Məmmədli Mehdi Qərb Universiteti Siyasi Elmlər fakultəsi III kurs tələbəsi




Yüklə 114.54 Kb.
tarix03.04.2016
ölçüsü114.54 Kb.
Məmmədli Mehdi

Qərb Universiteti Siyasi Elmlər fakultəsi III kurs tələbəsi

Azərbaycan Respublikasının narkotiklərə qarşı mübarizə siyasəti

 

Bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqların və millətlərin təhlükə mənbəyinə çevrilən narkomaniyadır.



İnsan orqanizminə, səhhətə, sağlamlığa və mənəviyyata sağalmaz zərbələr vuran, ən çirkin vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik bütün dövrlərdə ən xoşagəlməz hal hesab edilmişdir.

Narkotizm bəlası XX əsrin ortalarından başlayaraq ayrı-ayrı dövlətlərin daxili problemi çərçivəsindən xeyli kənara çıxaraq, artıq bütün dünya dövlətlərinin birgə, əlaqəli şəkildə həll etməli olduğu ən mühüm sosial problemlərdən birinə çevrilmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlər beynəlxalq xarakter daşıdığı üçün onların anlayışı və siyahısı hər şeydən əvvəl beynəlxalq hüquqi sənədlərdə, beynəlxalq hüquq normalarından əks olunmuşdur.

Bu normalar, bir tərəfdən narkotiklərlə bağlı hüquq pozuntularına görə məs*uliyyəti müəyyən edərək nizamlamaqla yanaşı,digər tərəfdən həmin hüquq pozuntularına qarşı mübarizədə əməkdaşlıq edən dövlətlərin qarşılıqlı münasibətlərinin forma və qaydalarını müəyyən edir.

Narkotizmə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normaları Birləşmiş Millətlər Təşkilatının 1972-ci il Protokolu ilə edilmiş düzəlişlərlə «Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasında», «Psixotrop maddələr haqqında» 1971-ci il Konvensiyasında və «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» 1988-ci il Konvensiyasında tam, hərtərəfli və sistemli şəkildə əks olunmuşdur.

Respublikamız öz müstəqilliyini qazandıqdan sonra Milli Məclis Azərbaycan Respublikasının bu Konvensiyalara qoşulması haqqında müvafiq qərar qəbul etmişdir.

Belə ki, Azərbaycan Respublikası 1988-ci il Konvensiyasına 28 oktyabr 1992-ci il tarixdən, 1961-ci il və 1971-ci il Konvensiyalarına isə 1 dekabr 1998-ci il tarixdən qoşularaq, bu sənədləri ratifikasiya etmişdir.

Respublikamızın bu Konvensiyalara qoşulması o deməkdir ki, Azərbaycan Respublikası narkotik cinayətkarlığa və ümumilikdə narkotizmə qarşı dünya birliyi çərçivəsində aparılan mübarizəyə nəinki faktiki həm də hüquqi baxımdan inteqrasiya etmişdir.

Azərbaycan Respublikası həmin Konvensiyalara qoşulmaqla dünya birliyi çərçivəsində narkotizmə qarşı aparılan mübarizədə Suveren bir dövlət kimi iştirak etməyə və bu mübarizədə iştirak edən bütün dövlətlərlə bərabər hüquqlu tərəfdaşlığa hazır olduğunu təsdiq etməklə bu növ cinayətlərə qarşı mübarizə sahəsində öz üzərinə böyük vəzifələr götürmüşdür.

Bu vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 1996-cı il 26 avqust tarixli «Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında» fərmanına uyğun olaraq Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, bu bəlaya qarşı mübarizə ölkədə ümum dövlət vəzifəsi hesab edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin şəxsi rəhbərliyi altında həyata keçirilən təşkilati tədbirlər və dövlət komissiyasının intensiv işi sahəsində Azərbaycanda son beş ildə dünya standartlarına cavab verən bir sıra yeni Qanunlar, o cümlədən 19 iyun 1999-cu il tarixdə

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Qanun qəbul olunmuşdur.

Bu Qanun narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntularının təhlükəliliyini vurğulayaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətin qarşısının alınmasının, həmin əməlləri törədən şəxslərin aşkar edilməsinin və cəzalandırılmasının hüquqi əsaslarını və bununla əlaqədar dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən etmişdir.

Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən Qanununun tətbiq edilməsi barədə 4 avqust 1999-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin ayrılıqda siyahılarının tərtib olunması və digər məsələlərin icrası Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuş və Nazirlər kabineti tərəfindən qeyd olunan Qanunun tətbiqi ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli «Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlər haqqında» fərmanında narkotik vasitələrin qanunsuz dövriyyəsin ilə bağlı məhkəmə təcrübəsinin vəziyyətinin digər inzibati orqanlarla birlikdə ümumiləşdirilib, mövcud nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görülməsi Azərbaycan Respublikası Ali məhkəməsinə tövsiyə olunmuşdur.

Bununla əlaqədar Ali məhkəmə Respublika məhkəmələri tərəfindən bu kateqoriyalı cinayət işlərinə baxılmasına dair məhkəmə təcrübəsini 1997-ci ildə ümumiləşdirmiş, ümumiləşdirmənin nəticələri 1997-ci il 11 iyul tarixdə Ali Məhkəmənin Plenumunda müzakirə edilərək «narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» müvafiq qərar qəbul olunmuş, işlərə baxılması zamanı və qanunvericiliyin tətbiqi ilə əlaqədar meydana çıxan məsələlər üzrə məhkəmələrə izahlar verilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən biridir. Narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır. Ölkəmiz üçün bu təhdid əsasən, işğal altında olan ərazilərimizdən və tranzit daşımaların mövcudluğundan irəli gəlir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə – milli və beynəlxalq yurisdiksiyadan kənar «boz zonalar»da narkotiklərin becərilməsi, emalı və daşınması, habelə bunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin səylərini artırmasının zəruriliyi barədə Azərbaycan Respublikası tərəfindən dəfələrlə bəyanatlar səsləndirilmişdir.

Son dövrlər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.



Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2004-2006-sı illər ərzində ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 400 kiloqrama yaxın müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

2007-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə 5 transmilli və 18 mütəşəkkil dəstənin əməllərinin qarşısı alınmışdır. Onlardan 497 kq  narkotik vasitə, habelə 2 ədəd avtomat silahı və güllələr aşkarlanaraq götürülmüşdür. Faktlarla bağlı 22 cinayət işi başlanmış, ümumilikdə 82 nəfər, o cümlədən 11 nəfər əcnəbi cinayət məsuliyyətinə cəlb olunmuşdur.

2008-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində təqribən 965 kq. narkotik vasitə və 1000 ədəd ekstazi həbi qanunsuz dövriyyədən çıxarılmış, müvafiq cinayətlərlə əlaqədar 103 nəfər həbs olunmuş (əcnəbi vətəndaşlar da daxil olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206 və 234-cü maddələri ilə 23 cinayət işi açılmışdır.

2009-cu il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində 1 tondan artıq müvafiq vasitə, habelə 45 ədəd psixotrop və digər həblər aşkarlanaraq götürülmüşdür. Faktlarla bağlı 41 cinayət işi açılmışdır.

2010-cu il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində  1 ton 183 kq-a qədər müvafiq vasitə aşkarlanaraq götürülmüşdür. Faktlarla bağlı 36 cinayət işi açılmışdır. 

2011-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində 610 kq-a qədər müvafiq vasitə aşkarlanaraq götürülmüşdür. Faktlarla bağlı 32 cinayət işi başlanılmış, 113 nəfər saxlanılmışdır. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə