­qib­lərə məruz qalan Miyanəci öz dostuna yazdığı məktu­bun­da belə bir «xahiş edir»: «Şə­hərdə deyirlər ki, Eynəlqüzat Al­lah­lıq iddiası edir. Mənim qət­li­mə fitva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver».4 Bu cavanlar üçün öz dü­şüncələrinin nəticəsini görmək, mis­si­ya­la­rını başa çat­dır­maq duyğusu yanında ölüm qorxusu çox kiçik görünür.

Burada bir şeyi xüsusilə vurğulayaq. Allahdan bə­şə­rə bir nur zo­ağı uzanır. Özündə bu nurun ucunu, mən­bə­yi­ni kəşf edən şəxslər sanki va­hid bir məkana düşmüş olur­lar. Əlbəttə, ola bilsin ki, ora gedən yolda kim­sə kimə isə bələdçilik etmiş olur. Lakin həmin məkana çatandan son­­ra yeganə bir Bə­ləd­çi­ni – Allahı tanımaqla yanaşı, öz fər­diyyətini, məhz onun üçün nə­zərdə tutulmuş missiyanı ay­dınca dərk etmiş olur.

Tarixə baxanda belə cavanların həqiqətən də izsiz keçib-get­­mə­di­yi­nin, nəinki «balaca cığır», bəzilərinin hət­ta böyük yol­lar da saldığının şa­hidi olarıq. Şihabəddin Süh­rəvərdi XIII əsr­də məş­şailik fəlsəfəsinin və tə­səvvüfün bir­ləşdiyi zirvə nöq­tə­sində bu gün belə aktuallığını itir­mə­miş iş­raqilik fəlsəfəsini ya­ratdı. Eynəl­qü­zat Miyanəci ya­zır: «Təqlidin ətə­yin­dən bəsi­rət zirvəsinə yük­səl­mək ax­ta­rı­şı ilə kəlam kitablarını mütaliə et­dim. Məqsədimə çat­ma­­dım. Məzhəblərin yalnışlığını gör­düm».1 Gördü və tə­səv­vüf fəl­səfəsinin özək xətti olan vəhdət əl-vücud nə­zə­riy­yəsini sistem­ləş­dir­məyə cəhd göstərdi. Kyer­ke­qor öz fəl­səfəsində dövrünün ən ta­nınmış və nüfuzlu filo­sof­la­rını in­kar etdi və özü sonralar böyük bir fəlsəfi cərəyana çev­ri­ləcək ekzistensializmin əsas ideyalarını irəli sürdü.

Təsadüfi deyil ki, belə cavanlar öz cəmiyyətlərində məhz cə­sarətli ad­dımları, qorxmazlıqları, ən şiddətli tə­qib­lərin, hətta edam təhlü­kəsi­nin qarşısında belə geri çə­kil­məməkləri ilə diq­qə­ti cəlb ediblər. Onlar ol­duq­ları cə­miy­yətdən o dərəcədə yu­xa­rı qalxa bilirlər ki, reallığı, onun ­ işıq düşməyən səhi­­­ri­ni belə görə bilirlər ­min qaranlığı işıq­lan­­racaq sözü de­mək iddiasına düşürlər. Və yəqin ki, onların hər birinin ürə­yin­­dən Ülvinin dediyi bu arzu keçir:



Bilin, deyilməyənləri

Demək üçün yaşayıram.2
Burada bir daha vurğulamaq lazımdır ki, əslində üzə­­rin­də ali mis­si­yanı hiss edən hər bir insana bu duyğu yad deyil. Ca­vanın bu duy­ğu­sun­da isə bir az tələskənliyin, bir az hiss­lə­rin, pərakəndə enerjinin çox­lu­ğunun, bir az tən­halığın, bir az qor­xunun, bir az üsyankarlığın, bir az da fə­dakarlığın, cən­ga­vər­liyin izlərini sezmək olar. Bu qə­dər qarışıq, do­la­şıq his­s­lə­rin arasında öz məqsədini itir­mə­yib yalnız ona doğru get­mə­yin özü də bir hünər istəyir! Bu, obrazlı desək, fikri dağınıq, göz­ləri xəyal­pər­­vər­liklə göy­lərə dikilən bir adamın çəkici bar­ma­ğına deyil, düz mis­ma­rın üstünə vurub bir zərbə ilə onu di­binə qədər tax­ta­ya çalmağına bənzəyir.

Öz mülkündə – mən-ində bütün aləmi kəşf edən ca­van öz ətrafını – mad­di aləmi tanısa da, özünün bu aləm­də yerini gö­rə bilmir, öz artıqlığını, la­zımsızlığını hiss edir və düşünür ki, heç kəsin ondan xəbəri yoxdur. Və bu sə­­bəb­dən oradan gə­lən təhlükəni, hiyləni də görmür. Bu sə­bəb­dən belə ca­van­ları al­datmaq, tora salmaq, onlara xata to­xumaq çox asandır. Kyerkeqor yazır: «Dahi hər şey et­mə­yi bacarır. Bununla be­lə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır. Elə boş şey ki, da­hi yal­nız özünün qüd­rəti sayəsində ona ümumi əhəmiyyət verir».1 Əslində, ca­van hər şeyi görür, lakin bütün bu təh­lü­kə­lə­rin onun ru­hundan çox-çox uzaq olduğunu düşünür. Şellinq ya­zır: «Za­hiri qüvvə yalnız zahiri ne­mətləri oğurlaya bilər, ru­ha də­yə bilməz; o, zaman daxilindəki əlaqəni kə­sə bilər, əbə­di, hə­qiqi ilahi eşqin əlaqəsini de­yil. Ruh sərt və hissiz və ya sev­gi­dən imtina edən kimi çıxış etmir, ancaq gös­tərir ki, məhz iz­ti­rab­lar­da sevgi hissi varlıqdan daha uzun sü­rən bir his­s­dir və o, ilahi halədə zahiri həyatın və ya xoş­bəxt­liyin xarabalıqları üzə­rində yük­səlir».2 Bəli, ruhunu dü­şünən cavan üçün maddi hə­yatın heç bir əhə­miy­yə­ti qal­mır. Miyanəci öz taleyi ilə Mən­sur Həllaca bənzə­yəcə­yi­ni hiss edə­rək bildirir ki, «biz Al­lah­dan ölüm və şəha­də­ti özümüz istəmişik. Özü də onu üç qiy­­mət­siz şeylə istə­mi­şik. Haqq necə tələb etmişsə, o sayaq istə­mi­şik».3 Bəl­kə də ruhunu, dolayısı ilə bütün bəşəriyyəti dü­şü­nə­rək mad­di tələ­bat­lar hüdudundan kənara çıxa bil­məyən qa­nun­ları he­çə saymasıdır (daha doğrusu, onların fövqünə qalx­ma­sı­dır) ki, hər kəsi ona düşmən kəsir.

Öz kiçik dünyasında nəinki bütün aləmi, Mütləq Hə­­qi­qə­tin özünü də ax­tarıb tapan cavan gördüklərini, ya­şa­­­dıq­la­rı­nı öz içində saxlamaq qüdrə­tin­də olmur. Bil­dik­lə­rini, dərk et­dik­lərini bacarıqlarına müvafiq olaraq bəşə­riy­yətə çatdırmağa baş­layır. Lermontov dediyi kimi,
Şair də belədir: fikir gəldimi

Ruhunu boşaldıb – deyir qələmə.

Oynaq rübabının söz sehri kimi

Nəğmə deyə-deyə dünya-aləmə,

Cənnət yuxusunda bayılar gedər.1
O, Yaradanın lütfü ilə yaratmaq ehtiyacı hiss edir. O, bu­nu öz alın yazısı, yaradılışının səbəbi, ətrafı üçün nə­zərdə tu­tulan missiyası kimi qəbul edir, onunla doğ­ma­laşır. Ya­rat­maq qüdrəti, yaradıcılıq eşqi bütün digər his­s­lə­ri üstələyir. Məhz o, cavana bütün çətinliklərə sinə gər­mək, maddi zər­bə­lər­dən sınmamaq əzmi verir. O, cavanın qa­rışıq hissləri, dü­şün­­cələri arasında yeganə aydınlıqdır. O, min bir qorxunun, təh­lükənin arasındakı sabitlik­dir, eti­­bardır. O, məhdudiyyətlər ara­sında azadlıqdır. Ən əsası isə, o, özünüifadə və özü­nü­təs­diq­dir. O, dilbilməz cə­miy­yət­lə yeganə ünsiyyət vasitəsidir. Çün­ki Kyerkoqor dediyi ki­mi, «…saf bəşərilikdə qapanıb qal­maq­la, yaxud ümumi ta­rixə heyran qalanın rolunu oynamaqla öz-özünü aldat­ma­ğa dəyərmi?».2 Yaradıcılıq artıq bir ürəyə sığ­mayıb aşıb-daşan hisslərin, düşüncələrin ətrafa saçılmasıdır ki, Şel­linq də onu «hadisə deyil, əməl»3 adlandırır.

Dediyimiz kimi, cavanlar yalnız öz mən-lərindən çı­xış et­sə­lər də, yaz­dıq­ları, çatdırmaq istədikləri bütün bəşəriyyəti eh­ti­va edir. Özünü «zə­ma­nə­nin qəhrəmanı» kimi təsvir edən Ler­montov bunu belə əsaslandırır: «İn­san ru­hunun, hətta ən xır­da bir insan ruhunun tarixi, bü­tün bir xalqın tarixindən çə­tin ki, az maraqlı və xeyirli ol­sun, bu tarix bilavasitə yetkin bir zə­kanın özü üzərində apar­dığı müşahidələrin nəticəsi olduqda, həm də baş­qa­la­rın­da riqqət və təəccüb oyatmamaq arzusu ilə ya­zılmadığı za­man daha maraqlı və xeyirlidir».4 Lakin bu, sı­ra­dan adi bir insanın həyatı, düşündükləri deyil. Söhbət ruhu ila­hi aləmlə vəhdətdə olan, düşündükləri əsrlərdən bəri öz var­lı­­ğını qoruyub saxlayan ideyalar dünyasından qay­naq­la­nan, ta-a qədimdən bu günə uzanıb gələn insanlıq zən­ci­ri­nin bir hal­qası olan insandan gedir.

Əlbəttə, danılmaz faktdır ki, hər şəxsi hisslərin ifa­də­si olan əsər nəinki bə­şəriyyət, heç cəmiyyət üçün də ya­rar­lı ol­ma­ya bilər. Bu gün o qədər ya­ra­dı­cılığa baş vur­maq həvəsində olan cavan var ki, nə­inki şəxsiyyətin for­ma­laşmasına, insanda ila­hi zərrənin daşıyıcısı olan mən-in potensialının düz­gün real­laş­masına xidmət etmir, üs­tə­lik mən-in dağılmasına gətirir. Bə­li, hər yaratdığı ilə ca­va­nın «Mən» adlı sarayının kərpicləri də qurulur. Lakin məq­sədindən, mahiyyətindən asılı olaraq bu saray bir nur mənbəyi də ola bilər, gectəsirli partlayıcı da. Bəs söhbət hansı mən-dən, hansı düşüncədən gedir?

Əvvəla, yalnız öz məhdud maddi çərçivəsində qal­ma­yan və özünün ila­hi mənbəyinə yolu açıq olan, məhz ora­dan qi­da­la­nan mən-in yaratdıqları bə­şəriyyət üçün ola bi­lər, yəni söh­bət qəlbi, ruhu Yaradanın verdikləri üçün bir ­kana çevrilən ca­vandan gedir. Şellinq deyir: «Rəssam ya­radıcı qüv­və­yə ucal­maq və mənən ona malik olmaq üçün gərək təbiətin məh­su­lun­dan və ya yaratdığından uzaqlaşsın. Bununla o, saf an­lam­lar səltənətinə ucalır; o, məx­luqu tərk edir ki, onu yenidən min qat ölçüdə mə­nim­sə­sin və bu mənada həqiqətən yenidən tə­bi­ə­tə qayıtsın».1 Baş­qa sözlə desək, cavanın özünün ilahi baş­lan­ğı­cını kəşf et­məsi heç də onun öz maddi keyfiyyətlərindən im­ti­na de­mək deyil. Əksinə, hər ikisini vəhdətdə görə bilmək ba­ca­rığıdır.

İkincisi, yalnız cəmiyyətin içindən onun fövqünə qal­xan, yəni düşün­cə­si zahirdən batinə istiqamətlənən bir mən maddi və mənəvini düzgün müqayisə etmək iqti­da­rın­dadır. Bu, mad­di dünyada oturub ilahi aləmdən dəm vur­maq, ya da əksinə, xə­yal dünyasından boylanıb maddi dün­ya üçün utopik plan­lar quran bir mən deyil. Bu, qa­ra­nı da, nuru da olduğu kimi ta­nıyan, yaşayan bir mən-dir. Kyer­keqor yazır: «… şüur, da­xi­li şüur həl­ledici faktordur. Mən-dən söz gedəndə, həmişə həl­ledicidir. O mən-ə ölçü ve­rir. Şüur nə qədər böyükdürsə, mən də bir o qədər bö­yük­dür. Belə ki, şüur nə qədər bö­yü­yür­sə, iradə də bir o qə­dər böyüyür. İradə nə qədər çoxdursa, mən də bir o qə­dər böyükdür. İnsanın iradəsiz mən-i də yox­dur. Lakin ira­də nə qədər çox olarsa, o daha çox özünü dərk edər».2 De­məli, maddi postament nə qədər möhkəm, uca olar­sa, onun üzərində ucalan ideya – abidənin də bir o qədər möh­­təşəm olmaq imkanı var.

Bir sözlə desək, söhbət fəlsəfi təfəkkürə malik olan və bu­nu öz yara­dıcılığında əks etdirən bir mən-dən gedir. Şel­linq de­yir: «Yalnız azadlığın dadına baxan ehtiyac du­ya bilər ki, hər şeyi ona oxşatsın, onu bütün kainata yay­sın. Fəlsəfəyə bu yol­la gəlməyənlər yalnız başqalarının ar­xa­sınca gedir, əməllə­rin­də onları təqlid edir və heç bilmir ki, bu əməllər nədən irəli gə­lib».1 Yada salaq ki, Şellinq mən-i «azadlıq» adlandırır. Belə mə­lum olur ki, məhz fəl­­fi təfəkkürə, yəni düşüncənin zir­­si­ qalxmaq da, eyni za­manda, min bir yol arasından özü­­məx­sus yolu tapmaq da mən-dən keçir.

Əbu Turxanın bildirdiyinə görə, Mütləq Həqiqəti dərk et­məsi üçün Allah insana üç kitab verib: ilahi kitab, tə­biət və in­san özü (əql). Öz mən-inin, eyni zamanda, ru­hu­nun əlaqəli ol­duğu ilahi bir sonsuzluğun kəşfi təbii ola­raq cavan üçün üçüncü mənbənin – təbiətin də qapılarını açır. Onu da əlavə edək ki, biz cavanın ruhunun axtarış əz­mini, yaradıcılıq eşqini və artıq kifayət qədər bir yolu qət edə bilməyini nəzərə alaraq üçüncü mənbəyin qa­pı­la­rının açılmasını təbii hesab edirik.

Cavan öz ruhunun hələ tam maddiyyata qapılma­ma­sı, ilahi aləmə açıq olması sayəsində rahatca hər üç ki­ta­bın oxu­cu­suna çevrilə bilir. Fərqli «dil­lər­də» yazıl­ma­sı­na, hər birinin özü­nəməxsus «sahəsi» olmasına bax­maya­raq, hər üçü eyni mən­bədən «xəbər verir». Güman ki, bu sə­bəbdən cavan özü ilə təbiət arasında bir bənzərlik, doğ­ma­lıq görür və yalnız Ya­ra­dandan de­yil, həm də Onun ya­ratdığından ruhlanır. Axı Əbu Turxanın da bildirdiyi ki­­mi, «Yaradana sevgi Onun ya­rat­dıqlarına sevgidən ke­çir». Təbiət daha səmimidir. Məhz tə­bi­ətlə təkbətək qa­lan­da insan ra­hat­ca özü ola bilir. Əlbəttə, ca­van yenə də hər şeyə məhz öz mən-inin pəncərəsindən baxır və çat­dır­maq is­tədikləri də bu bənzərliklər olur. Bayron yazır:


İnsanları sevirəm – təbiət daha yaxındır.

Mənim nə olduğumu, nə olacağımı

Onunla təklikdə unuduram mən.

Öz ruhumda bütün nəhəng dünyanı hiss edərkən

Bu hissimi nə deyə, nə gizləyə bilirəm.2
Ülvi də belə hesab edir ki,
İnsanlar dən kimidir,

Torpağa düşmüş bir dən.

Hər ikisi can alır

Bu ulu təbiətdən.3
Bu, təbiətə bir seyrçi baxış deyil. Bu, məzmundan çı­xış edib, formanı dəyərləndirməkdir, fərqləri deyil, ox­şar­lıq­ları gör­mək, yalnız görmək deyil, bu bənzərliklər ara­sın­dakı qa­nu­na­uyğunluğu, onun içindəki təsadüfü deyil, zə­rurəti ortaya çı­xar­maqdır. Şellinq dediyi kimi, «Tə­bi­ə­tin hər şeyi canlan­dı­ran, hər şeyə nüfuz edən qüvvələrinin tə­siri ilə yalnız hisslərin əzə­mətli yüksəlişi, yalnız təxəy­yü­lün dərin sarsıntısı incəsənətə hə­min keçilməz gücü verə bi­lərdi. Həmin güc ki, o, həmişə – er­kən illərin donuq, qa­pa­lı, ciddi əsərlərindən tutmuş, hissi zə­rif­liklə dolu əsər­lə­rə qədər həqiqətə sadiq qalmış və ölərilərə sez­mək üçün ve­rilən o ali reallığı mənən yaradırdı».1

Düzdür, təbiətin «oxunmasında» cavan özünün yaş­lı həm­fikirləri və ya mütəxəssis alimlər kimi çox dərinə ge­də bil­mir – bunu onun yaşı və təc­rü­bəsi rəva görmür – bu­nunla belə, o, nəinki çatdığı, hətta əminliklə məs­kun­­laş­dığı ümumi har­moniya daxilində Mütləq Həqiqətin say­sız təzahürləri ilə üz­ləşir, dərk edir. Təbii ki, bu dərk­et­mə onun yaradıcılığında da özünü gös­tərir.

Qeyd etdiyimiz kimi, cavanı fərqləndirən məhz his­siy­­ya­tın üs­tün­lük təş­kil etməsidir. Bunun nəticəsidir ki, o, gör­düyü, dərk etdiyi hər hansı bir bi­liyi tez-tələsik üzə çı­xar­mağa can atır. Bu, həm həmin yük­dən azad olmaq, quş kimi yün­gül­lü­yü­nü, azadlığını qaytarmaq istəyi, həm için­dəki cavan tə­bi­ətlə qə­dim müdrikliyin ziddiyyətinə son qoymaq üçün özü­nü­təs­diq, özü­nü­ifadə forması, həm də açmaq istədiyi yolun daha bir pilləsini qurmaq, di­gər­lə­ri (əsasən, özündən yaşlılar) ara­sın­da öz varlığını çat­dır­maq arzusudur. Bunun nəticəsidir ki, ca­van yaşlarında ya­radıcılıq daha məhsuldar olur, nəinki son­ra­kı illər və ya Şel­linqdə olduğu kimi, sonrakı illər cavanlıqda qə­bul et­dik­lərinin «həzmi», saf-çürük etməsi ilə məşğul olurlar.

Bəli, cavan böyük bir yaradıcılıq od-alovu, çoşqusu ya­­şa­yır, özünü qüd­­rətli, xilaskar kimi hiss edir. Lakin hər də­fə o, cə­miyyətin soyuq si­fət­i ilə üz­­ləşəndə içini bir qorxu bü­rüyür: iz­siz getmək, etdiklərinin bö­yük okeanın dam­la­la­rı arasında əri­yib itmək, özü kimi, yaratdıqlarının da bir kə­nara atıl­maq qor­xusu. Eynəlqüzat Miyanəci bu gün də ol­masa, nə vaxtsa eşi­dilmək ar­zusundadır: «Günlər ke­çə­cək, bir səhər gö­rə­cək­sən ki, Eynəlqüzat bu mü­vəf­­fə­qiy­yə­tə nail olubdur».1

Öz çağında redaksiyaların bürokratik sədlərini sın­dı­ra bil­məyən Ülvinin bu istəyi qorxu qarışıq bir ümidin ifa­dəsi deyilmi:
Arzum budur həyatda,

Nə dərd, nə qəm olaydı,

Məndən sonra dünyada

Bircə şeirim qalaydı.2

Düzdür, cavanın içindəki qorxu, narahatlıq əsasən öz şəx­si taleyi ilə bağlıdır. Çünki Kyerkeqorun da dediyi kimi, «na­­rahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə həqiqi mü­n­a­si­bətdir».3 Lakin bununla yanaşı, o, ümumiyyətlə, öz döv­rü­nün faciəsini anlayır, onun həlli yollarını ara­yır, heç olmasa, öz yaşıdlarına təsir göstərmək istəyir. Lermontov yazır:



Mən bizim nəslə məyus bir nəzərlə baxıram,

Onun sabahı ya boş, ya qaranlıq olacaq.

O idrak və şübhələr ağırlığı altında

Hərəkətsiz qalaraq süstləşib qocalacaq.4
Ülvi də gələcəyə xoş bir xəbər aparmaq üçün yaşıdlarını bu gün mübarizə aparmağa çağırır:

Döyüşlərdə yoğrulmuşuq

Gələcəyə qaranquşuq.

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik.5
Yeri gəlmişkən, qeyd edək ki, ümumiyyətlə, bir çox ca­van ömrünün «odlu-alovlu», böyük ideyalarla aşıb-daşan mər­­hələsini «başa vuranda» ağır depressiya yaşayır. Hətta bu hə­yata bir nifrət yaranır. Onlar keşməkeşli həyatdan, bu dün­ya­nın pozulmayan çərxindən, fərq qoymadan hər şeyi üyüdən «də­yirmanından» şikayətçi olur, bir vaxtlar tutuşub alışdıqları ide­yaların puçluğunun günahını həyatda axtarırlar. Bayron yazır:
Keçdi ümidlərin, həyəcanların, hökmlərin dəmi

Eşqin odu – hər şey artıq kənardadır.1
Onlar öz zamanında deyilməli olan sözü deyə bil­mə­yə­cək­­lə­rinin, həyəcanını, hikkəsini həzm edə bilmirlər. Özlərini al­danmış, günahsız yerə incidilmiş hiss edirlər. Hər halda, bu qo­ca dünyada özünün tək deyil, milyonlardan biri olduğunu, bu həqiqətlərin sən­dən əvvəl, hətta daha gözəl şəkildə de­yil­di­yi­ni qəbul etmək o qədər də asan deyil. Özünü, öz ma­hiy­yə­ti­ni, bu həyata gəlişinin səbəbini anlamağa çalışan və bunun üçün «varlıq badəsini göz­yaş­ları ilə is­ladaraq gözüyumulu içib» yal­nız ölüm ayağında gözlərini açan Lermontov böyük bir çaş­qınlıqla deyir:
Görürük ki, o qızıl badə

Boşuymuş elə əzəldən.

Onun içindəki mey – arzularıymış,

Sən demə, heç o da bizim deyilmiş.2
Düzdür, özünün adi, sıradan biri olduğunu qəbul edən­dən sonra həyat daha sakit, daha rəvan bir axara düşür. An­caq… hər adam bu axara düşə bilmir, axara düşəndən sonra əv­vəlki coşqunun ol­mamasına alışa bilmir. Yəqin bu sə­bəb­dən­dir ki, Ülvinin dalğaları «at kimi minib çapan», dal­ğa­la­rın bağrını yaran qəhrəmanı:
görür ki, fırtına

Suda o açan izi,

Asanlıqla yox edir,

Asanlıqla gizlədir.

Bundan sonra insanın

Qol-qanadı süst olur –

Açdığı izlər kimi,

Kədərli gözlər kimi,

Fırtınada boğulur.1
Bəli, qəribədir ki, illərnən gəlməli olan bu ruh düş­kün­lü­yü­nü, «de­pres­si­yanı» bizim cavanlar enerjili, coşqulu vaxt­la­rın­da ya­şa­yır­lar. Lakin onların di­gər cavanlardan üstünlüyü on­dadır ki, söy­­ biləcəkləri bir arxalarıAllah ­yat­la­rını mənasızlaş­ma­ya qoy­mayan bir missiyaları var. Yaradıcılığı ca­vanın həm qorxu yeri, həm xilasıdır, həm əbədiyyətə, həm də ölümə aparan yoludur. Yaradıcılığı cavanın özüdür – qaçıb qur­tarmaq, onu qəbul etmək istəməyən insanlar arasında təsdiqləmək istədiyi mən-i. Puşkin təsadüfən öz yaradıcılığı ilə özünə bir abidə ucaltdığını demir:
Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da,

Rübabımın səsində ürəyim döyünəcək.

Bircə şair qalsa da qədim, ulu dünyada,

Əbədi şöhrətimlə mənəm yaşayan demək.2
Məşh ruhunun yaradıcılıq eşqidir ki, Ülvini 15 yaşında öz cığırını ulu sələflərinin yollarına qatmağa həvəsləndirir:
Mübarizə aparır,

Milyon-milyon «şairlər»

Bu yola çatmaq üçün.

Öz açdığı cığırı

Bu yola qatmaq üçün.3
Bütün deyilənər yanaşı, cavanın ilham aldığı daha bir mən­bə var, daha doğrusu, onun bütün mənbələrinə, ümu­miy­yət­lə yaradıcılığına parlaq bir nur çiləyən: sevgi, eşq. Bu o qə­dər nəhəng bir mənbədir ki, başqa mənbələrə ehtiyac qoymur. Bu, o qədər cazibəli bir nöqtədir ki, sonla başlanğıcı bir­ləş­di­rir. Bu, o qədər zəngin bir dünyadır ki, özünə ayrıca bir başlıq tələb edir.

Elmi-fəlsəfi həyat

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə