Mərhəmətli, Rəhimli Allahın adı ilə Müsəlmanların arasında islah etmək




Yüklə 90.35 Kb.
tarix22.04.2016
ölçüsü90.35 Kb.
Mərhəmətli, Rəhimli Allahın adı ilə
Müsəlmanların arasında islah etmək

Həqiqətən şükür və tərif yalnız Allaha məxsus­dur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi doğru yola yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yol­da olar, kimi azdırarsa onu doğru yo­la yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir.

Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq məsəlman olduğunuz halda ölün!1.

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da onun üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın­ (törədib yer üzünə) yayan Rəbbi­niz­­dən qorxun! Adı ilə bir-birinizdən (cürbə­cür şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəs­məkdən (həzər edin)! Həqiqətən, Allah si­zə Nəzarət edəndir!2.

Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə et­sə­­niz) Allah əməllərinizi islah edər və günah­larınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar3.

Bu mövzu şəkk yoxdur ki, ən mühüm mövzular­dan­­dır. Çünki müsəlmanlar arasında islah etmək vacibdir. Fitnələrin çoxaldığı, yalanların yayıldığı bir dövrdə müsəlmanları islah etməyə daha çox ehtiyac duyulur. Çünki nəticədə zərbə, müsəlman qardaşlara dəyməklə yanaşı dəvətə də xələl gətirir. Müsəlmanların arasındakı münasibətlər düzəldik­də sonluq gözəl, əks təqdirdə isə pis nəticələrə gətirib çıxarır. Hal hazırda müsəlmanlar digər müsəlmanların dillərindən daha çox əziyyətə məruz qalırlar, nəinki onlarin əllərindən. Əbu Musə əl-Əşari (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) hansı müsəlmanın daha xeyirli olduğunu soruşdum? O: “O kəslər ki, onlarin dilindən və əlindən başqa müsəlmanlar əziyyət çəkməzlər”– deyə cavab verdi4. Hədisə fikir versək görərik ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilk olaraq dili sonra isə əli qeyd etmişdir. Çünki müsəlmanlar qardaşlarının əllərindən daha çox onların dillərindən əziyyət çəkirlər. Unutmaq olmaz ki, insan zəif yaradılmışdır və məhz buna görə də onun xəta etməsi labüddür. Müsəlman, qardaşında xəta gördükdə ondan üz çevirməməli, eyiblərini açmamalı və onun qeybətini etməməlidir. Əksinə islah etmək üçün şəriətin göstərdiyi yollarla əlindən gələni əsirgəməməlidir. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları vəsf etdikdə bir bədən kimi vəsf etmişdir. İnsanın bədənində bir yer ağrıdıqda bütün bədən əziyyət çəkir. Müsəlmanlar da belə olmalıdırlar. Bir müsəlman xəta etdikdə, yanlış hərəkət etdikdə çalışmalıyıq ki, həmin insanın səhvini düzəldək. Allahdan qorxan şəxs müsəlmanlar arasında birlik yaradıb onları islah etməyə çalışmalıdır.

İslah etmək fəsad törətməyin əksidir. Uca Allah buyurur: “Allah fə­sad törə­dəni islah edəndən ayırd edir”5.

Müsəlmanlar parçalandıqda firqə halına düşürlər. Biz müsəlmanlardan tələb olunan isə vahid bir ümmət olmaqdır. Uca Allah buyurur: “Həqiqətən, bu, vahid bir din ola­raq sizin (hamınızın) dini­nizdir. Mən də si­zin Rəbbini­zəm. Elə isə Mənə ibadət edin!”6.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) biz müsəlmanları bir bədən kimi vəsf etdiyinə görə biz qardaşlarımızda hər hansı bir eyib, nöqsan gördükdə onu da öz eyiblərimizi düzəltməyə çalişdığımız kimi çalışmalıyıq. Əks halda insanın bədən üzvündə hər hansı bir xəstəlik olduqda bütün bədəni zəiflədiyi kimi, müsəlman qardaşların parçalanması da bu cürə zəifləməyə gətirib çıxarır. Uca Allah buyurur: “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə müba­hisə etməyin, yox­sa ruhdan dü­şər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edən­lər­lə­dir”7.

İslamdan öncə biri-birinə düşmən olan, firqə halında yaşayan insanlar İslam gəldikdən sonra qardaş olub bir ümmət kimi oldular. Uca Allah buyurur: “O, sizin qəlb­lə­ri­nizi birləş­dirdi və Onun neməti sayə­sin­də (bir-birinizlə) qardaş oldu­nuz”8. Bir-birinə düşmən olan kəslər Allahın nemətinin sayəsində qardaş oldular. Allahın neməti Onun dinidir. Uca Allah buyurur: “(Allah) onların qəlblərini bir­ləş­dir­di. Əgər sən yer üzündə olan­ların ha­mı­sını sərf etsəydin belə, onların qəlb­lə­ri­ni birləş­dirə bil­məzdin. Lakin Allah on­la­rı birləş­dirdi. Həqiqətən, O, Qüdrət­li­dir, Müdrikdir”9.

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) dünyada olan bütün malları onlar üçün xərcləsəydi yenə onları qardaş edə bilməzdi. Çünki dünya malı heç vaxt insanın qəlbini birləşdirmir. İnsanların qəlblərini biri-birinə birləşdirən yeganə qüvvə imandır. İslamdan öncə biri-birilərinə düşmən olan insanlar iman gətirdikdən sonra qardaşlığın ən yüksək pilləsini fəth etdilər. Hətta Uca Allah onları vəsf edərək buyurur: “(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yan­larına hicrət edənləri sevir, on­lara verdiklərinə görə qəlblə­rində peş­man­çı­lıq hissi duy­murlar. Hətta özləri ehti­yac içində olsalar belə, onları özlə­rin­dən üstün tutur­lar10.

Milliyyətindən, irqindən, vəzifəsindən asılı olma­yaraq müsəlmanlar bir-birinə qardaşdırlar. Üstün­lük yalnız və yalnız təqvadadır. Uca Allah buyurur: Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır”11. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “İnsanlar hamısı Adəm övladlarıdır, və Adəm də torpaqdan xəlq olunmuşdur”12. Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin əcəm üzərində, əcəmin də ərəb üzərində, qırmızının qara üzərində, qaranın da qırmızı üzərində təqvadan başqa heç bir fəziləri yoxdur”13.

Müsəlmanların islah olmaları, ixtilaflara düşməmə­ləri üçün dini düzgün şəkildə dərk edib əməl etmə­ləri lazımdır. Firqələrə bölünməyin əsas səbəbi də elə dinə düzgün riayət etməməkdir. Uca Allah buyurur: “Dinlərini parçalayıb firqə-fir­qə olan­larla sənin heç bir əla­qən yox­dur. Onların işi Allaha aiddir”14.

İlk İslama daxil olan səhabələrin qəlblərini birləşdirən Uca Allah, indiki və gələcək müsəlman­ların da qəlblərini birləşdirməyə qadirdir. Bunun üçün müsəlmanlar öz dinlərinə lazımınca əməl etməlidirlər. İmam Malik ibn Ənəs (Allah ona rəhmət eləsin) demişdir ki, bu ümmətin axırı yalnız və yalnız əvvəlinin islah olduğu ilə islah ola bilər. Bu ümmətin əvvəlini islah edən səhih dindir. Ümmətin axırı da yalnız və yalnız səhih din, düzgün əqidə və Allahın elçisinə (Allahın ona salavat və salamı olsun) iqtida etməklə olur. Firqələri və ixtilaf edənləri bir yerə cəm eləmək yalnız və yalnız Allahın kitabına və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə tabe olmaqla mümkündür. Uca Allah buyurur: “Əgər bir şey haq­qında mübahisə et­səniz, Allaha və Axirət gününə ina­nır­­sınızsa, Allaha və (Onun) Elçisinə mü­raciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”15. Allaha və axirət gününə həqiqətən inanan kəs Allah və Rəsuluna (Allahın ona salavat və salamı olsun) tabe olar.

Uca Allah buyurur: İxtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Allaha aid­dir. Bu mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam”16.

Başqa bir ayədə buyurulur: “(Allah) Nuha tövsiyə et­diyini, sə­nə vəhy etdiyimizi, İbrahimə, Musa­ya, və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-firqə olma­yın!”17.

İslam dininə düzgün əməl etmək ixtilaf edənlərin qəlblərini biri-birinə bağlamaqla yanaşı firqələrə bölünməyə də son qoyar. İndiki zamanda çox soruşulan suallardan biri də eyni səhih əqidəni daşımalarına baxmayaraq nəyə görə qardaşlarımı­zın ixtilaf edib parçalanması sualıdır. Bunun cavabı, dinlərini lazımı tərzdə bilmələrinə baxma­yaraq ona lazımı tərzdə əməl etməmələridir. Əgər müsəlmanlar dinlərinə Allahın istədiyi kimi əməl etsəydilər heç vaxt onlar arasında ixtilaf və parçalanma olmazdı.

Allahdan qorxan müsəlman, xüsusən də elm əhli, müsəlmanlar arasında olan ixtilaflara son qoymağa can atmalıdır. Əvvəl ixtilafın səbəblərini öyrənməli, sonra da şəriətin buyurduğu yollarla islah etməyə çalışmalıdırlar. İxtilaf iki müsəlman, ərlə-arvad və ya hətta iki müsəlman toplum arasında da ola bilər.

İki nəfərin arasınıda olan münasibəti düzəltmək sədəqədir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuş­dur: “İki nəfərin arasını islah etmək sizlər üçün sədəqədir”18. Əgər iki nəfər ixtilaf edərlərsə onların arasını düzəltdikdə bu iş sizin üçün sədəqə vermişsiniz kimi yazılar.

Ər və arvad ixtilaf etdikdə onların aralarını düzəltmək bu işə qadir olan şəxsdən tələb olunur. Uca Allah buyurur: Əgər bir qadın öz əri­nin kobud rəftarından, yaxud (ondan) üz döndər­məsindən qor­xarsa, (ər-arvadın) öz ara­la­rında barışığa gəlməsi onlara günah sa­yılmaz. Axı barışmaq daha xeyirli­dir”19. Başqa bir ayədə buyurur: “Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, onda kişi­nin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xə­bərdardır”20. Bizlərdən birimiz müsəlmanların evində ixtilaf olduğunu bildikdə islah etməyə çalışmalıyıq.

Həmçinin iki müsəlman dəstə ixtilaf edərsə, müsəlmanlar onlar arasında sülh yaratmaq üçün can atmalı, onları barışdırmağa çalışmalıdırlar. Uca Allah buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz et­sə, təcavüzkar dəstə ilə, o, Allahın əm­ri­ni (yerinə yetirməyə) qayı­danadək, vuru­şun. Əgər o qa­yıtsa, hər iki dəstəni əda­lətlə barışdırın və insaflı olun. Söz­süz ki, Allah insaflı­ları sevir. Möminlər, həqiqətən də qardaş­dırlar. Elə isə qardaşla­rınızı barış­dırın və Allahdan qorxun ki, sizə rəhm edil­sin”21.

Müsəlmanlar arasında narazılığa, münaqişəyə, parçalanmağa və düşmənçiliyə gətirib çıxaran ən böyük səbəblərdən biri də müsəlmanları lağa qoymaqdır. Uca Allah bunu qətiyyətlə inkar edərək buyurur: “Ey iman gətirənlər! Bir camaat di­gərini məsxərəyə qoy­masın. Ola bilər ki, bunlar on­lardan daha yaxşı olsunlar. Qa­dınlar da qadınları (lağa qoy­masınlar). Ola bilər ki, bunlar onlardan daha yax­şı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə ça­ğır­ma­yın. İman gətirdikdən sonra fəsadçı adlan­maq necə də pis­dir. Məhz tövbə etmə­yənlər za­lımlardır”22.

Ümumiyyətlə, insanları, xüsusilə də, müsəlman­ları lağa qoymaq qəti olaraq qadağandır. Müsəlma­nın Allah dərgahında yeri əzəmətlidir. Məhz buna görə müsəlmanı lağa qoyduqda onları alçaltmış olursan. Möminləri lağa qoyub gülənlərə Qiyamət günü möminlər güləcəklər. Uca Allah buyurur: Doğrudan da, günah edənlər iman gətirənlərə gülür­dülər, onların yanından keçdik­də bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fə­rəhlə qayı­dırdılar, möminləri gördükdə isə deyir­dilər: “Həqiqətən, bunlar azmış­lardır!” Halbuki bu günahkarlar onlara gözət­çi qoyulmamış­dı­lar. Bu gün məhz iman gə­tirənlər ka­firlərə güləcəklər”23.

Həmçinin insanlara, xüsusilə də müsəlmanlara ləqəb, ad qoymaq onların dərəcələrini aşağı salmaqdır. Uca Allah buyurur: “Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə ça­ğır­ma­yın”24. Günümüzdə müsəlmanlar arasında məsxərə edib ləqəb qoymaq adi hala çevrilib. Müsəlmanlar bu cür məsələlərə fikir vermədiklərinə görə çox lağa qoymanın sonu ixtilafa, düşmənçiliyə gətirib çıxarır.

Müsəlmanlar arasında düşmənçiliyə gətirib çıxaran digər böyük səbəblərdən biri də zənn etməkdir. Uca Allah bunu qadağan edərək buyurur: Ey iman gətirənlər! Zənnə çox qa­pılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır”25.

Təəccüblü haldır ki, bəzi insanlar müsəlman qardaşlarından pislik görmədikdə belə onlar haqqında zənn etməyə başlayır və hökmlərini zənn üzərində qurmaqdan çəkinmirlər. Unutmaq lazım deyil ki, müsəlman qardaşından bir pislik görməyə­nə qədər onun haqqında xeyir düşünməlidir.

Müsəlmanlar arasında düşmənçilik yaradan digər bir səbəb də cəsusluq etmək və onların sirrini açmaqdır. Uca Allah cəsusluğu qadağan edərək buyurur: “Bir-birinizi güdməyin”26.

Allahdan qorxan insan müsəlman qardaşının sirrini, xüsusən də eyiblərini açmamalıdır. İnsanla­rın eyiblərini açan şəxsin Uca Allah da eyiblərini açar. Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Ey dili ilə iman gətirib qəlblərinə iman daxil olmayan kimsələr! Müsəlmanların qeybətini etməyin və onların eyiblərini axtarmayın. Kim ki, müsəl­manların eyiblərini axtararsa Allah da onun eyib­lərini hətta evdə gizlətsə belə üzə çıxarar”27. Hədisdən göründüyü kimi bu xüsusiyyət münafiqlərin əlamətlərindəndir. İmam Malik (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Elə insanlara rast gəldik ki, onların gizlində eyibləri qalmamışdır. Onlar insanların eyiblərini danışdılar, insanlar da onların eyiblərini danışmağa başladılar. Həmçinin elə insanlara rast gəldik ki, onların da eyibləri var idi. Lakin insanların eyiblərini danışma­dıqları üçün insanlar da onların eyiblərini unutdu­lar”.

Allahdan qorxan şəxs bu cür insanların məclislərinə rast gəldikdə onları bu əməllərindən çəkindirməlidir. Onlar bu murdar əməllərini tərk etmədikdə isə Allahdan qorxan şəxsin bu cür insanlarla bir yerdə olması caiz deyildir. Uca Allah buyurur: “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bi­zim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qo­şul­maq istəmirik!”– deyirlər”28.

Müsəlmanlar arasında düşmənçilik yaradan səbəblərdən biri də qeybət etməkdir. Qeybət, başqalarının xoşuna gəlmədiyi şeyləri onun arxasınca söyləməkdir. Arxasınca danışılan şey istər onun dinində, istər dünyasında, istər bədənində, istər əxlaqında, istər yoldaşında və ya uşağında və ya xadiməçisində və ya hərəkətlərində olsun fərqi yoxdur. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrindən: “Qeybət nədir?”– deyə soruşdu. Səhabələr: “Allah və Rəsulu bilər”– deyə cavab verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Qardaşınızın xoşuna gəlmədiyi şeyi onun arxasınca söyləməkdir”. Səhabələrdən biri: “Əgər söylədiklərim onda varsa necə?”– deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Əgər söylədiklərin həqiqətən onda varsa qeybət, yoxdursa böhtan atmış olursan”29.

Qeybət tək dillə yox, həmçinin hərəkət, işarə, yazı və ya qeybət edənin məqsədini çatdıran hər bir yolla ola bilər.

Hər bir müsəlman bilməlidir ki, qeybət etmək haram olduğu üçün bu əməli edən hər hansı bir şəxs böyük günah sahibi olur. Uca Allah buyurur: “...bir-birinizin qeybətini qırma­yın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki bun­dan iyrənirsiniz. Allahdan qorxun!”30.

Qurtubi (Allah ona rəhmət eləsin) demişdir: “Alimlər, qeybətin haram olmasında ittifaq etmişlər. Bu əməl sahibinin Allaha tövbə etməsi vacibdir”31.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Başqalarının xətalarından danışmaq istəyən kəs öz qüsurlarını xatırlasın”.

Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) buyurmuş­dur: “Allahı çoxlu zikr edin, çünki zikr şəfadır. İnsanların qeybətlərini etməyin, çünki qeybət etmək xəstəlikdir”.

Bir nəfər Həsən əl-Basrinin (Allah ona rəhmət eləsin) yanına gələrək dedi: “Eşitmişəm ki, mənim qeybəti­mi etmisən”. Həsən əl-Basri (Allah ona rəhmət eləsin) “Əgər sənin qeybətini etmiş olsaydım savabımdan sənə vermiş olardım”– deyərək cavab verir.

Qardaşlığın pozulmasının başlıca səbəblərindən biri də müsəlmanların bir-birinə qarşı yaxşı rəftar etməməsidir. Müsəlman qardaşı ilə münasibətdə kobud rəftar etməsi qardaşlığın zəifləməsinə aparan ən böyük amillərdən biridir. Məlumdur ki, kobud rəftarın arxasında sərt qəlb, yumşaq rəftarın arxasında isə yumşaq qəlb durur. Ümumiyyətlə, sərt qəlbli olmaq müşrik və yəhudilərin xüsusiyyətlərin­dəndir. Uca Allah buyurur: “Sonra bunun ardınca si­zin qəlb­ləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu”32. Digər bir ayədə buyurur: “(İsrail oğulları) verdikləri əhdi poz­duqlarına görə Biz on­ları lənətlədik və qəlblərini sərt­ləşdir­dik33.

Sərt qəlbli olmağa aparan səbəblərdən biri də insanın özündən razı olmasıdır. Sələflər deyərdilər: “Kim qardaşlarına qarşı sərt olarsa Allah onu özündən yuxarıdakılarla imtahana çəkər”. Məlik ibn Dinar (Allah ona rəhmət eləsin) demişdir: “Bəndəyə ən ağır cəza qəlbinin sərtləşdirilməsidir. Allahın bir qövmə qəzəbi tutduqda onların qəlbindən rəhməti silər”. Qardaşları ilə yumşaq rəftar etmələri üçün müsəlmanlar ilk növbədə qəlbləini islah etməlidir­lər.


İslah etməyin savabı

İnsanlar arasında sülh və əminamanlıq yaradaraq onları islah etməyin böyük savabı vardır. Uca Allah buyurur: “Onların gizli söhbətlə­rinin ço­xunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar ara­sında sülh yarat­mağı əmr edən şəx­sin (dəvəti) isə istisnadır. Kim bunu Alla­hın razılığını qazan­maq üçün edərsə, Biz ona böyük mükafat verərik”34.


İslah etmək üçün yalan danışmağın caiz olması

Yalan danışmaq ən böyük günahlardan biridir. Uca Allah buyurur: “... sonra isə dua edib ya­lançılara Allahın lənət et­məsini diləyək”35.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yalan danışmağı münafiqlərin əlamətlərindən hesab etmişdir. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Münafiqin əlaməti üçdür; danışdıqda yalan deyər, vəd verdikdə ona əməl etməz və əmanətə xəyanət edər”36.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Düzgünlük (sahibini) yaxşılığa yönəldir. Yaxşılıq isə Cənnətə aparır. İnsan düzgünlüyünü davam etdirdikcə Allah dərgahında dogru danışanlardan yazılar. Yalan isə (sahibini) pisliyə yönəldir. Pislik isə Cəhənnəmə aparır. İnsan yalanını davam etdirməklə Allah dərgahında yalançılardan yazılar”37.

Yalan danışmaq haram və böyük günahlardan biridir. Buna baxmayaraq şəriət insanlar arasında islah etmək üçün yalan danışmağa icazə vermişdir. Ummu Gülsüm demişdir (Allah ondan razı olsun): “Peyğəmbərin üç şeydən başqa insanlara yalan danışmağı güzəştə getdiyini görməmişəm; döyüşdə düşmənə, insanların arasında islah etmək üçün, kişinin öz qadınına və qadınının öz ərinə danışdığı yalan”38. İslam dini məsləhət üçün bu üç vəziyyətdə yalan danışmağa icazə vermişdir.

Əziz müsəlman qardaşlarım! Allah bizə böyük bir nemət verərək bir-birimizi tanımadığımız halda qardaş etdi. Ona görə də bu neməti axıra qədər qoruyub saxlamaq hər bir müsəlmanın borcudur. Şəriət bizə üç gündən artıq küsülü qalmağa icazə verməmişdir (Şəriətin bizə bəyan elədiyi səbəblər üzündən üç gündən çox küsülü qalmaq istisnadır). Məhz buna görə də qardaşlar arasında islah etmək hər bir müsəlmanın üzərinə düşən vəzifədir. Hər bir müsəlman üzərinə düşən bu vəzifəni yerinə yetirməli, qardaşlar arasında islah etməlidirlər.



Uca Allahdan istəyirəm ki, bu şərəfli vəzifəni yerinə yetirməkdə bütün müsəlmanlara kömək olsun.
QEYD: Onu da qeyd edək ki, əlinizdəki kitab insan əməyinin bəhrəsidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa ramil.soltanov@gmail.com elekt­ron ünvanına yazmanızı xahiş edirik.



1 Ali-İmran, 102

2 ən-Nisa, 1

3 əl-Əhzab, 70-71

4 Səhih əl-Buxari 1/9, Səhih Muslim 1/65

5 əl-Bəqərə surəsi, 220

7 əl-Ənfal surəsi, 46

8 Ali İmran surəsi, 103

9 əl-Ənfal surəsi, 63

10 əl-Həşr surəsi, 9

12 Sunən Əbu Davud 5116, Sunən ət-Tirmizi 3955, Musnədu Əhməd 2/361

13 Musnədu Əhməd 5/411

14 əl-Ənam surəsi 159

16 əş-Şura surəsi, 10

17 əş-Şura surəsi, 13

18 Səhih Muslim 720, Sunənu Əbu Davud 5243

19 ən-Nisə surəsi, 128

20 ən-Nİsə surəsi, 35

21 əl-Hucurat surəsi, 9-10

22 əl-Hucurt surəsi, 11

23 əl-Mutaffifin surəsi, 29-32

24 əl-Hucurat surəsi, 11

25 əl-Hucurat surəsi, 12

26 əl-Hucurat surəsi, 12

27 Sunənu Əbu Davud 4/275

28 Qasas surəsi, 55

29 Səhih Muslim 2589

30 əl-Hucurat surəsi, 12

31 Təfsir əl-qurtubi, əl-Hucurat surəsinin təfsiri

32 əl-Bəqərə surəsi, 74

33 əl-Məidə surəsi, 13

34 ən-Nisə surəsi, 114

35 Ali İmran surəsi, 61

36 Səhih əl-Buxari 1/14, Səhih Muslim 1/78

37 Səhih əl-Buxari 7/95, Səhih Muslim 4/2012

38 Səhihu Muslim 2605



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə