Mərhəmətli, rəhmli Allahın adı ilə! Uca Allah buyurur: (İslamı) ilk əvvəl qəbul edib




Yüklə 367.79 Kb.
səhifə1/5
tarix23.02.2016
ölçüsü367.79 Kb.
  1   2   3   4   5

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Uca Allah buyurur:



«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər gör­məkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qala­caq­ları, (ağacları) altından çaylar axan cənnətlər hazırla­mış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!»

«ət-Tövbə» surəsi, 100-cü ayə»

Məhəmməd peyğəmbər demişdir:



«Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz»

«Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis.

İmam Əli demişdir:



«Peyğəmbərimizin səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirmə­mişlər. Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir».

«Biharu-l-Ənvar», 22/305-306

MÜQƏDDİMƏ


Şükür və tərif Allaha məxsusdur, biz Ona şükür edir, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.





«Ey iman gətirmiş kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!»1



«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əla­qələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!»2


«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günah­larınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar»3
Müsəlman qardaş və bacılar!

Bu risaləni yazmaqda məqsədim budur ki, İslam xəlifələri barədə sizə qısa, ancaq imkan daxilində hərtərəfli məlumat verim və onların ba­şqalarına nisbətdə olan üstünlüklərini aşkara çıxarım. Bunu etməklə də Allah üçün edilən ibadətdən sayılan islam əqidəsinin bir hissəsi olan onlara qarşı məhəbbəti bir az da artırım.

Ümumiyyətlə, xilafət 30 il olub.

Səfinənin (Allah ondan razı olsun! – radıyallahu anhu – r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun! – səlləllahu əleyhi və alə alihi və səlləm – s.a.s.) demişdir: «Pe­y­ğəm­­bərlik (yəni sonrakı) xilafəti otuz il olacaq» (Əbu Davud, «Sünnə» kitabı, «Xəlifələr» fəsli, 12-ci cild, səh.259, 4633-cü hədis).

Bu hədisin səhih (mötəbər) olduğunu aşağıda adları çəkilən alimlər təsdiqləmişlər:

1. Əhməd bin Hənbəl; 2. İbn Əbdü-l-Bərr; 3. əl-Hakim; 4. ət-Tirmi­zi; 5. İbn Əbi Asim; 6. İbn Teymiyyə; 7. İbn Cərir ət-Tabəri; 8. İbn Hibbən; 9. əz-Zəhəbi; 10. İbn Hacər əl-Əsqaləni; 11. əl-Albani.

Bu məlumatın səhih olmasını isbat etmək üçün bax: «Səhih hədislər silsiləsi», 1-ci cild, səh.820-827, 459-cu hədisin şərhi.

Xilafətin müddəti:



1. Əbu Bəkr (r.a.) – 2 il 3 ay 10 gün;

2. Ömər (r.a.) – 10 il 6 ay 8 gün;

3. Osman (r.a.) – 11 il 11 ay 9 gün;

4. Əli (r.a.) – 4 il 9 ay 7 gün;

5. Həsən (r.a.) – 6 ay
Kitabda istifadə olunan ixtisarlar:

s.ə.s. – səlləllahu əleyhi və alə alihi və səlləm – Allahın salamı və xeyir-duası onun və ailəsinin üzərinə olsun!

ə.s. – əleyhissəlam – Allahın salamı onun üzərinə olsun!

r.a. – radıyallahu anhu (anhə) – Allah ondan razı olsun!

Allahdan istəyim budur ki, etdiyim bu əməli xeyirli əməllərdən etsin və bunun vasitəsilə müsəlmanların arasında sülh yaratsın. Həqiqətən, yalnız O, buna qadirdir!



I XƏLİFƏ:

ƏBU BƏKR ƏS-SİDDİQ (r.a.)
Adı: Abdullah ibn Osman

Atasının adı: Osman ibn Amir

Anasının adı: Səlmə bint Saxr

Künyəsi4: Əbu Bəkr

Ləqəbi: əs-Siddiq5

Anadan olduğu tarix və yer: Əbu Bəkr Peyğəmbərdən (s.a.s.) 2 il və bir neçə ay sonra (təxminən 572-ci il) Məkkə şəhərində anadan olmuşdur.


Məhəmmədə (s.a.s.) peyğəmbərlik verildiyi zaman o, Məkkə əhlini İslama dəvət etmiş və bu dəvəti kişilərdən qəbul edən ilk şəxs Əbu Bəkr olmuşdur. O, peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən, hicrət yoldaşı və cənnətlə müjdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Peyğəmbə-rin (s.a.s.) vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək xilafətə gəlmiş və 2 il 3 ay xəlifə olmuşdur. Xilafət zamanı İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:
1) Peyğəmbər (s.a.s.) Şamın şərqini fəth etmək üçün ordu hazırlayır və Usamə bin Zeydi (r.a.) bu orduya başçı təyin edir. Qoşun Mədinədən çıxmazdan əvvəl Peyğəmbər (s.a.s.) vəfat edir. Bir çox səhabələr bu ordunu Üsamənin (çox gənc, 17 yaşında olduğundan) başçılığı ilə göndərilməsinə etirazını bildirirlər. Lakin Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) əmrini yerinə yetirərək, qoşuna məhz Üsamənin başçılığı ilə Şama getməyi əmr edir. Beləliklə, bu qoşun öhdəsinə düşəni yerinə yetirərək Şamı fəth edir.
2) Peyğəmbərin (s.a.s.) vəfatından sonra mürtəd olanlara (dindən çıxanlara) qarşı vuruşur və onları məğlub edir. Bununla müsəlman ümmətini parçalanmaq təhlükəsindən qurtarır.
3) Yəmamə döyüşündə bir çox qarinin (Quran hafizi) şəhid olduğunu görən Əbu Bəkr (r.a.) Zeyd bin Sabitə (r.a.) xurma lifləri üzərin­də yazılmış Quran ayələrini cəm etməyi tapşırır. Zeyd bin Sabit (r.a.) onun əmri ilə Quranı cəm edir (ayrı-ayrı mənbələrdən bir yerə toplayır).

Əbu Bəkrin (r.a.) zövcələri və övladları6:

1. Quteylə bint Abdu-l-uzzə. Övladları: Abdullah, Əsmə.

2. Ummu Rumən bint Amir. Övladları: Əbdürrəhman, Aişə.

3. Əsmə bint Umeys. Övladı: Məhəmməd.

4. Həbibə bint Xaricə. Övladı: Ummu Kulsum.

Vəfat etdiyi tarix: hicrətin 13-cü ili, cumədəl-axər ayının 21-i (və ya 22-i) vəfat etmişdir.
Əbu Bəkrin (r.a.) fəzilətinə dair

ayə və hədislər:
1) Uca Allah buyurur:



«[Ey möminlər!] Əgər siz Peyğəmbərə kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu [Məkkədən] iki nəfərdən biri [ikinin ikincisi] olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna [Əbu Bəkrə]: "Qəm yemə, Allah bizimlədir!" – dediyi zaman göstərmişdi. O vaxt Allah ona [Peyğəmbərə və ya Əbu Bəkrə] bir rahat­lıq nazil etmiş, onu sizin görmədiyiniz [mələklərdən ibarət] əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü [kəlmeyi-şəhadət] ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir»7
Bu ayədə zikr olunan Peyğəmbər (s.a.s.) dostunun Əbu Bəkr olma­sında ibn Cərir ət-Tabəri8, İbn Kəsir9, əs-Suyuti10, əl-Buxari11, Müslim12 və digər islam alimləri həmrəydirlər.

2) Uca Allah buyurur:





«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bun­lardan sonra (bütün) mələklər də onun köməkçi­ləridir!»13
İbn Abbas (r.a.) ibn Məsud (r.a.) İbn Ömər (r.a.) və s. səhabələr bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və s. olduqlarını təfsir etmişlər.14

3) Uca Allah buyurur:





«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»15
Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) və başqa möminlərdir16.

4) Uca Allah buyurur:




«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»17
Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkrə (r.a.) görə nazil olub və bütün möminlərə aid edilir18.

5) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) səhabələrə xitab edib dedi: "Həqiqətən, mənə ən yaxın yoldaş və mal-dövləti ilə ən çox qayğı göstərən Əbu Bəkrdir. Rəbbimdən qeyrisini sevmiş olsaydım, (ifrata varmaqla) Əbu Bəkri sevərdim. Lakin, o mənim müsəlman qardaşımdır. Elə isə, məscidə açılan Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!"»19

6) Cubeyr bin Mut‘im (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) onun yanına gələn qadına qayıdıb, bir müddət sonra gəlməyini bildirir. Qadın: "Səni tapa bilməsəm necə?" – deyə soruşduqda, o (s.a.s.) dedi: "Məni tapmasan, Əbu Bəkrin yanına get!"»20

7) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbərdən (s.a.s.) eşitdim, o dedi: "Hər kəs Allah üçün saleh əməl edərsə, cənnət qapılarından (cənnətə) dəvət olunar: namaz əhli namaz qapısından, cihad əhli cihad qapısından, sədəqə əhli sədəqə qapısından və oruc əhli Rəyyan adlı oruc qapısından cənnətə dəvət olunar". Bunu eşidən Əbu Bəkr (r.a.) dedi: "Ey Allahın elçisi! O qapıların hamısından dəvət olunan olacaqmı?" Allahın elçisi (s.a.s.): "Bəli, və mən istəyirəm ki, sən onlardan olasan, ey Əbu Bəkr!" – deyə cavab verdi»21.

8) Aişə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) vəfat etdikdə Əbu Bəkr (r.a.) Sunhda22 idi. Ömər (r.a.) səhabələrə xitab edib dedi: "Allaha and olsun ki, Peyğəmbər (s.a.s.) ölməyib, Allah onu qaytaracaq. Bu vaxt Əbu Bəkr (r.a.) gəldi, onun üzünü açıb öpdü və dedi: "Atam-anamsan sən23, sağlığında da, öləndən sonra da səndən gözəl iy gəlir. Nəfsim əlində olan Allaha and olsun ki, O sənə ölümü iki dəfə daddır­maz". Sonra Ömərə (r.a.) oturmağı əmr etdi və üzünü səhabələrə tutub, Allahı həmd-səna etdikdən sonra dedi: "Kim Məhəmmədə ibadət edir­di­sə, bilsin ki, artıq o vəfat etmişdir. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədi və ölməzdir.

"(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcək­lər"24


"Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib-getmiş­lər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dö­nən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər"25.

Bu ayələri oxuduqdan sonra səhabələr ağladı».26

9) Urva ibnu-z-Zubeyr (r.a.) rəvayət edir ki, «Mən Abdullah ibn Amrdan (r.a.) müşriklərin Peyğəmbərə (s.a.s.) nə etdikləri barəsində soruşduqda, o dedi: "Peyğəmbər (s.a.s.) namaz qılarkən Uqbətu bin Əbi Muit gəlib dəsmalı onun boynuna sarıdı və boğmağa başladı. Bunu görən Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oxudu:




"Məgər siz bir adamı "Rəbbim Allahdır" – deməyinə görə öldürə­cəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmiş­dir"27».28
10) Əbu Musa əl-Əş‘ari (r.a.) rəvayət edir ki, «Bir dəfə Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (s.a.s.) çatdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cən­nətlə müjdələ!"…»29

11) İbn Abbas (r.a.) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r.a.) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlə­rin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yol­daş­­­la­rın­la (Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər fi­lan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxam­da dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi»30.

12) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) de­miş­dir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"»31.

13) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (r.a.): "Mən" – deyə cavab verdi. Peyğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün cənazəni təqib edib?" Əbu Bəkr (r.a.): "Mən" – deyə cavab verdi. Pey­ğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yediz­dirib?" Əbu Bəkr (r.a.): "Mən" – deyə cavab verdi. Peyğəm­bər (s.a.s.) yenə soruşdu: "Han­sı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr (r.a.): "Mən" – deyə cavab verdi. Peyğəmbər (s.a.s.) dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar"»32

14) Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın»33

15) Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəxs ona: "Sən də ona Siddiq deyirsən?" – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz»34

16) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».35

17) Əli ibnu-l-Hüseyn ibn Musa36 «əş-Şafi» adlı kitabında qeyd edir ki, Əlidən (r.a.): «Vəsiyyət etmirsən?» – deyə soruşduqda, o demişdir: «Pey­ğəm­bər (s.a.s.) kimi vəsiyyət edirəm, lakin, Allah insanlar üçün xeyir istəsə, Peyğəmbərdən (s.a.s.) sonra səhabələri xeyir üzərində cəm etdiyi kimi37, onları da xeyir üzərində cəm edər».38

18) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib, onları sevə bilərəmmi?» – deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilər­sən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" – deyə Ona xəbər verə bilərəmmi?!» – deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi39.

19) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir».40

20) ət-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir».41

21) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (r.a.) və Ömərə (r.a.) də salam verərdi.42

22) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırla­yan­da köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, sa­vab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər».43

23) Əlinin (r.a.) Əbu-Bəkrə (r.a.) qarşı olan hörmət və sevgisinə (Əbu-Bəkr (r.a.) xəlifə olduqdan sonra) Leyla bin Məsudan (Əlinin (r.a.) üçüncü arvadından) olan oğluna Əbu-Bəkr adını verməyi də də­la­lət edir. (bax s.30)






II XƏLİFƏ:

ÖMƏR İBNU-L-XƏTTAB (r.a.)

Adı: Ömər ibnu-l-Xəttab

Atasının adı: əl-Xəttab bin Nufeyl

Anasının adı: Həntəmə bint Haşim

Künyəsi: Əbu Həfs

Ləqəbi: əl-Faruq44

Anadan olduğu tarix: Fil ilindən45 on üç il sonra (təxminən 583-cü il) Məkkə şəhərində anadan olmuşdur.
Ömərin (r.a.) İslam dininə və müsəlmanlara mənfi münasibət göstər­di­yini görən Peyğəmbər (s.a.s.) Allaha dua edib deyir: «Allahım, İslamı iki Ömərdən biri (Amr bin Hişam və ya Ömər) ilə izzətləndir!»46 Uca Allah Peyğəmbərin (s.a.s.) duasını qəbul edib, onu (Öməri) haqq yo­luna yönəltdi.

Ömər (r.a.) Peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən və cən­nətlə müjdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Əbu Bəkrin (r.a.) vəfatından sonra, onun (Əbu Bəkrin) vəsiyyəti və səhabələrin razılığı ilə xəlifə seçilmişdir. O, 10 il 6 ay xəlifə olmuş və İslam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür.

1. Hərbi təşkilat (indiki zəmanədə müdafiə nazirliyi) və maliyyə nazirliyini yaratmışdır;

2. Müsəlmanlar üçün hicri təqvimini seçmişdir;

3. Rabitə işlərini nizama salmışdır;

4. Fəth olunmuş ölkələri vilayətlərə bölmüş və hər vilayətə başçı təyin etmişdir;

5. Rum, Fars imperiyalarını, İraqı, Şamı, Misiri və s. yerləri fəth etmişdir;
Ömərin (r.a.) zövcələri və övladları47:

1. Zeynəb bint Məzun. Övladları: Abdullah, Əbdü-r-Rəhman, Həfsə.

2. Ummu Həkim bintu-l-Haris. Övladı: Fatimə.

3. Ümm Gülsüm bint Əli bin Əbu Talib (r.a.). Övladları: Zeyd, Ruqiyyə.

4. Cəmilə bint Sabit48. Övladı: Asim.

5. Muleykə bint Cərval49. Övladı: Ubeydullah.

6. Yəmənli Luheyyə. Övladı: Əbdü-r-Rəhman.
Vəfat etdiyi tarix: Hicri tarixi ilə 23-cü il, zi-l-hiccə ayının 23-də məcusi (atəşpərəst) Əbu Lu‘lu Firuz onu fəcr namazında 6 dəfə bıçaqla vurdu. O, üç gündən sonra zi-l-hiccə ayının 26-sı vəfat etdi.
Ömərin (r.a.) fəzilətinə dair ayə və hədislər:
1) Uca Allah buyurur:



«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»50
İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və başqalarının olduqlarını təfsir etmişlər.51

2) Uca Allah buyurur:





«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»52
Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil olub və Ömər (r.a.) də daxil olmaqla bütün möminlərə şamil edilir.53

3) Uca Allah buyurur:





«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»54
Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.) və başqa mömin­lərdir.55

4) Sə‘d bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Ömər ibnu-l-Xəttab (r.a.) izn alıb, Peyğəmbərin (s.a.s.) yanına daxil oldu. Peyğəmbərin (s.a.s.) yanında səslərini onun səsindən uca qaldırıb söhbət edən qadınlar Öməri (r.a.) gördükdə, dərhal hicablarını geyindilər56. Peyğəmbər (s.a.s.) bu halı görüb gülümsədi. Ömər (r.a.) ondan gülümsəməyinin səbəbini soruşduqda o dedi: "Bu qadınlara təəccüblənirəm ki, sənin səsini eşidən kimi hicablarını geyindilər". Ömər üzünü onlara tutub dedi: "Ey nəfslərinə düşmən olanlar! Allahın elçisindən (s.a.s.) qorxmursunuz, məndən qorxursunuz?" Onlar dedi: "Bəli, çünki sən sərt ürəklisən". Peyğəmbər (s.a.s.) ona dedi: "Ey Xəttabın oğlu! Nəfsim əlində Olana and olsun ki, şeytan sənə rast gəldiyi zaman yolunu dəyişdirib, başqa yol ilə gedir"»57

5) İbn Abbas (r.a.) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r.a.) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi»58.

6) Əbu Musa əl-Əşari (r.a.) rəvayət edir ki, «Bir dəfə Ömər ibnu-l-Xəttab (r.a.) Peyğəmbərin (s.a.s.) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (s.a.s.) çatdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cənnətlə müjdələ!"…»59

7) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"»60.

8) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Sizdən əvvəl yaşamış ümmətlərin içərisində zənlərində sadiq olan insanlar olub. Mənim ümmətimdə zənnində sadiq olan Ömərdir"»61

9) əl-Misvar bin Məxramə (r.a.) rəvayət edir ki, «Ömər (sübh namazını qıldığı zaman) bıçaqla vuruldu. Yarası ona ağrı verdikdə, İbn Abbas (r.a.) ona təsəlli verib dedi: "Ey möminlərin əmiri! Sən Peyğəmbər (s.a.s.) və Əbu Bəkrin (r.a.) fəzilətli səhabələrindən olmusan. Onlar vəfat etdikdə səndən razı idilər. Həmçinin sən bu camaatı onlar səndən razı olduqları halda tərk edirsən". Bu sözləri eşidən Ömər (r.a.) ona dedi: "Peyğəmbər (s.a.s.) və Əbu Bəkrin (s.a.s.) səhabəsi olmağım və onların məndən razı qalmalarını doğru deyirsən. Həqiqətən, bu Allahın mənə bəxş etdiyi fəzilətdir. İndi gördüyün narahatçı­lığım isə sizə görədir. Allaha and olsun ki, mənim yer dolusu qızılım olsaydı, onu Allahın əzabına düçar olmamaq üçün Onun yolunda sərf edərdim"»62

10) Ömər ibnu-l-Xəttab (r.a.) rəvayət etmişdir ki, «Mən üç ayədə – İbrahimin (ə.s) məqamı, hicab və Bədr əsirləri haqqında olan ayələrdə Rəbbimə müvafiq oldum».63

– Ömər (r.a.) Peyğəmbərə: «Ey Allahın elçisi! Bəlkə, İbrahimin (ə.s) durduğu yeri özümüzə namazgah edək?» – deyə təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi:


«[Ey mö‘minlər!] İbrahimin durduğu yeri özünüzə namazgah edin!..».64

– Ömər (r.a.) Peyğəmbərə (s.a.s.): «Ey Allahın elçisi! Bəlkə, zövcə­lərinə hicab geyinməyi əmr edəsən?» – deyə təklif etdikdə, Allah təala bu ayəni nazil etdi:





«Onlardan (Peyğəmbərin (s.a.s.) zövcələrindən) bir şey soruş­duqda, (evlərinə daxil olmadan) pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər» 65
– Ömər (r.a.) Peyğəmbərə (s.a.s.): «Ey Allahın elçisi! Onların (yəni əsirlərin) boynunu vur!» – deyə təklif etdikdə, Uca Allah bu ayələri nazil etdi:



«Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. [Ey möminlər!] Siz (fidyə almaqla) puç dünya malını istəyir­siniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir. Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin, Allahdan qorxun! Həqiqətən, Allah bağışlayan və rəhm edəndir66»67
Qeyd: Ömər ibnu-l-Xəttab (r.a.) bundan əlavə üç ayədə də Rəbbinə müvafiq olmuşdur:

– Ömər ibnu-l-Xəttab (r.a.): «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi:




«[Ey Məhəmməd!] Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyük­dür"»68
– Ömər (r.a.) yenə: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi:



«Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər, cünub olduğunuz halda qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın!»69
– Ömər (r.a.) bir daha: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayələri nazil etdi:


«Ey iman gətirənlər! Şərab (içki) da, qumar da, bütlər də, fal oxları da şeytanın əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?»70
Bunu eşidən Ömər (r.a.): «Son qoyduq, son qoyduq» – deyə təkrar etdi.71

– Ömər (r.a.) Peyğəmbərin (s.a.s.) zövcələrinin ona qarşı (həddi aşdıqlarını) görüb, onlara nəsihət etdikdə, Uca Allah bu ayəni nazil etdi:





«Əgər o (Məhəmməd) sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin72»73

– Ömər (r.a.) Peyğəmbərə (s.a.s.) münafiqlər üçün namaz (cənazə nama­zını) qılmamağı təklif etdikdə, Uca Allah bu ayəni nazil etdi:





«Münafiqlərdən ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun elçisini dandılar və fasiq olaraq öldülər!»74
11) Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demiş­dir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafat­landırsın»75

12) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».76

13) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin xəlifəliyini qəbul edib onları sevə bilərəmmi?» – deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilərsən». Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" – deyə Ona xəbər verə bilərəmmi?!» – deyə soruşduqda, Cəfər ona: "Bəli" – deyə cavab verdi77.

14) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir».78

15) ət-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir».79

16) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (r.a.) və Ömərə (r.a.) də salam verərdi.80

17) Əli və Ömər ibnu-l-Xəttab (r.a.) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a.) Ömərə (r.a.) belə demişdir: «Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları81 olmaz. Onla­rın səndən sonra mü­­­­ra­­ciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaq­dan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan».82

18) Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli (r.a.) ilə) məsləhətləşdiyi zaman Əlinin (r.a.) Ömər (r.a.) haqqında dedikləri bundan da aydındır. O demişdir: «Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və ya azlıqdan asılı deyil. Bu, Allahın qalib çıxardığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dindir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edəndir. Boyunbağıda nizamlayıcının83 əhəmiyyəti nə qədərdirsə, əmrin etibar edildiyi adamın84 əhəmiyyəti də o qədərdir. Qoy əcəmlər sənə baxıb desinlər: "Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız". Bu onların sənə qarşı hücumlarını çətinləşdirər. Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmü­şük»85.

19) Ömərlə (r.a.) Əli (r.a.) arasında möhkəm dostluğun olmasına Əlinin (r.a.) Fatimeyi Zəhradan (r.a.) olan qızını ona ərə verməsi də dəlalət edir. Kuleyni Müaviyə bin Əmmardan Əbu Abdullah əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşduqda, o dedi: «Əlbəttə, harada istəsə. Çünki Əli (r.a.) də Ömər (r.a.) öləndən sonra Ümmü Gülsümün talağını alıb, onu öz evinə gətirdi».86

20) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər».87





III XƏLİFƏ:

OSMAN BİN ƏFFAN (r.a.)

Adı: Osman bin Əffan

Atasının adı: Əffan bin Əbi-l-As

Anasının adı: Ərva bint Kureyz

Künyəsi: Əbu Amr

Ləqəbi: zi-n-Nureyn88

Anadan olduğu tarix: Fil ilindən altı il sonra (təxminən 576-cı il) Məkkə şəhərində anadan olmuşdur.
Osman (r.a.) Əbu Bəkrin (r.a.) dəvəti ilə islamı qəbul etmiş ilk on müsəlmandan biridir. O, 34 yaşında islam dinini qəbul etmiş və Həbəşistana hicrət etmiş ilk müsəlmanlardan olmuşdur. O, peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən və cənnətlə müjdə­lənmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə işqtirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Ömər (r.a.) şəhid olduqdan sonra, səhabələrin şurası tərəfindən xəlifə seçil­mişdir. O, 11 il 11 ay xəlifə olmuş və islam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:

1. Dəniz donanmasını yaratmışdır.

2. Fars imperiyasının qalan hissəsini, Nil çayının Nobə diyarını və Məğribi fəth etmişdir.

3. Quranı cəm etmişdir (yəni kitab halına salmışdır).


Osmanın zövcələri və övladları.89

1. Məhəmməd peyğəmbərin (s.a.s.) qızları Ruqiyyə (r.a.)-(vəfat et­dik­dən) sonra isə Ummu Gülsüm (r.a.) ilə evlənmişdir. Ruqiyyədən (r.a.) olan övladı: Abdullah.

2. Ummu Amr bint Cundəb. Övladları: Amr, Xalid, Əbən, Ömər, Məryəm.

3. Fatimə bintu-l-Valid. Övladları: Valid, Osman.

4. Ummu əl-Bənin bint Uyeynə. Övladı: Abdullah.

5. Nailə bintu-l-Fərafisa. Övladı: Məryəm.

Vəfatı: hicri tarixi ilə 35-ci il zi-l-hiccə ayının 18-i cümə günü Osman (r.a.) evində Quran oxuduğu zaman xaricilər90 zorla onun evinə girdilər. Onların arasında Sədus qəbiləsindən Cəbələ adlı birisi onu qılıncla vurduqda, Osman (r.a.) müdafiə olunmaq üçün əlini uzatdı və qılınc onun əlini kəsdi. Osman: «Allaha and olsun ki, bu əl ilə Quran yazılıb» – dedi. Onun əlindən axan bir damla qan bir ayənin üzərinə düşdü. Bu ayədə Uca Allah buyurur:



«Belə olduqda sən onların düşmənçiliyindən qorxma! Allah sənə (tezliklə sənin intiqamını onlardan almağa) kifayət edər. O (hər şeyi) eşidən və biləndir»91

Sonra onu qılıncla vurub şəhid etdilər.




  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə