Mövzu İnternet şəbəkəsi Yeni dərsin planı: Ümumi məlumat İnternetə qoşulma növləri




Yüklə 64.43 Kb.
tarix27.04.2016
ölçüsü64.43 Kb.

Mövzu İnternet şəbəkəsi
Yeni dərsin planı:
1.Ümumi məlumat

2.İnternetə qoşulma növləri

3.Telekommunikasiya vasitələri

1.Ümumi məlumat

2 yanvar 1969-cu il İnternetin yaranma tarixi sayılır.Məhz bu gün ABŞ-ın Müdafiə Nazirliyi kompüter şəbəkəsi proyekti üzərində işə başlayıb.Aparılan tədqiqatlar nəticəsində ARPANET şəbəkəsi yaradıldı.Sonrakı mərhələdə ABŞ-ın elmi mərkəzlərini özündə birləşdirən Milli Elmi Fondun (NSFNET) şəbəkəsi yaradıldı.Bu şəbəkənin əsasını bir-biri ilə yüksək surətli xətlərlə əlaqələndirilmiş 5 super kompüter təşkil edirdi.Bütün istifadəçilər bu şəbəkəyə qoşulub bu kompüterlərin yaratdığı imkanlardan istifadə edə bilirdilər. NSFNET tezliklə ARPANET-i əvəz etdi.90-cı illərdə bütün dünya şəbəkələri birləşib İnternet ümumdünya kompüter şəbəkəsini yaratdılar.İndi İnternet milyonlarla kompüterlərin şəbəkəsidir.

Gündəlik həyatında hər bir insana həm əmək fəaliyyətində, həm də mədəni-məişət sahəsində aktual və faydalı informasiya tələb olunur. Belə informasiyanın əldə edilməsində informasiya sistemləri ilə yanaşı İnternet şəbəkəsi də əhəmiyyətli rol oynayır.

Yeni informasiya texnologiyalarının intensiv inkişafı və geniş tətbiqi insanların illər ərzində yaratdığı və topladığı ənənəvi informasiya resurslarını elektron formaya çevirməyə və informasiya resurslarının yeni elektron növünü yaratmağa imkan verdi. Yeni keyfiyyətə malik olan elektron informasiya resurslarının toplanması, saxlanması, axtarışı və əldə edilməsi daha rahat və əlverişli olduğundan, onlar daha geniş yayılır və istifadə edilir. Hazırda İnternet texnologiyalarından şəbəkə mühitində işləməsi nəzərdə tutulan həm ixtisaslaşdırılmış, həm də ümumi təyinatlı informasiya sistemlərinin qurulmasında geniş istifadə olunur. Strukturuna görə İnternet müxtəlif tipli elektron informasiya resurslarını özündə toplayan və onlara müraciət üçün sadə interfeysə malik olan nəhəng, lakin kifayət qədər çevik informasiya – kompüter şəbəkəsidir. Son illər ərzində İnternet şəbəkəsi əsasında istifadəçilərə müxtəlif informasiya xidmətləri göstərilən çoxlu sayda informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət göstərirlər.

İnternet mühitində işləyən informasiya – axtarış sistemini (İAS) lokal və şəbəkə mühitlərində fəaliyyət göstərən İAS – dan fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur. Onlardan biri də İnternet – də informasiya resurslarının elektron varinatında olmasıdır. İnternet -in informasiya resurslarının əsas növləri aşağıdakılardır:

Elektron nəşrlər – periodik elektron jurnalları, qəzetlər, xülasələr,

bülletenlər, kitablar, konfrans materialları və s.

Elektron kitabxanalar - ənənəvi kitabxanaların, kataloqların və s.

elektron variantları;

İnternet – in informasiya massivləri – WEB sənədləri, FTP arxivləri,

Gopher – in, Usenet-in resursları və s.

Xüsusi təyinatlı informasiya resursları – xüsusi məqsədlər üçün

İnternet -də yerləşdirilən məlumatlar, hesabatlar, elmi tədqiqatların nəticələri, nəşr edilməsi üçün məqalələr, müxtəlif sənədlər və s.

Internetdə informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanları olur və onlar xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyilə poçtu və faylları göndərmək, verilənlər bazasında informasiya axtarışını aparmaq və s. həyata keçirmək mümkündür. Serverlər arsında informasiya mübadiləsi yüksək sürətli rabitə kanalları ilə həyata keçirilir. Ayrı-ayrı istifadəçilərin İnternet-in informasiya resurslarına daxil olması adətən telefon şəbəkəsi ilə provayderlər və ya korparativ şəbəkələr vasitəsilə həyata keçirilir. Provayder kimi kliyentlərlə əlaqə saxlaya bilən və Ümumdünya şəbəkəsinə çıxışı olan hər hansı bir təşkilat iştirak edə bilər.

İnternet prinsipi üzrə təşkil edilmiş korporativ şəbəkələrə “İntranet” deyilir.

İnternet şəbəkəsinin sadələşdirilmiş arxitekturası verilmişdir.

Burada yerləşdirilmiş proqram təminatı vasitəslə şlüzdən keçən bütün məlumatlar emal olunur. Hər bir şlüzün öz IP (İnternet Protocol) ünvanı olur.

Verilənlərin ötürülməsinin yüksək sürətli magistralı kimi xüsusi ayrılmış telefon xətləri, optik liflər və peyk rabitə kanalından istifadə oluna bilər.İnternetə qoşulmaq istəyən təşkilat xüsusi kompüterdən istifadə edir ki, buna şlüz (gateway) deyilir.

Əgər şlüzün qoşulduğu lokal şəbəkəyə ünvanlaşdırılmış məlumat daxil olubsa, həmin məlumat bu lokal şəbəkəyə ötürülmüş olacaq. Əgər məlumat digər bir şəbəkəyə aid olarsa, o zaman məlumat növbəti şlüzə ötürüləcək. Hər bir şlüz və şəbəkələr haqqında müfəssəl informasiyaya malik olur. Hər bir məlumat lokal şəbəkədən şlüz vasitəsilə İnternet-ə ötürülərsə, bu halda ən “tez” yol seçilir. Şlüzlər protokol vasitəsilə bir-birilə marşurutlar və şəbəkənin vəziyyəti haqqında informasiya mübadiləsini aparırlar.

Bəzi kompüterlər provayder rolunda çıxış edə bilirlər. Provayder İnternetdə öz şlüzünə malik olur və o, digər kompaniyalara və ayrı-ayrı istifadəçilərə bu şlüz vasitəsilə şəbəkəyə daxil olmağa icazə verir. Şlüz, məlumatların lazımi ötürmə marşrutlarını seçməklə bərabər, şəbəkənin ayrı-ayrı hissələrində nasazlıqlar baş verən məlumatların ötürülmə marşrutlarını təshih etmək üçün daha böyük şəbəkəyə qoşulan altşəbəkələrin parametrləri haqqında məlumata malik olmalıdır.

Şlüzlər daxili və xarici olmaqla 2 cür olur. Kiçik altşəbəkədə yerləşən şlüzlər daxili şlüzlər adlanır və bunun vasitəsilə daha böyük korporativ şəbəkə ilə rabitə qurulur. Belə şlüzlər arasında rabitə daxili şlüz protokolu (İGP – İnternal Gateway Protocol) vasitəsilə təmin edilir. Xarici şlüzlər İnternet-ə oxşar şəbəkələrdə tətbiq edilir və xırda altşəbəkələrdə əmələ gələn dəyişikliklə əlaqədar onun sazlanması dəyişir. Xarici şlüzlər arasında rabitə xarici şlüzprotokolu (EGP – Exterior Gateway Protocol) vasitəsilə həyata keçirilir.

İnternet şəbəkəsində işləmək – kommunikasiya protokollar ailəsindən istifadə etmək deməkdir. Bu protokollar ailəsi TCP/IP (Transmission Control Protocol/ İnternet Protocol – Verilənlərin ötürülməsinin idarə olunması/ İternet protokolu adlanıb), qlobal şəbəkələrdə və bir çox lokal şəbəkələrdə verilənlərin ötürülməsi üçün istifadə edilir. Onun tərkibinə, tətbiqinə görə aşağıdakı qruplara bölünən protokollar daxildirlər:

OSI modeli TCP/IP

Tətbiq səviyyəsi

Nümayiş səviyyəsiİstifadəçinin şəbəkə interfeysi səviyyəsiNəqliyyat səviyyəsiŞəbəkə səviyyəsiKanal səviyyəsiFiziki səviyyə

Iki kompüter arasında verilənlərin ötürülməsini idarə edən nəqliyyat

protokolları;

Verilənlərin ünvanlarını emal edən və lazım olan ünvana qısa yolu təyin

edən marşrutlaşdırma protokolları;

Kompüterin unikal nömrəsinə və ya adına görə onu aydınlaşdıran,

şəbəkə ünvanını dəstəkləyən protokollar;

Bütün mümkün şəbəkə xidmətlərinə daxil olmanı təşkil edən tətbiqi

protokollar;

Uyğun marşrutlar haqqında şəbəkəyə lazımi məlumatı, şəbəkənin

vəziyyəti haqqında informasiyanı verən, həmçinin lokal şəbəkələr üçün verilənləri emal edən şlüz protokolları;

Kliyentin şəbəkədə rahat işləməsini təmin edən və yuxarıdakı

protokollara aid olmayan digər protokollar.

TCP/IP arxitekturası etalon model əsasında qurulmuşdur, lakin OSI modelinin 3 birinci səviyyələri burada bir səviyyədə birləşdirilmişdir:

Istənilən sənəd və ya məlumat, tətbiqi proqramlardan (tətbiq səviyyəsi) şəbəkəyə göndərilir. Sonra modem və telefon rabitə xətti vasitəsilə (Nəqliyyat səviyyəsi) məlumat İnternet şəbəkə qovşağına düşür və sonra şəbəkə proqramları (Şəbəkə interfeys) vasitəsilə qlobal şəbəkənin rabitə qovşaqlarına (Fiziki səviyyə) verilir. hər bir səviyyənin proqramı, məlumatı və ya ötürlən sənədin məzmununu bilmədən, özünə uyğun sürətdə emal edir.

2.İnternetə qoşulma növləri

İlk vaxtlar İnternet (o vaxtlar ona “ARPANET” deyirdilər) daimi şəbəkəyə qoşulmuş olan kompüterlərdən ibarət idi ki, həmin kompüterlərin hər biri qeyd edilmiş ünvana (domen adlarına), malik idilər.

Sonralar isə seans qoşulması köməkliyi ilə telefon xətti vasitəsilə şəbəkəyə daxil olma ideyası əmələ gəlir. Telefonun köməkliyi ilə Siz artıq şəbəkənin daimi “vətəndaşı” olan kompüterlə əlaqə saxlayır, ona qoşulur və beləliklə də İnternet – in bir hissəsinə çevrilmiş olursunuz. Təbii olaraq, bu halda bütün istifadəçilərə pullu xidmət göstərən bir çox təşkilatlar yaranır. Beləliklə də, ilk provayderlər əmələ gəlirlər.

Provayderlər rolunda güclü server, çoxlu sayda giriş telefon xətlərini, daha doğrusu, ayrılmış rabitə kanalını almaq üçün müəyyən məbləğdə pula malik olan istənilən şəxs çıxış edə bilər. Həmin kanal –provayderi son istifadəçidən fərqləndirən əsas amildir. Provayderlər İnternet -də informasiyanın ötürülməsi üçün xüsusi yüksək sürətli rabitə kanallarından, məsələn, lifli-optik kabeldən və ya peyk əlaqəsindən istifadə edirlər. Bu rabitə kanalları sayəsində yüz və minlərlə istifadəçilər İnternet -də çox rahat bir şəraitdə eyni zamanda işləyə bilirlər. Əlbəttə ki, müəyyən anlarda kanalın tutumu kifayət etmir, bu halda ya onu təkmilləşdirib, tutumunu artırırlar, ya da ki, rabitə əlaqəsi xeyli pisləşir.... Məhz qoşulma tipindən və istifadəçi ilə provayder arasındakı rabitə kanalının buraxma qabiliyyətindən asılı olaraq, İnternet -ə daxil olma növləri 2 böyük qrupa bölünür:

Seans qoşulması. Qoşulmanın bu növündə istifadəçi şəbəkəyə daimi qoşulmayıb, ancaq telefon xətti vasitəsilə qısa müddət ərzində şəbəkə ilə əlaqədə olur. Bu halda şəbəkəyə qoşulmanın hər bir saatı üçün uyğun pul məbləği ödənilir və şəbəkədə verilənlər analoq formasında ötürülürlər.

Daimi qoşulma. Bu halda kompüter daimi və cəld işləyən kanala qoşulur və verilənlər şəbəkədə rəqəm şəklində ötürülürlər. Yalnız trafikə kompüter tərəfindən qəbul edilən və göndərilən verilənlərin həcminə görə pul ödənilir.

İnternet -ə qoşulmanın bu iki növü bir birindən təkçə istifadəçinin İnternet -də olma vaxtı ilə deyil, həmçinin iş sürəti ilə də fərqlənirlər. Daimi qoşulmada kompüter şəbəkədə tam hüquqlu olur və özünün İP- ünvanına malik olur ki, bu halda da İnternet -in istənilən istifadəçisi bu kompüterə qoşula bilər.

Seans qoşulmasında isə, İP-ünvan ancaq seans müddətində kompüterə mənimsədilir və bunun üçün çoxlu sayda boş olan ünvanlar içərisindən təsadüfi ünvan seçilir. Buna görə də ona dinamiki İP-ünvan deyilir.

Şəbəkədə işləməyin ən sadə və ucuz sxemi- telefon xətti və adi analoq modemi ilə şəbəkədə işləməkdir. Bu halda verilənlərin qəbul olunma sürəti modemin tipi, son nöqtədə telefon xəttinin keyfiyyəti və Avtomatik Telefon Stansiyasının (ATS) tipi kimi bir neçə amillərdən asılıdır. Müasir modemlərdə verilənlərin ötürülmə sürəti ən yaxşı halda 56 Kbit/s (7Kb/s, 420 Kb/dəq və ya 25 Mb/saat) olur. Lakin informasiyanın ötürülmə sürəti isə bir qədər az olub, 33 Kbit/s-ə bərabər olur. Bu sürət vasitəsilə nə şəbəkədə filmə baxmaq mümkün olur, nə də ki, keyfiyyətli musiqini dinləmək olar.

İnternet -ə qoşulmanın üsullarından biri də peyk vasitəsilə asinxron qoşulmadır. Bu cür qoşulma növündə 2 rabitə kanalından istifadə olunur. İnformasiya, o cümlədən də səhifələrin və faylların açılması üçün əmrlər və sorğular ötürüldükdə, istifadəçi standart Dial-Up rejimində işləyən peyk kanalından istifadə edir, ki, bu halda verilənlər axının sürəti modemin sürətindən 4-8 dəfə (256-512 Kbit/s) çox olur. İnternet -də işləyən zaman kompüterə daxil olan verilənlərin həcmi kompüterdən xaric olunan verilənlərə nisbətən 10 dəfə çox olduğuna görə İnternet -ə daxil olmanın bu üsulla təşkil olunması daha məqsədə uyğun sayıla bilər. Bu halda böyük “kütlə” şəklində olan informasiyanı qəbul etmək üçün heç də telefon xəttindən asılı vəziyyətdə qalmaq lazım deyildir-peykdən gələn giriş siqnalı həmişə əldə oluna bilər. Burada hətta bəzi səhifələrə və fayllara abunə də yazılmaq mümkün olur ki, onlar kompüterə müəyyən zaman anlarında daxil oluna bilərlər. Bundan əlavə, peyk rabitə kanalının köməkliyinilə onlarla və hətta yüzlərlə peyk televiziya kanallarına pul ölmədən baxmaq və xoşunuza gələn proqramı sərt diskə də köçürmək mümkün olur., siqnalkın ötürülməsində gecikmələr baş verir. Belə ki, Sizin göndərdiyiniz sorğunun provayderin serverinə çatması, onun emal nəticəsinin isə Sizin kompüterə verilməsi üçün on saniyələrlə vaxt tələb olunur ki, bu da sürətli peyk kanalının bütün üstünlüklərini aşağı salmış olur.


“Mobil” telefonlardan İnternet -ə qoşulmanın öz xüsusiyyətləri vardır: birincisi, telefon ekranının kiçik olması sadəcə olaraq, saytlara onların adi formatında baxış keçirtməyə imkan vermir; ikincisi, “mobil” kanal üzrə verilənlərin ötürülmə sürəti çox da böyük olmayıb, 14,4 Kbir/s-ə bərabərdir. Məhz buna görə də, mobil qurğular üçün xüsusi WAP protokolu işlənmişdir ki, onun vasitəsilə mobil telefonun ekranına yalnız telefon displeyinin ölçülərinə görə optimallaşdırılmış mətn informasiyasını çıxarmaq mümkün olur. Onun vasitəsilə istənilən e-mail məktubunu oxumaq, birjalardakı aksiyaların kursu ilə tanış olmaq, hava məlumatını və digər informasiyaları əldə etmək mümkün olur. “Mobil” telefonun inkişafında yeni mərhələ verilənlərin paket şəklində ötürülməsini təmin edən GPRS protokolunun tətbiqi olmuşdur. Bu halda şəbəkə üzrə verilənlərin ötürülmə sürəti artmış və bir saniyədə on kilobitlərə bərabər olmuşdur. Nəzəri olaraq, bu sürət 100Kbit/s olur ki, bu da adi modemin işləmə sürətindən iki dəfə çoxdur.

İnternet -ə məftilsiz qoşulmanın daha bir üsulu da mövcuddur ki, bu da Wi-Fi qoşulmasıdır. Burada verilənlərin ötürülmə sürəti 10 Mbit/s-yə qədər ola bilər. Bu kanal vasitəsilə İnternet -də işləmək üçün bizə Wi-Fi adapteri ilə təchiz edilmiş noutbuk və ya cib kompüteri və məftilsiz şəbəkə lazım olacaqdır. Hal-hazırda Wi-Fi İnternet -ə (Xot-spata) daxil olma nöqtələri aeroportlarda, dəmir yolu vaqzallarında, iri əyləncə mərkəzlərində və hətta bəzi restoronlarda da olur. Onların bəziləri kommersiya əsaslarında, bəziləri isə Yandex Wi-Fi (http:\ wifi.yandex.ru) proqramı çərçivəsində pulsuz daxil olma imkanı verir.

Artıq modemlərin dövrü yavaş-yavaş geridə qalır. Statistika göstərir ki, artıq istifadəçilərin 30%-i cəld işləyən rabitə kanallarının köməkliyi ilə şəbəkəyə daimi qoşulmağa üstünlük verirlər.

Hal-hazırda klassik “nəqliyyat magistralı” kimi xüsusi ayrılmış lifli optik kanaldan istifadə olunur. Lakin bu çox baha başa gəldiyindən, bundan ancaq çox iri kompaniyalar istifadə edə bilirlər. Lakin bundan daha sadə və çox da baha olmayan ADSl (Asymmetric digital subscriber lines-Assimmetrik rəqəmli abunəçi xətti) variantı mövcuddur.

Bu texnologiya rəqəmsal rabitəsində həqiqi inqilab yaratdı. Bildiyimiz kimi, Dial-Up ilə işlədikdə keyfiyyətindən asılı olan və yavaş işləyən analoq rabitədən istifadə olunurdu. Şəbəkə üzrə verilənlərin ötürülməsi üçün istifadə edilən rəqəmsal rabitəsi daha böyük üstün cəhətlərə malik olub, yaxşı perspektivə malikdir.

ADSL texnologiyası əsasında istifadəçiyə çox da pis olmayan bir komprommis variant təklif edilir: əvvəllər olduğu kimi, burada da telefon xəttindən istifadə olunur, lakin bu halda telefon həmişə boş qalır. Buna görə də şəbəkədən ayrılma baş vermir. Bundan əlavə, burada verilənlərin ötürülmə sürəti də artır və informasiyanı qəbul etmə rejimində sürət 8Mbit/s, informasiyanı ötürdükdə isə -1,5 Mbit/s olur. Bu isə, bildiyimiz kimi, peyk rabitəsindən 3-4 dəfə, modemdən isə 30dəfə çoxdur. Həqiqətdə isə real sürət bundan az olub, 300-312 Kbit/olur.

3.Telekommunikasiya vasitələri

Telekommunikasiya vasitələri- uzaq məsafəyə informasiya ötürülməsini və qəbulunu təşkil edən texniki vəzifələrdir. Dünyada olan ixtiyari informasiyanı əldə etmək üçün kompüter, tələb olunan informasiya bazasına daxil olmaq imkanına malik olmalıdır. Bu da,öz növbəsində, bütün kompüterləri nəhəng bir hesablama şəbəkəsi şəklində birləşdirməyi tələb edir.

Keçən əsrin 60-80-ci illərində böyük universal kompüterlər uzaq məsafədə yerləşən terminal qruplarına malik idilər. Bu terminallar bir neçə istifadəçiyə eyni zamanda kompüterlə işləmək imkanını verirdi. Terminalların kompüterlə birləşmə texnologiyası ilk hesablama şəbəkələrinin yaranma əsaslarını qoydu.

Daha sonralar qlobal şəbəkələr meydana gəlir ki, bunlar vasitəsilə daha uzaq məsafələrdə olan kompüterlər bir-birilə birləşə bilirlər. Qlobal şəbəkəyə misal olaraq, İnternet şəbəkəsini göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasında məsafə kiçik olduğuna görə, onlar arasında informasiya mübadiləsini çox asan həyata keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini qurmaq lazımdır. Bu da müəyyən vaxt sərf olunmasını tələb edirdi. Digər kanallar istismar üçün bir qədər bahalı olduğundan və qlobal şəbəkəyə yalnız məhdud sayda kliyentlər daxil ola bildikləri üçün informasiya mübadiləsinin əsas kanalı kimi telefon xəttindən istifadə edilirdi.

Telefon xətti ilə kompüter əlaqəsini yaratmaq üçün lazım olan ilk qurğu 70-ci illərin əvvlində istehsal edilmişdir. Buna modem (modulyator - demodulyator) qurğusu deyilir. Bu qurğu kompüterə qoşulur və telefon kanalı vasitəsilə verilənləri ötürmək və qəbul etmək imkanına malik olur.

Hal-hazırda müxtəlif funksiyaları yerinə yetirən küllü miqdarda müxtəlif modemlər mövcuddur. Bu modemlər vasitəsilə sifariş olunan telefon nömrəsini yığmaq, xətt məşğul olduqda bir daha yenidən zəng etmək, telefon dəstəyini “qaldırmaq”, avtocavab rejimində işləmək, qəbul edilmiş səs informasiyasını fayl şəklində diskə yazmaq mümkündür. Bütün dünya şəbəkələrinin əksər hissəsi modemlərin köməyilə təşkil olunmuşdur.

Son zamanlar inteqrasiya xidmətlərinə malik telefon şəbəkəsindən (ISDN-İntegrated Services Digital Network) istifadə edilir. Bunun yaradılmasında əsas məqsəd, verilənlərin ötürülmə sürətinə olan məhdudiyyətləri aradan qaldırmaq və eyni zamanda mövcud olan telefon xətləri ilə işləmək imkanına malik olmaqdır. Bu cür şəbəkənin əsas iş prinsipi siqnalların rəqəmli emalıdır. Ondan əlavə, bu şəbəkələr çoxkanallı olurlar. Belə şəbəkəyə qoşulmaq üçün baza və genişləndirilmiş interfeyslərdən istifadə etmək lazımdır.

Baza interfeysində avadanlıqların sayı minimum olur və o kliyentə 2 kanal təklif edir: səs üçün və ya 64 Kbit/san sürətlə verilənlərin ötürülməsi üçün, bir də xidməti kanal. Xidməti kanal vasitəsilə abonent avadanlığının telefon şəbəkəsi ilə informasiya mübadiləsini təşkil etmək mümkündür. Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmiş variantı olub, əlavə olaraq burada 30 informasiya kanalı ayrılır. Bu informasiya kanallarında telefon nömrələri heç də kanala birdəfəlik bağlanmır. Yüsək sürətlə verilənləri ötürmək üçün “invers multipleksləşdirmə” kimi xüsusi proqramdan istifadə edilir. Bu halda bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkün olur.

Kanalın buraxma qabiliyyətini artırmaq üçün peyk rabitə kanallarından istifadə olunur. Bu məqsədlə kliyent kiçik ölçülü parabolik peyk antenasına malik olmalıdır. Belə şəbəkəyə yenə də əvvəldə olduğu kimi, telefon kanalı ilə sorğu göndərilir, informasiya isə peyk rabitə kanalı ilə qəbul edilir. Belə rabitə kanalında hər bir istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik olur. Təbii olaraq, belə hallarda, siqnalın qəbul olunma sürəti şəbəkəyə verilən sorğunun sürətindən qat-qat çox olmalıdır. Bundan əlavə, belə kanallarda verilənlərin ötürülmə etibarlılığı da artır.

Fərdi kompüterlərin meydana gəlməsi qlobal şəbəkələrə böyük təsir göstərərək, onların kəmiyyət və keyfiyyət cəhətcə yaxınlaşmasına səbəb olmuşdur.Bu artımın çox hissəsini isə istifadəçidə olan kompüter və modemlər təşkil etmişdir.

Bütün qlobal şəbəkələr bir-birilə əlaqədardırlar, lakin onlardan bəziləri adi rabitə vasitələri kimi teleqraf, telefaks, teleks, adi poçt xidmətləri də göstərə bilirlər. Bunun üçün şəbəkəni xüsusi qovşağı olur ki, onlar elektron poçtu ilə məktub və digər materialları qəbul edir və sonra onları faksla lazımi telefon nömrəsinə göndərirlər.

Belə şəbəkə ilə həmçinin adi məktub və teleqramları da göndərmək mümkündür. Belə halda elektron poçtu ilə şəbəkənin xüsusi qovşağına mətn göndərilir. Orada o aydınlaşdırılır, zərfin daxilinə qoyulur və adi poçtla məktubu alacaq şəxsə göndərilir.

Şəbəkənin bu cür böyük imkanları lokal və qlobal şəbəkələr arasında olan prinsipial fərqi aradan qaldırır. Şəbəkələrin belə sürətlə inkişaf etməsi telekommunikasiya şəbəkə və vasitələrin geniş inkişafı nəticəsində mümkün olmuşdurş “İnternet”-də olan elektron poçtu vasitəsilə 130 ölkəsində olan şəbəkə kliyentlərinə məktub göndərmək mümkündür.. Bütün dünyada serverlər miliyonlarla müxtəlif fayllara daxil olmağı təmin edir.

Müasir qlobal kompüter şəbəkələri mövcud olan rabitə vasitələrinin üstün xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların böyük sürətlə və etbarlılıqla ötürülməsini təmin edir.

Modem kompüter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektrik sinallarını analoq formasına və əksinə avtomatik çevirmək üçün tətbiq edilir. Bu onunla əlaqədardır ki, kompüter yalnız rəqəm, telefon xətti isə- analoq siqnalları ilə işləyir. Rəqəm siqnallarının analoq formasına çevrilmə prosesi texnikada modulyasiya, əks istiqamətdə çevrilmə isə demodulyasiya adlanır.

Adətən analoq siqnalları 3 parametrlə xarakterizə olunur: amplitud, tezlik və faza. Müasir modemlərədə hər 3 xarakteristikadan istifadə olunur. Modem kompüterdən 3”bit” informasiya qəbul edir, sonra isə onu analoq siqnalı formasında xəttə göndərir. Bu analoq siqnalının amlitudu qəbul olunmuş birinci bitə ,tezliyi ikinci bitə və fazası isə üçüncü bitə uyğun gəlir. Modem – qəbuledici bu cür informasiyanı qəbul edərək, analoq siqnalını aydınlaşdırır və onu göndərlimiş 3”bit” şəklinə salır. Ilkin analoq siqnalı aparıcı tezlikli siqnal adlanır.1500 Hs tezlikli belə siqnallardan telefon rabitə xətlərində istifadə olunur və həmin siqnal modem- ötürücü vasitəsilə lazımi çevrilməyə məruz qalır. Telefon xəttində aparıcı tezlikli siqnalın olması modemlər arasında əlaqənin yaranma əlamətinin göstəricisidir.

Modemin buraxma qabiliyyəti aşağıdakı 2 parametrlə xarakterizə olunur: informasiyanın ötürülmə sürəti və analoq siqnalındakı rəqəm informasiyanın tutumu. İnformasiyanın ötürülmə sürəti bodlarla ölçülür və o, modemin bir analoq siqnalından digərinə keçmək qabiliyyəti ilə təyin edilir. Belə ki, əgər modem, analoq siqnalının xarakteriskasını bir saniyədə 2400 dəfə dəyişirsə, onda onun verilənlərinin ötürmə sürəti 2400 bod olacaq.

Bir analoq siqnalında rəqəm informasiyasının tutumu həmin siqnallardakı bitlərin sayı ilə təyin edilir. Modemin buraxma qabiliyyəti bu 2 parametrin hasilinə bərabər olub, bps (bit/san)-lə ölçülür. Əgər modem 2400 bod sürətə, analoq siqnalları isə 4 bitlik informasiyaya malik olarsa, o zaman modemin buraxma qabiliyyəti 9600bps olacaq.

Rabitəyə qoşulduqda hər iki modem eyni bir sürətlə işləməli və eyni bir modulyasiya üsulundan istifadə etməlidir. Əks təqdirdə rabitəni əldə etmək mümkün olmaz. Buna görə də, hər bir modem verilənlərin ötürülməsinin standart sürətinə malik olmalıdır. Hal-hazırda əsasən 9600, 14400, 28800, 33600, 56000, 100000 bps ötürmə sürətinə malik olan modemlərdən istifadə edilir. Ötürmə sürəti modemin modulyasiya üsulunu təyin edir. Modem lazımi maksimal sürətə malik olmaqla bərabər, həmçinin rabitənin digər tərəfindəki modemin kiçik ola bilən sürəti ilə də işləməyi bacarmalıdır. Kiçik sürətə keçmək məcburiyyəti keyfiyyətsiz telefon xətlərindən istifadə etdikdə baş verir.

İnformasiyanın sıxlaşdırılması. Rabitə xəttinə informasiyanı ötürməmişdən əvvəl daha böyük miqdarda informasiyanı ötürmək üçün mütləq həmin informasiyanı sıxlaşdırmaq lazımdır. Sıxlaşdırma prinsiplərindən biri ondan ibarətdir ki, təkrar olunan simvol və kodlar ardıcıllığı daha qısa şəkildə yazılmış kodla əvəz edilir. Məs, AAAAAVVVVSSSSSS=5A4V6S.

Sıxlaşdırmanın digər bir üsulu qısaldılmış baytlardan istifadə edilməsidir. Aydındır ki, bayt özü 8 bitdən ibarətdir, amma 5 bitdən ibarət olan informasiya qrupu bir baytdan başlayıb, digər baytda qurtara bilər. Bu cür qısaldılmış bayt birləşmələrinin uzunluğu müxtəlif ola bilər. Əksər hallarda ən çox rast gəlinən simvollar bitlərin qısaldılmış ardıcıllığı ilə kodlaşdırıla bilirlər. Hal-hazırda informasiyanın sıxlaşdırmasının mürəkkəb alqoritmləri əsasında işləyən külli miqdarda proqram – arxivatorlar işlənib hazırlanmışdır. Qeyd etmək lazımdır ki, ən kiçik sıxlaşdırma vahidi informasiyanın tipindən asılı olaraq, informasiya blokudur. Ən geniş yayılmış proqram arxivatorlardan – Rar və Zip proqramlarını göstərmək olar.

Verilənlərin sıxlaşdırılmasını modemin daxilində yerləşdirilmiş sıxlaşdırma protokolu (MNR5), həmçinin verilənlərin ötürülmə kanallarının özü həyata keçirirlər.

Səhvlərin tapılması və təshihi. Növbəti informasiya blokunu göndərdikdən sonra modem, rabitə xəttinin digər tərəfində olan modem tərəfindən bu informasiya blokunun düzgün qəbulu haqqında təsdiq cavabını gözləyir. Əgər informasiya səhv qəbul olunubsa, bu halda qəbuledici modem göndərilən blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhvlərin bu təshih üsulu ARQ (Automatic Repaet request – təkrarın avtomatik üsulu) adlanır. Bəzi rabitə kanalları informasiya ötürülməsi zamanı əmələ gələ bilən səhvlərin müəyyən miqdardan kənara çıxmamasına nəzarət edir. Əks halda, modem-qəbuledici modem-vericiyə təklif edir ki, daha alçaq sürətə keçsin və ya ötürülən blokların sayını azaltsın.

Ötürülən informasiyaya nəzarət üçün hər bir informasiya bloku müəyyən nəzarət cəmi ilə təmin olunur. Bu cəmi əldə etmək üçün ötürülən blokun bütün bitlərinin üzərində müəyyən hesab əməli aparılır. Bu rəqəmin tapılma alqoritmi elə qurulmalıdır ki, istənilən bitin təhrif olunması nəzarət cəminin dəyişməsinə səbəb olsun. Modem-qəbuledici, növbəti informasiya blokunu qəbul etdikdən sonra göstərilən alqoritm üzrə nəzarət cəmini tapır və onu cari alınmış cəm ilə müqayisə edir. Cəmlər bir-birilə üst-üstə düşdükdə, blokun düzgün ötürülməsi təsdiq edilir. Cəmlər bir-birinin üstünə düşmədikdə, bu ötürmə zamanı səhvə yol verildiyini göstərir və bu barədə modem-qəbuledici həmin blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhv alınmış nəzarət cəminin təhrif olunmuş verilənlərə uyğunluq ehtimalı çox kiçikdir.

Səhvlərin təshihi modem daxilində olan səhvlərin təshih aparat protokolu (MNP4), həmçinin faylların ötürülmə protokolunu formalaşdıran kommunikasiya protokolu (məs, Xmodem) vasitəsilə də həyata keçirilə bilər.

Modemlərin iş rejimləri. Kompüterə qoşulmuş modem aşağıdakı iki rejimdən birində işləyə bilər: verilənlərin ötürülməsi rejimi (modem is online) və əmrlər rejimi. Verilənlərin ötürülməsi rejimində modem kompüterdə ona göndərilən bütün informasiyanı verilənlər kimi qəbul edib, onu analoq siqnalına çevirir və telefon xəttinə ötürür. Əmrlər rejimi isə modemi idarə edir. Bu rejimdə kompüterlər tərəfindən verilən xüsusi əmrlərdən istifadə edilir, modem özü isə sərbəst olaraq ayrıca işləyir. Modem kompüterdən simvollar sətrini aldıqda o, bunu əmrlər kimi başa düşür. Əgər bu əmr aydınlaşdırılarsa, o zaman modem bunu icra edir, əks halda isə modem onu bir səhv kimi qəbul edir.

Əmrlər rejiminin bir növü zəngi gözlətmək rejimidir. Bu hlda modem elə bir gözləmə vaziyyətini alır ki, o, istənilən anda telefon dəstəyini qaldırmaq və xəttin o biri tərəfində olan modemlə rabitə qurmaq vəziyyətinə malik olsun.

Baxmayaraq ki, modemin əmrlər toplusu onu istehsal edən firmadan və istehsal olunduğu ildən asılıdır, bütün modemlər üçün eyni olan bir sıra əmrlər də mövcuddur. Bu əmrlərə aşağıdakılar aiddir: telefon dəstəyini qaldırmaq, lazımi nömrəni yığmaq və iş rejimini əldə etmək.

Modemi qoşduqdan sonra onda əmrlər rejimi işləməyə başlayır. Verilənlərin ötürülməsi rejimi telefon dəstəyini qaldırmaq və lazımi nömrəni yığmaq əmri veriləndən sonra həyata keçirilir. Əks istiqamətdə bir rejimdən o birisinə keçmək üçün isə xüsusi kodlar ardıcıllığından (escape-ardıcıllıq) istifadə edilir. Bu kod modem tərəfindən verilənlərin ötürülməsi rejimini həyata keçirmək əmri kimi qəbul edilir.

Müasir kommunikasiya proqramlıarı istifadəçiyə imkan verir ki, o ardıcıllığı və miqdarı həll olunan məsələdən asılı olan modemlərin əmrlərini öyrənmək funksiyasından azad olunsun.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.İnternet nədir?

2. İnternet -in informasiya resurslarının əsas növləri hansılardır?

3. Internetdə informasiya harada saxlanılır?

4. Serverlər necə idarə olunurlar?

5. İnternet prinsipi üzrə təşkil edilmiş korporativ şəbəkələr necə adlanır?

6. Şlüz nəyə deyilir?

7. Şlüzlərin neçə növü vardır?

8. Kommunikasiya protokollar ailəsinə hansı protokollar daxildir?

9. İnternetə qoşulmanın hansı növləri vardır?

10. Seans qoşulması hansı funksiyanı yerinə yetirir?

11. Daimi qoşulma seans qoşulmadan hansı xüsusiyyətlərinə görə fərqlənir?

12. “Mobil” telefonlardan İnternet -ə qoşulmanın hansı xüsusiyyətləri vardır?

13. Telekommunikasiya vasitələrinin vəzifəsi nədir?

14. Modulyasiya və demodulyasiya arasındakı fərq nədir?

15. İnformasiyanın sıxlaşdırılması zamanı hansı üsullardan istifadə edilir?

16. Kompüterə qoşulmuş modem neçə rejimdə işləyə bilər?

Ədəbiyyat:Kərimov Sabit Qəhrəman oğlu, Həbibullayev Səlahəddin Bəxtiyar oğlu, İbrahimzadə Tofiq İbrahim oğlu “İnformatika”



Dərslik: Səhifə 392- səhifə 402




Quliyeva Səlimə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə