Müasir dövlət intellektin təntənəsidir




Yüklə 42.46 Kb.
tarix14.04.2016
ölçüsü42.46 Kb.
Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər.

 

 


                                                                  Müasir dövlət intellektin təntənəsidir 

    İlham Əliyev



 

 Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Təbii ki, texniki baxımdan həyata keçirilən bu işlər son nəticədə elektron hökumətin qurulması, elektron xidmətlərə keçid, elektron həllərin reallaşmasına möhkəm zəmin yaradır. Müasir inkişafın əsas tələblərindən biri məhz budur. İnsanların dövlət orqanları ilə elektron əlaqəsinin yaranması, elektron imzadan istifadə etməsi, digər elektron xidmətlərdən faydalanması zamanın tələbidir. Elektron xidmətlər vətəndaşın işini asanlaşdırır, onun vaxtdan səmərəli istifadə etməsinə səbəb olur. Vətəndaş təqaüdə çıxmaq, evini satmaq, telefon çəkdirmək, hansısa dövlət qurumuna müraciət etmək və bu qəbildən olan digər işlər görmək istəyirsə, bilavasitə dövlət qurumuna getmək, yaxud kənddən rayon mərkəzinə və ya paytaxta gəlmək üçün ehtiyac yoxdur. Artıq buna müasir informasiya texnologiyaları yardımçı olur, vətəndaş elektron hökumət portalına daxil olaraq müvafiq əməlləri həyata keçirərək öz istəyinə çata bilir. Elektron xidmətlərin tətbiqi isə məmur-vətəndaş arasında birbaşa təması aradan qaldırır, belə olan halda bürokratik əngəllərin yaradılması mümkünsüzləşir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görlən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.   Sözün məhdud mənasında  e-demokratiya bu və ya digər rəsmi qərarlar tələb edən müvafiq konstitusiya hüquqlarının təmin olunması üçün elektron dəstəyin istifadə olunmasından ibarətdir. Demokratik institutların gücləndirilməsi və ictimai , siyasi fəaliyyətdə vətəndaşların iştirakının genişləndirilməsi üçün informasiya infrastrukturlarının və informasiya-kommunikasiya texnologiyalarının istifadəsi «elektron demokratiyanın» (e-demokratiyanın) mahiyyətini təşkil edir. Məhdud və geniş mənalarda elektron demokratiyanı fərqləndirirlər. Sözün geniş mənasında e-demokratiya anlayışı fikirlərin nəzərə alınması və vətəndaşlar ilə təşkilatların siyasi münasibətlərə və proseslərə cəlb olunması deməkdir. Əgər «elektron demokratiya» anlayışının təkamülünü nəzərdən keçirsək, o zaman onun inkişafı prosesində bir neçə vacib pillələri qeyd etmək mümkündür. Onlara ilk növbədə, «teledemokratiya» anlayışını şamil etmək lazımdır. Bu anlayış XX əsrin 60 illərinin sonlarında – 70 illərin əvvəllərində kabel televiziyası kanallarının meydana çıxması ilə yaranmışdır. Teledemokratiya elektron demokratiyadan əvvəl gələn forma kimi nəzərdən keçirilə bilər. Teledemokratiyanın məzmunu televiziya və ya telefonun eyni zamanda istifadə olunması yolu ilə bu və ya digər siyasi debatlarda vətəndaşların iştirakı imkanını əks etdirir.  Tamaşaçılar televizor vasitəsilə hər hansı bir siyasi tədbiri müşahidə edərək telefondan istifadə etməklə bu tədbirdə iştirak edə bilərlər. Teledemokratiyanın məqsədi vətəndaşların siyasi prosesdə birbaşa iştirakının artımına yardım göstərməkdən və elektron kommunikasiya vasitələrinin texniki imkanları əsasında struktur islahatları irəli çəkməkdən ibarətdir. Lakin, 80-ci illərin sonunda televiziyadan və telefondan istifadə etməklə keçirilən eksperimentlərin demokratiyanın nə yeni formalarına, nə də vətəndaşların siyasi fəallığının fəallaşdırılmasına gətirib çıxarmadıqları məlum olmuşdur. Bütün bunlar ilə yanaşı «teledemokratiya» gələcək «elektron respublikanın» əsasını qoymuşdur. O, 80-ci illərin sonunda Y. Xabermas tərəfindən işlənib hazırlanmış ictimai sahədə islahatların keçirilməsi istiqamətlərinin nəzəri əsaslarına istinad etmişdir. O, yaranmış kiber məkanını aktual ictimai problemlər ilə bağlı sərbəst müzakirələrin məkanı kimi çıxış edən yeni ictimai sahə kimi, eləcə də, hər bir vətəndaşın nəinki münasibət bildirdiyi, eləcə də, dinlədildiyi sahə kimi təyin etmişdir. Elmi birlik Ö. Xabermasın ideyalarına əsaslanaraq  vətəndaş cəmiyyətinin strukturlarının formalaşması proseslərinin və yeni texnologiyaların arasındakı qarşılıqlı əlaqənin öyrənilməsinə, demokratiya təcrübələrində İnternet kompyüter şəbəkəsinin və informasiya infrastrukturunun rolu və yerinin təyin olunmasına yönəlmiş tədqiqatları inkişaf etdirməyə başlamışdır. Kibernetik məkanın yaradılmasının çərçivələri daxilində elektron demokratiyaya keçid konsepsiyasında əsas anlayış kimi nəzərdən keçirilən «kiberdemokratiya» anlayışının meydana çıxması baş verir. 90 illərin əvvəllərində qlobal kompüter şəbəkəsində bir tərəfdən, dövlət əhəmiyyətli qərarların qəbul olunması proseslərində inqilabi dəyişiliklər aparmağa qadir olan böyük potensialın əksini tapması haqqında anlayış yaranmış, digər tərəfdən isə  - «virtual birliklər vətəndaşlara demokratiyanı canlandırmaqda kömək edə bilərdilər».  Bu ərəfədə Q. Reynqoldun təşəkkül tapdığı «virtual konsepsiyası» konsepsiyası kompüter şəbəkələrinə istinad edir və bu şəbəkələr demokratik dəyərlərin möhkəmləndirilməsi üçün zəruri sosial kapitalın yaranmasına yardım göstərən vasitə ola bilər.Kompyüter şəbəkələrinin ictimai fikrə və məhdud səsverməyə dair sorğuları minimal xərclər ilə və kifayət qədər sürətlə keçirməyə, yəni, dövlət strukturları tərəfindən qəbul olunan qərarların işlənib hazırlanmasına vətəndaşların təsirini şəxsləşdirməyə, onların yerinəi yetirilməsinə nəzarəti həyata keçirməyə və bununla da demokratiyanın əsasverici meyarlarını realizə etməyə imkan verdikləri məlum olmuşdur. Elektron demokratiya təşəkkül tapmasının ilkin mərhələlərində bir qayda olaraq, vətəndaşların hökümətin ictimai baxımdan əhəmiyyətli informasiyasına daxil olmalarını təmin etməklə, eləcə də, hökümətin bu və ya digər qərarları ilə bağlı səs vermək imkanını təqdim etməklə məhdudlaşır. Sonrakı təkamül hər iki tərəfin imkanlarını genişləndirir və vətəndaşlarda istənilən münasib iştirak səviyyəsini sərbəst şəkildə seçmək imkanının yaranmasında təzahür edir.

Bütün bunlar ilə yanaşı, vətəndaşların ictimai fəallığının artırılması üçün dövlət tərəfindən yaradılan «elektron demokratiya» kimi eksperimental layihələr təcrübədə öz funksiyasını yerinə yetirə bilməmişdirlər. Lakin, onlar informasiya cəmiyyətinin ideyalarının həyata keçirilməsinə yardımçı olub, ABŞ – da Milli İnformasiya İnfrastrukturunun Doktrinası (NII) kimi layihələrin və Avropada oxşar layihələrin inkişafına təkan vermişdirlər və onların həyata keçirilməsində də dövlət hakimiyyəti orqanlarını, vətəndaşları və biznesi fəal şəkildə cəlb etmək nəzərdə tutulurdu.Təcrübədən göründüyü kimi, icra hakimiyyəti orqanları tərəfindən funksiyalarının yerinə yetirilməsi üçün inforkommunikasiyanın fəaliyyətinə dəstək vermək üçün kiber məkanın sosial institutu kimi çıxış edən dövlət maraqlıdır.  Bu dövlətin fəaliyyətinin tərkib hissəsi olub, obrazlı olaraq «elektron hakimiyyət» adlandırılmışdır. EH-nin yaradılmasına əngəllərdən biri də odur ki, prezidentin 23 may 2011-ci il tarixli sərəncamı mərkəzi hakimiyyət orqanını əhatə edir və orada yerli hakimiyyət orqanlarının və bələdiyyələrin məsuliyyətindən danışılmır. Dövlət qurumlarının göstərdiyi xidmətlər haqda məlumat verilmir ki, bu da onların elektron formaya köçürülməsini çətinləşdirir, hər bir idarə üzrə xidmətlərin göstərilmə prinsipləri müəyyən edilməyib. Elektron xidmətlərin tətbiqi üzrə vahid mərkəz olmalıdır və bu mərkəz layihənin reallaşması üzrə vahid siyasət və texnologiyaya malik olmalıdır. Beynəlxalq təşkilatların dəstəyinə baxmayaraq, Azərbaycanda elektron hökumət işi ləng gedir. Bu, məmurların kağızdan onlayn münasibətlərə keçməyə psixoloji hazır olmaması ilə izah olunur.Azərbaycanın beynəlxalq reytinqinə istinad edərək vəziyyətlə razı olduğunu bildirib. Bu reytinqdə ölkə 53-cü yerdədir. Həmçinin EH-nin tətbiqi üçün bəzi texniki maneələrin olması, əsasən internetin aşağı sürəti qeyd olunub. Beynəlxalq təsnifata görə, Azərbaycan ölkə üzrə orta göstəriciyə - 2 mqb/san görə 106-cı yeri tutur. Digər ciddi problem müxtəlif Nazirliklərin tam qaydada Elektron imzaya keçməməsidir. Bundan başqa daha maraqlı bir şey var. Azərbaycan vətəndaşının elektron imzaya sahib olması üçün 25 manat ödəməsi lazım. Bu pul ödəndikdən sonra imzanı taxmaq üçün lazım olan karti isə ayrıca almalıdır. Bu gün "Elektron hökumət"lə bağlı yazı müsabiqəsi üçün, vətəndaşların online səs verməsi üçün, Elektron hökumət portalından qeydiyyatdan keçməlidir. Burda maraqlı tendesiya var. Əgər ev telefonu mənim adıma deyilsə,mənim ümumazərbaycan pasportum yoxsa, Rabitə nazirliyindən elektron imza ilə bağlı simsim nömrə almamışamsa o zaman mənim qeydiyyatımda problemlər yaranır. Əslində Elektron hökumət əhalinin işinin asalanlaşdırılması deməkdir. Amma bu şəkildə olduğu halda daha da çətinləşir. Hesab edirəm ki, bunu daha da sadələşdirmək olardı. Portaldan qeydiyyatdan keçərək, online səs vermək üçün hazırlanan çarxın özündə göstərilmir ki, Sizin adınıza olan sim sim nömrə Rabitə Nazirliyi tərəfindən verilən və Vergilərdə qeydiyyatdan keçən nömrə olmalıdır. Mənim dostlarimin Sim sim nömrələri öz adlarına olduğuna baxmayaraq, orda yazılır ki, bu nömrə Sizin adınıza deyil. Elekron hökumətin fəlsəfəsi əhalinin rahat olması deməkdir,amma nədənsə Biz əhalini uzun yollarla getməyə vadar edirik. Digər problem DSMF-nun g&¨stərdiyi elektron xidmətlərdədir.  DSMF-nin saytında fiziki və hüquqi şəxslər üçün online xidməti hesabat vermək üçün yaradılsa da sistem artıq (yanvar ayından hazırdır), amma tam hazır deyil. Hələ də köhnə qayda ilə hesabatlar verilir. Bu da vətəndaşların uzun süründürməçiliyinə gətirib çıxarır. Amma bu mənfi hallarla yanaşı bu gün müsbət addımlar da var. Elektron xidmətlərin çeşidinin genişlənməsi şəffaflığın artmasına, vətəndaşların rahatlığına və onların dövlət qurumlarından istədiyi informasiyaları, məlumatları əldə etməsinə imkan verir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son illər aparılmış araşdırmalar e-xidmətlər dövlət qurumları ilə vətəndaşlar arasında münasibətlərin tənzimlənməsi baxımından ən səmərəli vasitə olduğunu göstərir. Nazirin fikrincə, e-xidmətlər insanların şikayətlərinin azalmasında da mühüm rol oynayır. Son altı ayda «Elektron hökumət» portalına 260 mindən çox müraciət edilib.  İstifadəçilərin sayındakı artım paytaxtla yanaşı, bölgələrdə də müşahidə olunub.E-xidmətlərdən biznes strukturları, sahibkarlar, ictimai qurumların nümayəndələri, müxtəlif peşə sahibləri ilə bərabər, sadə vətəndaşların da istifadəsi genişlənir. İnformasiya və kommunikasiya infrastrukturunun genişlənməsi və mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsi ölkədə informasiya cəmiyyətinin inkişafına təkan verir. İnsanların açıq informasiya əldə etmək hüquqlarının artması dövlət orqanları ilə təmasları minimuma endirir, bu isə son nəticədə şəffaflığın güclənməsinə yol açır. Elektron xidmətlər, ümumiyyətlə, İKT-nin son yenilikləri yeni münasibətlər sisteminin -  informasiya cəmiyyətinin yaranması və formalaşmasının bünövrəsini təşkil edir və cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və şəffaflığın təmin olunmasında vacib elementə çevrilir. Buna görə də Azərbaycan hökuməti milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində fəal iştirak edir. Bu məqsədyönlü tədbirlər - elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı görülən işlər, «elektron hökumət» quruculuğu ölkəmizdə cəmiyyətin informasiyalaşdırılmasını təmin etməklə bərabər, Azərbaycanın elektron idarəçiliklə bağlı mövqeyinin və nüfuzunun beynəlxalq miqyasda yüksəlməsinə səbəb olacaq. Vətəndaşların dövlət qurumlarından razılığı, şikayətlərin azalması Azərbaycanın şəffaflıq göstəriciləri ilə bağlı beynəlxalq hesabatlarda mövqeyinə də əhəmiyyətli təsir göstərir. Məsələn, BMT-nin və bir sıra İKT qurumlarının rəylərində e-xidmətlərdən istifadənin tətbiqi sayəsində dövlət qurumlarında şəffaflığın artması qeyd olunur. Göstərilir ki, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə sistemli tədbirlər davam etdirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) əsas icraçı orqan olaraq elektron hökumət infrastrukturunun vacib tərkib hissəsi olan informasiya mübadiləsi sisteminin formalaşmasını uğurla başa çatdırıb. 8 dövlət qurumu artıq bu infrastruktura qoşulub və onların təqdim etdikləri xidmətlər elektron hökumət portalına inteqrasiya olunmuşdur. Məsələn, RİTN ilkin mərhələdə telefonların çəkilişi və digər əlaqəli servis xidmətlərini elektron şəkildə təşkil etmişdir. Hazırlıq səviyyəsindən asılı olaraq digər dövlət orqanları da tədricən bu sistemə qoşulacaqlar və göstərilən xidmətlərin sayını getdikcə artıracaqdır. Bu gün müəllimlərin işə qəbulu elektron şəkildə aparılır. Müəllim electron ərizə doldurur. Ona lazım olan vakan yeri seçir və imtahan vaxını gözləyir. Daha  sonra imtahan verir və verdiyi gündə artıq növbəti tura keçdiyini bilir. Bu da korrupsiyanın qarşısını almış olur. Nostrfifikasiya, Xaricdə Təhsil bölmələri ən azından vətəndaşların süründürməçilik və bu sahədə olan şəfafflığı qorumuş olur. Tez-tez eşitdiyimiz “Sosial şəbəkə, sosial media” mövzusu gündəlik həyat tərzimiz kimi məişətimizə də daxil olub. Çox az insan tapılar ki, mobil telefonlardan, müxtəlif markalı kompyuter və nootbuklardan istifadə etməsin. Mobil rabitədə 4G texnologiyalı stansiyaların quraşdırılması İKT-nin ən müasir növü olsa da sonuncu deyil. Bunlar insanların rahatlığını təmin edir.

Deyildiyi kimi, cəmiyyətin inkişafı və təşəkkülü informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Dünyada baş verən sosial-iqtisadi hadisələr, sosial şəbəkələrdə, bloqlarda, yerləşdirilən informasiyalar hər kəsi maraqlandırır. Daha doğrusu dəqiq müəllifi bilinməyən, kollektiv bir “məhsul” olan saytlardan hər kəs istədiyi və özünə lazım olan hissəni götürür. Bu, artıq ənənəvi haldır. Bu cür interaktivlik sayəsində sosial şəbəkə yazılı və elektron KİV-ləri bir növ üstələyir. Sosial media inhisarçılıq mühitini dağıdır. Başqa sözlə, artıq vertikal medianın yerinə horizontal media gəlir. Yəni sosial media vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan birinə çevrilir. Artıq insanlar internet-texnologiyaların imkanlarından istifadə edərək bloqlar, sosial şəbəkələr vasitəsilə təmas qururlar. Məlum olduğu kimi, internetin fəaliyyəti, hüdudları hər hansı bir ölkə ilə məhdudlaşmır, qlobal xarakter daşıyır və bütün bəşəriyyətin ümumi sərvətinə çevrilir. İKT-nin inkişafına dair təşkil olunan beynəlxalq simpozium və konfranslarda müasir cəmiyyətin əsas özəyi olan internetin qanunauyğunluqları, dəyərləri qiymətləndirilir, yenilənir və təkmilləşdirilir. İKT-nin daha çox tətbiq olunduğu medianın fəaliyyəti ilə bağlı digər mühüm problemlərin, informasiya təhlükəsizliyinin, fərdi məlumatların qorunması isə qanunlarla tənzimlənr.

Azərbaycan müasir inkişaf yolunu seçib. Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü ili İKT ili elan edib və bu, heç də təsadüfi deyil. Son illər İKT-nin inkişafı sahəsində Azərbaycan böyük uğurlar əldə edib və bu sahədə inkişaf tempinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyub. Belə inkişaf nəticəsində 2013-cü il fevralın 8-də Azərbaycan özünün ilk telekommunikasiya peykini orbitə çıxarıb.

Dünya ekspertlərinin qənaətinə görə, İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə artır. Ona görə gələcəkdə dünya ÜDM-nin 80 faizini İKT gəlirləri təşkil edəcək. Qeyd edək ki, son üç ildə Azərbaycanda İKT gəlirləri iki dəfə artaraq dünya göstəricisini geridə qoymuşdur. Dünyada İKT sektoruna maraq getdikcə artmaqdadır. Əgər bir neçə il bundan öncə İKT sahəsində dünyanın sadəcə 20-30 faiz şirkəti çalışırdısa, bu gün bunların sayı 50 faizi keçmişdir və həmin rəqəm getdikcə artmaqdadır.

Dünya Bankının statistikasına əsasən, ölkələrin inkişafında üç amil xüsusi rol oynayır - insan faktoru, sənaye və təbii sərvətlər. Dünyanın ən inkişaf etmiş regionunda insan faktorunun inkişafa təsiri 76 faiz təşkil edir. Ona görə Azərbaycan Prezidenti İlham Əliyev İKT sektorunu ölkədə ikinci prioritet sahə elan edib və "Neft faktorunu insan kapitalına çevirək" tezisini irəli sürüb.

İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları verilmişdir. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir.

Bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək hörmətə malik olan tərəfdaşa çevrilmişdir. Heç də təsadüfi deyil ki, Davos İqtisadi Forumunun təşkilatçısı professor Klaus Şvabla əldə edilən anlaşmaya əsasən, 2013-cü ilin aprel ayında Azərbaycanda Dünya İqtisadi Forumu keçiriləcəkdir. Bu məsələdə İKT sahəsinin yüksək inkişafı da öz rolunu oynamışdır. Bu hadisə bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf modeli beynəlxalq aləmi cəlb edir.

2012-ci ildə İKT sektorunun gəlirləri Azərbaycanda 18 faiz təşkil edib və bu göstərici dünya göstəricisindən 2,5 dəfə yüksəkdir. Azərbaycanda "Evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli, genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanmışdır və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır. 2012-ci ildə Azərbaycan 4-cü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisinin 100 faizini əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti həm də sürətli internet istifadəçisidir.



Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasovun verdiyi məlumata görə, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən İKT-nin illik artımı təxminən 18-20 faiz ətrafında saxlanacaq və qarşıdakı 8 ildə sektorun gəlirləri 8-9 milyard ABŞ dolları ətrafında  olacaqdır. Buna əsasən rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monitar güzəştlər, ixrac potensialının  artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının və yüksək texnoloji məhsul və xidmətlərin yaradılması  güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına olacaqdır.
Bakı şəhəri, 155N-li tam orta məktəbin ibtidai sinif müəllimi

Məmmədova Vəfa

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi yazı müsabiqəsinə təqdim etmək üçün qeydiyyat Nömrəsi 133
 

  1. http://karyeram.az/respublikada-%E2%80%9Celektron-hekum%C9%99t%E2%80%9D:-mevcud-v%C9%99ziyy%C9%99t,-probleml%C9%99r,-perspektiv-v%C9%99-gezl%C9%99ntil%C9%99r.html

  2. http://democratic-youth.blogspot.com/2013/08/respublikada-elektron-hokumt-movcud.html

  3. http://yeni-fikir.blogspot.com/2013/08/respublikada-elektron-hokumt-movcud.html?token=1bMEtEABAAA.2r6piM5O_hJdSbG8YLofOQ.A3mEGZKTUHFfSle3F9a97w&postId=1531069630445066632&type=POST




  1. http://ramil-democratic-youth.blogspot.com/2013/08/respublikada-elektron-hokumt-movcud.html


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə