MƏkkeyi-MÜKƏRRƏMƏ, MƏDİneyi-MÜNƏVVƏRƏ VƏ HƏcc ziyarəTİ BİSMİllahir-rəhmanir-rəHİM




Yüklə 1.55 Mb.
səhifə1/8
tarix03.04.2016
ölçüsü1.55 Mb.
  1   2   3   4   5   6   7   8



MƏKKEYİ-MÜKƏRRƏMƏ, MƏDİNEYİ-MÜNƏVVƏRƏ VƏ HƏCC

ZİYARƏTİ

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
MÜQƏDDİMƏ

İnsana Allah-Taala tərəfindən bütün ömrü boyu yalnız bir dəfə vacib sayılan mübarək həcc səfəri mənəvi və ilahi bir səfərdir. Əziyyətlərlə dolu olan bu səfərdə istirahət çox az və hətta qeyri-mümkün olsa da, insan heç vaxt onun şirinliyindən və ləzzətindən doymur.

Həcc–ilahi bir əmanət və İslamın əsaslarından biridir. Bir rəvayətdə oxuyuruq: İmam Baqir (əleyhissalam) buyurur: “İslam beş möhkəm və əsas sütun üzərində qərar tutmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət.”

Həcc əgər bütün şərtlərə əməl etməklə mükəmməl surətdə həyata keçirilsə, təkəbbür və riyadan xali olsa, insanı elə paklaşdırar ki, rəvayətdə deyildiyi kimi, sanki təzəcə anadan olmuşdur.Buna görədir ki, Tanrı onu insan üçün bütün ömrü boyu yalnız bir dəfə vacib saymışdır, çünki insanın pak olması üçün bir dəfə həccə getmək kifayət edir.

Həcc İslamda o qədər mühüm və əsasdır ki, Tanrının kitabı olan Qurani Kərimdə onun barəsində xüsusi qeyd olunmuşdur. Onlardan bir neçəsinə işarə edirəm:

1. Bütün insanlar üçün tikilmiş ilk ev Məkkədə olan evdir o, bərəkət mayası insanları doğru yola yönəldəndir.” (“Ali-imran” surəsi, 96)

Bu şərif ayədə, bu müqəddəs məbədin qədimliyi göstərilmişdir: dünyada qədimlikdə heç bir ev və ya məbəd ona çata bilməz; eləcə də insanlara doğru yol göstərməkdə müqəddəs məkan kimi izah edilmişdir. Müqəddəslik təbiri isə daimi və ümumi xeyir olan yerdə işlənmişdir. Belə ki, bu xüsusiyyət Quranın özünə də aid edilmişdir.

2–O evdə aydın nişanələr vardır: İbrahim məqamına daxil olan hər kəs aman tapacaqdır.

3–Həcc, imkanı olan şəxslərin öhdəsinə düşür: onlar Allah xatirinə o evi ziyarət etməlidirlər.

Həccin şərafətli və mühüm olmasının dəlillərindən biri də onun dinin böyükləri tərəfindən tövsiyə və vəsiyyət edilməsidir. Həzrət Əli (əleyhissalam)-a, Kufə məscidində ilahi borcunu yerinə yetirdiyi, ibadət mehrabında sübh namazı qıldığı zaman, yer üzünün ən alçaq adamlarının biri tərəfindən sui-qəsd edildi və iki gün yataqda yatdıqdan sonra ilahi dərgaha qovuşdu. Ömrünün axırına kimi əziz övladları iki böyük İmam, yəni Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam) başına yığışdıqda, o həzrət onlara xitabən öz vəsiyyətlərini elədi: Həmin tarixi cümlələrdən biri həcc barəsində idi: o Həzrət buyurdu: Pərvərdigarınızın evi (Məkkə) üçün Allahdan qorxun, Allahdan qorxun qədər ki, sağsınız, onu boş qoymayın; əgər o, sahibsiz buraxılsa, daha sizə möhlət verilməyəcək, yəni İlahi əzab sizin yaxanızdan yapışacaqdır.”

Həccin mühüm məsələləri və mübarək həcc səfəri ilə bağlı bütün məqamların bu kiçik müqəddiməyə sığışmayacağını nəzərə alaraq, yalnız iki məsələni çox müxtəsər şəkildə qeyd etməklə kifayətlənirəm. Bu da həcc fərizəsinin iki cəhəti ilə əlaqədardır: Həcc məsələsi iki baxımdan tədqiq edilə bilər:

1. Fərdi nöqteyi-nəzərdən: Həcc dinin buyuruqlarından, rüknlərindən və yüksək ibadətdən ibarətdir.

Hədislərdə onun üçün böyük savab qeyd olunmuşdur. Nümunə olaraq bir neçə məqama işarə edirəm: Hacı, Allahın qonağıdır. Həzrət Əli (əleyhissalam) buyurur: Həcc səfərinə başlayan hər kəs Allahın qonaqlıq məclisinə daxil olur qonağa kəramət ehtiram göstərmək Allahın Öz haqqıdır.”



2. Həcc təkəbbürün sınmasına səbəb olur.

İmam Sadiq (əleyhissalam) buyurur: “Yer üzünün heç bir nöqtəsi Uca Tanrının nəzərində hacıların ziyarət etdiyi yer qədər sevimli və əziz deyildir, çünki, orada təkəbbürlü adamlar zəlil olur, Allah qarşısında itaətdə dururlar.”



3. Həcc səfəri təqva və Allahın zikri ilə əkizdir.

İmam Sadiq (əleyhissalam) buyurmuşdur: “Ehrama daxil olduğun zaman sənin üzərinə ilahi təqva yelləri əsər, Allahın zikrini çox edərsən, az danışıb, az söhbət edərsən. Yalnız xeyir və Allah yolu barədə danışarsan.” Çünki həccin kamilliyi bundadır ki, insan bu səfər zamanı öz dilinin tam sahibi olur. Yalnız xeyir işlər, ibadət barədə danışır. Ehram halında Məscidül-Həramda, Ərəfatda, Minada, Məşərdə edilən fərdi ibadətlər və Məkkə torpağına edilən səcdə, saleh insanların ən yaxşı ibadətlərindən və əməllərindən hesab olunur. Bu cür ibadətlər insanın kamilləşməsində çox təsirli və faydalı sayılır.

İkinci: İctimai nöqteyi-nəzərdən: İnsan həccin ictimai sirlərinə və meyarlarına diqqət yetirər. Həcc ümumİslam birliyinin yaranmasında və müsəlmanların izzətinin nümayiş etdirilməsində əsas rol oynayır. Müsəlmanlar arasında qardaşlıq və birlik yaratmaq işində heç bir təşkilat və dövlət dünya müsəlmanlarının illik toplantısı olan, onların qibləsi yanında icra edilən həcc səfəri qədər təsir buraxa bilməz. Bu mühüm mərasim müsəlmanlar üçün o qədər lazım və böyük təsirə malikdir ki, dinin böyük şəxsiyyətləri bu barədə müsəlmanlar üçün müxtəlif ibarətlərlə tövsiyələr etmişlər.

Həzrət Əli (əleyhissalam) “Nəhcül-bəlağə”də buyurur: “Nə qədər ki, Kəbə müsəlmanların ziyarətgahıdır və müsəlmanlar onu yaşadır, onun yanında bir-birinə qardaşlıq əlini uzadırlar, İslam dini yaşayacaq, möhkəmlənəcəkdir, müsəlmanlar əziz və məğrur olacaqlar.”

Ümidvaram ki, Allah-Taala Kəbəni ziyarət etməyi və həcc səfərinin feyzindən bəhrələnməyi bütün müsəlmanlara nəsib edəcəkdir.

Bəli, kommunist rejiminin süquta uğramasından və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bir neçə il sonra Allaha şükür olsun ki, vəziyyət yaxşılaşmış, Azərbaycan hacılarının müstəqil surətdə həcc ziyarətinə getmələrinə imkan yaranmışdır.

İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi Həccin hökmləri və fəlsəfəsinə aid məsələləri əhatə edən 7 fəsildən ibarət bir kitab hazırlayıb möhtərəm hacıların istifadəsinə verməyi lazım bildi. Ümid edirəm ki, bu kitab həcc səfərinə gedənlər və bu arzu ilə yaşayanlar üçün faydalı olacaqdır.

Sözümün sonunda bu kitabçanın hazırlanmasında böyük zəhmətlərə qatlaşmış cənab Höccətül-İslam vəl-müslimin Əbdürrəhman Yusifpura öz səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm.


SEYYİD ƏLİ ƏKBƏR OCAQNƏJAD

20.11.1375 HİCRİ-ŞƏMSİ

8.02.1997 MİLADİ
GİRİŞ
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Hər il yüz minlərlə müsəlman öz şəhər və diyarlarından Allahın müqəddəs evi Kəbəni ziyarət məqsədi ilə, Hicaz səmtinə hərəkət edir ki, günahlardan təmizləyəcək bir ibadəti yerinə yetirsinlər. Məkkeyi-mükərrəməyə yola düşüb, həcc mərasimini xalis qəlb, sağlam əqidə, eləcə də həcc əməllərini doğru-dürüst yerinə yetirən bir çox zəvvarların ziyarəti Allah dərgahında qəbul olunaraq, böyük bir şərəfə-”hacı” adına nail olurlar. Lakin çox təəssüflər olsun ki, elə zəvvarlara da rast gəlmək olur ki, öz keçmiş pis əməllərindən peşman olub tövbə etmədən, qəflət yuxusundan ayıl-madan öz diyarlarına qayıdırlar. Möhtərəm zəvvarlar, həcc arzusunda olan dindar bacı-qardaşlar! Sizin Məkkə ziyarəti əsnasında üzləşə biləcəyiniz çətinlikləri aradan qaldırmaq, həcc əmalını doğru-dürüst yerinə yetirməniz üçün, vadiyi-ibadətdə etdiyiniz zikr və duaları və onların mənasını bəyan edəcək bu kitabı Allahın izni ilə sizin istifadənizə veririk. Tofiqü-inayət Həqq və Mütəal Allahdandır!

BİRİNCİ FƏSİL
HƏCC SƏFƏRİNİN QAYDALARI
Allah-Taala Öz Müqəddəs Evi Kəbə və onun fəziləti haqqında Qurani-şərifdə belə buyurur: Həqiqətən, insanlar üçün ibadətdən ötrü qurulan ilk ev Məkkədədir, aləmlərə mübarək doğru yol göstərən Kəbədir.” (“Ali-İmran” surəsi, ayə 96.)
1. SƏFƏR HAQQINDA
Səyahətə çıxan, yaxud səfər niyyətində olan hər hansı bir şəxs üçün Qurani-kərimdə dəfələrlə tövsiyə olunur:

Aya, məgər gəzib dolaşmazlar yer üzünü ki, görsünlər onlardan əvvəlkilərin aqibəti necə olmuşdu?” (“Ğafir” surəsi, ayə 21)

Səfər haqqında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak və məsum Əhli-beytindən 500-dən artıq hədis varid olmuşdur.
Səfər bir neçə məqsədlə ola bilər:

1. İqtisadiyyat baxımından, ticarət nöqteyi-nəzərincə;

2. Mədəniyyət baxımından-başqa millətlərin adət-ənənələrini və mədəniyyətlərini öyrənmək məqsədi ilə;

3. Ziyarət baxımından-ruhən kamilləşmək, mənəviyyatını təmizləmək və zənginləşdirmək üçün;

4. Xəstəliyi və yorğunluğu dəf etmək üçün istirahət və müalicə baxımından ola bilər.

Çalışmaqdan və zəhmətdən yorğun düşən insanlar öz yorğunluqlarını dəf edib, yeni bir əhval-ruhiyyə ilə təzədən faydalı əməyə başlamaq üçün təbiətin qoynunda, gözəl bir guşəsində istirahət etməyə həmişə ehtiyac duyur.

Peyğəmbəri Əkrəm, Nəbiyyi-Möhtərəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Səfərə çıxın, ta ki, sağlam olasınız.”
2. TÖVBƏ HAQQINDA
Həcc ilahi və mənəvi bir səfərdir. Həcc ziyarəti niyyətində olan kəs, gərəkdir ki, səfərə çıxmazdan əvvəl etdiyi günahlardan təmizlənsin, Allahın vadiyi-ibadətinə qədəm qoymağa tam hazır olsun deyə, qəlbindəki qara günah ləkəsini tövbə suyu ilə yuyub təmizləsin.

İmam Cəfər Sadiq (əleyhissalam) buyurub: “O zaman ki, Həcc ziyarəti qəsdində oldun, tövbə suyu ilə günahlarını yu.”

Həqiqi tövbəkar bir neçə mərhələdən keçir: əvvəl öz əməllərindən peşman olur, sonra günah işləri tərk edir, bir daha günaha mürtəkib olmaqdan çəkinir və əvvəllər etdiyi günahlardan özünü islah edir.

Əgər başqalarından mal alıbsa, sahibinə qaytarır. Sahibini tapmaq mümkün olmadıqda, onu tanıdığı bir müctəhidə həvalə edir.

Əgər kiminsə haqqında məsuliyyətsizlik, səhlənkarlıq edib, onun həya-abrını töküb, qeybətini edib, qəlbinə dəyib və yaxud kiməsə bu və ya digər şəkildə bir zərər vurubsa, lazımdır ki, səfərə çıxmazdan əvvəl həmin kəsdən halallıq alsın. Əgər o şəxsi tapıb həmin ərəfədə onunla halallaşa bilmirsə, onda gərək o şəxs Allaha pənah aparsın, Ondan məğfirət diləsin və haqqını zay etdiyi kimsənin haqqında dua etsin.

Nəhayət, ziyarət qəsdində olan hər hansı bir şəxs namaz qılmırsa, həqiqi tövbəkarlardan sayılsın deyə, gərəkdir ki, namaz qılsın, oruc tutsun və sair ibadətləri əmələ gətirsin.


3. VƏSİYYƏT ETMƏK HAQQINDA
Vəsiyyət bir növ uzağı görmək və gələcəyi düşünməkdir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur: “Hər kəs vəsiyyət etmədən ölüb dünyadan getsə, cahiliyyət dövründə ölən insanlar kimi olar.”

Vəsiyyət etmək insanın ürəyini rahat edər, ömrünü uzadar.

Əgər bir şəxsin öhdəsində əmanət olsa və o, əmanəti sahibinə çatdırmadan ziyarətə gedərsə, əlbəttə, onun ziyarəti təkmil olmaz. Həcc əmalında Allah yanında ən mühüm əmrlərdən biri də əmanət barəsindədir.


4. NİYYƏT ETMƏK HAQQINDA
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Hər bir əməl niyyət əsasında olmalıdır.”

İmam Cəfər Sadiq (əleyhissalam) buyurub: “Həcc iki cürdür: biri Allah rizasına-axirətdən ötrü, digəri isə, xalq üçün, dünya işlərindən ötrü.”

Hər kəs Allaha xatir həcc ziyarətinə getsə, son məqamda mükafatı behişt olacaqdır və hər kəs xalq üçün riyakarcasıına “həcc“ə getsə, Qiyamətdə onun aqibəti xalqın öhdəsində olacaqdır.
5. YOL TƏDARÜKÜ HAQQINDA
Həcc ziyarəti qəsdində olan hər bir kəsin yol tədarükü halal maldan olmalıdır. Yəni, özü ilə götürdüyü pul halal qazancından, səfər müddətində lazım ola biləcək əşyalar isə öz halal malından olmalıdır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Haram mal ilə həccə gedən şəxs, “ləbbeyk”-deyə səsləndiyi zaman Allahdan ona cavab bu olacaq ki: “Məni çağırma!”

Yeddinci imamımız həzrət Museyi-Kazim (əleyhissalam) buyurub: “Biz ömür boyu 3 şey üçün–əyalın mehriyyəsi, dəfn-kəfənin xərci və həcc səfəri üçün lazımi məbləği, malımızın ən pak və halal hissəsindən ayırırıq.”

6. MÜNASİB VAXT SEÇMƏK
Cümə axşamı və ya şənbə günü münasib vaxtdır.
7. QÜSL ETMƏK
Müstəhəbdir ki, müsafir qabaqcadan qüsl edib, sonra səfərə çıxsın və qüslün niyyətini də müəyyənləşdirsin (tövbə, hacət, ziyarət, namaz, dua və s. üçün)
8. SƏDƏQƏ VERMƏK
Səfərə çıxmazdan əvvəl, səfərə gedib-qayıtdığı müddətdə özü və ailəsi salamat olsun deyə, fəqir-füqəraya sədəqə versin.
9. DUA ETMƏK
“Ayətəl-kürsü” ayəsini, “Tovhid”, “Nas”, “Fələq” surələrini oxumaq və iki rükət namaz qılıb namazdan sonra bu duanı zikr etmək: “Allahummə inni uiyzu bikə nəfsi və mali və əhli.” Mənası: “İlahi, əhli-əyalımı, malımı və özümü Sənə tapşırıram.”
10. XƏBƏRSİZ SƏFƏRƏ GETMƏMƏK
Yəni heç bir şəxs qohum-qardaşı, əhli-əyalı, qonşu və s. ətrafdakılarına xəbərdarlıq etmədən səfərə çıxmasın.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Hər bir müsəlmanın boynuna haqq gəlir ki, səfərə çıxmazdan əvvəl öz din qardaşlarını xəbərdar etsin və onlara da lazımdır ki, səfərdən qayıdan vaxt onu qarşılasınlar.”



11. MÜSAFİRİ YOLA SALMAQ
Yaxın adamların, din qardaşlarının da vəzifələri odur ki, bir müsəlman səfərə çıxarkən onu yola salsınlar.

Əbazəri sürgünə aparan zaman Həzrət Əli, İmam Həsən, İmam Hüseyn (əleyhimussalam), Əqil, Abdullah ibni Cəfər və Əmmar Yasir onu yola salırdılar.


12. PULU VƏ MALI QORUMAQ
Hər bir müsafirə lazımdır ki, qərib bir diyarda çətinliyə düşməsin deyə, səfər əsnasında pullarından və mallarından muğayat olsun, onları itirməsin və yaxud əldən verməsin.

İmam Mühəmməd Baqir (əleyhissalam) buyurub: “Müsafirlərin öz pul və mallarını qoruyub saxlamaqları, özlərinin səy və bacarıqlarından asılıdır.”


13. SƏFƏR LƏVAZİMATLARINI ÖZÜ İLƏ GÖTÜRMƏK

Səfər müddətində lazım olan vəsaitləri özü ilə götürməyi heç bir müsafir unutmamalıdır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hər dəfə səfərə çıxarkən lazımi şeyləri özü ilə götürərdi.

Müsafirə lazım olan əşyalar, əsasən, bunlardır: münasib paltar, daraq, cib dəsmalı, diş fırçası, dərmanlar və s.


14. TƏMİZ VƏ SƏLİQƏLİ GEYİNMƏK

Həzrət Əli (əleyhissalam) buyurub: “Açıq rəngdə və səliqəli geyim insanı qəm-qüssədən uzaq edir.”


15. YEMƏKDƏN ƏVVƏL ƏLLƏRİ YUMAQ

Zəvvarlar səfərdə olduqları vaxtda bir çox xəstəliklərə tutulmasınlar deyə, yeməkdən qabaq əllərini su və sabunla yumağı unutmamalıdırlar.


16. HACILARA XİDMƏT
Həcc ziyarətində olan hər bir kəsin müsəlmançılıq borcudur ki hacılara, yol yoldaşlarına gömək etsin.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Əgər bir kimsə mömin müsafirə kömək etsə, Allah-Taala onun 73 çətinliyini həll edər.”

Digər bir şərif hədisdə həzrət buyurur: “Millətin ağsaqqalı (böyüyü), səfər zamanı onlara xidmət göstərən kəsdir.”
17. HƏMSƏFƏRLƏRİN XEYİRXAHLIĞI VƏ QAYĞIKEŞLİYİ
Əban ibni Təğlib rəvayət edir: “İmam Sadiq (əleyhissalam)-la birlikdə Kəbəni təvaf edirdik, bu vaxt bizim əshablarımızdan bir nəfər mənə yaxınlaşıb xahiş etdi ki, bir işi yerinə yetirmək üçün ona kömək edim. Mən istəmədim ki, İmam Sadiq (əleyhissalam)-dan ayrılım təvafı yarımçıq qoyub ona kömək edəm. İmam (əleyhissalam) da o şəxsə işarə edərək mənə buyurdu: “Əban, bu kişi səni köməyə çağırır?” Mən cavab verdim: “Bəli!” İmam buyurdu: “Get gör nə istəyir?” “Təvafı qət edim?” deyə soruşduqda, İmam buyurdu: “Bəli.”
18. ALLAHA İBADƏT
Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərə yer üzündə Allaha ibadət etmək üçün ən gözəl və şərafətli yerdir. Belə ki, hətta orada yol getmək belə ibadət sayılır, təam yemək oruc tutmaq savabını verir. Belə olan surətdə gərəkdir ki, hacılar öz mənəviyyatlarından qafil olub dünya nemətlərinə uymasınlar.
19. NAMAZI VAXTINDA VƏ CAMAATLA BİRLİKDƏ MƏSCİDDƏ QILMAQ
Ey Həqq aşiqləri! Məscidün-Nəbidə bir rükət namaz qılmaq, on min rükət namazın, Məscidül-Həramda isə, bir rükət yüz min rükət namazın savabını verir.

İmam Sadiq (əleyhissalam) buyurur: “Məsciddə namaz qılmağı özünüzə borc bilin.”

O Həzrət yenə buyurur: “Təkcə özünüz yox, yaxşı olar ki, din qardaşlarınızla birlikdə məsciddə hazır olasınız.”

20. ÜZÜ QİBLƏYƏ OTURMAQ
Oturmaq lazım gəldikdə, mümkün qədər çalışmaq lazımdır ki, üzü qibləyə oturasınız. Elə hallar olur ki Məscidül-Həramda hacılar arxaları Kəbəyə tərəf oturub öz yoldaşları ilə söhbət edirlər. Bu əməl nəinki, təqdirə layiq deyil, həm də onlar bu hərəkətləri ilə özlərini Kəbə savabından məhrum edirlər.

İmam Sadiq (əleyhissalam)-dan rəvayətdir ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) çox zaman üzü qibləyə oturardı.


21. İSLAM ƏXLAQINA RİAYƏT ETMƏK

Zəvvarlara lazımdır ki, digər müsəlman qardaşları ilə ünsiyyətdə olduqları vaxt İslam əxlaqına riayət etməklə onlara qarşı nəzakətli və bir-birləri ilə mehriban olsunlar.


22. HƏMSƏFƏRLƏRİNƏ EHTİRAM GÖSTƏRMƏK

İmam Sadiq (əleyhissalam) buyurub: “Bir müsəlman ağsaqqala ehtiram göstərmək, Allaha ehtiram göstərmək kimidir.”


23. ŞİƏLƏRİN CƏZBEDİCİ XÜSUSİYYƏTLƏRİ
Hişam nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan eşitmişəm, buyurardı: “Məbada elə bir iş görəsiniz ki, bizi qeyrilərinin yanında başıaşağı edəsiniz, necə ki, pis övlad atasını bədnam edər. Əlaqəniz olduğu kəslərə hüsn-rəğbətlə yanaşın və lazım gəldikdə onlarla bərabər namaz qılın.”

Müsəlman qardaşlarla xoşrəftar olmaq onlarda şiələrə qarşı hüsn-rəğbəti artırar.

İmam Sadiq (əleyhissalam) buyurur: “Sizlərdən hər biriniz öz dinində təqvaya riayət edib, vicdanı təmiz və insanlarla münasibətində xoşxasiyyət olsa, deyərlər ki, “bu Cəfəri”dir (yəni deyərlər ki, bu Cəfəri məktəbinin tərbiyəsidir). Eyni zamanda, biz də bu işdən xoşhal olarıq.”
24. HƏDİYYƏ ALMAQ

Səfərdə olan şəxsin evə qayıdarkən öz əhli-əyalı üçün hədiyyə alıb gətirməsi yaxşı haldır.

İmam Sadiq (əleyhissalam) buyurur: “Çalışın, imkanınız daxilində öz yoldaşlarınız və oğul-uşağınız üçün hədiyyə alıb gətirəsiniz, çünki hədiyyə kin-küdurəti aradan aparır və bu məqsədlə bir dirhəm xərcləmək, min dirhəmin savabını verir.”

25. TƏŞƏKKÜR VƏ ÜZÜRXAHLIQ
Səfərin axırında, səfərdə olduğunuz müddətdə rahatlığınız üçün hər cür şərait və imkan yaradanlara təşəkkür edin və sizdən incimiş şəxslərdən də üzrxahlıq edin.
26. HƏCCİN ŞƏRAFƏTİNİ QORUMAQ
Həcc ziyarəti, hacılar üçün şərafət, ərməğan yeridir. Nə qədər ki, o şəxs günah iş görməyib, o nur həmin şəxsin çöhrəsində cilvələnir.

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Həccin qəbul olunması nişanələri, günahları tərk etməkdir.”

Yenə Həzrət buyurur: “Əgər bəndə Allah-Taalaya itaət edib, sonra yenə itaət etməyə davam edirsə, deməli, itaəti qəbuldur və itaətdən sonra günah iş görmüş olsa, o deməkdir ki, itaəti qəbul olmayıb. Lakin məsiyətdən (günahdan) sonra itaət etməyin dəlili Allahın yanında elədiyi günahların bağışlanmasıdır. Günahdan sonra yenə günah iş görməyi bəndənin zəlil olmağının nişanəsidir.”
27. HACILAR ZİYARƏTDƏN QAYIDARKƏN ONLARI QARŞILAMAQ
İmam Sadiq (əleyhissalam) buyurur: “Bir şəxs əgər ziyarətdən təzə gəlmiş hacının pişvazına çıxıb onunla görüşsə və onu təbrik etsə sanki, o şəxs, “Həcərül-Əsvəd” daşına əlini sürtmüşdür.”

Həzrət Əli (əleyhissalam) buyurur: “Din qardaşınız Məkkə ziyarətindən qayıdırkən onun iki gözünün arasından və ağzından öpün, hesab edin ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öpən Həcərül-əsvəd daşını, Allah evinə nəzər yetirən gözləri və Rəsuli Xudanın səcdəgahına sürtünən üzləri öpürsünüz.”

Necə ki, Cəfər ibni Əbi Talib Həbəşəyə hicrət etdi, geri qayıtdığı vaxt Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) onu qarşıladı,gözlərindən öpdü və sevindiyindən özünü saxlaya bilməyib, ağladı.
28. HƏCC ZİYARƏTİNDƏN QAYIDARKƏN ZİYAFƏT VERMƏK
İmam Kazim (əleyhissalam) buyurur: “Ziyafət (qonaqlıq) vermək beş əlamətdar hadisə vaxtı müstəhəbdir:

1. Gəlin köçürəndə; 2. Övlad dünyaya gələndə; 3. Oğlunu sünnət edəndə; 4. Ev alanda (təzə evə köçəndə); 5. Həcc ziyarətindən gələndə.



İKİNCİ FƏSİL
MƏKKƏ İSLAMİYYƏTDƏN ƏVVƏL
ƏRƏBİSTAN
Ərəbistan Asiyanın cənubi-qərbində yerləşir. Sahəsi 3 milyon km2-dir. Şimal tərəfdən-İordoniya, Küveyt, İraq, Şam və Fələstinlə, cənubdan Yəmənlə, şərqdən “Fars” körfəzi və qərbdən “Qırmızı dəniz”lə əhatə olunub.

Qədim dövrlərdə adı Ərəbistan yarımadası, sonralar “Hicaz” və nəhayət, Ərəbistan adı ilə mərufdur.



Cəddə. Bu adın qoyulmağına səbəb ulu nənəmiz Həvvanın (əleyha salam) bu şəhərdə dəfn olunmasıdır. Çünki ərəblər öz ulu nənələrinə “cəddə” deyərlər. Buna görə bu şəhərin adını “Cəddə” qoyublar.
MƏKKƏ VƏ MƏDİNƏ
Hər iki “Hərəm” təbii quruluşu, coğrafi baxımdan Ərəbistan yarımadasında yerləşir. Din və tarixi əlaqələri çox güclü olduğundan müsəlmanlar bu iki müqəddəs məkanı bir-birindən ayrı hesab etmir, hər ikisini özlərinə doğma sayırlar.
İBRAHİM, İSMAİL VƏ MƏKKƏNİN QISA TARİXİ
Həzrət İsmail 120 il ömür sürdü. 16 yaşında ikən atası ilə birlikdə Kəbəni bina etməyə başladılar.

Hərçənd ki, Kəbəni ilk dəfə bina edən Həzrət Adəm (əleyhissalam) idi, amma İbrahim (əleyhissalam) öz oğlu ilə onu təzədən tikdi. Kəbənin tarixi yer üzündə bəşəriyyətin tarixi ilə bir vaxta təsadüf edir.

Həzrət İsmailin məxsus olduğu qəbilənin adı “Cərhum” idi. Bu qəbilənin camaatı “Hübəl” adında bir büt düzəldib Kəbəyə qoymuşdular və ona sitayiş edirdilər. Zaman ötdükcə bu bütlərin sayı artmış, İslamiyyətədək sayı 360-a çatmışdı.

Sonralar “Xüzaə” qəbiləsi Məkkədə hakimiyyəti ələ keçirdi. Bir müddətdən sonra, “Qüreyş” qəbiləsi onları Məkkədən çıxarda bildi. Qusəy ibni Kilab “Xüzaə” qəbiləsi başçısının kürəkəni idi. Məkkənin abadlığına çox çalışırdı. O, “Darun-nədvə”-ni tikdi. Bura müşavirəyə yığışmaq, iş bölgüsü aparmaq üçün nəzərdə tutulmuşdu.

Qusəydən sonra onun övladları Əbdi Mənaf (Haşim) və Əbdül Müttəlibin nüfuzu Məkkədə artdı. Məkkə böyük bir ticarət mərkəzinə çevrildi. Ərəb qəbilələri buraya ticarət və ziyarət üçün axışıb gəlirdilər. Məkkədə bu vəziyyət başqa şəhərlərin zalım hökmdarlarına heç də sərfəli deyildi. Onlardan biri olan Əbrəhə Yəməndə hakimiyyət başına gəldiyi vaxt (özü xaçpərəst idi) xristianlığı burada genişləndirmək istədi. Bunun üçün də o, ərəbləri Kəbədən çıxardıb kilsələrə tərəf qovurdu. Bununla kifayətlənməyib Kəbəni dağıtmaq üçün ora həmlə etdi. Bu hadisə İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in təvəllüd ilinə, (məşhur “Fil” ilinə) təsadüf edir. O ildə düşmənlər Allahın qüdrəti ilə əzaba düçar oldular.
İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alihi və səlləm) ƏCDADI

Həzrət İbrahim (əleyhissalam) və Həzrət İsmail (əleyhissalam) İslam Peyğəmbəri Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əcdadı olmuşlar. Bu iki peyğəmbərin tarixi İslam tarixinin bir həlqəsi olduğuna görə onlar haqqında müxtəsər məlumat veririk.


TOVHİD QƏHRƏMANI–İBRAHİM (əleyhissalam)
Həzrət İbrahim (əleyhissalam) elə bir mühitdə dünyaya göz açmışdı ki, burada xalq bütə sitayiş edirdi. O, bütpərəstliyə qarşı üsyan etdi və bunun nəticəsində Babildən Fələstinə sürgün edildi.

“Əmaliqə” milləti onu yaxşı qarşıladı və Hacəri də ona bir hədiyyə etdi. Hacər və İbrahim (əleyhissalam)-dan dünyaya İsmail (əleyhissalam) göz açdı. İbrahim (əleyhissalam)-a Allah tərəfindən əmr olundu ki, Hacəri və oğlu İsmaili Məkkədə bir dağın ətəyində qoysun. Bura yaşayış üçün münasib olmayan bir yer idi. İbrahim (əleyhissalam) oranı tərk edəndə Hacər soruşdu ki, bizi kimə tapşırırsan? Həzrət İbrahim buyurdu ki, bu işlərin hamısı Allahın əmriylədir. Ondan ümidinizi üzməyin.

Sonra ağlaya-ağlaya üzünü səmaya tutub belə dua etdi: Ey Allah, bu yeri sülh əmin-amanlıq yeri et! Öz nemətlərini bura yağdır.” (“Bəqərə” surəsi, ayə 125)

  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə